“Hardasan, ay evi tikilmiş…” - Alim Məhərrəmlinin xatirəsinə...

15-07-2023 10:06


Alim Məhərrəmlinin bu yaxnlarda çapdan çıxmış “Hardasan, ay evi tikilmiş…” kitabını, demək olar ki, bir aydır gözümdən uzağa qoymuram. Şeirlər misra-misra, bənd-bənd məni heyrətləndirir.  Yazmağa haradan başlayıb haracan gedəcəyimi bilmirəm.  Çox dalğınam, görəsən, düşündüklərimi ifadə edə biləcəyəmmi?..Bəlkə, bu hissləri doğuran bir də Alimin dünyaya vaxtsız vida etməsidir?
Beynimdə böyük şairimiz Məmməd Arazın misraları oynayır:


Mənli də, mənsiz də bu dünya vardı,
Göy belə göy idi, qar belə ağdı.
Bu dünya elə bir nəğməli valdı,
Mənli də, mənsiz də oxuyacaqdı.

Alim Məhərrəmli sağ olsaydı, nə vard ki? Ölümündən 13 il sonra dostlarının, xüsusən onu yaxından tanıyan, sevən, cəsarətlə deyərdim ki, İsmayıllı ziyalılarının siması olan Məhəmmədhaqqı Ağayevin böyük zəhməti nəticəsində çətinliklə toplanılıb nəfis şəkildə çap edilmiş şeirləri haqqında söz demək böyük məsuliyyətdir.Necə deyərlər, elə danışmalısan, yazmalısan ki, qəm şairinin ruhunu incitməyəsən.
Əslində hər şeyi özü deyib sağlığında. Şeirlərini oxuduqca, kitabı vərəqlədikcə görürsən ki, burada hər şey var: öz “mən”i də, Vətən, onun taleyi də, sevgi də, yaxşılıq, xeyirxahlıq, dostluq da, ilahi ədalət axtarışları da, dövranla müxaliflik də, təbiətlə ünsiyyət də -bir sözlə, zamana, məkana sığmayan bir şairin düşüncələri, hissləri, etirazı, üsyanı, qəribəlikləri, küskünlüyü...Şeirləri oxuduqca onun arxasında gəncliyindən qeyri-adiliyi ilə fərqlənən bir insan obrazı boylanır. Sağlığında onu tanıyanlar bu qeyri-adiliklə istedadın bir cismə sığmadığının dönə-dönə şahidi olublar. ”...Zaman keçdikcə, onun komplekslərini ümumiləşdirəndə görürsən ki, Alim bu qeyri-adiliyi ilə öz portretini cızırmış...” (Xalq şairi Musa Yaqub).    Xatirimə Aşıq sənətimizin misilsiz ustadı Aşıq Ələsgərin el şair-aşığı Növrəs İman haqqında dediyi sözlər düşür. Cəmi 27 il ömür sürmüş Növrəs İmanın şeirlərinə qulaq asan ustad Ələsgər gənc İmana: ”Bu təb səni puç edəcək”,-deyir, sonra isə göz yaşlarını boğa bilməyib ağlayır. 
Alimin də taleyi belə oldu, nə dostları, nə ailəsi, nə də özü onu-“istiqamətini tuta bilməyən gəmi”ni (M.Yaqub) xilas edə bildi...

Bu ömür-gün bir döyüşsə, 
Niyə qorxum axırından?!
Nə qəm, bir gün yolum düşsə,
Əllərimin qabarından
Torpaq məni tanıyacaq.
  
Alim Məhərrəmlinin şeirlərdən hər biri mükəmməl bir bədii əsərdir. Onun lirik qəhrəmanı isə Alimin özüdür. Hər şeir ciddi yaşantıları əks etdirir. Məsələn, insanları tanıya bilməməyin əzablarını yaşayanda:

Üzdə mələk, içdə şər, 
Nə imişlər, ay aman.
Cəhənnəmi unudub,
Yer üzünə min divan
Tutub gedir adamlar...

...Hanı Tanrı səbrini
Daşdıracaq son gilə?
Adəm evindən çıxıb,
Üz tutub Şeytangilə 

Keçib gedir adamlar (“Adamlar”)- deyib təəccüblənir, təəssüflənir. Bu təzadlı hisslərdən bircə təsəllisini onda tapır, Allaha şükür edir ki, “Nə yaxşı baş götürüb Ölümdən qaça bilmir, Köçüb gedir adamlar”.
Mənsə, əsl ədəbiyyat zamanın öz övladıdır; özündə zamanın bütün cizgilərini yaşadır; gözəldirsə, gözəlliklərini vəsf edir, nöqsanlıdırsa, eybəcərliklərini tənqid edir, fəlsəfi mahiyyəti də zamanın öz mahiyyətini əks etdirir. Bu mənada A.Məhərrəmli iztirablarından üzülə-üzülə uzun əsrlər boyunca parça-parça edilmiş Vətənə sevgisini, Dərbənd, Təbriz, Göyçə, Şuşa...ağrısını dönə-dönə elegik misralarla ifadə edir:

Məmləkət bölük-bölük,
Nə öldürüb, nə öldük,
Sərhədinə gül əkdim,
Nə bitirdi bu güllük
Ayrılıqdan savayı? (“At çapan…”)

Təbriz- həsrət düzümü, 
Ölsəm, çevir üzümü, 
Bir igid yox gözümü, 
Yollardan yığa, oğlum. (“Oğlum”)

Yağını döndərən min bəndi vardı,
Bunun ki Təbrizi, Dərbəndi vardı, 
Göyçəmi gedəndə gözün ağardı?
Şuşaydı qarası, qarası yoxdu.

Borçalı, Zəngəzur ürəkdi axı,
Bizdən sonraya da gərəkdi axı, 
Bu Vətən bir bütöv çörəkdi axı,
Kim kəsib apardı, parası yoxdu.(“Şuşa zəbt edildi”)

Düşür çiynimizdən torpaq xurcunu,
İçindən birbəbir dərə-dağ düşür.
Düşmüşdü Dərbəndlə Təbriz bağçası,
İndi İrəvanla Qarabağ düşür. (“Düşür”)

Alimin şeirlərini oxuduqca kövrək bir şairin ürək çırpıntılarının şahidi oluruq. Bu misraların yaratdığı ovqat ney səsinin yaratdığı ovqatla eynidir: həzin, düşündürücü bir ruh insana hakim kəsilir. 

Getmir göz önündən “unut!” dediyin,
Dönməyir üz tutub “qayıt!” dediyin.
Bir yumruq boydaymış ümid dediyin, 
Özündən böyükmüş dərdi hərənin... 

...Gözünə sıxırsan, dözüm çat verir,
Dilindən sallanır, sözün çat verir,
Əlinlə döyürsən, dizin çat verir,
Dizindən böyükmüş dərdi hərənin…(“Hərənin...”)

Ədəbiyyatın əzəli və ədəbi mövzularından olan məhəbbətə Alimin yanaşması klassikadan məzmunca o qədər də fərqlənmir. Lakin yaşantıların ifadə tərzi, bənzərsiz və orijinal məcazlar sistemi ilə Alimin sevgi şeirləri kövrək, həzin, lirik musiqi təsiri bağışlayır. Yeri gəlmişkən, mən əminəm ki, bu şeirlər bəstəkarlarımıza zəngin material verəcək, onlara lirik musiqi əsərləri bəstələnəcəkdir.

Döndərib bir damla yaşa axır ki, 
Əksini gözümdə sıxıb gedəcəm.
Sənsiz bu dünyada nə ölümüm var, 
Bir azdan yığışıb çıxıb gedəcəm. (“Ona”)

Nəsə deyəcəkdim sənə...
“Səni sevirəm!”- deməyəcəkdim...
“Sənsiz ölürəm!“- deməyəcəkdim...
“Sənsən Tanrım” - deməyəcəkdim...
“Səndən o yana yoxdu heç nə...
Bilirəm”- deməyəcəkdim...
...Sənə deyəcəkdim ki...
“Səninlə olanda daha çox 
Adam oluram, xanım!” (“Deyəcəkdim...”)

A.Məhərrəmli qısa ömründə öz havasına oynayıb bu fəna mülkünə vida etdi, ondan bizə şəxsiyyəti, fərdi insanı xasiyyətləri ilə nə yadigar qalıbsa, hamısı zaman-zaman unudulacaq. Lakin onun ürək qanı ilə yazılmış şeirləri hər ürəkdə öz havasını zümzümə edən poeziyasevərlərin dilində, yaddaşında nəsildən nəslə keçəcək, həmişə yaşayacaqdır:

Çöldə bir yay günü...
Ötənlər-itənlər sinəmin altda
Əriməz bir buz qalağı,
Haçandı saxlayıram.
Üstümə bir şey örtün,
Eşitmirsiz, çağırıram,
Görmürsüz, ağlayıram,
Soyuqdan öldüm axı...
Bu iyul Günəşi altda.(“Ovqat”)

Elə bu ovqatla da Alimin  yaradığılığı haqqında  yazımı yekunlaşdırmaq istəyirəm. Kim hansı havaya oynayırsa, özü bilirmi? Yoxsa, hərəni bir havaya oynadan taleyin yazısıdır?

Oynamaq istəsən, hava tapılar,
Bu qoca dünyanın yüz havası var.
Amma hər havaya oynamır adam,
Dünyada hərənin öz havası var...
...Hava var, oynadı köhnə kişilər,
Hava var, paslanıb qan yaddaşında,
Dünyanın ən gözəl adamı sənsən,
Azadlıq havası varsa başında..
Canım sənə desin, ən zülümlüsü,
Şairlər oynayan söz havsı var.
Oynamaq istəsən, hava tapılar,
Xülasə, dünyanın yüz havası var. (“Hava”)

Məqaləyə başlıq seçəndə Alimi “nakam şair” adlandırdım. Bizim milli-mənəvi dəyərlərimiz nakamlara əbədi sevgi ilə doludur. Mən də bu yazımı birnəfəsə, sevgilərlə yazdım. Alındımı?! 
Əgər Siz də  Alimin poeziyasını sevməyə başladınızsa, bəli! 
Ruhu şad olsun!



Hüseyn Şahbəndəyev,
Əməkdar müəllim
14 iyul 2023-cü il










Kateqoriya: Poeziya-nəsr
Tarix: 15-07-2023 10:06
Baxış sayı: 3438
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını