Reklam

"Müqəddəs Nikolay ","Səyahətçilərin himayədarı" - Şaxta baba və ya...
31-12-2019 19:04

Yolka
Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilədə da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya — Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.
Santa Klaus və ya Şaxta baba
Cəmiyyətimizdə rus dilindən (Дед Мороз) tərcümə edilən Şaxta baba kimi tanınan şəxsin dünyanın müxtəlif ölkələrində fərqli adları var: Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas bunlardan bəziləridir. Yeni İl Bayramını, qış bayramını körpələrin öz doğma babalarından belə çox sevdikləri Şaxta babasız təsəvvür etmək mümkün deyil. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da, bu adlardan ən çox populyar olanı Santa-Klausdur.Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır və onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən şəklə düşüb. Hazırda dünyada qeyd olunan “Yeni il” bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus obrazının əsli də xristian dünyasında axtarılır.

Xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır. Provaslav kilsəsi Müqəddəs Nikolayı səyahətçilərin himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər. Müqəddəs Nikolay sonralar Mərkəzi və Şimali Almaniyada Weinachtsmann (alman dilində Weinachten — milad, mann isə kişi deməkdir), İngiltərədə isə Father Christmams – Miladın Atası adlandırılıb. Avropalı mühacirlərlə Birləşmiş Ştatlaradək gedib çıxan Müqəddəs Nikolay burada artıq Santa Klausa çevrilib. Şimali Amerika ədəbiyyatında və təsviri sənətində Santa Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında milad gecəsi peyda olaraq sobaların borusundan evlərə daxil olur və sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur.
Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar.
Dalidag.az



Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
