Reklam

Kəlbəcərli müqəddəslərin sevinən ruhları
16-03-2021 19:59

Belə müqəddəs ocaqlardan biri də Kəlbəcər rayonunun Başlıbel kənd sakini Seyid Bağır ağanın ocağı idi. Ağsaqqallarımızın söylədiklərinə görə "Seyid Bağır ağanın ocağına ağzı əyri gələn, ağzı düz qayıdarmış", Sağalmaz və çətin sağalan xəstəliklərə düçar olanlar bu ocağa pənah gətirsə, şəfa tapar, sağalarmış. Hətta bu ocağın ziyarətinə vəhşi heyvanlar - maral, ceyran, ilan və s. pənah gərirərmiş. Ziyarət zamanı həmin heyvanları ocaqda duz-çörəklə qarşılayar, sağ-salamat yola salarmışlar. Uzaq və ağır səfərə çıxanlar səfər qabağı bu ocağa ziyarətə gələr, ocaqdan özləri üçün bir ovuc müqəddəs torpaq götürər, həmin torpağı təmiz parçaya bükərək uzun illər özləri ilə saxlar və həmin müqəddəs torpağın onu qoruyacağına inanardılar. Ağsaqqallarımızın danışdıqlarından belə bir hadisə eşitmişdik ki, Seyid Bağır ağanın ocağına şübhə ilə yanaşan insanlar olub, lakin onlar öz cəzalarını alaraq digərlərinin bu ocağa daha dərindən inanmağına səbəb olub. Belə hadisələrdən biri İranın Şahsəvən bəylərinin başına gəlib. Şiralı bəy adında bir bəy öz atlı dəstəsi ilə Başlıbel kəndinin qabağından keçib Qaraxançallı kəndinə gedirmiş. Dəstədəki bəylərdən biri Başlıbel kəndindəki Seyid Bağır ağanın ocağının möcüzələri haqqında söhbət edir. Şiralı bəy isə rişxəndlə deyir ki, mərc üçün, Seyid Bağır ağanın qapısındakı xoruzu nişan alaraq güllə ilə vurur. Yoldaşları onu fikrindən nə qədər daşındırmaq istəsələr də Şiralı bəy beşatılanı üzünə qaldırır və o tayda Seyid Bağır ağanın qapısında gəzən xoruzu güllə ilə vurur. Xoruzun güllə ilə vurulduğunu görən cavanlar tüfənglərini götürüb ayağa qalxanda Seyid Bağır ağa onlara oturmağı işarə edir və sakitcə deyir: " Əyləşin yerinizdə, o kimdirsə, bir azdan sonra öz ayağı ilə buraya gələcək ". Belə də olur. Şiralı bəy atlı dəstəsi ilə çaparaq Qaraxançallı kəndinə gedir. Oradan bir dəstə mal-qaranı qaçırıb yenidən gəldiyi yolla geriyə qayıdır. Mal sahibləri silahlanıb malın ardınca gəlir və bəylərlə atışmalı olurlar. Atışmada Şiralı bəy ağır yaralanır. Yoldaşları mal-qaranı tərk edərək yaralı Şiralı bəyi götürərək özləri ilə Seyid Bağır ağanın evinə gətirirlər və yalvararaq ondan üzr istəyirlər. Belə bir müqəddəs ocaq nəinki Başlıbel kəndində, eləcə də kəndimizdən çox-çox uzaqlarda da məşhur idi. Yaxşı yadımdadır, 1978-ci ildə orta məktəbi yenicə bitirmişdim. Universitetə qəbul imtahanı vermək üçün Bakı şəhərinə getməli idim. Anam məni Seyid Bağır ağanın ocağına apardı. Ocağı ziyarət etdik, əyilib ocaq yerindən öpdük. Ocağın sahibəsi, rəhmətlik Gümüş xala ocaqdan bir ovuc torpaq götürdü , ocaqda bişən çörəkdən bir tikəni həmin torpaqla birlikdə göy rəngli parcaya büküb mənim başıma fırladı və mənə verdi. Uğurlar diləyərək bağlamanı həmişə yanəmda saxlamağı tapşırdı.Biz orada olanda Ağdamdan bir maşın gəldi, onlar da ocağı ziyarətə gəldiklərini bildirdilər.
Belə bir ocağın yetirməsi ,rayonumuzda tanınmış ziyalılardan olan Həsən Bağırov haqqında ötən əsrin əllinci illərindən sonra Kəlbəcər rayonunda tez-tez eşidilərdi. Bağırov Həsən Əzim oğlu 1912-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. 1928-1930-cu illərdə Ağdamda pedoqoji təbsil aldıqdan sonra doğma Başlıbeldə əvvəlcə müəllim, sonra isə məktəb direktoru işləmişdir. 1934-cü ildən 1950-ci ilədək Kəlbəcər rayon maarif şöbəsinin müdiri işləmişdir. 1950 -1953 -cü illərdə Bakı Ali Partiya Məktəbində təhsilini artırmış, 1953-1956-cı illərdə Kəlbəcər rayon partiya komirəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1956-1965-ci illərdə Kəlbəcər rayon icraiyyə komitəsinin sədri, 1965-1970-ci illərdə Kəlbəcər rayon kənd tikinti təmir birliyinin sədri işləmişdir.1970-1973-cü illərdə Arıçılıq Birlliyinin direktoru, 1973-1980-ci illərdə Kəlbəcər rayon Həmkarlar Komitəsinin sədri işləmişdir. 1980-ci ildən 1993-cü ilin aprelində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edilən günədək Kəlbəcər rayon toxum tədarükü müfəttişliyinin rəhbəri işləmişdir. O, gənc yaşlarında qiyabi yolla ikinci ali təhsilini alaraq Kənd Təsərrüfatı İnstitutunda alim-aqranom ixtisasına da yiyəlınmişdir. Həsən Bağırov respublika əhəmiyyətli fərdi təqaüdçü idi. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal olunan gün səhər saat 10 radələrində mən Kəlbəcər şəhərində Həsən Bağırovla qarşılaşdım. Vertolyot meydançasına tərəf gedirdi. Əlində bir çemodanı var idi. Hal-əhval tutduq. Çox pərişan görkəmdə idi. Uşaqları soruşdum. Dedi ki, uşaqlar gedib, özüm qalmışam. Gedirəm vertolyot meydançasına, bəlkə mən də getdim, amma mən Kəlbəcərsiz bir gün də yaşaya bilmərəm. Bu,bizim son görüşümüz oldu. Həmin gün Kəlbəcərin ən ağır günü idi. Martın 27-dən Kəlbəcərə düşən mərmilər günü-gündən çoxalaraq orada qalmağı mümkünsüz edirdi. Həsən əmigilin qonşuluğunda yaşayan Kəlbəcərin tanınmış şairi, Kəlbəcər rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Şamil Əsgərovun evinə top mərmisi düşüb evi dağıtmışdı. Həsən əmi ilə görüşümüzdən bir neçə saat sonra Qılışlı kəndində idim. Eşitdim ki,ermənilər sərnişin vertolyotunu vurmuş, vertolyot Tərtər çayının qırağına düşmüşdür. Nəticədə iki nəfər həlak olmuş, onlarla adam yaralanmışdır. Ermənilər tərəfindən vurulmuş vertolyotun sərnişinlərini,eləcə də yaralıları və meyitləri digər bir vertolyotla Yevlax şəhərinə gətirmiş və yaralıları Yevlaxdakı xəstəxanaya yerləşdirmişlər. Oğlu İlham atası Həsən Bağırovun yaralı vəziyyətdə Yevlax şəhərindəki xəstəxanada yatdığını eşidən kimi Yevlaxa gəlir. İlhamın dediyinə görə, Həsən əminin bir qolu sınmış, bir qıçı isə yanmışdı. Lakin həkimlər deyirdilər ki, bu yaraların həyat üçün təhlükəsi yoxdur. Həsən əmi sərbəst danışırmış. İlhama deyib ki, mən Kəlnəcərsiz bir gün də yaşaya bilmərəm. Bir qədər keçəndən sonra İlhamdan içmək üçün su istəyib. İlham su gətirmək üçün palatadan çıxıb, qayıdanda Həsən əmini ölmüş görüb. Həkimləri çağırsa da, artıq gec idi. Həsən Bağırov doğrudan da özünün dediyi kimi, Kəlbəcərsiz bir gün də yaşamadı. Axı, Kəlbəcərin quruculuğunda, inkişafında, nəinki respunlikamızda, onun hüdudlarından çox-çox uzaqlarda da tanınmasında Həsən Bağırovun yüksək xidmətləri olmuşdur.
Bəli, Həsən Bağırov ömrünü Kəlbəcərin inkişafına, çiçəklənməsinə həsr etdi. Müqəddəs bir ocağın yetirməsi, rayonumuzda tanınmış ziyalılardan olan Həsən Bağırov haqqında ötən əsrin 50-ci illərindən sonra Kəlbəcər rayonunda tez-tez eşidilərdi. Boyük Vətən Müharibəsindən yenicə çıxmış SSRİ-nin ən ucqar rayonlarından olan uzaq dağ rayonu Kəlbəcər o zaman sosial- iqtisadi cəhətdən, eləcə də kommunikasiyalar sahəsində çox geridə qalmışdı. Kəndlərin əksəriyyətinə maşın yolu və elektrik xətləri çəkilməmişdi. Kəlbəcər rayonunda bir çox kəndlərə, o cümlədən Kəlbəcərdən altmış dörd kilometr uzaqda yerləşən Başlıbel kəndinə yol çəkilişinə rəhbərlik Həsən Bağırovun, elektrik xətlərinin çəkilişi isə onun həmkəndlisi Qaryağdı Qasımovun adı ilə bağlıdır (Başlıbelə ilk elektrik enerjisi 1968-ci ildə verilmişdir). Özünün əzəməti ilə nəinki Kəlbəcərdə, eləcə də bütün Azərbaycanda məşhur olan tunelin tikintisi Həsən Bağırovun adı ilə bağlıdır. Onun rəhbərliyi ilə Tutquçay dərəsinin Tərtər çayına qovuşduğu yerdə açılan iki yüz yetmiş metr uzunluğunda tunel və Tutquçay dərəsindəki 42 kəndə gedən, el arasında "Həyat yolu"adlandırılan maşın yolunun çəkilişi, demək olar ki, əl əməyi ilə çəkilmişdi. Maşın və texnikaların çox az olduğu bir dövrdə çəkilən yol və tunel əl zəhməti ilə, külüng və bellərlə çəkilirdi. Kəndimizdəki ağsaqqallarln dediyinə görə, kənddəki kişilər briqada şəklində növbə ilə yol çəkilişinə gedər, bir ay işləyən briqada kəndə qayıdıb dincələr, digər briqada yenidən bir aylığa yol fəhləliyinə gedərdi. Bel, külüng və lomla qırılması mümkün olmayan qayaları partladar, partlamış qayaları bellə təmizləyib maşın yolu açarmışlar. Qeyd etmək lazımdır ki, Tutquçay dərəsi adlanan ərazidəki 42 kəndə yol çəkilişinin tunel vasitəsi ilə həyata keçirilməsinə o zamankı respubika rəhbərliyi Moskvanın razı olmadığını, buna dövlətin maliyyə gücünün çatmadığını bəhanə gətirərək tunel tikintisini təxirə salmaq istəyirdi. Lakin rayon icraiyyə komitəsinin sədri işləyən Həsən Bağırovun inamlı təkidi və yenidən Moskvaya, Mərkəzi Komitəyə müraciəti layihəyə başlanılmasına kömək etdi. Layihənin həyata keçirilməsində yerli camaatın da fiziki köməyini nəzərə alaraq tunelin tikintisinə start verildi. Üç ilə yaxın tikintisi gedən tunel 1959-cu ildə istifasəyə verildi.

Oqtay SALAHLI
Dalidag.az
PS. Materialın hazırlanmasında göstərdiyi köməyə görə Həsən Bağırovun övladlarına və gəlini Xədicə Əzimovaya təşəkkürümüzü bildiririk.



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
