Həbib Misirov:"Birliyimizin əsas üzvləri akademiklər, ictimai xadimlərdir... "

13-06-2020 19:00

Azərbaycanın görkəmli ziyalılarından biri olan Aşıq Şəmşir 15 mart 1893-10 fevral 1980-ci illər arasında Azərbaycanın dilbər güşəsi olan Kəlbəcərdə yaşamış və yaratmışdır. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi muühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdır. Onun 40-dan artıq şəyirdi olmuşdur. Ustad sənətkarın yaradıcılığı, eləcə də “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəaliyyəti haqqında danışmaq üçün redaksiyamıza İctimai Birliyin sədr müavini Həbib Misirovu dəvət etdik:

-Həbib müəllim, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin qurulması ideayası necə və kim tərəfindən düşünülüb?

- Bildiyiniz kimi Kəlbəcər ədəbi mühiti Azərbaycan ədəbiyyatına görkəmli simalar bəxş etmişdir. Bu mühit eyni zamanda Qarabağ ədəbi mühitinin də əsas məbədidir. Və Aşıq Şəmşir də bu mühitdə formalaşmış və əsərləri ilə bütövlükdə Azərbaycan ədəbiyyatında təmsil olunmuşdur. Onu da qeyd edim ki, Aşıq Şəmşirdən öncə Aşıq Şəmşirin atası Ağdabanlı Şair Qurban böyük yaradıcılıq yolu keçmişdir. O, Kəlbəcər ədəbi mühitinin, “Qurban bulağının” yaradıcısı olmuşdur. Ağdabanlı Qurban həmçinin Aşıq Ələsgərlə də yaxından dostluq etmişdir. Bir sözlə, bu ocaqda böyüyüb, boya başa çatan Dədə Şəmşir atasından aldığı biliklər, ilham və bu ocaqda gördüyü mühit onu Azərbaycan ədəbiyyatının əsas simalarından birinə çevirmişdir. Dədə Şəmşir klassik aşıq şeirinin ustadlarından biri olmuş, Azərbaycan aşıq poyeziyasının inkişafında böyük xidmətlər göstərmişdir. Dədə Şəmşir sənətinin ən böyük zirvələrə yüksəlməsi onun 1955-ci ildə böyük Azərbaycan şairi Səməd Vurğun ilə Kəlbəcərdə görüşündən sonra baş vermişdir. Səməd Vurğun Kəlbəcərdə “Səni qarı gördüm, bağrım qan oldu. Mənim saqqalımın çal vədəsində” misralarının müəllifini axtarmışdı və beləcə o unudulmaz görüş baş tutmuşdur. Həmin görüşdə məşhur “Aşıq Şəmşir və Səməd Vurğun” dastanı da yarandı. Bununla da Aşıq Şəmşiri bütün Azərbaycanda daha yaxından tanıdılır və bununla əlaqədar olaraq da onun kitabları nəşr edilir. 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən ilk kitabı çıxır. Onu da qeyd etmək istəyirəm ki, Aşıq Şəmşir yaradıcılığına dövlətimiz daim qayğı göstərib. Hələ sovet hakimiyyəti dövründə Ulu Öndər Heydər Əliyev Aşıq Şəmşirə “Əməkdar incəsənət xadimi” adı vermiş, onu “Şərəf” ordeni ilə təltif edilmişdir. Eyni zamanda onun yubileyləri də dövlət səviyyəsində qeyd edilib. 1993-cü ildə Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra hər zaman olduğu kimi Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, bu sahəyə xidmət göstərən insanlara da diqqət və qayğı göstərməyə davam etdi. 2003-cü ildə Aşıq Şəmşirin anadan olmasının 110 illiyi təntənli şəkildə qeyd olundu. Göy-göl rayonunda adına büst qoyuldu, rayonun 7 illik musiqi məktəbinə Aşıq Şəmşirin adı verildi. Daha sonra adına küçə verildi. Azərbaycanda və ölkədən kənarda yubileyləri keçirildi. İctimai Birliyin necə yaranmasına gəldikdə isə, bildiyiniz kimi Kəlbəcər 1993-cü ildə işğal olunub. Ondan öncə 1992-ci ildə aprelin 7-dən 8-nə keçən gecə ermənilər Xocalı faicəsinin davamı kimi Kəlbəcər rayonunun Ağdaban kəndində, Dədə Şəmşirin öz doğma kəndində böyük soyqırım törətdilər. Bir gecənin içində 33 nəfəri amansızcasına qətlə yetirdilər, onlardan 8 nəfəri 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı idi. Qətl edilənlərdən 13 nəfər Dədə Şəmşirin öz ailə üzvləri idi. Meyidləri dəhşətli vəziyyətə saldılar. Onların vəhşiliklərə təkcə insanlara etdikləri ilə bitmədi. Dədə Şəmşir ailəsinə aid olan, onun babasından, atasından qalan və özünə aid olan əlyazmaları da yox etdilər. . Dədə Şəmşir yurdunu viran qoydular. Bu faciəni bütün kəlbəcərlilər gördü. Hələ 1990-cı ildə Dədə Şəmşirin qızı Kəlbəcər-Ağdərə koridorundan karvanla keçərkən ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi. Bundan, sonra Kəlbəcərin işğalı başladı və yüzlərlə soydaşımız itkin və qaçqın düşdü, şəhid oldu. Doğma torpaqlarımızdan ayrı qaldıq. Amma ümidimiz o torpaqlara mütləq qayıtmaqdır. Birliyin ideyasının yaranması isə belə oldu, bildiyiniz kimi Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlu 30 ildən artıq yüksək dövlət vəzifələrində işləyib. O, 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RIK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib. Qənbər müəllim təşəbbüs irəli sürdü ki, belə bir mədəniyyət ocağı yaransın. Bu mədəniyyət ocağının məqsədi milli mənəvi dəyərlərimizi, folklorumuzu, mənəvi dəyərlərimizi, eləcə də Aşıq Şəmşir və Kəlbəcər irsini yaşatmaq və təbliğ etməkdir. Qənbər müəllim bir el ağsaqalı kimi, bir ziyalı kimi, Dədə Şəmşir irsinin bir davamçısı kimi Kəlbəcər camaatının yığışması və mədəni dəyərlərimizin inkişafı və davamı üçün buranı yaratmışdır. Onu da qeyd edim ki, bizim birlik tək Kəlbəcər ədəbi mühiti ilə məhdudlaşmır, eyni zamanda biz bütün Azərbaycan ədəbi mühiti ilə bağlı işlər görür.

-Sizin ictimai birliyiniz bir çox ədəbiyyat adamlarına yubileylər, yaradıcılıq gecələri keçirir. Mümkünsə, bu haqda da ətraflı məlumat verərdiniz...

-Kəlbəcər ədəbi mühitdindən başqa da biz Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndələrinə də yaradıcılıq gecələri keçiririk, onların irsinin təbliği ilə bağlı müsabiqələr təşkil edirik, kitablarını nəşr edirik. İndiyədək 1000-ə yaxın səpkidə kitablar nəşr etmişik. Haradasa 3000 mindən artıq kütləvi-mədəni tədbirlər keçirmişik, burada əsas məqsəd milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğidir. Qənbər müəllim özü Qarabağ müharibəsini yaxından görüb, bu ağrıları yaxından yaşayıb. Və hər zaman ermənilərin xalqımıza etdiklərini göstərmək istəyib, ona görə də ən çox bu sahəyə üstünlük verib və bu sahədə bir çox iri miqyaslı layihələr keçirmişik. Torpaqlarımız hazırda işğaldadır və artıq 27 yaşında olan Kəlbəcərli gənclər Kəlbəcəri görməyiblər və bu gün öz torpağını görməyən minlərlə gənc var. Biz bu layihələr və təbliğatla gənclərimizin öz torpaqlarını, mədəniyyətlərini, daha yaxından tanımaqlarına, ermənilərin başımıza gətirdikləri haqda məlumatlanmaqlarına səy göstəririk.

-Həbib müəllim, sizin birliyə bütün gənclər üzv ola bilərlərmi?


- Bizim İctimai birliyin üzvləri çoxdur. Əsas üzvlərimiz akademiklər, ictimai xadimlərdir. Məsələn professor Məhərrəm Qasımlı, akademik Muxtar Kazımoğlu, millət vəkili, akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayevdir kimi ziyalılardır. Tək ədəbiyyat sahəsində yox, bütün sahədən olan ziyalılardan birliyimizin üzvləri var. Məsələn, fizika üzrə görkəmli alim, Əməkdar elm xadimi Şahlar Əsgərov da birliyin üzvüdür. Hər sahədən olan ziyalı şəxslər bizim üzvlərimizdirlər. Azərbaycan Prezidenti yanında Qeyri-hökümət təşkilatlarlına Dövlət Dəstəyi Şurasının programına uyğun olaraq bir sıra mühüm layihələr həyata keçrimişik. Bu layihələrdən də minlərlə soyadaşımız bəhrələnibdir.

-Bildiyiniz kimi, dünya qlobal virusla mübarizə aparır, bu virus sizin birliyin işlərinə necə təsir edib?


-COVİD-19 pandemiyası bəşəri bir bəladır. Amma çox sağolsun ki, ölkə Prezidenti cənab İlham Əliyev qabaqlayıcı tədbirlər görərərək, dərhal sərhədləri bağlayaraq, pandemiyanın kütləvi şəkildə yayılmasının qarşısını aldı. Cənab Prezident ilk öncə insanların sağlamlığını düşündü. Cənab prezident hələ ilk dəfə Prezident seçiləndə demişdi ki, “Mənim üçün ən böyük amal vətəndaşların sağlamlıqlarını qorumaqdır”. Və cənab Prezidentin uzaqgöənliyi nəticəsində bu bəlanın kütləviləşməsinin qarşısı alındı. Amma təəssüflər olsun ki, bu bəla hələ də davam etməkdədir, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı” da dövlətin bu virusla olan mübarizəsinə öz töhfələrimizi verdi. Bilirsiniz ki, cənab Prezident tərəfindən Koronavirusla Mübarizə Fondu yaradılmışdır. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı Birliyi həmin fonda 100 min manat pul keçirdi. Və biz fəaliyyətimizi bununla da məhdudlaşdırmadıq və cənab Prezidentin yaşlı insanlara diqqət göstərmək və onları ərzaqla və digər ləvazimatlarla təmin etmək lazım olduğunu bildirdiyi çağrışına qoşularaq, karantinin başladığı ilk gündən, yaşlı, şəhid ailəsi, məcburi köçkün və aztəminatlı 1800-dən yuxarı ailəyə yardım göstərmişik və göstərməyə davam edirik. Mən bunu da qeyd edim ki, fəaliyyətimiz tək bunlarla bitmir, biz Qənbər müəllimin başçılığı ilə yüzlərlə tələbəyə təqaüd veririk, yüzlərlə tələbənin kirayə haqlarınının ödənməsinə dəstək veririk. Şəhid ailələrinə, aztəminatlı ailələrə, sosial durumu aşağı olan ailələrə maddi yardımlar edirik. Müalicəyə ehtiyacı olanları müalicə ilə təmin edirik. Aşıq Şəmşir ocağı əzəldən xeyriyyəçiliyi, xeyirxahlığı ilə hər kəsə tanışdır. Kəlbəcər işğal olunmamışdan öncə də Aşıq Şəmşirin evi daim qonaqlı-qaralı olub. Onun evində Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı və s. kimi tanınmış ziyalılar qonaq olub. Yəni bu ocaq həmişə xeyirxah və müqəddəs bir ocaq olub. Hər kəsin üzünə açıq olan bu ocaqdan, hamı ancaq xeyir tapıb.

-Bildiyimiz qədəri ilə təşkilatınızın beynəlxalq arenada da fəaliyyətləri olur. Bu haqda da mümkünsə məlumat verərdiniz…


-Bəli, bizim beynəlxalq fəaliyyətimiz də geniş şəkildə davam edir. İlk dəfə olaraq, qeyri-hökümət təşkilatı kimi UNESCO-dan qeydiyyatdan keçmişik . Ölkəmizin başında qüdrətli prezidentimiz var. Bu sabitliyi, bu inkişafı həm ölkə daxilində həm də Avropada oturub, gözü götürməyən qüvvələr var, amma xalqımız ağı qaradan seçməyi çox gözəl bacarır. Bizim gəncliyimiz 1993-cü illərə düşüb, o zaman insanları çox incidirdilər. Belə rahat bir mühit yox idi. Bütün bunlara görə də Ulu Öndərimizə minnətdarıq. Və bütün bunları qoruyub, inkişaf etdirdiyinə görə də bir daha cənab Prezidentə təşəkkür edirik. İnanırıq ki, cənab Prezidentin rəhbərliyi ilə bu qara buludlar ölkəmizin üzərindən çəkiləcək. Ondan sonra da bizim böyük layihələrimiz var, kitab nəşrlərimiz, müsabiqələrimiz var, bir neçə şairlərin yaradıcılıq gecələrini keçirəcəyik. İnşallah yaxında böyük bir layihəmiz olacaq UNESCO ilə. “Kürsü” deyə bir layihə var. Dastançılıq və ifaçılıq üzrə Aşıq Şəmşirin adı ilə bağlı olacaq. İşin böyük hissəsi görülüb, sadəcə imzalanma mərasimi zamanında sərhədlər bağlandı, inşallah sərhədlər açılandan sonra bu işi reallaşdıracağıq. Ən böyük arzumuz odur ki, cənab Prezidentimizin liderliyi torpaqlarımız işğaldan azad olunsun və belə bir ocağı Aşıq Şəmşirin öz doğma ocağında Ağdabanda quraq.azmilli.com
Dalidag.az





Kateqoriya: Kəlbəcər / Müsahibə
Tarix: 13-06-2020 19:00
Baxış sayı: 3907
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını