Reklam
Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
31-03-2024 14:20
O gün gördüklərim nə idi, Allahım? Bir belə naləni, bir belə ahı, bir belə göz yaşlarını bu qara yer, bu mavi səma necə götürdü? Ağlayan kim, qışqırıb fəryad edən kim, öz doğmalarını qarışıq insan burulğanından axtarıb tapmağa çalışan kim.
Səsdən-küydən qulaq tutulurdu, ana torpaq ayaqlar altda ovulur, əzilir, kül halına dönür, əsən küləyin təsiri ilə insanların başına sovrulurdu, gözlərinin, qulaqlarının, içinə dolurdu. Hamının səsi boğuq, xırıltılı, hər kəsin gözləri yaşlı, bulaşıq, hər kəsin başı şişmiş, boğaz damarları köpüb qalxmış, üst-başları toztorpağa bulaşmış vəziyyətdə idi. Ayaqları yalın da var idi, başları açıq da. Kişilərin üz-gözü tük içində itmişdi, qadınların solmuş yanaqlarında dırnaqlarının izlərinin yeri qalmışdı. Böyük bir kütlə vahimə içində fırlanırdı, fırtınaya düşmüş çör-çöp yığını kimi sağa-sola burulurdu. Nə qadın bilinirdi, nə uşaq, nə də kişi. Hamı bir-birinə qarışmışdı. Bir də görürdün ki, yuxarı səmtdən – Kəlbəcərdən Göygölə(Xanlara) gələn yol tərəfdən bir və ya bir neçə adam gəlir. İnsan itiyi olanlar itirdikləri adamları tapmaq ümidiylə gələn adamlara doğru qaçırdılar. Kədər, ümidsizlik dolu çağırış nidaları bu qarışıq fəryad xorunun içində aydın seçilirdi:
-Fərhad heyyy...
-Məmməd heyyy...
Murovdağ tərəfdən gələn şəxsi dövrəyə alırdılar, necə, hansı yolla qurtulduğunu soruşurdular. Özlərinin itiklərindən xəbər bilməyincə vaysınıb əllərinə, dizlərinə vururdular.
Yenidən kimsə gəlirdisə, eyni əhvalat yenidən təkrar olunurdu. Yenə eyni ümidsizlik, eyni çarəsizlik, eyni qeyri-müəyyənlik dönə-dönə təkrar olunurdu. Kəlbəcərin ermənilər tərəfindən işğalından bir həftəyə qədər vaxt keçsə də, Kəlbəcər əhalisi öz ev-eşiklərini tərk etsə də, hələ də Murov dağı aşıb gələ bilməyənlər var idi, hələ də ölməsi, qalması və ya əsir düşməsi məlum olmayan insanlar var idi. İnsan itkisindən başqa sanki buraya toplaşan insanlar nə ev itirmişdilər, nə var-dövlət, nə də vətən torpağı. Hamı keyləşmişdi, hamı huşsuz bir vəziyyət almışdı. Hələlik yada düşən, axtarılan doğma insanlar idi. İtiyini tapan bu dünyanı yenidən tapmış kimi idi.
* * *
Bu əhvalatı mən 1993-cü ilin aprel ayının 5-də Göygöl şəhərinin üst yanında, indiki Su İdarəsinin yerləşdiyi ərazidə gözlərimlə görmüşəm. Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra pərən-pərən olmuş əhali o zaman məhz bu ərazidə toplanır, itkin düşmüş və ya hələ də gəlib Göygöl rayonuna çatmamış, yaxud da hələ də öz doğmalarını, ailə üzvlərini tapmamış adamlarını axtarırdılar. Sanki məhşər ayağına çəkilmiş insanlar qiyamət gününün dəhşətlərini yaşayırdılar.
Unudulması mümkün olmayan səhnələr idi o gördüklərim. Həmin vaxtlar müəyyən boşluqların olmasına baxmayaraq Azərbaycan dövləti var idi, yetkinləşmiş Azərbaycan xalqı var idi, əlaqədar orqanlar var idi. Ayrı-ayrı rayonlarda, kəndlərdə boş olan müəyyən idarə, təşkilat binaları var idi. Pis, yaxşı köçkün əhalini hissə-hissə müəyyən yerlərdə yerləşdirmək, onları aclığın, səfalətin cəngindən qurtarmaq cəhdləri var idi.
İndi bir anlığa 1993-cü ildən 75 il əvvələ qayıdaq. 1918-ci ilə. Cənubi Qafqazın müsəlmanlar yaşayan bir çox vilayətlərində müsəlmanlara qarşı ermənilər tərəfindən törədilən böyük qırğın, deportasiya, faciə dolu günlərə, aylara.
O zaman Azərbaycan müstəqil dövlət deyildi, Çar Rusiyasının ucqar bir əyaləti idi. Çar II Nikolay da taxtdan salınmış, Rusiyanı aclıq, yoxsulluq, vətəndaş müharibəsi bürümüşdü. Azərbaycanda da əhalinin böyük əksəriyyəti savadsız, dünyada və regionda gedən siyasi proseslərdən xəbərsiz idi. Bundan başqa, yoxsulluq, silah-sursat ehtiyatının olmaması, ayrıayrı bölgələrin bir-birindən xəbərsiz, məlumatsız olması da öz işini görmüşdü.
Birinci dünya müharibəsində ruslara qoşulan ermənilər Osmanlı dövləti ərazisində türk şəhərlərinə, kəndlərinə hücum edir, silahsız dinc əhalini cinayətkarcasına qətlə yetirirdilər. Ermənilərin törətdikləri qətliamları və dövlət əleyhinə casusluq fəaliyyətlərini dayandırmaq üçün Osmanlı Dövləti 1915-ci ildə “24 aprel Əmrnaməsi”ni elan etdi.
Həm Osmanlı dövləti ərazisindən gələn silahlı erməni zabitləri və əsgərləri, həm də Çar Rusiyası ordusunda təlim keçmiş erməni hərbçilər əldə etdikləri silahları günahsız, silahsız, əliyalın azərbaycanlı əhaliyə qarşı çevirdilər.
Tarixi mənbələrin verdiyi məlumata görə 1917-ci ilin dekabrından 1918-ci lin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələri İrəvan, Eçmiədzin, NorBəyazid qəzalarında 197 kəndi dağıtmış, əhalini öldürmüş və didərgin salmışlar. 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Göyçay, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə də bu qırğınları davam etdirmişlər. Naxçıvan, Gəncə və Zəngəzur vilayətlərində bu qırğın və talanların miqyası daha böyük olmuşdur.
Haşiyə: Mənim hal-hazırda yaşadığım Göygöl rayonunun Balçılı kəndi vaxtilə 20 kənddən ibarət bir kiçik mahalın adı olmuşdur. 1918-ci ildə buraya, xüsusən də Dərə Balçılıda yerləşən kəndlərə ermənilər hücum etmiş, Ağyoxuş kəndində insanlıq dışı faciələr törətmişlər. Ancaq Ağyoxuş qırğınları nə qeydə alınıb, nə tarix kitablarına yazılıb, nə də mətbuata yol tapıb. Eləcə yaddaşlarda, xatirələrdə yaşayır hələ ki.
Azərbaycanlı əhalinin var-yoxunun talan edilməsi, sağ qalanların isə öz yurd-yuvalarından didərgin salınması, bir sözlə, erməni daşnaklarının törətdikləri ən böyük qırğınlardan biri Göyçə mahalında həyata keçirilmişdir. Əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan Göyçə mahalında olan qırğınlar haqqında, əhalinin sağ qalan hissəsinin öz yurdyuvalarından qovulması haqqında, köçkün düşməsi haqqında da tutarlı tarixi faktlar azdır. Ancaq bu faktların bir qismi nə yaxşı ki, bədii sözün hesabına itib-batmayıb, aşıqların, nağılçıların dilində nəsildən-nəsilə ötürülərək yaşamaq hüququ qazanıbdır.
Bir elə gələn fəlakət, bir yurdu gözləyən afət o elin sənətkarından, söz ustasından yan keçə bilməzdi. Keçmədi də. Göyçə camaatı öz kəndlərindən, dədə-baba evlərindən baş götürüb dağlara üz tutdular. Hələ qarı-buzu əriməmiş uca dağ zirvələrini keçib Cavanşir mahalının- indiki Kəlbəcər rayonunun onlara ən yaxın olan kəndlərinə çatmağa, tayqulaq Andranikin qaniçən quldur dəstələrindən canlarını qurtarmağa çalışırdılar.
Yazın ala-çalpovunda dağın boranına düşüb qırılan əhalinin ah-naləsini eşidəcək Allah bəndəsi olmadı. Qışdan 3 gün borc alan yaz fəsli həmin il qəzəblə, nifrətlə, həqarətlə dağın gədiyini aşmaqda olan ac-susuz, yorğun köç əhlini haqladı. Ona saymazlıq göstərən qarı nənənin keçilərini qırmaqla ürəyi soyumadı. Qışdan kirələyib aldığı tufan, boran, qasırğa adlı döyüşçüləri ilə bu talehsiz insanları qısnayıb dərin dərənin içinə doldurdu. İnsanlar bir-birinə qısıldılar, beş bir, on bir toplaşıb dərənin kənarındakı qayalara, kahalara, yarğanlara pənahlandılar. Heyhat.., təbiət ona bu dəfə pənah gətirənlərə həyan olmadı, onların malına da, canına da qıyan oldu. Soyuqdan, şaxtadan buz bağlayan insanların üstünə burum-burum qar ələdi. Donmaqda olan insanlara nəfəs çəkməyə imkan vermədi. Bu müsibəti hər şeyi görən Allah da sanki görmədi. Az sonra əsən qarlı, buzlu külək yamaclardakı, zirvələrdəki düyuyə bənzər narin qar dənələrini sovurub bu biçarə insanların sığındığı dərəni doldurdu. O tay, bu tay yamaclara qədər bu dərin dərə küləyin sovurub gətirdiyi qarla doldu. Bu qar laylarının altında qalan insanlar nə tərpənə bildilər, nə də tarın altından çıxa bildilər.
Aradan illər keçəcək. Kəlbəcərli şair Məmməd Aslan bu faciəli hadisəni eşidəcək, tükləri biz-biz duracaq. Ancaq sovet rejiminin çəkdiyi qalın pərdəni, keçilməz səddi tam çılpaqlığı ilə aça bilməyəciyini bilmiş, ürək yanğısını “Sümüklü dərə” şeiri ilə söndürməyə çalışmışdır. Bənzərsiz bədii dilə, üsluba malik olan şair 1969-cu ildə qələmə aldığı bu şeirdə başımıza gələn bu faciələrdən obrazlı bir dillə bəhs etmişdir. Göyçə mahalında mənfur ermənilərin törətdiyi vəhşilikləri o zaman üçün gənc və istedadlı şair cəsarətlə lənətləmiş, Sovet hökumətinin kəsəkəs vaxtı olmasına baxmayaraq xalqı öz keçmişinə, öz tarixinə sahib çıxmağa çağırmışdır:
Mən dərə görmüşəm: moruq qoxulu,
Mən dərə görmüşəm:nərgiz yuxulu...
Bu dərə nə qədər müdhiş, qorxulu-
Sümüklü dərə.
Bura şəhidlərin gorsuz gorgahı,
Bura qatillərin məhşər günahı.
Uçqun dodağında saxlar min ahı-
Sümüklü dərə.
Bu şeirin yazılma tarixi qəribə bir hadisə ilə bağlı olmuşdur. Kəlbəcərin Göyçə gədiyinə dirənən dağ aşırımında insan sümükləri ilə dolu bir dərə var imiş.Hər il yaz-yay aylarında qar əriyəndən sonra bu dərənin üstü humay quşları ilə dolu olurmuş. Bu quşlar hərdənbir dərəyə enib bir sümüyü götürüb havaya qaldırar, sonra həmin sümüyü bir qayanın, bir daşın üstünə buraxarmış. Bu zaman sümüyün içindən çıxan qurd-quşla quşlar qarnını doydurarmış. Şair bu faciə dolu əhvalatın yaranma səbəbini bilir və bunu bədii sözün dili ilə tarixə həkk edir.
***
Aşıq Ələsgərin əsərlərindən Göyçə mahalında yaşayan azərbaycanlıların öz yurdyuvalarından qovulana-1918-ci ilə qədər də müəyyən çətinliklərlə üzləşdiyi məlum olur. I Dünya müharibəsinin törətdiyi qıtlıq, iqtisadi çətinlik kimi problemlərə ermənilərdən gələn milli zülm və ayrı-seçkilik də əlavə olunur. Qocaman sənətkar bir filosof uzaqgörənliyi ilə Göyçə mahalında iqtisadi çətinliklərin olduğunu, insanların həyat şəraitinin günbəgün pisləşdiyini bir sıra əsərlərində qeyd etdiyi kimi “Bahalıq” şeirində də realistcəsinə təsvir etmişdir:
Görməmişdik səksən ildə
Bir belə yaman bahalıq.
Dad! Həzər dad! Əlindən
Çəkirik aman, bahalıq.
Mal satan, taxıl satan
Satırlar iman, bahalıq.
Gen dünya bizim üçün
Olubdu zindan, bahalıq.
Günü-gündən dərdimiz
Eyləyir tüğyan, bahalıq.
Müxəmməsin bu bəndindən aydın görünür ki, Göyçədə iqtisadi tənəzzül yaradan,”gen dünyanı bizim üçün zindan edən “ qeyri yerin millətidir.” Bu vəziyyəti yaradan yəqin ki, xarici ölkələrdən köçürülüb gətirilən erməni tacirləridir, iş adamlarıdır, ayrı-ayrı məmurlardır, “çinovnik, naçalnik və pristav”lardır. Ancaq eyhamla danışan Aşıq bu adamların kimliyinə, milli mənsubluğuna aydınlıq gətirmir. “Ağaclı ağacını götürəndə suçlu suçunu anlayar”, atalar sözündə olduğu kimi suçlunun kimliyini anlamağı dinləyicinin öhdəsinə buraxır.
Nə mal yoxdu sataq, yerdə
Nə də keçi, toğlu, qoyun.
Ehtiyatı saxlamadıq
Başımıza gəldi oyun.
Ağ lavaşı bəyənməyən
İndi arpa cadı yeyin.
Ələsgərin bu dərdini
Gedin, dərdbilənə deyin.
Ac, susuz, açıq, çılpaq
Sürürük dövran bahalıq.
Qocaman sənətkar “Ələsgərin(əslində isə xalqın, millətin) dərdini” başbilənlərə, dərdbilənlərə deməklə xalqın bu acınacaqlı vəziyyətdən çıxış yollarını arayırdı. Ancaq heyiflər olsun ki, vəziyyət daha da pisləşdi.Göyçə mahalı öz yerindən yeridi, insanlar tərkivətən oldular.
***
Tərtər çayının əsas qollarından biri olan Lev çayı öz başlanğıcını Qonurdağdan, Söyüdlüdən, kiçik Alagöllərdən axan bulaqlardan başlayır, Dəmirçidam, Cəmilli, Lev, Təkəqayası kəndlərinin dağlarından kiçik çaylar şəklində axıb gəlir, bu kəndlərin aşağı hissəsində bütöv bir çay halında birləşərək Qamışlı kəndini keçəndən sonra Tərtərə qarışır. Lev çayının sağ sahili Söyüdlüdən Tərtərə qədər meşə örtüyü ilə bürünmüş yamyaşıl yamaclardan, astanalardan, talalardan, sərt qayalardan, dağlardan ibarətdir. Lev çayının bu sağ sahilində yalnız bircə kənd var idi: Qanlıkənd. Dörd tərəfi meşə ilə əhatə olunmuş bu kənd olduqca mənzərəli bir yerdə yerləşirdi. Kənd sakinlərinin çoxu isə dülgərlik və bənnalıq işlərinin məharətli ustaları idilər. 1905-ci ildə ermənilərin Dərələyəzdə törətdikləri qırğınlardan canını qurtaran bir neçə qohum ailəyə həmin Qanlıkənddən olan Mərdan oğlu Abbas tarixi Lev qalasının üst yanında-Qalaboynu adlanan ərazidə yaşamaq üçün yer verir. Qalaboynu ilə Qanlıkəndin arası çox yaxın idi- iki kilometrdən də az idi. 1918-ci ildə Aşıq Ələsgərin Göyçədən qaçqın düşən ailəsini də Qanlıkəndin o vaxtki kişiləri Qalaboynu adlanan yerdə yerləşdirir. Qısa vaxtda onlar köməkləşib Aşıq Ələsgərə bir ev tikirlər. Abbasın atası Mərdanın çayın kənarında olan dəyirmanını işlətmək işini də Aşıq Ələsgərə həvalə edirlər. Aşıq Ələsgər həm bu dəyirmandan aldığı haqq ilə ailəsini dolandırır, həm də Qanlıkənd və İlyaslar (Ellazallar) arasında olan qan düşmənliyinin davam etməsinin qarşısını almış olur. Bu haqda “Dəyirmançı aşıq” dastan-rəvayətində belə deyilir: “Aşıq Ələsgərin Kəlbəcər tərəfdə dostları çox idi; Qanlı kənddən Mərdan oğlu Abbas, Dal, Usuf, Seyid Əziz...Bunlar bir neçə ulaq göndərdi, Aşıq Ələsgərgili köçürdüb apardılar.”
Haşiyə: Bu sətirlərin müəllifi 1981-1984-cü illərdə təyinatla Kəlbəcər rayonunun Qanlıkənd kəndində müəllim işləyəndə dəfələrlə tarixi Lev qalasına, qalanın üst yanında Qalaboynu adlanan yerdə Aşıq Ələsgərin evinin kalafasına baxmış, qəmli düşüncələrindən doğan misraların əks-sədası yarpaqların pıçıltılarına qarışmışdır:
Sürgün torpağına bənzəyir bu kənd,
Hər tərəf sakitlik, hər insan tənha.
Burda istədiyin dostla görüşmək
Ümidi qalıbdı yalnız Allaha.
...Qalada dayanan şəxsə toxunma,
Qəlbini açıbdı amana, aha.
Kim bilir, üç il ərzində ömrün qocalıq çağında Aşıq Ələsgər o dağlara, o yamyaşıl budaqlara, üstünü xəzəl basmış bulaqlara nə qədər şeirlər söyləmişdir. Əfsus ki, budağın, bulağın, torpağın yaddaşına yazılanları oxuya bilmirik. Oxusaydıq, çox mətləblərdən hali olardıq.
Aşıq Ələsgərin dəyirmanı işlətməsi əhvalatı “Koroğlu” dastanında “Həmzənin Qıratı qaçırtması” qolunda Koroğlunun dəyirmanda qalması epizoduna bənzəyir. Qıratı əldən verən Koroğlu deyir:
Qırat əldən getdi barı,
Canda qaldı intizarı.
Üyüt arpa, buğda, darı,
Al sahadın sən Koroğlu.
Aşıq Ələsgərin Mərdan oğlu Abbasın dəyirmanını işlətməsi, aldığı sahad ilə müvəqqəti olaraq ailəsinin gündəlik ruzisini təmin etməsi zahirən Koroğlunun dəyirman əhvalatına bənzəsə də, daxilən, məna və məzmunca tamam fərqlidir. Aşığın eli-obası yağmalanmış, ailəsi də daxil olmaqla yağı düşməndən can qurtaranlar Cavanşir qəzasına (indiki Kəlbəcər rayonuna) sığınmışdılar. Qocaman el sənətkarının gələcək haqqında arzusunun əksinə olan fələyin çərxinin - “çarxı-kəcmədarın” belə fırlanması aşığın qəlbində dərin yaralar açır, bu yaraların sağalacağına ümidi, inamı qalmır:
Dad sənin əlindən çarxı-kəcmədar,
Ürəyimdə yüz dərmansız yaram var.
Aşıq-dəyirmançı, ağa-çarvadar,
Sərraf gəlsin bu bazara,dolansın.
Səməd ağanın, Aşıq Nəcəfin öldürülməsi xəbərini alan Aşıq Ələsgər zodlu Həmid ağanın da çarvadarlıq etdiyini (atla yük daşıyıb muzd aldığını) görüb bu ağrı-acıları da misraların içinə hörmüşdü.
Zaman bəd gəlmişdi, dövranın çərxi tərsinə dönmüşdü. Pis də, yaxşı da olsa mərkəzi hökümət (çar höküməti) yıxılmış, dərəbəylik yaranmışdı. İnqilabın yaratdığı iqtisadi tənəzzülü milli zəmində olan münaqişələr bir qədər də dərinləşdirmişdi. Təsərrüfat işləri başlı-başına qalmış, aclıq, bahalıq, qıtlıq insanaları taqətdən salmışdı. Dünyanın hər üzünü görmüş Aşıq Ələsgər gördüyü bu ağrı-acılı anları ürək ağrısı ilə dilə gətirir, dövrünün yoxsul və imkansız insanları üçün günəşin, ayın da yoxa çıxdığını ərz edirdi:
Bal ki bahalandı,qırıldı arı,
Yağ satanlar mala saldı azarı.
Min manata qalxdı dareqan,darı,
Nə gün çıxsın, nə sitara dolansın.
Arının, mal-qoyunun qırılması, balın-yağın qəhətə çəkilməsi, əkin-biçin işlərinin pozulması nəticəsində arpanın, buğdanın çətinliklə tapılması, hətta pulun dəyərdən düşdüyü bir zamanda dareqanın da, darının da hədsiz dərəcədə bahalaşması əhalinin çətin güzəranını bir qədər də çətinləşdirdi. Faktiki olmayan dövlətdən, başını itirmiş cəmiyyətdən əli üzülən qocaman sənətkar üzünü Allaha, peyğəmbərə tutur, “şahlar şahın”dan imdad istəyir:
Zalım cəllad nə giribdi qəsdinə,
Xəbər verin övladına, dostuna.
Şahlar şahı sayə salsın üstünə,
Ələsgərtək bəxti qara dolansın!
Aşıq Ələsgərin bu şeirdə -“Dolansın” rədifli qoşmasında gəldiyi qənaətlər, fikir və düşüncələr mahiyyət etibarilə Molla Pənah Vaqifin həyatının son illərində gəldiyi qənaət və nəticələrə uyğundur. M.P.Vaqif də “Görmədim” müxəmməsində Allahdan başqa bir kimsədə lütviinayət görmədiyini bildirmiş, “Bax” qəzəlində isə üzünü “Əhmədi-Muxtara, Ali-Əbaya” çevirməkdən başqa bir yol görmədiyini söyləmişdir.
Qaçqınlıq dövründə dediyi “Tapılmaz” rədifli qoşmasında Aşıq Ələsgər doğma elində,doğma evində olan xoş günlərini yada salır, ermənilərin hücumları nəticəsində Göyçə mahalının bəy, sərdar ləyaqətində olan adamlarının öldürüldüyünü, ağ otaqların, əlvan yorğan-döşəklərinin yandırılıb talan olunduğunu ürək ağrısı ilə dilə gətirir:
Bica işdi mən bu sözü deməyim,
Ölübdü sərdarım, tutulub bəyim.
Ağ otağım, əlvan yorğan-döşəyim,
O şövkəti-şan bu yerdə tapılmaz.
Quranı, islam dininin əsaslarını mükəmməl bilən, öz əsərlərində Məhəmməd Peyğəmbərə, imamlara məhəbbət və sədaqətini bildirən Aşıq Ələsgər həyatının bu çətin və məşəqqətli anlarında belə öz iman və əqidəsində sabitqədəm qalır, dini baxış və inamını qoruyub saxlayır. “ Bu yerdə tapılmaz” şeirinin son bəndində dini-tarixi şəxsiyyət olan 8-ci imamımız İmam Rzaya- Xorasan şahına pənah aparmaqdan başqa çarə yolu görmür:
Ələsgər, viranda xəstə düşgünən,
Eyham anla, sözün üstə düşgünən.
Şahi- Xorasana bəstə düşgünən,
Dərdinə dərman bu yerdə tapılmaz.
Bu misralar doğma Göyçə mahalından deportasiya olunmasından yana Aşıq Ələsgərin könül dünyasında açılan yaraları, real həyatdan, çəkdiyi sitəmlərdən bezdiyini və az qala tərki- dünya halına gəldiyini göstərir. Eyni zamanda, Dirili Qurbanidən üzü bəri gələn el aşıq və şairlərində özünü göstərən dini ocaqlara, pirlərə, müqəddəs şəxslərə inam və etiqad bəslədiyini təsdiq edir. Dirili Qurbani də “Deyərsən” rədifli şeirində qasidə ərzi-halını çatdırmaq üçün onu “Şahi-Xorasana” and verirdi:
Getsən, ölkəsində bir zaman yuban,
Görsə, xəbər alar o şirinzəban.
Sən olasan səni Şahi- Xorasan,
Mən qalmışam nə avara, deyərsən.
“Dəyirmançı aşıq” dastan-rəvayətindən məlum olur ki, İrəvan tərəflərdə türk-müsəlman əhalisini qıran daşnaklar Göyçə mahalına da hücum edirlər. “Novruz bayramından 17 gün keçənə qədər Göyçənin igid oğulları ermənilərlə vuruşdular. Ermənilərə yenə qüvvə gəldi, müsəlmanların gülləsi qurtardığına görə, Göyçədən çıxmağa məcbur oldular.” Aşıq Ələsgərin Çamırlı kəndindən olan Həsən, Heydər və Mustafa adlı dostları da ermənilərə qarşı döyüşlərdə həlak olurlar. Bu üç igid qardaşın ölüm xəbəri də qocaman aşığı möhkəmcə sarsıdır:
Hanı Həsən, hanı Heydər,
Hanı sərdar Mustafa?
Sayəyi- mərhəmətindən
Bir müddət sürdük səfa.
Axırını zay eylədin
A bimürvət, bivəfa.
Aç sinəmdə düyünə bax,
Dağı gözlə, gözlə sən.
Azərbaycanlıların ov tüfənglərinin olmadığı halda ermənilərin ruslardan əldə etdikləri tüfənglərlə, hətta toplarla silahlanması, xalqımıza qarşı genosid siyasətini həyata keçirtməsi qocaman el sənətkarının əndişəsini daha da artırır.
“Arxalı köpək qurd basar” məntiqi ilə hərəkət edən ermənilər 1918-ci ilin yaz-yay aylarında nəinkin Azərbaycan xalqının yaşadığı şəhər və kəndləri habelə Azərbaycan xalqının yaylağa köçən təbəqələrini də top-güllə atəşinə tuturlar. Xalqımızın mal-qarasını da ələ keçirəndən sonra bahalıq, qıtlıq tüğyan eyləyir. “Dərd gələndə, batmanla gəlir”,-deyib atalar. Batmanla gələn dərdləri Dədə Ələsgər bir operator dəqiqliyi, bir rəssam məharəti ilə təsvir edir:
Sarınərdən top-tüfəngin atılı,
Qısır Murğuz Şah dağına çatılı.
Bir əmliyin min tümənə satılı,
Yenə xəzəl oldu pulların, dağlar.
“Aşıq elnən nəfəs alar”, “Aşığınkı toydur, mollanınkı vaydır,”- deyib atalarımız. Doğma türk obalarının, yurdlarının yağmalandığını,talan edildiyini görən qocaman el aşığı elsiz yaşamaqdansa eli ilə, obası ilə birgə hər cəfaya dözməyi, hətta ölməyi belə üstün tutur:
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgərtək qulların, dağlar!
“Dağlar” rədifli qoşmasında Dədə Ələsgər elat camaatının səxavətli-əliaçıq olduğunu ağır məclislər qurduğunu, öz mal-dövlətini şülən çəkdiyini bildirir. “Dədə Qorqud” dastanlarından günümüzə qədər gələn şülən sözünün mənası xalqa verilən təmənnasız qonaqlıq, qarşılıq gözləmədən verilən ziyafət, kasıblar üçün təşkil olunan yemək-içmək, şadlıq məclisi anlamını bildirir. Malını şülən çəkən iyidlərin indi yurdunun boş qalması Aşığı qüssəyə, qəmə giriftar edir:
Hanı mərd iyidlər, boş qalıb yurdu?
Səxavətdə Eldar nurəlanurdu.
Erkək kəsib, ağır məclis qururdu,
Şülən çəkilirdi malların, dağlar.
Şeirdə qəmgin, ümidsiz düşüncələrlə bərabər, mərdlik, cəsarət, hünər notlarının da olması Aşıq Ələsgərin Azərbaycan xalqının gələcəyinə, igid oğullarımızın düşməndən qisas alacağına inam bəslədiyinin əyani sübutudur:
Halıyam Eldarın var cümləsindən,
Gecə yatmır bir-birinin bəhsindən.
İyid nərəsindən, güllə səsindən,
Dəyməmiş tökülür kalların, dağlar.
Haşiyə: 2020-ci ilin 27 sentyabrında Azərbaycan xalqının əks hücuma keçməsi, 44 gün ərzində erməni işğalında olan torpaqlarımızı azad etməsi bir daha göstərdi ki, bir-birinin bəhsinə gecələr yatmayan, gündüzlər oturmayan Azərbaycan igidləri Ermənistan adlı zəhər yetirən ağacın nəinki dəymişlərini, hətta kallarını belə döyüb yerə tökməyə qadirdilər. Belə güclü sənətkarları, belə güclü igidləri olan xalq ölməzdir, əbədiyaşardır.
Aşıq Ələsgərin şeirlərinin bir çoxu itib-batmış, bir çoxu da müəyyən təhriflərə məruz qalmış, digər aşıq və şairlərlə bəzi şeirləri dəyişik salınmışdır. Ayrı-ayrı nəşrlərdə bəzi söz və ifadələr, hətta misralar belə kitabın redaktoru və ya tərtibçisinin zövqünə uyğun olaraq dəyişdirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnsititutunun 2021-ci ildə çap etdirdiyi “ Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti” adlı Beynəlxalq Elmi Konfransın Materialları toplusunda “Aşıq Ələsgərin bəzi söz və ifadələrinin düzgün yazılışı haqqında” adlı məqaləmdə bu barədə bəhs etmişəm.
Aşıq Ələsgərin şeirlərini Sovetlər dönəmində toplandığını və nəşr edildiyini nəzərə alsaq, onun əsərlərində milli münasibətlərə, xalqımızın tarixi torpaqlarında, o cümlədən İrəvan xanlığı ərazisində ermənilərin məskunlaşdırılmasına, azərbaycanlıların sıxışdırılmasına və nəhayət deportasiya olunmasına aid nümunələrin az olmasını başa düşmək olar. Ancaq bu qədər də yox! Ola bilməz ki, sözü üzə kəskin deyən, tərif kimi tənqidi də cəsarətlə söyləyən Aşıq Ələsgər erməni zülmünə, erməni vəhşiliyinə, bu böyük ümumilli faciələrə öz şeirlərində açıq konteksdə yer ayırmasın.
Bu haqda iki ehtimal üzərində dayanmaq və bir nəticə hasil etmək olar:
1. Sovet quruluşu xalqlar dostluğu, vahid sovet xalqı ideyasını, müdafiə və təbliğ etdiyindən Aşıq Ələsgərin bu mövzuda yazılmış şeirləri tamamilə çap və şifahi oxu üçün qadağa olunur, yaddaşlardan belə silinməsinə göstəriş verilir. Bu ehtimalı təsdiq edən sənədlərdən biri kimi Hümbət Əlizadənin 1934-cü ildə çap etdirdiyi “Aşıq Ələsgər” adlı kitabdan aşağıdakı qeydləri nümunə göstərə bilərik. O, Aşıq Ələsgərin “Dağlar” rədifli şeirindəki “hanı mərd iyidlər, boş qalıb yurdu?” misrasında igid sözünü gözəl sözü ilə əvəz etməyi “lazım bilmişdir.” H. Əlizadənin tərtib etdiyi “Aşıq Ələsgər” kitabından aşağıdakı parçaya diqqət etsək, müəllifin öz mövqeyini açıq şəkildə ortaya qoyduğunu görə bilərik:
İgidliklə İldar nur ələnnurdu,
Gəlmədi gözəllər, boş qaldı yurdu.
Aşıq Ələsgər şeirlərinin ilk toplayıcılarından olan H. Əlizadə qocaman ustadın xalqımızın başına gətirilən müsibətlərdən, deportasiya olunmasından çəkdiyi əzabları, ağrıları sadəcə olaraq “mütəəssir olmaq” kimi qiymətləndirmişdir:
“Köçərilərin dağlara köçə bilməmələrindən mütəəssir olaraq söylədiyi “Dağlar” şeirində bu uyğunsuzluğun səbəblərini “xaçpərəst ilə bunt inqilabı” deyə adlandırır:
Gözəllər göysündən alırdı abı,
Dəhanda dadlıdır eşqin şərabı,
Xaçpərəstlə düşdü bunt inqilabı,
Onunçün bağlandı yolların dağlar “( H. Əlizadə. Aşıq Ələsgər Bakı 1934 səh.7)”
2. Aşıq Ələsgər bir aşıq, bir şair olmaqdan daha çox hadisələrə “dünyanın get-gəlini” dərk edən bir filosof, hər işin “çarxı-fələkdən” baş verdiyinə inanan bir din bilicisi, bir övliya xarakterli insan, Həzrəti Əli aşiqi kimi yanaşmağa daha çox meyilli olmuşdur.
Buna görə də “Eyham anla sözün üstdə düşgünən, Şahi-Xorasana bəstə düşgünən” deyir, bütün olmuşların, olanların və olacaqların Allah Təalanın iradəsi ilə baş verdiyinə inanır və dinləyicisini, oxucusunu da inandırır. Həyatda baş verən ictimai-siyasi proseslərə də, şəxsi insan talelərinə də ustad bu yöndən qiymət vermiş, qəzavü-qədərdən, istər bir şəxsi, istərsə də bir xalqı gözləyən bəlalardan qaçmağın mümkün olmadığı qənaətinə gəlmiş, baş verən hadisələrlə barışmaqdan başqa uyğun yol görməmişdir:
Al çətirin, çıx səhraya,
Sal sərinə saya, gəz.
Qədər sənlə gəzəcəkdi,
İstər gir dəryaya gəz.
Sakit əyləş sin içində,
Həqiqətdən ayə gəz.
Ağ eylə sinən aynasın,
Şəri-şeytandan, gəda!
Göyçə mahalının talan edildiyi, əhalisinin qaçqın olduğu bir dövrdən əvvəl deyilmiş bu “Gəda” rədifli müxəmməsində Aşıq Ələsgər açıq-aydın şəkildə bildirir ki, insan dəryanın altında gizlənsə belə, onu gözləyən qədərdən, alın yazısından qaçıb qurtara bilməz.
Azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiya olunmasına, var-dövlətlərinin talan edilməsinə, bir çox günahsız insanların qətlə yetirilməsinə həsr olunmuş “Dağlar” rədifli şeirində də işarələrlə, aforizmlərlə,eyhamlarla danışan Aşıq Ələsgər erməni, rus sözlərini işlətmir, ümumiləşmiş şəkildə “xaçpərəstlə düşdü bund inqilabı” deməklə kifayətlənir:
Xaçpərəstlə düşdü bund inqilabı,
Onun üçün bağlandı yolların, dağlar.
Məlumat üçün bildirək ki, 1897-ci ildə yaradılmış Bund-ümumi yəhudi fəhlə ittifaqıdır, xırda burjua millətçi partiyasıdır. Aşıq Ələsgər bund inqilabı deyəndə çar Rusiyasında olan milli münaqişə və qırğınları, daha konkret olaraq erməni-müsəlman qırğınlarını nəzərdə tutur.
Bu qırğınlar nəticəsində igid vətən oğullarının öldürülməsini Aşıq Ələsgər ürək ağrısı ilə xatırlamaqla bərabər, yenə də əsas günahı “müxənnət zəmanədə, kəcirəftarda” görür, bəlkə də Qurani-Kərimin qəzavü-qədər haqda ayələrini yada salaraq deyir:
Müxənnət zəmanə, ay kəcirəftar,
Sitəmindən neçə canlar itibdi?
Qurani-Kərimin “Əl-Həcc” surəsinin 70-ci ayəsində deyilir: ”Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa hamısını bilir? Bütün bunlar yazıdadır. Həqiqətən, bunlar Allah üçün asandır.”(ayə 22-23)
Quranın “Əl-Hədid” surəsində də bildirilir ki, sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, o bu kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Maraqlı cəhət bundan ibarətdir ki, baş verən hadisələrə Aşıq Ələsgərlə bərabər, onun müasiri olan digər aşıq-şairlərin şeirlərində də eyni münasibətin olduğunu görürük. Bu da bir daha təsdiq edir ki, islam dinin əsas qanun və qaydalarına, imamların həyat tərzinə, sufitəsəffüv fəlsəfəsindən qaynaqlanan ideya və baxışlara uyğun olaraq Göyçə aşıq və şairləri də hər şeyi olmasa da, çox şeyi Allahın iradəsinə bağlamış, erməniləri isə sadəcə olaraq şər qüvvələrə xidmət edən məxluqat kimi təsvir etmişlər. Aşıq Ələsgərin qardaşı Çoban(Şair) Məhəmmədin şeirlərində də oxşar fikirlərin əks olunduğunu görürük. Çoban Məhəmməd(1857-1937 ) “Göyçənin” rədifli 6 bəndlik müxəmməsinin ilk dörd bəndində göyçəlilərin deportasiyasından danışır, bu mahalı “çərxi-fələyin “ qəhr elədiyini bildirir. Son iki bənddə isə Göyçəni abad edən Şura hökumətinə duaçı olmasından bəhs edir, Şura ölkəsinə Göyçənin əmliyini, balını halal bilir.
Çoban Məhəmmədin “Göyçənin” rədifli müxəmməsində olduğu kimi, “Fələk” rədifli müxəmməs janrında deyilmiş şikayətnaməsində də baş verən hadisələrin real mahiyyəti tam açılmır. Bununla belə erməni millətçilərinin Göyçə əhalisinə divan tutması, bu mahalda qırğınlar törətməsi, qaçqınların dağlarda borana düşüb qırılması real tarixi sənədlər kimi gərəklidir.
İngilisdən gələn şalon
Göyçəni qoydu virana.
Ölən öldü, qaçanı
Dağlarda düşdü borana.
Ac qaldı uşaq, ağlaşdı,
Hamı yön tutdu arana.
Çiynimizə xurcun verdin
Döndərdin hammala, fələk.
Aşıq Ələsgərlə müasir olan Zodlu Abdullanın şeirlərində də 1918-ci il hadisələri “əyyamiqəzanın, qəhri-dünyanın” insanlara çəkdirdiyi bəlalar kimi təsvir edilmişdir. Bu görkəmli şair “Göyçənin viran qalması” nəticəsində bu mahalın Aşıq Ələsgər, Hacı Əliş ağa, Səməd bəy kimi görkəmli insanlarının acı taleyini də ürək ağrısı ilə dilə gətirir:
Dağlar qan ağlayır, düşüb borana,
Daha bundan sonra çətin yarana.
Göyçə yasa batsın, qaldı virana,
Daha Ələsgərtək ad olan varmı?
Hacı Əliş ağanı talan eylədin,
Səməd bəyi gördün, yalan eylədin.
Bizi viran bağa bağban eylədin,
Qan ağla, sızılda, şad olan varmı?
Göyçə əhalisinin doğma yurd-yuvalarından didərgin düşməsindən üç ildən artıq bir vaxt keçəndən sonra – 1921-ci ilin 2-ci yarısından etibarən camaat hissə-hissə öz doğma kəndlərinə, evlərinə dönməyə başladılar. Hər şeyi təzədən başlamaq, yenidən tikib-qurmaq lazım gəldi. Heç bir dövlət yardımı almayan zəhmətkeş insanlar min bir əzab-əziyyətlə dədəbaba yurdlarını abadlaşdırmağa başladılar. Göyçənin digər kəndləri kimi Ağkilsə kəndinin camaatı da öz ev-eşiyinə, öz yurd-yuvasına qayıdır. Ömrü boyu Allaha, peyğəmbərə, imamlara sidqi-dildən bağlı olan Aşıq Ələsgər üç illik intizardan sonra doğma evinə qayıdır və möcüzə ilə qarşılaşır. Kənddəki bütün evlər erməni vandalları tərəfindən yandırılsa da, Aşıq Ələsgərin evi yanmayıb, salamat qalmış imiş. Aşıq Ələsgərlə bağlı olan “Yanmayan ev” adlı xatirəsində Aşıq Talıbın söylədiyi əhvalat çox ibrətamizdir.
Yanmayan ev
Camaat Göyçədən qovulandan sonra ermənilər kəndləri talamış, evləri yandırmışdı. Göyçəlilər Azərbaycanın ayrı-ayrı yerlərində yaşayırdılar. Bizim külfətimiz də Kəlbəcərin Qanlıkənd kəndindəydi. Qaçqınlar bir-birinin vəziyyətindən tez-tez halı olurdular. Allah keçənlərinizə rəhmət eləsin! Dədəmin də yanına göyçəlilərdən gəlib-gedən çox olurdu. Göyçə qaçandan bir az sonra Ağkilsədən kim idisə (huşumdan çıxıb) bizə gələnlər varıydı. Bir az söhbət eyləyəndən sonra, Ağkilsə kəndinin də tamam yanırıldığını söylədilər və bizim evin yanmasına təəssüfləndilər.
Dədəm dedi:
-Mənim evim yanmaz!
Gələnlərdən biri dedi:
-Axı, gözümüzlə gördük. Kənddəki evlərin hamısı yanırdı. Sizin də evin bacasından tüstüalov ərşə bülənd olmuşdu.
-Gözünüzlə görsəniz də mənim evimi erməni yandıra bilməz!
-Axı niyə yandıra bilməz?! O evin də üstü ağacdan deyil?!
Dədəm bir az da uca səslə dedi:
- O evin ağaclarını ağzım oruc, yayın isti günlərində meşədən min bir əziyyətlə gətirmişəm. O ev yanmaz!
Söhbət bununla kəsildi. Göyçəyə qayıdanda gördük ki, kənddə salamat qalan bircə bizim evdi. Dirəklərin dördünün də dibində qalaqlanan qamış külü göstərdi ki, evin yanması xəbərini verənlər yalan deməyiblər. Belə şiddətli alova tutulan evin od almaması hamını heyrətləndirdi.
***
1988-ci ildə Ermənistan adlanan respublikadan azərbaycanlı əhali son nəfərinə qədər qovuldu. Ulu Göyçə elinin də əhalisi öz yurd-yuvalarını tərk edib Azərbaycana pənah gətirdilər. Aşıq Ələsgərin övladlarının evi də, ölməz sənətkarın məzarı da işğal altında qaldı.
Aradan az və ya çox illər keçəcək, azərbaycanlılar doğma yurd yerlərinə dönəcəklər. İnanırıq ki, 1918-1921-ci illərdə Aşıq Ələsgərin evi yanmayıb salamat qaldığı kimi yaxın gələcəkdə, təxminən 2030-cu illərin hansısa uğurlu bir ayında, günündə Göyçə mahalı da yenidən əzəli sakinlərini qarşılayacaq. O yerlərdə rəhmətə gedən əcdadlarımızın, o cümlədən Dədə Ələsgərin ruhu o torpağa dönən insanlarımızı salamlayacaq. O gün uzaqda deyil.
Salman Qaralar (Balakişiyev)
şair, tədqiqatçı
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr
Tarix: 31-03-2024 14:20
Baxış sayı: 3550
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23
15-11-2024 10:41