Yaralı sazın solan sahibi - Aşıq İmran

29-01-2021 21:41
Böyük bir mahalın sevimlisi olmaq şərəfi 
…Dəlidağın ətətində yerləşən Başlıbel kəndində dünyaya göz açmışdı. Uşaq vaxtlarından Tutquçayın zümzüməsini, Qara Şırnoyun şaqqıltısını elə bil ki, Tanrı onun səsinə, nəfəsinə hopdurmuşdu. Güclü, zil səsi eşidənləri heyran edirdi. Elə bil bu səsdə bir ilahi qüvvə var idi. Eşidənləri özünə cəlb edirdi. "Bu səsi bir də eşidim",-deyib saatlarla ona qulaq asanlar olurdu. İlk vaxtlar çöldə-bayırda, yal-yamacda, qoyun-quzu otaranda, ot biçəndə, meşəyə gedəndə oxuyan gənc oğlan elə bil dağların bülbülü idi, quşlarla, bülbüllərlə yarışa girmişdi. Sən demə, vaxt gələcək, bu gənc böyük bir mahalın sevimli aşığına çevriləcəkdi. Aşıq İmran Mehdiyev 1938-ci il yanvarın 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində Aşıq Heydərin ailəsində anadan olmuşdu. O, dünyaya göz açandan qulağı saz-söz səsi eşitmişdi. Atası Aşıq Heydər dövrünün ən savadlı aşıqlarından idi. O, onlarla dastan bilir, toylarda, el məclislərində dalbadal 3-4 gecə dastanlar söyləyirdi. Aşıq İmran da uşaq yaşlarından atası Aşıq Heydərdən eşitdiyi dastanları, ustadnamələri, təcnisləri, müxəmməsləri, qoşma və gəraylıları sinəsinə köçürmüş və gənc ikən aşıqlıq sənətinin sirlərini öyrənməyə başlamışdı.

USTAD OĞLU-USTAD OLAR, yaxud, AŞIQ İMRANIN ATASI AŞIQ HEYDƏR... 

Aşır Heydər tez-tez Kəlbəcərdə keçirilən toylarda Göyçə mahalından olan dostu Aşlq Məhərrəm Məmmədovla birlikdə  iştirak edərdi. Bu toylar qurtarana qədər Aşıq Məhərrəm Başlıbeldə Aşıq Heydərin evində qalardı. Aşıq Məhərrəm dostu Aşıq Heydərin oğlu İmranın gözəl səsi və aşıqlığa olan həvəsini görüb,  onu şəyirdliyə götürür. Dostu Aşlq Heydərə deyir: “Sən bu uşaqla yaxşı məşğul ola bilmirsən, uşağın başı təsərrüfat işlərinə çox qarışır. Odur ki, mən İmranı bir illiyə  Göyçəyə aparacaq və özümlə məclislərə aparıb ona aşıqlığın sirlərini öyrədəcəyəm”. Aşıq Heydər dostunun sözünü yerə salmır. Oğlunu ona şəyirdliyə verir. Aşıq İmran bir il Aşıq Məhərrəmin şəyirdi olduqdan sonra bir müddət də Aşıq Allahverdi Qəmkeşin yanında sənətin incəlilkərinə bələd olur. Nəhayət, o, Kəlbəcər toylarında tanınmış aşıqlarla birlikdə dəfələrlə el məclislərində, konsertlərdə iştirak edir. Onun zil, şaqraq səsi, zənguləsi eşidənləri valeh edirdi. Duzlu-məzəli zarafatları, qaravəllilər, klassik aşıq ədəbiyyatından oxuduğu şeirlər, söylədiyi dastanlar Aşıq İmranı tez bir zamanda məşhurlaşdırdı. Artıq o, nəinki Kəlbəcərdə, eləcə də qonşu rayonlarda olan toylara, məclislərə dəvət alırdı. Aşıq İmranın səsi Göyçədən, Laçından,Tərtərdən gələrdi.  Dəfələrlə Kəlbəcər aşıqlarının Bakı şəhərində keçirilən mədəni-kütləvi tədbirlərində verdiyi konsertlərdə iştirak etmiş, özünün çıxışları ilə tamaşaçıların alqışlarını qazanmışdı. Filarmoniyanı silkələyən səsin sahibi Aşıq İmranın əmisi oğlu Yusif Salahov gənclik illərində Bakıda tələbə olarkən Kəlbəcər aşıqlarının Azərbaycan Dövlət Filarmoniyasında verdiyi konsertləri belə xatırlayır: -1972-1976-cı illərdə mən tələbə olanda hər il iki dəfə Azərbaycan Dövlət Filarmoniyasında Kəlbəcər aşıqlarının konserti olardı. Konsertin afişası on gün qabaq  şəhərin elan lövhələrinə vurulardı. Bizim oxuduğumuz  o zamankı  Xalq Təsərrüfatı İnstitutu (indiki İqtisad Universiteti ) Filarmoniyaya yaxın olduğundan, tələbə yoldaşlarımla xeyli müddət bu afişaların qarşısında dayanar, oradakı adları yazılmış aşıqlar barədə  ayrı-ayrılıqda məlumat verərdim. Aşıq İmranın adına çatanda xüsusi şövqlə geniş məlumat verər və fəxrlə bildirərdim ki, əmim oğludur. Mənim izahatlarım tələbə yoldaşlarımı həvəsləndirər, onlar da mənimlə birlikdə iştirak etmək üçün bilet və gül dəstələri alar, konsertin gedişində aşıqlarımıza verərdik. Əslən Gürcüstandan olan tələbə yoldaşlarım daha çox Aşıq İmranın zil səsini bəyənər, onu alqışlar və gül dəstələrini məhz ona verərdilər. Biz o zaman əsl azarkeşlər idik. Konsertə gələn aşıqlar həmişə Göygöl mehmanxanasında qalardılar. Mən konsertdən əvvəlki axşam tələbə yoldaşlarımla mehmanxanaya gedər, Dədə Şəmşirin, Aşıq İmranın, Allahverdi Qəmkeşin, Aşıq Əlişin, Xalıqverdi Həmidoğlunun, oğlu Haqverdinin, Aşıq Həbibin (Aşıq Həbib "Gilənar" mahnısını çox oxuduğuna görə, el arasında "Aşıq Gilənar" adı ilə tanınırdı ) və başqa kəlbəcərli aşıqların qonağı olardıq. Onlar bizim üçün  çalıb-oxuyar, həm də sabahkı konsert üçün məşq edərdilər. Mehmanxananın foyesində adam əlindən tərpənmək olmazdı, hamı yığışar, aşıqları alqışlayar, sifarişlər verər, "əhsən!" səsi bütün mehmanxananı bürüyərdi.
"YARALI SAZ" ,yaxud, ƏSİRLİKDƏ QALAN SƏS...    
1993-cü ildə Kəlbəcər ermənilər tərəfindən işğal olunanda Aşıq İmran doğulduğu Başlıbel kəndində idi. İşğal xəbərini eşidən aşıq da bütün başlıbellilər kimi, çaşbaş qalmışdı. Gələn xəbərlər ürəkaçan deyildi. Başlıbeli rayon mərkəzi ilə birləşdirən yeganə avtomobil yolu Tunel ərazisindən keçirdi. Ermənilər isə Tuneli tutmuşdular. Bu xəbəri eşidən bütün həmkəndliləri kimi, Aşıq İmran da ümidini keçilməz dağlara bağlayaraq  ailə üzvləri və həmkəndliləri  ilə birlikdə qarlı dağlardan piyada aşaraq  əvvəlcə Başlıbeldən 30 kilometr məsafədə yerləşən Kəlbəcərin Nadirxanlı kəndinə, oradan da Murovdağ aşırımını keçərək 80 kilometrlikdəki Göygölun Toğana kəndinə gələ bildilər. Bu ağır məşəqqətli, üzücü səfərdə kiçikyaşlı qızı Rəsmiyyəni itirsə də, sönradan möcüzə nəticəsində onu sağ-salamat tapdı. Amma Aşıq İmranın qara sazı  Başlıbeldə əsir qalmışdı... Başlıbeldə əsir qalan  təkcə Aşıq İmranın qara sazı deyildi. Yerli camatdan 62 nəfər - qoca, cavan, qadın, uşaq, xəstə  də qalmışdı. Aşıq İmranın dayısı oğlu İsmət və Elşad Əzizovlar da burada qalan adamların içərisində idilər. Onlar kənd camaatı ilə birlikdə kənddən yuxarıdakı "Şırlan kahası" deyilən yerə köçmüş, ermənilərdən burada gizlənməyi qərara almışdılar. Kahada gizlənənlər ermənilərin aprelin 4-də Başlıbelə gəlib, orada bir neçə evi yandırdıqlarını, kənddə qalan Qənaət müəllimi güllələdiklərini görmüşdülər. Ərzaq dalınca gecələr kəndə gedən İsmət və Elşad Aşıq İmranın evində sazı divardakı xalçanın üzərində asılmış görüb onu özləri ilə kahaya gətirdi.  

"DƏRD ƏLİNDƏN, QƏM ƏLİNDƏN,  
 BİR SİNƏSİ DAĞLI GETDİ..."

(Şair Kamil Təbib Kəlbəcərli) 

...Məcburi köçkünlük həyatı Aşıq İmran Mehdiyevin yaradıcılığına öz amansız təsirini etmişdir. Döğma yurdumuz Kəlbəcərin, boya-başa çatdığı Başlıbelin xiffətini çəkir, əsirlikdə qalan sazını bir dəqiqə də olsun yaddan çıxara bilmirdi.1993-cü ilin iyulunda 113  günlük ağır məşəqqətli mühasirədə qalan 62 nəfər həmyerlimizin sağ qalan 29 nəfəri mühasirəni yarıb,  Murovdağ aşırımından aşaraq Daşkəsənə, oradan isə Gəncəyə gəldilər. Aprelin 18-də ermənilər kənddə qalan dəstənin yerini müəyyənləşdirmiş və kahaya hücum etmiş, nəticədə18 nəfər həlak olmuş,14 nəfər girov düşmüş, 30 nəfər isə qaçıb canını qurtara bilmişdi. Qaçıb canını qurtaranlardan bir neçəsi ağır yaralansa  da, xoşbəxtlikdən dəstədə qalan baytar həkimi Hümmət Əhmədov sonradan onları ölümdən xilas eləmişdi. İyul ayında  mühasirədən çıxıb sağ-salamat gələn başlıbelli gənclərdən İsmət və Elşad Əzizovlar Aşıq İmranın əsir sazını özləri ilə gətirmiş və aşığa hədiyyə etmişdilər. Saz aprelin 18-də baş vermiş  gülləbaran nəticəsində ciddi zədə almışdı. Lakin Aşıq İmrana bu sazı çalmaq və məclislərdə cövlan etmək bir daha  qismət olmadı. Qardaşı Allahverdinin gənc yaşlarında faciəli vəfatı aşığın ruh düşkünlüyünü daha da çoxaltdı. Ömrünün qaçqınlıq illərini Goranboy rayonunda yaşayan Aşıq İmran bir daha məclislərə getmədi. Onun şaqraq səsi toy mağarlarında eşidilmədi. Aşıq İmran, demək olar ki, son illər heç bir yerə getmirdi. Onun pərəstişkarları, dostları, qohum-əqrabası onu heç vaxt unutmur, vaxtaşırı ona baş çəkirdilər. Hər bir sənətsevər onun söylədiyi dastanları, şaqraq səslə oxuduğu gözəl havaları yenə də almaq, dinləmək istəyirdilər. Axı, Aşıq İmrandan heç bir lent yazısı qalmamışdı ki, imransevərlər onun çıxışlarına qulaq asıb təskinlik tapsınlar. Aşıq İmranın dəfn mərasimində hamı təəssüflə, onun səsinin həsrəti ilə elə bil ki, Kamil Təbibin bu şeirini pıçıldayırdı:

Haray çəkin, əsir dağlar,
Elin aşıq oğlu getdi!
Dərd əlindən, qəm əlindən,
Bir sinəsi dağlı getdi!


Allah rəhmət eləsin! Qəbri nurla dolsun!  

(Məqalədə olan bəzi düzəlişlərə görə qələm dostum, ömrümüzün ən şirin xatirələrini eyni redaksiyada keçirdiyimiz Məhəmməd Nərimanoğluna dərin təşəkkürümü bildirirəm)


















Oqtay SALAHLI
Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 29-01-2021 21:41
Baxış sayı: 31 296
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını