Sazın, sözün ustadı Qəmkeş - Məhəmməd Nərimanoğlu

22-01-2021 14:18
Zirvədə dayandı, oxudu Qəmkeş
İlahidən ofsunlanmış səsiylə

Elin çoxşaxəi söz dühası, obrazlı deyim tərzi, sənət gülşəni nələr göyərtməmiş?! Buradan qida alanlara, bar-bəhrə yığanlara - bəşər mədəniyyətinn incilərini yaradanlara nələr verməmişdir, ilahi?! Demək, elin yaddaşında yaşayan poeziya həm tarixcə qədim, həm də el sənətinə bağlılığına görə zəngin material verir. El yaddaşnı dindirməyi bacaran, ondan ustalıqla faydalana bilən söz sərraflarının yaradıcılığı xalqın özü qədər ömürlü, dili qədər şirin, məntiqi inandırıcı və kəsərlidir.
İlham çeşməsini təbiətin əsrarəngiz gözəlliklər diyarında axtaranlar səhv etməyiblər. Belə əlçatmaz ülvi məkanlardan biri olan Kəlbəcərdə də yazıb-yaradanlar az olmayıb. Tarixlərə soraq salmaq, Vətən təbiətinin füsunkarlığından doğan haqlı qürur, sinəsi səngərləşən sərt dağlarımız, sal qayalarımız, şır-şır bulaqlarımız, soykökümüz, dünənimiz–bu günümüz, barımız-bərəkətimiz xalq poeziyasından yazılı ədəbi nümunəyə ayaq açmışdır.
Qəlbi poetik duyğulu insanın qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, sevinc çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
Kəlbəcər kimi cənnət-məkan bir diyarda yaşayanların da təbii ki, haqqı yox idi ecazkar mənzərəli təbiətindən ilham almasın, şer yazmasın. Bu behişt yurdun təbiətinin özü də şair idi, sanki. Tərtər, Tutqu, Qamışlı və neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov çaylar həm də burada gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, çığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misralarıdır; şiş qayalar bu şerlərin «nida»sı, zirvələr «nöqtə»si, boynubükük bənövşə «sual işarəsi», nərgizin ləçəyi isə «vergülü»dür.
Belə bir ilhamverici diyarda böyüyüb başa çatan, pərvazlanıb uçan, zirvələrə qonmağa çalışan bir çox kəlbəcərli alimlər, şairlər, aşıqlar yazıb-yaratmış, çox şükürlər olsun ki, bu gün də öz peşələrini məharətlə, sənətkarlıqla davam etdirirlər.
Kəlbəcərin sərvətlərini saymaqla qurtarmaz. Təbii sərvətlər diyarı olması artıq bəşəriyyətə məlumdur. Mənfur ermənilər məhz onun təbii qala olması ilə yanaşı, həm də onun sərvət yatağı olduğuna görə ora göz dikmişdi.
Kəlbəcər rayonunda 1000 nəfərdən çox şer yazmağı bacaran kişi və qadın el şairləri vardır. Kəlbəcərin 1993-cü ildə erməni daşnaqları tərəfindən işğalı nəticəsində məcburi köçkün düşməsi bir çox kəlbəcərlini söz adamına çevirmişdir. Onların şerləri mənfur düşmənlərə qarşı sovlu xəncərdən kəsərli söz qılıncıdır.
Kəlbəcərin sazlı-söz diyar olması dəfələrlə təsdiqlənib. Ağdabanlı şair Qurbandan, oğlu Dədə Şəmşir zirvəsindən başlanan müuqəddəs yol, çox şükürlər olsun ki, bu gün də uğurla davam etdilir, yeni nəfəslərlə, müxtəlif formalı şer nümunəlri ilə. Kəlbəcərin şer yazan aşıqlarından Aşıq Hüseynin, Aşıq Avazın, Allahverdi Qəmkeşin, Aşıq Həmid və oğlu Xalıqverdi Həmidoğlunun, Aşıq Qardaşxanın, Aşıq Hidayətin, Aşıq İmranın, Aşıq Tofiqin, Aşıq Əhlimanın, Aşıq Əlişin, qamışlı Aşıq Gərayın, Aşıq Telmanın və başqalarının da adını çəkə bilərik. Aşıq Allahverdi Qəmkeş respublikanın "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülmüş və şerlər kitabı çap olunmuşdu.
Bir çox kəlbəcərli şairlərin adları Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi geniş yayılmışdır. Rusiya Yazıçılar Birliyinin üzvü Nəsib Nəbioğlunu, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, respublikanın "Əməkdar İncəsənət xadimi", "Şərəf nişanı" ordenli Məmməd Aslanı, bir çox kitablar müəllifi, filologiya elmləri namizədi, türkoloq-alim, publisist Adil Cəmili, Bayron kimi məşhur ingilis şairinin şerlərini dilimizə çevirən, filologiya elmləri namizədi, rəhmətlik Ənvər Rzanı, xalqımızın sevə-sevə oxuyduğu Bəhmən Vətənoğlunu, mərhum Sücaətimizi, gözəl istedad sahibi olan Mirsəyyaf Zamanlını, 23 yaşında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilən Ələmdar Cabbarlını misal göstərmək olar. Onu da qeyd edim ki, "Əməkdar İncəsənət Xadimi" anadan olmasının 100 və 110 illik yubiley tədbirləri dövlət başçısının sərəncamı ilə keçirilən Dədə Şəmşir də Yazıçılar Birliyinin üzvülüyünə qəbul edilmişdi.
Bütün bunları söyləməkdə bir məqsədim var: ulu söz diyarı olan Kəlbəcər təkcə maddi sərvətlər məkanı deyil, həm də sazın-sözün beşiyi, mənəvi sərvətimizin qaynar çeşməsidir.
Yuxarıda qeyd etdiyim kimi, Kəlbəcərdə klassik aşıq yaradıcılğına bələdçilik sanki qandan-ilikdən keçib. Kimi dindirirsən sənə qafiyə ilə cavab verir. Aşıq Şəmşirdən başlanan ozan-aşıq məktəbinin layiqli davamçılarından biri olmuş və hələ sağlığında özünə mənəvi abidə ucaltmış, canlı klassik aşıqlarımızdan biri də Aşıq Allahverdi Qəmkeş idi. Onun müasirləri bəxtəvər sayıla bilər ki, belə canlı klassiklərin zamanında məclislərində olmuş, dürlü-dürlü, hikmətli sözlərini öz dilindən dinləmişlər, onunla ülfət və ünsiyyət bağlamışlar. Bu sırada mən özümü də görürəm. Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evi Xalq Aşıqlar Ansamblının bədii rəhbəri olan Qəmkeş Allahverdi ilə dəfələrlə məclis və toy mərasimlərində, konsert salonlarında və festivallarda olmuşam. Tale elə gətirib ki, bu sətirlərin müəllifinin də toy şənliyini keçirmək Qəmkeş Allahverdiyə nəsib olub. İş yoldaşı olmaqla yanaşı, aramızda ustad-şəyird, eləcə də ata-bala məhəbbəti yaranmışdı. O zamanlar Kəlbəcərdə tək-tək toy məclisləri olardı ki, videokameria ilə çəkilsin. Bizim də toy şənliyimizin ancaq audiokasseti qalmışdı. Kəlbəcərin işğalı zamanı evdən çıxara bilmədiyimiz mal-mülk bir tərəfə, həmin kassetin orada qalması isə bir tərəfə oldu. Səsi-avazı bu gün də hissimə-duyğuma bir rahatlıq gətirən Qəmkeşi dinləməyin özü bir məktəb keçmək demək idi - ustad məktəbi.
2005-ci ildə çapdan buraxdığımız "Kəlbəcər dünyası: yüz şairin bir kitabı" antologiyasında onun da haqqında qısa məlumat və bir neçə şerini vermişik. Aşıq-şairin qısa tərcümeyihalından qısa sətirlər belədir: Al­lah­ver­di­yev Al­lah­ver­di Əli oğ­lu 1931-ci il­də Kəl­bə­cər ra­yo­nu­nun Şap­lar kən­din­də ka­mil ov­çu və söz sər­rafı kimi ta­nın­mış şair təbli Əli Allahverdi oğlunun ai­lə­sin­də dün­yaya göz aç­mış­dır.
Şuşa Pe­da­qoji Tex­ni­ku­munu bi­tir­sə də, müəl­lim­lik et­mə­miş, saz-sözə mey­li onu əlinə saz al­mağa məc­bur et­miş­dir. Mə­la­hət­li sə­si, xoş ava­zı, də­rin bi­liyi onu el-oba ara­sın­da çox er­kən məş­hur­laş­dır­mış və de­mək olar ki, qısa vaxt ər­zin­də us­tad sə­nət­kar­la­rın, xü­su­sən də Dədə Şəm­şi­rin ya­nın­da aşıq­lıq sə­nə­ti­nin in­cə­lik­lə­rinə bə­ləd ol­muş və son­ra­lar müs­tə­qil ola­raq el məc­lis­ləri apar­mış­dır. "A­zər­bay­ca­nın Əmək­dar Mə­də­niy­yət İş­çi­si" fəx­ri adına la­yiq gö­rül­müş­dür. Aşıq Şəm­şir adına Kəl­bə­cər ra­yon mə­də­niy­yət evi Xalq Aşıq­lar An­samb­lı­nın bədii rəh­bəri kimi ne­çə-neçə el sə­nət­karı on­dan us­tad dər­si al­mış­dır.
1997-ci il­də “Şair, as­ta ye­ri, in­san ya­tıb­dı” şer­lər ki­tabı işıq üzü gö­rüb.
Al­lah­ver­di Qəmkeş də kəl­bə­cər­siz­lik dər­dinə döz­mə­yə­rək, 2002-ci il­də və­fat et­miş­dir. Xan­lar qəb­ris­tan­lı­ğın­da - şair Sücaət, Bəh­mən Və­tə­noğ­lu ilə ey­ni mə­kan­da tor­pağa tap­şı­rılıb. Xoşğəxt o sənətkardır ki, sağlığında dillər əzbərinə çevrilir. Ustad aşığımızın da dilindən və poetik duyğularından qanadlanmış misraları divaniyə, təcnisə, qoşmaya, gəraylıya, müxəmməsə çevrilib yaddaşımıza yazılıb.
Qələmə aldığı hər şer sanki əsrlərin o başından süzülüb gəlir. Aşıqların dilinin əzbəri olan "Yatıbdı" rədifli qoşmasından bir bəndə diqqət yetirək:

Bu gün yolum düşdü qəbristanlığa,
Orda zaman qışdı, dövran yatıbdı.
Sanki pıçıldaşdı hər məzar daşı:
Şair, asta yeri, insan yatıbdı.

Ustadı Aşıq Şəmşirin ölümünə həsr etdiyi şer bir daha ustad-şəyird məhəbbətinin dəyərini göstərir:

Qəmkeş, kim oxuyar Şəmşir nəfəslə,
“Dəli Koroğlu”nun zənguləsiylə?!
İlahidən ofsunlanmış səsiylə
Zirvədə dayandı, oxudu, getdi.

Qəmkeş Allahverdi sazın ustadı olduğu kimi, sözün də ölçü-biçinini, duyğu tərəzisində çəkir və bundan məharətlə istifadə edərək zamanın gərdişini oxucusuna çatdırırdı:

Gəl eşit Qəmkeşi, olma ümidvar,
Qıfıl tərsə düşsə, açmaz bir açar.
Zabit ölər, vəzir çaşar, at qaçar,
Sıravi əsgər də şahı mat eylər.

Kəlbəcərsizlik ağrı-acısı aşıq-şairin istər ifasında, isətərsə də şerlərində çox ustalıqla seçilirdi. Dağların yağıya qalmasından sinəsi atəşə-alova qalanan Qəmkeş uşaqlıqdan qol-boyun olduğu yurdlarımızın könlünü necə almağın yollarını arayıb-axtarır və deyir:

Qəmkeş, ah-naləsinə çevriləm,
Qanım axa, laləsinə çevriləm,
Şəhid olam, balasına çevriləm,
Dəfn olunam qucağına dağların...

1985-ci ilin yayı idi. Azərbaycan Dövlət Filarmoniyasında Kəlbəcər aşıqlarının konserti keçirilirdi. Mən mədəniyyət və İncəsənt Universitetinin tələbəsi idim. Konsert Filarmoniyanın yay salonunda, açıq havada keçirilirdi. Bakı başdan-başa Kəlbəcər aşıqlarının cəh-cəhinə bələnmişdi. Konsert gecədən keçəndən sonra qurtardı. Hazırda respublikamızın Rumıniyadakı səfiri, sevimlimiz, fəxrimiz Eldar Həsənov o zaman Bakı şəhərində hüquq-mühafizə orqanlarında işləyirdi və cəmiyyət arasında tanınmış ziyalılardan biri idi. Konsertə özü ilə birlikdə qardaşları – Şahin, Ələkbər, Ərəstun, Sərdar, həm də yaxın-uzaq dostları gəlmişdi. Konsertdən sonra o, kollektivimizi şam şüfrəsinə dəvət etdi. Saz-söz məclisi səhərəyaxın qurtardı. Konsertin bədii rəhbəri yenə də təbii ki, ustadımız Qəmkeş Allahverdi idi. O gecə biz bir daha Qəmkeş Allahverdinin respublika səviyyəsində sevildiyinin şahidinə çevrildik. Heç kim onun səsindən-avazından doymurdu.
Şəhərdə qaldığımız "Cənub" mehmanxansının haqqını ödəmiş və xeyli miqdarda isə ustada pul verilmişdi. Yolboyu ustad dadlı-duzlu söhbətləri ilə başımızı yaxşıca qatmışdı. Ağsu dolamalarına qalxanda cibindəki pulu çıxarıb aşıqlardan birinə verib dedi:
-Qardaş payı kimi neçə nəfəriksə bölüşdür.
Başa düşmədik: axı, həmin pulu ustadın özünə vermişdilər. O, puldan imtina edərək 14 nəfərlik kollektivin arasında bərabər payda bölüşdürdü. Xatirimdədir, Aşıq Novruz puldan imtina etdi:
-Yox, ustad, o pul bizim deyil, sənin halalca qazancındır, -dedi.
Aşıq Əziz zarafatından qalmadı:
-Ustad, Novruz yəqin ki, çox istəyir ey, qoy ona bir pay da artıq verək?!
Hamı Əzizin zarafatını başa düşdü. Doğrudan da Novruz pulun bərabər bölünməsinə razı deyilmiş.
Qəmkeş ustad idi, o dəqiqə sözü göydə tutmuşdu:
-Novruz düz deyir, onun payı ikiqat olmalıdı, çünki, Əziz, səsi səninkindən zildi.
Axır ki, Novruz puldan imtina etdi (adambaşına 50 manat düşürdü). Aşıq Əziz də zarafatından qalmadı... Beləcə, yolboyu deyib-güldük, hətta, yolda Novruz bizimlə çörək də yemədi, ustadımız onu başa saldıqdan sonra hər şey öz axarına düşdü.
Oxumaq yolu tamamilə özgə cür idi: zilli-bəmli səsi həmişə onu vəziyyətdən çıxarırdı...
1900-cu ildə Kəl­bə­cə­rin Şap­lar kən­din­də ana­dan olub, 69 il­lik öm­rünü dağ­lar­da ke­çi­rən atası Əli Al­lah­ver­di oğ­luna el ara­sın­da Ov­çu Əli də de­yir­miş­lər. Yax­şı saz ça­lıb-o­xu­mağı da var imiş. 1969-cu il­də Kəl­bə­cər­də və­fat et­miş­dir. Onun Qa­mış­lı Rüs­təm və Mil­li Nə­bi ilə de­yiş­mə­ləri olub.
Öv­lad­ları və nə­və-nə­ti­cə­ləri də onun sə­nət yo­lunu da­vam et­dir­mişlər.
Qardaşı Hacı İd­ris Ver­di­yev Azər­bay­can Döv­lət Pe­da­qoji Uni­ver­si­te­ti­nin (keç­miş APİ) coğ­ra­fiya fa­kül­tə­sini fərq­lə­nmə dip­lomu ilə bi­tir­miş ali ka­te­qo­ri­yalı coğ­ra­fiya müəl­li­mi­dir. Uşaq­lıq və gənc­lik il­lə­rin­dən şe­rə, sa­za-sözə ma­raq onu şair edib. Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin üz­vü, beş ki­tab müəl­li­fi­dir.
“Kəl­bə­cər həs­rə­ti”, “Dağ ha­va­sı”, “Ta­xıl­ma­mış ma­yor pa­qo­nu”, “Kəl­bə­cə­rin alim zi­ya­lı­la­rı” və “Mə­şədi Cə­mil” ad­lı ki­tab­ları nəşr olun­muş­dur.
Mənim də orta məktəb müəllimim olan İdris Verdiyevin qəlbinin həzin nəğmələrinin o zamanlardan pərəstişkarı olmuşam. Kəlbəcərin vəsfi onun da yaradıcılığında qırmızı xətlə keçir. Şerlərinin birində deyir:

Ənvərin, Məmmədin sözləri dərman,
Bəhmən, Ayrım Əhməd, Qara, Mehdixan,
Şair Qəmkeş, Aşıq Şəmşir, Ağdaban,
Ağır el, gur oymaq Kəlbəcərdədi.

Qəmkeşsizlik İdris müəllimin yaradıcılığında da özünü göstərir, təkcə qardaş kimi yox, kamil bir sənətkarın itkisi təsir bağışlayır həmin şerlər:

Doğma yurddan uzaq, eldən aralı,
Qəfil susdu telli sazı Qəmkeşin.
Neçə toy evində yarımçıq qaldı
Dastanı, söhbəti, sözü Qəmkeşin.

Əsdi talehinə bir acı külək,
Söndü ürəyində min arzu, dilək.
Bürüdü qəbrini qərənfil, çiçək,
Qara gəldi bahar-yazı Qəmkeşin.

Qəbristanda kimlər “yatıbdı”-dedi,
Loğmanlar, təbiblər yatıbdı, -dedi.
Şair Nizamilər yatıbdı, -dedi,
İndi yatır burda özü Qəmkeşin.

Mən Qəmkeş dünyası üçün borcumu təbii ki, bir yazı ilə verə bilmərəm, yəqin ki, illər keçdikcə bu borc bizi bir az da çox incidəcək. Aşıq-şairimizin yaradıcılığı elmi tədqiqini gözləyir. Onun adının əbədiləşdirilməsi üçün də ciddi düşünülməli, ictimai təşkilatların xətti ilə hökumət qarşısında məsələ qaldırmalıyıq.
Ruhun şad olsun, ustad, misraların dilimizin əzbəridirsə, sözlərinlə sazın yaddaşına yazılanlar bu fani dünyadan cismən gedirlər. Siz isə ruhən, qəlbən aramızdasan, Kəlbəcəri qaytarana kimi sənətkar dünyanın qapısı açılmırsa. Bu da bizim günahımız deyil. İnşallah Kəlbəcərdə sənin xatirəni əbədiləşdirərik, onda ruhun şad olar, bizim isə gözlərimiz gülər.





















Məhəmməd Nərimanoğlu
Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-01-2021 14:18
Baxış sayı: 31 149
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını