İlqar Rəsulun "Gözləyən adam"ı -Hekayə

22-05-2021 21:15

"...Ürəyində dua edirdi ki, bütün ömrü boyu gözləməsinin əvəzinə barı ölüm tez gəlsin. “Mənə görə gəlmirsə, indiyəcən bütün gözlədənlərin, gecikənlərin savabına gəlsin, çox əziyyət çəkməyim”, − deyə Allha yalvarırdı"                   

Dalidag.az 
tanınmış yazıçı İlqar Rəsulun  hekayəsini təqdim edir:

                                                   GÖZLƏYƏN ADAM 

Suqra arvad molla Mikayılın qabağını kəsib evə buraxmaq istəmədi: 
– Ay evin yıxılmasın, hara girirsən? Kişi hələ ölməyib, ağlı başındadır, səni görüb dəli olacaq!
Molla arvadı kənara itələyib, özünü saldı evə. Müseyib kişi səsə gözlərini açdı, molla Mikayılı qan-tər içində, evin ortasında tövşüyən görəndə üzü güldü. Nəsə demək istədi, deyə bilmədi. Molla Mikayıl pencəyinin qoltuq cibindən balaca Quran çıxardı, razılıq istəyirmiş kimi Müseyib kişinin gözlərinə baxdı. Qoca göz qapaqlarını endirməklə razılıq verdi. Molla yaxınlaşıb onun çarpayısının baş tərəfində dayandı, kitabı açıb astadan Quran oxumağa başladı. Ta gözünü açmadı Müseyib kişi. Molla Mikayıl ikinci vərəği o üzünə çevirməmiş Müseyib kişi canını tapşırdı... 
Ömrü boyu ya vurulmuşdu, ya da gözləmişdi Müseyib. Atasının ona velosiped almasını gözləmişdi uşaq vaxtı. Arzusuna çatandan sonra velosiped sürməyə aludə olub dərslərini yaxşı oxumadığına görə atası onu vurmuşdu. Qonşu qıza vurulmuşdu, onun məktəbi bitirməsini gözləmişdi. Böyük qardaşının evlənməyini gözləmişdi ki, özünə də yol açılsın. Atasının vəfatından bir il keçməsini gözləmişdi ki, toy eləsin. Sonra sevdiyi qızın nənəsinin ilini gözləmək girmişdi araya. Evlənəndən sonra üç il özünü oda-közə vurub, xəstəxanaları gəzib, həkimlərə pul töküb, uşaq gözləmişdi Müseyib. Uşağı olandan sonra beş il də oğlan uşağı gözləmişdi. Dördüncü qızdan sonra oğlu olmuşdu. Oğulun böyüyüb ona kömək etməsini gözləmişdi. Oğulun əsgərlikdən gəlməsini gözləmişdi. Oğulun məhbəsdən buraxılmasını gözləmişdi. Oğul toyu gözləmişdi. Maşınını vurmuşdular, saatlarla hadisə yerində dayanıb sığortaçıların gəlməsini gözləmişdi. Arvadına zəng vuranda yerində dəli kimi gəzinib telefonu açmasını gözləmişdi. 
İxtiyar vaxtında həyətində ildırım vurmuşdu Müseyibi. Dili tutulmuşdu, əl-ayağı qıc olmuşdu. İki saat yataqda uzanıb həkim gözləmişdi. Həkim gəlib baxandan sonra evdəkilərə demişdi ki, bir-iki saatlıq ömrü qalıb, heç yana aparmayın, qoyun evində keçinsin...
Göz qapaqlarını qaldırıb-endirməkdən savayı, heç nə edə bilmirdi Müseyib kişi. İndi də yataqda uzanıb ölümünü gözləyirdi. Ürəyində dua edirdi ki, bütün ömrü boyu gözləməsinin əvəzinə barı ölüm tez gəlsin. “Mənə görə gəlmirsə, indiyəcən bütün gözlədənlərin, gecikənlərin savabına gəlsin, çox əziyyət çəkməyim”, − deyə Allha yalvarırdı. 
Gözləməyə o qədər öyrəşmişdi ki, Müseyib kişi, qorxurdu, insanlar kimi, ölüm də onun bu əfəlliyini duyub xeyli ləngiyər. Heç istəmirdi yataqda, belə halsız-hərəkətsiz günlərlə uzanıb gözləməyi. İndi anlamışdı ki, sən demə, bu vaxta qədərki vurulmaqlarından və gözləməklərindən də pis vurulmaq və gözləmək varmış. Arada: “Bəlkə də, naşükürlük etdim, ondan başıma bu müsibət gəldi”, – deyə düşünürdü də. Bütün bunlarla içəridən qovrulurdu ki, bayırda hay-küy eşitdi. Səsə gözlərini açıb evin ortasında molla Mikayılı görəndə üzü güldü. Sevindi Müseyib kişi. 
Kənddə molla çox idi. Ölən olanda hansı mölla özünü birinci yetirsə, mərhumun ilinədək bütün məclisləri o idarə edirdi. Bəzən bir qapıya eyni vaxtda üç-dörd molla yığışırdı, kim birinci gəlib deyə aralarında mübahisə də düşürdü. Bir dəfə dükançı Güllü arvadın qızı pilləkəndən yıxılıb ayağını sındırmışdı. Ana-qız səs-səsə verib ağlaşanda mollalar tökülüşmüşdülər həyətə ki, bəs səbirli olun, ölənlə ölmək olmaz, gec-tez hamımızın yeri oradır, daha nələr... Arvadın oğlu gəlib mollaları həyətdən qovmuşdu. O gündən sonra kəndin dələduz uşaqları hərdən gecə vaxtı bir daldalıqda yalandan vay-şivən salırdılar ki, mollalar “yas düşdü” deyib evdən bayıra çıxsınlar.
Mikayıl da həmin mollalardan idi. Təcili yardım maşını doqqazdan ayrılan kimi özünü salmışdı Müseyib kişinin həyətinə ki, qoca öləsi olsa, məclisi başqası aparmasın. Müseyib kişi bilirdi Mikayılın bu canfəşanlığının səbəbini. Amma yenə də onu evin ortasında görəndə sevindi.
Həyatında ilk dəfə idi ki, onu uzun müddət gözlətmədən kimsə gəlib çıxmışdı. Həm də heç gözləmədiyi halda.  “Ortaya molla, Quran gəldisə, demək ki, ölüm də ta ağ eləməz, gələr tezliklə, – düşünüb rahatlandı, – olsun, lap mənə görə yox, mollaya, Qurana görə gələr, amma gələr”. Ümidlənib Mikayıla yüngülcə göz vurdu, amma ta gözləmədi. Eləcə gözlərini yumdu...

İlqar RƏSUL
Dalidag.az


 


Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-05-2021 21:15
Baxış sayı: 3431
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını