Kəlbəcərli bir nəslin tale yazısı

28-03-2021 13:18

Fatma xala, hey!!!

- Bilirsiz kimdi Fatma xala?
- Mən tanıdım. Nağıllarda var ey…
- Yox, tanımadınız. Bizim Fatma xalanı deyirəm ey, Kəlbəcərin  Barmaqbinə kəndində seyid ailəsində dünyaya göz açsa da, ailə həyatı ilə bağlı Kərəmli kəndində yaşayırdı. Səkkiz uşaq böyüdüb, tərbiyələndirmişdi. Əvəzində hökumət bir torba medal vermişdi ki, onlar da…
***
Bilirsizmi Fatma xalanı niyə axtarıram?! Dərdini də götürüb qaçıb. Qaçıb ki, dərdini təkbaşına çəksin. Qırx arşınlıq dərd quyusunun içində onu tək qoymaq olmaz. Çağırın, haraylayın, bəlkə eşitdi səsinizi. Tapsanız, deyərsiz ki, dərdini götürüb getmisən, səni axtara-axtara qalmışıq.
Fatma xalanı axtardığım günlərin biri idi.  Kəlbəcərdə idik, əlbəttə, Nə biləydik ki, sonra nələr gələcək başımıza.  Fatma xalanı da, balalarını da Goranboyun bir kəndində,  o boyda ailənin bir uşaq bağçasının uçuq-sökük otaqlarının birinə sığındığını görəcəyik. Bağrım qan olmuşdu onları elə kimsəsiz görəndə. Gözüm nəmli gözlər, həsrətli baxışlar arasında axtarırdı onu. Bir nəfər yaxınlaşıb soruşdu:
- Kimi axtarırsız?
- Fatma xalanı. Kərəmlidən olan, Natiqin anası Fatma xalanı deyirəm. Bir dərd götürüb gedib. İstəyirəm ki, o dərdin ağırlığını Fatma xalanın özündən öyrənim.
- Fatma xalanı axtarma. Odey, get Zəhra xaladan soruş. Fatma xalanın doğmaca bacısıdır. Fatma xaladan çox o dərd çəkən Zəhra xaladı. Zəhra xalanı tapmasan, get poçtdakı İsadan soruş, Fatma xalanın qardaşıdı. Sonra tap Sabirlə, Vaqif Həsənov qardaşlarını. Onlar Natiqin əmisi oğlanlarıdı, qardaş qədər istəkli olublar.
Əlimyandıyla axtardığım bu ana dərdini alıb çiyinlərinə gəzirmiş. Gəzirmiş ki, bir dərdsiz ana tapıb dərdini ona danışsın. Amma hara gedibsə, hansı qapını döyübsə, onun dərdindən ağır dərdlə qabaqlaşıb. Ordan da qaçıb, gözü gördükcə, qədəmləri tutduqca. Dərdli anaları gördukcə öz dərdini balası kimi basıb bağrına və üz tutub başqa yerə.
Fatma xala ömür-gün yoldaşı Bəhmən kişini itirəni aradan xeyli vaxt keçib. Daha doğrusu, 1978-ci ildən ailənin həm atası olub, həm də anası. Böyük bir ailənin ağırlığını götürüb çiyinlərinə. Balalarının əlini çörəyə çatdırmaq üçün gecə-gündüz çalışıb. Torpağa bel bağlayıb, torpaq da onu naümid qoymayıb. Təknəsi çörəksiz, ocağı odsuz qalmayıb. Səkkiz bala, bir də ana süfrə başında oturanda «bissimillah», duranda «İlahi, şükr»- deyiblər.
Beş oğul, üç qız böyüdüb. Oğlanlarının üçünü – Adili, Akifi və Nadiri evləndirib. Ailənin qayğılarının bir az azaldığına sevinib. Arzuları daha da artıb. Növbə Natiqin idi…
“DAĞILAN TİFAQ” yalnız əsər deyilmiş...
…Zəhra xalaynan Kəlbəcər şəhər uşaq incəsənət məktəbində görüşmüşdük. Oğlu Tofiq demişdi yerini. Orada Natiqin daha bir yaxınını da tapdım. Əmisi qızıdır, İmperial. Natiqdən yazmağa gəldiyimi bilib, bir yumub, min tökdü. Onlar musiqi ocağını yas yerinə döndərdilər. Zəhra xala danışa bilməyəndə İmperial çatdı haya. 
Zəhra xalanın dediklərindən: “Kərəmli (İmarət-Qərvənd) ermənilər tərəfindən yandırılıb kül olanda dağıldı bacımın ocağı.
Kənddən hamı çıxmışdı. Gülləbaran ara vermirdi. Tək-tək evlər salamat qalmışdı. Çıxmayanlardan biri də Fatmagil idi. Axırıncı dəfə ermənilər kəndi topa tutub yandıranda onlar da çəkilir meşəyə. Evlərin necə yanıb kül olduğunu gözləriylə görmüşdü, mən xalası ölmuş. Dözə bilmirdi Natiq…
Fatmagil Aşağı Qılınclı kəndində pənah gətirmişdi. Nə qədər yalvardıq bizə - qardaş-bacısıgilə gəlmədi. Kolxozun idarə binasının birinci mərtəbəsinə sığınmışdılar. Dolana bilmədilər. Sonra xəbərimiz olmadan gediblər arana. Uşaqlar deyir ki, deyəsən, Oğuz-Qəbələ tərəflərə gebidlər. Yer-yurdlarını bilmirəm. Bu da mənə bir dərddi”…
Zəhra xala sözünün gerisini gətirə bilmədi. İmperial köməyinə çatdı:
- Natiq evin dördüncüsüydü. 1969-cu ildə anadan olmuşdu. Desəm ki, əmim uşaqlarının içində gözəgəlimlisi, istiqanlısı, qohumcanlısıydı, deyəcəksiniz ki, indi olmadığına görə belə deyirəm. Onun yerini verən yox idi. O qədər ağır, təmkinli, qohumcanlıydı ki…
Kəndləri dağılandan sonra könüllü olaraq cəbhəyə getdi. Ağdaban ermənilər tərəfindən yandırılanda çox igidlərimiz getdi. Natiq də onların biri idi.
Zəhra xalanin əlavəsi: 
-Kəndlərinin yandırılmasına dözə bilmirdi. Ermənilər onu tanıyırdılar. O da ermənilərin çoxunu tanıyırdı. Qan uddururdu kavırrara. Dəfələrlə ermənilər çağırıb demişdilər ki, Natiq, səni diri-diri soyacağıq, evinizi gözünüz baxa-baxa yandıracağıq! O da bunun əvəzində borclu qalmırdı. Yandırılmış kəndlərinin qisasını alırdı…
Bir dəfə gedirlər Kərəmlinin yanına. Natiq baxır yandırılmış kəndlərinə. Gedib qəbirstanlığa baxır ki, görsün atasının məzarını da dağıdıblar? Görür ki, yox, salamat qalmış bir-iki qəbirdən biri də atasınınkıdır. Kəndin o tayında olan ermənilərə tərəf üzünü tutub çağırıb deyir ki: «Ayə, al Allahdan bixəbərlər, tanımadınız kiməm?! Natiqəm! Axtardığınız Natiqəm! Qeyrətiniz varsa, gəlib tutun məni! Kişi döyülsünüz axı, gələ bilməzsiniz üz-üzə! Bax, eşidəm ki, atamın qəbrinə dəymisiz, məni yaradan haqqı, bircəcəyinizi salamat qaçmağa qoymayacam! Rədd olub gedin öz xarabalarınıza! Heç ömründə xarabanız olub ki?! Tarix boyu qoltuqlarda yaşamısız! Buynuzu qarnında olan köpək uşaqları!..»
Bələd idi ermənilər, ona görə də yaxın gələ bilməmişdilər. Amma Ağdaban odlara qalananda Natiqi də əlimizdən aldı o vəhşi güllələr. Arxadan vurmuşdular onu.
Dayısı Kamranın yanında dəfn elədim. Çox istəyirdi dayısını. Ona görə də dayısından ayrılmadı.
Zəhra xalanın dili-ağzı bağlandı, bundan sonra heç nə deyə bilmədi. Bircə onu dedi ki, get Dalqılınclı qəbristanlığında yanaşı yatan dayı-bacıoğlu məzarlardan soruş.
“Qaynar dərd qazanında qaynayan, daşan mənəm”
«Dağılan tifaq» əsərini oxumusunuz? İstədim ki, bu yazının sərlövhəsini də «Dağılan tifaq, yaxud sonmüş ocaq» yazım. Amma Fatma xalanı tapıb ondan icazə ala bilmədiyim üçün o sərlövhəni yaza bilmədim. Ona görə də Fatma xalanı haraylaya-haraylaya- qalmışam. Siz allah, onu görsəniz deyin ki, qayıt dağılan yurduna. O yurdun ocağını qalayanları da qaytar. Ata yurdunu od-ocaqsız qoymayın. Özgə ocağının başında çətin isinəsiniz. Deyin ki, qayıt İmarət-Qərvəndə. Qayıt dağılan yurdunun ocağını qala, çırağını yandır, bəlkə ordan perik düşmüş ruhlar da o işığın nuruna qayıda…
Kaş Fatma xala eşidə mənim harayımı. Eşidə ki, onu çağırıram. Natiqindən hara uzaqlaşmısan, ay dərdini götürüb dərdsiz ana axtaran ana?! Hardadı o el-oba ki, orda şəhid yanğısı, bala ağısı eşitməyəsən?!
Aşağı Qılınclı kəndində bir nənə var. Yaşı nənəliyə düşməsə də, nənələr kimi qocalıb, qəddi bükülüb, gözləri tor gətirib. Bu, Hürü nənədi! Natiqin bibisini deyirəm.
Hürü nənə Natiqsiz heç dözmür. Natiqi o saxlayırdı. Bala kimi baxırdı. Balasını itirdiyinə görə indi bala əvəzi bayatı-ağı əzizləyir:
Bu dağdan aşan mənəm,
Sellər tək coşan mənəm.
Qaynar dərd qazanında,
Qaynayan, daşan mənəm.

Azalmaz mənim dərdim,
Yozulmaz mənim dərdim.
Meşələr qələm olsa,
Yazılmaz mənim dərdim.

Bu dağlar yalın dağlar,
Dərd-qəmə dalın, dağlar.
Sizdə bala basdırdım,
Keşikdə qalın, dağlar.

Əzizim gəzə dağlar,
Gülləri təzə dağlar.
Köhnə yaram üstündən,
Çəkildi təzə dağlar.

Hürü nənədən izn istəyib bir bayatı da mən deyim:
A dağlar, kəhər dağlar,
Üstündə yəhər dağlar.
Anaların dərdinə,
Dözün birtəhər, dağlar!

… Natiq universitetin son kursunda oxuyurdu. 1982-ci ilin may ayının 19-da imtahana çağrılmışdı. Dövlət imtahanı verməliydi. Gedə bilmədi. Verə bilmədi o imtahanı. Müəllimləri ha gözlədisə də, ondan səs-soraq olmadı. Ondan belə hərəkət görməmişdilər. Həmişə hər imtahana birinci girirdi. Birinci çəkirdi bileti. Birinciliyi sevirdi. Amma indi hamı imtahanı verib qurtarmışdı. Natiqin bileti isə masanın üstündə qalıb müəllimlərin üzünə baxa-baxa. Bilmirdilər ki, daha Natiq gələ bilməyəcək. O biletdəki sualların cavabları açılmayacaq. Heç kim cavab verə bilməyəcək o biletin suallarına. Çox cavabsız qalan suallar cərgəsinə qoşulan o suallara da imkanım olsaydı, şəhid suallar adı verərdim.
“Yazilmayan” diplom və…
Bir diplom yazılmamış qaldı. Geoloq olacaqdı o diplomla işləyən oğlan. Yeraltı sərvətlərimizi kəşf edəcəkdi, amma, o, vətənpərvərliyi kəşf elədi. Bir ana sevinci qış şaxtasına düşüb büzüşdü. O ananın arzusu gözlərində buza döndü. Ürəyindən qalxan od isidib o buzu göz yaşına döndərdi.O imtahana çata bilməyən o oğulun o gün – mayın 19-da bu dünyadan köç elədiyindən 40 gün keçirdi. Mayın 19-da çağırılmışdı imtahana. Həmin gün isə Natiqin qırxı idi. O şivəndə Natiqi unudub onun imtahanına ağı dedilər…
Natiq isə 40 gün əvvəl vermişdi imtahanı. Fikirləşməmiş vermişdi. O, vətən imtahanı idi. O, imtahan, qeyrət, namus imtahanı idi. Natiq o imtahanda da birinci bilet çəkənlərdən oldu. O biletin bircə sualı vardı: «Vətən mənə oğul desə…»…
Sualın cavabını tez verdi. Əyani göstərdi. Sübuta yetirdi ki, Vətənin vətəndaşı olmaq üçün canınla, qanınla qurban olmalısan! O imtahan gününədək tələbə olan Natiq o gündən şəhid Natiq oldu. Bu rütbəni ona Vətən verdi. Vətənin şəhid balalarının yüksəldiyi zirvəyə Natiq bir andaca ucaldı. O zirvəyə isə hər diplomlu oğullar qalxa bilməzdi.
Sözüm sizədir, əziz müəllimlər. Siz imtahanınıza çata bilməyən Natiqləri axtarmayın. O Natiqləri ki, damarlarında qeyrət qanı durmayıb, silaha sarılıb. Onların biletlərinin suallarını gözüyolda qoymayın. Danışın bu qara nağılları o biletlərə. Qoyun o suallar yol gözləməsin…
Natiqin yazılmamış diplomuna qara vurmayın, ləkə düşməsinə qıymayın. Qoyun öz ömrü kimi, pak qalsın. Taleyinə yazılan «diplomu» Vətən verdi. Bu diplom da şəhiddi. Şəhid oğlanın şəhid diplomunu qoyun eləcə ağ qalsın, ağlar qalsın…Natiqin ömür yolundan danışan bir dram-faciə yazmaq istəyirəm. Ancaq o faciənin baş rolunda oynayacaq oğulu itirmişəm Ağdaban faciəsində - Dədə Şəmşirin od-ocağı sönəndə, çırağı qaralanda. Dədənin əli, nəfəsi gəzmiş vərəqlər göydə alışanda itirmişəm onu. Ömrünün 23-cü yazında. Yox, düz demədim. Yaz hardaydı o vaxt, qar dizdəniydi. Biz Ağdabana nə zillətlə gedib çıxdıq. Ömrünü bahar arzularıyla birgə qoydu aprelin əvvəllərində. Aprel olsa da, qış idi. Dağların qışı, ömürlərin qışı idi…
Dağ kəndində ağır seyid ocağı...
Natiqin igidliyi, qorxmazlığı qandan-candan gəlirdi. Bunu sonra bu nəsildən şəhid olanlar da təsdiqlədilər. Gəlin Natiqin ana tərəfdən olan ağır seyidlərimizi  də yad edək.
Kəlbəcərdə əsasən Başlıbelı və  rayonun qərbində yerləşən, şəhərə bitişik Dalqılınclı, Otaqlı, Dərəqışlaq, Barmaqbinə kəndlərini dinə bağlı, “peyğəmbər övladları” hesab edirdilər. Allaha, “Quran”a sığınan, halallıqları ilə tanındıqlarına görə, rayon cmaatının dərin hörmətini qazanmışdılar. Fağır, sakit, qonşu malına göz dikməyən, varlanmaq üçün min bir oyundan çıxmadıqlarına görə, Tanrı nə vermişdisə, ona şükr edirdilər. Deyim ki, elə erməni vandalları ilk dəfə də bu beş para kəndin mal-heyvanını Dikyurd yaylağından silib-süpürüb aparmışdı.
Barmaqbinə bu kəndlərin ən ucqarı olsa da, rayon mərkəzindən cəmi-cümlətanı  heç 10 kilometr məsafədə deyildi, yaxın idi. Məşhur Şirinbulaq Barmaqbinəni də tanıtmışdı. Kənddə əvvəllər, yəni 70-80-ci illərdə  on-on iki ev olardı, yəni vaxtilə varlı qılınclıların binəsi olmuşdu, Məşədi Cəmilin Qaraxan binəsi kimi. Məşədi Atakişinin ulu babası Sadıq, Səfər Otaqlının bünövrəsini qoyduqları kimi, mal-heyvanları da burada binələnərmiş. Bunu yaşlı nəslin son magikanları deyirdilər.
Barmaqbinəyə  Kəlbəcərdən “Quzey yolu” ilə gedərdilər. Burada ulu babam Səfərin vaxtilə mal naxırı, qoyun sürüsünün saxlandığı ictimai tövlələr də son illərə kimi “Darın dərəsi”ndə qalmaqdaydı. Kalinin adına kolxozun qara malı burada qışlayırdı.
Kənddə sayılıb-seçilən kişilərin nəsilləri yaşamışdılar. Kəndin ən yuxarısında- Şirinbuğın ətəyində Mehdi oğlu Yəhyanın, rayondan gələndə girəcəyində isə Seyid Məhəmmədin məhləsi idi.  Seyid Məhəmmədin ailəsi, ocağı müqəddəs sayılırdı. Bu ocaqdan boy verənlər də həmin müqəddəsliyi qoruyub saxlamışdılar. Ailənin, məncə, böyük oğlu Kamran əmi idi. Simasından nur yağan Kamran əmi Kəlbəcər şəhərində Mərkəzi Univermaqda işləyirdi. Yaşından çox böyük görünən, ağırtaxtalı, asta yerişli, səmimi, sadə, mülayim təbiətli olan bu kişi rayon camaatının xatir-hörmətini qazanmışdı.
Qardaşı İsa Kəlbəcər rayon rabitə qovşağında işləyirdi. İsa qardaşı Kamrandan fərqli idi təbiətən: deyib-gülən, zarafatcıl, şən, cavanlarla qaynayıb-qarışan,  boy-buxunca da qəddi-qamətli, qızları yoldan saxlayan bir gənc kimi qalıb yadımda.  
Eldən ayrı düşəndə...
Onu da deyim ki, ailənin başçısı dünyasını erkən dəyişmişdi. Ona görə də, bəzi ailələrdə olduğu kimi, burada da uşaqların anası kişi tək tanınırdı. Tavat xalanı da kəlbəcərlilər bu ailənin başçısı kimi tanıyırdılar. Bu ailəni tanıyanların sayı getdikcə artmaqdaydı. Səbəbi həm ocağın müqəddəsliyi, həm də uşaqların hər kəslə qaynayıb-qarışması, xeyirxahlıqları, əsl Allah adamı olmaqları idi.
Hə, Kamran əminin də, İsa qardaşımızın da balaları böyüdükcə onlar da atalarının qazandığı hörməti birə-min artırırdı. Kamran əminin oğlu Ramiz də atası kimi ağırtəbiətliliyi ilə diqqəti cəlb etməyində idi. Çox erkən, o da atası kimi, ürəyindən narahat idi.
...Kəlbəcərli günlərdən əlimiz üzülmüşdü. Kim harada qohum-övlad, tost-tanış tapırdısa, müvəqqəti sığınırdı. Kamran əminin ailəsi Bakıda, İsagil Gəncədə, Dəmiryol vağzalının arxasında bir tikinti idarəsinin həyətində sığınacaq tapmışdı.  Qohum-əqraba bir-birindən uzaq düşmüşdü. Doğrusu, bu qardaşların ailəsi ilə də daima əlaqəmiz olmurdu. Kəlbəcərdən sonra qohum-əqraba bir-birini yalnız xeyir-şərdə görərdi. Bu qardaşların ailəsi ilə də görüşlərimiz, əlaqəmiz ancaq belə olurdi.
Qəfil eşidilən qara xəbərlər hamını olmasa da, bəzi qohumları toplayardı bir ünvana. Gəncə kəlbəcərlilərin doğma yurduna çevrilmişdi. İsagil bəzi qohumlardan tamamilə uzaq düşdüyündən, tez-tez əlaqə saxlamaq olmurdu. Balalarının necə, nə vaxt böyüdüyünü də hiss eləmirdik.
Ramiz Kamran oğlunun ürəyi onu qoruya bilmədi. Qəribməzar olduqdan sonra dünyanın etibarsızlığı geridə qalanları da üzürdü. Balalarını böyüdə bilməyən Ramiz də atası kimi, erkən yaşlarından camaatın xeyir-şərinə birinci özünü yetirənlərdən idi. Ona görə də yasına toplaşanlar onun nakam taleyinə ağlayırdılar...
Atasından sonra Ramiz onun yerini kişi kimi tutmuşdu...
Tanışlıq üçün: Ağalarov İsa Məhəmməd oğlu 1947-ci il 15 iyun  tarixində Kəlbəcər rayonunun Barmaqbinə kəndində anadan olmuşdur. Atası Ağalarov  Məhəmməd (1949-cu ildə Kəlbəcərdə vəfat etmişdir), anası Hüseynova Tavat Rüstəm qızı isə Gəncədə dünyasını dəyişmişdir. 
İsa Məhəmməd oğlu 1954-cü ildə Kəlbəcər rayon 1 nömrəli orta məktəbdə 1-ci sinfə getmiş, 1964-cü ildə orta məktəbi bitirmişdir. 1969-cu ildə Bakı şəhəri Biləcəri qəsəbəsindəki  “N”saylı daxili qoşunlara məxsus hərbi hissədə xidmət keçmişdir. Rabitə Texnikomunu 1971-ci ildə bitirmiş, 1972-ci il noyabrın 12-də Kəlbəcər rayonunun Yuxarı Ayrım kənd sakini Fərəcova Xuraman Bəşir qızı ilə ailə həyatı qurmuşdur: beş övladı var - üç oğlan, iki qız. 1972-ci ildən Kəlbəcər Rayon Rabitə Qovşağında poçtalyon, sonralar isə orada baş əməliyyatçı vəzifəsində işləmişdir. 
Xəyalın xəyalıyla qovrulduğu yurd
1993-cü ilin aprelində Kəlbəcər erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra müvəqqəti olaraq Gəncə şəhərində məskunlaşmışdır. 2018-ci il oktyabrın 23-də Gəncə şəhərində vəfat etmişdir. Məzarı Göygöl rayonunun Aşıqlı kənd qəbirstanlığındadır. Ağalarov İsa Məhəmməd oğlu yeddi yaşına qədər ilan sinəsində yatıb.
İsa Məhəmməd oğlu da dünyadan köç edəndə Kəlbəcərdəki kimi, yasına el-oba yığışa bilmədi. Məzarı qərib olan İsa babalıq taxt-tacına yetişsə də, onu heç kim bu yaşda hiss eləmədi. Həmişə pozitiv olan, deyib-gülməyindən aldığımız enerji onun özünü də gümrah saxlayırdı. Təəssüf ki, Kəlbəcərin işğaldan azad olunduğu xəbəri səbirsizliklə gözləyən İsa əmioğlu da bu günü görmədi.
Bu günlərdə Natiqin əmisi oğlu, nəinki doğma qılınclılarının,  əslində, kəlbəcərlilərin, hətta, onu yaxından-uzaqdan tanıyanların sevimlisinə çevrilən Elman Vaqif oğlunun Kəlbəcəri, doğma, tar-mar edilən yurd-yuvanı ziyarət etməsi məni də təsirləndirdi. Nə yaxşı ki, xalqımızın belə övladları var. Allah qorusun, Şirinbulağı, Barmaqbinənin dağıdılmış, xarabazara çevrilmiş həyət-bacalarını- kalafalarını çəkib gətirməsi bir daha təsdiqlədi ki, biz Vətənin fədailəriyik, o yerlərin əbədi sakinləriyik.
Hə, Barmaqbinənin Vətən üçün döyünən ürək sahiblərindən biri - itkini Mirzəli Yəhya oğlu olsa da, Natiq və Xəyal kimi şəhidlərini də unutmamalıyıq.
Kimdir Xəyal?
Haqqında yazacağım şəhidimizin kökü Kəlbəcərə, daha doğrusu, Barmaqbinəyə bağlı imiş. Bu məlumatı  Cabir İsa oğlu yazıb., qardaşı Səbuhi isə əlavələri edib. Sən demə, daha bir igidimiz Vətən müharibəsinin qəhrəman döyüşçülərindən olub. Kəlbəcərdə  doğulmayan, lakin o yerlərə bağlanan qəhrəman, Tərtərdə dünyaya göz açan Xəyal Qüdrət oğlu Aslanovdan söhbət gedir.
Cabir İsa oğlu yazır: “... Aslanov Xəyal Qudrət oğlu 1994-cü il mart ayının 5-də Tərtərdə anadan olub. Orta məktəbi Tərtər 5 nömrəli məktəbdə bitirirb. 2012-ci ildə Naxçıvanda hərbi xidmətə yola düşüb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra Bakıda gizirlik kursuna daxil olan Xəyal ikiillik  kursu bitirərək, 2014-cü ildə ixtisasına uyğun, Ağdamda 5 ay xidmət göstərib.
Xəyal erməni vandallarının xalqımızın zaman-zaman  başına açdığı zülmləri öyrəndikcə qisasçılıq hissi ilə alışıb-yanırdı. Ona görə də könüllü ərizə yazaraq ön xəttə getdi. 2016-cı ilin Aprel döyüşlərində Ağdamda ön cəbhədə olan Xəyal Vətənə necə xidmət göstərilməli olduğunu burada göstərib və igidliyinə görə fərqlənib...”
Ailəli, iki oğul  (Aslanlı Umud və Uğur) atası olan Xəyal qısa ömründə uzun xidmət və döyüş yolu keçib. Ağdamdan qayıtdıqdan  sonra Tərtərdəki “N” saylı hərbi hissədə kəşfiyyatın operator komandiri vəzifəsi ona tapşırılıb.
Milli Qəhrəman Mübariz İbrahimovun vaxtilə döyüşüb şəhid olduğu postun başçısı olmaq kimi şərəfli vəzifəni də daşıyıb. Ballı qayadakı “N” saylı hərbi hissənin tağım komandirinin müavini təyin ediləndə də üzərinə düşən vəzifə borcunun öhdəsindən ləyaqətlə, kişi kimi gəlib...
Hər şeyin, elə  bütün fəaliyyətlərin, elə ömrün də sonu olur. Bu da Xəyal Aslanov haqqında xatirənin sonuncu abzastı. Cabir İsa oğlu “axırıncı” iş yeri sözlərini əli əsə-əsə yazıb. Sonuncu kəlməsinə çata bilmədikləri üçün Xəyalın xəyallarında yaşatdıqlarını da yaza bilmədiyi üçün əli gəlməyib ki, sonuncu fikrini yazsın.
Amma, hər şeyin sonu olduğu üçün bu yazının da sonuncu abzastını yazmalı olduq.  Şəhidliyinə aparan yolun sonuncu döngəsi Tərtər rayonunun Sarov kəndindəki “N” saylı hərbi hissədə olub. Burada tağım komandiri idi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin od-alovuna atılmalı idi. Döyüşlər başlayanda Tərtərin Suqovuşan və Talış kəndləri istiqamətində olub. 
“...O gün qərargah rəisini xilas edərkən...”
Cabirin  fikri yenə də qırılır. Xəyalın o anlarda nələr düşündüyünü yazmaq istəyib...  Bircə yadına o düşüb ki, Xəyala qulluq etdiyi hərbi hissədə “İkinci Mübariz” adı verilmişdi, bunu qeyd etməyib.
Xəyalın döyüş və ömür yolu bax beləcə başa çatıb. Ailəsinin təsəllisi onun  Azərbaycan Respublikası Prezidentinin  imzaladığı sərəncamla “Vətən uğrunda”, Suqovuşanın  və Laçının azad edilməsi uğrunda medalları ilə təltif edilməsidir. Allah rəhmət eləsin!
 ***
-Fatma xala, hheyyy!!!
- Bilirsiz kimdi Fatma xala?
- Mən tanıdım. Nağıllarda var ey…
- Yox, tanımadınız. Bizim Fatma xalanı deyirəm ey, Kəlbəcərin  Barmaqbinə kəndində seyid ailəsində dünyaya göz açsa da, ailə həyatı ilə bağlı Kərəmli kəndində yaşayırdı. Səkkiz uşaq böyüdüb, tərbiyələndirmişdi. Əvəzində hökumət bir torba medal vermişdi ki, onlar da…

Məhəmməd NƏRİMANOĞLU
Bakı, 27 mart 2021-ci il
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 28-03-2021 13:18
Baxış sayı: 3863
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını