Reklam
Oğurlanan sümüklər, bir gecədə 200 məktub, torpağına sahib çıxan əsgər - TUĞDAN REPORTAJ - VİDEO
02-01-2021 13:07
Dalidag.az bildirir ki, apa-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportaj Xocavənd rayonunu Tuğ kəndindəndir.
Bu yerlərdə Azıxdan başqa dünya sivilizasiyasının beşiyi sayılan başqa bir tarix də mövcuddu. Söhbət Yaxın Şərq və Qafqaz ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm və zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji abidə sayılan Tağlar mağarasından gedir. Tağlar paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşələrindən birində, Tuğ və Tağlar kəndləri arasında Quruçayın sol sahilində yerləşir. Unikal xüsusiyyətli və özü də çoxtəbəqəli Taclar mağarası 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən qeydə alınıb.
Mağaranın bir neçə metrliyindən axan Quruçay Tağlar düşərgəsində yaşayan qədim insanların həyatında mühüm rol oynayıb. Ona görə də, neandretal tipli insanlar bu ərazidə olan Tağlar mağarasını özlərinə daimi yaşayış məskəni seçiblər.
1963-cü ildən başlayaraq 1986-cı ilədək müəyyən fasilələrlə Tağlar paleolit düşərgəsində arxeoloji qazıntı işləri nəticəsində 8 mindən artıq daş məmulatı və 500 mindən çox qədim insanın ovladığı heyvanların sümükləri tapılıb. Daş məmulatının elmi təhlili göstərir ki, Tağlar mağarasının qədim sakinləri əmək alətlərini əsasən düşərgədə hazırlayıblar. Qafqaz və Yaxın Şərq paleolit düşərgələri içərisində Tağlar düşərgəsi yeganə abidədir ki, buradan tapılan əmək alətləri olduqca zəngin tarixə malik olmaqla bərabər, yeni-yeni əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini öyrənməyə geniş imkanlar yaradır.
Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı ən maraqlı tapıntılardan biri də düşərgədə çoxlu ocaq laylarının qeydə alınmasıdır. Bu göstərir ki, Tağlar düşərgəsində neandertal tipli insanların həyatında ocaq mühüm rol oynamışdır. Maraqlıdır ki, düşərgədən tapılmış sümük məmulatının əksəriyyəti ocaqda yandırılıb. Bu düşərgə sakinlərinin ovladıqları heyvanların ətlərini ocaqda bişirdiklərini göstərir.
Erməni vandalizmi Tağlardan da yan keçməyib. Bir sıra xarici ölkələrdən bura qeyri-qanuni yolla gətirilən tədqiqatçılar Tağları vəhşicəsinə istismar ediblər. Minlərlə nümunə vəhşicəsinə, heç bir arxeoloji qaydalar uyğun olmadan daşınıb, satılıb, oğurlanıb.
***
Dağlıq Qarabağ münaqişəsi başlayanda Tuğ erməni separatçılarının az qala ideoloji mərkəzi hesab olunurdu.
Düzdür, bu kənddə ermənilərlə və azərbaycanlılar bir yerdə yaşayırdılar. Bir maraqlı fakt: O vaxtkı “Kommunist” qəzetinin 1989-cu il 15 sentyabr tarixindəki sayında göstərilir ki, həmin ərəfədə Tuğda 920 azərbaycanlı və 700 erməni yaşayırmış. 1991-ci ilin sentyabrından başlayaraq Tuğda xaricdən, xüsusən də Livandan bu yerlərə gəlib çıxmış saqqallılar görünməyə başladı. Bu yerlər üçün yad olan bu adamlar və onları dəstəkləyən yerli ermənilər tədricən azərbaycanlılar üçün başağrısına çevrilirdilər. 1991-ci ilin 17 sentyabrında artıq Tuğ ilk qurbanlarını verməyə başladı. İki azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Hətta onların bədən üzvləri belə doğrandı. Təbii ki bütün bunlar azərbaycanlıları qorxutmaq üçün idi.
Amma kəndin azərbaycanlı əhalisi həm saqqallı yaraqlılara, həm də bir zamanlar çörək verdikləri nadan ermənilərə müqavimət göstərə bilirdilər. Vəziyyət oktyabr ayından başlayaraq yerli ermənilərin də kütləvi şəkildə silahlandırılmasından sonra pisləşdi. Artıq yerli azərbaycanlı sakinlər real ölümlə üz-üzəydilər. Və tədricən kəndi tərk etməyə başladılar
Yeri gəlmişkən, Dağlıq Qarabağda məhz ilk dəfə Tuğ erməniləri separatçılıq edərək durmadan Ermənistanla birləşmək arzusuyla Moskvaya teleqramlar göndərirdilər. Bu faktdır: Təkcə bir gecədə DQMV-in müxtəlif rayon mərkəzlərindən Tuğ erməniləri Qorbaçovun ünvanına 200-dən çox teleqram göndərərək öz bədnam niyyətlərini bildirmişdilər.
***
Tuğ və eləcə də Hadrut tarixən şərabçılıq mədəniyyəti ilə seçilib. Ötən dəfə qeyd etdiyimiz kimi, bu yerlərin şərabı nəinki SSRİ-də, bütün dünyada məşhur idi. İşğal altında olduğu dönəmdə Hadrut və eləcə də Tuğda ermənilər meşələrdəki palıd ağaclarını vəhşicəsinə məhv edərək onlardan üzüm çəlləkləri düzəltmişdilər. Təbiətin bu cür istismar olunması Azərbaycan ekologiyasına hansı miqdarda zərər vurulduğunu əyani sübut edir. İndi ermənilərə necə deyərlər od qoyan məqamlardan biri də Tuğun azad olunması nəticəsində böyük bir şərabçılıq kompleksindən məhrum olunmalarıdır. Təbii ki bu yerlərin yiyələri əvvəl axır gəlib çıxmalıydı. Və gəldilər də. '
“Tuğ kəndində yerləşən zavod böyük sistemə malik idi, bağlar, çənlər, şərab dolu anbarlar hamısı indi Azərbaycanın mülkiyyəti oldu”.
Bunu Ermənistan Milli Şərab Mərkəzinin prezidenti Avaq Arutyunyan deyir yerli mediaya. Arutyunyan onu da deyir ki ki, “hamımız şok vəziyyətindəyik. Nə boyda zavodu itirmişik”.
Bu yerlərdə məşhur olan Xindoqni üzüm növündən hazırlanan şərablar dadı və keyfiyyətinə görə xüsusi seçilirdi. Sovet dövründə Azərbaycan malı adı altında Xindoqni üzüm növündən hazırlanan “Hadrut”, “Xindoqnı” şərabları bütün dünyaya ixrac olunurdu.
İndi ədalət bərpa olunur: “Made in Azərbaycan” brendi altında.
***
Yuxarıda bir söz işlətdik, unutmamısınızmı? “Bu yerlərin yiyələri”. Hə, bu yerlərin yiyələri gəlib çıxdılar. Noyabrın 9-da öz bayraqlarını kəndin ən uca yerinə sancdı qəhrəman Azərbaycan əsgəri. Elə onlarla söhbət edirik Tuğda
Abusəməd Niftiyev deyir ki, qalib əsgər olmaq, o hissi yaşayanlar bilər.
- Çox gözəl bir hisdir. Mən fəxr edirəm ki, Azərbaycan ordusunda döyüşdüm və qələbə bizim oldu. Azərbaycan ordusunun oldu. İndi Tuğdayıq, Ali Baş Komandan hara əmr etsə, orda da hərbi xidmətimizi davam etdirəcəyik.
Nurlan Bayramov:
- Biz bunu bacardıq. Buna görə çox şükürlər olsun. Bütün Azərbaycan ordusuna çox sağ ol deyirəm. Hər bir şeyimiz çox gözəldi. Şəraitimiz, yaşayışımız, hər şey yaxşıdır. Ailəmə, yaxınlarına salamlarımı göndərmək istəyirəm. Narahat olmasınlar.
Əsgər Elvin Məmmədov deyir ki, bu gün ayaq üstəyəmsə, qohumlarımın, dostlarımın, anamın, atamın duaları sayəsində ayaq üstəyəm. Çox ağır döyüşlər oldu. Amma şükür, torpağımızı azad etdik. Mən Füzulinin və Xocavəndin işğaldan azad olunmasına görə, Prezident sərəncamı ilə iki medalla təltif olunmuşam. Hər zaman Ali Baş Komandanımızın əmrindəyəm.
- Qalib olmaq gözəl hissdir. Hər bir əsgər istəyərdi ki, bu döyüşlərdə iştirak eləsin və qalib gəlsin. Bu Azərbaycan xalqının istəyi idi. Mən də sevinirəm ki, bu gün buradayam. Qalib əsgərəm.
Bunu isə Elçin Abbasov deyir.
Ağaraziyev Aydının isə 19 yaşı var. 6 aydı xidmət edir.
19 yaşı olmasına baxmayaraq qəhrəman əsgər Prezidentin sərəncamıyla 3 medalla təltif olunub. Nardarana, ailəsinə salam göndərir, “yaxşıyam” deyir, “mənimlə fəxr edə bilirsəniz” deyir.
Zabitlər isə təvəzökarlıq edirlər. Danışmağa həvəsli deyillər. Bircə onu deyirlər.
- Bu müharibənin unikallığı bilirsinizmi nə idi.
- Nə?
- Bu müharibədə zabit əsgərə demədi ki, irəli get, hücuma keç, o təpəni almalıyıq. Başda general, ardınca zabitlər irəlidə getdilər. Əsgəri də özlləriylə qələbəyə apardılar. Bu müharibədə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq isə tarix kitablarına düşəcək. Buna inanın. Haqlısan cənab zabit. Tarix yazan zabit. Tarix yazan əsgər. Tarix yazan Ali Baş Komandan.
***
Hə, o ki qaldı bizim tapıntıya, bu “Kataro” şərabıydı. Amma bundan sonra yəqin ki belə adlanmayacaq. Yuxarıda dedik axı, "Made in Azərbaycan” brendi olacaq
Müəllif: Səbuhi Məmmədli
Foto – Vüqar Əlioğlu
Kateqoriya: Qarabağ
Tarix: 02-01-2021 13:07
Baxış sayı: 2270
Yazı axını
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar