Sözün, sazın urvatını mənəviyyatı qədər qoruyan oğul - Valeh Salehoğlu

26-09-2020 13:41





Unutsaq, unudularıq
Ustad oğlu şəyird olmaz


Valeh Salehoğlunun oxumaq istədiyim “USTAD OĞLU” kitabı vaxtilə qələmə aldığım “Ata yolu”nu xatırlamağıma səbəb oldu.


“Dədə Qorqud” yaşıdı sənət
Hər sənətin öz xiridarı olur. Əslində, sənətlərin hər biri dəyərlidir. Onu dəyərli edən də sənətkar və sənətsevərlər olur. Sənətin millisi də olur, ümumbəşərisi də, siyasisi də, mədənisi də, iqtisadisi də...  
Hər bir sənəti öyrənmək mümkündür. Kimsə  deyə bilməz ki, filan sənət asan,  filanı çətindir. Hər bir sənət asan da  görünə bilər, çətin də. Onu asan və çətin qəbul edən biz insanlarıq - sənəti sevən-sevməyən, bacaran-bacarmayan...
Bir qədər uzaqdan başladım. Söz sənətdən düşmüşkən, indiyədək demək istədiklərimin məqamı olduğuna görə bir az təfərrüatı ilə başlamaq məcburiyyətindəyəm.
Sənətkar olmaq şərəflidir. Sənəti sevmək, sevdirmək, yaşatmaq çox vacibdir. Hər bir sənət millət, dövlət, xalq, bəşəriyyət üçün gərəklidir. İncə sənət  bu baxımdan bir-birinin dilini bilməyən millətlər arasında, hətta, mənəvi körpü də ola bilir.

Azərbaycan xalqını sənətkarlıq  baxımdan bəxti gətirənlərdən saymaq olar. Milli mətbəxindən başlayaraq, incəsənətinədək uludur. “Dədə Qorqud” yaşıdı sənətlərimizdən biri də aşıqlıqdır. Ozan, yanşaq, aşıq kimi bugünümüzədək  yol gələn aşıqlıq sənətini yaşadan da məhz elə sənətkarlar olublar. Nə yaxşı ki, yaşadılıb, unudulmayıb.  UNESCO-nun mədəni irs siyahısında qorunan aşıqlıq sənəti milli sərvətimizdir. Demək, onu qorumaq bizim mənəvi və vətəndaşlıq borcumuzdur.
Bir qədər uzaqdan başladığımın fərqindəyəm, buna məcbur idim. Çünki haqqında söz açmaq istədiyim sənət  də uludur. Tarixin alt qatlarından bu günümüzədək  gəlib çatan ozan, varsaq, yanşaq, aşıq kimi tanınan xalq sənətini yaşadanlar ustadnamədən başlayar,  el məclislərini müxəmməslə başa  çatdırardılar. Mən də ustadların yolunu müqəddəs hesab edərək, haqqında  bildiklərimi və eşitdiklərimi, sonralar isə oxuduqlarımı ümumiləşdirməklə,  bir ustadımız və onun  ata yolunun barədə fikirlərimi qələmə almaq istədim.
Öncədən qeyd edim ki, bu sənət dünyasında azman kimi tanınmışların bir xeylisi haqqında qələm çalmışam. Xüsusilə hələ Azərbaycan Aşıqlar Birliyinin orqanı “Ozan” qəzetinin redaktoru olanda bugünün Aşıq Əkbəri, Aşıq İmranı kimi tanınan tovuzlu Aşıq Məhərrəm Hüseynlini yaxından tanımağım, bu sahədəki bilgilərimi xeyli artırmış oldu. Allah ömür versin. Miskin Abdaldan, Dədə Ələsgərdən, Təcniz Alıdan, Növrəs İmandan, Göyçəli Nəcəfdən...  onlardan da öncə Dədəm Qorquddan başlayan saz-söz sənəti ilə yaxından tanışlıq mənim üçün bir ayrıca akademiya demək oldu.

Köklənmir, zillənmir, sazım ağlayır
Hə, deyirlər ki, nağıl dili yüyrək olar. Haqqında söz açmaq  istədiyim Aşıq Saleh  Göyçəli də ulu ozan yolunun yolçularından biri idi. Haqqında ilk dəfə  yazmağa başlayanda çox gənc idim, özgə əhvalda olmuşdum, yurd-yuvamda bəxtəvərcəsinə səfa sürürdüm – Kəlbəcərdəydim, orta məktəbdə oxuyurdum. Bu gün isə özgə bir ruhdayam. Sazın “Yurd yeri”, “Dilqəmi”sinə, “Nəcəfi”sinə, “Cəlili”sinə... köklənmişəm. Qəlbimin dili olan qələm dil açıb ağı yazır. 30 ildir ki, bu ağrı-acılı misralar dilimizi yara edib, sinəmiz kimi:

Yamanca  dolubdu, qara buludtək,
Vədəsiz baharım, yazım ağlayır.
Sızım-sızım sızıldayır sinəmdə,
Köklənmir, zillənmir, sazım ağlayır.

Güllərimi fələk alıb aparıb,
Ürəyimi öz yerindən qoparıb.
Dözüm-dəyanəti, tabı qurtarıb,
Çoxunu itirib, azım ağlayır.

Kəlbəcər dilliyəm, sinə yaralı,
Göyçənin  bağçası, bağı saralı.
Məhəmmədi  yurd-yuvadan aralı,
Gedibdi işvəsi-nazı, ağlayır!

Mənə tez-tez irad tuturlar:  “...Niyə yazıların nisgilli olur? Məgər könlünün heç güldüyü, sevindiyin anlar olmayıb?  Qəmlə köklənən sinəni dərd yuvasına döndərmisən, yazılarını oxumaq olmur, nə göz dözür, nə də ürək...”
Yazılarımı ürəklə yazmasam, gözlərimdən axan damcılarla qələmim sulanmasa - yanaqlarım kimi, istədiyim alınmır. Sifarişli yaza bilmədim. Yazım gərək məni yandırsın, yazdırsın.  
İndi də yazmağa başlayıram ustad ömrü yaşamayan, lakin cəmi 45 illik həyatını həsr etdiyi aşıqlıq və sazbəndlik sənətini yaşadan Aşıq Saleh Göyçəlidən (Həsənov). 
Bir nağıl başlamaq istəyirəm, qapqara rəngli, ustadın taleyi kimi. Amma qısa olmasın deyə, sözü sözə calamaq, uzatmaq istəyirəm. Ustadın ömrünü uzada bilmədiyimiz üçün yazısını uzun yazmaq istəyirəm. Qoy bir əsrlik tarix olsun, sazın-sözün ömrü uzunluqda.
Bu, əslində, nağıl yox, dastanvari bir yazı olmalıdır. Bədii əsər olmasa da, sıradan bir məqalə də deməzdim. Harada saz varsa, orada ustadlıq var - söz, ədəb-ərkan, bədiyyat da var...
Bu yaxınlarda  daha bir göyçəli ustad sənətkarımızdan – Aşıq Əmir Rzayevdən (Göyçə mahalının məşhur balabançısı kimi tanıdığımız, sevdiyimiz,  ifası ilə qəlbləri ofsunlayan, Basarkeçərin Çaxırlı kəndində saç-saqqal ağartsa da, ömrünün ixtiyar çağlarında didərginlik illərini Gəncədə başa vuran, “ooff, Göyçəm”,- deyə  dünyasını dəyişən əzizimizi – kirvəmizi deyirəm) bir elegiya yazırdım. Orada da bu fikirlər beynimdən keçdi. Hətta, Göyçə mahalının Şişqaya faciələrindən danışan “Şişqaya faciələri, yaxud qiyamətə qalan qisas” kitabını qələmə alanda da bu 
Həsrət, nisgil, hicran dolu sətirlər və...
gözlərimi göynədə-göynədə yazılırdı. Göyçədən sakitcə söz açmaq olar ki?
...Yenə də bilmirəm  Göyçədən başlayım, yoxsa Kəlbəcərdən. Çaş-baş qalmışam. Neçə dəfə qələm əldə olan vaxtlarımda bax beləcə - qarşımdakı ağ kağıza baxa-baxa yaş axıtmışam, yaralanmışam, qoralanmışam. Ürəyimmi gəlməyib onun haqqında keçmiş zamanda yazmağa, yoxsa sənətkarlığı barədə söz deməyə qüdrətimmi? Bilmirəm. Bildiyim odur ki, yaza bilməmişəm. Yaza bilsəydim nə dərdim?!
Tanrıdan insanlara verilən müxtəlif qabiliyyət, istedad, bacarıqlar deyirlər ki, ana südü ilə qana keçir. Sonra insan yaşa dolduqca, formalaşdıqca o, xarakterdə də özünü büruzə verir: dostcanlı, qohumcanlı, Vətən, el-oba təəssüblü, yaxud əksinə...
İllərdir ki, əlimdə qələm olub. Dərd-ələm də elə bil mənim qələmimə yazılıb. Qaça bilməmişəm bunlardan. İlk qələm təcrübəm də əslən göyçəli olan, Moskvada ( unutmuşam ki, Birinci, yoxsa İkinci Aşıqlar Qurultayında) “Göygöz alim” fəxri diplomla təltif olunan, Dədə Ələsgərin nəslindən olan Aşıq Salehdən yazmışam. O vaxtlar Kəlbəcərdə, hələ orta məktəbdə oxuyurdum. Ədəbiyyat müəllimim göyçəli şair Əli Qurban Dastançı idi. Sonralar Kəlbəcərdə çıxan “Yenilik” qəzetinin redaktoru işləyirdi.  Bir gün Aşıq Saleh və oğlu Valehdən yazdığım “Ata yolu” sənədli oçerkimi ona təqdim edəndə, bir xeyli düşünüb üzünü mənə tutub dedi:
-Dədə (Əli müəllimin müraciət forması belə idi), gəl sən bu yazını Qasım İsmayılov (indiki Goranboy) rayonunun redaksiyasına yolla. Haqqında yazdığın Aşıq Saleh mənim də dostumdur, ailəvi yaxınıq, qohumuq. Sonra deyərlər ki, mən redaksiyada qohumbazlıq eləmişəm. Başağrısı olmasın...
Düzü, bu cavabdan pərt oldum, amma, müəllimimin sözünün qabağına sözmü deyə bilərdim?! Razılaşdım, qəlbimdə bir tel qırılsa da... Amma ruhdan düşməyib, məqaləni poçtla Goranboydakı qəzet redaksiyasına yolladım. Bir aydan sonra xalam oğlu Valeh (Aşıq Salehin böyük oğlu) bizə gələndə dedi:
-A xalaoğlu, sənin bir məqalən bizim rayonun qəzet redaksiyasına gəlmişdi. Redaksiyadan bizə dedilər ki, yazı müəllifi yəqin məşhur adamdı, şair-jurnalistdi. Məqalə çox tutarlıdır, icazə versəydi məqaləni redaksiya yazısı kimi dərc edərdik. Biz də razı olmadıq ki, heç müəllifi tanımırıq... 

Səsi, zənguləsi beş ağaclıqdan tanınırdı
Beləcə, mənim  ilk məqaləm o vaxtlar Goranboyda çıxan qəzetdə bir səhifə dərc edildi və poçtla mənə həm iki nüsxə qəzet, həm də qonorar göndərildi.
Niyə bunu xatırladım? Aşıq Saleh mərhum xalam Aynanın ömür-gün yoldaşı idi. O vaxtlar Qasım İsmayılov (indiki Goranboy)  Rayon Mədəniyyət Evində  müxtəlif vəzifələrdə çalışırdı, həm də gözəl sazbənd idi. Həyətində emalatxana yaratmışdı. Səsi, zənguləsi beş ağaclıqdan tanınırdı. Kəlbəcərdə də çoxlu toylarda iştirak eləmişdi...
Budur, yenə də söz Göyçədən və sənətkar göyçəlilərdən düşüb. Xəyalım göyçəli günlərimizə qayıtdı. Uşaq yaşlarımızda bizim ailə Göyçə ilə bağlı olub. Anamın xalası oğlu, Zərkəndli Həbib Səmədbəyli və ailəsi ilə qürur duymuşuq həmişə. Basarkeçərin Nərimanlı kəndindən Qanlı, Becan da qardaşlarının  dədə-babadan bizim tarixi, köklü kirvələrimiz kimi tanınıblar. Bu gün də balaları ilə həmin kirvəlik edirik, doğmalıq  daha çox əmim Əlinin ailəsi timsalında qorunur. Sonralar, 1998-ci ildə Şişqayalı Mikayıl Bayramovun nəslinin yetirmələrindən biri olan Əli Bayramovun sifarişi ilə “Qiyamətə qalan qisas - Şişqaya faciəsi” kitabını yazanda daha neçə-neçə köklü-köməcli tarixi şəxsiyyətlərimizlə yaxından tanış oldum. Bir igidi yüz erməninin dizini yerə gətirən Göyçəmizin Cığal Həsəni, Topal Orucu, Məşədi Məmmədi, Məşədi Hümbəti, Ac Aslanı (İsgəndəri), Məşədi İsa kimi tarixin yaddaşına yazılan ərənləri olub.

Göyçə həm də sazın-sözün laylasında boy atan azman sənətkarların mahalı idi. Orada ustad Ələsgərimiz, Təcnis Alımız,  haylar kürəyində samovar qaynadıb məhv etdiyi Aşıq Nəcəfimiz, Miskin Abdalımız... türk dünyasının tanıdığı və sevərək xatırladığı ziyalıları - Yunis Rzayevi, Qəşəm Aslanovu, İsmixan Bayramovu, Zülfü Hacıyevi, Talıb Musayevi, Zərbalı müəllimi, Tapdıq və Əhliman Əmiraslanovları, Ələkbər və  oğlu Ələddin Həsənliləri,  Zəki İslamı, Eldar İsmayılı, Alqayıtı... nəhayət, 20 Yanvardan bu yana dillər əzbərinə çevrilən şəhid-şair tələbə Ülvi Bünyadzadəsi... doğulmuşdu.

45 illik ömrün akkordları , 
Yaxud Əli Qurban Dastançının yaddaşından
...Valeh Salehoğlu da atasının sənət yolunun davamçısı ola bilərdi. Zaman, dövr dəyişdi. Onun gənclik illərində saz,  ümumiyyəylə, aşıqlıq sənəti bir qədər arxa plana keçirdi. Bu, o vaxtlar idi ki, Avropa özünün “mədəniyyət və incəsənət”ini zorla dünya xalqlarına sırıyır, milli hissləri məhv etdiyi kimi, musiqimizi, o cümlədən sazımızı məclislərdən, konsert salonlarından çıxışdırırdı. Valeh Salehoğlu da atasının  yadigar sənətini yaşatmaq üçün nəyi bacarırdısa, onu edirdi. Artıq yaxın-uzaq ərazidə, Gəncəbasarda o,  sazifaçısı kimi tanınır, eyni zamanda müğənnilik edir, el şənliklərində şirin avazı ilə musiqisevərlərin qəlbinə yol açırdı. Bu, o zamanlar idi ki, Valeh  45 illik ömrünü başa vuran atasının yerində, ailənin böyük oğlu kimi daha çox məsuliyyət altında idi: işləməli, böyük külfət olan ailəni dolandırmalı idi. Ona
görə də sənətdən istəmədiyi halda yavaş-yavaş uzaq düşdü. Bir çox gənclərimiz kimi, o da dolanışıq ardınca ev-eşikdən, doğmalardan, anasından, bacılarından, balalarından uzaq düşüb Rusiyaya işləməyə yollandı. Həyatı yollarda –nəhəng yük maşınında keçən Valeh Həsənovun fitri istedadı bununla da sanki küsdü. Sənət də elədir ki, ona can yandırmasan, səndən elə inciyib-küsür ki,  bir də ona özünü sevdirə bilmirsən. Sənəti sükan arxasında yollarda yorğun halına dəyişən Valehin qəlbi daim dolub-daşır, ara-sıra klassik aşıq ədəbiyyatı nümunələri yaradırdı. Özü demişkən, yuxulayıb yollarda qalanda həmdəmi yanında gəzdirdiyi cib dəftərçəsi və bir də “cızma-qara” elədiyi şeirləri olurdu...
Aradan illər keçdi. Taleh hərəmizi bir tərəfə tulladı. Valeh uzaq Sibirdən, Kamçatkadan... haralardan belə dolaşdı, öz ağırtonnajlı yük maşını ilə. Lakin, qanda, canda varsa, Tanrı payıdırsa, o heç vaxt səni tərk eləmir. Valeh Salehoğlunun da fitrətdən gələn istedadı, şairliyi aşıqlığını üstələdi. Sazla söz sinəsində bir məşəl kimi alışdı. Ocağa çevrildi - söz tonqalı çatıldı sinəsində. Sən demə, atasının vaxtilə it-bata salınan şeiriyyətinin bir hissəsi də onun sinəsinə yazılırmış uşaqlıqdan. Bax bu idi Tanrı gergisi: özünün  yazdıqlarından çox atasının şeirlərini əzbər bilirmiş. 
Bu günlərdə aldığım məlumatdan həm kövrəldim, həm də sevindim. Valeh Salehoğlunun “Ustad oğlu” kitabının çap olunması həyatımda baş verən  və yadda qalan hadisələrdən birinə çevrildi. Axı, bu günü mən illərdir ki, gözləyirdim. Bilirdim ki, Valeh ata yolunun davamçısı kimi, Tanrıdan verilən payı gələcək nəsillərə çatdıracaq. Kitabın ön sözündə müəllif yazır: “Atam Saleh Əhmədalı oğlu Həsənov 1930-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Bala Qaraqoyunlu kəndində anadan olmuşdur. Hələ uşaq yaşlarından aşıqlıq sənətinə marağı olan atam kiçik taxta parçası üzərinə sim çəkərək, sinəsinə basaraq çalıb-oxuyurmuş. Bunu görən babam Əhmədalı kişi qohumu, Aşıq Ələsgərin oğlu Aşıq Talıbın yanına getmiş və oğlunu şəyird götürmək üçün ondan xahiş etmişdir.
Eşitdiyimə görə, atamın elmə çox böyük marağı var imiş. O zaman yaxşı oxuduğuna görə, onu 5-ci sinifdən birbaşa  7-ci sinfə keçiriblərmiş. Atam elmin arxasınca getməsə də, onun iti fəhmi, elmə bələdçiliyi şeirlərindən də aydın olunur...”

Aşıq Əsədin Salehlə tanışlığı 
Valeh yazır ki, atam Aşıq Saleh Göyçədə aşıqlıq sənətini mükəmməl mənimsəmiş, o zamanların məşhur, sayılan-seçilən aşıqlarından Talıb, Nəcəf, Musa, Əsəd, Murad Niyazlı və başqaları ilə yoldaşlıq etmişdir: “...Balabançılardan Hümmət və Elxan Məmmədovlar, Behbud, Bərxudar, Gürzalı, Məşədi, Kərəm Əliyev, Cəmil Məmmədov atamla həmişə təmasda olmuşdular. Məşədi əmimin dediyinə görə, atam Aşıq Əsədlə Gəncədə tanış olmuşdu. Belə ki, bir böyük məclisdə Aşıq Əsəd çalıb-oxuyurmuş. Orada atam da iştirak edirmiş. Atam oxuyanda çox güclü alqışlarla qarşılanır.Aşıq Əsəd onun haradan olduğunu soruşur. Biləndə ki o, Göyçənin Bala Qaraqoyunlu kəndindəndir, “İlana  balası qənim olar,”-deyərək atamı öpür və o vaxtdan dostluq-yoldaşlıq edirlər...”
Yeri gəlmişkən, Aşıq Əsəd də Göyçənin Böyük Qaraqoyunlu kəndində anadan olmuşdu. 
1948-ci ildə ermənilərin (əslində, haylar-M.N.) növbəti təcavüzü nəticəsində öz doğma ocağını tərk etmiş minlərlə həmvətənimiz kimi, Aşıq Salehgilin də ailəsi oradan perik düşərək, Tovuzun Aşağı Ayıblı kəndində müvəqqəti məskunlaşır. 1949-cu ildə Gəncənin yaxınlığındakı Kolayır kəndinə köçürlər. Bir ildən sonra yenidən Göyçəyə qayıdırlar. Yolda Salehin atası Ələmşah kişi dünyasını dəyişir. 1952-ci ildə onlar yenidən Azərbaycana qayıtmalı olurlar. Bu dəfə onlar Goranboy rayonunun Qızılhacılı kəndində məskən salırlar. 
Hər şeyi sıfırdan başlamalı olan gənc Saleh çətinliklərlə üzləşsə də, qısa  vaxtda el arasında hörmət qazanır.
Aşıq Salehin əmiləri  Kəlbəcərdə yaşadıqlarından, ora tez-tez gedərdi. Əslində, Kəlbəcərə gedib Aşıq Şəmşiri görməmək mümkün deyildi. Aşıq Saleh də həmçinin, yolu Kəlbəcərə düşəndə deyirmiş: “Gedim bir Şəmşir əmini ziyarət edib gəlim”.
Bu o vaxtlar idi ki, artıq Valeh də atası ilə Kəlbəcərə, əslində, ana yirduna, həm də Aşıq Şəmşirin ziyarətinə  gedirdi.  Valeh Salehoğlu xatirələrində yazır: “Hafizədə, iti düşüncədə, qonaqpərvərlikdə tək olan Dədə Şəmşiri bugünkü kimi xatırlayıram. Onun səsi çox zil idi. Ən çox xoşladığım isə sazın “beçə pərdə”sində “qoşa zəngulə”lərlə oxuduğu “Şəmşiri gözəlləməsi” idi.

“Dedim-dedi” – ustadların  klassik yolu 
Atam 1960-cı ildən indiki Goranboy (o zamanlar Qasım İsmayılov adlanırdı) Rayon Mədəniyyət Evində müxtəlif vəzifələrdə çalışmışdı. Onun çox güclü firti istedadı var idi: aşıqlıqla yanaşı, dülgərlik, dərzilik, sazbəndlik, çilingərlik, mühərrik ustalığı əlindən gələn və bacardığı sənətlərdən idi. Və deyim ki, hamısı ilə də məşğul olardı. Həmişə  arzulayardı ki, uşaqlarının yeddisi də  (ailədə iki oğlan, beş qız olublar-M.N.) ali təhsil alsın. Çox təssüf ki, o, bu günü görə bilmədi. 1975-ci il, sentyabrın 21-də atam səhər yuxudan ayılmadı...”
Bəli, o, “yatıb-yuxuda qaldı”. Belə amansız ölümlər çoxlarını aramızdan aparıb. Deyirlər ki, bu, ürəklə bağlı, gizli infarktın sonudur. Anam isə şeir dediyi yerdə ürəyi dayanmışdı. Yuxuya gedən kimi olmuşdu.
Bəli, Aşıq Saleh, oğlu Valeh yazdığı kimi, yaşadığı qısa ömür ərzində çox şeyə nail olmuşdu. Azərbaycan aşıqları arasında keçirilmiş müsabiqələrdə dəfələrlə medal, diplom və fəxri-fərmanlarla təltif edilmişdi. O, tez-tez Azərbaycan televiziyası və radiosunda çıxış edirdi.
Aşıq Saleh aşıqlıq sənətinin kamil bilicilərindən sayılırdı. O, tez-tez azman sayılan sənətkarlarla, dastanlarda deyildiyi kimi, döş-döşə gəlmiş və həmişə də qalib sayılmışdır. 
Aşıq Saleh yaradıcılardan hesab edilirdi. O, yalnız ifa etmir, hər də ürəyəyatan, eyni zamanda, klassik aşıq şeirlərindən olan divanidən başlamış müxəmməsədək çoxsaylı şeirlər müəllifi  kimi də tanınırdı. Yaradıcı şəxsiyyətlər, elm-sənət xadimləri Aşıq Salehi öz sıralarında görür və daima onun sənətkarlığı ilə qürur duyurdular. Məmməd Aslan, Hüseyn Arif, Tofiq Bayram, Daşqın Məzahir, Əli Qurban Dastançı, İsmayıl Mahir, Aşıq Sirac, Bisavat Teymur, Aşıq İmran Həsənov, Əkbər Cəfərov, Aşıq Hüsyn Cavan, Aşıq Mayis Gəncəli, Göyçəli Aşıq Hacı, Fətullah, Haqverdi Talıboğlu, şair İsmixan, Bəhmən Vətənoğlu, Aşıq Pənah, Aşıq Nabat, Aşıq Xudat, Qəmkeş Allahverdi, Qardaşxan, Xalıqverdi Həmidoğlu, Musa, Şükür, Xamoy, Nəsrəddin, Rəfael, Ələkbər və Ələsgər qardaşları, Növrəs İmanın bacısı oğlu, professor İslam Ələsgərov, Həbib Səmədbəyli kimi tanınmış el sənətkarları, elm adamları, sayılıb-seçilən ziyalılar ustad Saleh Həsənovun yaxın dostları olublar.

...Atılıbdı daşım mənim
Aşıq Salehin, yuxarıda qeyd etdiyimiz kimi, ömrü qısa, lakin şərəfli, örnək olub. Valeh Salehoğlu da bunu təəssüf  hissi ilə öz kitabında qeyd edir. O,  göstərir ki, atası rəhmətə gedəndə Macarstanın Budapeşt şəhərində hərbi xidmətdə olub: “...Ən dəhşətlisi budur ki, məni narahat etməmək məqsədi ilə bu faciəni mənə bildirməmişdilər. Həyatımın elə bir anı olmur ki, bu, mənim yadımdan çıxsın...”
Valeh Salehoğlunun “Ustad oğlu” kitabında atasının da şeirlərindən verilməsi təkcə ata-oğul münasibəti deyil, həm də övaldın ataya oğulluq borcu ilə yanaşı, xalqımıza məxsus incilərin qorunub-saxlanması baxımından  bu, olduqca təqdirəlayiqdir.
Gəlin ustadın  həmin kitabda dərc edilən şeirlərindən “Ayrı”gəraylısına qonaq olaq:

Tifil ikən ah-vay çəkən,
Mənəm düşən eldən ayrı.
Qara gözlü, gülərüzlü,
Şirin-şirin dildən ayrı.

Bəlalıdı başım mənim,
Atılıbdı daşım mənim.
Gözdən axır yaşım mənim,
Üzüm durmur seldən ayrı.

Saleh deyər, çeşmi-xumar,
Yaralarım eylər qabar.
Gecə-gündüz ağlar, sızlar,
Sona düşsə göldən ayrı.

Aşıq-şairin “Yalvar”  rədifli gəraylısı isə sanki ulu bir dastandan götürülüb.  “Dedim-dedi” formalı şeirləri biz nəsil ancaq dastanlardan oxuyardıq:

Dedim: -Gözəl, həmdəm olaq,
Dedi: -Aşıq, saza yalvar.
Dedim: -Birgə deyək-gülək,
Dedi: -Söhbət-sözə yalvar.

Dedim: -Nazlı yarım olsun,
Dedi: -İşin, karın olsun.
Dedim: -Çoxlu varım olsun,
Dedi: -Onda aza yalvar.

Dedim: -Pərim, mürvətə gəl,
Dedi: -Saleh, yola düzəl.
Dedim: -Məndən çəkməynən əl,
Dedi: -Qəmzə-naza yalvar.

“...Atamın yaradıcılığı müəmmalı şəkildə yoxa çıxmışdır. Onun müxtəlif  janrlarda olmaqla, minə yaxın şeiri, bir neçə dastanı var idi. Yadımdadır, “Kommunist” qəzetində şəkli ilə yanaşı, “Kamran və Sevda” dastanından bir parça verilmişdi. Aşıq Alı, Aşıq Ələsgər, Növrəs İman, Xəstə Qasım və bir çox başqa aşıq və şairlərin yaradıcılıqlarının külliyyatı da atamda  var idi.
Atamın gözləri ala olduğundan, aşıqlar öz arasında ona “Göygöz alim” deyərdilər. Atam Mədəni-Maarif Texnikumunu bitirmişdi. Onun çox gözəl səhnə mədəniyyəti, danışıq qabiliyyəti var idi. İstənilən bir nağıl və ya dastanı ifa edəndə adama elə gəlirdi ki, danışığa qulaq asmırsan, sanki  hansısa tamaşaya baxırsan...”
Dəfələrlə atasının iştirak etdiyi toylarda və konsertlərdə olan Valeh Salehoğlu ona göstərilən xüsusi hörmət və qayğını da unutmur...
Aşığın qəfil ölümü onun saz-söz xiridarı olan şair və aşıqları yamanca sarsıtmışdır. Onlar bununla bağlı özlərinin qəm-qüssələrini şeirlərində də göstərmişdilər. 

XATİRƏlər dil açanda...
Mərhum xalq şairimiz Tofiq Bayramla ailə dostu idilər. 1976-cı ilin yazında Tofiq Bayram məşhur “Zaparoje”si  ilə oğlu Cahangiri  və Valehi Bakıda gəzməyə çıxarır. Şair dostu, aşıq Saleh Göyçəlinin səsi yazılmış kasseti maqnitafona qoyub dinləyir və kövrək halda deyir:
-Salehdəki, ay Valeh, Koroğlu səsi idi. Heyf ki, amansız əcəl onu tez yaxaladı. O, yalnız aşıq deyildi, həm də ustad idi, yaradıcı aşıqlar belə olurlar. Atanın neçə-neçə bəstələdiyi saz havaları olub, xəbərin varmı?!”
Valeh yazır: ”Əcəl atama nəyə qadir olduğunu tam şəkildə göstərməyə imkan vermədi. Onun saz çalması da tamamilə fərqli idi. 1984-cü ildə Bakıda keçirilən “Yaz bayramı-saz bayramı” günlərində (7-9 mart tarixində) Aşıq Ədalət Nəsibov mənə dedi ki, sənət aləmində istər ifaçılıqda, istərsə də saz çalmaqda ehtiyat etdiyim sənətkar atan Aşıq Saleh Göyçəli olub, bunu unutma, oğlum...” 
Aşıq Salehin vaxtsız ölümündən sonra ailə  başçısını itirdi, vəziyyət xeyli ağırlaşdı. Həyat yoldaşı Ayna Məmməd qızı yeddi uşaqla köməksiz qaldı. Valeh Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun Energetika, böyük bacısı Zemfira APİ-nin Filologiya, Şərif isə İnşaat Mühəndisləri İnstitutunda oxuyurdular.  Esmira, Şöhlə, İradə və Natəvan isə hələ azyaşlı idilər. Onların taleyi yalnız  ailənin başçısı kimi bütün ağırlıqları öz çiyinlərinə qaldırmağa məcbur qalan Ayna xalamın gecə-gündüz çalışmasına bağlı idi.
Vaxt, zaman keçdi... Təəssüf ki, ustadlarla adı bir çəkilən Aşıq Salehin yaradıcılığı Bakıda kimlərinsə nəfsinin qurbanına çevrildi. Yaxın-uzaq qohumlara səs-soraq salınsa da, gördüm-bildim deyən tapılmadı. Guya ki, onları nəşriyyata verib çap etdirəcəkdilər. Bunda, əlbəttə, ailənin, uşaqların günahı yox idi. Beləcə, Aşıq Saleh Göyçəlinin səsi, havacatları yazılmış lentlər də yoxa çıxdı,  şeirləri, bir sözlə, külliyyatı da.
Valeh Salehoğlu qərib ellərdən döndükdən sonra atasının yaradıcılığının tamamilə it-bata düşməməsi üçün  özünün və onun sənət dostlarının hafizəsində qalan, dillər əzbəri və sinələrdə saxlanan şeirlərinin heç olmasa, bir qismini bərpa etmək qərarına gəldi.
Öziz oxucular, bu kitab xeyli vaxt çapdan buraxılsa da, onunla mən hələ qiyabi tanışam. Güman edirəm ki, kitabda bir-birindən dəyərli şeirlər onu oxuyanlarda Aşıq Salehin  və oğlu şair Valehin nəyə qadir, hansı qabiliyyətin sahibi olmasını duyacaq. Valeh Salehoğlu kitabın ön söz yerində oxuculara müraciətində  fikrini nəzmə çəkərək yazır:

“Bir xahişim vardır, əziz oxucu,
Oxu bu kitabı, baxma gözucu.
Dahilər ruhundan izn almışam,
Ağlım kəsən sözə qələm çalmışam.

“Göygöz alim”-deyə  səsləyərdilər,
Ona yüksək hörmət bəsləyərdilər.
Sözdə ilişənlər onu gəzərdi,
Dost yolunda hər cəfaya dözərdi.

Can o can deyil, qan həmin qandır,
Yəqin ki, hər işim Ona əyandır.
Neçə ki nəfəsim vardır canımda,
Əziz ruhu dolanacaq yanımda.

Ata nəfəsinə tamarzı qaldım,
Oğlumla, nəvəmlə təsəlli aldım.
Od-alov içində yananda  bağrım,
Nəvəmi öpürəm, azalır ağrım.

Yalnız bir yol gəlir həyata hər kəs,
Birinin yerini o biri verməz.
Yaman çəkir məni bu ata yolu,
Gözlərim bol sulu, sinəmsə dolu...”

... Həəə, burada barmaqlarım daşa donur, yaza bilmirəm. Hiss edirəm ki, Valeh də bu məqamda bu şeiri yazarkən eynən mənim kimi – bahar buluduna dönüb. Misralarından göz yaşı damır, sinəsi də islanır, yazdıqları da. Necə də vaxtilə düz yazmışam “Ata yolu” məqaləmi. Bu fəhm idi, mən hələ ilk məqaləmi yazırdım. Düşünməzdim ki, doğrudan da Valeh mən istədiyim kimi,  sevilən-sayılan, arxasınca göz yaşı axıdılan (bu gün də) atasının sənətini yaşadacaq. Bunu arzulamışdım. Hələ o vaxtlar Valeh şeir yazmırdı, sadəcə, atasından saz-söz öyrənirdi, həm də gizlicə. Ustad uşaqların oxuyub bir yana çıxmasını, elmli olmasını istəyirdi. Ziyalılığı ilə onlara müəllimlik edirdi. Axı, oturub-durduğu respublikanın tanınmış, sayılıb-seçilən ziyalıları, saz-söz urvatını bayraq kimi ucaldanlar idi. Belə atadan ancaq Valeh kimi oğul törəməli idi. İlk məqaləmdə də bunu arzulamış və gözləmişdim.

Bir mahnısı adlanırdı “Salehi”...
Valeh Salehoğlu da atası kimi, sözün və sazın urvatını mənəviyyatı qədər qoruyan oğul oldu. Oğullar var ki, atasının, babasının qazandıqları ilə tanınır, deyirlər ki, filankəsin oğludu, ya da filan yerdəndir. Amma Valeh və Saleh kimi oğullar atalarından öndə olsalar da, ata yoluna sadiq, baba irsinə sədaqətliliyi ilə tanınırlar.
Valeh Salehoğlu qəlbinin ata niskilini bir çox şeirlərində desə də, mənə ön sözdəki təqdimatda olanlar daha isti, odlu, duyğulu, hissli gəldi. Bayaqkı şeirinin ardını oxuyaq:

Dəftərim sinəmdir, qələmim qəlbim,
Yazıb saxlamışam gələndə təbim.
Nakam getmiş ata dərdidi dərdim,
Özümü  sınayıb, gücümü  gərdim.

Dedim xatirinə bir kitab yazım,
Dünyadan izsiz getmək nə lazım?!
Atamı təsəvvür etdirim sənə,
Dağ tək bax atama, daş kimi mənə.

Yazdığı əsərlər ələ gəlmədi,
Yadımızda qalan beş-on kəlmədi.
Ələsgər, İmandan dərsin almışdı,
Talıbın, Şəmşirin sazın çalmışdı.

Koroğlu cüssəli, Əsəd nəfəsli,
Havacatı şirin, gur, şaqraq səsli.
Bəstəkarı idi neçə havanın,
Birinin sözləri Hüseyn Cavanın.

Bir mahnısı adlanırdı “Salehi”,
Heyf, yarıyolda yatdı talehi.

Arzular yarımçıq, ürək dayandı,
Ağlaşma səsinə mahal oyandı.

Matəmə qoşuldu, yer-göy ağladı,
Bu gediş çoxunun qəlbin dağladı.
Susdu bir bülbülün nəğməli səsi,
Kəfənə büküldü dolu sinəsi.

...Atalarımıza allah rəhmət eləsin, müdrik deyimləri hər dar macalda karımıza çatır. Bir deyim də var: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Odur ki, Aşıq Saleh Göyçəlinin  bir  təcnisini də birlikdə oxuyaq:

Hər Məcnun aşiqin bir Leylisi var,
Sən də ki, sevirsən çal vaxtı gülü.
Əzəldən sərində eşq havası var,
Nadanlar da sənə çal vaxtı gülü.

Kimə and içmişdin, ay andı gördü,
Çoxdu əməllərin, a, yandı, gördü.
Bağın bağbanı var, ayandı, gördü,
Üzmək istəyirsən çal vaxtı gülü.

Gördünmü oğlanı, tellidi, sazdı,
Onu yetişdirən Tellidi, sazdı.
Nə gözəl sədəfli, tellidi - sazdı,
Saleh, al sinənə çal, vaxtdı, gülü.

Ustadın yaradıcılığında təcnisin xüsusi yeri olub. Yadda-yaddaşda qalanların  arasında bugünümüzə gəlib çatanlar göstərir ki, aşıq Dədə Ələsgər nəslinə layiq davamçılardan olub. Bir dodaqdəyməz təcnisini də oxusaq, fikrimizdə yanılmadığımızı deyə bilərik:

Tale, inciyirsən, nə yan çəkirsən,
Yaralı sinələr nə dağındadı?!

Ya Şirin, ya Leyli, ya da Züleyxa,
Hicran yatağında, nə dağındadı?!

Nə cəzalar çəkdi ya Şirin, Leyli,
Ağlar didələrin yaş, irin, Leyli.
Aşiqin ləzzəti ya şirin Leyli,
Lalə yanağında, nə dağındadı.

Çağır hicranlılar a carı gəlsin,
Çağlayan sel təki - Acarı gəlsin.
Çiçəksiz nə gərək ac arı gəlsin,
Saleh səni sansın nə dağındadı.

Aşıq Salehin öz ifasında mən də vaxtilə bu təcnisi dinləmişəm.  Yaxşı xatirimdədir. Uşağın yadından heç nə silinməz,-deyiblər, doğrudur. Dikyurd yaylağında (Kəlbəcərdə) yay ayları idi. Heydər dayının oğlu  şair Sabir Mikayılın ( ömrünün sonlarında Həcc ziyarətində oldu, hacı Sabir kimi tanındı. Kəlbəcərin  Dikyurd zastavasının komandiri idi, Allah rəhmət  eləsin. İlk-son “Nə mən doydum, nə sən, DAĞLAR” kitabını da mən nəşr etdirdim) toyu idi. Toya Aşıq Saleh dəvət edilmişdi. 

Yay ola, alaçıq ola,  bir də Aşıq Salehin çaqraq səsi...
 Kim doyar ki?! Qəfildən bir atlı toy mağarının qapısından içəri girdi. At elə kişnədi ki... Aşıq Saleh məclisin ortasında  saz qoltuğunda təcnisi oxuyub izah edirdi. Atlı da göyçəli idi: Qaraqoyunludan Aşıq Cahat! Hər iki el sənətkarı sazı sinəsinə basdı. Deyəsən, məclis Aşıq Salehin ifasına hayıl-mayıl idi. Ona  görə də Nizami Novruz oğlu Abbasov (o, uşaq polisi idi, həm də bədən tərbiyəsi müəllimi, xatirini bütün kəlbəcərlilər istəyirdi, qabağından yeyən deyildi-M.N.) mağarın ortasında dayanıb dedi:
-Aşıq Saleh, siz məclisin  bu hissəsində oxuyun, qapıdan girənlər  bizlik deyil! Yəni onun xatirinə dəymişdi ki, niyə atla mağara girilib! O, bunu məclisə  və Aşıq Salehə həqarət hesab edirdi. Birtəhər sakitləşdirdilər ki, hər iki aşıq göyçəlidir. Aşıq Cahat ustaddan üzr istəyib, sazları qoşalaşdırsalar da, Aşıq Salehin başından pulu elə səpirdilər ki...
Bax o günlər Aşıq Salehin nəyə qadir olduğunu mən də canlı görürdüm. Bu günə qədər də ustadın qısa ömründə qazandıqları barədə  ədəbi ictimaiyyətdə yetərincə söz açılmaması mənə çox ağır gəlir. Axı, iki kəlməni dalbadal deyə bilməyən istedadsızlara  neçə-neçə fəxri adlar verilir, tərifləri “ala-buluddan gəlir”. Təəssüf ki, Aşıq Salehin yaradıcılığı barədə tutarlı bir iş  görülməyib nə Aşıqlar Birliyi, nə də Goranboy rayon Mədəniyyət  Şöbəsi, nə də Mədəniyyət Nazirliyi səviyyəsində. Məgər arxivlər bu qədərmi məhv edilib? Azərbaycan Televiziyası və Radiosunun da Səsyazma arxivində və fondunda Aşıq Salehin lent yazılarının qalmaması mümkün  deyil. 
Hər ilin sentyabr ayının 21-də radionun efirindən onun səsini eşitmək istəyimiz ümid kimi  cücərsə də, boy vermədi, xəzana düşdü. Ömrü də taleyi kimi xəzana düşən Aşıq Salehin yurdunda nə  yaxşı ki, Valeh adlı bir oğul boy verdi, çinar kimi ucaldı, meyvə verdi. Valeh oğlu Söhrabla atasının adını şərəflə daşıyan Salehlə yalnız oğul yox, həm də Aşıq Salehin qaladığı ocağın odunu sönməyə qoymadılar. Hər ikisi də saza-sözə könül verməklə yanaşı,  həm də Vətənin keşiyindədir,  hərbi geyimdə, silah çiynində, Allah qorusun. Düşmənlə üz-üzə dayanan qardaşlar  çünki sazın laylasında, atalarının isə vətənpərvər ruhundan qidalanıblar! 
Valeh Salehoğlunun da, atası kimi, klassik aşıq ədəbiyyatının həm bilicisi, həm təbliğatçısı, həm də yaradıcısı olduğu könül dəftəri “Ustad oğlu” kitabına çevrildikdən sonra təsdiqləndi. Buna min şükür, ata yolunda (əlbəttə, vətənpərvərliklə dolu) şərəflə  irəliləyən Valehin bir müxəmməsinə də nəzər salaq:

Yoxsul idi, kasıb idi,
Amma ürəkliydi dayım.
Olanın peşkəş edirdi,
Duzlu-çörəkliydi dayım.

Dağı dağ üstə qoyardı,
Polad biləkliydi dayım.
Çinarboylu, ucasəsli,
Enlikürəkliydi dayım.

Qıy vuranda göy titrərdi,
Koroğlu təkiydi dayım.
Yayda alaçıq qurardı
Buz bulaqlı yaylaqlarda.

Qışı dolanıb gəzərdi
Xoşladığı oylaqlarda.
Kişi kimi tanınırdı
Obalarda, oymaqlarda.

Gecikməzdi xeyir-şərə,
Elə gərəkliydi dayım.
Salehoğlu hörmət ilə 
Xatirini yad eləyir.

Şəninə bu şeiri yazır,
Əziz ruhun şad eləyir.
Daha kimsəsi qalmadı,
Əzrayıldan dad eləyir.

Yaxşı kişi süfrə açır,
Çörək verir, ad eləyir.
Qazandığın yığsa idi,
Qızıldirəkliydi dayım.

Hə, əziz oxucu, dastanlar da ustadnamə ilə açılar, müxəmməslə bitər. Mən də bu yazını sanki Aşıq Saleh Göyçəlinin və onun yolunun davamçısı Valeh Salehoğlunun ədəbi ömrünə həsr edilən bir dastan adlandırardım: “Ata-oğul” dastanı. Tanrı ata-oğulları qorusun. Ədəbi yolda da oğul ata izinin “ot basmaması”  kimi bir mənəvi borcun daşıyıcısıdır. Bu yolda xalam oğlu Valehə cansağlığı, yaradıcılıq uğurlarının davamını diləyirəm. 
Bu da vədə başı. Hər şeyin ilki-sonu olur. Yazının da sonuncu kəlməsi fikri bitirməlidir. 

Düşübdü könlümə Göyçə
Bilmədim ki, haradan necə başladım və sonuncu kəlməyə çatdım. Əslində, demək, yazmaq istədiklərimin mində biri deyil bu “dastan”.  Sizi yordum. Bu gün dastan vaxtı deyil. Hər kəs “əlüstü” əl telefonunda xəbər axtarır. Bilmək istəyir ki, görsün ulu Göyçəmizdən bu yana yanlar  nə atır! Atanlar yenə də kazaklardır, başıbatmış hayların adı beddamdı. Yenə də Allahverdi ilə İmamverdini üz-üzə qoyub şovinizm.  Nabat xalanın toyuqları day qonşu həyətində yumurtlamır. Çünki qonşu çəpəri yoxdu. Onu haylar tikanlı məftillə bağladılar, guya, “Laçın koridoru” açdılar... Amma bu, torpaq davası deyil. “Bu xəmir hələ çox su aparacaq”,- deyib atalarımız.
Göyçəmizdən sonra külli-Qarabağ, o cümlədən Kəlbəcər, xan Şuşa, laçınlarını sar vuran Laçınımız, ağ imarətli Ağdamımız, Füzuli kimi dərdi-sərimiz, dərdini danan Cəbrayıl, Laçını sağ qolu bilən, müqəddəslər diyarı Qubadlımız, Süsən meşələri düşmənin gözünə ox olan Zəngilanımız... Xocalısından perik düşən, harayları dünyanın qulaqlarını batıran xocalılıların müsibətləri dilimizi qabar elədi. Amma yenə də  dilimizin əzbəri Göyçəmiz göynək yaramız kimi yandırdı-yaxdı bizi. Bax belə...

Göyüm-göyüm göynəyirəm
Düşübdü könlümə Göyçə.
Özgə bir yurd neynəyirəm, 
Yuxuma gəlib bu gecə, 
Düşübdü könlümə Göyçə.

Yaralıyıq ikimiz də, 
İmkan yoxdu əlimizdə. 
Gətirmişik gözümüzdə, 
Ağlaşırıq biz gizlicə, 
Düşübdü könlümə Göyçə.

Əsir qalıb Göyçə gölü, 
Sazımdakı "Göyçəgülü". 
Bir haraylı, bir ah-ünlü,
Sızlayıram mən görüncə, 

Düşübdü könlümə Göyçə.
Nağıldımı, dastandımı?
Unutmaq heç asandımı?
Bu möhnətdən usandımmı,

Dözəmmərəm mən gedincə,
Könlümə düşübdü Göyçə.
Dağılıbdı neçə dəfə, 
Alandan yağı hədəfə.

Orda dığa baxır kefə,
Burda halımız gör necə,
Düşübdü könlümə Göyçə.
Məhəmmədi dərdinə tuş,

Ömür qısa, yollar yoxuş.
Budur sinəmizdə naxış,
Çox da müqəddəsdi Gəncə,
Düşübdü könlümə Göyçə.

Uzaq düşüb qohum-qardaş, həm bacı,
Yox ocağım, üstə isti bir sacı

P.S.: Burada sonuncu nöqtəni qoymaq istəyirdim. Lakin əlavəni etməyə bilməzdim, əziz oxucu. Mənim xəbərim olmayıb ki, kitabın müəllifi mənə də bir qoşma qoşubmuş. Kitabdan foto kimi köçürülən səhifələrin birindən bu şeirə də rast  gəldim. Hələ xalam oğlu bilmir ki, mən  “açıb sandığı, tökürəm pambığı”. Təki sandıqlarımız açılsın və belə dəyərli qələm-söz, saz adamlarımızı tanıyaq. Onlar ədəbi aləmin qənimətləridir. Nə aşıqlığa iddialıdır, nə də,  elə kitabının ön sözündə-öz sözündə yazdığı kimi, şairliyə. Lakin Tanrıdan verilən pay şirinli-acılı olur, hər meyvənin bir tamı olan kimi.
Mən xalam oğlu Valehə bundan sonra da yaradıcılıq uğurları diləyirəm. Nə xoş mənə ki, onun 65 illik yubileyinə bu səmimi ürək sözlərimi yazmaq üçün Tanrımız güc-qüvvə, qələmimə söz, qəlbimə köz verdi.  Qurban olum sözü verənə də, yazana da, sevib-sevdirənlərə də. Ustad aşıq-şairimiz  Saleh Göyçəliyə Allahdan rəhmət diləyərəm və Valehin mənə ünvanlı qoşması ilə sizinlə də sağollaşıram, istəkli oxucularımız. Siyasi rəngdən uzaq, bədiyyatda qüvvəli olmasa da, bu məqaləni oxumağınızı çox istərdim, həm də lap çox... Sağlıqla qalın...

Ürəyim istəyir sizləri görüm,
Yaman darıxmışam, ay xalam oğlu.
O gözəgörünməz eyləsin kərəm,
Olsun hər mahalda toy, xalam oğlu.

Uşaqlı-böyüklü bir yığışaq biz,
Dağılsın dağlara bu dəm dərdimiz.
Ağır qonaqlıqdan ataq nərdimiz,
Bardaş quraq içək çay, xalamoğlu.

Bizlərdə yerlər var, ölüb-qalmalı,
Uşaqlar sazlasın şişi, manqalı.
Kəsək bir kök əmlik, çataq  tonqalı,
Quzunu  sən özün soy, xalam oğlu.

Köz düşsün, kabablar bir-bir düzülsün,
Ağızlar sulansın, amma, dözülsün.
Xub, bişsin, axır ki, şişdən üzülsün,
Ye, halal xoşundu, doy, xalam oğlu.

Salehoğlu, ömrə inam çox azdı,
Yaşın payız  fəsli, qəlbimdə yazdı.
Məclisin bəzəyi şeirdi, sazdı,
Yoxdu bundan gözəl pay, xalam oğlu.

De gəl bu şeiri cavabsız qoy görüm bacararsan? Saz sinəmdə sızım-sızım sızıldadı. Valehdən aralı düşəndən dilimi qabar edən həsrətli misralar dodaqlarımda pıçıltıya çevrildi, barmaqlarım da kompyuterin klaviyaturasında sanki pianinonun şirmayi dillərində sazın “Şah pərdəsi”ndə olduğu kimi gəzişdi. Xəyalım  dolaşdı, duyğular yenə də dil açdı:

Bulaq dedin, qaysaq tutdu dodağım, 
Elə yandım, sinəm saca döndü ha!
Bahar çağı xəzan vurdu budağım, 
Çəkməliyəm, bu da ah-ündü, ha!!!

Soyundunmu göy çəməndə ayağın,                                              
Öpüşdümü lilpar ilə dodağın,      
Utandımı, qızardımı yanağın?       
Xəyallarım yenə dağa çöndü haaa!!!

Dişgöynədən bulaq küsüb yəqin ki,
Səhər mehi üstə əsib yəqin ki.
Yollarımı yağı elə kısib ki,
Duman basıb bərəni ha, bəndi ha!

Yazıq canım,  pörşələnir istidən,
Nursuz gözlər kor olubdu tüstüdən.
Yandı getdi dolu zəmim, üstü dən,
Çırağımız yaman yerdə söndü ha!!

Uzaq düşüb qohum-qardaş, həm bacı,
Yox ocağım, üstə isti bir sacı.
Məhəmmədin yox dərdinin əlacı,
İtirəndən doğulduğu kəndi haa!!!

Məhəmməd NƏRİMANOĞLU 
Dalidag.az





Kateqoriya: Kəlbəcər
Tarix: 26-09-2020 13:41
Baxış sayı: 41 418
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını