Moskvanın Qarabağ siyasətində yeni "sürprizlər" olacaq - ŞƏRH

19-12-2022 11:36


Moskvanın Qarabağ siyasətində yeni“Bakını raket atəşinə tutmaq təklifinə görə işdən azad olunduğu deyilən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti Mixail Aleksandrovun işdən çıxarılmasının əsl səbəbini hələ bilmirik.Ona görə ki, bundan əvvəl də azı iki nəfər (Duma üzvü) eyni "təşəbbüslə" çıxış etmişdi, amma onların barəsində heç bir tədbir görülməmişdi. Məsələn, heç olmazsa Rusiya Dövlət Dumasının etika kimitəsində müzakirəyə çıxarıla bilərdilər, amma heç bu da olmadı”.

Dalidag.az xəbər verir ki, bu fikirləri “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiyanın Azərbaycana yönəlik siyasətini şərh edərkən deyib.

Onun qənaətinə görə, ya Mixail Aleksandrovun məlum çağırışı Moskvanın Cənubi Qafqaz, özəlliklə də Azərbaycan siyasətinin həssas məqamına düşüb, ya da o bildiyi hansısa qapalı müzakirə olunan məlumatı və ya planı açıqlayıb:

“Qeyd etdiyim kimi, Moskvadan Azərbaycanın neft infrastrukturuna zərbə endirmək təklifi bu il ərzində azı 2 dəfə səsləndirilib. Hər bir halda bunu Moskvanın Azərbaycana dost münasibətinin təzahürü kimi təqdim etmək düzgün olmazdı.
Eyni zamanda, yuxarıda qeyd olunan variantların heç biri istisna olunmur. Moskva Cənubi Qafqazı itirmək təhlükəsilə üz-üzədir və həmin təhlükə günbəgün artmaqdadır. Yaranan boşluğu bölgədə marağı olan digər iki dövlət - İran və Türkiyə doldurmağa çalışır.
Amma İranın bölgəyə Azərbaycan vasitəsilə daxil olmaq və ya təsir etmək şansı yoxdur. Elə həmin səbəbdən də Tehran durmadan İrəvanı öz planlarının şərikinə çevirməyə çalışır. Ona görə də Tehran Azərbaycan-Türkiyə birliyinə qarşı İran-Ermənistan ittifaqını yaratmağa can atır.
Amma burda da hər şey göründüyü qədər asan deyil. Əvvəla, Ermənistanın özü çox güman ki, Tehranla strateji tərəfdaşlığa can atmır, digər tərəfdən də buna Qərb ölkələri imkan vermirlər. Görünür, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun ardınca Britaniynın Mİ-6 kəşfiyyat xidməti rəhbərinin də İrəvana səfəri (həm də) bununla bağlı olub”.


Siyasi şərhçi deyir ki, yaranmış vəziyyətdə İrəvanın seçim imkanları daralır.

“Bir tərəfdən Rusiya itirdiyi mövqeləri Türkiyədənsə İranın əldə etməsində daha çox maraqlıdır, digər tərəfdən isə həmin plana qarşı müqavimətin formatı yetərincə genişdir.
Tehranın təkbaşına Ankara-Bakı-Vaşinqton-London "ittifaqına" qarşı rəqabətdə uğur qazanacağı inandırıcı deyil. Xüsusilə də İranın mövcud daxili siyasi və iqtisadi durumunda. Odur ki, Moskva bu məsələdə Tehrana hər hansı şəkildə dəstək verməlidir.
Siyasətdə isə dəstək qarşılıq tələb edən addımdır. Cənubi Qafqazda İrana "yaşıl işıq" yandıran Rusiya bunun əvəzində özünün əsas layihəsi olan "Şimal-Cənub Dəhlizinin" bu ölkə üzərindən keçməsinə razılıq əldə etməyə çalışır. Bunun başqa yolu da yoxdur.
Azərbaycan-Türkiyə-Türkmənistan sammitindən sonra yolunun Xəzərin təkcə Qərb deyil, həm də Şərq sahilindən də kəsilə biləcəyini anlayan Rusiya dəhlizin açılmasını sürətləndirməyə məcburdur”, - Ə.Oruclu əlavə edib



Bəs İrana belə bir mübadilə nə vəd edə bilər?
 
Ekspertin sözlərinə görə, mövcud daxili siyasi və geosiyasi şəraitdə İran buna razılaşa bilər, çünki Rusiyanın Tehranın müttəfiqi qismində Suriyaya çıxış əldə etməsi onun (İranın) cənubdan (İsraildən) təhdidlərdən qorunmasına da təminat verə bilər.

“Amma belə bir sövdələşmə İran üçün təkcə Qərblə deyil, Çinlə də mümkün tərəfdaşlıq perspektivlərinin sonu demək olardı. Hələ özünün müqəddaratı bəlli olmayan Rusiya ilə belə bir sövdələşmə özündə yüksək risklər daşısa da Tehranın da başqa seçimi yoxdur.
Əvvəla ona görə ki, nüvə silahı əldə etmək istəyi səbəbindən onun İsraillə münasibətləri yalnız gərginləşən xətt üzrə gedəcək, digər tərəfdən də daxili sabitliyini təmin edə bilmədikcə,  beynəlxalq mövqeyi də durmadan zəifləyəcək.
Belə vəziyyət isə uzun müddət davam edə bilməz. Ona görə ki, davamı sövdələşməyə getməsi  Tehranın təkcə Qərb deyil, elə Rusiya qarşısında da kart-blanşlarını itirməsi demək olacaq. Zaman indi hər iki ölkənin əleyhinə işləyir.
Üstəlik də artıq ilk itkilər var: rəsmi Bakı bəyan etdi ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi 2024-cü ilə hazır olacaq, digər tərəfdən də davamlı olaraq bölgədə aktivləşən Türkiyə həmin vaxtadək hərbi güclə Azərbaycanda təmsil olunacağını bildirir.
Bu isə o deməkdir ki, həm Tehran, həm də Moskva üçün Cənubi Qafqaz, özəlliklə də Azərbaycan üzərindən güclə dəhliz açmağın bədəli ağır ola bilər. Bu, ümumiyyətlə mümkün olarsa. Belə olduğu halda Moskva-Tehran cütlüyünün iki mümkün yolu qalır.
 
1. Ermənistanı silahlandırmaqla və Azərbaycanla müharibəyə cəlb etməklə Moskvanın regiona hərbi müdaxiləsinə yol açmaq və
2. Eyni addımı Qazaxıstan və Türkmənistan üzərindən atmaq, amma burda da vəziyyət göründüyü qədər sadə deyil”.

Ə.Oruclunun sözlərinə görə, Moskvanın Mərkəzi Asiyaya müdaxiləsi ona hələlik loyal qalmağa çalışan Pekinin sərt reaksiyasına səbəb ola bilər. Bu isə onsuz da beynəlxalq təcrid vəziyyətində olan Rusiya üçün onun "geosiyasət oyununun" sonu demək olardı. Daha doğrusu, uğursuz sonluğu.

“Burdan da belə qənaətə gəlmək olar ki, sonda Rusiya öz geosiyasi hədəflərini reallaşdırmaq üçün Cənubi Qafqazdan keçməyə cəhd edəcək. Görünür elə həmin səbəbdən də Moskvanın Qarabağ üzərindən apardığı siyasətdən yeni "sürprizlər" gözləməli olacağıq.
Bəlkə də Mixail Aleksandrovun demək istıdiyi və ya istəmədən dediyi həmin "sürprizlərdən" biri imiş”.
Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 19-12-2022 11:36
Baxış sayı: 3154
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını