Ömrünü sözə verən söz adamı...- İlham Məmmədlinin yeni kitabı haqqında

09-07-2023 19:08

İlham Məmmədli yenicə işıq üzü görmüş şeirlər kitabına “Ömrü sözə verdim” adını seçib. Bu nə təsadüfü bir başlıq, nə də ki, təsadüfi bir ömür yolu deyil desək, heç də yanılmarıq. Kəlbəcərin Bəzirxana kəndində dünyaya göz açan, təbiətin ecazkar gözəliklərindən ilhamlanan, söz-sənət diyarından şirə çəkərək sözü ilmə-ilmə, naxış -naxış hörən, sözün qüdrətinə təşnə olan şair elə əslində ömrünü sözə verməli idi. Ömrünü sözə vermək hər bir insan oğluna qismət olan xoşbəxtlik deyil. İnsan var  var-dövlət təşnəsi olur, insan var şöhrət təşnəsi, insan da var sözün varlığında tapır özünü, sözə bağlanır, sözə təşnə olur. Və sözün təşnəsi olan insanlar könüllərindəki o yanğını yalnız sözlə söndürürlər.

İlham Məmmədli Azərbaycan Milli Elimlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktorudur. Eyni zamanda peşəkar jurnalisdir. Uzun zaman  müxtəlif mətbuat orqanlarında çalışıb. Hazırda da “Bütöv Azərbaycan” qəzetinin redaktorudur. O, öz bədii və elmi yaradıcılığını genişləndirərək, onlarla yaradıcı gənclərə yol göstərib, məsləhət verib, sözün yerini, çəkisini, işlənmə məqamlarını, bir sözlə sözlə davranmağın yollarını öyrədib. Şeirində dediyi kimi:
Könlü sözə verdim ağlım kəsəli,
Başımdan bir qəfil sevda əsəli.
Çıxmadı yadımdan bu el məsəli:
“Satma, əgər yoxsa alan sözləri”.
Sözün çeşidi, növü saysızdır. Sözün min bir yozumu var. Sözün ən qüdrətlisi isə doğruluq və ədalətdir. Şairi əslində rahatsız edən sözə yalan qatanlar, yalan sözəri başa çıxaranlardır:
Söz var ay işığı, söz var qaranlıq,
Söz var bulaq suyu, söz var bulannıq.
Söz var əbədilik, söz var bir anlıq,
Başa çıxardılar yalan sözləri (“Sözləri”, s. 13).
Sözün qüdrətini misralarda daha çox sevən, könlünün isə yalnız şeirlə ovunduğunu, sakitlik tapdığını, bir sözlə iç dünyası xəzinəsinin şeirdə var olduğunu sözə gətirir, söz ilməsiylə poeziya örnəyi yaradır:
Mənim nəyim var ki, sözdən savayı,
Əlimdən nə gəlir mehrdən özgə.
Yüz arif yığılıb min kəlam deyə
Könlümü ovutmaz şeirdən özgə (“Özgə”, s 14).
Şairin ömründən nə az, nə çox, düz otuz ili yurd ağrısı, həsrət yanğısı ilə keçdi. “Apardı” adlanan şeirində bu itkini əks etdirən fəlsəfi məqamlar həm düşündürür, həm də doğma yurdu Kəlbəcərə sevdalı olan şairin daxili aləminin fırtınasını (ilk baxışdan sakit görünməsinə baxmayaraq, amma dərinliyə girdikcə özünün-özüylə üsyanını görməmək mümkünsüzdür) əks etdirir. Şair uşaqlıq illərinin niskilini dilə gətirir, itirdiklərini xatırlayır, yurdunun yağmalanması, yaşadıqlarından daxili məninin çəkdiyi iztirabları sərgiləyir, ömrünün yellərə qurban getməsini poetikləşdirir:
… Bir bəxtəvər yurdum vardı,
Sellər alıb,  apardı…
Bozqırlara köhlən sürdüm,
Çöllər alıb apardı…
Nə yazdımsa dərd toxudu
Dillər alıb apardı…
Kimsə sorsa bir gün məni-
Yellər alıb apardı…(“Apardı”, s16)
İlham Məmmədlinin torpaq itkisi mövzulu şeirləri çoxdur. ”Yiyəsi ölən yurdum, “ Belə yaşamaq yetər”, “Yetmədim mənzil başına”, “Göyçə ağrısı”, “ Allah”, “Üşüyür”, “Getdi”, “Qalıb”, “Dağlara”, “Dərdim”, “Mənim”, “Vətən ağrısı”  və s.  Həsrət, ağrı  mövzulu şeirlərini folklor motivləri üzərindən qələmə alması şairin duyğularının daha böyük dəyərlərə söykənməsi ilə qarşılaşdırır. “Göyçə ağrısı” şeirində bir millət olaraq tarixi qəhrəmanlarımızı özümüzə xatırladır, bu xalqın keçmişi, qəhrəmanlığı bir daha göz önündə canlandırılır:
Telli sazım, bu nə nalə, bu nə ün,
Eli Qorqud qarğışımı tutubdu?
Sızıldayır neçə ağrı, dağ, düyün,
Komalarda həsrət otu bitibdi.
…Harda qaldı Koroğlunun nərəsi,
“Misri” susub Misri qılınc qındadır.
Basılıbdır Çənlibelin bərəsi,
“Cəlili”min bal nəfəsi qan dadır.

Şeirin sonuncu bəndində şair özünün özüylə üsyanı daha da artaraq təsirli məqamlar yaradır. Vətəni müdafiəyə çağrış və mübarizə ruhunun güclənməsi “Dilqəmi”yə müraciətlə daha da bitkin ifadəsini tapır:
Bu həsrətə qənim kəsil “Dilqəmi”,
Qoyma nalə asimana dayana.
Ürəklərdə sil qorxunu, sil qəmi,
Bəlkə yatmış qeyrətimiz oyana.

İlham Məmmədlinin yaradıcılığında folklor motivlərindən bəhs edən professor Vaqif Sultanlı kitaba yazdığı ön sözdə bu məqamları önə çəkir: “İlham Məmmədlinin mənsub olduğu, ədəbi-bədii düşüncəsinin formalaşdığı mühit folklor arealına söykənir. Elə bu səbəbdən də xalq ədəbiyyatının zəngin, tükənməz xəzinəsindən bəhrələnməsi şeirlərinin  dilinə və üslubuna sadəlik, aydınlıq və xəlqilik aşılayır. Lakin xalq ədəbiyyatına bağlılıq (və aşırı heyranlıq) yalnız şeirlərin dil və üslubu ilə hüdudlanmır, həmçinin mövzu seçimi, millətin bəlli problemlərə yönəlik, rahatsızlıq, sosial ədalətsizliyə qarşı etiraz, vətən, yurd sevgisi və s. kimi məqamların qabarıqlığını şərtləndirir. Başqa  deyimlə, xalq ədəbiyyatının izləri şairin əsərlərinin yalnız formasında deyil,  məzmununda da eyni dərəcədə özünü göstərir” (V.Sultanlı, s.4).
Şairin “Mənim” başlıqlı şeirində nadir və təsirli bənzətmələr
diqqət çəkir, həsrətdən, vicdan əzabından qovrulan bir söz adamının simasında Azərbaycan xalqının 30 illik həsrətinin və yaşantısının tablosun çəkir. Şair 30 illik bir yurd təşnılisinin yeyib-içdiyini ilan ağusuna bənzədilir:
Qəlbimdə bu haray, üsyan, kin, qəzəb,
Düşmənə nifrətim, hikkəmdi mənim.
Yurdum yad əllərdə qovrulan gündən
İlanlar ağusu tikəmdi mənim  (“Mənim” s.32)
Və yaxud dğma torpağını “Kəlbəcər pirimdi, təkkəmdi mənim” ifadəsi ilə yurdunu bir ziyarət ocağına bənzətməsi vətənpərvərliyin ən dəyərli bir nümunəsidir.
İlhamın şeirlər kitabına daxil etdiyi “Mən dünyayla dil tapmadım” bölümündə daxili etirazları daha da dərinləşir. Bu bölümdə şairin bu həyat yollarında qəbul edə bilmədikləri və itirikləri diqqət çəkir. ”Yaşamaq olmur” şeiri yalanlara, haqsızlığlara onun üsyanı, etirazıdır:
Topal at yorğa olub,
Müəzzin qarğa olub.
Kor gəlib darğa olub
Şilə, yaşamaq olmur ( “Yaşamaq olmur” s.41).
İlham Məmmədlinin sosial ədalətsizliyə qarşı şeirləri bu bölmədə daha təsirli boyalarla ifadə edilib. Şəxsi ağrılarına, vaxtsız dünyadan köçən yaxınlarına həsr edilən şeirlər də ağrılı və təsirlidir. Kiçik şeirlərdə ağrının obrazın gördüyümüz kimi, səntkarlıqla işlədilən ifadələr də diqqət çəkir:
Atadanmı küsüb, yoxsa anadan,
Gedib babasıynan yaşıyan balam.
Paltar aparmışam qalın geyinsin,
 Soyuq komasında üşüyən balam.
(“Balam”, s.46)
Dünyayla dil tapmayan şair əslində dünyadan ədalət, dürüstlük, sevgi umur. Dünya malından uzaq olan şair yaşamağın mənasını mənəvi dəyərlərdə görür. Sözə-sənətə vurğun olan şair mənəvi dünyasının ucalığından qürurlanır:
Dünyaya baxmadım ötəri qardaş,
Sərvətlə ölçülən yaş yaşamadım.
Əsiri olmadım dünya malının,
Yığıb daş üstünə daş yaşamadım.

Bütün incikliklər, dünyayadan baş açmamaq, dil tapmamaq kimi etiraz tonları şairin könlündən axıb gəldikcə, dərk etmək, anlaya bilmək, Allahın şərafətinə sığına bilmək istəyi şeirin son bəndində ilahi sevgisinə qovuşmaq arzusu ilə üst-üstə düşür, şeirin əsas ideyası açılır, əslində içərisində yaşatdığı və yaşadığı məqamlar aydınlaşır:
Min şükür Allahın şərafətinə,
Sığınıb tapındım kəramətinə,
Əgər layiq olsam mərhəmətinə,
Deyərəm: ömrümü boş yaşamadım.
 (“Yaşamadım” S.49)
Şair bəzi hallarda dünyayla dil tapa bilməməsindən gileylənsə də  bölümün sonunda uca Tanrının böyüklüyünə,  kəramətinə sığındığını poetikləşdirir, həyatda qazandığı bütün dəyərlərdən Tanrı mərhəmətinə layiq olmağı ən böyük sərvət sayır, bu dünyada var olduğunu, boş yaşamadığını qürur hissi ilə ifadə edir.
Şairin yaradıcılığından xəfif bir sevgi nəğməsi də keçir. Əslində poeziya özü elə sevgidən su içir, sevgidən boy tutur. Söhbət əsil poeziyadan gedirsə, şeirə qoşa qanad olan sevgini poetikləşdirməmək ən azı günah olar. İlhamın “Sənsiz keçən günlərim” şeirində sevgi müqəddəsləşir, ilahiləşir.
Sevgisiz həyatın yarımçıq  olaması ideyası şeirin ana xəttini təşkil edir. Sevərək ayrı düşən aşiqin sevgisindən ayrılması onun yarımçıq olduğu anlamını ifadə edir:
Gözlərimdə qəm yükü
Bu dünyadan ağırdı.
Sənsiz ötən hər günüm
Bir yarımçıq nağıldı.

Şeirin sonuncu bəndində ömrünü yarımçıq nağılla yaşayan aşiq  bu qatarın çoxdan getdiyini ürək ağrısı ilə ifadə edir və dönüşü olmayan, bu sevginin əlçatmazlığını vurğulamaqla duyğusal, kövrək hisslər yaradır:
Bu dünya bir sınaqmış,
Yoxuşu, enişi çox.
Bu qatar çoxdan gedib,
Geriyə dönüşü yox (“Sənsiz keçən günlərim”, s.53).
Şairin mövzuları rəngarəngdir, çoxşaxəlidir. Əsas yerdə isə Vətən mövzusu dayanır. Kitabın sonlarına doğru vətən mövzusu 30 il əvəlki notlara köklənmir, artıq 2020-ci il  Vətən müharibəsində qələmə aldığı vətəni müdafiəyə çağırış tipli şeirində böyük bir əzm və cəsarət var. İlham “Ya Qrabağ, ya ölüm” başlıqlı şeirini həm də Ozan Arifin xatirəsinə ithaf etmişdir. Bu şeirdə Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı, birlik- bərabərliyimiz öz bədii əksini tapır:
Yoluna göz dikibdi Pənah xanın  Xankəndi,
Gücünü xalqdan alıb nə dayanıb, nə təngi,
Göstər qoca dünyaya yeni döyüş, türk cəngi,
Soysuzların üstünə qasırğa tək ax artıq,
Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!
(“Ya Qarabağ,  ya ölüm!”, s 94)
Əslində şairin qələmindən çıxan bu şeirlər dilinin sadəliyi, aydınlığı və axıcılığı ilə böyük bir nəğmə çələngini xatırladır. Ömrünü sözə verən söz adamı, söz bələdçisi hələ uzun illər sözü özünə yol yoldaşı, könül sirdaşı seçəcək, çox şeirlər yaradacaq və oxucularına ərmağan edəcək. Sözə tapınan, sözə sevdalanan İlham müəllim, sözün tutarlı, kəsərli və cəsarətli olsun!
Ömrünün hər anı şeirdən keçsin!









Mərziyyə  Nəcəfova
Filologiya elmləri doktoru
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-07-2023 19:08
Baxış sayı: 3483
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını