Kəlbəcərli həkimin haqq-ədalət axtarışı

03-03-2021 19:11
Kəlbəcər rayonunun Kilisə kəndində dünyaya göz açmışam. Kəndimiz dağların qoynunda 35 ailədən ibarət olduğu üçün ibtidai məktəbimiz var idi. 4- cü sinifdən sonra, 8-ci sinifə qədər bizim kənddən 3 km aralıda olan Çaykənd orta məktəbində, sonra isə 9-10 sinifi 2,5 km aralı İstibulaq kənd orta məktəbində təhsil almışam. 6 il oxumaqdan yana hər gün 5-6 km məsafə qət etmişəm və buna rəğmən əla qiymətlərlə oxumuşam. Oxuduğum müddət ərzində şeiriyyətə böyük marağım olduğu üçün Nizami Gəncəvinin "Oğluma nəsihət" şerindən bəhrələnərək həkim olmaq qərarına gəldim. 1980 -ci ildə sənədlərimi N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna verdim, lakin qəbul ola bilmədim. Ətrafımda olan və mənə təskinlik verən insanlardan daha çox bu kəlməni eşidirdim: ay oğul o instituta girmək üçün çox böyük pullar lazımdır, kasıb oğlansan, özünə uyğun sənət seç. Mən isə bu yoldan dönməyəcəyimə həkim, hətta alim olacağıma söz vermişdim. O vaxtdan içimdə bir haqq-ədalət axtarışı başlanmışdı. 
1981-83 illər Altay vilayətində hərbi xidmətdə oldum. Kimya, fizika, biologiya və ədəbiyyat dərslikləri də mənimlə birlikdə oldular. Hərbi xidməti başa vurduqdan sonra 1983 -cü ildə sənədlərimi yenə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna verdim. İmtahan ərəfəsində tələbələr arasında köhnə rektorun dəyişildiyi, təzə rektorun demokratik fikirli olması, imtahanların qanuni keçəcəyi barədə şayiələr dolaşırdı, doğrusu bu hadisə məni də, sevindirirdi. Yaxşı yadımdadır, üçüncü imtahanım kimyadan idi, suallarımın hamısına dolğun cavab yazmışdım, imtahan götürən müəllimin qabağında əyləşən kimi vərəqimi aldı, o üzünə bu üzünə baxdı, altından bir "3" yazdı. Mən müəllimlə razılaşmadım, komissiya tələb elədim. Komissiya gəldi, professor Zəlimxan Qarayev və yanında hündür, yaraşıqlı, sərt qartal baxışlı bir nəfər də var idi. Sonradan bildim ki, bu professor Yaqub Məmmədov imiş. Onlar mənə piritin oksidləşməsi reaksiyasını yazmağı təklif elədilər, mən də, məmnuniyyətlə biliyimi ortaya qoydum. Beləliklə professor Yaqub Məmmədovla ilk tanışlığım buradan başladı. 
İnstituta qəbul oldum. Birinci kursu müxtəlif yerlərdə kirayədə qalmaqla çətinliklər çəkirdim. Rektorun qəbuluna getdim. “Uzaq dağ rayonlarından olan gəncləri birinci növbədə yataqxana ilə təmin etməlisiniz” deyə aidiyyəti insanlara tapşırıq verdi. İkinci kursdan etibarən 4 saylı yataqxanada qalmaqla əsil tələbəlik həyatım başlandı. 
Rektorluğu dövründə professor Yaqub Məmmədov haqq-ədalət carçısına çevrildi. Tələbələrin və hətta müəllimlərin belə haqqı pozulmadı, qiymət kəsmək, rüşvət almaq kimi neqativ hallar tamamilə azaldı. Əla qiymət alanların sayı çox olduğu üçün "Əlaçılar" qrupları yaradıldı. Bizim fakültədən 200 nəfərdən 55-i İnstitutu fərqlənmə diplomu ilə bitirdi. İctimai təşkilatlarda və tələbə elmi cəmiyyətindəki aktiv fəaliyyətimi nəzərə alaraq kliniki ordinaturada təhsilimi davam etdirmək üçün rektor Yaqub Məmmədovun göstərişi ilə 10-dan artıq əlaçı tələbəyə, o çümlədən mənə göndəriş verildi. Bu gün Azərbaycan Respublikasında Vətəninə, millətinə canla-başla xidmət göstərən minlərlə həkimlərimizin yetişməsində vaxtıilə professor Yaqub Məmmədovun rəhbərliyi nəticəsində Azərbaycan Tibb İnstitutunda yaradılan demokratik mühitin böyük rolu vardır. 
Öz adımdan və minlərlə tələbə yoldaşlarım adından sevimli rektorumuz Yaqub Məmmədovu 80 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm! Allahdan möhkəm cansağlığı, uzun, bərəkətli ömür arzulayıram! 
















Zərraf Təhməz oğlu Şirinov 
M.Topçubaşov adına ECM-nin  
baş elmi işçisi, tibb elmləri doktoru
Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 03-03-2021 19:11
Baxış sayı: 3644
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını