Elmi yaradıcılığı aktual olan filoloq alim

01-09-2021 20:23

Filologiya üzrə elmlər doktoru, professor, şair, görkəmli ziyalı və folklorşünas alim Sədnik Paşa Pirsultanlının elmi-filoloji, estetik-poetik yaradıcılığı bir həmkarı olaraq bizim marağımızı çoxdan cəlb etmişdi.  
Gəncədə yaşayan, ətraf rayonlar da daxil olmaqla, oraların elmi-mədəni mühitini gözəl bilən, çağdaş estetik-humanitar düşüncəmizin zənginləşməsində xüsusi qatqıları ilə seçilən bu görkəmli şəxsiyyətin zəngin yaradıcılıq yolu, məhsuldar fəaliyyəti, elmi-poetik irsi hər zaman geniş humanitar ictimaiyyətimiz tərəfindən maraqla qarşılanıb. 
Elmi-filoloji məkanımızın, bütöv Azərbaycanın və Türk dünyasının ədəbi-folklor düşüncəsinin intellektual yorulmaz araşdırıcısı, ağız – şifahi xalq ədəbiyyatı tariximizin dəyərli bilicisi olaraq alimin “Aşıq Şəmşirin poetik aləminə səyahət” ("Təknur", Bakı, 2008) monoqrafik kitabını oxuduqdan sonra isə onunla şəxsi tanışlığımız, qarşılıqlı elmi-filoloji münasibətlərimiz başladı.
Hələ o zamanlar, yəni Qarabağ erməni işğalı altında inləyən vaxtlarda Sədnik müəllimlə telefon əlaqəsi quraraq Aşıq Şəmşir yaradıcılığı ilə bağlı “Şəmşiri Yaradan bir yol yaratdı...” (Cəmilə Çiçək. Arı çiçəyə gəlib... Bakı, “Azərnəşr”, 2013, 352 səh.),  “Ağdabanlı Qurbanın nəsil-soyunun şair-aşıqlıq səcərəsi və onun “Qurban bulağı” məclisi” (Cəmilə Çiçək. Sazımız ağlayır dağlar başında. Bakı, “Azərnəşr”, 2014, 624 səh.), Gəncəbasar, Qarabağ, Kəlbəcər ədəbi mühiti, folklor qaynaqları haqqında dəyərli fikirlərini öyrənir, aktual filoloji müzakirələr açırdıq. O ictimai-mədəni müzakirələr Qarabağımızı unutmamaq üçün biz cavanlara əsl motivasiya verirdi. 
Daha sonralar Aşıq Dədə Şəmkirin həyat və yaradıcılığına həsr etdiyimiz dördcildlik araşdırmamızda – silsilə toplumuzun dördüncü cildində dəyərli alimin “Ağdabanlı Qurbanın nəsil-soyunun şair-aşıqlıq səcərəsi və onun “Qurban bulağı” məclisi” məqaləsini daxil etməklə ustad alimə sayğımızı bir daha göstərməyə çalışdıq.
Professor Sədnik Paşa Pirsultanlının Gəncə şəhərində “Çeşmə” folklor teatrını və “Ozan aşıq muzeyi”ni yaratmasından, yəni aşıq yaradıcılığına xüsusi diqqət verməsindən xəbərdar idik. Bizim elmi-filoloji yaradıcılığımızın əksər hissəsinin, eləcə də QHT rəhbəri – “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım  İctimai Birliyinin təsisçisi və sədri, eyni adlı http://www.zekaishiginda.az saytının, “Milli Zəka” beynəlxalq elmi-ədəbi jurnalının və 12-dən çox kitabın müəllifi olaraq ictimai-mədəni fəaliyyətimizin böyük bir istiqaməti məhz şifahi xalq ədəbiyyatı ilə peşəkar söz sənətinin qarşılıqlı münasibətlərinin tədqiqinə, araşdırılmasına həsr olunduğundan bu vətənsevər böyük ziyalının qələmindən çıxan əksər məqalələr, araşdırmalar, monoqrafiya və kitablarını diqqətlə izləməyə çalışırdıq. 
Professorun elmi tədqiqatlarının əsas fəlsəfəsi Azərbaycan xalq əfsanələrinin folklorun müstəqil janrı kimi öyrənilməsi, onun epik ənənələrinin – eposların, dastanların formalaşmasında və yazılı ədəbiyyatda, klassiklərin yaradıcılığında rolunun araşdırılmasına həsr olunduğundan praktik-kulturoloji əhəmiyyət kəsb edir. 
İndiki gənc nəsil filoloqların bu görkəmli alim və dəyərli yaradıcılıq potensialına malik şəxsiyyətdən öyrənəsi çox cəhətlər var. 
Sədnik Paşa Pirsultanlı həm də bir ağsaqqal – etnik kimliyimizin mürəkkəb şifrələrini yaddaşında daşıyan, əsərlərində gələcək nəsillərə ötürən bir düşüncə adamı, imza sahibi kimi tanınırdı. Hər zaman sadalanan cəhətlərə önəm verən bir ictimai və yaradıcı şəxs olaraq ustad Sədnik Paşa Pirsultanlı milli-mental və ailə dəyərlərimizin qoruyucusu kimi də tanınırdı. 
Professor elmi-filoloji və bədii-poetik düşüncə məhsulları ilə milli sivilizasiya şifrələrimizi indiki gənclərə, gələcək tarixə çatdırmağa çalışırdı. Bu dəyərli alimin zəngin elmi-bədii yaradıcılığı, məhsuldar fəaliyyəti, nəsillərə nümunə olan həyat yolunun özü bir ədəbi-intellektual məktəb kimi öyrənilməli, təhlil və tədqiq edilməli, humanitar ictimaiyyətimizin, geniş cəmiyyətin diqqətinə çatdırılmalıdır.













Cəmilə ÇİÇƏK (İsbəndiyarova)
araşdırmaçı jurnalist,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 01-09-2021 20:23
Baxış sayı: 2260
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını