Fərid Muradzadənin "Cəhənnəmdən qaçış"ı -Novella(III hissə)

13-12-2020 14:45
Dalidag.az istedadlı yazar Fərid Muradzadənin real həyat hadisələri əsasında qələmə aldığı bədii əsərdən sonuncu hissəni təqdim edir:

                                                     Cəhənnəmdən qaçış
                                                        (novella - III hissə)
Onlar bilmədən azıb düşmənin nəzarət etdiyi bölgəyə keçən 3 əsgər və bir gizirin nəşini döyüş meydanından götürməyə belə razılaşmadılar. Yenə gözü Qrad çalalarına sataşdı. Demək bu təbii qəbirlər irəlidə öldürülən o 4 nəfərə qismət deyilmiş. Yaşlılar deyirdilər ki, kiminə heç məzar da qismət olmur. O bədbəxtlərə də məzar qismət olmadı. Məzar bir kənara, heç meyitlərini belə götürə bilmədik. Dəhşətlidir. Get-gedə gördükləri ona daha pis təsir edirdi. İndiyə qədər yalnız qələbə barədə, qisas barədə düşünmüşdü. Ancaq bura gələndən bəri o, Azərbaycana qarşı müxtəlif səviyyədə aparılan hansısa əsrarlı, məkrli planların, xəyanətin, vicdansızlığın baş verdiyini hiss etməyə başlamışdı. Vətənin ağır günündə Vətən torpağının üstündə qara daş olacaq, üz qarası olacaq azərbaycanlıların varlığı, satqınlığı onun qəlbini sızıldadırdı. Kaş ki, bircəciyini də olsa tutam. Dərisinə düz dolduraram elə şərəfsizlərin. Anlaşılmaz bir hiss onu bürümüşdü. Nə olduğunu bilmirdi, amma nəsə vardı… Avqustun 23-də daha bir ürəkağrıdıcı məlumat verildi, -Füzuli işğal olundu! Komandir bütün şəxsi heyəti toplayıb dedi:
-Yuxarı komandanlığın əmridir, biz Füzuliyə köməyə gedəcəyik, buradan çəkilirik! Rafiq anlaya bilmirdi ki, niyə geri çəkilməlidirlər? Niyə buranı tərk edirlər? Axı indi Ağdamın daha çox müdafiəyə ehtiyacı var. Hansısa sehrli-sirli bir məqam var. Axı nə səbəbə bizi burdan uzaqlaşdırırlar? Sanki qəsdən mövqelərimizi zəiflədirlər.  Hazırlaşıb yola düzəldilər. Füzuliyə doğru hərəkət edirdilər. Hava bürkülü idi. Adamın canı sıxılırdı. Yollar ona min kilometrlərlə məsafə kimi görünürdü. Yolun sonu bilinmirdi. Qarşıda onları nələr gözləyirdi? Heç olmasa əraziləri döyüşüb geri qaytaraq, -deyə özlüyündə düşünürdü. Kaş ki, burada qalib olaq. Kaş ki, burada məkrli oyun olmasın. Axşama doğru Füzuliyə çatdılar. Kürmahmudlu və Alxanlı arasında istehkam qurub mövqe tutdular. Onlardan yuxarıda ,,Yapon" ləqəbli Səfanın dəstəsi mövqe tutmuşdu. Səhərə yaxın ermənilər güclü hücuma keçdilər. Qüvvələr qeyri-bərabər idi. Düşmən tərəfi daha yaxşı silahlanmış və müştərək hərəkət edirdi. Az sonra məlum oldu ki Yapon və başının dəstəsi çoxdan aradan çıxıb. Gərgin döyüş gedirdi. Düşmən hər tərəfdən hücuma keçmişdi. Rafiqgilin rotası tamamilə mühasirəyə düşmüşdü. Mühasirə halqası get-gedə daralırdı. Hər yerdən qan iyi gəlirdi. Bir yandan günəşin istisi, digər yandan isə müxtəlif növ texnikadan, ağır artilleriyadan atılan, iriçaplı silahlardan atılan mərmilərin istisi, suzuzluq əzabı, ürək yanğısı, ölümün bir addımlıqda olması, torpaqların itirilməsi qorxusu, can harayı buranı Cəhənnəmə bənzədirdi. Döyüş meydanı qır qazanı kimi qaynayırdı. Komandir (adı Rövşən idi) kiçik qüvvə ilə olsa da geriyə yolu olmayan döyüş meydanında son nəfəsə qədər dirəniş göstərmək istəyirdi. Onun gözlərində nifrət hissindən başqa heç nə görmək mümkün deyildi. Rafiqlə bərabər daha iki əsgər də ön mövqeni qorumaq üçün yerlərini tutdular. Qızğın və qüvvələrin qeyri-bərabər olduğu döyüşdə ermənilərin bir tankı mövqelərimizi yara bildi. Rafiqgilin bir raket atan qurğularını və Maqsud adlı baş leytenantı da vurdular. Azacıq qüvvə olsalar da az əvvələ qədər birgə vuruşurdular, lakin artıq pərakəndəlik başlamışdı. Əsgərlərin çoxusu gərgin vuruş zamanı aradan çıxmışdılar və bu da öz təsirini daha pis şəkildə göstərmişdi. Mərmi yağışı leysan kimi yağırdı. Hələ özlərindən canlı qüvvə və silah-sursat baxımından qat-qat üstün olan düşmənlə üz-üzə dayanan, sona qədər azərbaycanlılar vardı. Ətraf aləm dərin bir hüzünə bürünmüşdü. Neçə-neçə igid oğullar həyatları ilə vidalaşmışdılar, hələ neçəsi də vidalaşacaqdı. Hər yer qan qoxuyur, hər mərmi ölüm püskürürdü. Avtomatların lüləsi qıpırmızı qızarmışdı. Barmaqları dəridən çıxmışdı. Qızğın döyüşdə Borya adlı proporşik Rafiqgilə yaxınlaşaraq irəli getməli olduqlarını bildirdi. Birlikdə daha öndəki mövqeyə getdilər. Düşmən rəsmən 5 addımlıqda idi. erməni tankları xüsusi cəldliklə manevr edirdilər. Qumbaratan Sahib qabaqda harın-harın manevr edib mövqelərimizə bomba yağdıran erməni tankını vurub sıradan çıxardı. Düşmən buna bənd imiş kimi bir andaca çaqqal sürüsü kimi onların üstünə töküldülər. Onların əks hücumları elə gözlənilməz, elə amansız və aramsız oldu ki, başlarını belə qaldıra bilmədilər. Dolu kimi yağan güllələrdən Sahib də, Rafiq də yaralanmış, Borya və digər əsgərlər isə ölmüşdülər. Ağrıdan ilan kimi qıvrıla-qıvrıla çabalayırdılar. Sahibin vəziyyəti lap acınacaqlı idi. Ağrıdan torpaq çeynəyirdi. Qan gölünə dönmüş döyüş meydanında düşmənlə üzbəüz yalnız onlar qalmışdı. Digər Azərbaycan əsgərləri şəhadətə qovuşmuşdular. Artıq avtomatı saxlaya bilmirdi. Xeyli qan itirmişdi. Dəqiq olmasa da bir neçə yerdən yaralandığını bilirdi. İndi bu qanlı meydanda özü kimi ağır yaralı olan Sahibə görə Allaha yalvarırdı. Yalvarırdı ki, heç olmasa düşmən Sahibi görməsin. Birtəhər bir-iki addım zorla irəli süründü. Daha təhəmmülü yox idi. Uzandığı yerdən sağa doğru aşdı və səngərə düşdü. Hələ huşu özündə idi. Ümidsiz halda irəli baxırdı. Elə bu zaman alov dilli əjdaha kimi tüstüləyə-tüstüləyə bir erməni tankı ona sarı gəlməyə başladı. Yanından keçib üzbəüz dayanmış bir BMP 2‐ni vurdu. Aslan adlı çavuş BMP 2-nin içində diri-diri yanıb külə döndü. Onun ürək parçalayan fəryadı illərlə Rafiqin qulaqlarından getməyəcəkdi. BMP‐ni zərərsizləşdirən erməni tankı səngərlərin üstündən keçə-keçə geri qayıdırdı. Tank rəsmən Rafiqin üstündən keçdi. Lakin səngər dərin olduğundan yalnız təkərlərin zənciri onun qollarını azacıq zədələmiş oldu. Düşmənlər artıq onları görmüşdülər. Onlardan cüssəli birisi Rafiqə yaxınlaşıb azərbaycan dilində ona ayağa qalxmasını əmr etdi. Qalxa bilmirəm, -dedi.
-Sən qudurmusan, axmaq türk!, -deyərək boğazından tutaraq onu sürüyüb asfaltın üstünə çıxardı. İnsafsızcasına yaralı Rafiqi təpikləməyə başladılar. 
Yaraları elə sancırdı ki... yağış kimi yağan sillə-təpikdən özünü qoruya bilmirdi. Doğrusu heç buna cəhd də etmirdi. Yaralı olduğundan müqavimət göstərəcək durumda deyildi. Ard-arda vurulan yumruq-təpikdən üz-gözü al qana boyanmışdı. Düşmən əsirlə vəhşi kimi davranırdı. Zəifləmiş yaralı bədəninə dəyən təpiklər onu top kimi ora-bura ata-ata tankın o biri tərəfinə keçirmişdi.Bütün ekipaj üzvləri onu döyürdü. Ağır-ağır nəfəs alırdı. Elə bu dəm tappıltı ilə qarşısına düşən adam diqqətlə ona baxaraq dedi:
-Yaraların çox ağrıyır?! Səsindəki kinayə açıq-aydın duyulurdu. Rafiq nifrətlə ona baxırdı. O bilirdi ki, qaniçən düşmən onunla əylənmək niyyətindədir. Odur ki, canını dişinə tutub şux durmağa çalışırdı (hərçənd ki, yaralı bədən fizionomiyası buna imkan vermirdi).
-Həə, türk! Dostlarım vəhşilik ediblər, amma mən çox adil adamam. Birdən azad olarsan, ombudsmana ürəkli deyə bilərsən ki, Açıqgözyan məni döyməyib! Mənə elə baxma! Mən səni döyməyəcəyəm, -deyərək qəfildən acgözlüklə sümürdüyü siqaretinə dərin bir tüstü vurub kötüyü onun alnına basdı. Himə bənd imiş kimi digər siqaret çəkən ermənilər də qəhqəhə çəkərək siqaret kötüklərini Rafiqin qollarında, alnında sinəsində söndürməyə başladılar. Elə bil təkcə cismini deyil, ruhunu da yandırırdılar. Cəhənnəm əzabı çəkirdi. Artıq dözə bilmirdi. Öldürülməsi üçün düşmənə ağız açmışdı. Amma... bir az da ona əzab verəndən sonra murdar düşmənlər Rafiqi saman çuvalı kimi götürüb tanka atdılar. Füzulidəki Çaxır Zavodunun yanında dayandılar. Ayaqlarından tutub yerə tulladılar. Az sonra əraziyə yaşıl rəngdə “UAZ” markalı bir maşın yaxınlaşdı. Maşından hündürboy, qıvraq bir adam endi. Bu onların komandiri idi. Rafiqi sürüyərək onun yanına gətirdilər. Komandir onu sınayıcı baxışıarla süzərək başı ilə maşına əyləşdirilməsinə işarə etdi. Əsgərləri təlimatlandıraraq yola düzəldi. Rafiqi yol boyu döyərək ermənilərin Xocavənddəki qərargahlarına gətirdilər. Qarşıda əzablarla dolu günlər vardı... 
Sadiq Reyhanın da əsir düşdüyünü eşidib dəliyə dönmüşdü. Yaralı olmasına baxmayaraq əsir qız-gəlinlər və sevdiyi qız üçün geriyə qayıtmışdı. Bu yerləri beş barmağı kimi tanıyırdı. Kəndin kənarı ilə hərəkət edərək qarşıdakı təpənin üstündəki iri sal daşın arxasında daldanaraq əsirlərin toplandığı dərəni müşahidə edirdi. Gözləri dörd olmuşdu. Reyhanı axtarırdı. Əsirlərin içində tanımadığı adamlar da vardı. Təxminən 20-yə qədər əsir vardı. Düşmənlər gənc qadınları və uşaqları bir tərəfə ayırdıqdan sonra qalan yaşlı və gənc kişiləri gözdən keçirməyə başladılar. Sağlam görünən gənc kişiləri də digər tərəfə ayırdılar. 5-6 qoca vardı. Onları isə güllələrə “qonaq” etdilər. Bu mənzərəni görən Sadiq dözə bilməyib tətiyi çəkdi. Tapançasında 2 gülləsi vardı. Avtomatda isə güllə yox idi. Bu iki güllənin birini özünə, digərini isə....
-Təslim ol. 
Səs tanış gəlirdi. Təpədən aşağı enməyə başladı.  
-Ara, Sadıx sənsən?! Edik idi. Axşama kimi azərbaycanlıların qapılarında sülənən usta Edik. Bu şərəfsiz buranın adamlarını çox yaxşı tanıyırdı. Edik çəpəki Reyhanı gözaltı süzən Sadiqə baxıb bic-bic qımışdı:
‐Həəə, deməli sevgilinin dalınca gəlib özünü oda atmısan. Səməd müəllimin qızı da çox gözəldir ha! Ağzının dadını bilirsənmiş. Amma biz də ağzımızın dadını bilirik. O, sənə qismət olmayacaq. Çənəsinin altından dəyən yumruq Ediki yerə sərdi. Ermənilərin bir anlıq süst qalmasından istifadə edən Sadiq Ediki yerdən qaldırıb blçağı boğazına dayadı. Komandirlərinin ələ keçdiyini görən ermənilər nə edəcəklərini bilmirdilər. -İtlərinə de ki, əsirləri buraxsınlar.  
-Axmaq, tutaq ki, onları buraxdılar, hara gedəcəklər? Xüsusən də qadınlar nə edə bilərlər? Bəlkə qanadları var, ən azı 1km məsafəni uçmaq üçün?
-Şərəfsiz, sənə dediyimi elə. Arxayın-arxayın hırıldayan təcrübəli Edik adamlarına göz vuraraq əsirləri buraxmağı əmr etdi.  
-Hə, qəhrəman. İndi sən də məni burax. Sizinkilər demişkən “olaq əvəz əvəz”, ‐deyib hırıldamağa başladı.
-Ay axmaq dığa, kim dedi ki, mən səni buraxacağam?
-Nəəə? Necə yəni? - O məsum insanlar o tərəfə keçənə qədər sən mənim əsirimsən. Onları sezdirmədən üzük qaşı kimi mühasirəyə alırdılar. Bunu hiss edən Sadiq Ediki çəkə-çəkə kürəyini köhnə dəyirmanın divarına söykədi. İndi ən azından arxadan hücumü məhdudlaşdırmışdı. O, tezliklə ermənilərin Ediki azad edəcəyini bilirdi. Sadəcə zaman qazanmaq istəyirdi. Bircə əsirlər o taya tez keçsəydilər deyə, -ürəyində dua edirdi. Birdən-birə ürpəndi. Sanki bir cüt göz ona zillənmişdi. Qarşıdakı alçaq təpənin üstündəki ağacın arxasından sevgiylə, mərhəmətlə dolu bir cüt göz ona baxırdı. Üşəndi və elə o an elə bil içində nəsə qırıldı. İlahi! O, idi.. getməmişdi. Dəli olmaq həddinə çatırdı. Axı niyə?! Nə üçün getməmişdi? Reyhanın qəlbi, sevgisi Sadiqi düşmən əlində qoyub getmək istəməmişdi. Başına gələcək fəlakəti təsvir edirdi. Ona görə də yoldan tapdığı əsgər bıçağını əlində möhkəm tutmuşdu. Əsir düşməmək üçün özünü öldürəcəkdi, amma Sadiqi burada qoyub getməyəcək, onsuz yaşamayacaqdı. Birlikdə öləcəkdilər. Bu dünyada cismən deyil, o dünyada ruhən qovuşacaqdılar. Düşmən əsgərləri Reyhanı görmüşdülər. Sevinə-sevinə ona tərəf yüyürürdülər. Reyhan var gücü ilə “bağışla, Sadiq!”- deyib blçağı düz ürəyinə sapladı.  O an Sadiqin bütün damarları gərildi. Öləcəkdi, amma əvvəlcə illər uzunu azərbaycanlıların çörəyini yeyib, indi isə namuslarına göz dikən bu donuzu 
öldürəcəkdi.
-Nə oldu, qəhrəman. Sevgilin deyəsən bizi istədi. Ha, ha, ha.  Qəfil gülüşü xırıltıya çevrildi. Qulağının dibini dəlib boğazından çıxan əsgər bıçağı Edikin iyrənc gülüşünü yarımçıq kəsdi. Güllələr Sadiqin söykəndiyi dəyirmanın divarını al-qana boyadı. 
Qaranlıq bir otağa salınmışdı. Hər tərəf üfunət iyi verirdi. Çəkmələrinə dolmuş qan laxtalanmışdı. Ayaq üstündə durmağa taqəti yox idi. Bütün bədəni ağrıyırdı. Həm güllə və qəlpə yaraları, həm də əsir düşdüyü bir-neçə saatdan bəri döyülməsi onu tamam gücdən salmışdı. Döyülməkdən üz-gözü şişib tanınmaz hala düşmüşdü. Bir-iki saat qaranlıq otaqda beton döşəmənin üstündə uzalı qaldı. Çığırtı, yalvarış, yumruq-təpik və söyüşlər eşidilirdi. Əsirlərə işgəncə verirdilər. Türkürpədici qadın fəryadı və ermənilərin vəhşi, ehtiraslı, ikrah dolu gülüşləri adamı dəli edirdi. Canı ilə əlləşsə də bu an döyülüb-söyülən, namusu tapdanan, dəhşətli işgəncələrə tab edə bilməyən azərbaycanlılara kömək etmək keçirdi ürəyindən. Öz-özünə, ‐kaş bir avtomatım, bir-iki daraq da gülləm olaydı,- deyirdi. Zəfəri qeyd edən ermənilərin səsi ona əməllicə qıcıq verirdi. Bir az keçmişdi ki, onun olduğu otağın qapısına vurulmuş qıfıl şaqqıldamağa başladı. Demək indi onun növbəsi idi. Qapı açıldı. O, bu qaranlıq otaqda heç nə görməsə də artıq bu qaranlığa alışmışdı. İndi birdən-birə üzünə tutulan əl fənərinin güclü işığının təsirindən gözləri tutulmuşdu. Həyətə çıxsa da heç nəyi görə bilmirdi. Onu sürüyərək komandirin otağına gətirdilər. Otaqda erməni komandirdən başqa daha iki nəfər yüksək rütbəli zabit də vardı. Ayaqüstə güclə dayanmış Rafiqi sorğu-suala tutdular. İsrarla Kürmahmudluda baş verən hadisəni danışmağı tələb edirdilər... Kürmahmudluda olarkən evləri qarət edən təxminən 16-17 yaşlı bir yeniyetmə görmüşdülər. Əynində bahalı dəri gödəkcə, tünd rəngdə cins şalvar, ayağında idman üslublu ayaqqabı, belində xüsusi işləməli naqan tapança olan bu yeniyetmənin sıravi bir erməni ailəsindən olmadığı bəlli idi. Olduqca sərbəst hərəkət edir, əmrlər verirdi. Uşaq işğal edilmiş Azərbaycan torpağında rəsmən soyğunçuluqla məşğul idi. Ermənilər talanla məşğul idilər deyə, 3-4 nəfər azırbaycanlı əsgəri fərq edə bilməmişdilər. Yeniyetməni görən əsgərlərimiz ona dayanmağı əmr etdilər. O, isə heç kimə məhəl qoymadan sərbəst şəkildə əlini belindəki naqana atdı. Lakin Rafiqgilin açdığı atəş onun həyatına son qoydu. Döyüşdən sonra isə meyit yoxa çıxmışdı. (Bunu Rafiq əsir olanda bilmişdi)... İndi ayaq üstə durmağa halı olmadığı bir vaxtda ermənilər ondan bu uşağı soruşurdular. Əsir düşəndə azərbaycan dilində bir erməni əsgəri ondan erməni dilini bilib bilmədiyini soruşmuş, o, isə yox cavabını vermişdi. Və indi o vaxtkı uzaqgörənliyi onun xeyli dadına çatırdı. Rafiq ermənilərin danışdıqlarını yaddaşına köçürürdü. Təkrar bir daha uşaq barəsində soruşdular. Rafiq uşağı gördüyünü və onu kəndə gəlmiş bir “QAZ-24” markalı maşına qoyulub Beyləqana aparıldığını dedi. Ondan uşağın tutulduğu yeri göstərə bilərsən, ‐deyə soruşanda,-,bəli -deyə cavab verdi. Deyəsən danışdıqları ermənilərə inandırıcı gəlmişdi. Komandir Rafiqin halının pis olduğunu dedi və əlavə etdi ki, onu xəstəxanaya aparsınlar. Gecəyarı Rafiqi Xocavənddəki xəstəxanaya apardılar. Şalvarını dizdən kəsib soyuq bıçaqla yarasını o yan-bu yana eşələməyə başladılar. Dözülməz idi. Ağrının təsirindən -Ana, -deyib qışqıranda vururdular. Allah, ‐deyəndə isə yumruq-təpiklər işə düşürdü. Ağrının təsirindən düyünlənib sıxılmış barmaqlarındakı dırnaqlar ətinə işləmişdi. Ağrı-acı, məşəqqət, təhqir, işgəncə, çarəsizlik, ümidsizlik Rafiqi əldən salmışdı. Yarasını qəsdən qurdalaya-qurdalaya ona əzab verənlər nəhayət ki, çirkli bir əski ilə yaranı bağladılar. Səhər açılan kimi uşaqdan böyüyə bütün ermənilər palataya doluşub onun üzünə tüpürməyə, yaralı ayağına və üz-gözünə vurmağa başladılar. Uşağın yerini dəqiqləşdirib onu geri alana qədər Rafiqi sağ saxlamaq niyyətində idilər. Ona görə xəstəxanada mülki ermənilərin hiddətlənib onu öldürəcəklərindən ehtiyat edərək Rafiqi məhbəsə bənzər bir yerə gətirdilər. Burada ondan başqa daha yeddi nəfər əsir də vardı. Əsirlərlə qeyri-insani rəftar edirdilər. Lökbatandan olan Şəmil adlı gənc ağır yaralı idi. Hər iki qolu və sifəti yanmışdı. Onun fəryadı adamın ürəyini deşirdi. Rafiqi İki gün də burda saxladılar. Ermənilər hər vəchlə uşağın yerini öyrənmək istəyirdilər. Hətta görüntü olaraq Rafiqin ayağını rentgen etdirmiş, gipsə də qoydurmuşdular. Məşəqqətlə dolu bir neçə gün də keçdi. Onu yenə sorğu-suala tutmuşdular. Rafiq isə əvvəlcə dediklərinin üstündə durmuşdu və bu eyni ifadə düşməni inandırmağa başlamışdı. Kimsənin dediklərini başa düşmədiyindən dolayı arxayın-arxayın öz dillərində danışırdılar. Əllərində yüzlərlə əsir azərbaycanlıların siyahısı vardı. Onlar hətta bütün əsirləri bu uşaqla dəyişməyə belə razı idilər. Rafiqi 3-4 saat orada saxladılar. O, bu zaman ərzində ,,Yapon" və Mamed adlı meyitdəyişənin insanlıq, azərbaycanlılıq sifətini itirib ermənilərlə əlbir işlədiklərini də öyrənə bilmişdi. Uzun-uzadı danışan ermənilər yekunda azərbaycan dilində Rafiqə dedilər ki, səni Kürmahmudluya aparacağıq. Əgər o uşaq ölü tapılsa səni də elə oradaca doğrayacağıq. Sonra onu saxladıqları yerə göndərdilər. Hətta həmin gün uzanıb istirahət etmək üçün yer də ayırdılar. Gecəyarısı bir həkim gəldi. Bir xeyli onu süzüb iynə vurmalı olduğunu söylədi. Onun məkrli bir niyyətlə gəldiyini anlamışdı. Şprisi adi su ilə doldurub Rafiqin bədəninə yeritdilər. Qolları şişmişdi. Həkim gedən kimi Rafiq dərisini sıxıb suyunu çıxardı... Səfa çoxdan idi ki, ermənilərlə əlbirlik edirdi. Üzdə tabor komandiri kimi olsa da əslində o, öz kökünə, elinə, millətinə dönük çıxmış vətən xaini idi. Son vaxtlar Səfa meyit dəyişməyi əsl biznesə çevirmişdi. Hətta bu iyrənc əməllərinə özü kimi nadan birisi olan Mamedi də ortaq etmişdi. Şərəf və mənliyini itirmiş ortaqlar əsir azərbaycanlıları erməni əsirləri ilə pul müqabilində dəyişirdilər. Əsirlərin ailələri, qohum-əqrabaları olan qalan pullarını toplayıb bunlara verərək ümidlə, həyəcanla əsirlikdə olan əzizlərinin gələcəyi günü həsrətlə gözləyirdilər. Rafiqin böyük qardaşı da bunlarla əlaqə saxlamışdı. Sentyabrda görüşüb deyilən məbləği Səfaya çatdıracaq, bunun müqabilində isə Səfanın “səyi” nəticəsində Rafiq azad olunub ailəsinə təhvil veriləcəkdi.  Gecəyarı dəstəyi qaldıran əsgər əsə-əsə qapını döydü.  
-Gəl!, -deyə amiranə əmr verildi. Əsgər içəri girib Səfanın onunla danışmaq istədiyini bildirdi.  
-Eşidirəm!
-Daha bir yem də var. Sənə ad familiyasını deyəcəyəm. Araşdır gör əsirlərinizin içərisində belə birisi var? Yaxşı da pul oxumuşam. Dəqiqləşdir, sağdırsa bəlkə bir az da stavkanı qaldıra bilərəm. Son dəfə Kürmahmudluda olub. Bizim sizə ötürdüyümüz qırılan rotanın əsgəridir. Quru bir cavab verildi:
-Sabah əlaqə saxlayacağam!
Dəstəyi asıb öz-özünə deyindi, -mən ölüm bu köpəyoğlu dığaya bax e! İşin əziyyətini çəkən mən, ən çox xeyir görən isə bu əclaf! Danışığına bir bax bunun!  Beş dəqiqə sonra Səfaya ermənilər tərəfdən birisinin onunla danışmaq istədiyini dedilər. Hə, alçaq. Nə işin düşüb mənə, -deyə dodaqaltı mızıldandı və birdən nə düşündüsə də üzünü sağ əli olan Mamedə tutub dedi:
-Mamed, başım ağrıyır, kefim yoxdur. Onunla sən danış. Həm də səninlə arası daha yaxşıdır.
-Oldu, ‐deyib Mamed otaqdan çıxdı.
-Sən uşağın adını və əlamətlərini de. Mən burda dəqiqləşdirəcəyəm. Hə, bir də dəqiq Kürmahmudluda tutulub? Kim deyir? Oldu. Araşdırıb sabah mütləq sənə cavab verəcəyəm. Utanmadan, arsızcasına bu xain düşmənə gecən xeyrə qalsın da dedi. Səhər Rafiqin qaldığı otağa 3 nəfər erməni daxil oldu. Onlardan ucaboy, dolu bədənli birisi daha çox fərqlənirdi. Ona Abo, bəzən də Edik deyirdilər. O biri iki nəfər onun yanında quyruq bulayanlar idi. Demək bu Abo-Edik kimdisə bunların içində ən hörmətlisi odur. Yəqin komandirləridir bu şərəfsizlərin, -deyə özündə onu belə təsvir etdi. Abo göstəriş verən kimi onu qollarını arxadan burub çölə çıxardılar. Həyətdə qırmızı rəngdə bir “Niva” markalı avtomobil dayanmışdı. Rafiqi döyə-döyə maşına tərəf aparırdılar. Dığalardan biri o birinə deyirdi:
‐Ara, torkun quloxen yesi kara kar! (Türkün başına bax e, daşdı, daş.)
Sonra Rafiqin başına bir-iki yumruq da vurub ucadan gülməyə başladılar. Yolboyu maşında Abo qardaşı ilə kimləri dəyişəcəkləri barədə xeyli söhbət etdi. Xocavənddən bir az aralanmışdılar ki, qardaşı Aboya dedi ki, ətrafı görməsin deyə əsirin gözlərini bağlasınlar. O isə dedi ki, onsuz da Kürmahmudluda əsiri tikə-tikə doğrayacağıq. O, bizi aldadıb. Komandirin oğlu Beyləqanda deyil. Sən demə Abo Mameddən öyrənibmiş ki, əsirlərin arasında belə bir uşaq yoxdur və ermənilərə o an məlum olub ki, Rafiq onları aldadıb. Sonra birdən maqnitofonu işə salıb Baloğlan Əşrəfovun mahnılarını oxutmağa başladı və dedi:
-Son dəfə türk mahnılarına qulaq as, ey bədbəxt türk! Çəpik çala-çala geri dönüb Rafiqin başını qapazladı. O an Rafiq ən uzağı bir saatlıq ömrü qaldığını anladı. Keyləşmişdi. Başına ard-arda vurulan yumruqları hiss etmirdi. Elə bil döyülən cisim onun deyildi. Maşın dayandı. Çatmışdılar. Onu sürüyüb yerə atdılar. Əvvəlcə harda olduğunu anlamadı, ancaq sonra tanıdı-Kürmahmudluda idilər. Buranı əzbər bilirdi. Baş verənlər sanki bir daha gözləri önündə canlandı. Lakin tez özünü ələ ala bildi. İrəli yeriyib uşağın vurulduğu yeri göstərdi. Meyiti götürmüşdülər və bu onun xeyrinə idi. Bəlkə də onları bir az da inandıra bilərdi. Düşmənlərdə şübhə qarışıq da olsa uşağın sağ qalmasına bir inam yaranırdı, lakin Abodan heç nə anlaşılmırdı. Abonun üzündə heç bir reaksiya yox idi. Bir neçə dəqiqə sonra ratsiya ilə Mamedlə əlaqə qurdu. Danışığa əsasən 18 meyit bizimkilər, 12 meyit isə ermənilər verməli idilər. Erməni hiyləgərliyi burda da özünü göstərirdi. Yenə öz aralarında ermənicə danışırdılar. Bir “Zil” maşın da gəldi. Danışdıqlarını tam aydın eşidirdi. “Zil”in sürücüsü yanındakı əsgərə deyirdi ki, bu maşında on bir türk meyiti var. On ikinci meyit isə burdaymış. Dalağı sancdı. “Niva” ya tərəf gedirmiş kimi Abogilə yaxınlaşdı. İndi onları daha rahat eşidirdi. Abo qardaşına deyirdi ki, bunu yenə maşına oturdun və uşağı axtarmağa davam edin. Unutmayın, bu türk dəyişiləcək on ikinci meyitdir. Amma hələ mən deyənə qədər öldürməyin. Bəlkə başqa məlumat da ala bilərik. Deməli on ikinci meyit mənəm, -deyə düşünürdü. Nə etməli, mənim yazım da bura qədərmiş. Ölümdən qorxmuram, əsir düşəndə məni öldürmələri üçün düşmənə yalvarmışdım da. Sadəcə döyüşərək ölmədiyimə, daha bir neçə erməni iti öldürə bilmədiyimə görə heyifsilənirəm. Kaş ki, bircə avtomatım olaydı, bir az da gülləm. Bu yaralı, yarımcan halımda belə avtomatı bu kökü kəsilmişlərin topasına tutub bacardığım qədər bunlardan öldürəydim. Kaş ki... Onlar yol boyu bir neçə dəfə fərqli yerlərdə maşını saxlayıb güman gələn yerlərə baxırdılar. Düşünürdülər ki, birdən uşaq qaçıb hardasa gizlənə bilər. Hər dəfə maşını saxlayanda mühərriki söndürüb açarı maşının üstündən götürürdülər. Lakin sonuncu dəfə açarı götürməyi unutdular. Deyirlər insanda ən son ölən hiss ümiddir. Hətta canını tapşıran, son nəfəsini çəkən insanın gözündə belə bir ümid nişanəsi olur. İndi yarı ölü vəziyyətində olan Rafiqin də ürəyində bir ümid yaranmışdı. Bütün bədəninə güc gəlmişdi. İçində bir inam, özünə əminlik yaranmışdı. Artıq Abogil maşından xeyli uzaqlaşmışdılar. Qarşıdakı həyətə girmişdilər. İçində yaranan ümid qığılcımları ona ruh və güc verdi. Öz-özünə -onsuz da sonu ölümdür, -deyib birtəhər sükanın arxasına keçdi. Əl-ayağı titrəyirdi. Birtəhər canını dişinə tutub zor-bəla da olsa maşını işə sala bildi. Mühərrikin səsi sanki nicat nidası idi. Ayağını qaz pedalına basdı. Maşın yerindən götürüldü. Səs-küyə həyətdən çıxan ermənilər qarşıdakı postlara ratsiya ilə məlumat verdilər. Güllələr dolu kimi yağırdı-qəzəbli, dəhşətli, ölümsaçan! Maşının oturacaqlarına gülləkeçirməz jiletlər geydlirilmişdi. Böyük ehtimalla Rafiqi ölümdən qoruyan da elə o jiletlər olmuşdu. Abonun dəstəsindən ayrılmışdı ki, qarşıda erməni dəstələri onu yenidən atəşə tutdu. Sükanın arxasına yatıb ayağını var gücü ilə qaz pedalına basmışdı. Maşın yağış kimi səpələnən avtomat güllələri altında ziqzaq yazaraq irəli şütüyürdü. Yaşam uğrunda mübarizə gedirdi. İnsanın öz kəşfinin məhsulu olan güllələrlə insan arasında savaş gedirdi. Bu savaşın qayəsi qurtuluş və yaşamaq idi. Əsirlik həyatı ömrünün acı keçmişi olaraq geridə qalmışdı. Yol yalnız irəli idi. İrəlidə isə nələr olacağı bəlli deyildi və o, bu naməlum irəliyə gedib çıxa biləcəyini bilmirdi. Bu an heç nə haqqında düşünə bilmirdi. İndi onun bütünlükdə düşüncəsi, ruhu və cismi yalnız affekt halda mübarizə aparırdı. Elə bil o, ilanın ağzından çıxıb əjdahanın ağzına düşmüşdü. Abonun dəstəsindən və qarşıdakı yüksəklikdən mərmi yağdıran ermənilərdən yenicə qurtulub asfalt yoldan sağa burulmuşdu ki, yeni erməni dəstələri yolu kəsdilər. Bu ölüm-dirim savaşında sağ qalmaq üçün məcbur asfalt yoldan çıxmalı idi. Əks təqdirdə sarsaq bir güllənin qurbanı olacaqdı. Odur ki, maşını dərəaşağı üzümlüyə saldı. Üzüaşağı ləngərləyə-ləngərləyə, torpağa dəyə-dəyə gedən maşın vurub çəpəri dağıtdı. Torpaq yolda təbii ki, hərəkət daha da çətin idi. Bir neçə yerdə maşının mühərriki söndü. O an- əcəlim yetdi, amma bunların əlində ölmək istəmirəm. Bircə qranatım olaydı, özümü bu maşın qarışıq partladaydım ‐dedi. Hər mühərrik sönəndə bunu düşündü və hər birində də “son dəfə” deyərək açarı təkrar burduqda maşın işə düşmüşdü. Demək ki, hələ əcəl zamanı deyilmiş. İndi məqam, macal zamanı idi. Əzilmiş, dəlik-deşik olmuş maşın yoncalıqla şütüyürdü, lakin əsas magistral yola çıxa bilmirdi. Səbəb isə yoncalıqdakı böyük boru kəməri idi. Nəhayət uzun-uzadı yol qət etdikdən sonra birtəhər əsas yola çıxa bildi. Maşını gedə biləcəyi qədər sürətlə sürürdü. Qarşıda kənd görünürdü. Əhmədbəyli kəndi idi. Ürəyi uçunurdu. Həm sevinirdi, həm də kədərlənir, narahat olurdu. Sevinirdi ki, azadlığa qovuşur, kədərlənməyinin səbəbi isə birdən yenə ermənilərin əlinə düşə biləcəyi idi. Yaraları bərk ağrıyırdı. Həyəcandan dolayı ağrılarını hiss etməmişdi. İndi isə canın əzablı ağrısını duyurdu. Əhmədbəylinin girişində maşın yenidən söndü. Qurtulmuşdumu, yoxsa yenidən qarşıda məşəqqətli əsirlik onu gözləyirdimi, bilmirdi?! Qəhər və göz yaşı onu boğurdu. Bütün vücudu titrəyirdi. Qarşıda xeyli adam toplanmışdı. Dinməzcə maşından endi. Bunların düşmən ya da bizimkilər olduğunu bilmirdi. Ona görə irəlidə dayanmış gənc oğlanı işarə ilə yanına çağırdı. Başı ilə salam verdi. Gənc azərbaycan dilində ,-nə lazımdır, qardaş?- deyəndə elə bil Rafiqə dünyanı bağışladılar.
Özümüzünkülər idi. Sevinci yerə-göyə sığmırdı. Başına gələnləri gəncə danışıb yaralı olduğunu söylədi.
-Qardaş, məni xəstəxanaya çatdır", -dedi. Birtəhər maşını işə sala bildilər. 3-4 km getmişdilər ki, onları Hərbi Polis saxladı. Əmr etdi ki, geriyə qayıtsın. Rafiq mat-mat bu adama baxırdı. Ona 11 gün erməni əsirliyində olduğunu, ağır yaralı olduğunu, onlardan bu maşını qaçırdığını söylədi. Lakin faydası yox idi. Adam havalı kimi ayaqlarını yerə döyüb geriyə qayıtmasını əmr edirdi. Əlacı kəsilən Rafiq yanındakı gənci maşından endirdi. Oğlan da polisə yaxınlaşıb bu adamın yaralı olduğunu söyləsə də bir xeyri olmadı. Acığından qeyzlənmiş Rafiq ayağını qaza basdı. “Qəhrəman polis” avtomatdan atəş açmağa başladı. Güllə qoluna dəymişdi. Qolu dirsəkdən qırılmışdı. Başı fırlanır, gözləri tor görürdü. Taqəti qalmamışdı, daha maşını da idarə edə bilmirdi. Bayaqkı polis maşına yaxınlaşdı. Qapını açıb onu sürüyərək yerə salıb təpikləməyə başladı. Rafiq ona yaralı olduğunu, düşməndən qurtulduğunu desə də ona söz kar eləmirdi. Elə ürəklə Rafiqi təpikləyirdi ki... Mamed və Səfaya zəng edən Abo Rafiqi və “Niva”nı geri qaytaracaqları təqdirdə onlara xeyli əsir və külli miqdarda pul təklif edirdi. Yarımcan olduğu halda onu və adamlarını aldadaraq zaman qazanmış, məxfi materiallar, sənədlər, döyüş planları və içindəki diplomatda xeyli ABŞ dolları olan məşhur “Niva”nı qaçırmağı bacarmış Rafiqi geri qaytarmaq indi Abonun ən böyük arzusu idi.
-O uşaq məni aldatdı. Həm də yaralı olduğu halda, bizim əlimizdə ola-ola bizi öz əlində oyuncağa döndərdi", -deyirdi.  Yerdə yaraları və ağız burnu qan içində çabalayan Rafiq get-gedə huşunu itirirdi. Onu düşmən döyürmüş kimi həvəslə təpikləyən polisə bir daha azərbaycanlı olduğunu söyləyirdi. Daşdan səs çıxırdı amma bu polisdən yox. Yalnızca Rafiqin səsi, bir də aramsız təpik səsləri eşidilirdi. Gözləri hansısa bir mistik qüvvədən imdad istəyirdi. Top kimi ora-bura dığırlanırdı. Elə bu dəm Rafiqin əsgəri olduğu bölüyün komandiri Oqtay göründü. Son anda bütün gücünü toplayıb səsi gəldikcə ,-Oqtay!, ‐deyib qışqırdı. Günlərdir ki, xətrini çox istədiyi itkin əsgərinin səsini eşidən Oqtay irəli şığıyıb polisi kənara atdı. Əyilib Rafiqi qucağına götürüb yaxındakı maşına tərəf yüyürdü. Gözlərini açanda Beyləqanda xəstəxanada olduğunu öyrəndi. Vəziyyəti çox ağır idi. Döyüldüyü zaman yaraları partlamış, ermənilərin soyuq bıçaqla oyduqları yaraları da irinləmiş, infeksiya düşmüşdü. Düşmən hələ də Rafiqin izində idi. Odur ki, Beyləqana Müdafiə Nazirliyinin hərbi helikopteri göndərildi və Rafiq o helikopterlə Badamdara gətirildi. Daha sonra Təcili Tibbi Yardımla Hərbi Hospitala göndərildi. Onu bir neçə saat hospitalın zirzəmisində saxladılar. Yuxarıda palata hazırlatmağa başladılar. Lakin Rafiq o palataya köçürülmədi. İz itirmək məqsədilə onu axşama doğru başqa bir tibb maşını ilə gizlicə Travmatoloji Xəstəxanaya yerləşdirdilər. Kimliyi barədə də açıqlama vermədilər. Müalicə aldığı palatanı isə mülki geyimli iki nəfər qoruyurdu. Rafiqin Azərbaycana gətirdiyi qırmızı “Niva” da olan mühüm sənədlər, məxfi materiallar sayəsində düşmənin bütün məkrli planları alt-üst edildi. Eyni zamanda iki vətən xaini olan Səfa və Mamed də maşındakı videokasetdə olan görüntüləri əsasında istintaqa cəlb olunaraq həbs edildilər... İllər müəyyən acıları, dərdləri unutdursa da Rafiqin Vətən həsrətini unutdura bilmədi.  Tez-tez mərhum Xalq şairi Məmməd Arazın bu misralarını xatırlayır: Qərib ürəyində bir söz uyuyur,- Vətən unudulmur, Vətən unutmur! 
Bəli, o, öz Vətənində dogma elinə-obasına, ata yurduna qərib idi. O, Vətəndə xəyanətkarların, nadanların və qəsbkarların ikibaşlı oyununda qürbət yaşayanlardan idi. 2016-cı il Aprel döyüşlərində könüllü olaraq Hərbi Komisarlığa yollansa da ümumi səfərbərlik olmadığına görə onu döyüşə aparmamışdılar.Lakin Rfiq ümidini üzməyənlərdəndir. İçindəki Vətən sevgisi, ruhundakı əzmkarlıq, mübarizlik, əsgər rəşadəti və inancı mütləq döyüş əmrinin veriləcəyinə, zəfər gününün gələcəyinə inam yaradırdı. O heç zaman ümidsiz olmamışdı.  
27.09.2020 cil il. Ali Baş Komandanın əmri ilə düşmən üzərinə əks-həmlə əməliyyatına başlandı. Bu İkinci Qarabağ Savaşının başlanması əmri idi. Müzəffər Azərbaycan Ordusu döyüş əməliyyatlarının başlandığı ilk gündən uğura imza atmış oldu. Eyni gündə ard-arda bir neçə kəndin işğaldan azad edilməsi orduda və əhali arasında böyük ruh yüksəkliyi yaratmışdı. Son otuz ildə ilk dəfə idi ki Azərbaycan xalqı bu cür mükəmməl birlik və əzmkarlıq nümayiş etdirirdi. Bütün zümrədən olan insanlar eyni amal uğrunda təkcə can verməyə deyil, eyni zamanda can almağa da hazır idi. Bütünlükdə ölkədə insanlar dəstə-dəstə yüksək coşqu ilə Hərbi Komissarlıqlara üz tuturdu. Hamının üzündə intiqam hissi ,inam və qətiyyət hakim idi. Hərbi  Komissarlığın qarşısında dolu bədənli, hündürboy bir kişi ilə yanaşı qala bürcü kimi mətin bir gənc də dayanmışdı. Hər ikisi sevincli idi. Qarabağ əlili olan ata qürur hissi ilə öz övladını döyüşə yola salırdı. O səriştəsizliyin, erməni hiyləgərliyinin, təklənməyin, silah-sursat çatışmazlığının, xəyanətin nəticəsində iyirmi yeddi il əvvəlki ağrısını ürəyində çəksə də bu gün qürur hissi ilə yola saldığı oğlunun müzəffər ordunun əsgəri kimi qalib olaraq geriyə dönəcəyinə inanırdı. Rafiqin qəlbindəki inam közərtisi artıq alova almış böyük bir tonqala çevrilmişdi. Gözləri televizorun ekranına zillənmişdi. Bir xəbəri belə qaçırmazdı. Qəfil telefon zəngi onu diksindirdi. Belə vəziyyətdə tanımadığı nömrədən gələn zəng insanı daha çox həyəcanlandırır. Özünə toxtaxlıq verib cavab düyməsinə toxundu və o an eşitdiyi səs bütün həyəcanına son qoydu.  
”Gözün aydın. Füzuli azad edildi!” Qulaqları küyüldəyirdi. Az qala yıxılacaqdı. Bir anlıq yuxu gördüyünü zənn etdi. 
Bu şəhər onun həyatında ömrünün sonuna qədər unuda bilməyəcəyi ağrılı-acılı xatirələrlə, ölüm qorxusu kimi kabusla dolu idi. Bu şəhər onun azadlıqdan məhbusluğa, məhbəsdən azadlığa qovuşduğu şəhər idi. Bu azad olunan şəhər onun yer üzündəki əzablarının başlandığı şəhər idi. Bu azad olunan şəhər onun və dostlarının qanı səpələnən şəhər idi. Bu azad olunan şəhər düşmənin ən güclü və keçilməz istehkamlar qurub arxayin oturduğu şəhər idi. Bu azad olunan şəhər Azərbaycan Ordusunun qarşısında keçilməz sərhəd, aşılmaz sədd olmadığının bariz nümunəsi idi. Bu azad olunan şəhər şanlı qələbənin ilk müjdəsi idi. Birtəhər özünü toplayıb ” Çox sağ ol, şad xəbər olasan! “-dedi. Televizora bax! İndi cənab prezident özü danışacaq. İntiqamını almaqda davam edirik. Özünüzə yaxşı baxın.  Biz yaxşıyıq əziz oğlum, əsas sizsiniz. Uca Yaradan sizi qorusun! İrəli qartallar! Qollarınıza qüvvət. Kaş məni də aparaydılar-deyib üzünü divardakı şəklə sarı çevirdi.  Axşam idi. İçində xoş duyğular baş qaldırmışdı. Nəsə yaxşı bir xəbər alacağnı hiss edirdi. Saat 23 00 göstərirdi. Nədənsə gözü telefonun qaralmış ekranına zillənib qalmışdı. Yenə zəng gəldi. Bu dəfə əminliklə -alo –dedi -Salam, ata! Səni ata yurdundan-Qubadlıdan salamlayıram. Qubadlı işğaldan azad edildi!  Nə danışdığı necə sağollaşdığını xatırlamadı. Evin ortasında sevincdən həm ağlayır, həm də gülürdü. Danışa bilmirdi, elə bil nitqi yox idi. Nəhayət özünü toplayıb dedi: Şükür səsnə ilahi! Var olsun Azərbaycan əsgəri. Mən qürur duyuram hər birinizlə. İyirmi yeddi ilki məğlubiyyətimizin acısını bu gün övladlarımız bizə unutdurdu. İndi bütün şəhidlərimizin ruhu şaddır. Uğurların bol olsun, Azərbaycan Ordusu! Ard-arda verilən qələbə xəbərləri onu tamamən dəyişdirmişdi.Dünən onun haqqında veriliş çəkilmişdi. ATV kanalında yayımlandı. Başına gələn müsibətlərdən danışırdı. Amma həmişəkindən fərqli olaraq. Hər danışanda halı pisləşən, o əzabları bir daha yaşayan, yaraları sağalmayan Rafiqin bu dəfəki danışığı başqa idi. Bu dəfə o qalib bir ölkənin vətəndaşı olaraq, müzəffər ordunun qalib əsgərinin atası olaraq qürurla danışırdı. Qalibiyyət insanın ruhunu dəyişir.

Fərid Muradzadə
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-12-2020 14:45
Baxış sayı: 3646
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını