Reklam
"Qayıdanda yol verməyə gədiklər, bir bəxtəvər dustaq olam dağlara"
03-03-2021 20:24
Ənvər RZA:
Yazda nə var, yaylaqların payızda
Vəfasını yoxlamağa gəlmişəm…
“Ənvər Rzanı xatırlayarkən”…
Ənvər Rzanı xatırlamaq nə qədər savabdırsa, bir o qədər də ağrlı, acılıdır. Onu tanıyanlardan kim sakit, təmkinlə (Ənvər Rzanın özü kimi) onun haqqında söz aça bilər? Heç kim, məncə…
Payızdı yenə də… Şairin ürəkdağlayn şeirlərindən biri yaşartdı gözlərimi, duman-çiskin endi qaşlrımdan aşağı:
Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yazda nə var, yaylaqların payızda
Vəfasını yoxlamağa gəlmişəm.
Unutmayaq ki, aradan illər keçsə də, şairin həmin fikirləri bahar təravətini qoruyub saxlayıb. Daha dəhşətlisi isə odur ki, biz o dərdi oxlaya bilmirik. Dərd bizi hədəfə alıb, bir-bir çətən çubuğu kimi qırılırıq. Daha naxış olmur biçinçinin hər vəri, qızıl payız ilhamının sərvəri, çox da xəzan vaxtı bahar bilək Ənvəri, dağ çayı tək çağlamağa gəlmir ki…
Dönüb gözlərimdə yaşa,
Axam Kəlbəcərdən ötrü.
Övlad ola bilmədimsə,
Yoxam Kəlbəcərdən ötrü!
Yığmışam dərdi ürəyə,
Qəmnən əriyə-əriyə.
Dönüb şimşəyə, nərəyə
Çaxam Kəlbəcərdən ötrü?
Qurbanam dərə-düzünə,
Döyməsin bizsiz dizinə.
Düşməninin sağ gözünə
Oxam Kəlbəcərdən ötrü....
Bu günlərdə yenə də Ənvər Rza yuxuma gəlmişdimi deyim, yoxsa, mən Ənvər Rzalı illərin həsrətiynən yuxulamışdım, bilmirəm, gördüm ki, şairin səsi gəlir, həm də qəmgin-qəmgin:
Ayağında bir balaca yer verə,
Başmaq olam, dolaq olam dağlara.
Ya da əkib sinəsində cücərdə,
Palıd olam, qovaq olam dağlara.
Yaddaşımı xatirələr kötüklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.
Çaşqın dövran əməlini azdımı,
Daş kitaba qanla tarix yazdımı?!
Kövrəltmərəm, özcə dərdi azdımı,
Bir yandan da mən dağ olam dağlara?
Dağlar oğlu, dağa qoyma yağını!
Aldatdılar, uzaq sandıq yaxını!
Əritmişəm ürəyimin yağını,
Ay batanda çıraq olam dağlara.
Könül, elə duyduğunu saf-çürük,
Bu dağlardan ayrı keçən ömür – yük.
Bir yer verə balasına ömürlük,
İstəmirəm qonaq olam dağlara.
...Bir şairdəki fəhmə bax, İlahi, Tanrı?! Sən bu hikməti onun qəlbinə necə vermişdin ki, Kəlbəcərdə kəlbəcərsizlik dərdini, həsrətini yaşadırdın Ənvər Rzaya?! Hələ nə qaçqınlıq-köçkünlük vardı onda, nə də o dağlardan ayrı keçən yük ömrü!
Qəlbin və qələmin könül bulağından su içirsə...
“Ənvər Rzanı xatırlayarkən”.... nələr düşmür ki, yada. Təəssüf ki, mənən Ənvər Rza ilə həmsöhbət olub dərdləşsək də, şirin, hikmətli səsini maqnitafon lentindən eşitmişəm. S. Vurğunun, Dədə Şəmşirin nəfəsi, avazı kimi yaddaşıma hopub. Amma şairlə illərlə bir süfrə arxasında oturub onu dinləyən və yaddaşına acılı-şirinli xatirələr yazan bir nəfər tanıyıram. İnsan loğmanı olduğunu kəlbəcərlilərdən savayı, ölkə əhlisi də bildi və tanıdı. Kəlbəcərin ağır və məşəqqətli, mühasirə illərində lampa işığına belə cərrahiyyə əməliyyatı apararaq neçə-neçə növ-cavan könüllü və Milli Ordu əsgərlərimizi amansız və vaxtsız ölümün pəncəsindən xilas edən doktor Əli İsmayılovun könül adamı olduğunu bu günlərdə duydum və təsdiqlədi ki, vallah, kitab müəllifi olmaq üçün nə dilçi-ədəbiyyatçı olmalısan, nə də yazıçı-şair. Qəlbin və qələmin könül bulağından su içirsə, sən fikrini düzüb-qoşa bilərsən.
Müəllifin mənə, iş yerimə - “Azərbaycan” nəşriyyatına göndərdiyi “Ənvər Rzanı xatırlayarkən...” kitabını birnəfəsə oxuyub (həm də marşrut avtobusunda, 20 Yanvar-Müşfiqabad yolunda) dərindən nəfəs alanda kəlbəcərlilərin yaxşı tanıdığı Əli Müseyib oğluna minnətdarlığımı ifadə edə biləcək söz tapmadım. Fikrimi qələmə alıb, sözlə ifadə edib çatdırmaq üçün gecənin bir aləmində düşünmədən, fikirləşmədən, kağız-zad qaralamadan birbaşa kompyuterin klaviyaturasındakı hərflərə sığal çəkir barmaqlarım. Xəyallanmışam, rəhmətlik Əli Qurban Dastançı demişkən, məni məndən alıb aparan xatirə kitabının hər səhifəsindən dərd boylanır. Dərd bürüyüb dördbir yanımı. Pıçıltıyla şairə ünvanladım bu “Dərd” adlı gəraylımı:
Qalaq-qalaq qaldırmışam,
Qalaqlanıb qala dərdim.
Böyüyübdü, qocalıbdı,
Mənim kimi bala dərdim.
Dağdan aşıb düzə gəldik,
Həsrətlə üz-üzə gəldik.
Təhqir edən gözə gəldik,
Bir ney lazım çala dərdim.
Əlim yetmir ətəyinə,
Dağda çoban tütəyinə.
Bu fələyin kötəyinə
Dönüb qara qula dərdim.
Bir-birindən əziz və unudulmaz xatirələr dil açan kitabın nə redaktoru var, nə də ön sözü. Doğrusu, bu qeyri-adi, “standartlara baş əyməyən”, əslində, “sığışmayan” kitab, nədənsə, mənə çox doğma təsir bağışladı. Yalnız ona görə yox ki, eləcə ilk səhifələrdən şirin və xatirələr müəllifinin kimliyi, haradan gəlib hara getmələri barədə burada maraqlı tarix səhifələnir. Bir də ona görə ki, Ənvər Rza bütövlükdə şəxsiyyət olaraq təqdim olunur oxuculara. Məncə, hətta, kəlbəcərlilərin özlərinin çoxu bilmirdi ki, Ənvər Rzanın nəsil şəcərəsində neçə-neçə tarixi şəxsiyyətlər olub və bu gün də həmin ənənə şərəflə davam etdirilir.
“Nə yaxşı görüşdük, nə yaxşı yenə”, “Bəxtəvər dustaq”
Mən burada Kəlbəcərin son məskunlaşma tarixinin də izinə düşən müəllifin fədakarlığını yazmaya, qeyd etməyə bilmərəm. Əlbəttə, tarixi ulu olan yurdumuzda məskunlaşmalar bir neçə dəfə olub, əgər məşhur Zar kəndinin adı “Min bir gecə” nağıllarında çəkilirsə, Şəhrizadın adı Zar şəhərindən görürülübsə, demək, Kəlbəcər qaim-qədim yurdlardandır. Onun tarixi daşlara həkk olunub. Sadəcə, sonuncu məskunlaşma 400-500 ili əhatə edir.
Beləliklə, kitabı vərəqləyir və orada dil açan xatirələrlə o illərə dönürük. Ənvər Rzanın 5-6 yaşında olarkən müharibə illərində çəkdikləri (zülm-zillət və məşəqqətlər), Kəlbəcərin ötən əsrin 30-cu illərinin sovetləşməyə qarşı kəndli üsyanları, repressiya qurbanları, erməni daşnaklarının qəfil hücumları, Məşədi Cəmil kimi şəxsiyyətlərin Soltan bəylə dostluğu və bunun müqabilində elin-elə arxa-dayağı olması,bununla da ermənilərin hücumlarının qarşısının alınması...
Kitabı, mənə qalarsa, Kəlbəcərin tarixinə giriş hesab edərdim, Ənvər Rza ilə bağlı xatirələrlə bağlı olsa da...
Cəmi-cümlətanı 4-cə kitabı işıq üzü görüb şairin, onlardan ikisi sağlığında, ikisi isə son illər - Ənvərsiz qaldığmız və harayladığımız didərginlik, Kəlbəcərdən uzaqlarda, Kəlbəcər həsrətiylə göyüm-göyüm göynədiyimiz bu günlərdə. “Könlümə bahar düşüb” (bəxtinə xəzan yazılan şairin), “Nə yaxşı görüşdük, nə yaxşı yenə”, “Bəxtəvər dustaq” bizi yamanca ağladır, sinəmizi dağladır “Kəlbəcərə gedən yollar”. Kitabların işıq üzü görməsində elimizin və xalqımızın dəyərli ziyalıları Eldar Hümbət oğlu Həsənovla “Azərnəşr”in baş redaktoru, təəssübkeşliyi ilə kəlbəcərlilərinin sevimlisi olan və dərd ortağı kimi tanıdığımız publisist Əlövsət Ağalarovun xidmətləri, maddi və mənəvi dəstəkləri də xüsusi qeyd edilməyə dəyər. Əli həkim bu incə məqama qədər həssaslıq göstərib.
Şairin Moskvada xəstəxanada yanına gedib, onu sonuncu dəfə ziyarət edən Əlövsət Ağalarovun da bu məqamı kədər hissilə öz yazılarında qeyd etməsi təsadüfi deyildi. Şair Bakıda o zamanlar yaşayan cəmi 5-6 kəlbəcərli ziyalının sevimlisinə çevrilmişdi. Onların arasından Əlövsət Ağalarovun seçilməsi isə təsadüfi deyildi.
"Dünya, səni ta almıram vecimə..."
Şairin həm də alim kimi Azərbaycan ədəbiyyatdındakı xidmətlərini xatirələrində qələmə alan müəllif burada ən lazımlı, ümummilli fikirləri önə çəkməklə, sanki özünün də elm və ədəbi tənqiddən xəbərdar, ədəbiyyatşünas kimi hiss etdirir. “Dünya, səni ta almıram vecimə” sərlövhəli xatirəsində Əli həkim yazır: “...Ənvər Rza Vətənini, millətini ürəkdən sevən insan idi. Azərbaycanın ikiyə bölünməsini, işğal altında olmasını çox ağrılı qəbul edirdi. Ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi. Əfsuslar olsun ki, ömrünün 48-ci baharında onu sevənlərdən gedən, əbədi yaddaşlara hopan şair bu günləri –Azərbaycanın müstəqilliyə qovuşduğunu görmədi.
Ə.Rza şeirlərində yaşadığı dövrə, ictimai quruluşa etiraz notları çoxdur. Sovet quruluşunun ədəbiyyata, şeirə tələbi belə idi: “yazılan hər bir əsər partiyalı olmalıdır”. Hətta, aşıqlar da o vaxtlar yüksək tribunalardan oxuyardılar: ”Qəminizmə (kommunizmə) gedirik biz!
Lakin o zamanlar xalq arasında geniş yayılmış belə bir bir şeir də vardı:
Başımızda motal papaq,
Əlimizdə zoğal çomaq,
Ağ şalvarda qara yamaq
Kommunizmə gedirik biz”!
“Dünya, səni ta almıram vecimə” şeirinin sonuncu bəndini oxuyuram. Şair görün necə “tərənnüm” edir o dövrü və bu gün üçün necə də səslənir. Şeiriyyətin də sevilməyi məhz bundadır ki, bütün dövrlərdə öz aktuallığını təsdiqləmiş olsun:
Şah Xətaim namus, qeyrət səhifəm,
Dilimizə heykəl qoyduq “Qorqud”u.
Kim deyir ki, mən acizəm, zəifəm?!
Köləliyin bir adı da qorxudu.
Qorxunun da gücü çatmaz gücümə,
Dünya, səni ta almıram vecimə.
Sazın sinəsinə yazılan şeirlərin müəllifi əsl xalq şairləridir
Kitabın dəyərini, maralılığını artıran səbəblər az deyil. Onlardan biri də Əli İsmayılovun (bu xatirələr müəllifinin) haqqında ayrı-ayrı nəşrlərdə müxtəlif imza sahiblərinin dəyərli fikirlərinin yer almasıdır. Burada kimlərin adı yoxdur ki... Abdulla Qurbaninin, “Murovun qəm karvanı”, Aslan Meyramlının, “Biz gedərik, xeyirxahlar qalandı”, Şamil Dəlidağın ”Kəlbəcərin qəm dastanı, viran olan gülüstanı”, Zimistan Həsənovla Məhəmməd Nərimanoğlunun qələmə aldıqları “KƏLBƏCƏR-Azərbaycanın qala qapısı”, Əli Uluxanlının, “Qartallı dağlar”, Ələsgər Ağdabanlının, “İbrət” kitablarında Əli həkimin Kəlbəcərin o ağır, mühasirə illərində göstərdiyi təmənnasız xidmətlərdən ürəklə söz açılır.
...Hə, gecə keçir... Mən isə “Ənvər Rzanı xatırlayrkən” kitabı ilə üz-üzəyəm. Əslində, mən kitabın müəllifi ilə həmsöhbət olmaq, ona bu misilsiz xəzinəni bir araya gətirdiyi üçün minnətdarlıq etmək istəyirdim. Buna macal vardımı? Telefonun “Vatsapp” xidməti ilə müəllif məni kitabın təqdimatına dəvət etdiyini yazdı. Məmnum oldum.
Bütün bu təmənnasız xidmətlərinizə görə Sizə, sadəcə, təşəkkür eləmək azdır, həkim, çünki şəfalı əllərinizlə belə bir müqəddəs işi də gördünüz. Bunun əvəzini heç kim, heç bir mükafat ödəyə bilməz. Sizin qızıl kimi əliniz olduğunu bilirdik, qəlbinizin də elə bu cür olduğunu öyrəndik. Buna görə var olun!
...Bu da son. Yox, hələ heç nəyin sonu olmayıb. Ənvər Rza xalqın sevimli şairidir, rəsmi ad ona qıyılmasa da... Mərhum şairimiz Bəhmən Vətənoğlunun 70 illik yubileyində Bakıda, indiki Heydər Əliyev Sarayında (o zamanlar “Respublika” adlanırdı) Xalq şairi, kəlbəcərlilərin də sevimlisi Zəlimxan Yaqub bir tutarlı və yaddaşlara yazılan fikir işlədərək dedi ki, “....Bəhmən, qəm eləmə ki, səni təqdim edəndə “Xalq şairi” fəxri adı deyilmir. Amma, sən bu ada xalq tərəfindən çoxdan layiq görülmüsən! Xalq şairləri tanıyıram ki, cild-cild əsərlərini kitabxanalarda toz basıb, amma, sənin şeirlərin toylarda, el şənliklərində aşıq və müğənnilərin dilinin əzbəridir. Çünki sən sazın sinəsinə yazırsan şeirlərini. Ona görə də sazın sinəsinə yazılan şeirlərin müəllifi xalqın əsl şairləridir. Bu sırada, Ənvər Rza, Dədə Şəmşir, Məmməd Aslan... kimi söz azmanları da var...”
Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-03-2021 20:24
Baxış sayı: 3758
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02