Yüz limit bir borcu ödəmir - Pərvanə Bayramqızı yazır

20-11-2021 15:28

Qaz sayğacı kartı yerləşdirən anda yüklənilən məbləği tozsoran kimi sorub aparır. Sayğaca qarğayanda da deyir, vallah mənlik bir şey yoxdur, sözünüzü Tarif Şurasına deyin. Hər dəfə yüklədiyim məbləğin az qismi qalanda (200 m³ qaz yükləyəndə əvvəllər 100 m³ qalırdısa,, indi bu göstərici 80 m³-dir) "vampirlər əhalinin qanını sorub, zülüm verirlər" deyə xeyli deyinsəm də gəlib Marka şikayətlənmirdim.

"Özümüz -- Tarif Şurası bilər, biz bilərik, amerikalının-zadın daxili işimizə qarışmasına razı deyildim. Bu səhər nətəri əsəbiləşdimsə, gördüm ki, su... qaz meymunu (iraq əhalidən) boğanda Markı (elə Markdan da iraq) ayağının altına alır. Haqsızlıq etdim, ayağın altına salınası qazın qiymətini bu həddə çatdıranlardadır. Atalar sözünün əsas məğzini korlamamaq üçün bənzətmə bu şəkildə alındı. Limit qoyulubmuş. Nə limit? Soyuqdan donaq? Ocaq yandırmayaq? Elə çox maaş alırıq ki, qazın kub metri belə baha qiymətə satılır? Qazı Yaradanın pay kimi verdiyi Vətənin övladları deyilik? Bu sərvəti bəxş edəndə O kimə deyib ki, xalqın son qəpiyini müxtəlif bəhanələrlə əllərindən alın, göz verib, işıq verməyin? Hansı kitabda yazılıb? Yoxdur elə bir kitab! Öz cızma-qaralarında ağıllarına gələni yazıb xalqa qayda adıyla güclə qəbul elətdirirlər. "Onların kitabında" bizə yalnız yayda Günəşin istisinə qızınmaq yazılıb. Özləri də əhaliyə qarşı istiqanlı deyillər. Allahın verdiyi sərvətin istisinə qızınmağı da çox görürlər. Adama elə gəlir ki, onlar Azərbaycana doğma övlad, bizsə ögeyik. "Azərbaycan... övlad..." Söz dilimdən çıxan kimi məni xəcalət hissi bürüdü. Qulağıma: "Balam qiymət artıranların, sənin sağ qalmağın üçün şəhid oldu" səsi gəldi. -- "Mən onu qaza, işığa, suya qənaət edə-edə böyütmüşdüm. Qazsız, işıqsız, susuz da qalmışıq, amma balamı böyütmüşəm, onu Vətənə qurban vermişəm" Hə, Azərbaycanın övladları şəhidlər, qazilər, itkinlərdir. Tarif Şurasının da, bizim də dilimiz qısa olmalıdır. Komfort istəyəndə şəhidlərin tabutları təhvil verilən evlərə baxıb susaq. Ya da susmayaq. O ailələrə lazım olanları istəyək. Özümüzü düşündüyümüz yetər. Onlara borcluyuq. 
Şəhid olan oğulların necə çətinliklə böyüdüklərini təsəvvür etmək üçün uçuq-sökük evlərinə baxmaq lazım deyil. Valideynlərinin görkəmindən, üzlərində illərin buraxdığı izlərdən bəllidir, övladlarını on səkkiz yaşa çatdıranadək nələrdən keçiblər. 
Bəzilərinin atası, bəzilərinin də anası yoxdur. Anaların böyütdükləri oğulların YEKƏ KİŞİ olduqları üçün sevinməkləri uzun çəkmədi. Erməni kimi xain, beyni zəhərlənmiş qonşusu olan ölkədə analar oğullarının dirisi ilə deyil, 
ölüsü ilə öyünürlər. Onlar: oğul mənim yox, Vətənindir" deyirlər. Xalqın sərvəti ONLARINDIR. Onlar bu haqqı qazanıblar. 
Qazı, işığı, suyu baha qiymətə verdiyiniz ailələrdə nə qədər uşaqlar var. Bilmirik, hansı ana, hansı çətinliklə saxlayır övladını. Amma yurda sipər gərək olanda onları axtaracağıq. Ona görə də əhaliyə bu cür münasibət göstərməyin adı qəddarlıqdır.  
Uçuq evlərdə, məişət xərclərini ödə bilməyən ailələrdə gələcəyin layiqli övladları böyüyürlər. Bu gün onların güzəranlarını yaxşılaşdırmaq vacibdir ki, sabah xalqa gərək olacaqlar. ŞƏHİD olanların hansının uşaqlıqda qeydinə qalmışıq? 

Pərvanə Bayramqızı

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 20-11-2021 15:28
Baxış sayı: 3221
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını