Reklam
"TORPAQ"- Aygün Həsənoğludan təsirli hekayə
16-01-2021 12:42
"Torpaq... Bir azca torpaqqq!-deyə gəlin inildəyirdi. Gətirilən sarı, qara torpaqları dilinə vuran kimi tüpürür, “Bundan yox! Həyətimizdəki torpaqdan istəyirəm!” deyə qışqırırdı..."
Dalidag.az hazırda Türkiyədə yaşayıb-yaradan, fəaliyyət göstərən tanınmış yazıçı Aygün Həsənoğlunun 28 illik dərdimizi şəkilləndirdiyi hekayəsini təqdim edir:
TORPAQ
(hekayə)Gəlin şişirdi...
Şiş əvvəl döşündən başladı, sonra qoluna, bütün sinəsinə, sonra da bədəninə yayıldı. Hamının gözləri qarşısında saatbasaat, anbaan şişir, şişdikcə də dərisinə sığmır, bütün vücudu boyu dümdüz olurdu gəlin. Vücudunu yandıran ağrılardan, əzablardan yatağında qovrulan gənc qadın artıq dözə bilmir, fəryad qoparırdı. Doğuş vaxtı çoxdan ötmüşdü, artıq onuncu aya keçən gəlin doğa bilmirdi. Bütün tibbi müayinələr uşağın sağlam olduğunu göstərirdi. Həkimlər uşaqı qeyser əməliyyatı ilə götürməyi qərara almış, hətta əməliyyata hazırlıq da aparmışdılar ki, birdən-birə gəlin şişməyə, “Torpaq! Torpaq istəyirəm!”deyə zarımağa, sonra da qışqırmağa başladı. Yataqxananın divarlarından yüksələn, insanın qanını donduran bu səs hamını dəhşətə gətirirdi. 120 ilin dərdini görmüş qarı ümidləri kimi qırışmış əllərini göyə qaldırıb içini çəkə-çəkə dua etməyə başlayanda bütün yataqxana əhli susdu. Nə zamandı dua etmirdi bu qarı. Əslində dua etməyi hamı unutmuşdu, indi onların fikrində yalnız gündəlik çörək pulunu qazanmaq idi. 120 yaşlı qarının isə yurdundakı iki qatlı evindən bircə əynindəki paltarla çıxıb bu gecəqondulara bənzəyən, divarları kif iyi verən, uşaqların “yağ qutusu” adlandırdıqları darısqal otaqlara sığınandan bəri əlini bir-cə dəfə qaldırıb dua etdiyini, kiminləsə kəlmə kəsdiyini görən olmamışdı. İndi gəlin içəridə inildədikcə o da xırıldaya-xırıldaya, zarıyazarıya danışmağa başladı: “Allah, sən saxla! Bundan betərindən saxla, Allah!”
Bu yataqxanaya gələndən bəri heç kimin üzünə baxmayan, həmişə başıaşağı gəzən, elə yataqxanadaca qarıyan qızın içərisində göynəyən sözlər hönkürtü ilə çıxdı:-Bundan betəri də varmı?!
-Torpaq... Bir azca torpaqqq!-deyə gəlin inildəyirdi. Gətirilən sarı, qara torpaqları dilinə vuran kimi tüpürür, “Bundan yox! Həyətimizdəki torpaqdan istəyirəm!” deyə qışqırırdı.
-Zalımın qızı, istəyəndə bir əməlli-başlı şey istə də! Yoxsa, torpaq, özü də həyətimizdəki!-Atası söylənirdi. İnanılmaz bir şeydi, cavan gəlin gətirilən torpaqları dadından tanıyırdı. Gəlinin əri Həsrət çarəsiz, başını itirmiş halda vurnuxur, ümidləri kimi sökülüb-tökülən binanın darısqal dəhlizində var-gəl edir, pilləkənlərlə təkrar-təkrar düşüb çıxır, xəlvətə düşəndə əlini əlinə, dizinə çırpırdı. Bu rütubət iyi verən binanın rütubəti onlara doğma yerləri xatırladırdı. Gəlini də bu binaya gətirmişdi, amma otağa yox, zibil borusunun yanındakı iki metrdən də az olan boş yerin qarşısına pərdə çəkib orada yaşayırdılar. Havalar soyuyanda arıq burada yaşamaq mümkün olmadı. Sonra atası bir otaq tapdı. Hamısı ora toplaşdılar, iki qardaşı, anası, atası, bacısı və o. Həftədə bir dəfə hərə bəhanə ilə arada çıxır, biri dostunda, biri qohumlarında, atası da iş yerində gecələyirdi. Arvadı bundan çox sıxılır, utanırdı. Amma heç nə deyə bilmirdilər, üz aça bilmirdilər. Ellə gələn bəlaya nə deyəsən? Amma bu bəlanın da tükəndiyi olmurdu, gəldikcə gəlirdi. Atası heç dözə bilmirdi. Oturub-oturub birdən alovlanırdı, od püskürürdü: “Mən burada qala bilmirəm axı! Belə yerdə qalmaq olar? Mən burada necə yatım?!”. Atası elə od püskürə-püskürə əridi, əridikcə də hovu alındı, bir də gördülər yoxdur. Yuxudan duranda gördülər ki, kişi keçinib. Daha onlara unutmaq istədiklərini unutmağa qoymayan atası yox idi, heç vaxt da olmayacaqdı, “Mən burada necə yaşayım” deyə soruşan olmayacaqdı. Atasını basdırmaq zülm oldu, Bakıda qəbir üçün də pul istəyirlərmiş. Bəzi qurumlar işə qarışandan sonra qayanın köksünü yarıb atasını oraya tapşırdılar. Elə həmin gecə yuxusuna girdi. Gördü atası qayanın içində bağırır: “Ay oğul, mən burada necə yatım?” Bir neçə gün beləcə yuxusuna girdi atası. Əvvəl çox pis olurdu, sarsılırdı, xəlvətə çəkilib ağlayırdı. Sonra göz yaşı da qurudu, atası da daha yuxusuna gəlmədi. Yavaş-yavaş hər şeyə alışdılar- bu darısqal, heç bir şəraiti olmayan “yağ qutusu”nda yaşamağa da, vaxtlı-vaxtında gələn bir ədəd xarici toyuq, makaron, noxud, un, şəkər tozu olan, hərdən içinə bir neçə “Bakuş” atılan yardım bağlamalarına da, əvvəlcə onlara təhqir kimi gələn “qaçqın” sözünə də alışdılar. Bu yardımlara öyrəşəndən sonra ürəyi tamam soyudu. Makaronları, toyuqları yedikcə süstləşdilər, elə bil içərilərindəki alovu söndürdü bu yardım payları. Əvvəllər qoyub gəldikləri kənd, dağlar, sonra da atası girirdi yuxularına, sonra isə yuxusuna makaron evlər girməyə başladı.
...“Allah, sən dərdini əsirgə!” səslər ucalırdı, başqa söz deyən yox idi, deyilməli söz qalmamışdı daha. Gəlin torpaq istəyrdi. Bakının az qala hər tərəfindən torpaq gətirmşdilər ona, sarı, qara, qəhvəyi... dilinə vuran kimi, “Ondan deyil, o torpaqdan istəyirəm” deyə zarıyırdı gəlin. Zavallı qadının “Ay allah!” fəryadından tüklər biz-biz olur, adamları vahimə, xof basırdı. Bu nə dərd idi, nə bəla idi gəlmişdi, anlamırdılar.
-Bircə bu qalmışdı!-Qızın atasının səsi elə çıxdı ki, elə bil zarıyırdı. Birdən fərqinə vardılar ki, hamı zarıya-zarıya danışır. Artıq 20 il keçmişdi, doğma yurdlarını tərk edəndən. Onda bu gəlin də lap balaca qızcığaz idi, qucaqda gəzirdi. Haradan bilirdi ki, Laçındakı həyətlərinin torpağı hansı dad verir? Hamını bu sual düşündürürdü, gəlini aldada bilmirdilər. Nəhayət cavanlar yola çıxdılar, Qarabağın düşmən əlinə keçməyən, indi təmas xətti deyilən ərazisindən, Laçına yaxın mövqelərdən ovuc-ovuc, rəngbərəng torpaq gətirdilər. Olmadı ki, olmadı.
-Axı ora düşmən əlindədir! Axı ora Ermənistan yolunun düz üstündədir!-Ata zarıyırdı! Əlindən bir şey gəlməyən həkimləri qovmuşdu. Əslində nə baş verdiyini başa düşməyə başlamışdılar deyəsən: Uşaq doğulmaq istəmirdi!
Həsrət ayağa qalxdı, 120 yaşlı nənənin yanına getdi, qarşısında diz çöküb onun gözlərinə baxdı. Qarı taleyin özü kimi qırışmış üzünü qaldırdı, gözlərini ona dikdi. Həsrət bu yorğun baxışlardan hər şeyi anladı. Qarının əlini öpüb ayağa qalxdı, geyinməyə başladı. Araya çaşqınlıq düşdü:
-Ay oğul, haraya?
-Bunu kimsə eləmədi, ya yox?!-deyə anasına baxmadan soruşdu, əslində özündən soruşurdu. Anasının üzündən öpmək istədi, nədənsə öpmədi. Elə bil, onu tutub saxlayacağından qorxurdu. Lənətəgəlmiş qorxu! Bu hiss neçə illərdir içərisini gəmirirdi. Ondan xilas olmalıydı, bəlkə də yurdunu, əlindən alan, onları didərgin salan elə bu qorxu idi?!
Həsrət yola tək çıxdı. Arxasınca onu izləyən baxışları oxumaq belə istəmədi, üzünü Qarabağa (işğal altında olan torpaqların hamısını indi Qarabağ adlandırırlar) sarı tutdu. Əvvəlcə maşınla getdi. Təmas xəttindəki kəndə yaxınlaşanda ata minməli oldu. Dağlara qalxanda isə atı da buraxdı; at bu yolları keçə bilməzdi, həm də duyuq salardı.
İyirmi ildir ayrılmışdı bu dağlardan. İçərisində nələrsə qırılmışdı və elə qırılmışdı ki, heç bu tərəflərə gəlmək istəməmişdi də. O dəhşətləri bir də yaşamaqdan qorxurdu.
Dağın köksü ilə ağaclardan yapışa-yapışa qalxdıqca doğma havanı ciyərlərinə çəkirdi. Əlləri sıyrıldı, dizləri qanadı, pal-paltarı kol-kosa ilişib cırıldı, amma bütün günü dayanmadı. Gizlənə-gizlənə, kolların arxasına sinəsinə yuxarı qalxdı. Bilirdi ki, artıq ən təhlükəli yerdədir və hər dəqiqə ermənilərlə qar-şılaşa, təsadüfi bir güllənin qurbanı ola bilər. Amma dağın döşü ilə qalxdıqca anlayırdı ki, əslində çoxdan qurbanmış, o bir güllənin qorxusu içinə elə giribmiş ki, hətta bu tərtəmiz havanı belə udmağa mane olubmuş. “Səni lənətə gələsən!” deyə o gülləni söyürdü, içindəki qorxunu söyürdü.
Təbiətin təmizliyi birdən yox oldu. Arxa tərəfdən nifrət etdiyi dildə danışıqlar eşitdi, tez özünü böyrü üstə yıxılmış, yanmış ağacın qapqara boşluğuna verib ətrafa göz gəzdirdi. İki erməni əllərində avtomat danışa-danışa kəsib yerə yıxdıqları ağacı sürüyürdülər. Elə özlərindən razı, məmnun sifətləri vardı ki, Həsrəti qəzəb boğdu. Amma yeri deyildi, tək tapanca ilə heç nə edə bilməzdi. Onlar ötüb keçənə qədər gözlədi, sonra bir az diqqətlə göz gəzdirib istiqaməti müəyyənləşdirərkən gözü tanış bir simaya sataşdı. Bu, O... idi! Üzünə gülümsəyirdi. Ermənilər uzaqlaşmışdılar, hər halda artıq onu hiss edəcək məsafədə deyildilər. Lap balacalıqdan- 4-5 yaşlarından kəndin oğlanları ilə buralara gəzməyə gələrdilər. Balaca olduğu üçün qardaşı ona bu palıdın koğuşunda oturdar, buradan heç yana getməməyi tapşırıb özü yoldaşları ilə oynayar, sonra isə çır-çırpı toplayardı. İndi birdən-birə bu palıdın qoxusunu xatırladı, bütün bədəni gizildədi. Ona elə gəldi ki, ağacın yanıb qaralmış koğujuna baxsa, orada giz-lənib qalmış uşaqlığını görəcək. Amma palıd da o palıd deyildi, salamat budaqları kəsilmiş, koğuju qurumuşdu. Qol-qanadı qırılmış halda ona elə məhzun-məhzun baxırdı ki, Həsrətin ürəyi alışıb yandı. Ağacın gövdəsini sığalladı, tumarladı, sanki könlünü ovutmaq istədi. Barmaqlarını harasına toxundurdusa, ağacın gövdəsi ovulub əlinə gəldi, barmaqları qapqara qaralmışdı. Ağacı içindən yandırmışdılar!
Gecəni ağacın koğujunda keçirdi, səhərədək qəlbinin döyüntüsünü dinlədi. Qolu ağaca dirənmişdi, yorğunluqdan biləyi titrəyirdi, sanki ağacın nəbzi atırdı. Əslində çırpınan öz nəbzi idi; elə bil dərisini partladıb çıxmaq istəyirdi. Gecənin yarısı yola çıxdı. Başqa vaxt olsaydı, qaranlıqda hər səsdən, hənirtidən vahimələnərdi. Amma indi hərəkətdə idi, qorxmağa vaxtı yox idi. Hər şey birdən-birə gözləri qarşısında açıldı: İşğal olunmuş, dağıdılmış, talan edilmiş, atılmış Laçın! Tar-mar olmuş, sahibsiz evləri, kimsəsiz küçələri, yandırılmış ağacları ürəyini göynətdi. Evlərin damı, divarları sökülüb aparılmış, ağaclar dibindən kəsilmişdi, həyətlərdə adda-budda kölgələr görünürdü. Yaxınlaşdıqca bunların inək, malqara olduğunu bildi. Dağıdılmış, xarabazara dönmüş yurdlarında mal-qara saxlayırdılar. Hər qarışını yalın ayaqla dolaşdığı kəndin üzü qapqara qaralmışdı. Evləri, ağacları yandırmışdılar. Arzugilin həyətlərinə yaxınlaşdıqca evlərin boşalaraq yandırıldığını görürdü. Həyətə girəndə içərisindən “ah” qopdu, ayaqları sustaldı, yerə çökdü.
Bir zaman yurd olan evin yerində qapqara qaralmış daşlar qalmışdı... Gilas ağacını gözləri ilə axtardı, gözü qarala-qarala üzünə baxan kötüyə sataşdı. Daha dözə bilmədi, torpağa əyildi, ağacın dibindən torpağı dırnaqları ilə qazıyıb götürdü. Yer qazmağa heç çöp də qalmamışdı. Torpağı qazıdıqca dırnaqları sıyrılıb qanayır, qanı torpağa hopurdu. Torpağı ovuclayıb özü ilə götürdüyü kiçik xurcuna doldurdu, xurcunu uzun ipləri ilə bədəninə sarıdı ki, sürətli yerişinə mane olmasın.
Həyətdən çox çətinliklə çıxdı, hansı bir qüvvə isə onu məscidə tərəf döndərdi. Məscidin də təkcə divarları qalmışdı. Dua etmək istədi, amma nə əlləri qalxdı, nə dodaqları tərpəndi. Çoxdandır dua etmədiyindən nənəsinin öyrətdiyi dualar da yadından çıxmışdı. Qəfildən hənirti gəldi, nəzərləri ilə səsi axtardı. Gözləri dolduğundan ətrafı yaxşı seçə bilməsı də küçədəki qara saqqallı erməni gördü və hər şeyi unutdu. Dişlərini qıcayıb özünü küçəyə atdı, ermənini boğazlayıb yerə yıxdı. Heç nə düşünə bilmirdi, düşünmək də istəmirdi. Bütün bu dəhşətlərin, vəhşiliklərin baislərindən biri əlində idi, cəzası verilməliydi. Erməni özünü itirmişdi, qəfil hücum gözləmədiyindən müqavimət göstərə də bilmirdi, xırıldaya-xırıldaya çabalayırdı. Həsrət barmaqlarına güc verdi; o ermənini görmürdü, qaralmış ağacları, dağıdılmış evləri görürdü, ona görə də erməninin nə vaxt sustaldığından xəbəri də olmadı. Qəfil atəş səsindən ayıldı. Deyəsən onu görmüşdülər. Qalxdı, gücü gəldikcə qaçmağa başladı. Yanmış ağaclar, söndürülmüş ocaqlar, viran olmuş evlər arxada qalır, o, irəliyə qaçırdı. İrəlidə isə qaçqın düşərgəsi, qaçqın yataqxanaları vardı. Kürəyinə, sinəsi yanırdı, bütün vücudunu nə isə ağrıdırdı, odlaya-odlaya yandırırdı. Amma bunun da fərqində deyildi, bədəninə sarıdığı xurcunda torpaq vardı, o torpaq sahibinə çatmalıydı. Bircə şey fikirləşirdi: “Allahın verdiyini qoruya bilmədik! Qoruya bilmədik!”
Üz-gözü toz-torpağa bulaşmış, paltarı cırılmış, yorğunluqdan az qala yıxılacaqmış kimi ağır-ağır içəri girəndə hamı donub qaldı. Həsrət addım-addım yeridi, yeridikcə üst-başından torpaq tökülürdü, o torpağın ətri adamlara tanış gəlmişdi. Hamı birdən-birə o qoxunun həsrətini necə çəkdiyini, yalnız onlara aid olan o qoxusuz yaşaya bilmədiklərini başa düşmüşdü. Həsrətə toxunmaq, o torpağı öz əllərində hiss etmək istəyirdilər. Həsrətsə heç kimə baxmadan asta-asta addımlayırdı. Gəlinin yatağına yaxınlaşdı. Xurcunu çıxarmaq istəyəndə sarsıldı; xurcun deşilmiş, içindəki torpaq tökülmüşdü. Yorğunluqdan titrəyən barmaqları xurcunun içini gəzdi, barmaqları qan qoxusu verən torpağa toxunanda dərindən nəfəs aldı, bir ovuc torpağı çıxarıb Arzuya uzatdı. Gəlin başını zorla qaldırdı, Həsrətin barmaqları arasındakı torpağı yaladı, yaladı. Sonra birdən hönkürdü və hönkürtünün arxasınca da tükürpərdici bir qiyyə çəkdi. Mamaça onu itələyib çölə çıxardı, Həsrət divara söykənib gözlərini 120 yaşlı nənəsinə zillədi. Nənə onun üzünə yox, torpağa bulaşmış barmaqlarına baxdı. Həsrət əlini ona sarı uzatdı, nənə nəvəsinin əlindən öpdü, barmaqlarındakı qalmış azacıq torpağın qoxusunu həsrətlə içinə çəkdi, inildədi. İçəridən körpə çığırtısı eşidildi, hamı sevinclə qışqıraraq bir-birinə təbrik etməyə, gözaydınlığı verməyə başladı. Bu hay-küyün içində kimsə nənənin dodaqları bir qırıq torpaqda canını tapşırmasının, Həsrətin isə taqətsizlikdən diz üstə çöküb bayılmasının fərqinə varmadı. Uşaqlardan biri qışqırdı, yalnız onda hamının diqqəti onlara tərəf çevrildi. Döşəməyə buxarlana-buxarlana süzülən qan dairəsi get-gedə böyüyürdü. Gənclərdən biri əyilib Həsrətin pencəyini kənara çəkdi və hamı onun köksündəki güllə yarasından qan fışqırdığını gördü. Kimsə “Həkim çağırın” deyə qışqırdı, ancaq artıq gec idi. Həsrət artıq ölmüşdü.
Yan otaqda isə yeni doğulmuş körpə oğlan qığıldayıdı. Tibb bacısı onun düyünlənmiş yumruğunu açmağa çalışırdı, bacarmırdı. Körpənin dodaqlarında qan vardı, o qanlı dodaqlarını marçıldadaraq gülümsəyirdi.
Aygün HƏSƏNOĞLU
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 16-01-2021 12:42
Baxış sayı: 3820
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02