Tehranın İrəvanı silahlandırmasının pərdəarxası

09-12-2022 12:06


Azərbaycanla İran arasında gərginliyin pik həddə çatdığı dövrdə Tehran-İrəvan hərbi əməkdaşlığının dərinləşməsi diqqət çəkməyə bilməz.
Dalidag.az trend-ə istinadən bildirir ki, ötən gün İranın Ermənistana gizli yollarla pulsuz silah göndərməsinə dair yayılan məlumatlar da iki ölkə arasında hərbi əməkdaşlığın dərinliyini sübut edir.
Məlumatda bildirilirdi ki, oktyabr ayında İran Ermənistana yerli zavodlarda istehsal olunan 600 ədəd raket göndərib:
- "Dehlaviyeh" - 500 ədəd
-. "Almas" tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi - 100 ədəd
"Dehlaviyeh" TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, "Almas" kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb.
Bu məqamda Ali Rəhbərin müşaviri Əli Əkbər Vilayətinin bir müddət əvvəl Azərbaycanla bağlı dediyi sözləri xatırlayaq: "İran Azərbaycana hücum edilərsə, onu dəstəkləyəcək. Azərbaycan bizim göz bəbəyimizdir".
İndi məlum olur ki, Vilayəti bu açıqlamanı verdiyi dövrdə İran rəhbərliyi Ermənistana pulsuz silah göndərirmiş.
Tehranın düşmən hesab etdiyi dövlətlərə qarşı istifadə etdiyi eyni ssenari
İranın Qafqazda düşməni yoxdur. Bütün bölgə ölkələri Tehranla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır. Amma görünür, Tehran özü üçün xəyali düşmənlər müəyyənləşdirib, ona qarşı mübarizə aparmağa adət edib. İndi də müsəlman Azərbaycanı düşmən kimi görür. Azərbaycana açıq hərbi müdaxilə etməkdən çəkindiyi üçün isə düşməni Ermənistanı silahlandırır. İran bununla Azərbaycana təzyiq göstərməyi, maraqlarını təmin etməyi düşünür.
Hazırki geosiyasi vəziyyət göstərir ki, İran təkcə Azərbaycana deyil, özünə düşmən hesab etdiyi bütün dövlətlərə qarşı eyni ssenari ilə hərəkət edir:

1. İran Yəməndə Husi üsyançılarını silahlandırır. Tehran bununla düşmən hesab etdiyi ərəb dövlətlərinə, xüsusilə Səudiyyə Ərəbistanına qarşı cəbhə yaratmağı hədəfləyir;
2. İŞİD-in İraqdakı varlığının sonlandırılmasında Bağdada yardım edən İranın dəsətəklədiyi qruplar, terrorçulardan təmizlənən bölgələrdə çox böyük güc əldə edib. İranın İraqdakı əsas dəstəkçiləri Xalq Səfərbərlik Qüvvələri və "Həşd əl-Şaabi" kimi tanınan təşkilatlardır. Bu qüvvələrin sayının 150 minə yaxın olduğu ehtimalı edilir. Tehran silahla təchiz etdiyi həmin qruplaşmalardan istədiyi vaxt İraq hökumətinə qarşı təzyiq vasitəsi kimi istifadə edir;
3. İranın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi ona ölkədə möhkəmlənməyə imkan verib. Tehran bu müharibədən öz maraqları üçün istifadə edərək, "Fatemiyun", "Zeynəbiyun", "Kataib Hizbullah", Ceyş əl-Qura", "Haşimiyun" milis dəstələrinin və Bədr Briqadalarının yaradılmasına nail olub. Adıçəkilən qruplar Suriyanın müəyyən hissəsini nəzarətdə saxlayır və İran hakimiyyətinin maraqlarını təmin edir;
4. Tehran Livanda "Hizbullah" təşkilatını da silahlandırır və bu qruplaşma Beyrutda böyük nüfuza sahibdir. Daha dəqiq desək, İranın nəzarəti altında olan silahlı qrup Livanda Tehranın maraqlarına cavab verən siyasi fəaliyyətlə məşğuldur;
5. Bəzi mənbələrdə İranın PKK terror təşkilatını da dəstəklədiyi qeyd olunur;
6. Rəsmi Tehran Ukranya müharibəsindən özünə düşmən hesab etdiyi ABŞ və Avropa dövlətlərinə qarşı istifadə edir. İranın Rusiyanı Ukraynaya qarşı apardığı müharibədə dronlarla təchiz etməsi buna bariz nümunədir. Çünki Ukraynadakı müharibənin əsas tərəfləri Qərb və Rusiyadır. Tehran isə Rusiyanı "Şahed" pilotsuz uçuş aparatları (PUA) təmin etdiyini etiraf edib;
7. Tehran Fələstində fəaliyyət göstərən HƏMAS qruplaşmasını dəstəkləyir. İran HƏMAS-ı dəstəkləməklə düşmən hesab etdiyi İsrailə qarşı cəbhə yaradır.
Göründüyü kimi, İran düşmən hesab etdiyi qüvvələrə qarşı birbaşa deyil, dəstəklədiyi qruplaşmalar vasitəsi ilə mübarizə aparır. Tehran uzun illər eyni ssenarini Azərbaycana qarşı tətbiq edib. Hazırda bu prosesi daha da genişləndirib və açıq formada aparır.
Qarabağ münaqişəsi bitdikdən sonra İranın Ermənistana pulsuz silah verməsi, ümumilikdə İrəvanı hərtərəfli dəstəkləməsi isə normal hərbi-siyasi əməkdaşlıq deyil. Bu əməkdaşlıq Azərbaycanın suverenliyinə, Cənubi Qafqazdakı sülhə qəsd siyasətidir.
Təbii ki, Azərbaycanla Ermənistan arasında hərbi gərginlik olarsa, İrəvan Tehranın ona hədiyyə etdiyi silahlardan gen-bol istifadə edəcək. Qarşı tərəfdə ölənlər isə İranla eyni dinə, məzhəbə qulluq edən əqidədaşları olacaq.
Ümumilikdə, İranın adındakı "İslam" sözünü, rəsmilərin Bakıya verdiyi "dostluq" mesajlarını, Tehranın ağız dolusu danışdığı İslam birliyini və xristian Ermənistanla, müsəlman Azərbaycan arasındakı gərginliyini nəzərə alsaq, molla rejimi ilə İrəvanın silah alverində qeyri-adiliklər çoxdur.

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 09-12-2022 12:06
Baxış sayı: 3199
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını