İrsimiz işğal altında- Kəlbəcərin "danışan" qayaları...

23-05-2020 19:53
Kəlbəcər rayonundakı "Qayaüstü təsvirləri" ən çox "Sərçəli dağ", "Qurbağalı çay", "Gəlin qayası", "Soltan Heydər", "Ağ çay", "Ayı çınqılı", "Zalxa gölü", "Dəvəgözü dağı" adlanan yerlərdə idi.
Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi 3500-dən çox «Qayaüstü təvirlərini» qeydə almış və onlardan bir çoxlarının foto-şəkillərini çəkmişdir. «Qayaüstü təsvirlər» ən çox kustar şəkildə bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət idi.
Kəlbəcər özünün tarixini, mədəniyyətini əsrlər boyu saxlayan qədim bir diyar kimi də tanınmışdir. Belə ki, bu ulu insan məskəninin hər hansı tərəfinə ayaq bassan, orada qədim insan məskənləri olan mağaralar, qalalar, abidələr görərsən. Tarixin sərt sınaq və imtahanına mə"«ruz qalmış bu yadigarlar insan əli ilə yapıldığı kimi, insan əli ilə də tamamilə məhv olmaq təhlükəsinə qədər dağıdılmış və hətta, bəziləri yerlə-yeksan olunmuşdur. Amma bu da möcüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bəzən özü-özünü hifz etmiş və bizim əsrimizə qədər bir neçə min illik ömür yaşamışdır.
Qaya və daşların üzərindəki alban yazılarını məhv edən erməni qonşularımıza qoşulanda bilmirdik ki, bu hərəkətlərimizlə onlara kömək edir və tariximizi silirik. Çünki gözlərimiz qarşısında ermənilər də o yazıları pozur və erməniləşdirirdi.
Bir az öncəyə gedib qeyd edək ki, Kəlbəcəri „Azərbaycanın ikinci Qobustanı“ adlandıran rəhmətlik Xudu Məmmədov, Mirəli Qaşqay, Niyazi İbrahimov, Qüdrət İsmayılov, Ziya Bünyadov, Budaq Budaqov və digər neçə-neçə vətənpərvər ziyalı-alimlərimiz hələ o zamanlar Kəlbəcərin ciddi nəzarətə alınaraq qorunmasını tələb edirdilər. Ona görə ki, türkün tarixi yaşayan qala və abidələr, albanların hələ islamlaşmamış əcdadlarının yaşayış məskəni olmuş Kəlbəcər xain qonşular tərəfindən mədəni surətdə işğal edilir və erməniləşdirilirdi.
Tarix elmləri doktoru Qüdrət İsmayilovun və onun dissertantı Niyazi İbrahimovun apardıqları tədqiqit işlərinin nəticəsinə görə, bura ən qədim insan məskəni olmuşdur. Rayonun ərazisində eramızdan çox-çox əvvəlki minilliklərdən xəbər verən qaya təsvirləri də Kəlbəcərdə az deyildi. „Qobustanın qardaşları“ kimi tanınmış sal daşlar da Kəlbəcər dağlarından tapılmışdı. „Soltan Heydər“, Qurbağalı çay», «Turşsu», «Ayçınqıllı», «Gəlinqayası», «Böyükdəvəgözü», «Sərçəli» və s.yerlərdəki qayaüstü təsvirlərlə Qobustandakı «yazılı və şəkilli daşlar» tamam
ilə bir-birinin oxşarı və ya "əkiz«lərdir. Tarixçi alim Rəşid Göyüşovun, Xudu Məmmədovun və başqalarının fikrincə, bu daşların üzərindəki şəkillərin yaşı az qala bu daşların öz yaşı qədərdir. Maraqlı budur ki, bu təsvirlər bazalt kimi sərt qayalar üzərində həkk edilmişdir. Kəlbəcər tarix-dünyaşünaslıq muzeyinin həyətinə gətirilmiş 28 ədəd yazılı və şəkilli daşlar təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edən dəlil idi. Həmin təsvirlərdən biri belə idi: Bir insan fiquru ayağının birini bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır.Güman olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun ayağı altındakı dairənin biri Yer, o biri isə Ay güman olunur. Demək, insan Yerdən Aya, oradan isə başqa bir planetə uşmaq istəyində hələ o zamanlardan bulunub.

Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 23-05-2020 19:53
Baxış sayı: 41 139
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını