“Məktubum var sənə...”

02-12-2019 15:35


Morze əlifbasıyla yazılan - ayrılığa hökm oxuyan, sevda dolu,  Sən xitablı, vüsal sığallı, həyəcan siqnallı, məhəbbət ünvanlı...
 Özündən-özünə ünvanlı yazı: 
şairin xoş avazı, xəzana dönən baharı-yazı
Sülhiyyə Musaqızına belə bir namə yazıram: özündən-özünə ünvanlı. Niyə bəs sual vermirsiz ki, sözünmü olmadı, özünün sözünü özünə ünvanlayırsan?!
Əziz oxucu, səbrin olsun. Mən də elə bu istedadlı qələm sahibini oxuyanda bu sualla qarşılaşmışdım. Özündən-özünə ünvanlı yazılarını bir neçə ildir ki, “ələyib ələkdən, xəlbirdən keçirirəm”. 
İlahi insana nələri verməyib görəsən, özünü təqdim etmək üçün?! Yəni, Yaradan bizə nə verirsə özünün təqdimi üçün edir. Ruhumuza nə yazırsa Tanrı sevdalı olur. Onun paklığından, duruluğundan saflaşırıq...
Bilmirəm, bəlkə elə ona görə qələm adamlarını, xüsusən də şairləri Tanrıya Peyğəmbərimizdən sonra ən yaxın varlıq hesab edirlər...
Qələm adamlarının incə qəlbli olması təbiidir, hər kiçik fikirdən, sözdən, hətta, zarafatdan da inciyər, küsərlər. İllər öncə  mənim başıma da gəlib. Ən çox istədiyim bir müəllimimdən inciyib-küsmüşdüm, Sonradan anladım ki, əbəs yerə... Mənim yazı-pozuma doğma münasibət “bəsləməyən” bir redaktordan qəlbən incisəm də, üzə vura bilmirdim. Vaxt elə gətirdi ki, həmin redaktor (Allah rəhmət eləsin, Göyçəli Əli Qurban Dastançıya, orta məktəbdə mənə Azərbaycan dili və Ədəbiyyatından dərs deyib, ruhu şad olsun ki, ədəbi dilimizi, şeiriyyətimizi sevdirirdi) mənim məqalələrimi (portret-oçerklərimi, şəhidlərimiz haqqında yazdıqlarımı) toplayıb kitab halında buraxılmasını məsləhət bildi və “özüm də redaktor olacağam,-dedi. Bəli, bir vaxtlar yazımı redaktor olduğu rayon qəzetində dərc edilməsini məsləhət bilməyən həmin redaktordan qəlbən incimişdim. Çünki həmin məqaləm (Bir ustad aşıq haqqında idi. Mən isə hələ o vaxtlar orta məktəbdə oxuyurdum, baxmayaraq ki, bir hekayəm “Ulduz” jurnalında dərc edilmişdi, forslanırdım...) başqa rayon qəzetində  (həmin tanınmış aşıq Goranboyda yaşadığı üçün ora göndərmişdim) bir səhifə həcmində verilmişdi həmin məqaləm. Sonralar anladım ki, Əli müəllim bilərəkdən rayon miqyasından kənarda yazılarımın dərc olunmasını istəyirmiş. Məni beləcə, qələm, söz adamı olduğumu bildiyindən, sınağa, səbrə çəkirdi Yaradan da, Əli müəllim də. 
Sülhiyyə xanımın da haqqında yazmaq istəyirdim, amma, Tanrı bu imkanı, möhləti hələ ki vermirdi. Çox şükür, qələm ələ, kəlmələr dilə gəldi bu gün.
Hərdənbir sosial şəbəkədə “şam yandırması” 
könül dünyasına əməlli-başlı nur saçdı
Xəyallarım bax beləcə daima dumanda-çəndə olur, fikrim uzaqlaşır, könlüm kövrəkləşir... Qələm dostumun bədii-publisistik düşüncələrinin lirik-epik ifadəsi haqqında nə isə demək istəyim vardı, təxminən 3-4 il bundan öncədən. Açığı, bəzən elələrinin “yaradıcılığı”ndan, yaxud dədə-babasından yazmışam ki, sonradan utanıb-ölmüşəm. Elə sənət və söz dahiləri də olub ki, onların haqqında bircə kəlmə yazmağı belə şərəf bilmişəm. Axı, sənət fədailəri haqqında yazılan tarixləşir, əbədiləşir, səni ölümsüzləşdirir.
Onu - Sülhiyyə Musaqızını 2005-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avrasya şairlərinin bir araya gəldiyi Avrasya Senet, Kültür ve Edebiyyat Federasiyonunun  ilk beynəlxalq konfransı, eyni zamanda “Avrasya şairlərinin antolojisi”nin təqdimatında tanıdım. Açığı, Azərbaycan ədəbiyyatı ilə az-çox maraqlı olsam da, imkan düşdükcə müasir yazarlarımızı oxumağa çalışsam da, bu imza mənim üçün yeni idi. Deyəsən, ruh adamları daha  tez dil tapırlar, bəzi qısqanclıqlar olsa da belə.
Həmin konfransdan sonra Sülhiyyə xanımın sosial şəbəkədə hərdənbir “şam yandırması” onun könül dünyasına əməlli-başlı nur saçdı. Gözlərimə inanmadım və indiyə qədər bu xanımı oxumadığım üçün xəcalət çəkirdim. Yalnız ona görə yox ki, haqqında nəsə bir-iki cümləlik fikir yazmamışdım. Ona görə ki, bəzilərinin “cızma-qara”sını təmtəraqlı təqdim etmişdim ki, dəyməzdi, amma, belə istedadlı haqqında isə, deyəsən, “xəsislik” eləmişdim...
Sülhiyyə xanımın ədəbi-bədii lövhələri (fikir verdinizmi, yaradıcılığı demədim?-M.N.) Azərbaycan ədəbi mühitində “kölgədə qalmış quzey qarı”na bənzəyir: ilin bütün fəsillərində “xəstəyə dərman”dır. Bu “xəstə”lər söz sərraflarıdır, sözə vurğunlar, sözdən qala yapanlardır. Onlara bax belə “həblər” məlhəmdir, axı, könül sevadalılarıdır:
Bir pərişan zülf yerində kök salan,
Qara saçda son ağı da sök-qalan,
Tellərimi zaman sanıb sanayan
Bir ömürün "növrağından"yoruldum.


Kipriyimə layla şehi qonduran,
Hər arzumu ürəyimdə donduran,
Məhəbbəti gözlərimdə solduran,
Bəd əməlli saxtasından yoruldum... 
Qulaq ver sən söylənməyən alqışa,
Pıçıltısı ağı deyən yağışa,
Bir meh ilə söndürülən işığa,
Qarğış edən tufanından yoruldum... 
Dediyimi bir haqq sanıb-"gülərsən",
Əyninə sapsarı bir don geyərsən.
Hər zamankı fəsil sanıb-deyərsən,-
Xəzan qoxan payızından yoruldum...

...Eyni rəng var, eyni ahəng canında,
Həsrət saran, dərd qabaran yurdunda.
Boğuluram, əsir qalan ruhunda,-
Qübar saçan baxışından yoruldum...
...Məhəbbəti gözlərdə solduran da var, 
əsir qalan ruhda boğlun da, 
qubar saçan baxışdan qovrulan da...
Mən bilərəkdən müəllifin “Yoruldum” şeirini bir bənd yox, bütövlükdə nümunə göstərdim. Burada telləri zaman sanıb sanayan bir ömrün pozulan növrağından söz açılır. Yox, yox, günah elədim, burada nələr yoxdur ki: məhəbbəti gözlərdə donduran bədəməllinin saxtalığı, kirpiyə layla şehini qonduran, hər arzunu bir ürəkdə donduran, məhəbbəti gözlərdə solduran da var, əsir qalan ruhda boğlun, qübar saçan baxışdan qovrulan da...
Bu kiçik bədii təqdimat bəs eləmədi, gəlin birlikdə publisist Sülhiyyə Musaqızının tərcümeyihalı ilə tanış olaq. Rəsmiyyəti sevmədiyindən, iki-üç cümləlik yazır, şeirlərini də bəzən bax beləcə - bircə bəndlik edir: yazıçı-jurnalist (indi isə mən deyirəm: şairə) Sülhiyyə Musaqızı. Cəlilabad rayonunda doğulub. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Doğulduğu rayonda üç il gənc mütəxəssis kimi çalışıb: müəllim işləyib. 1987-ci ildə Bakıya qayıdıb. Qələmi və lirik duyğulu qəlbi onu jurnalistika sahəsində çalışmağa çəkib: "Mənlik" qəzetində müxbir işləyib, eyni zamanda 1990-1992-cı illərdə "Aydınlıq", "Şimali Azərbaycan" və bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. 1993-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində şərhçi vəzifəsində çalışan Sülhiyyə Musaqızı bir neçə kitabın ("Şəhid ruhlar oyansın", "Azərbaycan terrorizmin caynağında", "Tənha qadın və qaranquş" publisistik əsərləri: povest, hekayələr və s.) müəllifi, "Qızıl Qələm", "Beynəlxalq Sülh" və bir çox ali  media mükafatlarının laureatıdır.
İctimaiyyətin diqqətində olan elm xadimlərinin həyat, ömür və yaradıcılığından bəhs edən "Zərrələrdən-zirvəyə" elmi, bədii-fəlsəfi-tibbi ensiklopedik topluya da ömür bəxş edən Sülhiyyə xanım haqqında bax beləcə - quru, rəsmi, sinxron nə danışmaq olar, nə də yazmaq. Onun poetik,  epik-lirik yanrlı mənsur şeirlərini sırf mütəxəssislər təhlil edə bilər. Mənə qalanı isə, sözün nazını və əzabını çəkən Sülhiyyə xanımın bəzən sübhün dan yerindən boylanan Günəşin şəfəqlərini xatırladan, bəzən də sis-dumandan silkələnib çıxmış - bədirlənən Ay kimi zirvələrin ağ örpəyində göz qamaşdıran misraları ilə ancaq könlümü ovundura bilərəm.
Sevgi adlı qala qurub ürəkdə
Gözləyir o, dörd göz ilə hələ də
…Sevgi, poeziyanın, elə nəsrin də əbədi mövzusudur. Onun ifadəsi müxtəlif olsa da, odu-közü bu mübtəlaya düşənləri yandırıb-yaxır, amma, külü qalmır, odu qalsa da... Sülhiyyə xanımın poeziya nümunələrində sevginin donu, nədənsə, sarı rənglidir - xəzana bürünüb sanki. Duyğular, hisslər isə bahar təravətlidir, yenicə qönçələnib elə bil:
Kipriklərinin arasında itib
məni məftun edən gözünün işıqları...
Baxışların çaxışına baxın - şimşək deyil ey, sanki utancaq qız kimi yumulub kipriklər. Hissin gücü,  fikrin yeni deyim forması və mənası yalnız müəllifə məxsusdur.
Xəyallandım. Bir vaxtlar bədahətən dediyim təcnis düşdü yadıma:
Gözlərindən gözlərimə
Od ələ di, od ələ indi.
Kipriklərin elə sıxdın,
Od ələndi, od ələndi...
Sülhiyyə xanımın bir şeirində də bəndə düşdüm. Fikrim şeirin sonrakı misralarının yanına “qaçıb” ki, xəbər gətirsin:
...Sevgi adlı qala qurub ürəkdə
Gözləyirəm - dörd göz ilə...
Saniyələr saat olur,
dözüm sayır könüldə,
İntizarın kədər tökür, qəm yağır,
Buludlanır qürub salır ürəkdə:-
Görən baxışların nə vaxt
bizim məhləmizdən keçəcək?!
...sevgi ilə gedilən yol yarımçıq qalmır
Sülhiyyə Musaqızı, yuxarıda qeyd etdiyim kimi, peşəkar qələm sahibidir, həm də müxtəlif janrlarda sınaqdan çıxmış ədəbi-bədii əsərləri ilə özünü tanıtmış, sevdirmiş jurnalist olaraq. Poeziyası ilə könülləri fəth edən şairənin epik janrda qələmə aldıqları da onun çox uğurlu nəsr müəllifi olduğunu təsdiqləyir. “Yuva” hekayəsindən kiçik epizodu birlikdə oxuyaq: “... Söylədiyin kimi, bu sevginin ayrılıq həddinə çatmasına, getmə kulminasiyasına yetməsinə təkcə mənəmmi səbəbkar və günahkar, yoxsa sənmi düşmən oldun bir yuvanın dağılmasına?!-bilmirəm, düşünərsən. Çünki, təklikdə vaxtın çox olacaq. Bilmədiklərimi də götürüb gedirəm daha...
Mənsiz yuva olmaqdan çıxan yuvamıza və onun tək sakininə - "özünə yaxşı bax"- sözünə gücüm çatır indiki məqamda.
Təkcə bunu bil ki, yuvanı tək dişi quş qurmur. İki quş birləşib qurur. Yuvanın əsl yuva olması üçün sevgi və sayqı gərəkdiyi də unudulmamalıdı...
 Qəti qənaətim budur - sevgi ilə gedilən yol yarımçıq qalmır...”
Məncə, fikrin sanballı ifadəsi üçün janrın elə bir əhəmiyyəti yoxdur. Sülhiyyə xanım poeziyada olduğu kimi, epik janrda da duyğularını oxucusu ilə bölüşməyi  bacarır. “Bacarır” demək günah olardı, özünü təsdiq edir, fikrini epik-lirik  formada nizamla düzməyin ustadı olduğunu əsaslandırır onun bu kiçik nəsr parçası da.
Morze əlifbasıyla həyəcən siqnalı!

 

Bu sətrin altında “mürgü vuran” mənaya baxaq. Şeiri oxuyanda ilk anda sənə elə gəlir ki, bəhri-təvildir. Burada Avropa ədəbi janrlarından olan modernzmin işartılarını da görürük, poemanı da. Bu, əslində, elə mənsup şeirdir, şair onu lirika ilə bələyib ki, oxucusunun könlündə sevgi odunu bir az da alovlandırsın:
Morze əlifbasıyla həyəcən siqnalı!
Çalınır... Çırpınıb, qəlbim dağıdır köksümü
SOS !-deyə haray qoparır sinəmdə:-
 Məktubun var, sənə xitablı,-

dağıntılar altından çıxmış kimi...
 ürəyimin döyüntüsündən hərif alan,

söz tapan məktubun var,-
yağışlı, küləkli, ağrı-acılı, çovğunlu, qarlı,
 min bir həyəcanla yazılıb - sənə ünvanlı.

...Söz adamının qazancı nə olur? Bu sualın cavabı müxtəlif cür verilir. Hər kəs öz ölüçü-biçisində-təfəkküründə, subyektiv fikir söyləyə bilər. Məncə, bu məqamda “söz adamının qazancı yalnız oxucu sevgisi, umacağıdır”,-desək bəkə də daha doğru olardı. Nümunə çəkəcəyim bir şeirini oxumuşam Sülhiyyə Musaqızının. Bəlkə də bu şeiri oxumasaydım həmin sualın cavabını başqa cür yazardım. Sülhiyyə xanım lirik duyğuları ilə oxucusunu könül dünyasına  səmimi qonaq edir. Sevgi-məhəbbət, nifrət-hiddət dolu haraylarını nəinki oxuyuruq, həm də sanki eşidirik. İnanmağın gəlmir ki, müəllif  bədii duyğulardan ayrılıb, qəfildən siyasəti də nəzmə çəkər. Amma, yanılmayaq, Sülhiyyə xanımda bir Xəlil Rza Ulutürk harayı, Bəxtiyar Vahabzadə fəlsəfəsi, Söhrab Tahir ayrılığı, M.Şəhriyar hicranı da varmış:

 
Adəmlə Həvvanın
Qabili, öz əlimizlə salınıb - zorla
qonşu düşübdü bizə,-
Vətən də o tay-bu tay
bölünərək hökm yeyib
Dost deyə yurduna düşmən
olandan- canına qənim bizə,-
onu belə demədilər.
Dünya yamanlar oxunun
çevrəsində dönürmüş,-
onu da bildirmədilər?!
Min niyyətli diləklərə
çatmaq üçün üz tutub:
-Ey İlahi Ədalət!-dedilər,
Nahaqqa etiraz kimi,-
Dayandır Yer kürəsini-biz
Düşürük!-demədilər...
***
Gələn qonaq qalmaz, gedər, ya tez, ay  gec.  Adəm övladı da elədir: gəlişiylə-gedişi arasındakı bir ömür (bəzən bir ömür dedikləri bir ay da olmur, bir il də çəkmir, ömürə bax ey-M.N.) məsafəsicən olur. Sülhiyyə xanımın poetik dünyasının da gələnləri-gedənləri var. Keçmişləri yığıb qəlbinə, ötənləri alıb gözünə, payız dolan ömürə - bəxtin qış qapısına üz tutub gedən sevdalıları deyir müəllif. Necə də ağrı-acılı, necə də düşündürücü, necə də lirik dillə nəzmə çəkib şairəmiz:
Sənli keçmişləri
yığıb qəlbimə,
Sənli ötənləri
alıb gözümə,
Bu payız dolan
ömrümə
Bəxtin qış
qapısına gedirəm...
Buluda dönüb
yağış tökmüşəm,
Çən tökən çiskini
yağış bilmişəm.
Başımda dumanı
qarğış bilmişəm,
Gələn yazı payız
bilib gedirəm...
***
Mənsur şeir nəzmlə nəsrin sintezidir, deyərlər ki, qoşa qanaddır ədəbiyyatda. Klassiklərimiz bu janrdan yetərincə bəhrələnsələr də, onun forması zaman keçdikcə dəyişilib, ümumiyyətlə, son illərin bədii nümunələrində bundan istifadə sanki dəb halını alıb. Lakin, etiraf edək ki, hər cızma-qara da şeir ola bilməz axı. Belə deyək, bəzən özünü “dağa-daşa”, “oda-közə vurub” “şeir yazıram” deyənlər həyatlarındakı şəxsi problemlərini “nəzmə çəkir”, amma, fərqinə varmır ki, onları oxuyana heç nə vermir. Oxucu, əksinə, elə “həvəskar  şairəm” deyənlərin nəyə qadir olduqlarına ironiya ilə baxır və “ehh...” edib, baş bulayırlar.
Bir  sadə həqiqəti bilmək  lazımdır: şeirdə yeni deyim, tapıntı, ifadə forması olmalıdır. Söz yığını poeziya nümunəsi sayıla bilməz. Ad çəkməyə ehtiyac duymasam da, bir fakt deyəcəyəm. 10-15 il öncə bir məşhur yazıçımızın şeirini oxudum, “ətim töküldü”. Həmin məşhur yazıçı dünyasını dəyişmişdi. Təəssüf elədim ki, mən həmin yazıçıdan “şeir” oxudum. Kaş, heç təsadüfən rast gəlməyəydim. Şeir demək günah olan söz yığınından savayı bir şey olmayan, heca vəznində yazılmış o “dördlüklər” heç bir ölçü-biçiyə gəlmirdi. Bu, hələ harasıdı, məzmun, məna, fikir belə yox idi ki, heç olmasa, sətiraltına görə ona şeir deyəsən.
Tanıdığım, sərbəst vəzndə şeir yazan qələm dostlarımdan nümunə çəkməyəcəyəm. Sözün sahibi buradadır. Fikrini nəzmə çəkən Sülhiyyə Musaqızı bu vəzndə fikrini ifadə eləməsi ilə yanaşı, həm də məcazları gözlədiyi, yeni tapıntıları ilə oxucusunun qəlbinə yol tapdığı üçün ondan yazmaq  qərarına  gəlmişdim: “...buludlar baş qoyub göyün çiyninə, hönkür-hönkür üzüyerə ağlayır”:
Sənsiz buralar yerində deyil,
Hər şey dəyişik düşüb burda.
Bilirsən - buludlar göyündə deyil,
Burda səma boz-bulanıqdı,
Ulduzlar solub tökülür orda.
Sevgisiz yağışlar yerində deyil,
Buludlar baş qoyub göyün çiyninə,
Hönkür-hönkür üzü yerə ağlayır...
Çox sevdiyim bir şair də var: Zahid Muxtar. Şeirlərinin birində belə bir beyt var:
Belə “nəğmə” eşitmirdim nə vaxtdı,
Qulağıma bir yanıqlı səs axdı...”
Bax, Sülhiyyə xanımın yuxarıda nümunə çəkdiyim şeir parçasında da mən həmin həzin nəğməni dinləyir, buludların hönkürtüsünü eşidir, üzüaşağı süzülən bulud gözlərin yağışında islanmışdım sanki. Ona görə də paklaşır, durulaşır, saflaşırdım. Şeir budur. Fikrin nəzmə çəkilməsi buna deyərlər.
Əlbəttə, imkanım olsaydı hər bir şeirinin mənalı, dolğun, bitkin, lirik, düşündürücü, fəlsəfi sətiraltı mənasını duyduğumu yazardım. Yaza bilmədiklərim çoxdur. Məncə, şairin bir şeiri, lap elə bircə bəndi ilə də duymaq olar ki, onun təbi var, yoxsa, nəyinsə xatirinə əlinə qələm almaq istəyindədir. Şairlik, yazıçılıq İlahi vergidir. Şairlik həm də elmdir. Şairlik yalnız sənət, peşə deyil. Şairlik həm də özünüifadədir. Onun peşəkarı, özfəaliyyəti olmur. Mən burada Sülhiyyə Musaqızını belə hiss etdim. Mən bu qələm adamını mədh etmədim, sadəcə, oxuyub mənəviyyatından bəhrələndim, barlandım.

Məhəmməd NƏRİMANOĞLU


Kateqoriya: Poeziya-nəsr
Tarix: 02-12-2019 15:35
Baxış sayı: 31 018
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını