Göyçə-Kəlbəcər həsrətli el ağsaqqalı Şəmsəddin Bayramov

15-03-2021 10:30

Bir üzü Kəlbəcər, bir üzü Göyçə

Aşıq Əsədin yadigarı, sənət dünyasından boy verən Şəmsəddin Bayramov Göyçə-Kəlbəcər həsrətli el ağsaqqalı, sənət xiridarıdır
...Deyirlər ki, sənət, o cümlədən də qələm adamı yaxşı və pis mənada tanıdır. Qələmin iki başı  olur. Bunu da el-oba ağsaqqalları deyiblər. Qələm də könül kimidir - sevərsən, səni sevdirər, küsdürərsən, pis yazarsan, səni biabır edər, gözdən salar. 
Şükürlər olsun ki, əlimə qələm alandan pisniyyətli nəsə yazmayıb. Demək, qəlbim pisniyyətli olmayıb. Dəfələrlə qəlbiqaraların qələminin saxta yazdığının şahidinə çevrilmişəm. Məni də haqq yolumdan sapdırmaq istəyiblər. Hiss eləmişəm ki, yazmaq istədiklərindən çox, özlərini gözə soxmağa çalışıblar. 2005-ci ildən sonra bəzi qələm adamları ilə ünsiyyətimdə  bütün  belə eybəcərliklərin şahidinə çevrilmişəm.
Kəlbəcər ədəbi mühitində öz dəst-xətti olanları olduqları kimi deyil, öz bildikləri kimi təqdim edənlərə nifrətim yer-göy qədərdir. Elə kəlbəcərli qələm-ürək sahiblərimiz var ki, onların bizim qələmimizə ciddi ehtiyacları var. Nədən onlar haqqında yazmayaq ki?
Xatırlayıram,  Kəlbəcərin ilk şəhidləri haqqında mən oçerklər yazanda bəziləri ağzıgöyçəklik edib haqqımda ünvanıma yaraşmayan fikirlər danışırmışlar, üzümə deməyə cəsarətləri və kəsərli sözləri olmadığı üçün ancaq qeybət edirlərmiş. Bir dəfə də yas yerində (hüzrdə) şərəfsilərin ikisi-üçü qeybətləşəndə, hətta, şəhidlərimiz haqqında yazdığıma görə, mərhm şairimiz, Kəlbəcərimizin cəfakeşi, söz xəzinəsinin dühalarından biri Şamil Dəlidağ orada məni müdafiə edib və onları cavabsız qoymayıb. Rəhmətlik qaynatam Vəli Əbdüləli oğlu da o məclisdə olub.
Sözümün mustafası var. Mən çalışmışam ki, qələmimə və qəlbimə layiq olanları xalqımıza təqdim edim, bacarığım səviyyəsində. Buna da az-çox nail olmuşam. Ona görə də əksəriyyət tərəfindən dəyərləndirilirəm, məmur kəlbəcərlilərdən savayı. Heç vaxt diqqət çəkmək üçün yarınmadım, ona görə də saxta barınmadım.
Anam da söz əhli oldğundan, Allah rəhmət eləsin,  mənə ilk və son nəsihəti belə olub: “Südüm sənə haram olar, sözünü haramlasan, sözünlə əliəyrilik edib, balalarına çörək qazansan. Ailəmiz halal ruzi ilə saxlanıb ata-baban tərəfindən, çalışın ki, siz iki gözüm - qardaşlar haqqında da həmişə yaxşı danışsınlar, onda ruhum dincələcək...“
Suçu da işləyib, qulluqçu da...
Yamanca uzaqdan başladım deyəsən. Amma məramım yaxşıları yaxşı təqdim etmək olduğu üçün anamdan sitat gətirməli idim.
Haqqında söz açacağım şəxsiyyəti anam Güllər də çox istəmişdi, indi istəməsin. Evimizin ən əziz və istəkli qonağı olardı bir vaxtlar. Yalnız rəhbər kimi deyil, Göyçəmizin yadigarı olduğu üçün. Bir üzü Göyçə, bir üzü Kəlbəcər olan Şəmsəddin Bayramovu deyirəm. Haqqında çox gec yazıram. Bunun səbəbləri sadədir - vaxt, zaman darlığından və sürətlə ötüb-keçməsindəndir. Məni bağışlasın. Hələ istəyirdim ki, gələn il yazım. Axı, gələn ilin payızında 80 illik yubileyi olacaq, inşallah! Şirinbulaqda, Göyçə gədiyində, Dikyurdda, lap elə imkan olsa,  dünyaya göz açdığı, dədə-baba yurdu olan Göyçənin Basarkeçər rayonunun Böyük Qaraqoyunlu kəndində qeyd edər.
Məqamıdırsa yazının qəhrəmanı, əsas simasını rəsmi təqdim edim.  Tərcümeyihalına nəzər salaq: Bayramov Şəmsəddin Ədil oğlu 1942-ci il oktyabrın 1-də ulu Göyçə mahalının Basarkeçər rayonunun Böyük Qaraqoyunlu kəndində anadan olub. Orta məktəbin 7-ci sinfini öz kəndlərində bitirib. 1959-cu ildə orta məktəbi Zodda başa vurub.
Tale onun yolunu Kəlbəcərə salıb, 1961-ci il mayın 5-dən 1964-cü ilin iyun ayınadək Kəlbəcərdəki “İstisu” Mineral Sudoldurma Zavodunda çalışıb.
Taleyə yazılanlar ömür yolunun səmtini dəyişir həmişə. Şəmsəddin Ədil oğlunun da ömür yolu rahat, hamar olmayıb. Tale yolunun səmti Kəlbəcərdə buraxılan “Yenilik” qəzetinin mətbəəsindən də salıb. 1964-69-cu illərdə mətbəənin müdiri vəzifəsində çalışan Şəmsəddin Bayramov ali təhsil almaq üçün həmişə öz üzərində çalışıb. Bunun da bəhrəsini görüb: 1965-ci ildə Gəncədəki (o zaman Kirovabad adlanırdı-M.N.)Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnsititutunun Zootexnik fakültəsini bitirərək Kəlbəcərə qayıdıb.
Bu o zamanlar idi ki, Kəlbəcərin iqtisadiyyatı ancaq maldarlıqdan asılı idi. Əsas gəlir mənbəyi olan heyvandarlığın inkişafı üçün isə mütəxəssislər çatışmırdı. Ona görə də Şəmsəddin Bayramov  1969-cu ildən Kəlbəcərin “İstibulaq”, daha sonra “Oktyabr” kolxozlarında zootexnik işləməli olur.
Ömrün bu başı ilə o başına dolanan yollar...
Gənc mütəxəssisin  qarşısına çıxan məsələlər yalnız təsərrüfat işləri, maldarlığın inkişafı ilə bağlı deyildi. Bu illər ərzində o, eyni zamanda siyasi yetkinlik səviyyəsinə də çatdığı üçün, qısa vaxtdakı  ictimai fəaliyyəti, öz üzərində çalışması, peşəkarlğını artırması rayonun siyasi rəhbərliyinin diqqətindən kənarda qalmamış, ona etimad göstərərək, Sov.İKP sıralarına qəbul etmiş, üzərinə böyük vəzifələr qoymuşdu. Məhz belə fəaliyyətinin nəticəsi idi ki, Şəmsəddin Bayramov partıya sıralarına  qəbul edilməklə yanaşı, həm də iki dəfə Azərbaycan Həmkarlar İttifaqı Komitəsi tərəfindən medallarla təltif edilmişdir.
Təcrübəsi, ictimai fəallığı artdıqca ona göstərilən etmad da çoxalırdı. Artıq o, yetkin yaşlı gənc mütəxəsis kimi rayonun ictimaiyyəti və rəhbərliyinin diqqətini çəkməkdə idi.  1971-78-ci illər ərzində Kəlbəcər rayonunun Çaykənd kəndində, daha doğrusu, H.Hacıyev adına kolxozun zootexniki, sonra isə kolxoz sədri vəzifələrinə irəli çəkildi.
...Yollar...yollar, yollar... Ömürdən keçən, ömrün bu başı ilə o başına dolanan yollar heç vaxt hamar olmayıb onun kimilərinə. Şəmsədin Bayramovun tale üzünə gülsə də, yollar qarlı-boranlı idi.  Arxası yalnız Tanrısı olanların işləri həmişə daşdan-qayadan keçib. Onun da tale yollarında daş-qayalar az deyildi.
Dayılı bəxtəvərlər qalmışdı bir yanda, Şəmsəddin Bayramov özünün qabiliyyəti, istedadı, savadı və ən əsası da insanpərvərliyi ilə özünə yol açırdı, həm də Allaha pənah aparmaqla. Ona görə də qarşısına çıxan əngəllikləri əzərək, məhv edərək irəliləyirdi. Bu yollar onu hələ ki üzüyuxarı, arzularının reallığa çevrilməsinə doğru aparırdı. Ailədə balalar böyüyür, el-obada hörmət-izzəti artır, ona  göstərilən etimadlar doğrulur, o da bundan başgicəllənməsi tapmadığı üçün irəliyə doğru gedirdi. Belə idi ki, Rayon  Dövlət Tədarük Müfəttişi, Kənd Təsərrüfatı İdarəsinin  böyük zootexniki, nəhayət, 1978-ci ildən 1986-ci ilədək Kalinin adına  (sonradan “Şirinbulaq” adlandırıldı) kolxozun sədri vəzifəsini ona həvalə edirlər. 1987-ci ildən o, N.Nərimanov adına və “Şirinbulaq” kolxozlarının yemçilik üzrə sədr müavini kimi də çalışıb.
Şəmsəddin Bayramov ötənləri xatırladıqca xəyalından nələr keçdiyini duymaq, anlmaq çətin olmur. Həyatın hər üzünü görən, uzun illər böyük təsərrüfatlara rəhbərlik etmiş göyçəli balasının arxasınca kimlərsə dodaq büzməyib, əksinə, hara gedibsə, onu orada öz doğmaları kimi qarşılayıblar.
Çətini dağlara biz gəlincədi...
Kəlbəcərin 1993-cü ilin aprelindən Ermənistanın təcavüzü nəticəsində işğal edilməsi onu da ikinci dəfə doğma yurddan didərgin saldı. Dikyurddan qalxıb Göyçə gədiyindən  o  yana - ulu Göyçənin kənd-kəsəklərinə baxanda xəyalından nələr keçdiklərini indi dodaqları əsə-əsə dilə gətirir: “...Məndən nə Kəlbəcəri soruşun, nə də Göyçəni. İkisinin də həsrətini gözlərimdə gətirmişəm. Bax, dilim qabar bağlıyıb hər ikisinin adını şəkməkdən:
Murovdan aşırsan, ulu dağların
Bir üzü Kəlbəcər, biri Göyçədi.
Yanağım yanacaq, qurumaz yaşı,
Həsrətim-hicranım yerlə-göycədi,
Bir gözü Kəlbəcər, biri Göyçədi.

Dağlanıbdı sinəm, oddu, alovdu,
Baxışım dumanlı, qardı-qırovdu.
Otuz ildi əsir qalıb - girovdu,
İstidi, məhrəmdi, elə incədi,
Bir sözü Kəlbəcər, biri Göyçədi.

Dədə Ələsgərin dağılan yurdu,
Gözümdə qanlı yaş, sinəmdə qordu.
Həsrəti, hicranı elləri yordu,
Çətini dağlara biz gəlincədi,
Bir özü Kəlbəcər, biri Göyçədi.

Aşıq Əsəd  babam olub, biləsiz,
Dərd odur ki, onu ellə böləsiz.
Qollar açıb üstümüzə gələsiz,
Bir ocaq çatmışam, siz yetincədi,
Bir közü kəlbəcər, biri Göyçədi.

Şəmsədinin qəm bürüyüb dörd yanın,
Harasında azıb qaldım dünyanın?!
Qadasın alaram məni duyanın,
Sığındığım ulu diyar- Gəncədi,
Bir yazı Kəlbəcər, biri Göyçədi.

Kəlbəcərdən didərgin düşəndən qədim Gəncədə məskunlaşan Şəmsəddin Bayramov Azərbaycan Texnologiya Universitetinin 1 və 2 nömrəli tələbə yataqxanasında müvəqqəti məskunlaşan kəlbəcərlilərin səlahiyyətli nümayəndəsi kimi məsuliyyətli ictimai vəzifəni də şərəflə daşıyır. Kimsə ondan inciməyib.
Xəyalında qoruyub saxladığı uşaqlıq, gənclik və rəhbər vəzifələrdə şalışdığı illəri yenidən canlandırır, sanki əl uzatsa çatacaq. Gahdan bulud kimi tutulur, dolur, yox, göz yaşlarını qəlbinə axıdır: “Kişi ağlamaz”,- deyirlər. Mən bu fikirlə razı deyiləm. Necə ağlamasın kişilər? Ürəkləri yoxdurmu? Qürurlarına sığışdırmır kişilər. Vallah daldalarda o qədər Göyçə, Kəlbəcər dərdinə ağlamışam ki...”
Yox, burada bir balaca duruxdu. İstədi desin ki,  ömür boyu balalarımın qayğısını çəkən, onları cəmiyyət üçün yararlı yetişdirən, bar-bəhrələrini dərən vaxtlarda isə bizlərdən əbədi ayrılıb haqqın dərgahına qovuşan, Kəlbəcərsiz dözməyən Tamam Həsən qızı kimi bir xanım-xatını da itirib. Amma, qürur imkan vermədi: söyləmədi. Amma bilirəm axı, dəfələrlə bu barədə söhbətimiz olub.
Aşıq Əsəddən başlayan yollar...
Balalarının nazını çəkən, onlara ali təhsil almaq üçün yol göstərən Tamam xala da Kəlbəcərsizlik illərində az itki ilə qarşılaşmadı. Atası Həsən əmi, anası Ayna xala,  bacısı Sənəm Kəlbəcərdən çıxa bilməmişdi. Girov aparılan bacısı  Sənəmdən hələ də bir xəbər yoxdu. Bax belə dərdlər Tamam xalanı da çox tez alıb apardı Şəmsəddin Bayramovun ailəsindən, balalarından, qəribməzar elədi...
Amma, təsəllisi də var. Nə yaxşı ki, Akif, Xalid kimi oğulları, İradə müəllimə kimi qız balası var: hər birinin cəmiyyətdə öz yeri. Akif müəllim təbinin, istedadının qüdrətinə Mədəniyyət və İncəsənət Universitetini bitirməmişdən də öncə Kəlbəcər rayon Aşıq Şəmşir adına mədəniyyət evində çalışır. Səsinin zəngulələrinə görə ulu babası Aşıq Əsədə bənzədənlər səhv etmirlər. Bu gün də Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin direktorudur. Mədəni-kütləvi tədbirlərin təşkilatçı rəhbəri kimi tanınır. Sənətinə vurğunluğunu daim təsdiqləyir.
Şəmsəddin Bayramov deyir ki, Kəlbəcərdən gələndən bu üzdə  gördüyü yuxular da Göyçə və Kəlbəcərlə bağlı olub.
Bunlar Şəmsəddin Bayramovun özünü təqdimatı da hesab edə bilərik. Amma biz nəsil kəlbəcərlilər onu yalnız məmur kimi tanımamışıq axı.
Şəmsəddin müəllim hələ uşaq və gənclik illərindən sazın-sözün vurğunu olub. Onu incəsənətə, mədəniyyətə bağlayan isə gendən gələn istedaddır. Babası Aşıq Əsəd yalnız Göyçə mahalında deyil, ətraf bölgələrdə səsinin zilliyi ilə səs salan bir ustad kimi tanınıb. Deyirlər ki, toyda “Koroğlu cəngi”, “Misri” oxuyanda o zamankı “otuzikilik lapma”nı söndürürmüş. Şəmsəddin Bayramov da gəncliyindən ustad aşıqların yanında balaban və qara zurna ifası ilə  tanınıb. Hələ toy şənliklərində, mağarlarda qol götürüb süzərkən hamını heyran qoymasını demirəm.
Yaxşı xatırlayıram, Kalinin adına kolxozun sədri olarkən bizim beş-para kəndin xeyir-şəri onsuz keçməzdi. Yalnız kolxoz sədri yox, el-obanın sevimlisi kimi onu məclislərdə başda əyləşdirərdilər. Bunu özü qazanmışdı. Vaxtilə kolxozun, həm də uzun müddət sürücüsü işləmiş Nəsib Nəcəfov (artıq 80 yaşını keçib, Allah ömür versin) Şəmsəddin Bayramovun xüsusiyyətlərini söyləməkdən bu gün də yorulmur: “...Bir neçə kolxoz sədri ilə işləmişəm, yalnız Şəmsəddin Bayrovun xatir-hörmət qazandığının şahidiyəm. Bizim Qılınclı camaatı onu nəinki sədr, əslində, öz balası kimi çox istəyirdi. O da bunu qazanmışdı. Ot biçinində dəfələrlə olmuşdu ki, gecə  “ot oğurlayanların” qabağına çıxmışdıq onunla, özünü tanınmazlığa vurmuşdu ki, “bu, onların halal, əl qabarının məhsuludu, qoy aparsınlar, kolxozun mal-heyvanı ac qalmaz, amma, camaatınkı qalsa ölər...”
Ay Məhəmməd, nə bəxtəvər çağ idi...
Bax, Şəmsəddin Bayramovun ürəyi belədir. Əsas odur ki, xalqını sevəsən, Bu sevgi qarşılıqlı olur. Budur, həmin sevginin şahidiyik. Uzun illər (hətta iki dəfə) Kəlbəcərdə rəhbər vəzifədə çalışan Sahib Əkbərov kimi, Şəmsəddin Bayramov da kəlbəcərlilərin sevgisini qazanıb. Oların xeyir-şərinin sahibi olublar.
Şəmsəddin Bayramov o bəxtəvərlərdəndir ki, onu həm göyçəlilər sevir, həm də kəlbəcərlilər. Bu sevgini Göyçəli Əli Qurban Dastançı da qazanmışdı. Sağlıq olsun, növbəti yazım Əli müəllim haqqında olacaq, inşallah!
Nədənsə, Kəlbəcərdən söz açanda Göyçənin adını çəkməyə bilmirəm. Elə bu məqamda da istərdim ki, Göyçə-Kəlbəcər həsrətli bir şeirimlə yazıya nöqtə qoyum. Axı, Kəlbəcərə yol başlamalıyıq. Hazırlıq görülür, inanıram ki, Göyçəmizə də belə günlər qayıdacaq, çünki vaxtilə  boşalan  Göyçə bir müddətdən sonra yenidən dolmuşdu - göyçəlilər qayıtmışdı öz doğma yurd-yuvalarına.
Şəmsəddin Bayramova da Kəlbəcərə və ulu Göyçəmizə qovuşmaq kimi müqəddəs bir diləklə cansağlığı arzulayıram.

Qışda orda, yaz da orda gözəldi,
Ömrümüzün  hər fəsliydi Göyçəmiz.
Ulu kökü əzəldən də əzəldi,
Qorqud yurdu, türksoyluydu Göyçəmiz.

Sazlı-sözlü ocaq idi, piriydi,
Ələsgərim ustadlıqda biriydi.
Nəcəfimiz köz kürəkdə diriydi,
Əsəd  kimi nəsilliydi Göyçəmiz.

İgidləri saya gəlməz olubdu,
Dəfələrnən dağılıbdı, dolubdu.
Dağ çəkilib, təklənibdi, qalıbdı,
Qədirbilən əsilliydi Göyçəmiz.

Yağı düşmən kəsdi üstün, yolunu,
Bağlayandan qulac-qulac qolunu.
Açmalıyıq sağını, həm solunu,
Deməsinlər təkelliydi Göyçəmiz.

Kəlbəcərə arxa idi, dağ idi,
Barlı baxça, həm meyvəli bağ idi.
Ay Məhəmməd, nə bəxtəvər çağ idi,
Dar ayaqda  təsəlliydi Göyçəmiz.

Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az




Kateqoriya: Kəlbəcər
Tarix: 15-03-2021 10:30
Baxış sayı: 4511
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını