Fərid Muradzadənin "Kələm sindromu" - Hekayə

03-06-2023 17:53
Fərid Muradzadə

D
eyirlər hərənin bir qüsuru var. Doğrudur. Qüsurlu doğulmaq şəxsin qəbahəti deyil, amma qüsurlu insanları dinləməmək, onları anlamamaq digər insanların qüsurudur. Həmidin yaşı 25-i keçmişdi. Anadangəlmə pəltəkliyi vardı. Nə qədər müalicə alsa da, loqopet kurslarına getsə də onun gendəngəlmə pəltəkliyi keçməmişdi. Əslində pəltəkliyi o qədər də dəhşətli şəkildə deyildi, sadəcə nə illah etsə də "r" hərfini deyə bilmirdi. Onun bu qüsuru isə hər zaman ciddi yerlərdə elə ciddi də problemlərə səbəb olurdu. Özü demişkən"ağlı kəsəndən" işləyirdi, amma konkret bir iş yeri yox idi. Dilindəki qüsura görə bir yerdə çox qala bilmirdi.
Türkiyə türkcəsində ən az rast gəlinən ada malik idi, Kərəm bəy. Sırf işinə bağlı, işini sevən, iş həyatı şəxsi həyatından daha öndə duran bəstəboy, çatmaqaş, qaraşın bu adam 30 il idi ki, Azərbaycanda bizneslə məşğul idi. Kiçik bizneslə başlayıb böyük biznesdə uğur əldə edən nadir insanlardan biri olan Kərəm bəy işində əzazil tiplərdən hesab oluna bilərdi. Sözü bir dəfə deyərdi. Onun qurduğu böyük holdingə vaxtaşırı müxtəlif sahələrdə çalışmaq üçün işçi ehtiyacı olardı. Yenə elan vermişdilər.  İnformasiya Texnologiyaları, insan resursları və firmanın satış şöbəsi üçün satıcı, merçendayzer və bir də fəhlə tələb olunurdu. Ehtiyac küləyi pəltək Həmidi yomalaya-yomalaya bura gətirib çıxarmışdı. Özünə söz vermişdi ki, bacardığı qədər "r"hərfi olan sözlərdən istifadə etməsin. Fiziki cəhətdən sağlam görünüşünə görə onu birbaşa fəhlə kimi işə götürmüşdülər. Artıq ikinci gün idi ki, yeni, səliqəli və daha modern bir yerdə fəhlə işləyirdi. Bura əslində  Həmid üçün çox rahat bir yer idi. Əvvəlki iş yerləri ilə buranı müqayisə etmək istəsə də müqaisə Həmidin pəltək"r"sı kimi oldu. Sevinirdi. Fəhlə də olsa rahat iş idi. Bir ay sınaq müddəti idi və bir aydan sonra Həmidi holdinqib paytaxtdakı satış məntəqələrindən birinə fəhlə kimi işə götürəcəkdilər. Hələlik isə o nəhəng anbarda sınaq müddətində çalışan işçi idi. 30 gün bitdi və Həmid indiyə qədər görmədiyi möhtəşəm bir dükanda işə başladı. İlk günün fərəhi qəlbinə dolmuşdu. Yenə də özünə söz vermişdi ki, "r" hərfi olan sözlərdən "qaçacaq".
Hələ anbarda olanda belə ara-sıra eşitdiyi "kələm bəy" sözünün nə ifadə etdiyini bilməsə də burda da üçüncü dəfə bu sözü eşidəndə bunun xüsusi bir məna ifadə etdiyini anladı.
Rahib açıq fikirli və olduqca da baməzə oğlan idi. Yaxşı təhsil almışdı. Hələ 90-cı illərdə atası onun xarici ölkədə təhsil almasına kömək olmuş, onun hər cür maddi tələbatını qarşılamışdı. Ölkəyə yenicə gələn Rahib ilk iş yeri kimi məhz Kərəm bəyin böyük " Kasımoğlu Kardeşleri Təmir Tikinti Şirkətlət Qrupu"da satınalma şöbəsində işə başlamışdı. Qısa müddətə bilik, bacarıq, nitq qabiliyyəti və işində peşəkar olması ona Holding daxilində böyük rəğbət qazandırmışdı. İşlə bağlı heç bir problemi yox idi, ancaq işçilərin istismarına dözə bilmirdi. Hər yerdə və hər zaman açıq fikirli, sözün düzünü deyən olduğu üçün burda da tez-tez haqsızlıqlara qarşı etiraz edirdi. Kərəm bəy bu cür peşəkar adamı itirmək istəməsə də arada onu kabinetə dəvət edib etirazını açıq deyil, birbaşa rəhbərliyə bildirməsini və idarəçilik üçün də əzazilliyin vacib olduğunu vurğulamışdı. Ancaq Rahib bu barədə güzəştə getmək niyyətində deyildi. Baməzəliyi və Kərəm bəyə qoşduğu ləqəbi onu aşağı təbəqə işçilər içində daha çox populyar etmişdi. Rahib Kərəm bəyə "Kələm bəy" deyirdi və qısa müddət ərzində bu bütün holdinqə yayıldı. Günün birində isə çuğullar sayəsində Kərəm bəy hər şeyi bildi, ancaq Rahibə heç nə edə bilmədi, çünki Kərəm bəyə görə "isyançı" üsyançı olan Rahib holdinqi tərk edib getmişdi. Rahib də getdi, işçilərin hüquqlarını müdafiə edən də olmadı, ancaq ləqəb qaldı. Hirslənəndə işçilər öz aralarında Kələm bəy deyirdilər. Kərəm bəy kələm sözünə nifrət edirdi və hətta bəzi "kərəmpərvər" rəhbər işçilər qida rasionundakı kələm sözünü onun türkcəsi olan lahana ilə əvəz etmişdilər. Tədricən yeməkxanada da kələm sözü lahana ilə əvəzləndi və qısa bir müddətdən sonra kələm lahanaya çevrildi, amma "Kələm bəy" dəyişmədi ki, dəyişmədi.
Qanıqara gəlmişdi. İllərlə rəqib tanımayan "Kasımoğlu Kardeşləri"nə rəqib çıxmışdı. Respublika əhəmiyyətli böyük tenderdə ilk dəfə Kərəm bəy məğlub olmuşdu. Bunu həzm edə bilmirdi. Tez-tez"nasıl olur yaaa?! Ben piyasadayken bunların hiç biri yoktu. Nerden geldiler, nasıl yükseltiler? Nasıl yaaa!!!
Hirsini, qəzəbini, kinini boğa bilmirdi. Katibənin gətirdiyi çayı geri qaytarıb ofisdən çıxdı. Yaxınlıqdakı satış mağazalarından birinə girdi. Burda hər şey onun qoyduğu qaydalara uyğun şəkildə idi.  Kərəm bəy bahar buludlu kimi dolu idi. Üzü yaz aylarındakı qara bulud kimi tutulmuşdu. Onu tanıyanlar bu halın nə olduğunu yaxşı bilirdilər. Hərə öz başının harayına idi. Heç kim səhvə yol vermək, "qurban" olmaq istəmirdi. Satış şöbəsində musiqidən başqa bir səs gəlmirdi. Kimsə işarə ilə mağazanın ofisindəki işçiləri xəbərdar etmək üçün Həmidi məlumatlandırdı. Yavaşca sivişib ara qapıdan içəri girdi. Həftə sonu olduğu üçün bu şöbənin işi səngimişdi. Gənclər zarafatlaşır,  deyib-gülür, əylənirdilər. Qəfildən qapını açıb içəri girən Həmid dedi: -gəldi!
Kim gəldi deyə soruşanların sözü ağzında qaldı....
Kələm bəy!  Onun şirin-şirin dediyi"Kələm bəy" ifadəsinə indi daha çox gülürdülər, amma birdən hamının dodağınd gülüş dondu və bayaqdan laqqırtı vuranlar tez iş masalarına, kompüterlərin arxasına keçib ciddi sifət aldılar. Binəva Həmid isə "zalafat etmiləm, Kələm bəy gəldi, hislidi" deyərək iş yoldaşlarını xəbərdar etmək istəyirdi. Çoxusu heç nə olmamış kimi olmayan işinə davam edirdi. Bəziləri isə pəltək , zavallı Həmidin halına acıyırdı, amma…
Həmidin ardınca özünü içəri atan Kərəm bəyin eşitdiyi ilk söz "Kələm bəy" olmuşdu...
Holdingin HR meneceri Həmidin işdən ayrılması barədə ona məlumat verirdi. Əslində onun üçün də çətin idi. Rusdilli, yaraşıqlı, dikbaş və özündən razı gənc qadının ibarəli cümlələrindən heç nə başa düşməyən Həmid yenə də eyni sualı verirdi-Mən nə etdim ki? Niyə məni işdən çıxalılsınız?
Həmidin sualına konkret cavab verən də olmadığı kimi Həmid də verilən cavablardan heç nə anlamırdı. Onun bu sadəlövhlüyü, pəltəkliyi burda çalışan işçilər tərəfindən gülüş hədəfinə çevrilmişdi və bəziləri bilərəkdən yenə də ona sual verirdilər.
-Nu Xamidcan,  tı ponyal da?
-Hııı?
Ha-ha-ha…
Bir neçə ay əvvəl burda işə düzələn Natiqin vicdanı sızıldayırdı. O Həmidin aşağılanmasına dözə bilmədi və pəltək Həmidin növbəti dəfə gözünü onun-bunun ağzına dikərək verdiyi sualına qısa bir cavab verdi.
Həmid, sən "Kələm sindromu"na görə işdən çıxarılmısan...

06.05.2023

Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-06-2023 17:53
Baxış sayı: 3244
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını