Skarpionkanın gözləri - Şəfa Vəli

23-01-2021 15:28
                                          
"...bilirəm ki, sən arzuların sərkərdəsisən və onları imkanla müharibədən həmişə qalib çıxarmağı bacarırsan"

Dalidag.az istedadlı yazar Şəfa Vəlinin bir hekayəsini təqdim edir:
                                                         Skarpionkanın gözləri
                                                                    (hekayə)
Hirslənmişdi. Kimsə onun kompyuterdə yaratdığı qovluğu açmışdı. “Skarpionka” adlı bütün fayllar  “Təgin” olaraq  yaddaşa verilmişdi. Axı, bu nə qədər davam edəcəkdi? Üç aydan artıqdır ki, kursa gəlirdi və həftədə üç gün də eyni hadisə ilə rastlaşırdı. Bunu edən hər kim idisə, sanki onu hirsləndirmək üçün sonuncu bacarığını da işə salırdı. 
Kompyuter kursuna bacısının təkidi ilə yazılmışdı:
-Yeni texnologiyadan anlayışın olar, bacı. Nə ziyanı var kompyuteri bilsən? Gələcəkdə mütləq radioda Dj olacaqsan. Bax, gör nə deyirəm. Kompyuterdə işləmək elə maraqlıdır ki... Özün görəcəksən. Gülanə müəllim səni çox istəyəcək. Elə yaxşı qızdı ki... Di yaxşı, tərslik eləmə, axşam kursuna yazdıracağam səni. Mənimlə birgə gələrsən evə.
Kursda ingilis dili müəllimi işləyən bacısı dil-boğaza qoymurdu. Nəhayət ki, o da razılaşdı. Amma, bilsəydi ki, onu bu qədər hirsləndirəcəklər, bircə gün də ayağını atmazdı bura. Ya da yox...  Axı, inadcıl idi. Bunu kimin elədiyini, nəhayət ki, bilməliydi. 
-Bəlkə mənə tapşırasan? Kimin elədiyini mən tapım?-Gülanə müəllim incə təbəssümlə ondan soruşdu. Ona elə gəldi ki, Gülanə müəllim həmin adamı tanıyır. Özü qəsdən belə deyir. Cavabını ləngitmədi:
-Özüm tapacam onu. Yaxasından tutub deyəcəm ki, ay adam, nə istəyirsən? Ayrı kompyuter yoxdu ki, oturasan? Ən axırıncı mən çıxıram burdan, bunu kim edə bilər ki? 
Gülanə müəllim bu dəfə bərkdən güldü. Onun saçlarını sığallayaraq dedi:
-Yaxşı, yaxşı... Onda sənə bir sirr açım. O adam səndən sonra gəlir bura. Bəlkə sən dərsdən çıxanda 50 dəfə qarşılaşırsan onunla pilləkənlərdə. İnan ki, təxmin belə etməyəcəksən. Sənə məktub da yazıb. 
-Nə məktub? 
-Burda tələbələrin şikayət və təkliflərini yazıb atması üçün kiçik “poçtumuz”  var. Bax, o qutuya atılan məktublardan biri sənə yazılıb. 
-Verin oxuyum, müəllim!
Hökmlə demişdi axırıncı sözləri. Hətta, ürəyində acıqlanmışdı ki, müəllim ona yazılan məktubu niyə açıb oxuyub. Həyəcanını gizlətməyi yaxşı bacarırdı. İndi də ürəyinin əsməsini gizlətdi. İnadla müəllimin üzünə dikdi gözlərini. Müəllim pəncərənin qabağındakı məktubların içindən ona yazılanı tapıb çıxardı. Yavaşca açdı.
-Özüm oxuyaram!
Hikkəylə qışqırsa da müəllim gülümsəməyinə davam etdi. Ürəklə, sakit-sakit oxumağa başladı:
-Skarpionka, bunu mən edirəm. Və edəcəyəm də. Çünki, sən bilmirsən Təgin nə deməkdir. İmza: Təgin. 
Gülanə müəllim gülürdü, gülürdü... O isə artıq bilmirdi gülsün, ya ağlasın. Başqasının yanında emosiyalarını büruzə vermək onluq deyildi. Təmkinini qoruyub otaqdan çıxdı. Bir daha da kompyuter kursuna ayaq basmadı. Artıq onu incidən özünü Təgin adlandıran kiminsə ondan sonra kompyuterdə oturub qovluqların və faylların adını dəyişməsi yox, bunu edəni müəllimin tanıması və ona deməməsiydi. Təgin sözünün mənasını çox axtarsa da tapa bilmirdi. Nəhayət, bir müddət sonra hər şeyi zamanın kölgəsində qoyub illərin arxasınca yüyürməyə başladı. 
Universiteti təzəcə bitirib ilk iş yerinə qədəm qoyduğu gün çox qəribə hadisə baş vermişdi. Balacaboy, qarabəniz bir qızı  televiziya şirkətində ona redaktor kimi təqdim etdilər. Hamı bu qıza şirin bir kökə kimi yanaşırdı. Sanki, onun xətrinə dəymək kimi çətin, könlünü almaq kimi də asan heç nə ola bilməzdi. Qəribə olan o idi ki, qız onu görən kimi gülümsəmiş, dodaqlarını büzərək soruşmuşdu:
-Əqrəb bürcündənsən, eləmi? 
-Hə. Hardan bilirsiniz?-təəccübünü gizlədə bilməmişdi. 
İkinci iş günündə redaktor ona müəyyən tapşırıqlar verməliydi. Bu tapşırıqlar sırasında Nihal Adsızın “Bozqurdlar” kitabını oxumaq da vardı. İnadcıl bir ədayla redaktorun üzünə baxmışdı:
-Bu kitabı hardan alım? 
Qız gülümsəmiş, əlini yelləyib getmişdi. İş gününün sonunda işçi cədvəlinə imza atarkən kitab qarşısına qoyulmuşdu. Redaktorun baxışlarından günün əvvəlindəkindən daha çox hiyləgərlik tökülürdü:
-Ən çoxu üç günə bitirməlisən. Yoxsa hər şeyin marağını öldürərsən.
Hirsindən sağollaşmadan qapını çırpıb çıxmışdı. Axı, bu, nə demək idi? Kitabı isə ikicə günə bitirib səhər tezdən redaktorun stoluna çırpmışdı:
-Başqa sualınız, tapşırığınız, xanım redaktor? 
Qız gözlərini bərəldib altdan yuxarı ona baxmış, qəribə bir zəfər tonuyla pıçıldamışdı:
-Dj Skarpionka, Təgin sözünün mənası nədir? 
Nahar zamanı hər iki qız üz-üzə oturub şirin-şirin, köhnə tanışlar kimi çay içirdilər. Onların xatırlayıb güləcəkləri və kövrələcəkləri çox ortaq xatirələri vardı. 
-Məni necə tanıdın?-Skarpionka maraqla soruşdu.
-Gözlərindən. Bilirsən, illər sonra hər şeyin mahiyyəti dəyişir. Həyat o qədər də hesablanmış ölçülər qoymur ki, biz onlardan nəyisə düzgün seçə bilək. Bu illərdə sən azca dolğunlaşmış, saçlarını uzatmısan. Üstəlik, qlamur bir xanım təsiri bağışlayırsan. Yalnız gözlərin illər əvvəlki inadcıl baxışlarına sadiq qalıb, onları mənə muştuluq kimi ərməğan elədi. Mən o kursun xadiməsiydim. Axşamlar, ən axırıncı kursun uşaqları çıxıb evlərinə gedəndə mən gəlirdim. Otaqları təmizləyəndən sonra Gülanə müəllim mənə hər gün on beş dəqiqə vaxt ayırıb kompyuteri öyrədirdi. Təsadüfə bax ki, hər dəfə səninlə pilləkənlərdə qarşılaşırdıq. Belə maraqlı gözləri olan adama salam vermək istəsəm də yanımdan çox etinasız keçib gedirdin. Mən də səndə özümə maraq oyatmaq istəyirdim. Sən mənim oxşamaq istədiyim özünəinamlı, gələcəyin gözəl olacağından əmin olan bir qız idin. Mənsə, möcüzə gözləyirdim. 
Kövrəlmişdilər. İkisi də nəmlənən gözlərini bir-birindən gizlətməyə ehtiyac duymurdu. 
-Təgin... İndi bilirəm ki, bu söz sərkərdə deməkdir. O vaxt bu sözün mənasını bilsəydim belə, mənasız olardı. Çünki, səni tanımırdım. Amma, indi bilirəm ki, sən arzuların sərkərdəsisən və onları imkanla müharibədən həmişə qalib çıxarmağı bacarırsan. 
-Bəlkə, yenə çay süzüm? –Redaktor nahar vaxtının bitməsini bildirən zəngi eşitməzdən gələrək çaydanı əlinə aldı. 

Şəfa VƏLİ

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-01-2021 15:28
Baxış sayı: 3482
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını