Reklam
"Tərk etdin Rasimi, demədinmi bəs, yoxdur bir kimsəsi məndən savayı..." -ŞEİRLƏR
09-05-2021 15:56
Rasim Kərimli 1 may 1932-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Uşaqlıqdan saz, zurna-balaban çalan, Bakı Dövlət Universitetində oxuyarkən qarmon və pianino çalmağı öyrənən Rasim Kərimli universitetin bədii özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri idi. Hələ orta məktəbdə oxuyarkən şeir yazan Rasim bu vaxt artıq respublika mətbuatında çap olunurdu. Bir il Ağsu rayonunda müəllim işlədikdən sonra 1957-1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dİl və Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Lakin bədii yaradıcılığı elmi yaradıcılığa üstün gəlir və tezliklə o, M. F. Axundov adına Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasına müəllim keçir. Bu vaxt Rasim artıq tanınmış şair idi. Şairin əsərlərinin xalq ruhuna son dərəcə yaxın olması onların asanlıqla əzbərlənməsinə və xalq arasında yayılmasına şərait yaradırdı. Bu təsadüfü deyildir. Uşaqlıqdan qonşuları Aşıq Nağının yanında aşıq havalarını və el şairlərinin şeirlərini əzbər öyrənməsi onun gələcək yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu təsir o qədər güclü olmuşdur ki, həyatı boyu saz-söz adamlarının cazibəsindən kənara çıxa bilməmişdi. Bir neçə musiqi alətlərimizdə gözəl çalan Rasim Kərimli milli musiqimizin bilicilərindən idi. Həm buna, həm də şeirlərinə görə musiqiçilər və müğənnilərin əksəriyyəti onunla dostluq edirdi. Görkəmli sənətçilərimiz Habil Əliyev, Əlibaba Məmmədov, Teymur Mustafayev, Arif Babayev, eləcə də Mayis Salmanov, Mayis Məmmədov və başqaları şairə xüsusi ehtiram göstərirdilər. Elə bir konsert (dövlət tədbirləri daxil olmaqla), elə bir şənlik, elə bir toy olmazdı ki, Rasim Kərimlinin sözlərinə yazılmış mahnılar oxunmasın. Şairin "Səndən savayı", "Biləydin kaş", "Bir qız bir oğlanındır", "Qurban olum", "Sənsiz", "Min yaşasın", "Axtarar səni", Zümrüd Məmmədova və Təhmurazın oxuduğu çox maraqlı, dərin mənalı "Deyişmə" və başqa şeirlərinə bəstələnmiş mahnılar dillər əzbəri olmuşdu. "Dostluq ilk sözümdür"(1969), Şəfqət bulağım"(1975), "Dünya mərdlər dünyasıdır"(1979), "Biləydin kaş"(1983), "İntizarda qoyma məni" ( 1991) və s. kitabların müəllifi olub. Rasim Kərimli 1996-cı il 24 iyunda vəfat edib.
Dalidag.az Rasim Kərimlinin şeirlərini təqdim edir:
SƏNDƏN SAVAYI
Məftunu olmayıb könlüm heç kəsin,
Ay xumar baxışlım səndən savayı.
Sığındım eşqinə bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.
Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri
Oduna yandığım gündən savayı.
Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı.
VERİLMƏDİ
Yetirin dərdimi naşı təbibə,
Deyin ki, dərmanım düz verilmədi.
Sərraflar əlindən düşməyən zərə
Misgər bazarında üz verilmədi.
İstəsən qəlbinə nur ələsin dağ.
Zirvəyə qartalın gözləriylə bax.
Günəşin nurunu sevməz yapalax.
Əzəldən bayquşa göz verilmədi.
Rasim, tək olanda hünər də laldı,
Yalqızın talehi gümana qaldı.
Qarğa qarıldadı, mükafat aldı.
Biçarə bülbülə söz verilmədi.
BİLDİRƏCƏKDİR
Məsəl var:"Dost olmaz qurddan qoyuna",
Yadlar yadlığını bildirəcəkdir.
Xəbisin əlinə fürsət keçəndə
Adını hər yerdən sildirəcəkdir.
Vəfadar eşqiylə coşub çağlasan,
Gözünün yaşının silər ağlasan.
Vəfasız gözələ könül bağlasan,
Aləmi üstünə güldürəcəkdir.
Vaxt ola, yol tapam, zirvədə duram,
Alçağa, satqına bir divan quram.
Düşməndən qorxmuram,"dost"dan qorxuram,
Məni yaxın dərdi öldürəcəkdir.
Sarsılmaz dost dostdan aralanmasa,
Aslanlar oyanmır yaralanmasa...
Özü bölünməsə, paralanmasa,
Rasim, kim ürəyi böldürəcəkdir.
OLMUR
Çağlamaq eşqiylə coşur ürəyim,
Hər yanı bənd alıb çağlamaq olmur.
Qeyrətsiz deyirlər ağlayan kəsə,
Dərd deşir sinəmi ağlamaq olmur.
Alçaqlar ucalıb, ucalar enib,
Məhəbbət məhv olub, sədaqət sönüb.
Hamı ac aslana, ac qurda dönüb,
Heç kimə etibar bağlamaq olmur.
Qanqaldan qiymətsiz olub qızılgül,
Sərçənin əlinə su tökür bülbül.
Bu dərddən od tutub alışır könül,
Haqsızı haqq ilə dağlamaq olmur.
Köpəklər qurdlarla aşnalıq qatıb,
Sürünü dəyərə-dəyməzə satıb.
Tülkülər, çaqqallar o qədər artıb,
Bir toyuq, bir cücə saxlamaq olmur.
Rasim öz piltəsi əridər şamı,
Saxlasa qabığı saxlar badamı.
Qammazlar bir kökə salır adamı,
Əllicə yaşı da haqlamaq olmur.
NƏ FAYDA
Elinə, gününə yanmayan bir kəs
Tutaq ki, sultandı, xandı nə fayda?
Gənclikdə özünü xar eyləyənlər
Çallaşan vaxtında qandı, nə fayda?
Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də.
Hamının əksi var elin gözündə,
Alçaqlar adını dandı, nə fayda?
Rasiməm dar gündə insana dayaq,
İnamın yoxdursa imtahan et, bax.
Zülmət gecələrdə yanmayan çıraq
Günəşli günlərdə yandı nə fayda?
QURBAN OLUM
Vətən sənin torpağının
Qüdrətinə qurban olum
Koroğlunun, Babəkinin
Qeyrətinə qurban olum.
Nurlu yolu, haqqın yolu,
Bir sahilsiz çayın qolu
Dünya dolu, tarix dolu
Şöhrətinə qurban olum
Dəfinə var dənizində,
Hər dağında, hər düzündə
Nəyin yoxdur yer üzündə
Sərvətinə qurban olum.
Aşıb-daşan illərinin,
Nəğmə qoşan dillərinin
Nur çeşməli göllərinin
Hikmətinə qurban olum.
Yaz arzulu, yaz diləkli,
Duz-çörəkli, düz çörəkli
Rasim deyər, dağ ürəkli
Millətinə qurban olum.
MİN YAŞASIN
Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.
Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.
Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.
El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.
Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.
BULAQ KİMİ
Bilən bilir könül barım
Ləzzətlidir bulaq kimi.
Söz sinədən qüvvət alır,
Bala yatan qucaq kimi.
Nə dərdimə qalanım var,
Nə yadına salanım var.
Dəhrə,balta çalanım var,
Quruyuram budaq kimi.
Dərdim hədsiz, dərmanım yox,
Məramım var, fərmanım yox.
Sabahıma gümanım yox,
Yaşayıram qonaq kimi.
Bir vəzifə tutub hərə,
Yarayan yox xeyirə-şərə.
Gözlərimiz görə-görə
Odlanırıq ocaq kimi.
Hansı bağa getsəm bara,
Bağban məni çəkir dara.
Ömür boyu sarsaqlara
Aldanmışıq uşaq kimi.
Rasim KƏRİMLİ
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-05-2021 15:56
Baxış sayı: 31 345
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23