Sözün əsgəri, təbin, ilhamın qulu

24-08-2020 11:00
Əsl yazıçı, əsl qələm adamının taleyi: təmənnasız xidmət şərəfli və əbədidir. Sənə  bax belə əbədilik arzulayıram, Məhəmməd!

HAŞİYƏ:
Əziz dostlar!
Mənim yazı-pozularım haqqında ürəklə yazılanlar az olmayıb, boğazdan yuxarı, -“xala, xərin qalmasın” yazılanlar da. Amma onların arasında elə müəlliflər var ki, mənim haqqımda elə səmimi yazıblar ki... Belə müəlliflərdən biri və birincisi, illər uzunu bir  peşənin xidmətçiləri olduğum Kifayət Umudqızı idi! 
Yazılarımızı - məqalələrimizi hələ Kəlbəcərdə ikən bir-birimizə oxumuşduq, birlikdə ağlayıb-kirimişdik. Eyni redaksiyada çalışmışdıq. Amma fərqli cəhətlərimiz də var idi: o, məndən daha çox həssas və küsəyən-inciyən, bədbin, taleyindən küsgün... idi. Uşaq yaşlarından anasını, sonra isə atasını-el ağsaqqalını itirdikdən sonra dərd onu da... apardı. Ondan qalan yadigarlar isə bax beləcə ürəkgöynədən yazıları, bir də Azərbaycan Radiosundakı “Qərib axşamlar” verilişinin qalıbsa, lent yazıları... Başqa heç nə.
Kifayət Umudqızının “Qərib gecələrimin qonaqları” portret-oçerklərdən ibarət 2009-cu ildə buraxılan kitabında bir-birindən dəyərli ziyalılarımızın, el adamlarının, sənət-peşəsiylə xalqımızın sevimlisinə çevrilən vətənpərvərlərin arasında anam Güllər Məmmədqızının və mənim barəmdə də geniş bir yazı-oçerk olmasından qürur duyuram.
Bu kitabın haqqında indiyə kimi söz aça bilməməyimin isə ağrılı səbəbləri az deyil. İnşallah, “Ququ”muzun (uşaqlıqdan onu belə çağırardılar, doğmalar, qohum-əqrabalar) ilk və son kitabı haqqında nə isə yazacağımı düşünüb hələ ki ağlaya-ağlaya Onun mənim 50 illiyimə yazdığı məqaləsini köçürdürəm. Hissə-hissə oxumağınız və taleyi gətirməyən bir qələm dostumuzun istedadından xəbəriniz olsun deyə. 


Məhəmməd Nərimanoğlu


Dalidag.az mərhum jurnalist Kifayət Umudqızının həmkarı Məhəmməd Nərimanoğlu haqqında yazdığı məqaləni təqdim edir:
Jurnalistin yazıları, kitabları onun ən  qiymətli sərvətidir. Söz güvənc yeridir. Söz ən şirin, ən bahalı hədiyyəsidir. Jurnalist sözü çox yaraların, çox sınıq könüllərin məlhəmidir. Sirli-sehrli bir dünyadır. Əsl yazı-pozu adamının sözü qüdrətlidi. Günəş kimi işıqlı və ölümsüzdü. Sözünün dəyəri heç nə ilə ölçülmür.Qələmi çörək  ağacıdı. Balalarını sözündən aldığı halalca  haqqı ilə dolandırır. Özündən sonra da dünyada sözü, bir də söz varidatı olan kitabları, əsərləri qalır.
Ürəklərdə, könüllərdə, duyğularda söz xəzinəsini yaradan isə ulu Tanrının bəxş etdiyi  ilahi vergidi, ilham pərisidi,  təbii ki, bu, hər kəsə qismət olan  şey deyil.
Gənclik illərindən, Kəlbəcərdə - doğma elimizdə-obamızda olarkən tanıdığım,  yaradıcılığına, istedadına, insani xüsusiyyətlərinə yaxından bələd olduğum, anadan elə söz xiridarı kimi, təbli, ilhamlı doğulan jurnalist həmkarım Məhəmməd Nərimanoğlu da sözün əsgəri, təbinin, ilhamının qulu olan yazıçılardan biridir. Şair təbi də var. Hərdən lirik şeirlər də yazır. Ancaq özünü nə yazıçı, nə də şair hesab etmir. Deyir ki, ancaq Kəlbəcər dərdimi, Qarabağ göynərtimi, bütöv  Azərbaycan mövqeyimi qələmə  alıram, Vətən və xalq qarşısında insanlıq və vətəndaşlıq borcumu yerinə yetirirəm.
Mən Məhəmməd Nərimanoğlunun ünvanına yazıçı sözünü böyük fəxrlə, cəsarətlə, ürəklə işlədirəm. Şərt o deyil ki, qalın-qalın romanlar yazasan. M. Nərimanoğlunun hələ biz Kəlbəcərdə olarkən bircə şəhid haqqında yazdığı məqaləni mən bir kitab dəyərində hesab edir, bir şərəfli insan ömürünün tarixi bilirdim.
1984-cü ildən 1993-cü il mart ayının sonuna kimi Kəlbəcərdə çıxan ”Yenilik” rayon qəzetində şöbə müdiri işləmişəm. Məhəmməd Nərimanoğlu redaksiyaya məndən  sonra, 1987-ci ildə gəlsə də, həmişə qəzetlə əməkdaşlıq edirdi, maraqlı yazıları çap olunurdu. Bir gün sözün əsgəri olan bu gənc  söz səngərində  öz yerini tutdu. “Yenilik” rayon qəzetində işə korrektorluqdan başlayıb, məsul katibliyə qədər yüksəldi.
Az vaxtda oxucuların və rayon rəhbərliyinin diqqətini cəlb etdi.
Hər gün işə gələndə səhər-səhər redaksiyanın (təzə binada) qapısı qarşısında hamımız görüşüb xəbər-ətər tutduqdan sonra içəri, öz otağımğza keçirdik. Hər gün olmasa da, vaxtaşırı Məhəmməd mənə ”təzə yazım var, gəl oxuyum”,- deyən kimi sevinirdim. Bədii-publisist yazıları duyğularımı işıqlandırırdı. Yayın istisində susuzluqdan dili quruyan adama bir dolça bulaq suyu vermək nədisə, Məhəmmədin hələ qaralama vərəqlərində olan hekayələri, oçerkləri mənə onu əvəz edirdi. Özüm də ilhamlanırdım. Nəsə təzə bir söz, yeni bir yazı üslubu öyrənirdim.
Günlər, aylar, illər ötdü, Qarabağın başının üstünü çən–duman aldı. Erməni quldurları  nələr günahsız qanlar tökdü, bu hamıya məlumdur.
Məhəmməd Nərumanoğlunun şair dili, yazıçı ürəyi, vətənsevər qəlbi də “param-parça” oldu. Gecələr lampa işığında (1990-1993-cü illər) oturub Kəlbəcərin igid, qorxmaz,  döyüşlərə könüllü gedən şəhid oğullarının qəm dastanını  yazdı. İlk balaca şəhidləri olan 8 oğlanın ağlar qalan analarının qəlb didən ağrılarını qələmə aldı.
Hər gün işə gələndə nədənsə qızaran  gözlərini, yorğun üzünü hamıdan gizlətməyə çalışırdı. Ancaq mənə ərklə deyirdi: “Ququ”, (məni balaca vaxtdan  qohum–qonşu arasında belə çağırırdılar) gəl bir  eloğlumuzun da qəhrəmanlığı haqqında sənə “nağıl” danışım”- deyirdi.
Vərəqləri əlinə götürüb bir yanıqlı hekayət başlayırdı. Gözləri dolub-boşalırdı. Məni də qəhər boğurdu. Onsuz da kövrək olan ürəyim lap üzülürdü.
 “Axı, bu nə müharibədi? Bizim igid  oğullarımız niyə ömürlərinin bu çiçək  açan vaxtında belə nakam getsinlər, düşmən gülləsinin qurbanı olsunlar? Biz ermənilərə nə etmişik? Düşmənin ölümsaçan odlu güllələri Kəlbəcərin od ürəkli oğullarının ürəyində nə itirib, nə axtarır?” - Suallar çox, cavablar dərindən  dərin idi.   Yanıb tökülürdük.
Məhəmmədin şəhidlərimizin nakam talelərini vəsf edən sözünün sehri də məni lap göynədirdi. Fikirləşirdim ki, görəsən, hələ  şəhidlərin anaları, bacıları, gözləri yollarda qalan istəkli xanımları bu yazıları necə oxuya biləcəklər?
 “Səndə ürək qalmaz, göz qalmaz, ay Məhəmməd, hər yazın bir “İgidnamədi”, ay qardaş, asan deyil bunları qələmə almaq. Daha ürəyim tablaşmır. 30 ildir anamın həsrətini çəkirəm, indi də sənin yazıların! Day mənə oxuma yazılarını, o biri uşaqlara oxu”,- deyəndə görürdüm ki, incidi. Çünki o, bunu məndən  gözləmirdi.  
Bir dəfə dedi ki, hər kəs əbədi ayrılığı, ölümün gətirdiyi həsrəti duymur axı. Yazılarımı  evdə ilk dəfə anam Güllərə, həyat yoldaşım Gülbənizə, burada da sənə oxuyuram.
Düzünə qalsa, dediyim sözdən peşman oldum. Mən bilirdim ki, Məhəmməd həssas adamdı, duyğulu, düşüncəlidi. Təmiz insandı, vətəndaş jurnalistdi,  ona görə də, necə deyərlər, qələmini süngüyə çevirib.
Odur ki, könlünü alıb dedim:
-Sən Kəlbəcərin müharibə tarixini yazırsan, yaz, qoy qalsın. Kitab bağlasan,  gələcək nəsillərə də qalar. Əvvəlki tariximiz kimi itib-batmaz.

Taleh elə gətirdi ki...    
                                  
Məhəmməd Nərimanoğlu orda - Kəlbəcərdə yazdığı  həmin yazılar “Murovdağ” qəzetinin baş redaktoru Nizami Şabanoğlunun təşkilatçılığı ilə Bakıda  1994-cü ildə ”Dağların sinə dağı” adında kitabda cəmləşdirdi. Elimizin ulu ozanı Dədə Şəmşirin Ağdabandakı məzarını ziyarətdən sonra qələmə aldığım ”Zirvədə qalan ömür” adlı yazımı da həmin kitaba daxil etdi.
Mən də o zaman yazı stolu üçün iki ədəd elektirik lampası alıb Məhəmməd Nərimanoğlu ilə Nizami Şabanoğlunu təbrik etdim. Arzum bu oldu ki, işığın altında Kəlbəcərin xoş günlərindən yazsınlar. 
Ancaq o vaxtdan düz 14 il keçir. M. Nərimanoğlu hələ də qəriblik, qaçqınlıq, şəhidlik ağrılarından, eyni zamanda gənclərimizin mübarizlik hisslərindən yazır.
Hələ ki itirə-itirə qalmışıq. Qayğısız uşaqlıq və gənclik illərimiz, vətənli günlərimiz, atalı-analı çağlarımız dağların o üzündə, bizdən çox-çox uzaqda qalıb.
Məhəmməd Nərimanoğlu doğrudan da sözün  üstündə əsən, onun etibarlı əsgəri olan jurnalistdi. Hələ ki qəlbinin işığında yol gedir. Məhəmməd müəllim məhsuldar yazıçıdı. Hər gün nə yazırsa-yazsın, bir ucu Kəlbəcərlə bağlı olur. 12 bədii-publisist kitabı çap ounub. Bildiyimiz kimi, “Vətən səsi” qəzetində çalışır. Öz yazı üsulu, özünəməxsus dəst-xətti, sözün yaxşı mənasında hamıdan fərqli düşüncələri var. Öz sənətini  ürəkdən sevir.  Çörəyi sözündən, qələmindən çıxan zəhmətkeş jurnalistdi. Sənətinə, peşəsinə vurğunluq bu qaçqınlıq-məcburi köçkünlük illərində  çətin şəraitdə, ehtiyac içində olsa da, onu rahat buraxmadı ki, ”Yenilik” qəzetinin adı unudulsun. Odur ki, Məhəmməd müəllim öz vəsaiti hesabına Bakıda “Yenilik- press” qəzetini buraxdı. Onun səhifələrinə hələ ki, Kəlbəcər və kəlbəcərlilərin həsrət nəğməsini yazır. Vaxt gələr, yenə də “Yenilik” qəzetinin yaxasına Kəlbəcər şairlərinin söz  çələngini taxar.
Vaxtilə Kəlbəcər rayon “Yenilik” qəzeti redaksiyasında birgə işlədiyim iş yoldaşlarımdan Bakıda  məskunlaşanları ilə  tez-tez görüşürəm. Məhəmməd Nərimanoğlu ilə də həmçinin. Dəfələrlə evlərində qonaq olmuşam. Aradabir onu işlədiyim  Azərbaycan radiosuna müxtəlif verilişlərə dəvət edirik. Hər dəfə gələndə  mənə təzə yazdığı yazılardan  pay gətirir. Kimə müsahibə verirsə, jurnalist həmkarlarımdan eşidirəm, deyirlər ki, bu nə savadlı oğlandı. Onunla birbaşa efirə də çıxmaq olur.
Düzünü deyim ki, hansı həmyerlim haqqında belə xoş sözlər eşidirəmsə, sevinirəm, fəxr edirəm.
Allah rəhmət eləsin, Məhəmmədin anası Güllər xala da bizim radioda bir neçə dəfə qonaq olub. “Kəlbəcərə qayıtmamış ölmərəm”,- söyləyən Güllər ana ömür–gün yoldaşı Nəriman əmi kimi, bu sözləri yaman inamla deyirdi. Amma qəriblik dərdinə dözmədilər, dəyişdilər dünyalarını...

Məhəmməd müəllimin anasının xatirəsinə                                                                                                                                                                      
 “Orda açıb, burda solan bir güləm“ adlı bir kitab çap etdirib. Həmin kitabda mənim də Güllər xala ilə bağlı ürək sözlərim var.
Güllər xala yaşasaydı, 2007–ci il fevral ayının 18-də oğlu Məhəmmədin 50 illik yubileyində onu istəyənləri evində qəbul edər, qonaqlarını, həmişəki kimi, öz şeirləri ilə salamlayıb, oğlunun bu yaşında başda oturardı. Ana arzularını bildirərdi.
O gün Güllər xalanın da, Nəriman əminin də yeri çox görünürdü.      
Məhəmməd Nərimanoğlu atasının, anasının şəkli önündə cərgə ilə düzülmüş kitablarına baxıb dərin bir fikrə dalmışdı...  
Bu ara yan otaqda qonaqlar arasında (çox adam çağırmamışdılar) çalıb-oxuyan Aşıq Ədalət  Dəlidağlının qara sazından süzülüb gələn həzin havalar da bir tərəfdən bəlkə də ana laylasına, beşik nəğməsinə dönüb Məhəmmədin dağlarsız qalan ürəyinə, beyninə, iliyinə işləyirdi...
Hörmətli həmkarımın 50 illik yubileyinə Gülbəniz xanım tərəfdən dəvət olunduğum üçün çox sevindim. Xəstəhal və əliboş olsam da, getdim. Öz əl işim olan bir cüt naxışlı ip corab verdim ona. “Elə bil ki, ana-bacı payıdı”,-deməyim Məhəmmədi və qardaşı İbrahimi əməlli-başlı kövrəltdi. 
“Elə belə  də düşünürəm”,-deyə Məhəmməd müəllim corabları sinəsinə sıxıb, ata-anasının şəkli önünə düzülmüş  tər çiçəklərin üstünə qoydu və ürəyinin gizli mətləblərini telli sazın diliylə çatdırdı qonaqlarına. “Baş sarıtel”, “Göyçəgülü” gülləndikcə gülləndi. Balaları qol götürüb oynadı.  Təki evindən musiqi səsi əksik olmasın. 
Məhəmməd müəllimin həyat yoldaşı,  qohum-qonşu arasında hörmət və məhəbbət qazanan, əlləri min bir nemətli, evinin, ailəsinin qayğısını can-başla çəkən, yaxşı ata-ananın övladı, yaxşı ata-ananın gəlini olan, halal ocağında Sənan və Kənan adlı iki oğul böyüdən Gülbəniz xanım  o gecə hamıdan çox buyruq-qulluq etdi. Yəqin ki, elə hamıdan da çox o sevinirdi. Çünki, birgə yaşadıqları bu illər ərzində o, Məhəmməddən ancaq hörmət və sədaqət görüb. Qulağına xoş sözü gəlib. 
Yaradıcı insanın həyat yoldaşı olmaq da çətindi. İnsafən, Gülbəniz xanımın da Məhəmməd müəllimin uğurlu yaradıcılığında əməyi, zəhməti, xidməti çoxdur. 
Müxtəlif qəzet və jurnallarda Məhəmməd  Nərimanoğlunun adına, ünvanına onu tanıyan insanların təbrik məktubları çap olunur. Yubileyi münasibətilə şeir payı göndərənlər  də var. 
Məhəmməd Nərimanoğlu Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Arzumuz budur ki, yaxın vaxtlarda əməkdar jurnalist adını da alsın. 
Oxucularının, elə ailə üzvlərinin də Məhəmməd Nərimanoğludan gözlədiyi bir pay var: Kəlbəcərin və Qarabağın azad olunduğu gündən bəhs edən, Qələbə soraqlı məqalə, xəbər...
Məhəmməd Nərimanoğlu təkcə öz yazılarının çapına çalışmır. Yüzlərlə kəlbəcərlinin kitabının çapına kömək edib, əksəriyyətinin redaktoru olub, dəyərli ön söz yazıb. 
“Kəlbəcər dünyası: yüz şairin bir kitabı” (iki cilddə) toplusunun araya-ərsəyə gəlməsində böyük xidmətləri olub.  
Məhəmməd müəllim xalq adamıdı. Bir xeyir-şərdən qalmır. Dostluqda etibarlı, qohumluqda şirin adamdı. “Kəlbəcərsiz nə yubiley, nə təntənə, nə bayram?”,-deyir. O günü gələnlər də təklifsiz təşrif buyurmuşdular. Ancaq Gülbəniz xanım mənə bu “sirri” açmışdı. Məhəmməd Nərimanoğlunun yubileyi günü bir oğlu sağında, bir oğlu solunda durub şəkil çəkdirəndə “bu qoşa qanadların səni daha uca zirvələrə qaldırsın, qardaş”!-nidası, arzusu qopdu ürəyimdən: “Oğlun Sənan bu il ali məktəbə qəbul olması ilə sevindirsin səni! Qoy bundan sonra çap olunacaq kitablarında anan əvəzdən nənəsinin adını daşıyan qardaşın qızı balaca Güllər xeyir-dua versin”! 
Hörmətli qardaşım Məhəmməd Nərimanoğlu! Sənə deyiləsi, sənin haqqında qələmə alınası, oxuculara bildiriləsi çox söz-söhbətim, çox şirin xatirələrim, ürək sözlərim var. Amma uzunçuluq etmək istəmirəm. 
Şair Ələmdar Quluzadənin “50 yaşın sevgisi” adlı şeiri ilə səni ürəkdən təbrik edir, həyatda bütün istəklərinə çatmağı diləyirəm. Məhəmməd, sənə mənalı və şərəfli daha 50 il də arzulayıram...

Bu yaşa çatanda hamı kövrəlib,
Neyləyim 50-nin xoşuna gəlsin?
Məndən yaşlıların başına  gəlib,
Məndən cavanların başına gəlsin!

Kifayət UMUDQIZI,
Azərbaycan radiosunun əməkdaşı, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 24-08-2020 11:00
Baxış sayı: 4515
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını