Bir Səriyyənin yeddi səyyarəsi

07-05-2021 20:30
Lətifə Orucun “Sirli gedişlər” romanının yaratdığı təəssürat

Ədəbiyyatı, onun əsas komponenti olan ədəbi-bədii söz mülkünü kökü tarixin minillik qatlarına uzanan, qollu-budaqlı bir ağaca bənzədirlər. Onu müxtəlif zamanlarda yaşamış, fərqli zövqlərə və dünyagörüşünə malik soydaşlarımızın əsrlərlə yaratdıqları və bu günə qədər gəlib çıxan bədii irsimizin toplumu da adlandırmaq mümkündür. Bura, əlbəttə, zəngin folklor nümunələri, ozan-aşıq yaradıcılığı, yazılı klassik ədəbi-bədii  və müasir, Avropa dili ilə desək, modern nümunələr də daxildir. Amma, nədənsə, ədəbiyyatın ən ağır, sanballı qanadı olan nəsr “poeziya”nın kölgəsində mürgü döyür“. Bənzətmə yerinə düşməsə də, deyək ki, sanki “Tütək səsi” filmində ağacın altında “Dilqəmi” saz havası çalan, Dədə Qorqud timsallı ozana oxşadıram roman yazanlarımızı. 
Təsadüfi deyil ki, böyük fikir sahiblərinin, söz sərraflarının, ədəbi nəslin klassik nümayəndələrinin yaşadığı dövrlərdən bizi ayıran zaman məsafəsi dəyişdikcə onların yaratdıqları elmi-fəlsəfi, ədəbi-bədii sənət nümunələri də formalaşaraq zənginləşir və öz dəyərini artırır.
Bütün bunlarla yanaşı, dövlət müstəqilliyinə yenidən qovuşduqdan sonra xalqımız milli-mənəvi dəyərlərinin sahibi olmuş və adıçəkilən sahədə də bir sıra uğurlar əldə etmişdir. Yeni formalaşan ədəbi mühitin elmi ictimaiyyətin diqqətinə çatdırılması vacib məsələlərdən birinə, daha doğrusu, tədqiqat obyektinə çevrilmişdir. 
Bu gün ədəbi aləmdə özünü təsdiq edən nəslin yetişdiyini inkar eləmək mümkün deyil. Doğrudur, klassik deyim forması, milli ənənə formaca yeni libas geyinsə də, məzmun, məna çaları qalmaqdadır və nə yaxşı ki, köhnəlikə yenilik arasında zaman-zaman gedən mübarizə bu gün mahiyyətcə dəyişməsə də, əllaməlikdən uzaq, yaradıcı insanlara meydan verilməsi baxımdan təqdirəlayiqdir.
Ədəbiyyat aləminin dahiləri, dühaları da zaman keçdikcə daha yaxından tanınmış və dəyərini almışlar. 
Bu il anadan olmasının 880 illiyini onlayn şəklində olsa da, qeyd etdiyimiz dahi Nizami Gəncəvidən başlayan yazılı ədəbi irsimizin layiqli
davamçıları dünya ədəbi xəzinəsinə öz töhvəsini verməkdədir.

Maraqlıdır ki, bu sahədə qələmi qəlbindən qidalananlar daha çox oxunur və sevilir ki, bu da təbiidir, İlahi qüdrətdən verilən təbdən, istedaddandır. Açığı, son illər ədəbi aləmdə imzasını təsdiqləyən xeyli qələm sahiblərimizi tanımaq imkanımız olub. Bunun bir sıra səbəbləri var. Mənə elə gəlir ki, yazılı ədəbi nümunələrin ilklərinin müəllifləri də öz dövrlərində bugünki kimi tanınıb, sevilmələri mümkün deyildi. Çünki zaman və dövranlar, baxışlar və hakimi-mütləqlərin diktəsi daim öz işi görüb. Ona görə xalqın sevimliləri də olub, qafiyəpərdazlıq, məddahlıq edib ədəbiyyatdan uzaq “özlərini dahi sayanlar da”.
Son illərin ədəbi nümunələrinə baxdıqda, sayı sanbalından  (dəyərindən) çox olanlara da rast gəlinir, əsl sənət əsərələrinə də. Təəssüf ki, oxucuya lazım olanların tirajı makulaturalıqlardan xeyli aşağıdır. Ona görə də geniş oxucu auditoriyasına, kitabxanaların fonduna daxil ola bilmir. Xatırlayıram ki, 2000-ci il mart ayının ortalarında Heydər Əliyev Sarayında ( o vaxtlar “Respublika” sarayı adlanırdı) Bəhmən Vətənoğlunun 70 illiyi ilə əlaqədar Azərbyacan Aşıqlar Birliyi şairlə sevimli oxucularının görüşünü təşkil etmişdi. Ədəbi-bədii gecənin aparıcısı, Xalq şairi Zəlimxan Yaqub tamaşaçı salonunda əylşən şairə müraciət edərək, belə dedi:
-Bəhmən Vətənoğlu! Sən qəm eləmə ki, adının yanında heç bir fəxri tutul çəkmədim. Xalq şairləri, yazıçıları tanıyıram ki, cild-cild əsərləri kitabxanalarda toz içində itiub-batıb, onları vərəqləyən də yoxdur, nəinki oxusunlar. Amma sənin şeirlərin sazın sinəsinə yazılıbsa, xalqın yaddaşında yaşama ömrü qazanıblar. Fəxr edirəm ki, şeirləri sazın sinəsinə, xalqın yaddaşına qoşa yazılan Bəhmən Vətənoğlu yaradıcılığının aparıcılığı mənə  etibar edilib...
Xeyli vaxt idi ki, bədii əsərlər oxumaq imkanım yox idi. İllərdir ki, qələm dostum olan, gəncliyini Kəlbəcərdə keçirən, orada çıxan “Yenilik” qəzetinin redaktor müavini Amil Novruz  mənə bir kitab verib dedi ki, haqqında məqalə yazmaq üçün oxu”. Adətən, illərdir ki, çalışdığım rəsmi dövlət qəzeti “Azərbaycan”da “Yeni nəşrlər” rubrikası ilə oxucu görüşünə gələn kitablar haqqında yığcam, məlumat-informasiya xarakterli yazılar dərc edirik.
Düşündüm ki, bu dəfə də redaksiya tapşırığıdır. 
Doğrusu, müəllifi hüquqşünas olan “Sirli gedişlər” romanını, sadəcə, vərəqlədim. Bəzi səhifələrdəki fəsilöncəsi kontekstləri gördükdən sonra maraq mənə güc gəldi. 360 səhifəlik kitabı sonuna qədər oxumaq mənim üçün xeyli vaxt lazım idi. Fikrim ümumi məzmun haqqında kiçik qeydlər əsasında məqalə yazmaq idi.
Adilikdən-aqilliyədək...
Poeziyanın, açığı, oxucunu daha çox cəlb edib kitabı oxutdurması qeyri-adi hal deyil. Bir neçə şeiri oxumaqla müəllifin düşüncələrini ya qəbul, ya da inkar edə bilərsən. Lakin nəsr haqqında belə düşünmək mümkün deyil. Əsəri oxuyub başa çıxmayana qədər onun haqqında fikir mübadiləsini başdangetdi qəbul edirəm. Lakin, kitabın eləcə avantitul səhifəsindən aldığım məlumat da  marağımı çəkdi. Axşamlar işdən çıxanda, səhərlər tezdən işə gələndə marşrut avtobusunda Lətifə Orucun “Sirli gediş”ləri ilə bilirsiniz haradan yol başlayıb haradək getdim?..
Romanın redaktoru, tarix üzrə fəlsəfə doktoru İltifat Əliyarlı ilə ön söz müəllifi, Xalq şairi Sabir Rüstəmxanlının qeydlərini də oxuyub kitab haqqında fikir yürütmək mümkündür. Lakin elə həmin məqalələrdəki incə məqamlar, sətiraltı eyhamlar da əsərin maraqlı olduğunu, sona kimi oxumaq istəyini artırır.
İlk baxışdan adama elə gəlir ki, əsər bir ailənin  həyat dramıdır. Əsas obrazlar isə qardaşsız yeddi bacıdır. Adi təcili yardım maşınının sürücüsü olan Oqtayın ailəsinin, xüsusən yeddi qızının taleyi timsalında qələmə alınan “Sirli gediş”lər, sən demə, Azərbaycan cəmiyyətinin adidən-qeyri-adiliyədək, sadədən-mürəkkəbədək keçdiyi yola işıq salırmış. Burada bir-birindən maraqdoğuran acılı-şirinli həyat hadisələrinə bir hüquqşünas prizmasından baxılır. Haqqı, ədaləti müdafiə etməyin heç də asan olmadığı, lakin sonda mübarizlərin qələbəsinin labüdlüyü əsərin əsas ideya xəttini təşkil edir.
Bir Səriyyənin yeddi səyyarəsi
...Adətən, çoxuşaqlı ailələrin, xüsusilə müsəlman və Şərq aləmində, kasıb yaşayış şəraitində bütün güclərini toplayaraq bir-iki, bəzən isə üç-dörd uşağı ali təhsil almağa imkan yaratdıqları hallarına rast gəlinir. Ancaq sürücü işləyən, az məvaciblə doqquz nəfərlik ailəni güclə dolandıran və həyat yoldaşının ali təhsili olmayan bir kişinin yeddi qız övladından birinin ədəbiyyat, birinin tarix, ikisinin tibb, üçünün isə hüquq fakültəsinə daxil olub, əla qiymətlərlə oxuyub bitirməsi, doğrudan da möcüzı idi: yeddi səyyarənin yeddi sirli möcüzələri...
Nə idi yeddi səyyarənin, yeddi aləmin möcüzələrinin əsl sirri? Bu, ən mükəmməl yaradılmış, çox şeyə qadir olan insanın təhtəlşüuru, yoxsa hər şeyə qadir ica Allahın ibrətamiz, dəqiq məntiqli sirli gedişləri idi?
Müsəlman  aləmində İslam dininə qədər qız uşaqlarına vəhşi münasibət, hətta onların bəzi ərəb tayfalarında diri-diri basdırılması bəşər tarixinin heç vaxt heç bir əməllə getməyəcək qara ləkələrindəndi. Və bu cür hadisələrin kainatda qalan qara enerjiləri bəşəriyyəti, dünyanı “qiyamət”ə sürükləyən amillərdən biridi.
Yeddi səyyarənin yedii möcüzəsinin müsəlman aləmində baş verməsi təsadüfi ola bilməzdi. Hər  hadisədə bir ibrət, məqsəd var. Bu hadisənin baş verdiyi Azərbaycanda, qızların ali məktəblərdə, dünyəvi, təbiət və dəqiq elmləri öyrənməyə başlamasının tarixi isə heç yüz il deyildi. Bu tarix böyük azərbaycanlı, xeyriyyəçi-mesenant Hacı Zeynalabidin Tağıyevin  “Qızlar Məktəbi”ndən başlayırdı. Hacı sağ olsaydı, bu bacıların “möcüzələrini” görsəydi, bəlkə də neft quyuları kimi, sevinci, fərəhi fontan vurardı...
Məqsəd heç də əsərdə daha çox öndə olan,  uşaqlıqdan cəmiyyətdə tanınmış simaya çevrilənədək diqqət mərkəzində saxlanan, biliklərdən elmi nailiyyətlərədk yol keçən bacıların taleyini nümunə göstərmək deyil.
Xeyirxahlıq, qanunpərəstlik, insansevərlik
Əsas meyar cəmiyyətdə öz mövqeyini doğru-düzgün seçmək, nəinki ailənin, əslində, xalqın sevimli övladına çevrilmək üçün mübarizələrdən keçməyin vacibliyi və təbliğidir. Müsbət və mənfi obrazların dilində cəmiyyəti təqdim edən yazıçı xanıma bu yolda əsas dəstək verən onun özünün mübarizliyi, peşəkar hüquqşünas kimi haqqa, ədalətə tapınmasıdır. Müxtəlif sahələrdə və fərqli motivlərdə törədilən cinayətlərin üstünün açılmasında hüquq-mühafizə orqanlarının, o cümlədən, xüsusən də müstəntiq, prokuror və hakimlərin ədalətli mövqeyinin əsas rol oynadığı burada dəlil və sübutlarla öz əksini tapır.
Əsərdə bacıların uşaqlıq, tələbəlik, sonradan çalışdıqları dövrlərdə üzləşdikləri çətinliklərə, həyatın sirli gedişlərinə qarşı bilik, xeyirxahlıq, qanunpərəstlik və insansevərliklə mübarizə aparmaları və buna görə də həmişə qalib gəlmələri bədii dillə, düşündürücü, maraqlı faktlar və hadislər fonunda çox ustalıqla və peşəkarlıqla verilir.
Əslində, pomanın əsas baş qəhrəmanı vəkil Leylanın ətrafında cərəyən edən hadisələr fonunda müəllif cəmiyyətdəki antipodları - “dayı”ların, “xala-bibilər”in rüşvətxor məmurların, qanunları bilərəkdən pozaraq harınlayan, dövlətə və xalqa xəyanət yolu tutan, yaltaq əmisi Balaşdan başlayaraq, qulluğunda qul olduğu ata-bala Salmanzadələrin, Əhmədzadələrin, məktəb direktoru Vəli müəllimlərin, Samir Səfərov kimilərinin, onların həyat yoldaşlarının, Ofelya, Fəridə, Vəfaların... timsalında tənqid atəşinə tutur.
Romanda haqsızlıqlarla üzləşib, haqq-nahaq həbsə atılan, haqqında cinayət işi açılan neçə-neçə günahsızların müdafisəində təhqir və həqarətlərə, hətta, hədə-qorxularla təhdid edlən vəkil Leylanın tale yolunun heç də hamar olmadığı öz əksini tapır. Naxçıvanın ucqar kəndlərinin birində təcili yardım maşınının sürücüsü olmaqla, el-obasının xəstələrinə, amansız ölümün əlindən alınmasına öz idarə etdiyi maşını ilə köməyə yetən Oqtayla qardaşı Balaşın həyat tərzi heç də təsadüfi müqayisə edilmir.  Hüquq-mühafizə sistemində çalışan Balaş cəmiyyətin eybəcərliyini öz xarakterində doğmalarına da göstərir. Müəllif bununla həm də harınlığın doğmaları bir-birinin qəniminə çevrirməsini də ortaya qoyur.
Bu “oyunda” neçələri mat oldu
Kənddən Bakıya, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbula gələn Leylanın yolda, az qala, qatarın altına düşməsindən başlayan “təsadüflər” onu həyatı boyu müşayiət edir. O, öz arzusuna çatmaq üçün (Naxçıvandan Bakıya getmək üçün yolpulu qazanmaq naminə) İrəvanda soğan satmaqda atasına kömək etməsi, orada ermənilərin və yarımermənilərin onların başına nələr açmasını heç də təsadüfi yerə xatırlamır. 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilərin hələ ötən əsrin 70-80-ci illərdində Bakıda azərbaycanlılardan və digər millətlərin nümayəndələrindən yaxşı yaşamasını, hətta, bizim onların evlərində kirayəşin qalmağımızı qələmə alması sırf siyasi mədəniyyətimizin tarixləşdirilməsi, zaman-zaman ermənilərə öz evimizdə yer verməyimizin bu formada tarixləşdirliməsi deməkdir.
Əsərdə daha bir diqqətçəkən obraz isə Rüfətdir – Leylanın şahmatçı balası, hər turnirdə, görüşdə ermənilərin qənimi, qeyri-adi oyun tərzi ilə hər kəsi mat qoyan, dəfələrlə Avropa və dünya çempionu olmuş oğludur.
Diqqətdən kənarda qalmayan daha iki obraz isə Qaya və onun nakam taleli, fiziki cəhətdən xəstə, mənəvi baxımdan fəlsəfi və qeyri-adi düşüncəli bacısı Məsmədir. Naxçıvan-Bakı qatarında Leyla ilə atası Oqtayın kupe yoldaşı olan bu qardaş-bacıların təfəkkürü illər boyu yaddan çıxmır. Hətta, Leylanın mübarizliyində bu qardaş-bacının aqil fikirləri, fəlsəfi düşüncələri yolgöstərən kimi təqdim edilir. Bu da müəllifin uğurlarından biridir.
Həyatın sirli gedişlərindən biri...
Kitabın ilk fəslindən başlayaraq yeddi ləçək nərgizi xatırladan bacılarla tanışlıq imkanımız olur. Təcili yardım sürücüsü Oqtayın Tanrıdan olan bu paylarına hər addımbaşına şükranlıq etməsi bir türk kişisinin, ərin ailə sevgisi deməkdir. Ömür-gün yoldaşı Səriyyənin yeddi qız anası kimi ailənin başçısı tərəfindən sevilməsi o zaman üçün bəzilərinə müəmmalı gəlirdi. Bu da həyatın sirli gedişlərindən biri idi. Yeddi oğul atası olanlar Oqtay kimi, bəlkə də sevinməmişdi. Oqtayın isə qız balalarını Bakıda oxutmaq üçün yolpulunu zülmlə qazanmasına baxmayaraq, onların cəmiyyətin aparıcı kadrlarına çevrilməsi naminə əzab-əziyyətə qatlaşması müəllifin - Lətifə xanımın özünün doğma atasına bala məhəbbətinin tərənnümüdür. Leyla bacılarının hər birinin ali təhsil alıb, xoşbəxt ailə sahibi olması üçün böyük fədakarlıqları digərlərinə, əslində, dərsdir, örnəkdir, nümunədir. Həm də o, axı, qanunların aliliyinin qorunması yolunda mübarizə aparan cəbhənin silahdaşı, vətənpərvərlərin məsləkdaşıdır. Haqqın yanında, müdafiəsində olub, nahaqqa, haqsızlığa qarşı mübarizə aparmaq heç də asan deyil. Leyla da bunun çətinliklərini yaşayır, hətta, məğlubiyyətədək yol keçir. Leylanın çalışdığı Vəkillər Kollegiyasında onun əzmkarlığı, rüşvətxorluğa qarşı mübarizəsi heç də xoşa gəlmir. Özü haqsızlıqlarla üzləşən Leyla millət vəkili olmaq üçün atdığı hər addımda ona badalaq gələnləri mübarizliyi ilə məğlub edir. Oğlu Rüfət, həyat yoldaşı Əli də onun mübarizliyinin qurbanlarına çevrilir. Lakin Leylanı bütün bu təsirlər, hədə-qorxular haqq yolundan çəkindirmir. Məqsəd də budur? Haqq nazilər, amma üzülməz!
Qanun şah olanda... 
Əsərin süjet xəttinin, hadisələrin bir-birini məntiqlə dəyişməsi, müxtəlif məkanlarda cərəyan etməsi müəllifin yaradıcılıq potensialını ortaya qoymuş olur. Burada yalnız bədiiyyat deyil, siyasi, ictimai motivlər də yetərincədir. Məsələn, Leylanın bir vəkil kimi müdafiə etdiyi məhkumların üzləşdiyi haqsızlıqlar cəmiyyətin eybəcərliyi deyilmi? Əsərdə şahidinə çevrildiyimiz bir neçə belə hadisələrdə Leylanın apardığı mübarizə Azərbaycan ictimaiyyəti üçün xas olan hallardan hiridir. Müəllif  mövzunu da, hadisələri də yaşadığı ictimai mühitdən götürməklə, özünü də onların iştirakçısı və şahidlərindən birinə çevirir ki, bu da inandırıcılıq və dolğunluq baxımdan əsas şərtlərdən biridir.
Burada tarixin müəyyən dövründə aparılan mübarizliklə yanaşı, cəmiyyətdə alaq otu kimi bitən, nəinki öz eybəcər fiziologiyası, elə həmçinin gülüş və hiddət doğuran hərəkətləri ilə tənqid obyektinə çevrilən antipodları görür, eyni zamanda xalqın içərisindən çıxıb, onun haqqını müdafiə edən Leyla kimi hüquqşünaslarımızn da olduğunun fərqinə varırıq. İki qardaşın timsalında xeyirlə şərin qaynasa da, qarışmadığının şahidinə çevrilirik.
Müftəxor “hüquq müdafiəçiləri” ilə yanaşı, halal zəhməti hesabına cəmiyyətə layiqli kadrlar yetişdirən yeddi qız atasının ailə tərbiyəsinin də örnək olması burada oxucuya təqdim edilməsi müəllifin istedadının birtərəfli olması anlamını vermir. O, həm də hadisələrin içərisindən məntiqi nəticə çıxarmağı bacaran yazıçı olduğunu təsdiqləyir.
Romanda, ümumiyyətlə, nəsr əsərlərinə xas xüsusiyyətlərdən biri də hadisələrin ziddəyyətli şəkil alması, dramatiklyinin pik həddi, kulminasiya nöqtəsidir ki, orada oxucu özü sanki iştirakçıya çevrilir və sonluğun nə ilə bitəcəyini intizar və həyəcanla gözləyir. 
“Kölgələr” gecələr də olur
“Sirli gedişlər”də də belə məqam bir neçə dəfə təkrarlanır ki, bu da əsərin oxucular tərəfindən yarımçıq saxlanmasına deyil, son səhifəyədək oxumasına səbəb olur. Məsələn, Leylanın Bakıya ilk dəfə qatarla gəlişində yolda, az qala, hərəkətdə olan qatarın altına düşməsi, Qayanın aldığı lülə və tikəkababların onun yerinə əlindən düşməsi ( el arasında deyildiyi kimi, “qada-bəlasını aparması - “yuxunun çin olması”, həmin anlarda Məsmənin “itməsi”,  illər sonra vəkil Leylanın Qaya ilə Bakıda, Dənizkənarı parkda təsadüfən görüşmələri,  həmin kababların yenidən sifarişlə süfrəyə gətirilməsi və ağsaqqalın qəfil “qeybə çəkilməsi”, yaxud gecənin zülmətində Leylanın bacısı ilə əmisi Oqtaygilə gedərkən yolda onların arxasınca gələn “kölgə”nin kimliyi və s. kimi məqamlar əsərin sonluğunun necə bitəcəyi marağını artıran amillərdəndir.
Əsərdə yaddaqalan anlar, məqamlar və adi olsa da, qələmə alınan hadisələr az deyil. Burada ata-anaya məhəbbət, ailəyə, ömür-gün dostuna sevgi, böyük-kiçik yeri bilmək, milli adət-ənənəyə sadiqlik kimi dəyərlərin təbliği də əsas yerlərdən birini tutur.
Deyirlər ki, oğullar anaya, qızlar ataya daha çox sevgi hiss etdirirlər. Bu şərq fəlsəfəsinin nə qədər doğru olması burada da özünü gizlətmir. Müəllif bir ailənin timsalında bunu bacarıqla verir.
Oxunaqlılığı artıran məqamları sadalamaq, əlbəttə, bir məqalənin həcmində mümkün deyil. Burada sadə həyat həqiqətlərindən başlayaraq dediktivliyədək cəmiyyətdə baş verən hadisələrə ümumi baxışı görürük. Əslində, əsər bu gün üçün çox aktualdır, baxmayaraq ki, qələmə alınan, nümunə göstərilən hadisələr ötən əsrin 70-80-ci illərində cərəyan edib.
Yeni yolda ağ “CİP”-üzü Şuşaya doğru...
Kitabın  digər bədii əsərlərdən fərqi  yalnız bunlar deyil. Burada hər fəsilin məzmununu ifadə edən fikirlərin kontekstdə verilməsi də maraqlıdır. Məsələn, yeddinci fəslin kontekstindən oxuyuruq: “Tarixən müharibə, döyüş fəlsəfəsi üzərində yaranmış və təkmilləşmiş şahmat oyununda da düşməni – rəqibi manevrlərlə aldatmaq, hücum istiqamətlərini gizli saxlamaq əsas prinsiplərdəndir”, Yaxud, “Sosial müdafiə sahəsində işləyən insanların cənnətlə cəhənnəm arasında durduqları yer çox sürüşkən olur. Ani zamanda rüşvət, ədalətsizlik şüarları gözlərini qamaşdıra, ayaqlarını sürüşdürüb cəhənnəmə yuvarlada bilər...” 
Nəhayət, bu da səkkiz fəsildən ibarət kitabın sonuncu səhifəsi...
Şuşadan Bakıya şütüyən ağ rəngli “CİP”in sükanı arxasında oturan Leylanın şəhid qızı Lalənin ad gününə tələsməsi anı: “...Ağ rəngli “CİP” Şuşa-Bakı istiqamətində sürətlə  şütüyürdü. O, axşama qədər Bakıya çatmalı idi. Millət vəkili seçildiyi rayonun balaca sakini, şəhid qızı Laləyə ad gününə çoxlu oyuncaq, hədiyyələr alacağına, birlikdə gəzməyə gedəcəklərinə söz vermişdi. Bu gün mələk Lalənin ad günüydü!..”

Məhəmməd NƏRİMANOĞLU,
“Tərəqqi” medallı, AMEA-nın doktorantı, 
TURAN, ASKEF və Azərbaycan Jurnalistlər birliklərinin üzvü,
“Qızıl qələm”, Məmməd Araz ali media mükafatları laureatı
Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-05-2021 20:30
Baxış sayı: 31 610
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını