Unudulmuş unudulmazlar- Səfər Verdiyev

19-12-2020 17:18
Sevməyə bilərmi bulbul çəməni…
Səfər Verdiyev həm ictimai-siyasi dövlət xadimi, həm də dağlara vurğun ədəbi sima kimi xatırlanmalıdır.
Salam, Kəlbəcər…
Adı dilimizə gələndə ağzımız bal dadan bu əlçatmaz-ünyetməz dağlar səltənətinin yalnız cənnət təbiəti deyil, insanları da sərvətdir. Bunu hələ 1996-cı il aprelin 1-də ilk dəfə Ulu Öndər Heydər Əliyevlə bir qrup kəlbəcərlinin görüşündə eşitdim. Ümummilli Liderimizin dilindən eşitdiyum bu fikir məni qürurlandırdı. Yaxın məsafədə əyləşmişdim, anidən gözlərinə baxanda oradakı mərhəmət hissindən də mütəəssir oldum. Kəlbəcərə və onun insanlarına çöx böyük dəyər verirdi tarixi şəxsiyyətimiz. Bu, hər bir kəlbəcərli üçün qürurverici, daha da məsluyyətli olmaq demək idi. Kəlbəcərin işğalından üç il keçirdi. Onunla bağlı qəbul edilmişdik. O gün Ulu Öndərimiz bu fikirləri o qədər səmimi və qətiyyətlə söylədi ki, doğma diyarımızın yağı tapdağında həmişəlik qalmayacağına qəlbimdə bir ümid işığı yandı. Elə həmin görüşün təsirindən doğan fikirlərimi kitaba çevirib, “Ümid işığı” adlandırdım. Ulu Öndər o zaman görüşün əvvəlində və sonunda Kəlbəcərlə bağlı fikirlərini söyləyərkən bunları da xüsusi qeyd etdi “…Ye­nə Kəl­bə­cə­rin keç­mi­şi­nə qa­yı­dı­ram. Onun çox gö­zəl keç­mi­şi olub­dur. Və çox gü­man edi­rəm ki, çox gö­zəl də gə­lə­cə­yi ola­caq­dır. Bu­ra­da çı­xış­lar bir-bi­rin­dən fərqli ol­sa da, ha­mı­sın­da bir fi­kir ey­ni idi: iş­ğal edil­miş tor­paq­lar, o cüm­lə­dən Kəl­bə­cər sülh yo­lu ilə azad olun­ma­lı­dır. Əgər bu müm­kün ol­ma­sa,-bu­ra­da ba­cı­la­rı­mız da de­di, qar­daş­la­rı­mız da de­di,-bü­tün im­kan­la­rı­mız­dan, gü­cü­müz­dən is­ti­fa­də edib Kəl­bə­cə­ri azad edə­cə­yik, iş­ğal olun­muş tor­paq­la­rı­mı­zı azad edə­cə­yik. Bu­na heç kə­sin şüb­hə­si ol­ma­sın, biz qoy­ma­ya­ca­ğıq ki, tor­pa­ğı­mı­zın bir qa­rı­şı da qəsbkar­la­rın əlin­də qal­sın! Bir qa­rı­şı­nı da qoy­ma­ya­ca­ğıq”!
Kəlbəcərdən sonra tapdıqlarımız da oldu, itirdiklərimiz, əl uzatdıqlarımız da
Yeriniz behişt olsun, Ülu Öndər, necə də haqqa tapınaraq söyləyirmişsiniz: “...iş­ğal edil­miş tor­paq­lar, o cüm­lə­dən Kəl­bə­cər sülh yo­lu ilə azad olun­ma­lı­dır. Əgər bu müm­kün ol­ma­sa,-bu­ra­da ba­cı­la­rı­mız da de­di, qar­daş­la­rı­mız da de­di,-bü­tün im­kan­la­rı­mız­dan, gü­cü­müz­dən is­ti­fa­də edib Kəl­bə­cə­ri azad edə­cə­yik, iş­ğal olun­muş tor­paq­la­rı­mı­zı azad edə­cə­yik. Bu­na heç kə­sin şüb­hə­si ol­ma­sın, biz qoy­ma­ya­ca­ğıq ki, tor­pa­ğı­mı­zın bir qa­rı­şı da qəsbkar­la­rın əlin­də qal­sın! Bir qa­rı­şı­nı da qoy­ma­ya­ca­ğıq”!
1996-cı ilin aprelində söylənilən, dilə gətirilən həmin fikirlər 2020-ci ilin payızında reallığa çevrildi. Həmişə baharda cənnətə çevrilən Kəlbəcər, Laçın, Şuşa kimi dağlar gözəli bu ilin payızında, 28 illik ayrılığa son qoyan möhtəşəm Qələbəmizlə doğmalarına qovuşdu. Demək, ayrılığın sonunun vüsal olacağına inamımızın heç vaxt azalmamasında bir həqiqət var idi ki, onu da o çətin günlərdə, aylarda, illərdə qəlbimizdə qoruyub saxlamağı bacardıq.
Kəlbəcərin insanlarının sərvət olmasına qayıdıram. Bəli, Ulu Öndər heç vaxt fikrini əsaslandırmadan bir söz belə dilə gətirməyib. Ona görə də bütün ictimai auditoriyalarda, beynəlxalq konfranslardakı çıxışları elmi-nəzəri və təcrübi formada ideologiyaya çevrilib. Azərbaycanımızın bugünkü hərtərəfli inkişafı da məhz Ulu Öndərin müdrik siyasətinin cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bəhrəsidir!
Bu gün 28 ildən sonra Şuşada, Kəlbəcərdə... Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır!
Kəlbəcərsizlik illərində çox həqiqətləri araşdırdıq, axtardıq. Tapdıqlarımız da oldu, itirdiklərimiz, əl uzatdıqlarımız da. Kəlbəcərin təbii sərvətləri ilə yanaşı, zəhmətkeş və ilahidən qüdrət-qələmli olmaları bir söz adamı kimi, məni daha çox çəkdi. Məhz bunun nəticəsidir ki, daş-torpağından tutmuş, mənəvi sərvət olan ayrı-ayrı şəxsiyyətlərindən, Qarabağ uğrunda canını əsirgəməyən oğullarının qısa, lakin şərəfli ömür və döyüş yollarından neçə-neçə kitablar yazdım. Sağ olsun bəzi həmyerlilərim və qələmimə sayğı göstərən soydaşlarım ki, dünyanın müxtəlif yerlərində yaşasalar da, səsimi eşidib maddi-mənəvi dəstək oldular. Həmin kitabların içərisində mənə daha doğması və Kəlbəcər üçün əhəmiyyətli mənbə hesab edilən “KƏLBƏCƏR-Azərbaycanın qala qapısı”dır. Çünki orada, çalışmışam ki, Kəlbəcəri ensklopedik şəkildə təqdim edim, həm də əsaslı mənbələrə söykənərək, arxiv materialları ilə.
Bu günlərdə kitabı yenidən vərəqləyərkən diqqətimi orada adları və fəaliyyətləri barədə qısa söz açdığım rəhbər kadrlarımızın, inzibati və ədəbi simaların siyahısına baxanda özümü bağışlaya bilmədim. Kəlbəcərin ictimai-siyasi və ədəbi aləmində təkrarsız fəaliyyəti olan, böyük bir nəslin təmsilçisi, onlardan da daha vacibi – Dədə Şəmşirlə Xalq şairi Səməd Vurğunun məşhur görüşünün səbəbkarı və təşkilatçısı, o vxtlar Kəlbəcər Rayon Partiya Komitəsinin katibi olmuş Səfər Verdiyev haqqında, yalnız bircə cümlə yazılması məni utandırdı. Axı, elə kəlbəcərlilər haqqında qələm çalmışam ki, bu gün xatırlayanda utanıram, qınanıram, haqlı-haqsız olduğumu bilmirəm.
Məqsədim Səfər Verdiyevi nəinki kəlbəcərlilər, həmçinin rəhbər vəzifələrdə çalışdığı rayonların da yaddaşında necə yaşadığına ayna tutmaqdır, həm də ədəbi-publisistik bir formada. Bacarsaydım bu məqaləni dastan formasında qələmə alardım. Çünki qəhrəmanım həm ictimai, həm də ədəbi simadır. Məmurluğu haqqında da oxucularımızda bu məqalədən sonra yəqin ki, fikir formalaşacaq:
Səfər Verdiyev kim olub?
Zaman, dövr dəyişsə də, insanlıq, aqillik, vətənsevərlik müxtəlif formada özünü təzahür etdirir. Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı yazıçı-publisist, Milli Məclisin deputatı, daim kəlbəcərliləri özünün doğması sanan (xatırladım ki, Aqil Abbas şair Sücaətin “Dəlidağın dəliləri, hardasız” kitabını da buraxıb. Bu da onun Kəlbəcər sevdalılığındandır-M.N.) Aqil Abbas təsisçisi olduğu “Ədalət” qəzetinin son saylarının birində bir qrup kəlbəcərli tanınmış saz-söz, eləcə də tanınmış qələm adamlarının bəzilərinin şəkilləri ilə bəzədiyi qəzet səhifəsini facebook səhifəmdə kiçik təşəkkür-rəy yazıb paylaşmışdım. Bir azdan baxdım ki, Yeganə adlı bir xanım həmin şəkil-səhifənin altında haqlı olaraq yazıb ki, görəsən, Səfər Verdiyevi niyə unudurlar kəlbəcərlilər? Fikir təxminən belə idi. Mən də yazdım ki, vallah, mənim özümün yox, Dədə Şəmşirin, Bəhmənin, Sücaətin, Məmməd Aslanın... şəkilləri xatirinə paylaşmışam. Haqlısınız, Səfər Verdiyev heç kimin yadından çıxmamalıdır. Yenidən fikrimə dayaq olan Yeganə xanım mənimlə əlaqə saxladı. Məlum oldu ki,bu əsəbi cavab yazan xanım kim olsa yaxşıdır? Səfər Verdiyevin qızı Yegnə müəllimdir.
Beləcə, suçumuzu boynuma alıb, “Unudulmuş unudulmazlar” rubrikasında daha bir ədəbi və tarixi simamızı sizlərə təqdim etmək qərarına gəldim. Yeganə xanım yazdı ki, atam Səfər Verdiyev 1921-ci ildə Kəlbəcərin Yanşaq kəndində dünyaya göz açıb. İbtidai və orta məktəbi əla qiymətlərlə bitirib. 1939-cu ildə həmin kənd məktəbində müəllim işləyib. 1941-ci ildə Böyük Vətən müharibəsinə gedib. Bir ildən sonra yaralandığına görə geri qaytarılıb. 1943-cü ildə Kəlbəcər Rayon Komsomol, 1951-52-ci illərdə partiya komitəsinin 3-cü, 1954-cü ildə isə Azərbaycan KP Kəlbəcər Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Bunu hələ illər öncə bilirdim ki, ailəsində 7 usaq olub. Hamısı da ali təhsil alıb: Aqil, Afaq, Zəfər, Sevda,Yeganə, Məhəmməd və Sevinc ailədən aldığı tərbiyə ilə cəmiyyətdə də sayılıb-seçiliblər. Yəni digər məmur övladları kimi, yekəxana, saymaz, özündənrazı, kasıb ballarına yuxarıdan-aşağı baxan haramxor, atasının vəzifəsindən sui-istifdə edən yox, zəiflərlə qaynayıb-qarışan olublar.
Atalarından övladlarına daş-qaş, altun, bir sözlə, pul-para, sərvət yox, mənəvi tərbiyə, ali təhsil kimi əbədi çörək qalıb. Bu da onların bəsidir: “Kəlbəcərlilərimiz atamı və ailəsini, bir az da geniş götürsək, nəsil-nəcabətinə yaxından bələddirlər. Bilirlər ki, bizim ulu əcdadlarımız kim olub. Atamın Kəlbəcərdə rəhbər vəzifədə çalışdığı illər yazılmadığı üçün unudulub. Buna görə də mən təəssüf edirəm ki, o illərin rəhbər vəzifədə olanlarının bugünkü nəsil davamçıları buna yol verməməli idi. Atam nəinki rəhbər vəzifə sahibi kimi tanınırdı, kamil qələm və söz adamı olaraq da sevilirdi. Məhz atamın təşkilatçılığı ilə ölməz Xalq şairi Səməd Vurğunun dağların azman saz-söz şimşəyi sayılan Dədə Şəmşirlə Turşsudakı görüşü keçirilib. Bunu heç bir aşıq unutmadı. Dastanlaşan həmin görüş atamın, əslində, məmur yox, el adamı, saz-söz vurğunu olduğunun təsdiqidir”.
Ali təhsillilər ailəsi, müxtəlif peşə sahibləri
Övladlarına atalarından kamil tərbiyə, verdiyi təhsil qalıb. Səfər Verdiyevin ailəsinin Kəlbəcər şəhərindəki həyət evinin güllü-gülüstan dövrü də olub, kimsəsizləşib, yetimləşən və özgəninkiləşdirlən illəri də. Yeganə xanım yenə də xatırladır:  “…Yayda gedərdik orada dincəlməyə. Kəlbəcərin havasına, suyuna tamarzı idik elə bil. Qardaşlarım Aqil Azərbaycan Tibb, Zəfər Texniki universitetini bitirdilər. Məhəmməd istedadına və qabiliyyətinə görə İncəsənət İnstitutunda aktyorluq ixtisasına, kiçik bacım Sevinc həkim, qalanlarımız isə müəllimlik peşəsinə yiyələndik…”
Səfər müəllim haqqında, nədənsə, az danışılması, qısqanclıqla söz açılması, əslində, uşaqlarının fikridir Məncə, heç bir kəlbəcərli Səfər Verdiyevin nəinki Kəlbəcərdə, eyni zamanda Şamaxı və Yardımlı rayonlarında rəhbər vəzifələrdə çalışması daim xeyirxahlıq və minnətdarlıqla xatırlanıb.
Yardımlı rayonunun Pirimbil və Anzov kəndlərində olarkən Səfər Verdiyevin o illərdə göstərdiyi xidmət, yerinə yetirdiyi vəzifə borcunun necə xeyirxahlıq və doğmalıq hissi ilə yada salınmasının dönə-dönə şahidi olmuşam. Anzov kənd orta məktəbinin tarix müəllimi Malik Balaşov Səfər Verdiyevin RPK-nın katibi olduğu dövrdə Yardımlının təhsilinə, Yardımlı gənclərin orta və ali təhsil almasında, eləcə də təbiətən, coğrafi baxımından Kəlbəcərə çox oxşayan Yardımlıya doğma yurd-yuvası kimi can yandırmasından saatlarla söz açsa da, yoruldum deməyib.
Qayıdıram Səfər Verdiyevin bədii yaradıcılığına. Deyirlər ki, kəlbəcərlilər anadangəlmə şairdirlər. Buna möcüzə kimi baxmamışam. Bəli, insanı qələm adamı edən qəm-kədərdir. Xoşbəxtlikdən kimsə şair olmayıb. İmkanlı, varlı-hallı kiminsə birini qələm adamı görmədik. Həsənoğludan, Nizamidən, Füzulidən, Sabirədək qələm-söz adamları dünyaya öz poetik dünyalarından boylanıblar. Yəni, onların öz dünyası olur, adilikdən uzaq, Tanrıya daha yaxın. Kəlbəcər də elə cənnət-məkandır ki, orada düyaya göz açanlar sanki Tanrıya əl açanda çatırdı. Əzəmətli dağları, loğman, şəfa qaynaqlı bulaqları ana südü, dağ çiçəyi kimi kəlbəcərliləri mənəviyyat adamına çeviridi. Qocasından, qarısından tutmuş, vallah, yenicə dil açan uşaqlarını dindirirdin sənə cavabı qafiyəli şəkildə verirdi. Bunu doğmaca anamdan gördüyümü desəm, bəs edər.

Səməd Vurğunla Dədə Şəmşirin görüşünün səbəbkarı
Kəlbəcərin 1993-cü ilin aprel ayından işğalından sonra qələmə aldığım 30-dək kitab da bunu təsdiqləyir ki, kəlbəcərlilər kamil söz ustadları kimi, ölkədə, əslində, Türk dünyasında tanınıb, seviliblər. Əksəriyyətinin adlarını çəkə bilməsəm də, ustad Dədə Şəmşirin, Kor Bəstinin, Ağdabanlı Qurbanın, Sücaətin, Bəhmənin, Allahverdi Qəmkeşin, o cümlədən də Səfər Verdiyevimizin timsalında buna inanmışam, fəxr edərək, kəlbəcərli şairlərin (şairləri də yazıçılar kimi, xalqa, elə bölmək mənlik deyil-M.N.) ədəbi nümunələrindən ibarət iki sanballı antologiya və almanax nəşr etdirmişəm. Bu iki kitabın biri “Kəlbəcər - yüz şairin bir kitabı”, digəri isə “Kəlbəcər: sazın-sözün harayı” adlanır. Dədə Şəmşirin nəvəsi Cavid Qurbanovun təşəbbüs və maddi-mənəvi dəstəyi ilə işıq üzü görən bu kitablar geniş oxucu auditoriyasına çıxdıqdan sonra ölkə əhalisi, xüsusən də söz əhli gördü ki, doğrudan da kəlbəcərlilərin anadangəlmə şair olmaları heç də təsadüfi deyilmiş.
Səfər Verdiyevin də “Kəlbəcər: yüz şairin bir kitabı” antologiyasında şeirlərindən nümunələrin yer alması bir daha çoxlarının rəsmi, inzibatçı məmur, hökumət adamı, vəzifəli şəxs kimi tanıdığı insanın, əslində, saz-söz vurğunu olduğunu təsdiqləyir.
Kitab Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə antologiya kimi nəşr edilmişdir ki, bu da toplunun içərisindəki şeirlərin müəlliflərinin sözün əsl mənasında kamil söz sahibləri olmasının sübutudur. Həmin kitabdan oxuyuruq: “Ver­di­yev Sə­fər Al­lah­ver­di oğ­lu 1923-cü il­də Kəl­bə­cə­rin Yan­şaq kən­din­də ana­dan ol­muş­dur. Atası Xə­lil Ələk­bər oğ­lu Qa­zı­xan, anası Şey­da xa­nım isə məşhur Ko­la­nı tayfasın­dan ay­rı­lan və Yan­şaq­da do­ğu­lan bir nə­sil­dən olub, 1943-cü il­də dün­ya­sını də­yi­şib.
Sə­fər Ver­di­yev uzun il­lər in­zi­ba­ti, döv­lət or­qan­la­rın­da - kom­so­mol və par­tiya iş­lə­rin­də ça­lı­şıb. O, 1950-ci il­dən Kəl­bə­cər RPK-da ka­tib, 1955-ci il­dən isə ray­ko­mun bi­rin­ci ka­tibi və­zi­fə­sinə tə­yin olu­nub. Onun res­pub­li­ka­nın ta­nın­mış sə­nət ka­ri­fey­ləri ilə Kəl­bə­cər­də unu­dul­maz, yad­da­qa­lan gö­rüş­ləri son­ra­lar aşıq­la­rın di­lin­də das­tan­laş­mış­dır.“Sə­məd Vur­ğun­la Aşıq Şəm­şi­rin Turşsudakı məşhur, dastanlaşan gö­rü­şü­nün sə­bəb­karı da məhz Sə­fər Ver­di­yev ol­muş­dur.
Saz-söz xi­ri­darı Sə­fər Ver­di­yev 2003-cü il av­qus­tun 27-də və­fat edib. Özün­dən son­ra çox­say­lı xe­yir­xah əməl­lə­rini və ən üm­də­si, li­rik dün­ya­sını bizə ya­di­gar qoyub.
Bu oxuduğunuz şeirlər şairin dildə-ağızda qalanlarındandır. Bunlara görə aşıqlarımıza, şeir-sənət pərəstişkarlarına, şairin doğmalarına təşəkkürümüzü bildiririk”.


Gözüm səni gördü, könlüm vuruldu,
İsbatı qəlbimin yarasındadır.
Sevmək eyib deyil bizim zamanda,
Bəs mənim günahım harasındadır?

Sevməyə bilərmi bülbül çəməni,
Laləni, nərgizi, həm yasəməni?!
Nə üçün günahkar görürsən məni,
Günah gözlərinin qarasındadır.

Xəstənəm, sevgilim, gəl məni dindir,
Bu sınıq könlümü güldür, sevindir.
İstəsən alovlat, istəsən söndür,
Qəlbim odla suyun arasındadır.
Xatırladaq ki, şairin bu şeiri dillər əzbəridir. Mərhum  Qamışlı aşıq Gəray ona musiqi də bəstələmişdir ki, adı “Gilanar”dır. Bu gün də həmin mahnı toylarımızda ən çox ifa olunan havalardandır.
Vətənə, onun ulu dağlarına sevgisi uşaqlıq və gənclik illərindən baş qaldıran Səfər Verdiyev, maraqlıdır ki, rəhbər vəzifələrdə işləyənlərdən fərqli olaraq, el-oba, yurd-yuva həsrətini o yerlərdən uzaq düşəndə daha çox çəkirmiş. 1966-cı ildə Yanşaq kəndində qələmə aldığı “Gəlmişəm” rədifli qoşmsından da bunu açıq-aydın hiss etmək olur:
 
İtirmişəm gəncliyimi, a dağlar,
Sizinlə görüşə belə gəlmişəm.
Həmzəçəmən, Alagöllər, Dəlidağ,
Dağlar qızı - Qanlı gölə gəlmişəm.


Könlüm çox istədi dağ bənövşəsin,
Kəklik qaqqıltısın, torağay səsin.
Cincilim kətəsin, qatıq kəsməsin
Arzulayıb eldən-elə gəlmişəm.

Anamın laylası yadıma düşdü,
Qəlbim buz bağladı, ruhum üşüdü.
Bəlkə görüşmədik, dünya işidi,
Doyunca baxmağa gülə, gəlmişəm.

Qartalları buludlara baş vuran,
Şimşək çaxıb səmasında qışqıran,
Köksü bahar, zirvəsində qış duran,
Murovda baxmağa selə gəlmişəm.

Pir bulağın dumanında azmağa,
Arzum idi, istəmədim pozmağa.
Mən şair deyiləm, şeir yazmağa
Vətən həsrətilə dilə gəlmişəm.
Doğrudur, şairin qızı Yeganə xanım kəlbəcərli qələm adamlarına irad tutur ki, Səfər Verdiyevi unudublar. Əslində, bu günahdan bir azca da olsa, onlarda var ataya övladlıq borcu onları dah çox narahat etməli idi.Bu illər ərzində bircə dəfə də olsun mətbuata informasiya ötürməmək, yada salmamaq, əslində, günahdır. Bu gün isə, hər kəs özünün reklamı ilə məşğuldur. Yuxarıda da qeyd etdim ki, Dədə Şəmşirin adının və şöhrətinin Türk dünyası ilə bir olması, tanınması Azərbaycanın rəsmi yaradıcılıq təşkilatlarının deyil, məhz oğlu Qənbər Qurbanovun və onun da şair təbiətli oğlu, xeyirxahlığı ilə də sevilən Cavid Qənbəroğlunun saza-sözə və ulusuna dərin ehtiramı deməkdir. Deməli, başqalarına irad tutmaq, haqlı-haqsız yerə ummaq və küsmək də olar. Bu, başadüşüləndir. Lakin mənim haqqımda öz oğullarım, ailəm, qohum-əqrabam düşünmürsə, özgələrini niyə qınayım ki?


“Elimin, günümün böyük şairi,
Gətirib dağlara səfa, xoş gəlib…”
Bu mənada, sosial şəbəkələrdə axtarışda ikən qarşıma çox hörmətli alim qardaşımız,qələm dostum, Vətən sevdalı, Kəlbəcərin qaim-qədim yurdlarından olan Bəzirxanada dünyaya göz açan,filologiya üzrə fəlsəfə doktorumuz, peşəkar jurnalist, AMEA-nın elmi əməkdaşı, “Bütöv Azərbaycan” qəzetinin redaktoru İlham Məmmədlinin çox dəyərli bir məqaləsini tapdım.
İlham müəllim “Bütöv Azərbaycan” qəzetində (28.10.2008. № 3) dərc elədiyi “O zaman Kəlbəcəri Səməd Vurğun xilas etdi” başlıqlı məqaləsində yazılır ki, ölməz şairimiz Səməd Vurğun xalqın yaddaşında təkcə ilhamlı şair, görkəmli ədəbiyyat adamı deyil, həm də böyük ürək sahibi, xalqın hər bir ağrısına ürəkdən yanan vətənpərvər bir insan kimi əbədiləşib.
Tarixi faktdır ki, XX əsr Azərbaycan ədəbiyyatının inkişafında Səməd Vurğunun müstəsna xidmətləri olub.
Səməd Vurğun on illər boyu ədəbiyyatı öz təsiri altında saxlayaraq özündən sonra zəngin bir ədəbi irs və məktəb qoyub.
Səməd Vurğun bütün bu yaradıcı və şəxsi məziyyətləri ilə bütöv bir şəxsiyyət olaraq əsl qələm adamının adını uca bir zirvəyə qaldırıb:“Səməd Vurğunun Azərbaycan ədəbiyyatının bir parçası olan Kəlbəcər ədəbi mühitinin  inkişafında da xüsusi təsiri olub. Ölməz şairin ötən əsrin 50-ci illərində Kəlbəcərə-İstisuya məşhur səfəri və buranın saz-söz adamları ilə unudulmaz görüşləri bölgənin ədəbi mühitində sanki qaranlıq gecədə çaxan bir ildırım təsiri bağışlayıb. Az bir zaman çərçivəsində bu səfər dildən-dilə düşərək sonralar az qala əfsanəyə çevrilib…”
Kəlbəcərimizin ilhamlı qələm sahiblərindən biri, eyni zamanda Kəlbəcər ədəbi mühitinin tədqiqatçısı İlham Məmmədli məqaləsində əksər kəlbəcərlilərin bilmədiyi və oxumadığı bəzi məqamlara aydınlıq gətirərək qeyd edir ki, o zaman Kəlbəcərdə raykom katibi işləyən, özü də incə ruhlu şeirlər yazan mərhum Səfər Verdiyev böyük şairi isti qonaqpərvərliklə qarşılayaraq, onu rayonun görməli yerləri və tanınmış saz-söz adamları ilə yaxından tanış edib. Kəlbəcərdə olduğu az bir zaman çərçivəsində bölgə insanına yaxından qaynayıb-qarışan Səməd Vurğun Kəlbəcərdə və onun adamlarının xatirəsində heç zaman silinməyəcək əbədi bir iz qoyub. Kəlbəcərin təkrarsız təbiət gözəlliklərindən vəcdə gələn Səməd Vurğun elə ilk günlərdən onu da hiss edir ki, bölgədə qaynar bir ədəbi mühit də mövcuddur.
Səfər Verdiyev Kəlbəcərin cənnətmisal bir parçası olan Boyaqlı Turşsuyu adlanan ərazisində şairin Aşıq Şəmşirlə görüşünü də təşkil edir. 
Sonralar şirin bir xatirəyə çevrilən bu tarixi görüş on illərlə yerli yazarlara ilham verərək, onların yaradıcılığına böyük təsir göstərir. İlk dəfə Səməd Vurğunla üzbəüz görüşən Aşıq Şəmşir kəlbəcərlilərin timsalında böyük şairə şeirlə xoş gəldin eləyir:


Elimin, günümün böyük şairi,
Gətirib dağlara səfa, xoş gəlib!
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib.

Aşıq Şəmşirin bunca isti və səmimi müraciəti şairi bərk duyğulandırıb və sonralar onların dillər əzbəri olan deyişmələri də elə bu ilk görüşün təsiri altında yaranıb. Bu görüşəcən Aşıq Şəmşirin haqqında çox eşitsə də onunla yaxın tanışlığı olmayan Səməd Vurğun qarşısında ustad bir sənətkarın, ilhamlı şairin dayandığını hiss edərək «Kazbek» qutusunun üzərinə yazıb ona ünvanladığı şeirlə dünyagörmüş aşığı həm də bir növ sənət imtahanına çəkir:
Aşıq Şəmşir Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub yada sal məni.
Xatırladaq ki, Səməd Vurğunla görüşənəcən Aşıq Şəmşirin böyük həyat və sənət yolu keçməsinə baxmayaraq Azərbaycan xalqının belə bir istedad sahibindən qədərincə xəbəri olmayıb. Məhz Səməd Vurğunun qayğısı və təşəbbüsü ilə Aşıq Şəmşirin şeirləri çap olunmaq üçün nəşriyyatın planına salınıb, sonralar böyük şairin ölümündən sonra aşığın ilk şeirlər kitabı işıq üzü görüb…”
Həmkarımın xüsusi vurğuladığı kimi, Kəlbəcər Azərbaycanın ən dilbər guşələrindən olsa da, sovet hakimiyyəti zamanı uzun illər gözdən, diqqətdən uzaqda qalıb. Etiraf etmək lazımdır ki, Səməd Vurğunun səfərindən sonra təkcə ədəbi ictimaiyyətin deyil, dövlət və hökumət orqanlarının da bölgəyə diqqəti xeyli artıb.
Kəlbəcərin qızılları kəlbəcərlilər və Söyüdlü yatağı…
Düzdür, Kəlbəcərin təkrarsız gözəlliyini və özəlliyini ədəbiyyatımızda ilk dəfə böyük Aşıq Ələsgər qələmə alsa da, ancaq bu gözəl vətən parçası məhz Səməd Vurğunun səfərindən, onun bu ulu yurda həsr etdiyi şeirlərdən sonra bədii obraz səviyyəsinə yüksəlib: “…O da faktdır ki, Səməd Vurğunun bu məşhur səfərindən sonra yaradıcı adamlar arasında da Kəlbəcərə çox dərin maraq yaranıb və böyük bir yazarlar ordusu Kəlbəcərə ayaq açıb. Sonralar tanınmış şair və yazıçılardan Osman Sarıvəlli, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Hüseyn Kürdoğlu, Məmməd Araz, Məmməd İsmayıl, Zəlimxan Yaqub və başqaları Kəlbəcərə, İstisuya, Dəlidağa, Ceyran bulağına silsilə şeirlər, hekayələr, povestlər həsr ediblər”.
Yeri gəlmişkən, Səməd Vurğunun Kəlbəcərin taleyilə bağlı göstərdiyi tarixi bir fədakarlığı və faktı burada xatırlamamaq insafsızlıq olar. Yuxarı Qarabağda qurama muxtariyyət yaradıb bu ad altında gələcəkdə həmin ərazini Azərbaycandan qoparmağı qarşılarına məqsəd qoyan mənfur ermənilər imkan düşdükcə digər ərazilərimizə də əl atıblar. Onlar bu mürtəce siyasətlə bir neçə dəfə Laçın və Kəlbəcər rayonlarından da xeyli torpaq qoparmağa müvəffəq olublar. Hələ Sovet hökumətinin «əmin-amanlıq» çağlarında Kəlbəcərin Söyüdlü adlanan qızılla zəngin olan yüzlərlə hektar ərazisi Moskvanın əmri ilə əlimizdən alınaraq ermənilərə peşkəş edilib. Bundan başqa rayonun bir neçə kəndi də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Mardakert (indiki Ağdərə) rayonuna qatılaraq Kəlbəcərdən alınıb. Mənfur daşnaklar daha da şirnikərək çox uzaqlara gedərək sonralar Kəlbəcər rayonunun bütün ərazisini ələ keçirmək üçün daha bir məkrli plana əl atıblar.
İlham Məmmədlinin dəyərli fikirlərini oxuduqca adamın gözləri önünə ötən əsrin 50-ci illəri düşür. Azərbaycan KP MK-da böyük vəzifə və nüfuz sahib olan ermənilər Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırovu «inandırıblar» ki, guya, Kəlbəcərin iqtisadi rayon kimi mövcudluğu çox əlverişsizdir və bu rayon Azərbaycan Respublikasının boynunda ağır yükdür. Onlar Mir Cəfərə bu «ağır vəziyyət»dən «asan» çıxış yolu da göstəriblər. Ermənilərin planlarına əsasən Kəlbəcər əhalisini bütünlüklə Azərbaycanın Aran rayonlarına, əsasən də pambıqçılıq rayonlarına köçürüb, Kəlbəcər ərazisini heyvandarlıq üçün otlaq sahəsinə çevirmək respublikaya böyük iqtisadi mənfəət gətirər. Ermənilərin bu məkrli planlarının kökündə əsas niyyətləri bir tərəfdən Azərbaycanın ərazi cəhətcə ən böyük rayonlarından olan Kəlbəcəri azərbaycanlılar yaşamayan boş əraziyə çevirmək, digər yandan isə Dağlıq Qarabağdan Ermənistana birbaşa çıxış əldə etməkdən ibarət olub. Bununla ermənilər həm də əsrin əvvəllərində Laçın və Kəlbəcərdə aldıqları tarixi məğlubiyyətlərinin əvəzini çıxmaq istəyiblər. Moskvanın xeyir-duası ilə reallaşmalı olan bu xəyanətin qarşısını o zaman son anda, ancaq rayon camaatının dəyanəti və ölməz şairimiz Səməd Vurğunun partiya qurultayındakı cəsarətli çıxışı alıb.
Keyti-Meyti dağlarının “əfsanəsi” və hikməti
İlham Məmmədli fikrini bir az da dərinləşdirərək,  Səfər Verdiyevin o zamankı fəaliyyəti, xüsusən də Kəlbəcərin qorunub saxlanmasındakı əvəzedilməz xidmətlərini, qeyrət və dəyanətini tutarlı faktlarla ortaya qoyur, diqqəti bir-birindən vacib faktlarla o dövrün ictimai-siyasi, eləcə də mədəni həyatına yönəldir: ”...Bakıdan rayon rəhbərliyinə göstəriş verilir ki, yerlərdə əhali ilə görüşüb Aran rayonlarına köçürülməyin üstünlüyü barədə təbliğat aparsınlar. Bakıdan da rayona xüsusi təbliğatçılar qrupu göndərilir. Baş verən xəyanətin ağırlığını yaxşı dərk edən, əslən kəlbəcərli olan raykom katibi mərhum Səfər Verdiyev gizli şəkildə Bakıya gələrək bu hadisəni ölməz şairimiz Səməd Vurğuna danışaraq ondan kömək istəyir. Şair ona möhkəm daynmağı, əl altından rayon əhalisinin bu işə ciddi etirazını təşkil etməyi və qurultaya gələcək yerli nümayəndələri hərtərəfli hazırlamağı tapşırır.
Bir az sonra Azərbaycan KP-nin XX qurultayı işə başlayır. Məsələ Kəlbəcərin köçürülməsi planının müzakirəsinə gələrkən heç kəsin gözləmədiyi anda xalq şairi Səməd Vurğun söz alaraq tribunaya qalxır, öz alovlu çıxışında Kəlbəcər kimi cənnətmisal bir ərazini boşaltmağı xəyanət adlandırır və oranı köçürmək yox, əvəzində dağ rayonuna kömək etmək lazım olduğunu cəsarətlə respublika rəhbərliyinin nəzərinə çatdırır. Səməd Vurğunun vətənpərvər çıxışı və rayondan seçilmiş partiya qurultayı nümayəndələrinin də ciddi arqumentləri sonda Mir Cəfər Bağırovu inandıra bilir və bununla da Kəlbəcərin o zaman boşaldılması planı təxirə salınır. Xoşbəxtlikdən bütün qurultay iştirakçıları da böyük şairin mövqeyinə tərəfdar çıxırlar. O zaman ermənilərin növbəti bir xəyanətinin qarşısı alınmaqla yanaşı, həm də elə o qurultaydaca dağlıq rayonlarının iqtisadi inkişafını yüksəltmək üçün xüsusi dövlət proqramı da qəbul edilir”.
Bəli, həmkarımızın da ürək ağrısı ilə bildirdiyi kimi, Səməd Vurğun xalqın tarixinə, folkloruna da olduqca böyük diqqətlə, hörmətlə yanaşan bir insan olub: “Şair Kəlbəcərdə olarkən olduqca əzəmətli görünüşü və başından daim qar, çiskin əskik olmayan dağın adının niyə Keyti olduğunu Səfər Verdiyevdən soruşur. Səfər müəllim Kəlbəcərin Zar və Zəylik kəndlərinin ərazisində-Göyçə ilə Kəlbəcər arasında yerləşən məşhur Keyti dağı ilə bağlı yaşlı kəlbəcərlilərdən eşitdiyi kövrək bir əfsanəni (əslində faktlar bunun tarixi həqiqət olduğunu göstərir) şairə danışır.
Rəvayətə görə, yaxın kənddə Keyti və Mehdi adlı iki gənc qardaş yaşayırmış. Ətraf kəndlərdə də böyük hörmət sahibi olan qardaşlar həm də yaxşı ovçu kimi tanınırmışlar. Həmişə birlikdə ov etməyi xoşlayan qardaşlar bir yaz günü yenə də yaxınlıqdakı dağa ova gedirlər. Qərara alırlar ki, bu dəfə dağın ayrı-ayrı sahələrində ov axtarsınlar. Dağın hündür bir yerində Keyti iri bir maral ovlayır. Maralın dərisini soyub əyninə bürünür və qarşıdakı bərədə maralsayağı yatır. Məqsədi də bu olur ki, uzaqdan marallar onu görüb maral bilərək yaxın gəlsinlər və o da onları ovlasın. Qəzavü-qədərdən Keytini yuxu tutur və bərədə yatır. Mehdi də dağın o biri üzündən ov axtara-axtara gəlib həmin yerə çıxır. Uzaqdan baxıb görür ki, qarşı bərədə bir maral yatıb. Yatan maralın qardaşı olduğunu ağlına da gətirməyən Mehdi «qismətinə çıxan» ovu nişan alıb oxla vurur. Yaxına gələndə vurduğu «maralın» doğma qardaşı Keyti olduğunu görən Mehdi bu qanlı səhnədən dəhşətə gəlir. Əli hər yerdən üzülən Mehdi qardaş faciəsinin ağırlığına davam gətirməyərək özünü də oxlayır. Maral ovuna çıxmış hər iki qardaş dağın döşündə dünyalarını dəyişirlər. Bu faciədən xəbər tutan kənd əhli hər iki qardaşı həmişə birgə ov etməyi çox sevdikləri dağın başında dəfn edirlər. Sonralar yerli camaat nakam qardaşlardan birinin xatirəsinə dağı Keyti dağı adlandırır (sonralar bu ağrılı mövzuda xeyli şeir və dastanlar yaranır).
Görün kəlbəcərlilərin hamısı anadan şair doğulur, yoxsa yox!
Eşitdiyi əfsanə şairə o qədər təsir edir ki, Səfər müəllimdən onu dağın zirvəsindəki qardaş qəbirlərinin ziyarətinə aparmağı xahiş edir. Dağ çox hündür olduğundan katib at təşkil edir və sabahı günü şairlə birlikdə dağın zirvəsinə qalxırlar. Qoşa qardaş qəbrini ziyarət edən şair söz verir ki, ömür vəfa etsə bu əfsanəni nəzmə çəkəcək. Həm də arzulayır ki, bu vəfalı qardaşların qəbirləri üstündə bir abidə ucaltmaq çox yaxşı bir iş olar. Lakin amansız ölüm şairin bu arzusunu gözündə qoyur”.
Bir məqamı da vurğulayaq ki, Səməd Vurğunun Kəlbəcər səfərinə qədər burada yazıb-yaradan qələm sahiblərinə Bakıda əyalət yazarları kimi yanlış bir yanaşma da vardı. Rayon mədəniyyət evində onunla rayon ziyalıları arasında keçirilən görüş, burada yerli şairlərin oxuduqları şeirlər və sonrakı günlərdə aldığı təəssüratlar Səməd Vurğuna bərk təsir edir. Kəlbəcərdən ayrılanda «burada hər daşın altında bir şair uyuyur, hər sinədə bir şair ürəyi döyünür»-deyərək Kəlbəcər ədəbi mühitinə böyük qiymət verir: “Kəlbəcərin işğalına qədər rayonda elə bir toy-düyün, şənlik olmazdı ki, Səməd Vurğun-şıq Şəmşir deyişməsi məclisin ən şirin, ən maraqlı hissəsi kimi aşıqlar tərəfindən həvəslə danışılıb, oxunmamış olsun. Böyük şair bu gün də kəlbəcərlilərin ürəyində kövrək və xoş xatirələrlə yaşayır. Onun Kəlbəcər ədəbi mühitinə göstərdiyi təsir və bu mühitdə qazandığı yer isə əlçatmaz bir zirvədir. Mərhum şair Ənvər Rza Səməd Vurğun şəxsiyyətinin qəlblərdə tutduğu bu yeri olduqca təbii və dürüst göstərib:
O elə dağdır ki, zirvəsi qırov;
Bir adı Qoşqardır, bir adı Murov,
Mənimçün ecazkar şair-filosof,
Körpə oğlum üçün nağıldı Vurğun.
İnanırıq ki, bu gün Kəlbəcərin və digər vətən torpaqlarının yağı tapdağında qalması böyük şairin ruhunu da incidir. Onun müqəddəs ruhu isə yalnız düşməndən intiqam alıb, torpaqlarımızı azad edəcəyimiz gün dinclik tapacaq”.
Bəli, ölməz söz sərrafımızın, el-obamızın dəyərli ziyalısı, rəhbər vəzifələrdə də belə çalışdığı illərdə sayılıb-seçilən və şeirləri ilə də sevilən Səfər Verdiyevin haqqında bir məqalədə hər şeyi yazıb çatdırmaq qeyri-mümkündür.
Hiss etdinizmi biz Səfər Verdiyevin həm də, eyni zamanda Azərbaycanda uzunömürlülər nəslindən olduğu barədə bircə kəlmə belə yazmadıq. Çünki, bu oxuduğunuz məqalə Səfər əminin ailəsindən, balalarından uzaq bir yaraqxana küncündə yazılırdı. Bu o günlərdir ki, dünyanı bürüyən koronavirus adlı bəlanın qorxusundan hər kəs öz isti yuvasına çəkilib. Canlı ünsiyyət yox, elektron imkanlarla bir-birinin ölüsünə başsağlığı verir. Bu həm də elə bir çətin günlərdir ki, qardaş-bacı belə bir-birinin qapısını aça, Qarabağın azad edilməsi ilə bağlı Qələbə sevinclərini kəlbəcərlilərə xas şəkildə (qucaqlaşıb, hönkür-hönkür ağlamaq bizim dədə-baba xasiyyətimizdir. Bir həftə bir-birimizi görməyəndə ağlayıb qarışardıq bir-birimizə-M.N.) bölüşə bilmir.
Mən, əziz oxucular, bu məqalənin son nöqtəsini qoymuram, sadəcə, sizi şairin şeirlərindən bəziləri ilə baş-başa qoyuram. Klassik aşıq şeirinin mükəmməlliyi Səfər Verdiyevin yaradıcılığının ana xəttini təşkil edir.
Oxuyun və özünüz qiymət verin. Görün kəlbəcərlilərin hamısı anadan şair doğulur, yoxsa yox!

Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 19-12-2020 17:18
Baxış sayı: 31 057
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını