Müdriklik hesabatı - Hüseyn Şahbəndəyev yazır

25-03-2023 12:31
Hüseyn Şahbəndəyev,
Əməkdar müəllim.


Xalq şairi Musa Yaqubu anaraq

Xalqımızın bənzərsiz söz sənətkarı Musa Yaqub özünün zirvə ömrünü yaşayır. Böyük ustada baş çəkə bilməsəm də, 2000-ci ildə yazdığım bir yazını paylaşmaqla  ehtiramımı bir daha bildirirəm. Yazını Musasevərlərlə bölüşürəm:
Hüseyn Şahbəndəyev


"Müdriklik hesabatı"
(Yazı “Xalq qəzeti”nin  22 avqust  2000-ci il sayında dərc olunmuşdur)


Sevimli şairimiz Musa Yaqubun “Payızdan yaza yol varmı” adlı kitabını əlimə alanda şairlə 1993-cü ilin aprelində İsmayıllıda, “Cavanşir yurdu”  qəzetinin redaksiyasındakı görüşümüz yadıma düşdü. 
O günlərdə Kəlbəcər rayonu ermənilər tərəfindən yenicə işğal olunmuşdu, rayonun əhalisi bütün var-yoxunu yağıya tərgidib özü miskin və sahibsiz vəziyyətdə çöllərə üz tutmuşdu. Hələ ki paytaxt rəsmiləri Kəlbəcərin işğalı barədə sususrdu, şahidlərin səsini eşidib yayan yox idi... Belə bir vəziyyətdə Musa müəllim redaktoru olduğu qəzetdə “Kəlbəcəri verməmək də olardı” başlıqlı yazımı nöqtəsinə, vergülünə toxunmadan qəzetin birinci səhifəsində dərc etdirdi. Yazının əks-sədası Bakıda bəzilərini elə “narahat etmişdi”ki, mən bu yazı ilə əlaqədar Bakıdan İsmayıllıya təşrif buyurmuş nümayəndələrə izahat verməli oldum...
Bu, Musa Yaqub vətənpərvərliyinin mənim üçün ilk səmimi və üzbəüz təzahürü idi. Açığını deyim ki, o vaxta kimi Musa müəllimin şeirlərini qəzet və jurnallardan oxusam da, kitablarını almamışdım, az tanış idim. Sonradan şairin  əsərləri ilə yaxından tanış olduqca bu cür duyğuların nədən yarandığı mənə daha çox aydın oldu.
Şeirlərində haqqı, ədaləti, Vətəni tərənnüm edənlərin əsl xarakteri çox zaman yazdıqları ilə eyniyyət təşkil etmir. Bu keyfiyyətlərin yaradıcılıqla üst-üstə düşməyi isə sənətkara xalq məhəbbəti bağışlayır. Kim mərdanəliyin bu nişanlarını varlığına hopdura bilirsə, xalq da onu sevir. Və xalqən sevgisi kimi ali mükafatı olanlar rəsmi təltiflərə layiq görülməsələr də, daim ucalıqlarını saxlayırlar. Bu mənada Musa müəllimin:
Eldə qədirbiləndədir qanadım,
Anamdadır mükafatım,
Öz əlimdir, öz sözümdür, öz adım, 
Ha çalışa, ha çarpışa axır ki, 
İzim düşdü bu sal daşa axır ki

-deyərək öz adını xalqımızın daş yaddaşına yazmağa tamamilə haqqı vardır.
Musa Yaqub poeziyasında ən güclü qanad təbiət mövzusudur. Təbiət təsvirlərində oxucu elə səmimi yanaşma və novator təhlillə üzləşir ki, sadəcə olaraq heyrətə gəlir. Şair həm də çox hallarda  təbiətin adi bir mənzərəsinin təsviri ilə kifayətlənməyib, eyni zamanda insan haqqında güclü fəlsəfi ümumiləşdirməyə nail olur:
Özündə yüz budaq, min yarpaq üçün, 
Guya tikanın var qorunmaq üçün.
İnsan bir pay versən beşini çəkir,
İlanın ağzından dişini çəkir, 
Sənin tikanını kim sayacaq, kim?

Şair üçün ən böyük tribuna poetik ilhamının səlahiyyət verdiyi azad şairlik tribunasıdır. “Məmməd Ismayıla məktub”da deyildiyi kimi:
Ayə, nə komanda, nə şirkət, nə zad...
Biz könlü uçarı? qələmi azad-
Bizim bir obamız, bir elimiz var,
Bizim bir şeirimiz, bir dilimiz var,
Bizim komandamız el komandası...
Şeirə nə iqtidar, nə müxalifət,
Şeirin komandası haqq komandası
Yoxsa ki hərənin öz komandası?...

Bu qəbildən olan şeirlərin hamısında Musa müəllim “öz içində parça-parça”olan xalqının “böyükləri kinli” övladlarını daxili birliyə səsləyir, “dəmiri özündən, kömürü özündən” düzələn Azərbaycanda vətən övladlarına sirayət etmiş daxili didişmələri acı təəssüf hissi ilə, bədii obrazlılığın gücü ilə təhlil edir. Bu təhlil, demək olar ki,  şairin yaradıcılığının leytmotivini təşkil edir. Adi əhvalatların arxasında qəlbə axan göz yaşları içərisində qələmə alınmış onlarca əsərdən çıxan bir çağırış ruhu oxucunu ayılmağa səsləyir:
Kələkbazlar, oyunbazlar əlində
Düşmən bizə içirdi xaç suyunu...
...A millətim, bitməzmi bu oyunlar?!
-deyir.
Poeziya dövrünün aynasıdır.Azərbaycanın müasir ağrı-acıları, həyatın mövcud gerçəklikləri, tarixi talesizliyin çağdaş davamı şairin yaradıcılığının son dövrlərində ürəkağrısı ilə qələmə alınmışdır. Belə şeirləri oxuduqca şairin övladı qarşısında məğlub olmuş ata kimi hüznlü çarəsizliyi, kövrəkliyi oxucunun da gözünü yaşardır:
Qaçqınım, köçkünüm, bəxti dönmüşüm, 
Evi dağılmışım, odu sönmüşüm,
Durub hüzuruna gəlib nə deyim?
Lap elə o çadır şəhərciyində 
Sənə uzalıdır əlim, nə deyim?
Mən hansı ümidlə alım əlini-
Neynirsən boş əli, boş tərəzini?

Başdan-başa ağır kədərin, çəkilməz dərdin ifadəsi olan bu şeiri evi dağılıb yurdu sönmüşlər haqqında elegiya hesab etmək olar. Lakin şair bədbinliyə qapılmamağa, bu məğlubiyyətlərdən ciddi dərs almağa səsləyir. “Bir də görəcəyik” şeirində bu oyunların nəticələnəcəyi o son təəssüfün faydasız olacağı günə gedib çıxmaqdan çəkindirmək ruhu çox qüvvətli şəkildə oxucuya aşılanır. Ona görə də şair sərhəddən, xətdən çıxıb Vətəni boş qoyacağımızdan qorxaraq didişənləri, kürsü, vəzifə davasına başı qarışanları dayanmağa, iddiaları bir kənara qoyub böyük Vətənə xidmət etməyə çağırır. Şeirin ümumi ruhu şairi bir-birinin yaxasını cıranların, küsüşən, didişən,qisasçılıq ruhu ilə yaşayan ‘’gödəndaşlarımız”ın ittihamçısı kimi canı boğazına yığılmış, bütün bu olaylardan bezmiş xalqın timsalına çevirir. O isə öz növbəsində sərt hökmləri ilə hamını ümumi sülhə, daxili birliyə çağırır:
Dayanın, yaxası cırılmışlarım,
Durun, a düyməsi qırılmışlarım, 
Bir görək bu dünya hayana gedir,
Bir  görək əkində, biçində nə var,
Bir görək sünbülün içində nə var-
Bu Vətən, bu torpaq heyfdi, vallah!

Poeziyanın əbədi mövzuları sırasında, şübhəsiz ki, məhəbbətin ayrı çəkisi var.Kitaba bu mövzuda daxil edilmiş şeirlərin hər biri bu müqəddəs yaşantının orijinal tərənnümünü yüksək ustalıqla əks etdirir. Məhəbbət hislərinin təsvirində Musa Yaqubun özünəməxsus yaradıcılıq imkanları oxucuya çoxdan tanış olsa da, bu mövzuda kitaba daxil edilmiş yeni şeirlər şairin poeziya ümmanından nadir incilər seçmək məharətini bir daha nümayiş etdirir. Ayrılığın, son görüşün iztirablı olduğunu hamı etiraf edər və bu, məhəbbət lirikasının əbədi mövzularından sayılır. Lakin son görüş-ayrılıq məqamındakı son anın poetik təsviri köhnə obrazı yeni biçimdə təsvir etməkdir. Şair həmin şeirdə şairdən çox filosofa bənzəyir:
Bu axır başqadır, tamam başqadır, 
Mənim taleyimdə məqam başqadır,
Daha o yoxluğa əl çatan deyil, 
Bu axır bizimçün günbütün deyil, 
Qayıdıb təzədən gündoğan olsun-
Bu axır başqadır, tamam başqadır...

Sevgidə giley! Sevdiyin, amma sənin istəyini qiymətləndirməyəni məzəmmət- bu ovqat çox-çox şairlərin məhəbbət şeirlərinə xas olan mövzulardandır. Musa Yaqub deyimindəsə bu gileyə elə bir səmimi həzinlik, dərindən-dərin lirizm qarışır ki, şairi tamamilə bənzərsiz edir:
...Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümşad əllərin,
Çiyninə tökülmüş dalğın tellərin, 
Bir gülər üzün var, amma bilən yox, 
Bu xumar gözlərlə birgə gülən yox, 
Yoxdur bu əllərin qədirbiləni,
Çiynin boş, əlin boş, boş qalan qucaq...
Onda biləcəksən mənim sevgimi, 
Biləcəksən,
O da çox gec olacaq...

Lirik qəhrəmanın bu qınağı oxucunun qəlbini o qədər kövrəldir ki, hətta giley sahibinin gələcək vüsal dönüşünə şirin bir ümid hissi də oyadır. Şairin qüdrəti də bu inamı, bu saflığı yaratmasındadır.
“Payızdan yaza yol varmı”  kitabı Musa Yaqubun ömrün müdrik yaşında xalqına ciddi hesabatıdır. Kitaba “Dəyirman” və  “İndi desəm nağıldır” adlı iki lirik  poemanın və əvvəlki illərin seçmə  şeirlərinin daxil edilməsi də bu səbəbdəndir.
Bu kiçik yazıda şairin bütün yaradıcılığını təhlil etmək fikrində olmasaq da, təbiət təsvirli bir bənd şeirdə “baharın nəşəsi”, “ göy çəmən”, “boz duman”,  “pətəkdə arı”, “şanda ruzu”, “cövhəri bal ömrümüz” kimi poetizmlərdən məharətlə istifadə etməsini şairin sənətkarlığının gücü hesab edirik.
  Kitabı vərəqlədikcə oxucu əvvəlcə 90-cı illərin, günümüzün şeirlərini, sonra isə əvvəlki illərin əsərlərini oxumaqla Musa Yaqubla ahıllıqdan gəncliyə yol salır və əslində ömrün payızı ilə yazının yaradıcılıq məhsullarında eyni hərarəti, eyni məsuliyyəti, sözə eyni həssas münasibəti görür, nəticəyə gəlir: ömründən ömürlərə pay verənlərin payızdan yaza otbitirməz, kol-kos basmaz cığırlı yolu vardır. 
Hamımızın anası doğma və əziz təbiət kimi.

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 25-03-2023 12:31
Baxış sayı: 2598
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını