Reklam
Məhəmməd Nərimanoğlunun "Yaza bilmədiyi yazısı"
12-12-2020 15:19
İbrahim Səfərlərin ömürnaməsindən və sinə dəftərindən bəzi səhifələr...
Doğru deyiblər ki, doğmaların doğması qardaş-bacıdırsa, onlarla dostluq etməlisən ki, bir az da yaxından tanıyasan. Dostlarımın arasında doğmalaşanları az deyil. Vallah bilmirdim ki, doğmalarımın arasında dost seçməli olsam, kimin üzərində dayanaram. Bu gün isə deyirəm: Səni, əziz qardaşım – İbrahim!
Uşaq vaxtlarımdan bu dilemma qarşısında qalmışdım. Lakin Kəlbəcərin işğalından sonra bu sualın cavabını tapdım. Qardaşım İbrahim mənim üçün əsl dost-sirdaş imiş. Deyirlər, dərd insanları bir-birinə daha çox və tez isinişdirir.
Deyəsən, bizi də birləşdirən, canbir-qəlbə çevirən dağdan ağır olan yurd-yuvasızlıq dərdi imiş.Bunun fərqinə əvvəllər varmamışdım.
Bəlkə elə uşaqlıq illərimizdən başlayım bu nağılı. Bərkdə-boşda sınanılıb dosta çevrilməyimizin tarixçəsi var. Uşaqlıq illərimizə qədər bir ömür yoludur. Üzügeri qayıdıb Kəlbəcərin Otaqlı kəndində uşaqlığımızı axtarmalı oldum. Belə səfərlərə, adətən, yuxularda çıxırlar. Əlin çatmayan, ünün yetməyən yerlərə gecələr yuxularında yollanırsan. Daha doğrusu, xəyal səni alıb qanadlarına aparır o yerlərə. Gözünü açanda qəhər səni boğur…
Kəlbəcərin Otaqlı kəndi. Tarixi çox qədim olan bu kəndin adı ulu babalarımızdan (Səfərlərdən) bizə yadigar qalan bir evdamı ilə bağlıdır. Deyilənlərə görə, atamın ulu babası Səfər bu yerlərə ova çıxanda burada dörd divardan ibarət bir tikili tapır. Maşallah, divarlarının eni bir metr. Qapısının yan çərçivələri daşdan olan bu evdamı qala rolu oynayıb. Divarındakı nişangah da bunu təsdiqləyirdi. Deyirlər ki, ulu babamız onu tapanda divarların ortasında, ocaq yerində nəhəng bir palıd ağacı olub. Səfər babam ((Sadıq babamın babası) palıd ağacını kəsərək divarın üstünü örtüb onu otaq şəklinə salır. O vaxtlardan burada bir yaşayış məskəni salırlar. Kəndin adı da o zamanlardan qoyulub, təxminən üç əsr bundan öncə. Kəndin yeganə məscidi babamız Məşədi Atakişiyə məxsus olub. Bu müqəddəs məkanı qırmızı sovet imperiyası da sökə, dağıda bilməmişdi. Hər il məhərrəmlik ayının ongünlüyündə camaat ora toplaşar, mərsiyə deyilər, təzyanə tutulardı. Hələ rayon mərkəzindən və ətraf kəndlərdən də imamlarımızın təziyyəsini tutmağa bura gələnlər az olmurdu.
Kəndimizin tarixi barədə, hələlik, bunları demək mümkündür. Əfsanəyə çevrilmiş həqiqətlər zaman keçdikcə özünün doğruluğunu təsdiqləyir.
Bax, biz qardaş-bacılar da həmin abidə evdə - alban dövlətinin yadigarlarının birində dünyaya göz açmışıq. Qardaşım İbrahim 1961-ci il avqust ayının 16-da bu evdamında anadan olub. Az müddət keçəndən sonra ana babamız Məmmədin «Dərə yeri»ndəki əkin sahəsində təzə həyət salmaq üçün torpaq götürmüşük. Əslində, orada tütün becərirdik ki, zəhəri ilə çörək qazanaq. Anamız Güllər gündüzlər tütün sahəsində əlləşir-vuruşur, sonra kolxozun ictimai tövləsində saxladığı qaramalın altını-üstünü təmizləmək, südünü sağıb dövlətə vermək üçün qaranəfəs ora qaçır, gecələr isə gözünün nurunu əridib, barmaqlarını döyənək eləyərək, ona-buna xalça-palas toxuyur, bacılarım Pərinin, Minayənin, barmaqları ilmələrdə, ərişlə arğacın arasında dolaşan Zöhrənin də yuxularını perik salırdı.
Dolanışığımız bir müddət beləcə, ağır keçdi. Atam Nəriman Ələkbər oğlu bir vaxtlar orta məktəbdə anama dərs desə də, sonralar «özününkülər» tərəfindən kolxozun qaramalına naxırçı verilmişdi. O da gecə-gündüz əzab-əziyyətlə bizə bir qarın çörək qazanırdı. Rayon təmir-tikinti idarəsində usta-fəhlə, axır zamanlarda isə gözətçi işləyirdi. Əslində, atamızın yerinə idarədə gözətçiliyi biz iki qardaş edirdik. Kəlbəcər şəhər orta məktəbində oxuyur, dərsdən çıxanda isə gecələr orada gözətçilik edirdik. Orta məktəbi yaxşı qurtarsaq da, həmin il ali məktəbə qəbul ola bilmədik. Bunun isə hamıya məlum müxtəlif səbəbləri var idi: o vaxtlar oxumaq əsas deyildi...
İbrahimlə qardaşlıqdan çox dostluğumuz da məhz həmin illərdən başlayıb. Sonralar mən hərbi xidmətdən qayıdıb Gəncədə Politexnik Tenikumunda oxuduğum illərdə İbrahim də mənim yanımda qalır, texniki peşə məktəbində rəngsazlıq peşəsinə yiyələnirdi. Şəxsi evlərdə usta ilə birlikdə təmirlə məşğul olur, hətta, evimizə, ata-anamıza da köməklik edirdi.
İllər bir-birini qovdu. Mən texnikumu bitirib rayona qayıdası oldum. İbrahim də hərbi xidmətdən qayıtmışdı. Daha doğrusu, əsgərlikdən qurtarıb işləmək üçün orada – Rusiyada, Saratov vilayətində qalırdı. Buna nə atam, nə də anam razı deyildi. Buna baxmayaraq, rayonda iş tapmadığından, bir müddət orada işləyəsi və ali təhsil alası oldu.
…Hər ikimiz də Kəlbəcər rayon Aşıq Şəmşir adına mədəniyyət evində işləyirdik. Aktyorluq və diktorluq qabiliyyətimiz bizi qısa müddət ərzində tamaşaçılara sevdirmişdi. Bədii qiraətçi kimi tədbirlərin aparıcılığını da edirdi İbrahim. Xatirimdədir, mən Bakıda imtahan sessiyasında olarkən neçə-neçə ədəbi-bədii gecəsinin ssenarisini hazırlamış və özü də aparıcılığını etmişdi.
İbrahim də ali təhsil almaq həvəsi ilə yaşayır və hazırlaşırdı. Aşağı Qılınclı kəndindəki texniki peşə məktəbində sürücülük ixtisası üzrə oxusa da, pulumuz olmadığından, onun vəsiqəsini ala bilmədik. O, hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət də işsiz-gücsüz qalmışdı. Nəhayət, onun Rusiya həyatı başladı. Xalaoğlu Aydınla (Allah rəhmət eləsin), sonralar digər qohumlarla bir müddət qəriblik həyatı keçirdi. Və elə həmin illərdən də o, qəlbinin döyüntülərini misralandırmağa, qafiyələndirməyə başlamışdı. Bir-birimizə şeirlə məktub yazırdıq. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I kursunda oxuyanda o Penza İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdu. 1985-ci ildə mən institutun I kursunda oxuyarkən İbrahimlə birlikdə Rusiyaya gedəsi oldum. Orada qaldığım bir ay müddətində əsl dostluğun nə demək olduğunu daha yaxşı anladıq. Artıq bizə yalnız qardaş deyil, həm də əsl dost kimi baxırdılar.
İllərə nə var ki, ötüb-gedir, xatirələri qalır. O illərin şirinli-acılı xatirələri az olmayıb. İbrahim Rusiyada oxuyub işləyərkən anamla atam onun dərdindən xəstə düşmüşdülər, hələ bacılarımı demirəm. Belə demək mümkünsə, biz yeniyetməlik və gənclik illərinin necə keçdiyini bilmədik. Bizim görəcəyimiz işləri evdə bacılarımız görüblər. İstər ot biçməkdə, istər daşımaqda, istərsə də taya yığmaqda əsl oğul işini görüblər. Mal-qoyun novatına (növbəsinə) oğul əvəzi bacılarımız gediblər…
Bir də baxdıq ki, saç-saqqalı ağarmış kişilərik. Ailə həyatı quranda artıq tay-tuşlarımızdan da xeyli geri qalmışdıq.
…Nəhayət, kəlbəcərsizlik illərimiz başladı. Ata-anamızın və deyərdim ki, bir də biz qardaş-bacının min bir əziyyəti bahasına başa gəlmiş həyətimizdə, bağ-baxçamızda yetişdirilən məhsula baxıb sevinirdik. İndi kimlərinsə bağının meyvəsinə, bostanının tərəvəzinə möhtac deyildik. Hətta, anam bazara lobya, kartof da çıxarırdı. Yeni həyətimizin üstündə atamı 15 günlük həbs etmişdilər. Bu, Məmməd Nağıyevin raykom katibi olduğu illərə təsadüf edirdi. Kolxoz sədri isə Şaplardan olan Məmməd Nəbiyev idi.
İbrahimin həyat və yaradıcılığının ayrı-ayrı səhifələrində tanış olacağımız çoxsaylı xatirələr az deyil. Kəlbəcərdə ikən iki qız balası dünyaya gələn Qətibə xanım ailəmizin həm qızı, həm də ikinci gəlini idi (mənim həyat yoldaşım Gülbəniz xanım isə evin ilk gəlini kimi, artıq ata-anamın və bacılarımın hörmətini qazanmışdı). Tez bir zamanda qaynayıb-qarışmağı ilə qəlbimizə hakim kəsilmişdi. Qardaşı Sahib Əkbərov Kəlbəcərdə, sonra isə Gəncədə Kəlbəcər RİH-nin başçısı vəzifəsində çalışmışdı. Kəlbəcərlilərin dərd-sər ortağı olan Sahib Əkbərov bizim ailənin də sevimlisi idi.
Hacıkənddə nəslimizə bir «dəli-dolu oğul» payı da bəxş etdi ulu Yaradan. Ələkbər, babamızın adını daşıyan bu şıltaq oğlan əmisini və əmisi oğlanlarını (Sənanla Kənan) xüsusi məhəbbətlə sevir. Samirə bala qardaşımın böyük qızı, anamızın adını daşıyan Güllər isə ikinci övladıdır. Samirə İngilis dili müəllimliyini bitirdi, Güllər isə tibb məktəbini. Ələkbər ali məktəb tələbəsidir. Həm də Natiq Ələkbərov onu tarzən kimi yetişdirir. Maşallah olsun, muğam və segahları gitarada gözəl ifa edir, ağıllı balamızdı, əmisini dəlicəsinə sevir.
Kəlbəcərdən didərgin düşdüyümüz günlərdə biz bir-birimizi daha yaxından tanıdıq və bir az da doğmalaşdıq. Anam kənddən çıxmırdı. Mən rayon mərkəzində yaşadığımdan, hər həftə sonu kəndə qalxardıq. Kəndimiz Otaqlı şəhərə bitişik olsa da, ayrı inzibati ərazi sayılırdı. 1993-cü il mart ayının sonları, aprelin əvvəllərində Kəlbəcərdə hər gün ölüm səhəri açılırdı. Nəhayət, mart ayının 30-u idi. Şəhərdə bir nəfər də olsun görünmürdü, imkansızlardan savayı. Mən rayon «Yenilik» qəzeti redaksiyasında işləyirdim. Atam bir balaca xəstələndiyindən, həkimlər evdə, bizdə müalicə edirdilər. Kənddəki anamla İbrahim və onun ailəsi idi. Səhər tezdən getdim kəndə. Sanki kənddə kimsə yaşamırdı. Yazyurdundakı radio-rele stansiyasını erməni vertolyotu vurub dağıtmışdı. Kəndin üstünə qrad yağışı leysan kimi tökülürdü. Təsadüfi evlərə dəymirdi. Anama nə qədər yalvardımsa, xeyri olmadı. Məni aldatmağa çalışdı: “Sən qayıt balalarını çıxart, mən İbrahimlə gəlirəm”. Amma mən qayıtdıqdan sonra iki ayağını bir başmağa dirəyib ki, bu dam-daşı qoyub heç yana gedə bilmərəm. Axşamdan Bakıdan köməyə gələn cavanların arasında qaynım Müzəffər də olub. Evdə İbrahim hinduşkanı kəsib bişirib yeyiblər. Səhər tezdən İbrahimə təsəlli olsun deyə, anam onu tövləyə baş çəkməyə göndərir: “...Get mal-heyvanın qabağına ot tök, qapını da bağla, gəl gedək” (sanki qayıtmaq üçün müvəqqəti səfərə çıxırmış kimi). İbrahim tövləyə girəndə həyat yoldaşımın atasıgilin verdiyi düyə inəyin boğazından kəndirinin açıldığını və qapının arxasında doğaraq balasını yaladığını görür. Bunu anama ağlaya-ağlaya bildirəndə o, qəti şəkildə deyir:
-Ana-balanı belə qoyub qaçmaq olar?! Onu yetirən Tanrı bizi qoruyacaq. Getmirəm heç yana! Bəs bu balanı kimin ümidinə qoyum gedim?!
Beləliklə, İbrahim erməni quldur dəstələrinin kəndi mühasirəyə aldığını görüb onu birtəhər, ayaqyalın-başıaçıq kənddən çıxarır. Yollar bağlı, sinələr də dağlı. Necə və hara gedəsən ki? Üç günə Murovdağın Kəlbəcər üzündəki «Yol evi»nə qədər gəlib çıxırlar. Bu, həmin günlər idi ki, mən də qarlı-qanlı Murovdağda ana, qardaş-bacı axtarırdım.
Gələnlərdən soruşurdum, “gördüm”-, deyən olmurdu. Bir gün böyük bacım Pərigilin gəldiyini gördüm. Anamla qardaşımın gəlmədiyi, kənddə qaldığı mənə məlum idi. Amma onlar məni inandırmağa çalışdılar ki, arxada qalıblar, gəlirlər. Mən tufan-boranın aman vermədiyinə baxmayaraq, Murovdağın aşırımına doğru irəliləyir, arabir üzügeri baxırdım ki, görüm arxamca kimsə gəlir-gəlmir. Haraylarım dağları, dərələri lərzəyə gətirmişdi. Deməyəsən, Murovdağı aşanda mənim harayım anama çatıbmış. O, İbrahimə toxtaqlıq verib deyir ki, “qorxma, Məhəmmədin səsi gəlir...”
Mənim onları hansı müsibətlə qarşıladığımın şahidi olan «Murovdağın qulaqları qışqırığımdan batıb». Bu barədə əvvəlki kitablarda, qısa da olsa, yazmışam. Anamın, qardaşımın və mənim həmin günlərin dəhşətlərini əks etdirən bayatılarımı oxucuları az kövrəltməyib.
Kəlbəcərdən didərgin düşdüyümüz illərdə İbrahim qələmi və sözü ilə bir daha təsdiqlədi ki, o, yaradıcı insandır. Qələmindən aşıq poeziyasının nümunələri az çıxmayıb. Həmçinin onun yazdığı rübailər, təcnis və məsnəvilər məni heyran qoyub. Bunları öyrəndikdən sonra özümü bağışlaya bilməmişəm, sanki doğma qardaşımı tanımamışam.
2005-ci ildə çapdan buraxılmış «Kəlbəcər dünyası: yüz şairin bir kitabı»nda İbrahim Səfərlərin də nümunə kimi iki şeiri (qoşma və gəraylısı) dərc edilib. «Kəlbəcər» rədifli qoşmasında o, doğulduğu yurdun təkcə təbiət təsvirini deyil, qəlbində saxladığı həsrətinin də sanki şəklini sözlə cızıb:
Ayrılığın bir dərd olub sinəmə,
Bu niskili necə yazım, Kəlbəcər?!
Düşüb boranına, çovğununa mən,
Murovda, Keytidə azım, Kəlbəcər.
Bağlanıb yolların, ellər aralı,
Həsrətdən çəməndə güllər saralı.
Oxumur bülbüllər, dillər yaralı,
Girovdu sədəfli sazım – Kəlbəcər.
Əlim ətəyindən üzülü qalıb,
Sinəmdə dağ-düyün düzülü qalıb.
Qönçəsi açılmır, büzülü qalıb,
Şirin ləhcəm, xoş avazım – Kəlbəcər.
Nazını çəkmədik çiçəyin, gülün,
Bir ağır mahalın, bir ağır elin.
Düşdük girdabına biz daşqın selin,
Gəlməyəydi bax o yazın, Kəlbəcər.
Qoşmanın təhlilinə ehtiyac duymuram. «Kərəmi»də isə o, tamamilə başqa ampulada çıxış edir. Bu qəmli saz havasının qəlblərə dağ çəkməsini o, belə ifadə edir:
Məni üzən dərd-kədərim
Silələndi «Kərəmi»də.
Qəm-kədərdən yük tutaraq,
Şələləndi «Kərəmi» də.
Donub barmaq pərdələrdə,
Sızıldayır göy də, yer də.
O simlərlə belə dərdə
Gül ələndi «Kərəmi»də.
İbrahimi üzür bu hal,
Qəlbi dolu, duyğusu lal.
At belində igid Calal
Güllələndi «Kərəmi»də.
İbrahim yaradıcılığa çox erkən yaşlarından başlayıb. Amma o, bu işlə müntəzəm məşğul olmayıb. Bunu buraxıb təbinin ixtiyarına. Yaddaşına yazılanları kitab-dəftərə köçürməkdə tənbəldir. Çox çalışmışam ki, yazı-pozusunu toplayıb bir kitabça da olsa, çap etdirək, indiyə kimi buna nail ola bilməmişəm. Ona görə də ömrünün zirvəsinə - yubileyinə hədiyyə olsun deyə, bu kitabı oxucuların ixtiyarına verməyi qərara aldım. Mən bildiklərimi nəşr etdirsəm də qənimətdir. Çap olunmağa həvəsi olmayan İbrahim Səfərllərin, qardaşım olduğu üçün demirəm, qəlbi poetik duyğularla doludur. Hələ Rusiyada və Türkiyədə işlədiyi illərdə mənə şeirlə yazdığı məktublarından hiss edirdim bunu. Rusiyada basgitarada çaldığı saz havaları dostlarının duyğularına su çiləyərdi. Mən də şahidi olmuşdum. Sazı çox ustalıqla və özünəməxsus incəliklə çalmağı var. Deyərdim ki, ailəmizin atamdan sonra başbiləni, ağsaqqalıdır, baxmayaraq ki, mən yaşda ondan böyüyəm. Bacılarımızın qayğısına məndən çox qalır. Axşam-səhər onların dərd-səri ilə məşğuldur. Doğrusu, fikirləşirəm ki, İbrahim Hacıkənddə məskunlaşmasaydı, orada təsərrüfatla məşğul olmasaydı, necə yaşaya bilərdik?
1961-ci il avqust ayının 16-da Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olan Səfərlər İbrahim Nəriman oğlu (Sadıqzadə) bədii yaradıcılığa başlayandan dövri mətbutda müntəzəm çıxış edib, məqalə və şeirləri respublikanın müxtəlif dövri nəşrlərində dərc edilib. O, həmçinin «Qanlı köynəklər», “Ağdabanım-bağrı qanım” kitablarının həmmüəllifi, 50 illiyimə həsr olunan «Ömrüm kitab ömrü»nün məsləhətçisi və tərtibçisidir. «Yeni bəşər» və «Yenilik-Press» qəzetlərinin Gəncəbasar üzrə bölgə müxbiri, AJB-nin, TDYB-nın (Türk Dünyası Yazarlar Birliyi) üzvü, “Qızıl qələm” və “Peşəkar Yazar” mükafatları laureatıdır.
İbrahim Səfərlər son bir neçə ildir ki, Kəlbəcər RİH-nin nəzdində dövlət arxivinin müdiri kimi də üzərinə düşən vəzifə borcunu şərəflə yerinə yetirir. Hər gün dərd-səri başından aşan kəlbəcərlilərin sənədlərini arayıb axtarır və onlara xidmət göstərir. Xatirini çox istəyirlər. Bundan başqa o, Hacıkənddə (son 3-4 ildə isə Hacıməlik qəsəbəsi yaxınlığındakı yeni yaşayış massivində - həyət evləri olan qəsəbədə) məskunlaşmış kəlbəcərlilərin nümayəndəsidir. Bu ictimai iş onu daha çox sıxır. Bir vaxtlar var-dövləti ilə ad çıxarmış kəlbəcərlilərin yardım ümidinə qalmasına tablaşa bilmir.
İbrahim Səfərlər ömrünün zirvələşən çağlarında qəriblik həyatı yaşamaqdadır. Kəlbəcərə məndən məsafəcən yaxın olan qardaşım Kəpəz və Murovdağdan əsən yellərlə Kəlbəcərin havasını bürkülü, zəhərli şəhərinkinə, əlbəttə, dəyişməzdi. Çox çalışdım ki, onu Bakıya, cəmiyyətin qaynarlığına çəkim, amma, yurda, torpağa, təsərrüfata, doğma qonum-qonşulara və qohumlara bağlılığı buna imkan vermədi. Nə yaxşı ki, gəlmədi. Ata-ana məzarına tez-tez baş çəkir. Göygöl rayonunun Aşıqlı kəndindəki məzarstanlıq onun ziyarət yerinə çevrilib.
İbrahim Səfərlərin bədii yaradıcılığı barədə geniş məlumat verməməyimin səbəbkarı özüdür. O, çox xəsisliklə özünün yaradıcılığı barədə danışır. Lakin onun yaradıcılığından saatlarla danışsam, yorulmaram. İstərdim ki, indiyə kimi, söz aça bilmədiyim bir poetik qəlbin döyüntülərinin səsini eşidək. Nümunə üçün burada vediyim şeirlərin əksəriyyəti, çox güman ki, qardaşımın yaddaşında ilişib qalmayanlardandır. Necə ki, o, şeirlərimin bir yerə toplanmasında məndən çox çalışıb və yaddaşına həkk edib. Mən isə onun yeri gəldikcə, saz sinəsində, barmaqları pərdələrdə səkəndə pıçıldadığı, zümzümə etdiyi misraların hamısını bir yerə toplaya bilməmişəm.
Yazdığım misralar qəm-kədər yükü,
Sonu puç sevdanın boş, hədər yükü.
Budur taleh yükü - bu qədər yükü…
Ümidli bir şeirim varmı görəsən?
Sualı verən kim, cavab verən kim,
Mənim dərdlərimi axı, görən kim?
Bir ümid əkdim ki, ümid dərəm ki,
Ümidli bir şeirim varmı görəsən?
Baxma dən düşməyib hələ başıma,
Cavan sayma məni, baxıb yaşıma.
Demə ki, daşürək çıxıb qarşıma,
Ümidli bir şeirim varmı görəsən?
İbrahim Səfərlərin sual-cavabı,
Almasın ürəkdən dözümü, tabı.
Yazıram, dadılsın sevincin dadı,
Ümidili bir şeirim varmı görəsən?
Nəhayət, mənə elə gəlir ki, onun barəsində hər şey bildiyim halda, heç nə bilmirəm. Ona görə tanımadıqlarım kimi yaza bilmirəm. Çox çətindir özün və özününkülər barəsində söz açmaq, qorxuram ki, təvazökarlıqdan kənara çıxsın, o da bunu istəmir axı. Sadəliyi qədər səmimi olan qardaşımın həyat və yaradıcılığı ayrıca bir kitablıqdır. Onu gələcək göstərər, inşallah! İndi isə qələmin gücünə və bir də qəlbimin, hissimin, duyğularımın pıçıldadıqlarını kağıza köçürmək istədim…
Bir dastan başlamaq,
Nağıl demək istəyirəm,
Bir gəraylı istəyirəm,
Misraları nidalı, suallı,
Kəlbəcərdə doğulub o,
Qəm-kədər yüklü dərddən
azmı görən boğulub o?!
Kasıb ata ocağının
İstisinə boy atıbdı,
Şirin ana laylasına
Şirin-şirin yatıbdı o?!-
Yuxuları perik düşüb,
Yurdu viran qardaşımın,
Mənim ürək sirdaşımın…
Mənim gərək qardaşımın…
Ömrünün şərəfli illərini yaşayır sevimli qardaşım. Qardaş qardaşa nə qədər gərəksə, bacılar da o qədər lazımdır. Bacılarımızın və balalarmızın adından qardaşıma uzun ömür, sağlam həyat tərzi arzulayıram. Kəlbəcərə dönmək ümidi ilə…
Bu yazını və kitabı mən, əslində, düz 10 il bundan əvvəl oxucuların ixtiyarına buraxmalı idim. Görünür, biz bilmədiyimiz hələ çox sirr, sehrli qüvvə var.
Budur, Qarabağımız, o cümlədən də Kəlbəcərimiz yağı-düşmənin əsarətindən xilas edildi. 8 noyabr – Zəfər Günümüz münasibətilə mən də xalqımızı, həmçinin kəlbəcərlilərimizi, qarabağlılarımızı təbrik etmək üçün bu kitabı qardaşıma hədiyyə etməyi düşündüm. Gələn il 60 illiyi olacaq. Kəlbəcərimizdə, cənnətməkan Dikyurdda, Şirinbulaqda (ilin füsunkar fəslində-yayda olacaq) qeyd edək, amin! Bu sevincli günlərimizdə dünənimizə boylanıb, ötənlərdə qalan müsibətlərimizi də yada salmalıyıq. İbrahimin də bu kitabda toplanmış məqalə və şeirlərinin əksəriyyəti məhz Murovdağda qalan haraylardan ibarətdir. Ona görə də əvvəlcə “Sinə dəftərim” adlandırdığım kitabın adını yenidən dəyişib “Murovda qalah haray” yazdım. Onsuz da onun sinəsində qövr edən yaradır hər misrasında həsrət, hicran, ayrılıq, dərd-möhnət olan şeirləri. Bunların hamısı da Murovdağda daşa dönüb qaldı 1993-cü ilin qanlı-qarlı aprel günlərində. O günlərdə ki, anamla qardaşımı məhz həmin müsibətli günlərdə zülmlə axtarıb tapmışdım.
Tanrı qardaşları bir-birinə dost və mehriban eləsin, onda doğmalar, qohumlar arasında da isti münasibət yarana. Murovdağın, Kəpəzin, Dəlidağın əzəmətini şəxsiyyətində saxlayan qardaş, dağlar qədər ucalasan, kişi kimi yaşayırsan, aqil kimi də qocalasan. Qocalığının zirvəsinə əlin çatsın…
qardaşım İbrahimin qəlbinin bəhrəsi olan şeirlərinə və publisistik yazılarına münasibət bildirməyə gəlincə, etiraf edim ki, indiyə kimi “xəsislik” eləmişik hər ikimiz də. O, utanıb, qısılıb mənim yanımda öz yaradıcılığından söz açmayıb. Amma elin toy şənliklərində, ədəbi-bədii tədbirlərdə onun necə qabiliyyətli aparıcı, səlist nitqə malik olduğunu duyduqca, haqqında yüksək fikirləri eşitdikcə qürurlanmışam. Amma, “qaralama” dəftərini ələ keçirməkdə gecikdiyimi indi duymuşam. Dəftər deyəndə ki, o, şeir yazıb, üzərində işləyən qələm adamı deyil. Bədahətən gəldimi, misralar qaranquş qanadında pərvazlanır, kimsə onları qələmə aldısa, onlar qalır. O, mənim yazdıqlarımı sinədəftər etsə də, təəssüf ki, onun şeirlərinin bircə bəndini əzbər bilmirdim.
Son vaxtlar qələmə aldığı bir şeirinə baxaq. Şeirin əvvəlində yazır: “Anam Güllərin növbəti ildönümündən əvvəl qəbristanlığı ziyarətə getdim (bu il mayın əvvəlində-M.N.). Orada “anamla dərdləşdik”. Dillənmirdi, susmuşdu, ya da əbədi yuxuya getmişdi, oyanmadı, elə bil Murovdakl kimi donmuşdu…”
Gəlmişəm, ay ana, qurbanın olum,
Bu gecə yanında qalım da, gedim?!
Bura bir şennikdi - kəndimiz burda,
Kəndimin qonağı olum da, gedim?!
Bahar deyil, hər yan mənə qışdı ki,
Tənha çəkdim, dərd həddini aşdı ki.
Ürək deyil, sinəmdəki daşdı ki,-
Dəyişib ovqatım, halım da gedim.
Niyə susdun, bir pıçılda, gileylən,
Gələ bilmir oğlun-qızın ha söylən.
Məni tutsa bu xəstəlik deyilən,
Gəldim könlünüzü alım da gedim.
Bilirəm, nigaran yatırsız burda,
Ruhunuz dolanır viranə yurdda.
Söylə də, ruhumun məkanı harda,
Acı xəyallara dalım da gedim.
Ay ana, son gəliş, son gediş olsa,
Mənə halallıq ver, son görüş olsa,
Allahın izniylə bir dönüş olsa,
Qalxıb buludlara dolum da gedim...
Nəhayət, budur “ordan-burdan” toplayıb bir kitaba yığdığım yaradıcılıq nümunələrini səhifələyir, vərəqləyirəm. İlahi, burada ədəbi-bədii nümunələr sayılacaq necə gözəl, dəyərli kəlamları var. Daim məni tərifləyən (jurnalist kimi mənimlə qürur duyduğunu gizlətməyən) qardaşım İbrahim Səfərlərin öz şeirləri mən yazdıqlarımdan qat-qat güclü, oxunaqlı və janr baxımından daha rəngarəngdir. Onun şeirlərinə keçmədən bədii və sənədli publisistikası haqqında fikrimi ümumiləşdirsəm, o, əsl söz adamıdır,-deyərdim. Onun istər mənim haqqımda qələmə aldığı portret oçerkini, istərsə də, kitabda oxuyacağınız “Anasını itirmiş bala ceyran”, “Murodağ, Turşsu, Qanlı daş və…” kimi yazılarını həyacansız oxumaq olmur.
İbrahimin şeirlərinin mövzusu da, janrı kimi al-əlvandır. Burada vətənpərvərlikdən başlamış, məhəbbətə, satiradan, yumordan tutmuş, lirik duyğulu şeirlərə rast gəlmək mümkündür. O, daha çox klassik janra, aşıq şeir formalarına üstünlük verir ki, bu da ənənəvilikdən irəli gəlir, Kəlbəcər ədəbi mühitinə xasdır: Kəlbəcər ədəbi mühitində, adətən, aşıq şeiri, heca vəzni üstünlük təşkil edib tarixən.
Şeirlərinə şərh vermək fikrindən uzağam, lakin onu deməyi özümə borc bilirəm ki, kimlərin xatirinəsə öz bədii yaradıcılıqlarını kölgədə qoymağa çalışır. İbrahim Səfərlərə bundan sonra da cansağlığı və yaradıcılıq uğurlarının davamını arzulayıram. Uğurlar olsun, əziz qardaşım, pasibanım, Kəlbəcərimizdə yazıb-yartmaq da nəsibin olsun.
Məhəmməd NƏRİMANOĞLU,
jurnalist-publisist
AY VƏTƏN YOLLARI
Həsrətsən illərdi doğma izlərə,
Ay Vətən yolları, Vətən yolları.
Səpildik hər yerə - çölə, düzlərə,
İzimdə qanqallar bitən yolları,
Ay Vətən yolları, Vətən yolları.
Gecələr yuxuma gəlir kəndimiz,
Mənimlə dərdini bölür kəndimiz.
Saxlayır əmanət, bilir kəndimiz,
Kim getsin, kim tapsın itən yolları?!
Ay Vətən yolları, Vətən yolları.
Dünya düşüb bir siyasi oyuna,
İbrahim, qəriblik düşdü payına.
Ana harayına, qardaş hayına,
Murovda haraya yetən yolları,
Ay Vətən yolları, Vətən yolları.
İbrahim Səfərlər
Hacıkənd qəsəbəsi, 2005Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-12-2020 15:19
Baxış sayı: 3481
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02