Kəlbəcər nəfəsli məktub...

18-03-2020 14:39
“Samur” qəzetinin redaktoru Sədaqət Kərimovaya məktub
 
Ey mənim 43 illik dostum!
Birdən fikirləşdim ki, sənə bir məktub yazım. Bu məktubda 1977-ci ildən 1993-cü ilə qədər Kəlbəcərin gözəlliklərindən, bizim o gözəl diyarda görüşdüyün saf insanlardan, yazdığın yazıların bəzisini yada salım. 
1977-ci ildə “Sovet kəndi” qəzetinin əməkdaşı kimi Kəlbəcər rayonuna ezamiyyətə gəlmişdin. Mən də keçmiş rayon partiya komitəsinin katibi işləyirdim. Odur ki, bilavasitə bizim əlaqəmiz belə yarandı.
Kəlbəcərlə bağlı yazdığın yüzlərlə yazıların bir neçəsini yadına salıb səni kəlbəcərli günlərə qaytarmaq istəyirəm: Bir dəfə yenə Kəlbəcərə gəlmişdin. Aşıq Şəmşirin yanına getmək, onunla görüşmək istədiyini mənə bildirdin. Biz Ağdaban kəndinə yola düşdük. 
Mərkəzi yoldan ayrılıb Ağdaban kəndinə qalxmaq istərkən leysan başladı. Ağdaban çayı güclü sellə axır, çayın o biri sahilinə keçməyə, kəndə qalxmağa imkan vermirdi. Getdiyimiz “UAZ” maşını selin içində qaldı, dağ çayı ətrafdakı daşları, ağacları kökündən qoparıb maşına çırpırdı. Bizim xilas olmağa gümanımız yox idi.
Elə bu vaxt Aşıq Şəmşırın oğlu, Kəlbəcər rayon İcraiyyə Komitəsinin sədri işləyən Qənbər Qurbanov bizim Ağdabana yollandığımızı eşidib arxamızca gəldi. Əgər o gəlməsəydi, biz ya həlak olar, ya da güclü xəsarət alardıq. Sonradan bu görüş Aşıq Şəmşirlə bağlı gözəl yazıya çevrildi.
Sənin Kəlbəcərlə bağlı yazdığın yazılardan çoxunu xatırlayıram. Əlli il birgə yaşamış Qılınclı kənd sakinləri Çərkəzlə Zəhranın, Mahmudla Günəşin, Vəli ilə Sonanın həyatından elə gözəl məqamları qeyd etmişdin ki! 80-100 yaşlı Keçiliqaya kənd sakinləri olan altı bacı-qardaşla bağlı maraqlı yazı yazmışdın. Oruclu kəndində siqaret çəkilmədiyi haqqında qeydlərin böyük maraq doğurmuşdu. Aşıq Ələsgərin toyunu etdiyi Almalıq kənd sakini Güləndam nənənin, Ceyran bulağındakı Sarı yerdə görüşdüyün çobanların həyatından və s. yazdığın yazıları indi də xatırlayıram.
Bir dəfə Qılınclı kənd orta məktəbinə getmişdik. Foyedə bir foto-stend sənin nəzərini cəlb etdi. Stenddə vaxtılə məktəbin məzunları olan respublikada və onun hüdudlarından kənarda müxtəlif rəhbər vəzifələrdə işləyənlərin şəkilləri asılmışdı. Orada mənim də şəklim var idi. Həmin görüşlə bağlı “Quşlar yuvalarına qayıdacaq” adlı gözəl bir oçerk yazmışdın.
Heç yadımdan çıxmaz, Kəlbəcər işğal olunmuşdu. Sən həyat yoldaşınla birlikdə bir maşının içi dolu bağlama və xüsusilə öz kitablarını kəlbəcərlilərə sovqat gətirmişdin. Sən belə sadiq dostsan.
2017-ci ildə gəldin ki, bu il dostluğumuzun 40 ilidir.
Mən səni hər dəfə görəndə elə bilirəm birlikdə Göyçə gölünə, Sarı yerə, Ceyran bulağına, Tatalılar çayına, Ala göllərə, Ayğır bulağına gedəcəyik. Sənə yalvarıram, məni bu hisslərdən məhrum etmə.
Bir dəfə telefonla danışanda mənə dedin ki, gələcəyəm. Aradan üç il keçdi, sən gəlmədin.
Bilirsən, mən nə şair, nə də jurnalistəm. Lakin hərdən hisslərimi yan-yana düzüb şeir halına salıram. Sənin vədini yadına salmaq üçün belə bir şeir yazdım:
 
Üç ildir gözümü yolda qoyanım,
Nədəndir gəlməyir sorağın sənin?
Ey gözümün nuru, ürəyim, canım,
Olmazdı vədinə xilafın sənin.
 
Yurdsuza söz verdin, qoydun intizar,
Bilmədinmi, gözü yolda qalan var?
Bil ki, olaram canımdan bezar,
Gəlməyin qalarsa uzağa sənin.
 
Gəlir xəyalıma o keçən anlar,
Könlüm o günləri daim soraqlar.
Mehmanı olduğun bizim o dağlar,
Olaydı bir daha oylağın sənin.
 
Səndən xahişim var: Kəlbəcərlə bağlı xatirələrin əsasında bədii bir əsər yazasan. Mən də deyəm: “Sakitləş ey qəlbim, Kəlbəcəri unutmayan belə dağ qızı – sadiq dostun var”.

Səni daim sevən 
Yurdsuz Səyyarə RƏSULOVA
Dalidag.az




Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 18-03-2020 14:39
Baxış sayı: 41 093
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını