“Zəhmindən dağ yarılan” müəllim- Kəlbəcərliləri naxırçı-çoban görmək istəməyən"Qara Bəhmən"

06-01-2020 13:01
Qara Bəhmənin zəhmi, fəhmi-fərasəti, nüfuzu, qətiyyəti, hörməti, səmimiyyəti və keçdiyi şərəfli yol

Hörmət və ehtiram ünvanlı şəxsiyyətlər məkanı KƏLBƏCƏR


Müdrik bir deyim var: “Adam var evdən gedər, adam var eldən”. Amma, hər dünyasını dəyişən eldən yox, evdən gedir. Eldən getməyin özündə bir əbədiyaşarlıq var. Zamanın sərt döngələrində büdrəməyənlər fani dünyanı dəyişəndə hamı heyfsilənir, itkinin dağdan ağır olduğunun fərqinə onda varır. Kəlbəcərimizin zəhmi, dəyanəti, qüruru ilə seçilən ziyalı el ağsaqqalından biri idi Bəhmən Cəfərov.
Kəlbəcərimizin dağ cüssəli, qartal düşüncəli, zəhmindən dağ yarılan bir kişisi Azərbaycana ziyalı nəsil qoyub getdi. Ömrünün mənalı və daim zirvədə yaşamış illərini xalqına, doğulduğu el-obanın sağlamlığına həsr etmiş Vaqif, Əvəz kimi həkimlərin şəfallı əllərindən azmı xilas olub kəlbəcərlilərimiz?!
Uzun illər boyu müxtəlif quruluşların və imperiya xislətli dövlətlərin sözün əsl mənasında əsarəti altında yaşamış xalqımızın tarixi keçmişini arayıb-axtarıb üzə çıxardıqca qürur duyursan ki, şəxsiyyətlərimiz az olmayıb. Baxmayaraq ki, öz dövrlərində elin, xalqın, daha geniş mənada, millətin ağsaqqalları olsalar da, onların barəsində müəyyən məlumatlar bizə olduqca az gəlib çatıb. Bunun da müəyyən səbəbləri var ki, onların ən əsası tariximizi özgələrinə yazdırmaq olub. Hər dövlət quruluşunun qanun-qaydaları tarixin öz diqtəsi ilə yazıldığından, bir çox həqiqətlər bugünümüzə gəlib çatmayıb, yaxud unutdurulub.
Kəlbəcər barəsində bir sıra məlumatlar əldə edib onları kitab şəklində geniş oxucu auditoriyasına verəndə aldığım qınaqlar və hədə-qorxular hələ də canımdan çıxmayıb. Şəhidliyinin ağrı-acısını yaşadığım kəlbəcərlilərin hər biri mənim üçün doğma və əzizdir. Çünki, ulu babalarımız bir bulağın gözündən su içib, çoxlarının ömür boyu tamarzı qaldığı saf dağ havasını udmuşlar. Mən təkcə Kəlbəcərin yeraltı və yerüstü sərvətlərini deyil, onun insanlarını da Azərbaycan üçün əvəzolunmaz nemətlər sayıram. Hələ 1996-cı ilin aprel ayının 1-də Ulu Öndər Heydər Əliyev də Kəlbəcər və kəlbəcərlilər barəsində söz açarkən belə demişdir: «Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərdən biridir. Kəlbəcər həm təbii sərvətlərinin zənginliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə, respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur…”

“Zəhmindən dağ yarılan” müəllim


Tarixin yaddaşına yazılanları dünyanın bəxtəvəri sayırlar. Doğrudanmı onlar bəxtəvərcəsinə ömür sürüblər? İctimaiyyət arasında sayılıb-seçilənlər, el-obanın qayğısını çəkənlər, cəmiyyətin inkişafına öz töhfəsini verənlərdir.
Kəlbəcərdə də belə ziyalı ağsaqqalların odlu ürəklərinin işığına və istisinə yetişən gənclik təlim-tərbiyəsi ilə seçilib.
Ötən əsrin ortalarından başlayaraq, Kəlbəcərdə elmə, təhsilə maraq daha kütləvi hal almışdır. Ailələr var idi ki, orada böyüyən uşaqları yalnız oxumaq, elmə, biliklərə yiyələnmək düşündürürdü. Belə ailələrdən biri də Kəlbəcər şəhərində yaşayan Hacı Şahməmməd oğlu Kərimin ailəsi idi. Yalnız Kəlbəcər şəhərinin bünövrəsini qoyanlardan deyil, həm də burada ziyalı bir nəsil yetişdirməsi ilə seçilmişdi bu ocaq. Hər arvad-uşaq Hacının qabağından keçə bilərdimi?! Hamı, elə kişilər də, qocalı-cavanlı onu elin ağsaqqalı bilir, məsləhətlər və xeyir-dua alardı...
Belə bir ailədə dünyaya göz açan Bəhmən də, təbii ki, elmə, biliyə maraq göstərməli idi. Ona görə də o, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə ilə bitirərək Kəlbəcərə qayıdandan müəllimlik peşəsi ilə məşğul olmuşdu. Zamanın, vaxtın axarında Bəhmən Cəfərov sayılıb-seçilən və hətta “zəhmindən dağ yarılan” müəllim kimi ad da qazanmışdı. Nə yaxşı ki, el-oba onu məhz belə əzəmətli, zəhmli gördü və tanıdı. Yoxsa, deyirlər ki, onun dərs dediyi şagirdlərin hamısı da ali təhsil almaz və Kəlbəcərin inkişafında ayrı-ayrı sahələrdə mütəxəssis kimi çalışmaz, mal-qara saxlayan naxırçı-çoban olaraq qalardılar.
Bu zəhmli müəllim sonralar “Qara Bəhmən” adı ilə daha çox məşhurlaşmışdı. O zamanlar çoxları bilmirdi ki, “qara” sözünün etimalogiyası çox və rəngarəng olsa da, əsas mənası türkcə, “ucalıq”, “böyüklük”, “əzəmət”, “vüqar” deməkdir.
“Qara Bəhmən” adı ilə məşhurlaşan Bəhmən Kərəm oğlu Cəfərovun müəllim kimi zəhmi kəlbəcərlilərin ziyalı nəslinin yetişməsində böyük rol oynamışdı. O, ömrünün müdrik çağlarında Kəlbəcər şəhər 2 saylı (Kəlbəcərdə “Yuxarı” və “Aşağı” məktəb adlanan iki orta təhsil ocağı əsas sayılırdı) orta məktəbdə riyaziyyat müəllimi kimi dərs desə də, həm də təlim-tərbiyə işləri üzrə direktor müavini idi.
Nə yaxşı ki, bu sətirlərin müəllifinə də Bəhmən müəllimin “zəhmin”dən “pay” düşüb. Mən də həmin məktəbdə oxuyurdum. Mənə dərs deyən müəllimlər yaxşı bilirdi ki, bütün fənləri sevərəkdən oxuyurdum. Xatirimi çox istəyirdilər. 9-b sinfindəydik. Bəhmən müəllim bizə dərs demirdi, amma, hərdən müəllimimizi əvəz edirdi: “canımızı alırdı”.
Bir gün sinif jurnalını müəllimlər otağından gətirmək üçün ikinci mərtəbənin dalanı ilə gedirdim. Birdən Bəhmən müəllimi koridorda gördüm. Qorxumdan istədim ki, geri qayıdım. O, məni görüb baxışları ilə özünə tərəf çağırdı. Əsə-əsə gəldim. Ayaqlarımı zorla sürüyürdüm. Soruşdu ki, nə gəzirsən?! Dilim söz tutar-tutmaz, astaca dilləndim ki, “sinif jurnalını aparmağa gedirəm”. “Dur!”-dedi mənə! Dayandım, əsgər kimi - farağat komandasında! O, bunu xoşlayırdı. Özü də elə dayanardı - qədd-qaməti əyilməzdi!

“Pionerlər otağı”nda...


Məktəbin həyətindəki şagirdi göstərib dedi:
-Düş aşağı, o uşağa de ki, Bəhmən müəllim çağırır.
Uşaq dərsdən yayınıb harasa qaçıb getmək, ya siqarət çəkmək istəyirdi bəlkə də, bilmədim. Düşüb dedim ki, yuxarı bax. O, dönüb ikinci mərtəbədə Bəhmən müəllimi gördü. Anladı ki, onu çağırır. Quzu bala kimi mənimlə qalxdı ikinci mərtəbəyə.
Bəhmən müəllim dəmir zibil vedrəsini mənə verib dedi:
-Düş həyətdəki qumla bunu doldur gətir.
Dediyi kimi elədim. Biz “Pionerlər otağı”ndaydıq. O, qumu boşaltdırdı döşəməyə. Uşağın qulağından yapışıb sifətinə şapalaqla necə çəkdisə, o, fırlandı, üzüqoyulu düşdü qumun üstünə. Müəllim əmr etdi:
-Şalvarın balaqlarını çırmala dizinə qədər! Dizlərini də qoy qumun üstünə!
Uşaq ləng tərpəndi. Müəllim mənə dönüb baxa-baxa dedi:
-Bunun boynundan bas, əyilsin, deyəsən əyilə bilmir!
Həmin uşaq vələdızna (sözəbaxmaz, dərsdənqaçanlardan) idi. Mən də ondan qorxub eləmək istəmədim, axı, sonra o, mənim günümü qara edərdi. Bəhmən müəllim hiss etdi ki, mən bu işi yerinə yetirməyə qorxuram.
-Sənə demirəm bunun başını bas aşağı?! İndi sənin başını mən soxacam quma!-Səsdən diksinən kimi oldum. Uşaq dizlərinə qədər şalvarın balaqlarını çırmələmişdi. Dizlərini qumun üstünə qoyanda müəllim yenə də mənə dönüb baxışları ilə onun boynunda oturmağı əmr etdi. Qorxdum. Qəfildən açılan şapalaq sifətimdə alışdı. Gözlərimdə sanki şimşək çaxdı!
Müəllim, deyəsən, ikimizin də payımızı vermişdi. O, otaqdan çıxa-çıxa:
-Bir də sizi həyətdə, ya dalanda avara görsəm, özünüzdən küsün! Bəlkə siz də böyükləriniz kimi ancaq naxırçı-çoban olmaq istəyirsiz, ay bədbəxtlər?! Oxuyun da! Oxuyub adam olana kimi zülm çəkəcəksiz! İstəyirəm ki, kəlbəcərliləri Azərbaycanın, SSRİ-nin hər yerində savadlı, elmli-bilikli tanısınlar! Oxumasanız Kəlbəcərdə kim olacaq müəllim, həkim, mühəndis, artist...?!
O gün mənim də həyatımın, gələcək arzularımın sanki qapılarını açdı Bəhmən müəllim. Məhz buna görə daim ruhuna dualar oxuyuram. Oğlanları Vaqiflə Əvəz həkim, onların da balaları nəinki kəlbəcərlilərin, xalqımızın sevimli övladlarına çevriliblər. Mərhum Əvəz Cəfərov nervpatoloq kimi kimlərin imdadına yetmədi ki? Vaqif Kərimov yalnız cərrah kimi deyil, həm də uzun illər Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının baş həkimi olaraq kəlbəcərlilərinin sağlamlığı keşiyində dayanan personalın rəhbəri, yolgöstərəni olub.
Bütün bunlardan sonra nə deyəcəyimi bilmirəm. Çünki nə Kəlbəcər var yerində, nə də kəlbəcərliləri. Bu gün yetişməkdə olan gənc nəsil haradan bilsin ki, “Qara Bəhmən” kimi şəxsiyyətlər yetişdirib Kəlbəcər.

«Hellas»a oxşayan, sanbalına görə isə «Tarixi-Nadir»dən dəyəri çox olmayan kitablar

Bütün bu qeydlər, əlbəttə, bir şəxsiyyətin bioqrafiyasında yer alan məlumatdır. Belə tarixi kişiləri ilə daim öyünən kəlbəcərlilər xeyirxah əməl sahiblərini daim qəlblərində yaşadır və özləri də onların yolunu müqəddəs və örnək kimi qoruyub saxlamağa çalışırlar.
Kəlbəcərdə yetişən tarixi şəxsiyyətlər barəsində ayrıca söz açılmalıdır. Hələlik isə hər bir şəxsiyyətin doğulduğu ocaq, böyüdüyü kənd, xidmət göstərdiyi sahə barədə toplanan və oxucuların, geniş ictimaiyyətinin diqqətinə çatdırılan xeyli sayda kitablar nəşr edilməkdədir ki, bu, alqışlanasıdır. Doğrudur, bəzən bu sahədə də müəyyən pafos özünü gizlətmir. Cəmiyyət və el-oba, doğulduğu kənd-kəsək üçün can yandırmayanlar haqqında da çəkisinə görə «Hellas»a oxşayan, sanbalına görə isə «Tarixi-Nadir»dən dəyəri çox olmayan kitablar yazdırmağa çalışır və bəzən də bu bayağılığı təbliğ edirlər. Bəlkə də burada bir sistemlik lazımdır, axı, hər doğulan və müəyyən vəzifə sahibi olanlar cəmiyyətdə aparıcı mövqeyə sahib ola bilmirlər, onları ictimaiyyətə təqdim etmək üçün faktların zənginliyi nəzərə alınmalıdır, bir sözlə, şəxsiyyət kimi formalaşmayanlar barəsində «dastan» yazmağa dəyərmi? Lakin Bəhmən müəllim kimi elə tarixi şəxsiyyətlərimiz olub ki, onlar fəaliyyətləri dövründə atdığı hər bir addım xalq və millətin inkişafında, güzəranının yaxşılaşdırılmasında, elm-sənət sahəsində maddi və mənəvi dayağa çevrilmişlər. Bəli, belə şəxslərin şəxsiyyətədək keçdikləri yola nəzər salmaq, örnək kimi gələcək nəsillərə saxlamaq lazımdır.

Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az



Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 06-01-2020 13:01
Baxış sayı: 41 967
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını