Fərid Muradzadənin "Nicat yolu" - Hekayə

07-07-2021 13:59
"...Dünya gözü ilə görmək nəsib olmasa da gecələr bütün şəhidlərin ruhu yer üzündə -azad edilmiş Vətən torpaqlarında qürurla dalğalanan Azərbaycan bayrağına baxırdı".

Dalidag.az Fərid Muradzadənin yeni hekayəsini təqdim edir:

Onu tanıyıanda 13-14 yaşlarında bir yeniyetmə idi. Hündürboy, qaraşın, dəcəl… O vaxtlar binaya yeni köçmüşdülər. Nə vaxt baxsan əlində taxta "avtomat" gah ağacların arasında, gah binanın zirzəmisində özünə mövqe seçər, "atəş açardı". Bütün dava oyunlarından qalib çıxardı. Bəzən isti yay günlərində qızmar günəş altında ora-bura qaçmaqdan qaraşın dərisi bir az da qaralar, uzun saçları üzünə dağılardı. Hərdən düşünürdüm ki, niyə bu uşaq ənənəvi olaraq günorta saatlarında həyətdə oynayır? Onu nə səhər, nə də axşamüstü həyətdə görməzdim. Sonralar onların həyat hekayəsini eşidəndə ürəyim sıxıldı. Bu balaca "əsgərin"  nə qədər böyük ürək sahibi olduğunu sonralar bildim. İki qardaş idilər. Atasız böyümüşdülər. Ailəcanlı uşaq idi. Atasız olduqları üçün həyatın yükünü erkən çiyinlərinə daşımağa başlamışdı. Əslində onun indi oxuyan, təhsil alan və  tay-tuşları kimi qismən də olsa rahat zaman keçirəcəyi çağları idi. O isə ailə üçün çalışırdı. Anası Əfsanənin səhhətində yaranan problemə görə işləyə bilməməsi və onları uşaq ikən tərk edən atanın laqeydliyi ucbatından  o uşaqlığını və yeniyetməliyini yaşaya bilməmiş və uşaq yaşlarından işləmək məcburiyyətində qalmışdı. İllər keçdi. Nicat böyüdü. Gənclik dövrünə qədəm qoydu. O heç zaman 20 yaşdan yuxarı yaşamadı, amma təkcə sevənlərinin, əzizlərinin deyil, xalqın və tarixin yaddaşında əbədiyaşar birisi oldu. Tarixi həm qələmlə, həm də qanla yazanlar var. Nicat tarixi qanıyla, canıyla yazanlardan oldu. Onların həyat hekayəsi isə belə başlamışdı… "Dünyaya hiç gelmemiş olana ne mutlu!" Amin Maaloff-Semerkant  Hər kəs xoşbəxt olmaq istəsə də xoşbəxtlik hər kəsə nəsib olmur. Bütün gənc qızlar kimi Əfsanə də xoşbəxt olmaq istəyirdi. Gözəl qaməti,  yetkinləşmiş vücudu, uzun qara saçları, yaraşıqlı çöhrəsi onu digər qızlardan çox fərqləndirirdi. Sağ yanağındakı xalı əsmər bənizinə daha çox gözəllik verirdi. Sanki yaradan onun gözəlliyinin möhürünü bu balaca qara xalla yekunlaşdırmışdı. Ömrünün ən şirin çağlarını yaşayırdı. Ata-ananın yeganə qız övladı idi. Gündən-günə bədirlənmiş ay kimi şəfəq saçan Əfsanənin gözləri daima nəinsə,  bəlkə də kiminsə həsrətini çəkərdi. İçindəki bu intizarın əslində nə olduğunu hələ dərk edə bilmirdi, amma hərdən ona elə gəlirdi ki ürəyi yerindən çıxacaq. Laübalı bu ürək atlamalrı, daxili həyəcan özündən xəbərsiz baş verən xoş təəsüratların ilk siqnalları idi. Fərqində deyildi, ancaq elə bil birdən-birə boy atıb böyümüş, yetkinləşmişdi. Yaşından böyük görünürdü. İki ay sonra on beş yaşı tamam  olacaqdı. Yay tətili yenicə başlamışdı. Kəndə çəmbər çəkən uca dağların başından üzü kəndə tərəf gələn buludlar günəşin qarşısını kəsmişdi. Hava bürkülü idi. Geniş bağçada, alma ağacının altında dayanmış ər-arvad məyus şəkildə öz aralarında danışırdılar. Siqareti siqaretə calayan kişinin səsi də əlləri kimi  titrəyirdi. -Dədəm razı olandan sonra mən nə deyə bilərəm?! O, adamlara söz verib. Onların sözləri imzalı sənəd kimidir. -Başa düşürəm, amma qız hələ uşaqdır. Nə olsun ki, yaşından böyük görünür. Belə də iş olar? Bəlkə dədənlə bir daha danışasan. Heç olmasa bir-iki il keçsin, sonra. -Mən dədəmin sözünü kiminsə yanında yerə sala bilmərəm. Dost var, düşmən var. Çiyni səhəngli,  bulaqdan su gətirən Əfsanəni görən kimi söhbətlərini kəsdilər. Ata üzünü yana çevirdi. Sanki o qızından utanırdı. Üzdə sakit görünsə də daxilən vulkan kimi qaynayırdı. O i̇ndi qız atası olmağın nə qədər məsuliyyətli olduğunu daha çox dərk edirdi. Bir gündə nə qədər yaşlandığını, çiynində dağ boyda yük gəzdirdiyini fərq etmişdi. Heç nədən xəbəri olmayan qızından utanırdı. Onunla göz-gözə gəlmək istəmirdi. Gah özünü, gah taleyini,  gah da həyatı yamanlayırdı. Bu dünyaya gəldiyinə peşman idi. Sadəlövhlüyü bu qaradinməz, tunc kimi tünd üzlü, tökməbədən kişini uşağa döndərmişdi. Yaşının qırxı adlamasına baxmayaraq hələ də atasının sözündən çıxmağa cürət etməzdi. Dəli kimi bağırmaq istəyirdi. Qızına tərəf baxmağa belə xəcalət çəkirdi. Yeniyetməliyini, gəncliyini, ömrünün ən şirin çağlarını bürüyəcək qara dumandan xəbərsiz Əfsanənin gözlərindəki həyat eşqi o gündən sonra öləziyəcək və yalnız bir ildən sonra onun üzündə, qəlbində, bütünlükdə iç dünyasında yeni bir inam, yeni bir sevinc oyanacaqdı. Amma hələ heç kim gələcəkdə nələrin baş verəcəyini öncədən görə bilməyib. -Əfsanə, gəl kömək et, axşama qonaqlarımız olacaq. -Qonaq? Kim gələcək, ay ana. -Babanın qohumları! Anasının qeyzli səsindən bir şey anlamasa da bu gələn qonaqların xoş niyyətli olmayacağını anlamışdı. Ananın gözləri bahar buludu kimi dolmuşdu. Əfsanə indi hiss etdi ki,  ata-anası nədənsə ondan qaçırlar. O ağlı kəsəndən bu yana onlardan belə münasibət görməmişdi. Görəsən nə baş verib? Mən nə etmişəm ki,  bunlar mənə tərəf baxmaq istəmirlər. Yaxınlaşıb ehmalca başını aşağı əyib hirslə toyuq yolan anasının əllərindən tutdu. Sanki məsum uşaq baxışlarıyla ananın üzünə baxaraq qəlbini didən suallara cavab arayırdı. Qızının bu saf baxışlarına dözə bilməyən ananın göz yaşları selə döndü. Birtəhər özünü toplayıb vida edirmiş kimi: -Sənə elçi gəlirlər. Baban söz veribmiş... -Necə yəni elçi gəlirlər. Babam söz veib nədir? Mənim atam -anam yoxdur ki?! -Olmasaydıq daha yaxşı olardı!
Ağappaq gəlinlikdə ata evindən çıxan Əfsanə bir növ ürkək uşaq baxışları ilə evi, həyət-bacanı nəzərdən keçirəndən sonra dərin bir köks ötürərək maşına əyləşdi. Musiqi sədaları altında kimi rəqs edir, kimi mahnıları diqqətlə dinləyir, kimi yeyib-içir, kimi də yerli-yersiz üst-başına əl gəzdirir, şəkil çəkdirir, əylənirdi. Əfsanə isə dərin xəyallara dalmışdı. Bəyaz gəlinlikdə ağ atlı oğlansız gedirdi. Ağ atlı oğlanı qara cəngavər əvəzləmişdi. Baxışları sərt, ondan on yaş böyük, qızın fikrini sormadan, sevgisini qazanmadan ona hakim olacaq adam yanında əyləşmişdi. Tay-tuşları necə də bəxtiyar idilər. Toy qurtarandan sonra rayondan çıxan maşın qızı uşaqlığından, gəncliyindən, qayğısız həyatından və ən önəmlisi dünyalar qədər sevdiyi ailəsindən və xoşbəxt illərini keçirdiyi bu kənddən demək olar ki birdəfəlik ayırıb apardı. Gecənin qaranlığında işıqları ulduz kimi sayrışan kənd evləri ondan elə ulduz məsafəsi qədər uzaqda qalmışdı. İnsanın dünyaya gəlməsi və dünyadan getməsi şəxsi istəyindən asılı deyil. İnsan mehman, dünya mehmanxana,  ölkələr isə bu böyük mehmanxananın fərqli hücrələrdir. Hər kəs dünya evində bir hücrədə mehman olub gedir. Dünya gəldi gedərdi axı… Hərənin bir macərası olur dünya evində. Ətraf -aləm dəyişkən, rəngarəng olduğu kimi insanlar da fərqli çeşiddə olurlar. Kiminə qəm kiminə sevinc payı düşür. Kimi ucalır, kimi alçalır,  kimi adil, kimi cahil olur, kimi qorxaq olaraq həyat sürür, kimi qəhrəman kimi. Kimi ölümdən qorxaraq, sürünərək, ölə-ölə yaşayır, kimi də ölümün üstünə dik gedir, yaşayanda mərd yaşadığı kimi öləndə də mərd ölür. Böyük , hay-küylü, buqələmun kimi dəyişkən şəhər ona cəngəllik kimi görünürdü. Bir kimi kimsəsi olmayan balaca kəndi ilə müqayisədə olduqca böyük görünən şəhərdə hər şey fərqli idi. Bura gəlməzdən əvvəl yalnızca xəyallarında görüb- bilmədən xiffətini çəkdiyi bu şəhərdə olduqca qərib idi. Bu şəhər onun arzularının şəhəri idi. Amma o arzularının şəhərində ümidsizliyinə qərq olmuşdu. Ailə qurduqları vaxtdan üç il keçmişdi. Bu üç  ildə həyatında çox dəyişikliklər baş vermişdi. İki oğul övladı dünyaya gətirmişdi. İlki Nicat idi. Nicat onun arzuları, Nicat onun həyatından, taleyindən umacağı, Nicat onun eşqi, sevgisi, ən ülvi istəyi idi. Nicat onun məşəqqətlər içindən keçəcək taleyinin ümid çırağı idi. Bu üç ildə dəfələrlə kötəklənmiş, əzilmiş, təhqir edilmişdi. Bu üç ildə övladlarından başqa bir güvənc yeri olmamışdı. Vaxtsız-vədəsiz,  fikrini soruşmadan kiminsə "sözü" ilə istəmədiyi, sevmədiyi, xoşbəxt olmadığı ailə adlı standart bir çərçivəyə məhkum edilmiş bu gənc qadının həyata və cəmiyyətə bir üsyanı vardı. Yerli-yersiz hər kötəklənəndə ürəyində valideyinlərini də günahlandırırdı. Ötən bu üç il onda valideyinlırinə qarşı soyuqluq yaratmışdı. Özü ilə bacara bilmirdi. O zaman uşaq ağıllı idi. Çox şeyi anlamırdı. O zaman yazılmamış "qanunlara" ata-anasına etiraz edə bilmirdi. O zaman ata evində onun qayğısını çəkirdilər, indi isə o özü qayğı çəkirdi. Xoş davranışa, adi  bir şirin sözə onun böyük ehtiyacı vardı. Bəzən yaşamaq istəmirdi. Dərin psixoloji sarsıntı keçirir, depressiyaya düşürdü. Ancaq o ana idi. Onun iki azyaşlı övladı vardı və Əfsanə yalnız uşaqlar üçün yaşamalı idi. Nicatı onun həyat adlı qaranlıq, fırtınalı ümmanda ümid adlı mayakı idi. Lap uzaqlarda iynə ucu qədər işığı görünsə də mayak ona istiqamət verirdi və o dalğalar, fırtınalar içindən əzmlə keçərək o mayaka çatmalı idi.   Həzin qar yağırdı. Hər tərəf ağ rəngə boyanmışdı. Evlərinin qarşısındakı küknar ağaclarının arasındakı kiçik bağça tamamən qar örtüyünün altında qalmışdı. Küçələr bomboş və olduqca sakit idi. Qar mənzərəsi ziyadəsiylə gözəl görünürdü. Zahirən sakit şəkildə gözəl mənzərəyə və asta-asta yağan qara baxsa da daxilən gərgin idi. Qorxurdu. Son iki il idi ki, Ramil(həyat yoldaşı) çox içirdi. Hər dəfə içkili olub evə gələndə nədənsə yerli-yersiz bir bəhanə tapıb onu döyürdü. O, adətən evə belə gec gələndə Əfsanə çox narahat olur, qorxur və döyüləcəyini bilirdi. Uşaqlar da balaca olduğundan onu müfafiə edən olmazdı. Özü də abırını gözlədiyindən və qorxudan canını dişinə tutub dözərdi. Tədricən bu döyülmələr adət halına keçdiyindən az da olsa içindəki qorxu da adiləşməyə başlayırdı. Pəncərədən yağan qara tamaşa edirdi. Bir anlıq elə qar dənəsi olmaq keçdi könlündən. Ağappaq, müxtəlif formalı, soyuq qar dənəsi…soyuq havada yerə enən, günəş şüaları altında əriyib suya dönən və torpağa qovuşan qar dənəsi. Heç kim tərəfindən incidilməyən, döyülüb-söyülməyən,  kiminsə bir kəlmə "söz verməsi"ilə həyatı məhv olmayan, insan əzazilliyindən əziyyət çəkməyən, zorən yaşamayan qar dənəsi… Bilirdi ki,  iki-üç saat sonra evin içində həngamə başlayacaq. Çığır-bağır, mərəkə və sonda kötəklənmə… Balaca Samir yuxudan oyanmışdı. Onun əyin-başını sahmana salırdı. Balaca, toppuş əllərini anasının üzünə vura-vura öz"dilində" nə isə qığıldayan Samirin səsindən döyülən qapının səsini eşitməmişdi. Qapı zərblə döyülürdü. Daha doğrusu bu qapı döymək yox qapını dağıtmaq idi. Yüyürüb qapını açdı. Tünd spirt qoxusu onu vurdu. Hirslə içəri girən kişi ona möhkəm bir sillə ilişdirdi -Qapını niyə açmırdın? Nə iş görürsən?  Karsan? Zərbənin təsirindən alışıb-yanan sifətindən əlini çəkib uşağın paltarını dəyişdiyini və uşaqların səsindən qapının döyüldüyünü eşitmədiyini dedi. Lakin faydası yox idi. Adam danışdıqca qızışır və onu vururdu. İlk dəfə olaraq ona həmin gün etiraz etməyə özündə cəsarət tapdı. -Vurma! Bəsdir. Dedim ki, uşaqların səsindən eşidə bilmədim! -Mənə cavab qaytarırsan?! Sən qudurmusan? Sənə dil verən nədir? Ya da kimdir?! Bu söz ona çox pis təsir etdi. Bu nə danışır? Mənə kim dil verir? Özündən asılı olmayaraq "alçaq! "deyərək qışqırdı və elə o an da qüvvətli bir zərbə aldı. Sifəti istiləndi. Üzünün bir tərəfi, alnından bir az aşağı hissəsində ağrıqarışıq bir keylik vardı. Sir-sifəti qan içində idi. Hamama keçib üzünün qanını təmizlədi. Yod yaranı bərk yandırırdı. İnləyən, ağrıyan təkcə yaraları deyildi. Ürəyi sızıldayırdı, qəlbi qan ağlayırdı. Dəhlizdə əllərini belinə keçirib məğrur pəhləvan kimi dayanmış Ramil bir xeyli onun üzünə baxıb qəfildən dəli kimi qadının qolunu buraraq anasının ətəyindən yapışıb qorxudan ağlayan Nicata və ananın kürəyində heç nə anlamayan balaca Samirə belə baxmadan bu şaxtalı-qarlı qış gecəsində onları sürüyüb evdən bayıra atdı. Qısaqol ev xalatında yanında iki körpə uşaqla küçəyə atılmış qadın gecənin bu saatında bir qəpik pulu və bir kimi kimsəsi, gedəcək bir ünvanı olmayan şəhərdə hara gedəcəkdi? Bir az sonra qapını açar deyə öz-özünə təsəlli verirdi. Amma qapını açan və onlarla maraqlanan olmadı. Evləri polis bölməsinə bitişik binada yerləşirdi. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları  maşınla ətrafdan dövrə vuraraq keçirdilər. Onların gözünə görünməmək üçün blokun qaranlıq tərəfinə çəkilmişdi. İstəmirdi ki, ailə problemləri polis tərəfindən aşkarlansın. Təxminən bir saat içində dördüncü dəfə dövrə vuraraq eyni yerdən keçən polislərdən biri onu alaqaranlıqda görmüşdü. Maşını saxlayıb blokda daxil olan polisləri görəndə ürəyi uçunmağa başladı. Daha da qaranlığa çəkildi. Lakin gizlənmək mümkün deyildi. Polis əməkdaşları qarlı havada qısaqol ev paltarında yanında iki uşaqla gecənin bu vaxtında çöldə qalan qadına yaxınlaşıb özlərini təqdim etdikdən sonra nə üçün blokda balacalarla birlikdə qaldığını soruşdular. Tez ağlından keçəni dilinə gətirdi. -Qapımız içəridən bağlandı, çöldə qaldıq. Polislər təbii ki onun dediklərinə inanmadılar. Ard-arda verilən suallar onu dolaşdırdı. Ondan işığa çıxmasını tələb etdilər və üzünə düşən işığın altında hər şey bəlli olsa da Əfsanə yenə də döyülmədiyini, sadəcə yıxıldığını deyirdi. Lakin illərin təcrübəsinə malik polisləri belə bəsit inkarla inandırmaq olmazdı. Zərblə döyülən qapını baxmadan açdı. Qarşısında polis əməkdaşlarını görən Ramil yuxulu gözlərini ora-bura  gəzdirə-gəzdirə Əfsanəni axtarırdı. Baxışları toqquşdu. Ona hücum çəkmək istədi, amma polisin müqaviməti ilə üzləşdi. Bölmədə həyat yoldaşından şikayətçi olmayan Əfsanəni evdə başqa bir sürpriz gözləyirdi. Ramil haqqında inzibati qaydada cərimə tətbiq olundu. Səhəri gün ev telefonları susmurdu. Həm ata tətəfi , həm də yoldaşı tərəf ard-arda zəng edirdilər. Ikinci tərəfdən gələn zənglərin hamısı hədə -qorxu və təhqirlə dolu idi.  Onun haqqında ərini polis bölməsinə saldıran, yalançı,  evdə gözü olan,  boşanma üçün bəhanə axtaran və s kimi şər -böhtan deyildi. Ramil isə iki əlli başını tutub "boşanıram! " deyib durmuşdu. Elə bil bunu gözləyirmiş. 3 ay ərzində boşandılar. Az sonra əmlak bölgüsü oldu. İki otaqlı mənzil cəmi 10.000 dollara satıldı. Bəzən həyat da amansız olur . Mərhəmət umduğun zaman taleyin amansızlığı ilə qarşılaşırsan. Bəzən ümidsiz olursan,  bəzən ölüm arzulayırsan,  bəzən də yaşamaq istəyirsən. Ancaq yenə də bioloji varlıq olaraq bütün bu istəklərini özün idarə edə bilmirsən. Çünki yaratmaq da, öldürmək də, yaşatmaq da insan iradəsindən kənardadır. Həyat bir yandan bağlayır,  bir yandan da yol açır. O yolla gedəcək insanı isə nələr gözləyir və yoluçu yolunu necə gedəcək o da zamanla bəlli olur. Yol, qarşıda nələr olacağı və  sonu bilinməyən bir başlanğıcdır. Yaşamaq bütün canlılar kimi insanı da mübarizəyə sövq edir. Həyat əzildikcə insanı mübarizləşdirir. Ömür insanı yaşamağa təhkim edir. İnsan ilk dəfə öz ömrünün, öz taleyinin təhkimçisi  olur. Həyatda büdrəməyəsən, yıxılmayasan. Azacıq büdrədinsə külək də səni yıxmaq istəyəcək. Əmlak bölgüsündən sonra payına düşən 5000 dollara Əfsanə ev ala bilmədi, çünki pul ona çatanda əmlak bazarında yüksək qiymət sıçrayışları baş vermişdi. Indi şəhər mərkəzindən uzaqdakı bir otaqlı mənzillər belə 10.000 dollardan yuxarı idi. Hətta yataqxanalar belə 7-8 min dollara satılırdı. İki körpə uşaqla çətin vəziyyətdə qalmışdı. Qarmaqarışıq fikirlər içində yolunu azmışdı. Nə edəcəyini, kimdən kömək umacağını bilmirdi. Dəryada səmtini itirmiş gəmi sərnişini kimi idi. Düşünə bilmirdi. Ümidsizliyi, çarəsizliyi,  tənhalığı və heç kimi olmayan bu şəhərdə tərk edilmiş olması onu çox sıxırdı. Kəndə qayıtmaq istəmirdi. Kimsənin himayəsinə 
sığınmaq ona ağır gəlirdi. On səkkiz yaşlı bu gənc qadın həyatın ağır yükünü zərif çiyinlərində hiss edirdi. Dünyadan xəbərsiz körpələrinə baxdıqca ürəyi sızıldayırdı. Hərdən ona elə gəlirdi ki, Nicat bir buğda dənəsi qədər boy atıb. Nicat onun ən çətin anlarında belə oduna qızındığı ümid şamı idi... İnsan ömrü əzab-əziyyətsiz, problemsiz ötüşmür, ancaq mistik bir qüvvə dar ayaqda insan övladının harayına yetir, onu çətinlikdən qismən qurtarır. Ağılagəlməz, ummadığın bir yerdən bəzən dəstək alırsan. Onun da problemləri başından aşan, çarəsiz qaldığı dar günündə heç bir kömək ummadığı, ürəyində incidiyi valideyinləri köməyə yetdilər. Əlövsət kişi və İnqilabə xanım xərc-borc birtəhər iki min dollar pul düzəldib, əllərində -ovuclarında olanları da üstünə qoyub qərib şəhərdə "itirdikləri" qızlarının evinə gəldilər. Onun bu duruma düşməsindən hər ikisi özlərini günahkar hesab edirdilər. Ata günahkar insan kimi əlləri titrəyə-titrəyə qapını taqqıldatdı... Yeddi min dollara yataqxanada  bir otaq aldılar. Məsləhətləşib balaca Nicatı da özləri ilə Şəkiyə apardılar ki, Əfsanənin də yükü bir az yüngülləşsin. O gündən balaca Nicat yeddi il anasından uzaqda, baba himayəsində yaşadı. Zaman sürətlə keçirdi. Bu gün Nicat evə qayıdırdı. Əfsanənin sevincinin həddi-hüdudu yox idi. Qapıdan içəri girən Nicatı görəndə çox sevindi. Onun ümidi boy atıb böyümüşdü. Bu gün o sevincli olduğu qədər də həyəcanlı idi. Onun Nicatı birdəfəlik anasının yanına gəlmişdi. On yaşlı bu uşaq sanki Əfsanəyə qətiyyət və güc gətirmişdi. Son illər şəhərdə aparılan abadlaşdırma işləri sayəsində illərlə çətin şəraitdə yaşadıqları darısqal, dözülməz şəraiti olan, hər cür qoxu verən, "improvizələr"nəticəsində fasadı ilan kimi qıvrılıb bir-birinə dolaşmış su boruları, rəngbərəng rənglərlə boyanmış müxtəlif balkonları olan, səs-küylü, dava-dalaşlı yataqxana plana düşmüşdü. Heç kimi incitməmiş, hamını nəzərə almışdılar. Verilən pula Əfsanə də ev ala bilmişdi. Indi rahat idi. Narahatlığı Nicat idi ki, o da bu gün gəlmişdi. Gənc ananın üzündə çiçək açmışdı. Neçə vaxt idi ki,  özünü belə gümrah hiss etmirdi. Bu gün olduqca fərəhli idi. Onun ümidi, pənahı, gözünün ilki, həyatının mayakı, Nicatı geri dönmüşdü. Əslində maddi durumları ürəkaçan olmayan bu kiçik ailədə Nicatın qazanc qazanacaq birisi kimi konkret bir funksiyası yox idi. Ancaq anaya elə gəlirdi ki, oğlu geri qayıdıbsa demək hər şey düzələcək. Uşaqlıqdan ailəcanlı idi Nicat. Evlərinə geri qayıdandan sonra uşaq da olsa çətinlikləri, həyatın amansızlığını, atasızlığın yükünün ağırlığını bütün qəlbi, varlığı və ağlı ilə dərk edirdi. Onun öz dünyası vardı. Bəzən tam mənası ilə dərk edə bilmədiklərinin belə ağrısını, əzabını hiss edirdi. Təkliyə çəkiləndə sevərək dinlədiyi bir mahnı vardı. Zakir Əliyevin ifasında Nüsrət Kəsəmənlinin sözlərinə yazılmış bir mahnı  Atalıydı, analıydı uşaqlar, Bizdə isə biri vardı, biri yox. Bəli, onlarda cismən var olub ruhən yox olmuş birisi vardı. Biri vardı, biri yox… Nicat hər dəfə özünə söz verirdi ki, anasının çəkdiyi iztirabları unutduracaq. O anasını çox sevirdi. On iki yaşından etibarən evə qazanc gətirməyə başlamışdı. Səhhətində yaranan problemdən dolayı Əfsanə işləyə bilmirdi. Nicat  gecələri məhəllədəki hamının "Sarı Market" kimi tanıdığı mağazada qarovulçu işlədi, gündüzləri marşrutda konduktor oldu. Anasının və Samirin hər hansısa bir istəyini yerinə yetirəndə ürəyində xoşbəxtlik duyğusu ilə yanaşı bir qürrələnmək də hiss edirdi. Özünü oda-közə vurar, işləməkdən yorulmazdı. Hətta peşə məktəbinə də yazılmışdı. Maşın mühərriki təmirçisi olacaqdı. Çox sevirdi bu peşəni. Zaman insanı öz burulğanında fırlada-fırlada, ora-bura çırpa-çırpa, başını qata-qata irəli aparır. Fərqində olmadığımız zaman axarında hara gedəcəyimizi bilmədən həyatla çarpışa-çarpışa gedirik. Bəzən hiss etməsək də hər günümüz, hər ayımız tarixə çevrilir, xatirəyə dönür. İnsan ömründən keçənlərin xatirəyə dönənlərin ən önəmlisi isə fotoşəkillər, bir də keçmişi bizə ən yaxşı, ən dolğun, ən canlı xatırladan videokadrlardır. Müasir smartfonlar isə həyatımızın hər anını canlı xatirəyə çevirəcək ən yaxşı vasitədir. Ailəliklə Şəkiyə toya çağrılmışdılar. İki ay sonra hərbi xidmətə gedəcəkdi. Həm sevinirdi, həm də anasına görə narahat olurdu. Samir bir az çılğın, bir az dəlisov, bir az ərköyün, bir az da əhli-kef idi. Anasını onun ümidinə buraxıb gedəcəkdi. Onunla bu barədə ətraflı söhbət etmiş, anasını incitməməsini xahiş etmişdi. Samir də söz vermişdi. Nə olur-olsun anasını inciyətməyəcəkdi. Təbiətin ən gözəl çağı idi. Bahar bütün gözəlliyini ortaya qoymuşdu. Təbiət qənirsiz gözəlliyindən heç nə əsirgəməmişdi. Hər yan yaşıllığa bürünmüş, çaylarda su artmış, çəmənliklər al-əlvan gül -çiçəyə bürünmüşdü. Müxtəlif cür çiçək açmış ağaclar ətrafda ecazkar bir təbiət mənzərəsi yaratmışdı. Yol boyu bir neçə yerdə maşını saxlayıb düşdülər. Çoxlu şəkillər çəkdirdilər. Niyə şəkil çəkdirmək istəyirdi? Bunu özü də bilmirdi. Amma anası ilə çoxlu çəkillərinin olmasını istəyirdi. Nicat boy-buxunlu, enlikürək yaraşıqlı bir oğlan olmuşdu. Üzünə dağılan uzun saçları ona xüsusi bir yaraşıq verirdi. Son illər idmanla məşğul olduğundan olduqca yaraşıqlı, biçimli formada görünürdü.   Gözəl, ritmik bir musiqinin sədaları altında rəqs edirdilər. Meydan tamam boşalmışdı. Yalnız ikisi oynayırdılar. Onların gözəl rəqsinə heç kim qarışmaq istəməmişdi. Hamı ayaq üstə onları alqışlayırdı. Kameraman ustalıqla ana-balanın rəqsini kameranın yaddaşına köçürürdü. Hər hərəkət, hər gülüş,  hər alqış, hər baxış xatirəyə çevrilirdi. Unudulmaz, kövrək, sonrakı illərə yadigar qalan xatirələrə dönən anlar...O zaman kameraman nə biləydi ki,  zövqlə geyinmiş hündürboy, yaraşıqlı bu gənc cəmi bir il sonra adını tarixə yazacaq. O haradan biləydi ki, indi yaddaşa köçürdüyü, tarixə çevrilib, tarixə qovuşan bu kadrlar bircə il sonra sosial şəbəkələrdə şəhid Nicatın videosu kimi təqdim olunacaq. O hardan biləydi ki, indi oğlu ilə sındıra-sındıra süzən gənc ana sonralar bu video görüntüyə baxdıqca həm ağlayacaq, həm qəlbi slzlayacaq,   həm də Nicatı ilə həmsöhbət olacaq. Kameraman hardan biləydi ki, indi çəkdiyi bir neçə dəqiqəlik video bir il sonra statusları bəzəyəcək və hardan biləydi ki, bu video qərənfillərlə  bəzənəcək… Söz Yaradanın bəni-Adəmə ən böyük hədiyyəsidir. Söz insanlığın özü qədər qədimdir. Söz qüdrəti, çəkisi, kəsəri ilə qanların qarşısını alan məfhumdur. Söz dəyəri, ölçü meyarı olmayan, maddiyyat baxımından qiymətləndirilə bilinməyən hikmət xəzinəsidir. Dil isə bu xəzinənin açarıdır. Lakin bəzən insan övladı elə əməllər edir ki, qarşılığında söz tapa bilmirsən. Söz tükənir. Söz bu əməllərin tərifini vermək istəmir və biz o zaman son illərdə çox məşhur olan bir ifadəni işlədirik"sözün bitdiyi yer" Qapını açan Ramilin nitqi tutulmuşdu. Sanki daş heykəl idi. Nə dinib-danışır, nə də reaksiya verirdi. Mat-mat qarşısındakı qadına baxırdı. Üz-üzə gəlmək belə istəmədiyi adamın qapısına gəlmişdi. Bu gəlişi özünə bir növ borc bilmişdi. Hər kim olursa olsun o Nicatın atası idi. Əfsanə də oğlunun atasının məhz bir ata kimi həmin günü Nicatın yanında olmasını istəmişdi. Çünki bu Ramilin mənəvi haqqı idi. Odur ki, gəlişinin məqsədini lakonik olaraq izah etdi. -Ramil, sabah Nicat əsgər gedir. Ata kimi sənin orada olmağın gərəkdir. Gəl! Dünya ölüm-itim dünyasıdır. Bu ölüm-itim dünyası nagahani dilinə gəldi. Anidən dediyi bu sözdən üşənən kimi oldu... Tanıyan-bilən,  qohum-əqraba,  qonum-qonşu hamı Nicatın başına toplaşmışdı. Məclis çox şən keçirdi. Onun gözləri bura toplaşan insanların arasında Nicata mənəvi atalıq etməyən bioloji atanı axtarırdı. Məclisin sonuna qədər "gələr" deyə özünə təsəlli versə də o gəlmədi... Hərbi Komissarlığın qarşısında böyük izdiham vardı. Yüzlərlə gənc hərbi xidmətə yollanırdı. Hamısının üzündə təbəssüm vardı. Elə bil istirahətə gedirdilər. Olduqca sevincli və həvəsli idilər. 
Üzlərində kədər qarışıq qürur olan valideynlər, xüsusən də analar nədənsə narahat görünürdülər. Bir-biri ilə həmsöhbət olaraq həm rahatlaşmaq, həm də bir-birinə təsəlli vermək istəyirdilər. Əfsanənin yanındakı qadınlardan biri ilk övladlarını hərbi xidmətə yola salan analara təskinlik verirdi -"Mən ikinci oğlumu hərbi xidmətə yola salıram. Narahat olmayın. Sizin narahatlığınız onlara da təsir edər. Həm də şükür olsun ki, öz torpağımızda xidmət edirlər. Dava yox, dalaş yox. Hər şey yaxşı olacaq. Arxayın olun. Bir də görəcəksiniz ki, əsgərliyi başa vurub qapıdan içəri girdilər." Qadının sözlərindən sonra gənc analar bir az toxtadılar. Elə bil ilğım görürdü. Şad idi. Cürbəcür xəyallar qurub gözləri önündə canlandırdırdı. Di gəl nə illah etsə də bu an Nicatın gəldiyini təsəvvür edə bilmədi. İndi bir həqiqət vardı. O, Nicatını ilyarımlıq hərbi xidmətə yola salırdı. Artıq gənc çağrışçıları maşınlara səsləyirdilər. Oğluna sarılan gənc ananın daxilində anlaqsız narahatlıq vardı. Vidalaşdılar… elə qucaqlamışdı ki, onu. Bir daha görməyəcəkmiş kimi… içindəki narahatlıq onu didirdi. Avtobus karvanı yola düşdü. Onun Nicatı gülə-gülə pəncərədən əl edirdi. Gənc ana elə indidən oğlu üçün darıxmağa başlamışdı... Asərbaycanın qərb bölgəsində yerləşən Goranboy rayonunu özünəməxsus gözəlliyi, qədim tarixi və dünyada yeganə müalicəvi neft yatağı (Naftalan) ilə çox məşhurdur. Rayonun təbii şəraitindəki müxtəliflik iqlim dəyişkənliyində də özünü biruzə verir. Dağətəyi və dağlıq zonada qışı nisbətən sərt, yayı isə sərin keçir. Yayada şəhərin küləkli, bürkülü istisi ilə müqayisədə bura çox sərin olurdu. Belə iqlim şəraiti isə gənc əsgərlər üçün çox əlverişli idi. Artıq üç gün idi ki,  Goranboydakı “N” saylı hərbi hissədə idi. Anası ilə danışıb, yerinin yaxşı olduğunu və onun narahat olmamasını söyləmişdi. Burda müddətdən artıq  həqiqi hərbi xidmət etmiş  (MAHHXEHQ) bir çavuş vardı. Çox vətənpərvər və peşəkar birisi idi. Hər sıra təlimlərindən sonrakı istirahət zamanı gənc əsgərlərə düşməndən, erməni nasisliyindən, erməni vəhşiliyindən danışar, onları təlimatlandırardı. O eyni zamanda bu rayonun tarixindən bəhs edər, 2016-cı ilin aprel döyüşləri zamanı erməni vəhşilərindən azad edilən qədim Gülüstan kəndindən,  aprel döyüşlərindən, Azərbaycan ordusunun, Azərbaycan əsgər və zabitlərinin sücaətindən bəhs edərdi. O eyni zamanda düşmənin hiyləgər, amansız, vicdansız və nadan olmasını unutmamağı tövsiyyə edərdi. Xocalı soyqırımından bəhs edəndə gözləri dolar, üzü titrəyər və özünü unudardı. Bu vətən sevdalı insanın gözü Nicatı tutmuşdu. Özlüyündə düşünürdü ki, əgər Nicat hərbi andiçmədən sonra bu hərbi hissədə qalsa onu özü kimi peşəkar əsgər olaraq yetişdirəcək. Nicat onun fikrində canlandırdığı əsgərlərə bənzəyirdi. Hündürboy,  hər vəziyyətdən çıxmağı bacaran, özü müstəqil qərar verən, çılğın amma eyni zamanda da səbirli, iradəli və idarəetmə qabiliyyətinə malik. Nicata “qarabala deyər” xətrini çox istəyərdi. Az müddətdə qarabala hamının sevimlisinə çevrilmişdi. Dilli-dilavər,  çevik və qoçaq olduğundan hər şəraitdə baş çıxarırdı. Hətta bəzən çavuşlar sıra addımlamaları və axşam gəzintisində manqaları idarə etməyi ona tapşırar, onun şəxsi heyəti necə idarə etməsinə baxardılar. Elə bil hərbiçi doğulmuşdu. İndiyə qədər hərbi xidmət ,hərbi nizam-intizam görməyən Nicat elə davranır,  elə danışırdı ki,  sanki neçə il idi ki hərbi hissədə idi.   Sabah andiçmə olacaqdı. İsrar etsə də Əfsanə mütləq gələcəklərini demişdi. Odur ki,  nizam-intizamlı olan Nicatın bir gözü gizlicə yollarda qalmışdı. Əslində anasına bir az da hirslənmişdi. İstəmirdi ki,  o bura gəlsin. Həm də onların gəlişi axı əlavə xərc idi. Bilirdi ki Əfsanə bura gəlmək üçün çox xərc çəkəcək. Əlavə xərc isə ailə büdcələrinə əsla uyğun deyildi. Hərdən bəzi əsgər yoldaşlarına çox acıqlanardı. Elələri vardı ki,  hər gün evlə əlaqə saxlamağa çalışır,  nə gəldi istəyir valideyinlərinin mütləq onları yoluxmasını az qala tələb edirdilər. Sanki düşünə bilmirdilər ki, valideyinə bunu demək olmaz. Axı bu əsgərlərin nəyi çatmırdı. Dövlət ordunu hər cür təmin edirdi. Təchizat mükəmməl təşkil edilirdi.   Andiçmə başlamışdı. Növbə Nicatın idi. Tez özünü topladı. Avtomatını sinəsinə sıxıb mətin addımlarla irəli çıxdı. O, həyatında indiyə qədər heç nə və heç kim üçün belə ürəkdən and içməmişdi. Sözləri olduqca ürəkdən, aydın və məxsusi olaraq söyləyirdi. Nicat nitqini bitirənə qədər bütün əsgər və zabit heyəti diqqətlə onu dinlədilər. Sanki peşəkar bir aktyor mükəmməl bir monoloq söyləyirdi. Kənardan onu diqqətlə dinləyən və hər hərəkətinə fikir verən gənc MAHHXEHQ ürəyində onu alqışlayır və Allaha dua edirdi ki, o bu hərbi bölükdə qalsın, lakin… Nicat talan olunmuş Ağdam şəhərini görəndə heyrətə düşmüşdü. Hətta ona ilk vaxtlar burada iyirmi yeddi il əvvəl cah-cəllalı bir şəhərin  olması belə inandırıcı gəlməmişdi. Təbiətin yüz illərlə məhv etdiyi viranəlikləri mənfur erməni vandalları cəmi iyirmi yeddi ildə yekunlaşdırmışdılar. Ağdam həqiqətən bir ruhlar şəhəri idi. Bu ürək parçalayan mənzərəyə baxdıqca qanı beyninə vururdu. Öz-özünə" kaş ki,  döyüş əmri verilə. Bu alçaqları dəryazla ot biçən kimi biçək! " Kəşfiyyatçı idi. Odur ki,  ətrafı məhz kəşfiyyatçılara məxsus şəkildə müşahidə edir, beynindən və gözlərindən başqa heç yerə yazılmayan qeydlər aparırdı. Günlərlə apardığı müşahidələrin mütləq bir gün lazım olacağına inanırdı. İnam ən güclü silahdır. Nicat da bir əsgər kimi bu silaha malik idi. Günlər bir-birini əvəzləyərək xidmət müddətini qısaldırdı. Hərdən anasına , qardaşına qovuşmaq üçün sevinc hissi keçirsə də xidməti ərazisindəki yağmalanmış,  xarabalığa çevrilmiş Vətən torpağına baxanda qeyri-ixtiyari utanırdı. Əvvəllər bir o qədər də dərk edə bilmədiyi torpaq itkisi məfhumunu indi tam mənası ilə dərk edirdi. Nə qədər ağır bir dərd, nə qədər ağır bir töhmət imiş… içindəki inam hissi sanki Tanrı pıçıltılarını söyləyirdi. O əmin idi ki, yaxın müddətdə bu torpaqlar mütləq azad olunacaq və bu haqq davasında  Nicatın da payı olacaq. Son zamanlar bütün şəxsi heyətdə güclü özünə inam formalaşmışdı. Hamı torpaqlarımızı azad etmək üçün can atırdı. Torpaqların azad edilməsi üçün deyilənlər, arzu edilənlər artıq gündəlik dualara çevrilmişdi. İsti iyul günü idi. Yorucu bürkü vardı. Göz işlədikcə uzanan yolların kəsişdiyi yerə neytral zona deyirdilər.Nicat bu ifadəni qəbul etmək istəmirdi.Axı ora zəbt olunmuş vətən torpağı idi. Nicat orta məktəbi o qədər də yaxşı oxumamışdı, lakin burda bir məktəb keçmişdi. O hər gün nəsə öyrənirdi. Mühit insanı çox dəyişdirir. Həyat ən böyük ustad, ən böyük müəllimdir. O burda komandirlərdən, gizirlərdən və ən çox da ali təhsilli əsgər yoldaşlarından çox şeylər öyrənmişdi. Yüz illərlə torpaqlarımızın hərb meydanına çevrilməsini,  məkrli , qaniçən imperiyaların zəngin sərvətlərimizə, məhsuldar torpaqlarımıza göz dikərək vətənimizi ikiyə bölməsini,  Çar Rusiyasının və Sovet imperiyasının ermənipərəst mövqe tutmasını, mənfur qonşularımızın zamanla zorla torpaqlarımızda məskunlaşdırılmasının səbəb və nəticələrini öyrənmişdi. Bu gün düşmənlərimizin bizim müqəddəs torpaqlarımızı havadarlarının köməyi ilə ələ keçirib burada məskən salması hələ nəticə demək deyildi.  Düşmən tərəfi son günlər daha çox sərsəmləməyə başlamışdı. Hansısa nöqtədən dəm vururdular. Ancaq nöqtəni də nidanı da biz qoyacağıq! O zaman Nicat bilmirdi ki, ürəyindən keçənlərin gerçək olmasına lap az qalıb. Son zamanlarda işğal altında tutduqları Azərbaycan torpaqlarında yerlərini rahat edən ermənilər artıq o qədər azğınlaşmışdılar ki,  sərsəmcəsinə yeni müharibədən, yeni ərazilərdən dəm vururdular. Havadarlarının əlində oyuncağa çevrilən ermənilər özlərinin və ordularının məğlubedilməzliyi haqqında uydurduqları mifə o qədər inanmışdılar ki,  gerçək həyatdan ayrılıb uydurma dünyaya düşmüşdülər.    Bütün bölük sıravi əsgərdən komandirlərə qədər hamının əsəbləri tarıma çəkilmişdi. Allaha yalvarırdılar ki,  döyüş əmri verilsin. Əsgər və zabitlərimizin,  xüsusən də generalımızın şəhid olması onlara çox pis təsir etmişdi. General Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin məhz döyüş əməliyyatı şəraitində şəhid olmuş ilk və son generalı idi. Onun ölümü bütün xalqın intiqam hissini daha da coşdurmuşdu. Şəhid generalın nəşi Sumqayıt şəhərinə gətirilirdi. Şəhər sakinləri əbədiyaşar qəhrəmanını qarşılamaq üçün səfərbər olmuşdular. "Şəhidlər ölməz, Vətən bölünməz! " , "Sən bizim qəlbimizdəsən , cənab general! " kimi şüarlar səsləndirilirdi. İnsan səsindən evlərin pəncərələri silkələnirdi. Dəstə-dəstə şüarlar səsləndirən insanlar generalın ata evinin qarşısına toplaşmışdılar. Böyük izdiham vardı. Əfsanə də izdihamın içində idi. Göz yaşlarına hakim ola bilmiridi. Ürəyi uçunurdu. Evə çatan kimi Nicatla əlaqə saxladı. Səsini eşidib azacıq rahatlaşsa da daxilindəki təşviş,  həyacan və qorxu hissi onu tərk etmədi. Özündə-sözündə deyildi. Nicat hərbi xidmətə yollanandan bəri ilk dəfə idi ki,  belə qorxurdu. Gecə bir daha danışdılar. Ona elə gəlirdi ki, bu qaranlıq  gecənin sonu yoxdur...  Minlərlə insan şəhid generalla vidalaşmaq , onun ruhu qarşısında öz vətəndaşlıq borcunu qismən də olsa yerinə yetirmək üçün küçə və meydanalara,  eləcə də Fəxri Xiyabana axışırdı. Xalq öz qəhrəmanı ilə son dəfə görüşməyə gəlmişdi. Hər kəsin dilindən intiqam , döyüş kəlməsi yağırdı. İnsanlar coşğu içində idilər. Ciddi təlimlər başlamışdı . Bütün şəxsi heyət şərti düşməni deyil, torpaqlarımızı qəsb etmiş həqiqi düşmənlə döyüşmək,  əsl düşməni məhv etmək arzusunda idi. İntiqam alovu körüklənməyə başlamışdı. Düşmən əsgərlərini məhv etmək, talanmış, viranəyə dönmüş Vətən torpaqlarını azad etmək istəyi qarşısıalınmaz bir hissə çevrilmişdi. 27 Sentyabr… səhərəyaxın…  Döyüş mövqelərimizi atəşə tutan düşmənə qarşı hücum əmri bütün Azərbaycan Ordusuna ən böyük müjdə kimi gəlmişdi. Hər yan mərmi qoxusu verirdi. Azərbaycan Ordusunun əks -hücumunu gözləməyən düşmən çaş-baş qalmışdı. Meydan getdikcə qızışırdı. Iyirmi yeddi illik həsrətin vüsalla  bitməsinin başlanğıcı idi bu gün. Gün ərzində böyük qələbənin ilk müjdəsi verilmişdi. 14 kənd işğaldan azad edilmişdi. Arzuların çin olduğu , qanlı-qadalı, müqəddəs bir amal uğrunda canların fəda olduğu, şanlı zəfərin başladığı tarix idi.  Ordumuz hər gün şəhidlərimizin canı , qazilərimizin qanı bahasına irəliləyir,  mənfur düşmənin murdar ayağını  doğma torpaqlarımızdan kəsirdi. Real müharibə filmlərdəki kimi cəlbedici olmur...   Bu səhər erkəndən durmuşdu. Səbəbini bilməsə də çox yorğun idi.  Halsızlığı təkcə vücuduna deyil,  bütünlükdə ruhuna da hakim olmuşdu. Sanki heç nə hiss etmirdi. Elə bil ürəyini çıxarıb aparmışdılar. Bəzən gözlərini bir nöqtəyə dikib durar, bəzən də gözlərini yumaraq divara söykənərdi. Oturduğu yerdə məchulluq içində qalmışdı. Ayağa qalxmaq istəmirdi. Hərdən gözucu telefona baxırdı. Nə qədər bu vəziyyətdə qaldığını fərq etməmişdi. Qapı döyülürdü. Qalxıb qapını açdı.  İkinci mərtəbədə yaşayan qonşu qadın idi. Münasibətləri yaxşı olduğu üçün get-gəlləri vardı. Əyləşib söhbətləşirdilər. Birdən başını qaldırıb Nicatın divardakı şəklinə baxdı.  Qeyri-ixtiyari -"balamın gözləri ağlayır,  gözləri yaşlıdır"-dedi. Onun bu sözlərindən qonşu qadın da ürpəndi. Tez onu sakitləşdirməyə çalışdı. -Dəli olmusan? Nə ağlamaq, nə yaş?  Özünü ələ al! Əlbəttə bu sözlər təsəlli idi. Qonşu da cəbhədəki vəziyyəti anlayırdı. Orda ölüm-qalım mübarizəsi gedirdi. Orda vətən uğrunda canlar fəda edilirdi. Neçə-neçə qəhrəman oğulların arzuları, istəkləri, qurduqları xəyalları yarıda qaldı. Gərgin döyüşlərdə yüzlərlə igid oğullar həzrət Hüseyn və səhabələri kimi bir udum suya belə həsrət getdi bu dünyadan. Ancaq onlar ölümün üstünə vətən eşqi ilə gülə-gülə getmişdilər. Onlar əcəli sevərək qarşılamışdılar. Onlar xalqın üstündəki ləkəni təmizləmək üçün irəli atılmışdılar. Onlar haqq davasının mücahidləri idilər. Onlar hamıya qismət olmayan şəhidlik məqamına yüksəlmişdilər. Şəhid və qazilərimizin qəhrəmanlıqlarını, mərdliyini, mətinliyini, əzmkarlığını sözlə ifadə etmək çətindir. Onlar yeni tariximizin şanlı səhifələrinə qızılı qanla adlarını əbədi olaraq yazan qəhrəmanlarımızdırlar. Hər yeri özlərinə Hayastan bilən, hər adın yanına yan qoşan köçəri ermənilər zamanla havadarlarının köməkliyi ilə tarixi torpaqlarımızda özlərinə yer etdikcə dünyada  yalnız ermənilərə məxsus həyasızlıqla  qədim Azərbaycan adlarını dəyişdirməklə, hər künc-bucağa qriqorian xaçı  basdırmaqla məşğul olmuşdular. Bu miskin xalq elə zənn edir ki,  hara xaç basdırsa ora onundur. Doğrudur  istər siyasi,  istərsə də hərbi arenada onları dəstəkləyən çox olub. Lakin dəstəklənmələri reallığı dəyişmir. Birinci Qarqbağ müharibəsində güclü hərbi dəstək alan ermənilər torpaqlarımızın 20%-dən çox hissəsini işğal etmişdilər. Erməni həyasızlığı ilə qədim Suqovuşanın adını da dəyişdirib Madagiz qoymuşdular. 03.10.2020-ci ildə tarixi ədalət yenidən bərpa olundu. Prezidentimizin fərmanı ilə Madagizin adı tarixi adı olan Suqovuşana dəyişdirildi. Müharibənin ilk günündən Suqovuşan istiqamətində şiddətli döyüşlər gedirdi. Hərbi hissəyə çoxlu könüllü və peşəkar qoşun növü olan xüsusi təyinatlılar gəlmişdi.  Hamı döyüşə can atırdı. Hamının ürəyindən döyüşmək,  düşmən əsgərlərini məhv etmək hissi keçirdi. Axşam bu əsgərlər döyüşə girəcəkdilər. Hər kəs son dəfə təlimatlandırılırdı. Ürəyi köksünə sığmayan Nicat gizlicə ora gəlmişdi. O bu gün mütləq döyüşə girəcəkdi. Ancaq komandirlərinin bundan xəbəri yoxdu. Çünki hücum əməliyyatında yalnız xüsusi təyinatlılar,  keçmiş əsgərlərdən ibarət olan könüllülər və MAXE -lər iştirak edəcəkdilər. Əməliyyatda iştirak edən əsgərlərə ailələri ilə danışmaq imkanı verilmişdi. Nicat da zəng edib Əfsanə ilə bir-iki dəqiqəlik danışdı. Anasına hər şeyin yaxşı olduğunu söylədi və hətta Əfsanəni o qədər arxayın etdi ki,  qadın qəlbindəki narahatlıqdan az da olsa yüngülləşdi. Plana uyğun olaraq on beş dəqiqə sonra döyüş  əməliyyatı başlanacaqdı. Nicatın nigarançılığı keçmişdi. O öz taborlarından ayrılıb xüsusi təyinatlıların cərgəsində Ağdərə istiqamətindəki döyüşlərə qatılacaqdı. Səssiz hərəkət edirdilər. Gülləkeçirməz zirehin üstündən asdığı  ratsiyadan komandirinin səsi gəlirdi. Komandiri israrla ondan geri qayıtmağı tələb edirdi. Bir il iki aylıq hərbi xidmət müddətində ilk dəfə komandirinə acı cavab qaytardı. -"cəhənnəm olsun qayıtmaq!  Burda döyüş gedir.  Mən də döyüş üçün bura gəlmişəm. Dostlarım,  qardaşlarım burda can qoyurlar. Döyüşmək mənim də haqqımdır və sən bunu mənə qadağan edə bilməzsən"-deyib əlaqəni kəsdi. İki gün qanlı döyüşlər getdi. İki gün neçə-neçə igid oğulların qanı axıdıldı. İki gün iyirmi il kimi ağır keçdi. Döyüş yalnız sakit ev şəraitində televizor ekranında seyr edilən filmlərdə maraqlı olur. Real döyüş dəhşət saçır. Hara baxsan qan- qada, yaralı, ölü görürsən. Hansı tərəfə çevrilsən kürəyində ölümün buz soyuqluğunu hiss edirsən. Gördüyün dəhşət səni keyləşdirir. Yağış kimi yağan mərmilər altında bəzən gözünü aça bilmirsən,  bəzən də hər tərəfdən başına ələnən ölüm mərmilərinin altında intiqam hissi ilə irəli şığıyırsan. Hətta özün yaralı olduğunu unudub daha ağır yaraları olan,  köməyə ehtiyacı olan dostlarının harayına yetirsən. Döyüş meydanı , səngər və eyni amal uğrunda mübarizə hamını öz ətrafına birləşdirir. Müharibədə hamı vətən üçün döyüşür, hamı bir-birini düşünür,   amma heç kim özünü düşünmür. Özün arxa plana keçirsən.  Plana əsasən onları geri qaytarmışdılar. Yeni qüvvələr ilə düşməni sıxışdıran Azərbaycan Ordusu böyük ruh yüksəkliyi ilə irəliləyirdi. Əlverişli mövqedə qərar tutub illərlə torpaqlarımızda möhkəmlənən və güclü istehkam quran düşmən ordusu ciddi müqavimət göstərirdi. Lakin nə qədər inadla müqavimət göstərsələr də ürəklərində vətən eşqi ilə döyüşə girən Azərbaycan Ordusunun şəxsi heyətinin qarşısında məğlub olurdular. Nicat ordakı dəhşətli döyüşlərin iştirakçısı olmuşdu deyə əsgər və zabitləri gözəl başa düşürdü. Geri qaytarılmasına baxmayaraq yenə eyni yerdə döyüşməyə can atırdı. Elə bil sehirli bir qüvvə onu irəli çəkirdi. Nicatın Ağdərə istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla döyüşməsi Ağdamdakı hərbi hissədə olan əsgər yoldaşlarına xüsusi ruh yüksəkliyi vermişdi. Hətta 3 ayın əsgərləri belə irəli getmək və məhz Ağdərə istiqamətindəki qızğın döyüşlərdə iştirak etmək istəyirdilər. Nicatın anasının dayısı oğlu Bəhruz da 2016-cı il Aprel döyüşlərində Ağdərə  ətrafındakı döyüşlərdə şəhid olmuşdu. Bəhruz məktəbdə oxumuşdular. Anasından,  qardaşından uzaq olan Nicat o zamanlar özündən cəmi 3 yaş böyük Bəhruza böyük qardaş kimi mehr salmışdı. Sonralar Bəhruz şəhid olanda Nicat günlərlə özünə gələ bilməmişdi. O gündən etibarən Nicatın ürəyində intiqam hissi özünə yer etmişdi. İndi xəyalını qurduğu intiqam arzuları çin olmuşdu. Nicat dostunun şəhid olduğu ərazidə mənfur düşmən əsgərlərinə qarşı döyüşürdü. Özü fərqində olmamışdı. Lakin hərbi hissədə hamı ondan danışırdı. Nicat iki günlük döyüşlərdə xüsusi sücaət göstərmişdi. Doğrudur, o belə söhbətlərdən utanıb -sıxılardı. Axı döyüş meydanındakı hər bir Azərbaycan əsgəri sücaətli idi. Döyüşmək böyük hünər və ürək tələb edirdi. Sosial rifahı ürəkaçan olmayan minlərlə əsgər ailələrini Yaradana və dövlətə əmanət edib birbaşa ölümün üstünə atılmışdılar. Vətən eşqi, intiqam atəşi hamını bir amal uğrunda birləşdirmişdi. Geriyə qaytarılmağı Nicatı çox narahat edirdi. Axşamüstü komandirlər taqım və manqa komandirlərinə ciddi tapşırıqlar verdilər. Yen plana görə yaxın günlərdə Ağdam istiqamətindən güclü hücum edilməli idi. Odur ki, hər şey ciddi nəzarətdə saxlanılırdı. Şəxsi heyətin ruh yüksəkliyi çox əhəmiyyətliydi və şükürlər olsun ki, şəxsi heyət arasında motivasiya çox yüksək idi. Birinci Qarqbağ müharibəsində də döyüşmüş komandirlərdən biri deyirdi ki,  neçə illərdən sonra xalqı və ordunu ilk dəfədir ki belə ruh yüksəkliyində və belə birlikdə görürəm. Anası ilə danışacaqdı. Hərbi xidmətdə olduğu müddətdə ilk dəfə idi anası ilə bu qədər fərqli bir hisslə danışmaq,  söhbətləşmək istəyirdi. Heç zaman ürəyindən keçənləri dilinə gətirməzdi. Postları yoxlayıb geri qayıdırdı. Dayanıb Ağdərə istiqamətinə boylandı. Mən indi orda olmalı idim. Təəssüf ki,  burdayam. Görəsən  neyləyirlər?  Alçaq düşmən bizlərə nisbətdə çox əlverişli mövqedə qərar tutub. Artilleriya ilə də yaxşı işləyirlər. Allah bizə yar olsun. Ürəyi uçunurdu. Fikirlər içində nə zaman telefonu aldığını,  anasına zəng vurduğunu xatırlamırdı. Onu Əfsanənin titrək səsi xəyallar aləmindən ayırdı. O səs yazısı indiyədək Əfsanədə qalır. Ana səsi boğula-boğula, ağlaya -ağlaya, ürək yanğısı və qorxu ilə danışırdı. Nicat nə deyəcəyini,  anasını necə təsəlli edəcəyini bilməsə də tez-tez hər şey yaxşıdır, narahat olma. Tezliklə müharibə bizim xeyrimizə bitəcək -deməkdən başqa söz deyə bilmədi. Görüşmək ümidi ilə deyib əlaqəni sonlandırdı. Dərindən nəfəs alıb telefonu komandirinə verdi. Yenə fikri döyüş meydanında qalmışdı. Bu gün nəsə ona hər şey olduqca həlim, munis, kövrək,  şirin və sanki bir daha görə bilməyəcəyi qədər həsrətli görünürdü. Hissləri,  duyğuları,  düşüncələri belə fərqli idi bu gün. Cəbhənin bütün istiqamətlərində qızğın döyüş getdiyi halda burda bir -iki saat olardı ki,  sakitlik  hökm sürürdü. Bir kəşfiyyatçı kimi bu sükunət onu narahat edirdi. Bu sakitlik flrtınadan əvvəlki dəhşətli səssizliyi xatırladırdı. Qaranlıq gecə idi. Bir yerdə qərar tuta bilmirdi. Qalxıb yenidən postları yoxlamağa getdi. Əsgərlərə mətin olmağı,  düşmənə qarşı mərdliklə vuruşmağı və heç nədən qorxmamağı tövsiyyə edib geri döndü. Sanki hər gördüyü əsgərlə, postlarla, ulduz səma , qaranlıq gecə və hətta hər zaman mərmi qoxusu verən torpaq səngərələ belə vidalaşırdı. Qəribə hisslər keçirirdi. Əsgər kazarmasına çatdı. İçəri keçəcəkdi… qəfil qaçılması mümkün olmayan dəhşətli vıyıltını eşitdi. Minaatan vıyıltısı,  partlayış,  toz -duman,  ora -bura qaçan əsgərlər, səssizlik, ilğım, alnından və boynundan üzü aşağı axan isti maye… Bütün şəxsi heyət hələ də onun şəhid olmasına inanmırdı. Qara xəbər tez yayılır deyirlər. Suqovuşan uğrunda döyüşən əsgər və zabitlərə də "qarabalanın" şəhid olması xəbəri çatmışdı. 1 oktyabr… Madagiz (Suqovuşan)  uğrunda döyüşən əsgər və zabitlər onlara ruh verən Nicatın və onlarla,  yüzlərlə şəhidlərin ruhu qarşısında and içdilər. Suqovuşan azad olunacaq! Nicat Nəbiyev ölümü , şəhadəti ilə işıq oldu, mayak oldu. Azərbaycan Ordusu Nicat kimi şəhidlərin sayəsində ruh zirvəsini, inam qalasını, nicat yolunu fəth etdi. Dünya gözü ilə görmək nəsib olmasa da gecələr bütün şəhidlərin ruhu yer üzündə -azad edilmiş Vətən torpaqlarında qürurla dalğalanan Azərbaycan bayrağına baxırdı.  

Fərid Muradzadə
Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-07-2021 13:59
Baxış sayı: 3454
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
01 / 12 / 2024