Hans Xristian Andersen: Bülbül (Hekayə)

13-10-2019 16:16
Bilirsən ki, Çində İmperator da, onun rəiyyəti də çinlilərdir. Çoxdanın əhvalatıdır, amma nə qədər ki, tamam yaddan çıxmayıb, gərək onu eşidəsən! Bütün dünyada İmperatorun sarayından yaxşı saray tapılmazdı; o, büllurdan tikilmişdi, elə də kövrəkdi ki, ona əl vurmağa qorxurdun. Bağında gözəl güllər, çiçəklər əkilmişdi; ən yaxşılarının saplağından gümüş zınqırovlar asılmışdı; onların cingiltisi yoldan ötənlərin diqqətini çiçəklərə yönəltməli idi. Bax, bağ belə ustalıqla qurulmuşdu! Bağın ucu-bucağı görünmürdü, elə uzaqlara gedib çıxırdı ki, heç bağban da onun harda qurtardığını bilmirdi. Bağdan birbaşa qalın meşəyə çıxırdın; meşənin içərilərində dərin göllər vardı, meşənin özü də göy dənizin sahilinə qədər uzanırdı. Gəmilər sulara əyilmiş ağacların zirvələri altından üzüb keçirdi, budaqlarının arasında da bülbül oxuyurdu; bülbül elə gözəl oxuyurdu ki, fikirli-qayğılı yoxsul balıqçı da dənizdəki torunu unudub, ona heyran-heyran qulaq asırdı. Nəhayət: «İlahi, nə yaxşı охuуur!» - deyib balıqçı yenə öz işi ilə məşğul olur və bülbülü unudurdu; о biri gecə yenə heyran-heyran qulaq asır, yenə təkrar eləyirdi: «İlahi, nə yaxşı охuyur!»
Dünyanın hər yerindən İmperatorun paytaxtına səyahətçilər axışırdı; onların hamısı gözəl saraya və bağa valeh olur, lakin bülbülün cəh-cəhini eşidəndə deyirdilər: «Вах, bu hamısına dəyər!».
Evlərinə dönən səyahətçilər gördüklərindən danışırdılar; alimlər paytaxtı, sarayı və İmperator bağını təsvir edir, ancaq bülbülü də unutmurdular, hətta onu hər şeydən üstün tuturdular; şairlər mavi dənizin sahilində, meşədə yaşayan qanadlı xanəndənin şəninə gözəl şeirlər qoşurdular.
Kitablar dünyanı gəzirdi, onlardan bəziləri də İmperatora gəlib çatdı. Öz qızıl taxtında oturub oxuyur, hey oxuyurdu, hər dəqiqə də başını tərpədirdi: öz paytaxtının, sarayının, bağının tərifini oxumaq ona xoş gəlirdi! Kitabda yazılmışdı: «Lakin bülbül hamısına dəyər!». İmperator heyrətləndi:
-     Necə yəni? Bülbül? Axı, mənim ondan heç xəbərim yoxdur! Necə? Mənim məmləkətimdə, hətta mənim öz bağımda belə qəribə quş yaşayır, mən də onun barəsində heç nə eşitməmişəm?! Onun haqqında kitabda oxumalı olmuşam?!
İmperator özünə ən yaxın saray adamlarından birincisini hüzuruna çağırdı; о da elə lovğa adamdı ki, hərgah kimsə onunla bir az sadə danışsaydı, уa nəsə soruşsaydı, cavabı «ff!» olardı, bunun da ki, mənası heç nəydi.
İmperator dedi:
-     Demə burda, bizdə qiyamət bir quş var, adı da bülbüldür. Onu mənim böyük məmləkətimin ən dəyərli zinəti sayırlar. Onun barəsində indiyə kimi mənə neyçin xəbər verməmisiz?
Birinci yaxın adam cavab verdi:
-     Mən onun barəsində heç eşitməmişəm! O, heç vaxt saraya dəvət olunmayıb!
İmperator:
-     Mən istəyirəm ki, o, bura gəlsin və elə bu gün axşam mənim hüzurumda oxusun! - dedi. - Bütün aləm bilir mənim nəyim var, amma mən özüm bilmirəm!
Birinci yaxın adam yenə təkrar elədi:
-     Bu quşun barəsində heç nə eşitməmişəm!.. Ancaq axtarıb onu taparam!
Demək asandır! Harda tapacaqsan?
İmperatorun birinci yaxın adamı pillələrlə yuxarı-aşağı şütüdü, otaqları, dəhlizləri axtardı, rastına çıxan hər kəsdən bülbülü soruşdu, tanıyıram deyən olmadı. Birinci yaxın adam əlacsız halda imperatorun hüzuruna gəldi və ərz elədi ki, bülbülü yəqin kItab quraşdıranlar uydurublar.
Əlahəzrət gərək kitabda yazılanların hamısına inanmasın, bunlar hamısı uydurmadır, cadudur!..
Axı, bu kitabı mənə Yaponiyanın ən qüdrətli, ən həşəmətli imperatoru göndərib, bu kitabda yalan ola bilməz! Mən bülbülə qulaq asmaq istəyirəm! O, elə bu axşam burda olmalıdır! Mən ona böyük iltifat göstərib mərhəmət əta eləyirəm! Hərgah həmin vaxtda burda olmasa, şam eləyəndən sonra bütün saray adamlarının qarnına ağacla vurduracağam!
Birinci yaxın adam «dzinq-pe!» deyib, yenə pillələrlə şütüdü, otaqları, dəhüzləri axtardı; saray adamlarının tən yarısı da onunla bərabər vurnuxur, axtarırdı, çünki heç kim döyülmək istəmirdi. Hamının dilində bircə sual vardı: bu nə bülbüldür ki, onu bütün aləm tanıyır, amma sarayda bircə nəfər də tanımır?
Nəhayət, mətbəxdə bir yazıq qızcığaz tapdılar. O, dedi:
-     İlahi! Bülbülü necə tanımayasan! Elə oxuyur ki, xörəyin artığını xəstə anama aparmağa mənə icazə veriblər. Anam dənizin lap kənarında olur, hər dəfə geri qayıdanda meşədə oturub dincimi alıram, həmişə də bülbülün nəğməsini eşidirəm! Gözümdən yaş sel kimi axır, elə sevinirəm ki, elə bilirəm ki, anam məni öpür!..
İmperatorun birinci yaxın adamı dedi:
-     Qızcığaz! Bizi bülbülün yanına aparsan, sənə mətbəxdə daimi iş yeri verərəm, İmperatorun necə nahar elədiyinə baxmağa sənin uçün icazə alaram! Bu gün axşam bülbül saraya dəvət olunub!
Hamı meşəyə yollandı, bülbül adətən orda oxuyurdu; saray adamlarının az qala yarısı ora yollandı. Xeyli getmişdilər, birdən inək movuldadı.
Cavan saray adamları:
-     Odur, odur! Gücə bax! Bapbalaca canlıda belə səs! Biz əvvəllər bu səsi eşitmişik!
Qızcığaz dedi:
-     Bu, inəkdir böyüyür! Biz hələ çox getməliyik. Balaca göldə qurbağalar quruldaşırdılar. Saray bonzası dedi:
-     Qiyamətdir! İndi mən eşidirəm! Lap bizim ibadətxanadaki zınqırovların səsinə oxşayır!
Qızcığaz yenə dedi:
-     -    Yox, bunlar qurbağalardır! Amma daha az qalıb, indi onun səsini eşidəcəyik!
Bu dəm bulbül oxudu. Qızcığaz dedi:
-     Bax, bu bülbüldur! Qulaq asın, qulaq asın! Bu da onun özü.
-     О, barmaqlarını uzadıb, budaqların arasında xirdaca, bozumtul quşu göstərdi.
İmperatorun birinci yaxın adami dedi:
-     Doğrudan?! Heç fikrimə gətirməzdim ki, о bu cürdür! Çox adi görkəmi var! Yəqin bu qədər əsilzadəni görəndə bütün rəngləri yox olub.
Qızcığaz bərkdən qışqırdı;
-     Bulbülüm! Bizim əlahəzrət İmperator sənə qulaq asmaq istəyir!
-     Çox şadam! - deyib bülbul cəh-cəh vurdu; səsi lap möcüzə idi. Birinci yaxın adam:
-     Elə bil şuşə zınqırovlar cikkildəyir! - dedi. - Görün bu balaca boğaz necə qaynayır! Təəccüblüdür ki, əvvəllər bircə dəfə də onun səsini eşitməmişik! Sarayda onun böyük hörməti olacaq!
Bülbül soruşdu:
-     İmperator üçün yenə oxuyum?
O, elə bilirdi ki, imperatorun özü də burdadır. İmleratorun birinci yaxın adamı dedi:
-     Ey tayı-bərabəri olmayan bülbül! Mənə bu axşam saray şənliyinə sizi dəvət eləmək kimi xoş bir tapşırıq həvalə olunub. Əminəm ki, əlahəzrəti öz есаzkar səsinizlə valeh edəcəksiniz! Bülbül:
Mənim nəğməmi yaşıl meşədə eşitmək daha yaxşıdır! - dedi, lakin biləndə ki, imperator onu saraya dəvət edib, həvəslə razılıq verdi.
Sarayda şənliyə hazırlıq görülürdü. Büllur divarlarda, döşəmədə saysız-hesabsız qızıl qəndillərin işığı bərq vururdu; dəhlizlərdə cərgə ilə zınqırovlu gözəl, zərif çiçəklər qoyulmuşdu, qaç-qovdan, taqqıltıdan, yelçəkmədən çiçəklər elə cingilti salırdı ki, adam səsi eşidilməz olurdu. İmperatorun əyləşdiyi iri otaqda bülbül üçün qızıl şüvül ucalırdı. Sarayın butün adamları bura cəmləşmişdi; aşpaz qızcığaza da qapı ağzında dayanmağa izn vermişdilər, axı, indi о, sa­ray aşpazı rütbəsi almışdı. Hamı bəzənib-düzənmişdi və imperatorun ona şəfqətlə baş tərpətdiyi xırdaca, bozumtul quşcuğazdan gözünü çəkmirdi.
Bülbül də elə cəh-cəh, elə zəngulə vurdu ki, imperatorun gözləri yaşardı, yaş damlaları üzüaşağı yuvarlandı. Onda bülbül daha ucadan, daha şirin ləhcə ilə oxudu; onun nəğməsi ürəklərə sirayət edirdi. İmperator çox razı qalmışdı, dedi ki, öz qızıl başmağını, boynundan asmaq üçün ona peşkəş verir. Lakin bülbül minnətdarlıqla imtina elədi, dedi ki, onsuz da mükafatını alıb.
-     Mən imperatorun gözlərində yaş gördüm, bundan böyük mükafat ola bilməz! İmperatorun göz yaşlarında sehirli qüvvə var! Allah şahiddir ki, mükafatımı artıqlaması ilə almışam!
Yenə onun gözəl, şirin nəğməsi səsləndi.
-     Huşu başdan aparan əsl naz-qəmzə, bax, budur! - deyib saray xanımları ağızlarını su ilə doldurdular ki, bir adamla danışanda su boğazlarında çalxalansın. Özlərini bülbülə oxşatmaq istədilər. Hətta nökər-qulluqçular da çox razı qaldılar, məlumdur ki, bu, az şey deyil, çünki bu camaata xoş gəlmək çətin məsələdir. Bəli, bülbül hamıya xoş gəlmişdi.
Onu sarayda saxladılar, onun üçün otaq ayırdılar, gündüz iki dəfə, gecə də bir dəfə açıq havada uçmağa icazə verdilər, ona on iki покәг təhkim elədilər; nökərlər bülbülün zərif ayağına bağlanmış ipək lentlərdən tuturdular. Bu gəzintidən böyük həzz alırdılar.
Bütün şəhər bu heyrətamiz quşdan danışırdı, hətta küçədə iki tanış adam rastlaşanda, biri о dəqiqə deyirdi: «bül» о biri də tamamlayırdı: «bül», sonra hər ikisi köks ötürürdü; kəlmənin yarısından bir-birini başa düşürdülər.
Bülbülün şərəfinə on bir nəfər xırdavatçı oğluna onun adı verildi, amma onlardan heç birində səs əlaməti yox idi. Günlərin birində imperatora iri bağlama verdilər üstündə «Bülbül» yazılmışdı. İmperator dedi:
-     Adlı-sanlı bülbülümüz haqqında bu da təzə bir kitab! Lakin bu, kitab deyildi, qəribə hədiyyə idi: qutuda əsl bülbülə oxşar düzəldilmə bülbül vardı, başdan-başa gövhər, yaqut, sapfirlə bəzənmişdi. Onu quran kimi əsl bülbülün nəğməsini oxumağa başlayır və qızıl, gümüş kimi bərq vuran quyruğunu tərpədirdi. Boynundakı lentin üstündə yazılmışdı: «Çin imperatorunun bülbülü ilə müqayisədə yapon imperatorunun bülbülü miskin görünür».
Bütün saray adamları:
-     Nə gözəldir! - dedilər, yapon imperatorunun quşu gətirən elçisinə də о dəqiqə «İmperatorun fövqəladə bülbül paylayanı» rütbəsini verdilər.
-     İndi də qoy qoşa oxusunlar, gör nə qiyamət olur!
Ancaq qoşasəsli nəğmə oxumaq baş tutmadı: əsl bülbül öz zənguləsini vururdu, süni bülbülsə qurulmuş musiqi qutusu kimi səslənirdi.  
Saray Kapelmeysteri dedi:
-     Bu, onun təqsiri deyil. O, taktı qüsursuz tutur və mənim qurduğum üsulla düppədüz oxuyur.
Düzəltmə bülbülü tək oxutdular. Onun səsi əsl bülbülün səsi kimi hamıya xoş gəldi, amma özü əsl bülbüldən çox-çox qəşəngdi, daş-qaşı da göz qamaşdırırdı.
Eyni havanı otuz üç dəfə oxudu, yorulmadı. Ətrafdakılar ona bir dəfə də qulaq asmaq istərdilər, amma imperator əsl bülbülü də oxutmağı lazım bildi. Bəs bülbül necə oldu?
Heç kəs onun açıq pəncərədən öz yaşıl meşəsinə uçub getdiyini görməmişdi.
-     Bu necə olan işdir! - imperatorun üzü tutuldu, saray adamlarına da dedilər ki, bülbül qədirbilməz quşdur. Onlar dedilər:
-     Hər halda quşun yaxşısı bizim üçün qaldı! - Düzəltmə bülbül də eyni havanı otuz dördüncü dəfə oxumalı oldu.
Amma bu havanı heç kim yadda saxlaya bilməmişdi, çünki çox çətin hava idi. Kapelmeyster süni quşu о ki, var tərifləyir və deyirdi ki, əsl bülbüldən təkcə bər-bəzəyi, daş-qaşı ilə üstün deyil, həm də daxili ləyaqətləri ilə üstündür.
-     Canlı bülbülə gəlincə, mənim əlahəzrətim, möhtərəm cənablar, heç kim əvvəlcədən bilə bilməz ki, о nə oxuyacaq, süni bülbülün nə hava oxuyacağı isə qabaqcadan məlumdur! Onun sənəti barədə tamam-kamal fikir söyləmək olar, onu söküb, insan zəkasının məhsulu olan daxili quruluşunu, çarxlarının yerini, hərəkətini, hər şeyi göstərmək olar!
Saray adamlarının hər biri:
-     Elə mən də о fikirdəyəm! - dedi. Kapelmeyster də gələn bazar günü quşu camaata göstərmək üçün icazə aldı.
İmperator dedi:
-     Qoy xalq da qulaq assın!
Xalq qulaq asdı və çox razı qaldı, elə bil doyunca çay içdi, çinlilərin adətincə belədir axı. Hamı birağızdan vəcdlə səslənirdi: «Оh», şəhadət barmaqlarını yuxarı qaldırır və başlarını razılıqla tərpədirdilər. Lakin əsl bülbülün nəğməsini dinləmiş yoxsul balıqçılar deyirdilər:
-     Pis deyil, hətta oxşayır da, amma yenə də о cür deyil! Onun nəğməsində nəsə çatmır, nə çatmır, bunu heç özümüz də bilmirik!
Canlı bülbülü ölkədən qovdular.
Süni quş imperator yatağının yanında ipək balış üstündə qərar tutdu. Ona bəxşiş verilmiş daş-qaş da dövrəsinə düzüldü. İndi onu «İmperatorun gecə kürsüsünün sol tərəfdən birinci nəğməkarı» adı ilə çağırırdılar, - imperator məhz ürək olan tərəfi üstün tuturdu, ürəksə sol tərəfdədir, hətta imperatorda da. Kapelmeyster süni quş barədə iyirmi beş cild kitab yazdı, ən müdrik Çin sözlərilə dolu lap elmi kitablar.
Lakin saray adamları deyirdilər ki, onları oxuyub hər şeyi başa düşüblər, belə deməsəydilər, onları axmaq bilərdilər, üstəlik, ağacla qarınlarına vurardılar.
Düz bir il belə keçdi; imperator, bütün saray adamları, hətta bütün xalq süni bülbülün hər zənguləsini əzbər bilirdilər, onun oxumağı da elə buna görə onlara xoş gəlirdi, çünki onun səsinə səs verə bilmirdilər. Küçədə oğlan uşaqları «Ci-ci-ci! Qlü-qlü-qlü!» deyib oxu­yurdular. İmperatorun özü də bu cür oxuyurdu. Nə qiymət oxumaqdı!
Lakin bir axşam süni quş yataqda uzanmış imperator üçün təzəcə cəh-cəh vururdu ki, qəfildən içərisində nəsə fışıldadı, vızıldadı, çarxları fırlandı, musiqi də susdu.
İmperator yerindən sıçrayıb qalxdı və saray həkimi üçün adam göndərdi, amma həkimin əlindən nə gələrdi! Saatsazı çağırdılar, о da xeyli söz-söhbətdən, сәк-çevirdən sonra quşu birtəhər düzəltdi, amma dedi ki, onunla çox ehtiyatla dolanmaq lazımdır: çarxların dişləri yeyilib, əvvəlki kimi oxuması üçün təzələrini də qoymaq, görünür, mümkün deyilmiş. Müsibətə bax! İldə ancaq bircə dəfə quşu qurmağa icazə verdilər. Bu, hamını kədərləndirdi, amma Kapel­meyster qısa, lakin müdrik nitq söylədi, inandırdı ki, quş qətiyyən korlanmayıb. Belə deyirsə, demək, düzdür.
Beş il də ötdü, ölkəyə böyük bədbəxtlik üz verdi: hamının çox istədiyi imperator ölüm yatağına düşdü. Təzə imperator da elan elə-dilər, amma camaat küçədə dayanıb, imperatorun birinci yaxın adamından qoca hökmdarın səhhətini soruşurdu.
Yaxın adam «pff» deyib, başını yelləyirdi.
Rəngi qaçmış, bədəni soyumuş imperator şahanə yatağında uzanmışdı; bütun saray adamları onu ölmüş hesab eləyir, hər kəs də təzə imperatora baş əyməyi özünə borc bilirdi. Nökər-naib о yan-bu yana qaça-qaça təzə xəbərləri bir-birinə yetirirdilər, qulluqçularsa çay süfrəsi başında saatlarla söhbət edirdilər. Sarayın bütün otaqlarına xalı-xalça döşənmişdi ki, ayaq səsi eşidilməsin, sarayda ölüm sükutu olsun. Lakin imperator hələ ölməmişdi, hərçənd qızıl saçaqlı, məxmər pərdə altındakı şahanə yatağında hərəkətsiz, rəngi saralmış halda uzanmışdı. Açıq pəncərədən süni bülbülün də üstünə ay işığı düşmüşdü.
Yazıq imperator nəfəs ala bilmirdi, ona elə gəlirdi ki, sinəsinin üstündə kim isə oturub. Göz qapaqlarını aralayıb gördü ki, sinəsində oturan ölümdür. Başına imperatorun tacını qoyub, bir əlinə onun qızıl xəncərini alıb, о birinə də qızıl bayrağını. Məxmər pərdənin qatları arasından əcaib sifətlər görünürdü: bəziləri iyrənc, pis, bəziləri də yaxşı, xeyirxah. Bunlar imperatorun şər və xeyir işləri idi ki, ölüm sinəsinə çökdüyü müddətdə onun üzünə baxırdılar. Növbə ilə pıçıldayırdılar:
-     Bu, yadındadır? Bu, yadındadır? - Əməllərindən imperatora о qədər sözlər deyirdilər ki, onun alnını soyuq tər basırdı.
İmperator:
-     Mən heç bunu bilmirdim! - deyirdi. - Musiqi çalınsın, musiqi! İri Çin təbilləri! Mən bunların danışığını eşitmək istəmirəm!
Lakin onlar hey danışırdılar, ölüm də, çinli kimi, onların dediklərini başı ilə təsdiqləyirdi. İmperator çığırırdı:
-     Musiqi çalınsın, musiqi! Heç olmasa sən oxu, əziz, sevimli qızıl quşcuğaz! Mən səni qızıla, daş-qaşa tutdum, boynuna öz qızıl başmağımı asdım, oxu, bülbülüm, oxu!
Bülbülsə susurdu, onu qurmağa adam yoxdu, elə-belə də oxumurdu. Ölüm iri, boş göz oyuqlarını İmperatora zilləmişdi. Otaq sükut içindəydi.
Qəfildən bağda gözəl cəh-cəh eşidildi. Bu, imperatorun xəstəliyindən xəbər tutan, ona təsəlli, ürək-dirək vermək istəyən canlı bülbül idi, uçub gəlmişdi. O, oxuduqca əcaib sifətlər görünməz olur, imperator саnа gəlirdi. Ölümün özü də bülbülə heyran-heyran qulaq asır, hey deyirdi: «Охu, yenə oxu, bülbülciyəz!»
Bülbül də soruşdu:
-     Əvəzində sən mənə qızıl xəncəri verərsənmi? Bəs qızıl bay-rağı? Bəs tacı?
Ölüm də qiymətli şeyləri bir-bir ona verir, bülbül də hey cəh-cəh vururdu.
Bülbül ağ qızılgüllər açan, kəndalaşın ətir yaydığı, ölülər üçün ağlayan dirilərin göz yaşından suvarılan tər otların bitdiyi sakit qəbiristanlıq haqqında nəğmə oxudu... Birdən Ölüm öz bağı üçün elə darıxdı ki, burulan soyuq ağ dumana dönüb, pəncərədən çıxıb getdi. İmperator dedi:
-     Çox sag ol, əziz quşcuğaz, çox sag ol! Mən səni unutmamışam! Mən səni öz məmləkətimdən qovdum, sənsə mənim yatağımdan dəhşətli kölgələri qovdun, ölümün özünü qovdun! Səni necə mükafatlandırım?
Bülbül:
-     Sən məni bir dəfə və həmişəlik mükafatlandırmısan! - dedi. - Birinci dəfə sənin hüzurunda oxuyanda gözlərində yaş görmüşəm, bunu heç vaxt unutmaram! Göz yaşı nəğməkar üçün əvəzsiz mükafatdır. İndi isə уat, yuxudan da sağlam və gümrah oyan! Mən də nəğməmlə sənə laylay çalacağam!
Bülbül yenə oxudu, imperatoru da şirin уuxu apardı.
Oyananda artıq gün çıxmışdı. Nökər-naibdən heç kim ona baş çəkmirdi: hamı elə bilirdi ki, о ölüb, təkcə bülbül pəncərəyə qonub, mahnı oxuyurdu.
İmperator dedi:
-     Sən həmişəlik mənim yanımda qalmalısan! Ancaq özün istə-yəndə oxuyacaqsan, süni bülbülüsə vurub sındıracağam!
Bülbül:
Lazım deyil! - dedi. - O, bacardığı qədər fayda verib! Qoy о əvvəlki kimi sənin yanında qalsın! Mənsə sarayda yaşaya bilmərəm. İzn ver, sənin yanına ancaq özüm istəyəndə gəlim. Onda mən hər axşam sənin pəncərənə qonub oxuyaram; mənim nəğməm səni həm sevindirər, həm də düşündürər. Mən sənin üçün xoşbəxtlər və bədbəxtlər haqda, sənin dövrəndə fırlanan xeyir və şər haqda oxuyacağam. Xırdaca nəğməkar quş hər yana uçur, səndən çox-çox uzaqlarda yaşayan yoxsul balıqçının da, kəndlinin də daxmasına baş çəkir. Mən səni tacından çox, sənin ürəyinə görə istəyirəm, amma tacda nəsə bir müqəddəslik var. Mən gəlib sənin üçün oxuyacağam! Lakin bir şeyi mənə vəd elə!..
Hər şey vəd eləyirəm! - İmperator şahanə qaməti, əzəmətilə ayağa qalxdı, о artıq İmperator libasını geymiş, ağır qızıl xəncərini sinəsinə sıxmışdı.
Səndən bir ricam var: heç kəsə demə ki, sənə hər şey barədə danışan xırdaca quşcuğazın var. Belə yaxşıdır!
Bunu deyərək bülbül uçub getdi.
Nökər-naib ölmüş İmperatora baxmaq üçün içəri girdi, amma astanadaca quruyub qaldı; İmperatorsa onlara dedi:
-     Salam!

tərcümə: Səkinə Hüseynova

Dalidag.az



Kateqoriya: Tərcümə / Poeziya-nəsr
Tarix: 13-10-2019 16:16
Baxış sayı: 3891
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını