d

22-11-2025 13:15
KƏLBƏCƏRƏ DÖNÜRÜK...

İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...

Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...

Kimin düşsə bu yerə güzarı- sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək.
...Uluların torpağı-məzarı sevinəcək,
Kəlbəcərə dönürük...

Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...

Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq "köçkün" adını,
Kəlbəcərə dönürük...

Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük...

Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük...

15.11.2020

***

...EVİMDƏ YATA BİLMƏDİM!

Yağı düşmən yurd yerlərimizi vəhşicəsinə talayıb. Evlərimizi söküb-dağıdıb. Demək olar ki, daşı daş üstündə qoymayıb qalsın. Doğulub boya-başa çatdığım doğma ocağı ziyarət etmək fürsətim oldu. Ancaq uşaqlıq  və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı.

Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim-
evimdə yata bilmədim...

Neçə ildi həsrət çəkən,
dam - daşına qübar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.

Taledi - bir sınaq kimi,
qınaq yox bu qınaq kimi:
bircə gecə qonaq kimi
evimdə yata bilmədim...

Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi,
elə şirin yuxum gəldi,
evimdə yata bilmədim.

Gözlərimdən min ah dərən-
yuxularım pərən-pərən.
Xatirələrim bar verən
evimdə yata bilmədim.

Arzuma çatıb - dincəldim,
başımı qatıb dincəldim.
Çöllərdə yatıb dincəldim,
evimdə yata bilmədim!

Avqust 2021


 BAĞIŞLA, NƏ GÜNAHIM VAR...

Bu gün hər bir qarabağlı, laçınlı, ağdamlı... ruhunun qibləsi olan doğma yurd yerinə  dönməyə tələsir, o xoş günü səbrsizliklə gözləyir. Eləcə də mən...Bir ilə yaxındır ki, ürək əməliyyatı keçirmişəm. Son günlər çox narahatam. Ürəyimin məni yarı yolda qoyacağından qorxuram. Axı, Kəlbəcəri görmək arzum var...


Əcəldən macal istədim,
Kəlbəcərə gedənəcən!
"Mamır olub dağ-daşında,
qayasında" bitənəcən.

Bəy atamın, xan atamın,
yuvası viran atamın, 
ruhu nigaran atamın
məzarından öpənəcən.

Min dərdim var, min ahım var,
güvəndiyim  Allahım var-
bağışla, nə günahım var
əlim  Ora  yetənəcən.

13.12. 2020


AĞDƏRƏNİN AĞ YOLUYA KƏLBƏCƏRƏ
GEDƏMMƏMƏK, AĞ BAYRAĞI QALDIRMAQDI!

Mənim ağ yolum var, 
Ağdərə yolu:
ağ günümə aparan yol.
Qara günüm ağarıbsa,
ağ günümün işığına
ağ yollarla getməliyəm...
Qara gündə, qarlı gündə
Murov mənə yol vermişdi
qaçıb gəlim. 

İllərdi ki gözləyirəm
düz yoluma d ü z ə l m ə y ə.
Ağ yolları arzuladım,
ağ karvanım d ü z ü l m ə y ə...
Niyə dağa-daşa düşüm?
Özüm çox şeyi bilirkən,
sən deyəni başa düşüm...

Bu yurd mənim yurdumdusa,
qalib mənim ordumdusa,
mən ağ yola çıxmalıyam,
mən düz yolla getməliyəm.
Tunel çəkmək nəyə lazım,
"gündüz yolla" getməliyəm.

...Ağ gün üçün qorumuşuq,
ömrümüzdən qalan vaxtı.
Ağdərənin ağ yoluyla
Kəlbəcərə gedəmməmək,
ağ bayrağı qaldırmaqdı!!!
12.01.2021
***


KƏLBƏCƏRDƏ GÖRDÜKLƏRİM...

(Qaracaoğlan sayağı)

Of, içimdə dağ azarı,
üz tutmuşam dağa sarı.
Sərt qayalar - dağ hasarı
zirvələnir yollar boyu.

Qırağında ocaq daşı,-
nə gur yanır, ocaq - daşır.
Çəmən - çiçək ocaqlaşır
zər ələnir yollar boyu.

Misqal-misqal sıxıb balı,
min çiçəkdən sağıb balı,
arıya bax, yığıb balı 
şələlənir yollar boyu.

Moruq tutub dərələri,
kim yığa, kim dərə, ləli?!...
Sular axır - dərə ləli
şirələnir yollar boyu.

Bir yol axtar, cığır ara,
bu yol gedib çıxır hara...
Çəhlimlərə, cığırlara
gül ələnir yollar boyu.

Daş ağıllar, qalacıqlar,
mən gedirəm, qalacaqlar.
Cərgə-cərgə alaçıqlar
binələnir yollar boyu.
 ***



KƏLBƏCƏRƏ GETMƏ - ÇAĞIRIŞ  
 Müqəddəs yerlərimizin otuz ilə yaxın həsrətini çəkdik. Getdik, çöldə əliyinə, çayda balığına qənim kəsildik. Bulaqlarına, oylaqlarına düşmən kimi yanaşdıq. Növbəti ziyarətimdə Kəlbəcərdə gördüklərim məni çox narahat elədi. 

Tamahını şişə çəkib, 
həsrətini dişə çəkib, 
gödənini başa çəkib,
Kəlbəcərə kefə getmə... 

Mərd qayıdar, mərd yuvaya- 
ac da qalsa Qurd yuvaya. 
O müqəddəs yurd-yuvaya- 
pis niyyətlə nəfə getmə.

Nə vaxt ora basdın ayaq,
beyninə düşdü kef-damaq.
Məqsədin əlik ovlamaq -
yükün araq, pivə, getmə

Buna görəydi qılığın, 
doldumu qarın – tuluğun?!
Çaylarda qızıl balığın
boyun “sevə-sevə” getmə.

Xəlvətdə meydan suladın,
aldatdı şeytan - suladın.
Getdin, dağıdıb taladın,
yaxşısı, bu dəfə getmə!

Sentyabr 2023




BU EV 
Yağı düşmən tərəfindən dağıdılan evimizin divarları önündə qarışıq düşüncələr 

Ha alışam, yanam, gəlməz, 
ta bu gölə sonam gəlməz,
atam gəlməz, anam gəlməz,
daha xarabadı bu ev. 

Köz qaralıb ocağında,
sükut var hər bucağında,
qonaq etməz qucağında 
nə dostu, nə yadı bu ev. 

Göynəsə də bağrım başı,
heç duymadı nadan-naşı. 
Xatirədi hər bir daşı – 
damağımın dadı bu ev.

Var ağrısı, var sitəmi,
 bir vüsaldan qalıb kəmi. 
Dəryalarda batan gəmi 
- dörd bir yanı sudu bu ev.

Namiq, qucağına sığın, 
ağrısı var yığın - yığın, 
otuz illik ayrılığın, 
qəm ünvanı - adı bu ev.

2024
 ***



SALAM DE  

Yaxın qohumum, uşaqlıq dostum, yurdsevər ziyalımız Vidadi Murtuzayev Kəlbəcərdən-burnumuzun ucu göynəyən ocaqdan zəng etmişdi, çox təsirləndim. Bircə kəlmə “salam de” söylədim. Və bu salamım dağa, yaylağa, gülə, çiçəyə, arıya, böcəyə, hər şeyə ünvanlandı.  

Qardaş, bu zəngindən elə kövrəldim,
gətirə bilmirəm dilə, salam de...
Bir gün Kəlbəcərdən zəng də gələrmiş...
qalxarmış səsimiz zilə, salam de...  

Xallı kəpənəyə naz satan şehə,
arının ayağın isladan şehə,
güllərin saçını oxşayan mehə,
küləyə salam de, yelə, salam de.

Gəlib dolanacam uca dağları,
qol-boyun yaşayan haça dağları,
bağrıma basacam qoca dağları
yolumuz bağlıdı hələ, salam de.  

Çovdar-Şahkərəmdən salsan yolunu,
dad cökənin dərdə dərman balını.
O çölün, çəmənin soruş halını
çiçəyə salam de, gülə salam de.

29 may 2022


***
Daha nə nağıl uydursam
Sənin adınla bağlıdı.
Bütün “dinsiz ayrılıqlar”
Sənin adınla bağlıdı.




GƏLİRƏM 
Gəlirəm, “yorduğum” yerlər, gəlirəm,
yıxılıb-durduğum yerlər, gəlirəm,
ay evcik qurduğum yerlər, gəlirəm,
gəlirəm qoynunda yaşayam indi. 

Dağlar, çox xatirəm qalıbdı səndə, 
hərdən yol azsam da dumanda, çəndə:
gəzib öyrənəcəm çöldə, çəməndə,
bir az nabələdəm, naşıyam indi. 

...Gör ömrü mən hardan hara gətirdim,
bu yolda ən gözəl illər itirdim,
ömrün oğlan çağın yurdsuz ötürdüm,
daha fəsillərin qışıyam indi. 

Nə ötən çağlara gedib yetənəm,
nə bəyə bərabər, nə xana tənəm:
Namiq, dərdə oylaq, qəmə vətənəm,
o yurdun bir qara daşıyam indi.

may 2025

***
KƏLBƏCƏR ETÜDLƏRİ 

Burda gözəlliklər əlçatan deyil,
boylanır zirvədən, ətəyə gəlmir. 
İlahi ucalıq könüllərində -
onlar düzə enmir, mətəyə gəlmir. 

Bir çiçək aləmi çıxıb püşkünə,
ənbər çiçəklərin batıb müşkünə,
arılar güllərin düşüb eşqinə, 
çöllərdən yığılmır, pətəyə gəlmir. 

Çiçəklər şax durur, əymir qəddini,
ötüb sərhəddini, keçib səddini:
bütün gözəlliklər aşıb həddini -
heç sığala yatmır, ütüyə gəlmir.... 

...İp atdım, tovladım dünən səməndə,
insafsız düşmədi yenə kəməndə,
yeyib – xamlayıbdı çöldə-çəmədə,
üzəngiyə yatmır, yedəyə gəlmir.

Baxıb gözəllikdən doymayır ovçu,
ovçu marağına uymayır ovçu,
əliyə, cüyürə qıymayır ovçu,
barmağı çaxmağa, tətiyə gəlmir.
                           2025


AZAD YURDLARIMIZA SALAM OLSUN

Qədəm basdıq doğma yurda -
çölünə salam olsun.
Çəməninə, çiçəyinə -
gülünə salam olsun. 

El qoynunda saldı binə,
çatdı sayı yüzə, minə...
Ərəninə, İgidinə,
Dəlinə salam olsun. 

Həsrətimiz yetdi sona, 
şükür, çatdıq bu xoş ana.
Yağışına, çovğununa,
selinə salam olsun! 

Namiq, sözlə dolu sinən,
yeri gəlib, indi denən:
doğma ocağına dönən,
elinə salam olsun.

28.07.2025



Kateqoriya: ---
Tarix: 22-11-2025 13:15
Baxış sayı: 22
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını