Reklam
"Bu yerlər mənə doğma Kəlbəcərimi xatırladır..."- Eldar Həsənovun gündəliyindən
04-01-2021 21:05
Hazırda həbsdə olan keçmiş səfir Eldar Həsənov mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzuları əhatə edən kitabların müəllifidir. Hüquq elmləri doktoru, professor E. Həsənovun kitabları Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunub. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olmuş alim həmçinin, dərslik və dərs vəsaitləri, elmi və publisistik əsərləri ilə də tanınır. Müəllifin Rumıniyaya həsr olunmuş “Slavyan dənizindəki latın adasında: ömrün 10 ili” kitabı 2010-cu ildə Bakıda çapdan çıxıb. Oxucuların maraq və diqqətini cəlb edən kitabda E.Həsənovun gündəlikdən qeydləri də yer alıb.
Dalidag.az həmin qeydlərin bir hissəsini oxuculara təqdim edir:
1 yanvar 2009-cu il
Bakıya zəng vurdum, atamla danışıb onu Yeni il münasibətilə təbrik etdim. Allaha min şükür, kişi özünü yaxşı hiss edir. Zarafat deyil, bu il 84 yaşı tamam olur (Eldar Həsənovun atası Hümbət Həsənov 2016-cı ildə vəfat edib – red.). Ailə üzvlərimiz arasında Qarabağı, doğma Kəlbəcəri ən sonuncu tərk edənlərdən olmuşdu.
Doğulduğum, boya-başa çatdığım o yerlər üçün yaman darıxıram. Ora elə-belə yer deyil, dünyanın ən nadir guşələrindən biridir. Oraları “Qafqazın İsveçrəsi” adlandırırlar. O dağlar, o bulaqlar, o şəlalələr sözlə təsvir ediləsi deyil… gör neçə vaxtdır həsrət qalmışıq, gedib görə bilmirik. Amma bu müvəqqətidir…
Atamla söhbətimizin təəssüratları altında orada keçirdiyim həyatımı xatırladım. Atam müəllim idi, ilk dərsimi də elə ondan almışam – düz dörd il.
Valideynlərimə minnətdar olmaya bilmərəm – yaxşı təhsil almağımda da, ailə həyatı qurmağımda da onların böyük rolu olub. Bu gün yaşadığım həyatda nə uğurum varsa, bunda valideynlərimin – atamın və indi həyatda olmayan anamın (2002-ci ildə vəfat edib – red.) böyük payları var…
Anam öz övladlarına çox şey verib. Bizə xeyirxahlıq hissini, həssaslığı o aşılayıb, çalışıb ki, kin-küdurətdən, xəbislikdən uzaq duraq, insanlara qarşı rəhmdil, mehriban, səmimi olaq. Bir parça çörəyi qonşu ilə bölmək kimi insani davranışı da o öyrədib bizə. Yadımdadır ki, həyətdə kabab bişirəndə kömürün tüstüsü hasarı aşmamış anam artıq qonşunun payını ayırmış olardı. İmkan verməzdi ki, kimsə özünü xəcalətli saysın, qonşu fikirləşməsin ki, bəs filan şey onlarda var, bizdə yox…
Başqa bir məqam. Anam zəngin bir ailənin qızı idi, varlı əcdadlarından onun payına xeyli sərvət, çoxlu qızıl, zinət əşyaları düşmüşdü, amma bir dəfə də görmədik ki, onları geyinib bəzənsin. Biz uşaqlar onu nə qədər dilə tutsaq da, bu bahalı bəzək əşyalarından heç toyda-bayramda da istifadə etməzdi. Yek kəlmə: “Yox! – deyərdi – Axı hamının belə şeyi yoxdur, əgər mən bahalı geyinsəm, birdən kiminsə ürəyini qırmış olaram”. Anam hər şeyi bu cür dərindən düşünən həssas bir qadın idi. Camaat arasında həmişə sadə görünməyə çalışardı və bizdən – böyüdüb boya-başa çatdırdığı övladlarından da sadə olmağı tələb edərdi. Bu cəhətinə görə mən ona çox minnətdaram.
Dözümlü olmağı isə atamdan öyrənmişəm. Bəzən həddini aşan, necə deyərlər, normasını keçən səbrimə özüm də məəttəl qalıram. Amma onu da deyim ki, bu, həyatda mənim çox karıma gəlir.
Valideynlərimiz bizi zəhmətə qatlaşmağa öyrədiblər. Bu cür tərbiyənin nəticəsi bəzən gözlənilməz də olurdu. Xanımımla nişanlananda mənim 19 yaşım vardı, bir ildən sonra evləndik. Onda mən hələ tələbə idim, Politexnik İnstitutunda oxuyurdum. Ailəm imkanlı olsa da, nişanlanan kimi mənə göndərdikləri aylıq maddi köməkdən könüllü imtina etdim və işə düzəldim. Gündüzlər oxuyurdum, dərsdən sonra isə düz üç yerdə işləyirdim. Səbəbi sadə idi: bir halda ki, evlənməyə qərar vermişəm, özüm öz ailəmi təmin etməyi bacarmalıyam. Mənim işləməyimdən valideynlərim il yarımdan sonra xəbər tutdular. Əvvəl razılıq vermirdilər, amma gətirdiyim əsaslı səbəbləri dinləyəndən sonra məni başa düşdülər və razılaşmaqdan başqa əlacları qalmadı…
Mən özümə sübut etməyə çalışırdım ki, özümü, ailəmi dolandırmağa gücüm çatar, bunu bacararam və bacarmalıyam. Əsas odur ki, özünə inamın olsun. Öz övladlarıma da bunu aşılayıram. Mən qazancımı hesablayırdım və ona uyğun yaşayırdım, necə deyərlər, ayağımı yorğanıma görə uzadırdım. Və xanımım da məni anlayırdı, mənimlə razılaşırdı və o da işləyirdi. Və biz bu cür müstəqil həyat yoluna çıxdıq, öz həyatımızı qurduq.
Mən təbiətim etibarilə, deyəsən, bir az “qəribə” adamam. Həyatımda qeyri-adi situasiyalar çox olub. Xəbislərin, paxılların hədəfinə çox tuş gəlmişəm. Həyatda mənə qarşı edilən haqsızlıqlarla çox üzləşmişəm. Dostlarım da, yaxınlarım da məni sadəlövhlükdə, hamıya ürək qızdırmaqda qınayırlar. Məndən soruşsalar ki, əgər bir də yaşasaydım, hansı səhvimi təkrarlamaq istəməzdim, belə cavab verərdim ki, inanmağa tələsməzdim. Bəzən olur ki, sənin təmiz niyyətini, səmimi münasibətini başqa yerə yozurlar və bu, adama toxunur.
Çox vaxt dostlarımı özüm seçmişəm və belədə səhvim az olub. Ancaq həyatımda elə məqamlar olub ki, kimlərsə məni özlərinə dost seçiblər, yaxud uzaqdan-yaxından özlərinə qohum eləyiblər. Bir müddətdən sonra isə məlum olub ki, heç demə, buna “səbəb” mənim müəyyən vəzifə tutmağım, maddi imkan, yaxud digər bu kimi göstəricilər imiş. Bu da mənə toxunan, ancaq soyuqqanlı yanaşdığım bir işdir… Çünki dostluq həddinə çatan insani münasibətlər hansısa keçici vəziyyətdən – tutaq ki, vəzifədən, səlahiyyətdən, hər hansı maddi şəraitdən asılı olmamalıdır. Əksinə, bu münasibətlər düzgün, səmimi və şəffaf olsun gərək. Mənim əqidəm belədir, belə olub, belə də qalacaq.
Mən daxili işlər nazirinin birinci müavini vəzifəsində işləyəndə uşaqlıq dostlarımdan biri həbs edilmişdi. Həyatda hər şey mümkündür, necə deyərlər, heç kim səhvlərdən sığortalanmayıb; kimi nə vaxt nə gözləyir, o da bilinmir. Həbsxanaya gedib ona baş çəkdim, yemək apardım. Burada vəzifə heç bir rol oynamır – ona baş çəkməyi, ailəsinin qayğısına qalmağı mən, sadəcə olaraq, özümə borc bilirdim.
Dostluğa aid öz həyatımdan bir misal da çəkim. Əlövsət Ağalarovla orta məktəbdə bir yerdə oxumuşuq. O məndən bir sinif yuxarıda oxuyurdu. 13-14 yaşa çatanda dostluğa başladıq, özü də biz bu estafeti əsl dostluq eləyən atalarımızdan qəbul etmişdik. Onların dostluğu rayonda hər kəsə bəlli idi, hamı onları nümunə göstərirdi. Elə mən də, hər zaman olduğu kimi, bu gün də Əlövsətlə dostluğumdan qürur duyuram. Sonra mən Bakıda, o isə Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa getdik. İndi o, “Azərnəşr”də baş redaktordur, dostluğumuz əvvəlki qaydada davam edir. Çünki Əlövsət sınaqdan çıxmış elə bir dostdur ki, adama heç vaxt arxa çevirməz, yarı yolda qoymaz, xüsusən də dar gündə…
Dostlarımdan biri həyatdan tez, vaxtsız köçüb. Və indiyəcən onun ailəsi mənim diqqət mərkəzimdədir; mən onların işləri, necə yaşamaları ilə maraqlanıram, imkan daxilində kömək göstərirəm. Ümumiyyətlə, hesab edirəm ki, dostluq münasibətləri təmənnasız və son nəfəsə qədər olmalıdır…
Görünür, insanlara yanaşma tərzimə görə mən başqa bir dövrün, başqa bir zamanın adamıyam. Buna görə də bəzən çətinliklər yaşayıram. Həyatda məni təəccübləndirmək elə də asan məsələ deyil. Amma heyrətləndirmək mümkündür: şəxsi ləyaqət nümunəsi ilə, qüruru ilə, düzgünlüklə, səmimiyyətlə… Bəli, məni bu keyfiyyətlərlə heyrətləndirmək mümkündür və mən bu cür ürəkdən heyrətlənməyə ehtiyac duyuram…
Mən hər zaman öyrənmək istəyirəm, oxumağa, mütaliə etməyə çalışıram, həmişə buna can atıram. İnsanlardan öyrənmək, kitablardan öyrənmək, mümkün qədər çox şey öyrənmək! Həyat bunu tələb edir.
Əgər kimsə hər şeyi bildiyini iddia edirsə, özünə də elə gəlirsə ki, hər şeyi bilir – çox böyük səhvi var. Elmdə də, həyatda da elə bir sahə yoxdur ki, insan arxayınlıqla durub deyə bilsin: mən bunun hamısını bilirəm. Bu, səhvdir. Diplomatiyada olduğu kimi: “heç vaxt” və “yox” sözlərini heç zaman işlətmə.
Müdrik yunan filosofu da yaxşı deyib: son sözünü söyləməyə tələsmə, son söz onsuz da sənindir…
10 dekabr 2009-cu il
Yeni il yaxınlaşır. Bəlkə bayramı övladlarımla birgə keçirmək bizə qismət oldu…
Onları daim düşünürəm, onlar üçün çox darıxıram… İndi hamısı məndən xeyli uzaqdadırlar – qızlarım Səbinə və Emiliya öz ailələri ilə birgə İstanbulda yaşayırlar, oğlum Anar isə İsveçrədədir, universitetdə təhsil alır.
Allaha çox şükür, övladlarımın tərbiyəsindən, davranışından, işə, təhsilə münasibətlərindən çox razıyam. Qızlarımın ikisi də universiteti uğurla bitiriblər, namizədlik dissertasiyası müdafiə ediblər, indi də doktorluq mövzusu üzərində çalışırlar. Böyük qızım Səbinə hüquqşünasdır, Emiliya isə tibb sahəsi üzrə mütəxəssisdir. Oğlum doqquz yaşından Avropadadır. İki il Londondakı Aiqlon kollecində təhsil alandan sonra İsveçrədə universitetə daxil oldu.
Anarı Avropaya göndərməyə ömür-gün yoldaşım Elmira ilə birgə qərar verdik. Onu göz yaşları içində yola salmışdıq, zarafat deyil, axı oğlumuz kiçik qızımızdan düz on bir il sonra doğulmuşdu… Təbii ki, Elmira da, mən də onu çox istəyirik. Bax, elə ona görə də, bizim üçün nə qədər çətin olsa da, belə bir qərara qol qoyduq.
Mən hüquq mühafizə orqanlarında işləyəndə ərköyün uşaqlara aid bir neçə cinayət işinin təhqiqatını aparmalı olmuşdum. Ehtiyat edirdim ki, birdən bizim övladlarımız da ərköyün böyüyər. Amma şükür ki, bizim ailədə belə bir problem yoxdur. Əlbəttə, onların tərbiyəsində başlıca rolu anaları oynayıb, mənim tələbkarlığım da, bəzən hətta sərt yanaşmam, şübhəsiz, öz təsirini göstərib. Oğlumun dünyaya gəlməsini isə çox arzulamışdım, lap çox… ancaq bəzi şəxslərin “ərköyün” övladlarının nə oyunlardan çıxdığını görəndə, valideynlərinə nə kimi problemlər yaşatdığını biləndə çox təlaş keçirirdim…
Tək oğul övladımız olan Anarın düzgün tərbiyəsi bizim üçün böyük əhəmiyyət daşıyırdı. Ona görə də, nə qədər çətin olsa da, ayrılığı göz altına alaraq, onun valideyn himayəsindən kənarda, ciddi nizam-intizama malik təhsil müəssisəsində müstəqil şəkildə oxumasına qərar verdik. Və bu gün görürəm ki, biz düz eləmişik, bizim qərarımız öz bəhrəsini verib.
Mən həmişə çalışmışam ki, övladlarım öz vətənlərini sevsinlər, adət-ənənələrimizə bağlı olsunlar. Və bir ata kimi, bu gün övladlarımdan razıyam: onların hər üçü – öz vətənlərinin layiqli vətəndaşlarıdır. Onlar tariximizi, ədəbiyyatımızı, musiqimizi sevirlər, mən onlarla Nizamidən, Füzulidən, Sabirdən, Mirzə Cəlildən, Üzeyir bəydən, Səməd Vurğundan, Rəsul Rzadan, Qara Qarayevdən, Səttar Bəhlulzadədən, Tahir Salahovdan, Məmməd Arazdan, Bəxtiyar Vahabzadədən, Anardan, Elçindən, Maqsud və Rüstəm İbrahimbəyovlardan, Natiq Rəsulzadədən, Çingiz Abdullayevdən, Ramiz Rövşəndən… danışa bilirəm, özü də saatlarla.
Anar universiteti bitirmək üzrədir, sonra orduda xidmət edəcək, Vətən qarşısında əsgəri borcunu yerinə yetirəcək. İxtisası beynəlxalq iqtisadiyyat olduğundan gələcəkdə öz sahəsində çalışmaq fikrindədir və bu məni çox sevindirir…
12 aprel 2009-cu il
Karpat dağlarını, xüsusən də Transilvaniya bölgəsində olmağı çox sevirəm. Bu yerlər mənə doğma Kəlbəcərimi xatırladır. Dağ çaylarının şaqraq səsi, şəlalələr və meşələr qəlbimə çox yaxındır. Otun ətrini xüsusilə sevirəm… Məni Rumıniyada bu qədər uzun müddət saxlayan əsas səbəblərdən biri də bəlkə elə bu yerlərin ruhuma doğmalığıdır…
Ümumiyyətlə, Azərbaycan kimi, Rumıniyanın da təbiət sarıdan bəxti gətirib. Məsələn, Dunayın deltası… orda mən tamamilə başqa zövq alıram, ələlxüsus da quşların səsindən. Orda ov etməyim də olub…
Ovu uşaqlıqdan xoşlayıram. Atam əsl ovçu idi, rayonumuzda ən mahir ovçulardan sayılırdı. Elə indi də ixtiyar yaşlarında olmasına baxmayaraq kifayət qədər yaxşı görünür.
Yadımdadır, uşaq vaxtlarımda o məni də həmişə özü ilə aparardı, amma düzünü deyim ki, mənə ovdan çox bu prosesin özü maraqlı idi. Atmağına, çox dəqiq atıram, amma ov vaxtı bir qədər yana atırdım. İndiyəcən bir quşu da, bir dovşanı da vurmamışam, çünki öldürməklə heç aram yoxdur, olmayıb da. Mən təbiətdən zövq alıram, onun quşunu, heyvanını seyr etməkdən məmnunluq duyuram. Mən ova baxıb onu nişan alıram, sonra da öz-özümə düşünürəm: bax, mən səni vura bilərəm, amma vurmayacam, çünki insana da, heyvana da ömrü, həyatı qismət eləyən Allahdır.
Elə zaman-zaman qarşıma çıxan xəbis və bədxah insanlara da münasibətim belə olub. Əlimdə kifayət qədər imkan olmasına baxmayaraq heç vaxt, atalar demiş, basdığımı kəsməmişəm. Bu cəhətdən, görünür, mən atamdan daha çox anama çəkmişəm. Çox həssasam. Atamdan isə mənə dözüm keçib: səbirli olmaq, axıracan dözməyi bacarmaq…
Rumıniyada mənim ən çox xoşuma gələn həm də Qara dənizdir. Ömrümün düz 30 ili Bakıda keçib və mən dənizə alışmışam. Amma əlbəttə, Qara dəniz Xəzər deyil, Xəzər təkcə öz ehtiyatları ilə yox, çox məziyyətləri ilə Qara dənizdən fərqlənir – öz səs-küyü ilə, spesifik qoxusu ilə, dalğalarının ritmi ilə… Buna baxmayaraq axşamlar ya tək, ya da dostlarla birgə, dənizin kənarında gəzişməyi, onun səsini dinləməyi xoşlayıram.
Dənizin səsi mənə sanki mənəvi güc verir, eynən sevdiyim və dilini yaxşı anladığım musiqi kimi…
11 fevral 2010-cu il
…Məndən tez-tez soruşurlar (ən çox da bioqrafiyama bələd olanlar): uzun müddət hüquq mühafizə orqanlarında məsul vəzifələrdə çalışmış, sonra da baş prokuror işləmiş bir şəxs, yəni mən, necə oldu ki, diplomatik işə keçdim? Belə bir keçid çətin olmadımı?
Etiraf edim ki, taleyimin belə bir dönümü barədə heç özüm də düşünməmişəm. Məhz dönümü barədə, daha bunun ayrı adı yoxdur…
Orta məktəb illərində mühəndis olmaq istəyirdim; buna görə Bakıdakı Politexnik İnstitutunu (hazırkı Texniki Universiteti) seçmişdim, amma institutu bitirəndən sonra təyinat bölgüsündə daxili işlər sisteminə düşdüm – onda indiki kimi deyildi, səndən soruşan yox idi ki, özün haranı istəyirsən; təyinatını hara veriblərsə, ora da getməliydin. Və mən də getdim… Sonra bir sıra vəzifələrdə işlədim, banditlərlə, narkoişbazlarla mübarizə apardım. Çox çətin vaxtlarımız olurdu, bəzən sutkalarla kabinetdən çıxmırdım. Ən çox da baş prokuror işləyəndə, necə deyərlər, başımı qaşımağa vaxtım olmurdu…
1995-ci ildə biz terrorizm və banditizm üzrə çox çətin bir işi başa çatdırdıq. Onda bərk yorulmuşdum və Heydər Əliyevə dedim: “Kaş adam hansısa ölkədə səfir işləyə – elə istəyirəm ki, sakit bir işdə çalışım…”
Heydər Əliyevin cavabı belə oldu: “Bunu yadından çıxart! Yorulmaq hələ tezdir, sən cavansan, gücün də yetər!”
Və 2001-ci ildə Heydər Əliyev səfirlərin təyinatı ilə əlaqədar məsələni müzakirə edərkən bizim o vaxtkı söhbətimizi xatırladı – onun yaddaşına söz ola bilməzdi! Və ulu öndər mənə seçim üçün beş ölkə təklif etdi: Pakistan, Çin, Ukrayna, Polşa və Rumıniya…
Adı çəkilən ölkələrin hər birinə hörmət və rəğbətimlə yanaşı mən Rumıniyanın üzərində dayandım…
…İndi diplomatiya sahəsində artıq on illik, hüquq mühafizə orqanlarında isə 23 illik şəxsi təcrübəmə söykənib bir vacib məsələyə də toxunmaq istəyirəm. Tanıyanlar, bəzən də jurnalistlər məndən soruşurlar: “Uğurlarınızın sirri nədədir, bu qədər işi necə çatdıra bilirsiniz?” Cavabım sadə olur: təbiətim etibarilə mən açıq adamam və hesab edirəm ki, danışıqları da açıq, səhih və konkret aparmaq lazımdır, dağa-daşa düşməyə elə də ehtiyac yoxdur. Çox vaxt diplomatlar qarşıya qoyduqları məqsədə çatmaq üçün məsələni çox uzaqdan başlayırlar. Yaxud onlar “ağa ağ, qaraya qara” demək əvəzinə “boz” deyirlər, yəni nə ağ olsun, nə də qara. Prinsip etibarilə, mən bununla razı deyiləm. Bu mənim xarakterimlə uyğun gəlmir, hətta özüm istəsəm belə, bu məndə alınmır. Mən hər şeyi öz adı ilə adlandırmağın tərəfdarıyam. Və mənim bəxtimdən rumın tərəfi bunu həmişə başa düşüb və qiymətləndirib…
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-01-2021 21:05
Baxış sayı: 41 498
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02