Fərid Muradzadənin "Cəhənnəmdən qaçış"ı -Novella(II hissə)

12-12-2020 11:23
Dalidag.az istedadlı yazar Fərid Muradzadənin real həyat hadisələri əsasında qələmə aldığı bədii əsərdən ikinci hissəni təqdim edir:

                                                        CƏHƏNNƏMDƏN QAÇIŞ
                                                             (novella - II hissə)
Alov püskürən əjdaha kimi gecənin qaranlığını yara-yara səmada sayrışan qrad və top mərmiləri kəndi cəhənnəm atəşinə bürümüşdü. Azğınlaşmış düşmən döyüş mövqelərindən daha çox dinc əhalini hədəfə almışdı. Əslində ermənilər bu ərazilərə, xüsusən də sərhəddə olan hər iki Azərbaycan kəndinə orada məskunlaşmış yerli sakinlərdən daha yaxşı bələd idilər. İllər boyu bu kəndləri addım-addım əzbərləyən düşmən tərəfi hər şeyi ölçüb-biçmişdi. Hələ SSRİ-nin “yaxşı vaxtlarından” Sosialist Azərbaycan ilə Sosialist ermənistan arasında ədalətsiz bir bölgü vardı. Hər bir işin çətin tərəfi nədənsə Azərbaycan və azərbaycanlıların çiyninə düşürdü. Məsələn; Sosialist Azərbaycanda min bir əziyyətlə pambıqçılıq inkişaf etdirilirdi. Əzab-əziyyət bahasına başa gələn 1kq pambığı zəhmətkeş azərbaycanlıdan 50 qəpiyə alır, ondan yenə zəhmət hesabına başa gələn liflər əldə olunur və bu liflərdən hansısa sehrli bir “qüvvənin” təsiri altında məhz Sosialist ermənistanda köynək və s. kimi geyim ləvazimatları hazırlanırdı. Ən acınacaqlısı da bu idi ki, həmin köynəklər və s. “Сделано в Армения” əmtəə nişanı altında 1 ədədi 8 rubla əlləri qabarlı azərbaycanlılara satılırdı. Çox vaxt da belə şeyləri ucqar azərbaycanlı dağ kəndlərinə gətirib satan da ermənilər olurdu. Azərbaycanda yağ defisit olduğu halda ermənistanda qutu ilə satışı azad idi və sadə azərbaycanlı bunu mütləq xahiş-minnətlə hansısa erməni ”kirvəsindən”  yalvar-yapışla alırdı. Azərbaycan kəndlərindəki dükanlarda konserv, kolbasa-sosiska, hind çayı və s tapılmazdı, tapılanda da “əlaltdan” satılardı. Erməni kəndlərində isə əsl “kommunizm” idi. Amma könlü konserv, kolbasa və s. istəyən azərbaycanlı km-lərlə kələ-kötür, nahamar, yayda toz-torpaqlı, qışda şaxtalı-qarlı yolları (çox vaxt da piyada) qət edərək erməni kəndlərindəki dükanlara üz tutar və aldıqlarının hesabına necə dəyərlər “dişini dəyişərdi”. Ermənilər isə bütün bu baş verənlərin fonunda gələcək ermənistan naminə planlı şəkildə çalışırdılar. Azərbaycan kəndlərinə ticarət adı altında gələn ermənilər bütün ərazini, strateji əhəmiyyətli hündürlükləri, yolları və s. beyinlərinə həkk edərdilər. Beləliklə müharibəyə başlayan düşmən tərəfi Azərbaycan və azərbaycanlılar haqqında kifayət qədər məlumatlı idilər.  Rafiq və səngər yoldaşları durmadan qrad mərmiləri daşıyırdılar. Çatışmazlıqlar vardı. Düşmən tərəfi susmuşdu. Lakin təcrübəli komandir yaxşı bilirdi ki, hiyləgər düşmən səhərin şirin yaz yuxusundan istifadə edəcək. Ümumiyyətlə ermənilər əsasən gündüz hər kəsin işdə olduğu, axşam üstü hər kəsin evdə olduğu vaxtda və bir də səhərə yaxın insanların şirin yuxuda olduğu zamanda həmləyə keçirdilər. Gündüzlər iş başında pərakəndə olan insanlar artilleriya yağışı altında evindən, ailəsindən narahat olar, stress çəkər, axşamlar yorğun iş saatlarından sonra evinə çəkilən insanlar rahatlanmaq istədikləri vaxt yenə də stress yaşayar, istirahətləri “burunlarından gələrdi”. Səhərə yaxın “şouda “  isə gün ərzində əsəbləri tarıma çəkilən yorğun insnların yuxulu ikən yenidən ovqatı təlx olardı. Bir sözlə düşmən tərəfi insanları stress altında saxlayaraq onlara güclü psixoloji təsir göstərirdi. Hətta ermənipərəstlər və ermənilərin köləsi olan bəzi təxribatçılar dinc əhalini Xocalı ilə qorxudaraq öz torpaqlarını tərk etməyə sövq edirdilər. Lakin əhali orduya güvənirdi. Dolu kimi yağan mərmi altında ora-bura yüyürən əsgərlər düşmənə layiqli cavab verirdilər. Komandir əsgərləri toplayıb lazımi tapşırıqlar verdi. Hər kəsə hazır olmağı, təxribata uymamağı, mətin olmağı tapşırdı.                                                                                     Porsuq ölümü  
Axmaq adamın xoşbəxtliyi də axmaq olur (Çin atalar sözü). Sərhəddə idilər. 50 nəfər də özü kimi alçaq, qaniçən terrorçu ilə birlikdə Xınzirək kəndinən keçib “Yazı düzü”nə çıxacaq, oradan da qəfil hücuma keçərək “Laləzar körpüsünə” yaxınlaşacaq və körpünü partladacaq, əhaliyə və infrastruktura ciddi ziyan vuracaqdılar. Lalayanın qərargahında hazırladıqları plan belə idi. “Laləzar körpüsü” 1867-ci ildə inşa olunmuşdu. Qədim və olduqca dayanıqlı bir körpü idi. Axşamın düşməsini gözləyirdi. Gecə olduqca əlverişli zamandır. Gecə onun kimi iblislərin çirkin əməllərini həyata keçirməyə hesablanmışdı sanki. Qaranlığı çox sevirdi, çünki qaranlıqda olduqca sərbəst olurdu. Ümumiyyətlə boyu 2,1 metr olan bu vəhşi terrorçu hərəkətlərində olduqca sərbəst idi. Yaşına, gövdəsinə yaraşmayan cəldliyi vardı. Bəbir kimi çevik, ilan kimi təmkinli, dəvə kimi kinli, qatır kimi dözümlü, öküz kimi güclü idi. Ermənilər arasında “Qara bəbir”  ləqəbi ilə tanınırdı. O, məhz bu gecə sərhəddi keçəcək, körpünü partladacaq, sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsəcək və mühüm strateji yüksəklikləri ələ keçirəcəkdi. Quldur dəstəsinə başqa əsgər almamışdı. Onun hesablamalarına görə bu planı gerçəkləşdirməyə 50 nəfər öz adamları bəs edərdi. O adamlar ki, hər biri xarici ölkələrdə xüsusi döyüş kursları keçmişdilər. Axşamın düşməsini, gecənin zülmət pərdəsinin çəkilməsini gözləyirdilər. Diqqətlə həm xəritə üzərindən, həm də durbinlə Azərbaycan ərazilərini nəzərdən keçirirdi. Qara cildli qeyd dəftərində şifrəli qeydlər aparırdı. Arabir dodaqaltı nəsə mızıldanırdı. Komandir kəşfiyyat bölmələrinin əldə etdikləri məlumatı bir-neçə dəfə yoxlatdırmışdı. Karleni yaxından görən bir kəşfiyyatçı onun təxmini fotorobotunu da çıxarmışdı. Zabit və əsgər heyəti tam məlumatlandırılıb, təlimatlandırılıb axşamkı düşmən hücumuna hazır vəziyyətə gətirildi. Komandanlığın qərarı belə olmuşdu; -düşmənin bizim tərəfə keçməsinə maneəçilik törədilməməli, azğın düşmən dəstələri onların kimsə tərəfindən aşkarlanmadığı təsəvvüründə olmalı və qarşıda bizimkilərin toruna düşməlidirlər. Eyni zamanda, düşmən tərəfi tələ olduğunu anlasalar başqa alternativ planlar da düşünülmüşdü. Bəstəboy, qısa saqqallı, uzunçənə, olduqca baməzə birisi olan Muxtar adlı bir əsgər yerində qərar tuta bilmirdi. Səbri kəsilmişdi. Yanındakı həmkəndlisi olan leytenant Cabbara baxıb dedi:
-Qağa, səbrim kəsildi. Bu erməni ...... niyə hərəkət etmirlər. Çaqqal vurmaq istəyirəm axı!
-Səbr elə! Düşmən hiyləgər tülküdür. Onlar da tam zamanı gözləyirlər. Bir azdan hərəkətə keçəcəklər.  
-Axxx!!!
Təqribən yarım saat sonra Karlenin başçılığı altında hərəkətə keçən düşmən dəstələri barədə məlumat daxil oldu. Karlen öz cinayətkar qatil dəstəsini 3 yerə bölmüşdü. 1-ci dəstə onun rəhbərliyi altında səssizcə körpüyə yaxınlaşacaq, 2- ci dəstə Əliquluuşağı kəndindəki postlara gizlincə yaxınlaşıb güllə səsi olmadan ordakıların işini bitirəcək, 3-cü dəstə isə Müskanlı kəndinə hücum etməli idi. “Laləzar körpüsü”nün partladılması ermənilər üçün olduqca əhəmiyyətli idi. Birincisi bu körpünün dağıdılması Qubadlının digər kəndləri və qoşun bölmələri arasındakı bağın qırılması, ikincisi isə Xınzirək istiqamətində Azərbaycan Ordusunun zirehli texnika aparılmasının qeyri-mümkünlüyü demək idi. Qəfil körpünün partlaması, postların və mühüm strateji yüksəkliklərin ələ keçirilməsi əhali arasında xaos yaradacaqdı. Pərən-pərən düşmüş əsgəri bölmələr və mülki vətəndaşların çaşqınlığı daha çox qırğına gətirib çıxaracaqdı. Lakin bu sadəcə Karlenin planları idi. Quyu qazanın quyusunu ondan xəbərsiz qazan Azərbaycan əsgəri düşmənin əsas hərəkət marşrutunu tam nəzarətə götürmüşdü. Düşməni bir az da rahat salmaqdan ötrü, hər şeyin təbii görünməsi üçün mülki forma geymiş bir-neçə təcrübəli əsgər və zabit kəşfiyyatçı da sanki hardansa gəlirmişlər kimi s əhnələr qurmuşdular. Hər şeyin rəvan getdiyini zənn edən Karlen bu əraziyə sızdırdığı özününkülərlə əlaqə saxladıqdan sonra yanındakılara –“bu arada gəzənləri səssizcə ələ keçirin, müqavimət göstərənləri öldürün ki, əl-ayağa dolaşmasınlar”, ‐dedi. Lakin daş qayaya rast gəldi və... Şiddətli döyüş gedirdi. Düşmən dəstələri həqiqətən də peşəkar döyüşürdülər. Xüsusi təlim gördükləri bəlli idi.  Karlenin bütün planları alt-üst olmuşdu. Artıq geriyə yol yox idi. “Məğlubedilməz Karlen” uduzmuşdu. Lakin təslim olmağı əsla ağlının ucundan belə keçirmirdi. Qırmızı görmüş matador öküzü kimi gözləri qızmışdı. Təxmini bilirdi ki, bu ətraflarda mağaralar var. Qarışıqlıqdan istifadə edib hələlik orada gizlənmək ,fürsət düşən kimi Gorusa ya da Sisiana keçmək və toparlanıb intiqam almağı düşünürdü. Hələlik isə ələ keçməmək üçün ilk olaraq mütləq o mağaralardan birinə sığınmalıydı. Lakin bu nəhəng adamı nəzərdən qaçırmaq mümkünsüz idi. Hər kəs bu yekəpər, nataraz, yöndəmsiz ermənini ələ keçirmək (ölü, ya da diri) niyyətinə düşmüşdü. Karlen atışa-atışa gözdən yayınıb özünü dar bir mağaraya pərçimlədi. İndiyə qədər çox canlar yaxmış bu vəhşinin indi canı sıxılırdı. Həm mağaranın darısqallığı həm də düşdüyü durum, aldığı məğlubiyyət acısı onu didirdi. Əgər məni burda tapmasalar gecə ikən sərhəddi o tərəfə keçə bilərəm. Ancaq mənim burada olduğumu bilsələr... Silahını və ehtiyat güllələrini yoxladı. Kifayət qədər gülləsi vardı. 30-40 dəqiqə sonra yaxından səslər gəlməyə başladı. Dalağı sancdı. Demək izimə düşüblər. Gəlin! Sizinlə sona qədər döyüşəcəyəm! Mağaranın ətrafı sarılmışdı. Karlendən təslim olmağı tələb edirdilər. Lakin o, əsla təslim olmayacaqdı. Döyüş gedirdi. “Qara bəbir” ləqəbli Karlen indi porsuq kimi darısqal mağaraya qısılmışdı. Atılan güllələr ona zərər vermirdi. Amma ətraf daralır, gülləsi tükənirdi. Təkrar: -Sənə son şans veririk, təslim ol!, -dedilər. Lakin o, güllə ilə cavab verdi. Bu şərəfsiz ermənini məhv etməkdən başqa yol yox idi. Qranat atanla mağaranın düz içərisini nişan aldılar. Dəhşətli gurultu qopdu... Sürüyə-sürüyə it leşi kimi gətirdikləri meyitiin ayaqları ,,QAZ 52" maşının yük yerindən azacıq çölə çıxmışdı. Bəbir kimi hücuma keçən Karlen porsuq kimi mağarada boğulub öldü. 
 Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən, olduqca mühüm-strateji əhəmiyyətə malik olan Laçın rayonu münaqişə başlayandan ermənilərin diqqət mərkəzində idi. Azğın düşmən nəyin bahasına olursa olsun bu rayonu ələ keçirmək istəyirdi. Planlar çoxdan hazırlanmışdı. Şuşanın işğalı Laçının ələ keçirilməsini daha da rahatlaşdırdı. Azərbaycan ordusu tam bir fiaskoya uğramışdı. Şuşanın işğalı A.Ter-Tadevosyanın ermənilər içində şöhrətini daha da artırmışdı. Ona “Komandos” ləqəbi verilmişdi. Artıq demək olar ki, bütün işğal planlarını onunla hesablaşırdılar. Yengibaryan və Lalayanın cinayətkar dəstələri bu ətrafda xeyli canfəşanlıq edirdilər. Karlenin ölümündən sonra Lalayan vəhşiyə dönmüş, eyni zamanda da səhvlərindən nəticə çıxarmışdı. Hər şey təkrar-təkrar yoxlanıb dəqiqləşdirilir, hər kəs təlimatlandırılırdı. İşğalçı qüvvələrin hərəkət marşrutu, qarşıdakı maneələr, hücum və döyüş taktikası bir daha nəzərdən keçirilirdi. Mütəşəkkil təşkil olunmuş erməni silahlı qüvvələri bu gecə şiddətli hücuma keçəcəkdilər. Yenicə ələ keçirdikləri Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Gorusdan hücuma keçən erməni ordusu mayın 18‐də yeni bir qələbəyə imza atdı. Laçın tam işğal olundu. Cəbhə bölgəsini tərk edərək Bakıdakı siyasi qarşıdurmalara cəlb olunan Azərbaycan Ordusunun əsgər bölmələri də bir növ düşmən tərəfin işini asanlaşdırmışdı. Məhz bu cür şəraitdən məharətlə yararlanan ermənilər Laçını da işğal etdilər. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ağır zərbə vurmuş oldu.                                                                                                                      Səngər həsrəti 
Orta məktəbi bitirmişdi. İndi daha çox boş vaxtı olurdu. Valideyinləri kəndə gəlmişdilər. Xeyli söhbətləşdikdən sonra atası onu Bakıya getməyə razı saldı. Doğrusu artıq həqiqi hərbi xidmətə çağırışçı idi. Lakin ona 2 yerdən çağırış vərəqəsi gəlmişdi. Kənd Soveti yanlış olaraq onun da adını çağırışçıların siyahısında Qubadlı Hərbi Komissarlığına təqdim etmişdi. Əslində isə o, qanuni olaraq Bakı şəhər Nəsimi rayonu Hərbi Komissarlığından çağırışçı idi. Atası məhz ona görə onu Bakıya aparırdı. Şəhərə gəldikdən 2-3 gün sonra sıxılmağa başladı. Şəhər həyatı ona cansıxıcı görünürdü. Fikri səngərdə və kənddə qoqoyub gəldiyi yoldaşlarının yanında qalmışdı. Get-gedə lap çox sıxılmağa başlamışdı. Atası sıxılmaması üçün Rafiqi maşın təmiri ilə məşğul olan sexlərdən birinə şagird düzəltmişdi. Texnikaya olan marağı onu bu işi yaxşı mənimsəməyə sövq edirdi. Get-gedə işi daha yaxşı öyrənirdi. Artıq şəhərdə sərbəst şəkildə maşın da idarə edirdi. İş müddətində başı qarışsa da bekar vaxtlarında səngərdəki əsgərləri xatırlayar, orada olmaq istəyərdi. 18 yaşı aprel ayında tamam olacaqdı. Hələ qanuni Azərbaycan Ordusunun əsgəri deyildi. Amma bu 4 ildə o qədər bişmişdi ki... Getdikcə qəlbini bürüyən intiqam alovu ona rahatlıq vermirdi. Özündən asılı olmayaraq ən qaynar döyüş nöqtələrində olmaq istəyirdi. Məqam gözləyirdi. Az qalmışdı. İlk çağırış günü gedəcəkdi. Hara olur-olsun fərqi yoxdur. Azərbaycanın hər qarış torpağı Vətəndir. Bölgənin fərqi yoxdur. Vətən vətəndir, düşmən də düşmən. Xocalı faciəsindən sonra büsbütün dəyişmişdi. Şuşa və Laçının işğalı da onu çox narahat edirdi. Həyəcanla həqiqi hərbi xidmətə çağırılmasını gözləyirdi. Günlər bir-birini əvəzləyirdi. Artıq hərbi xidmətə çağrılmasına 1 ay qalmışdı. Aprel ayının 3- də yenidən müraciət etdi. Hərbi komissarlıqdan isə ona yalnız May ayında çağırılacağı bildirilmişdi. (Aprelin 30-u ad günü idi). Aprel ayının hər ötən günü ona bir il qədər görünürdü. Yenə səbri çatmadı. Hərbi Komissarlığa bir daha müraciət etdi. Bu dəfə şəxsən komissarla görüşdü. Komissar bu gənc, qorxubilməz, cəsur, qıvraq, vətənpərvər oğlanı zənnlə süzüb dedi: -Ayın 1-də mütləq gəl. Doğrusu səni çox bəyəndim. Mərd oğlansan. Amma sənə bir məsləhətim də var. Çalış özünü qoru, ölmə! Sənin kimi ürəkli oğullara ehtiyacımız var. Bunu qulaqlarında sırğa et, özünü qoru! Düşmən çox hiyləgər və amansızdır. Dediklərimi unutma, oğul! Bəlkə də indi sənə dediklərimi tam mənası ilə dərk edə bilməzsən, amma vaxt gələcək ki, tam anlayacaqsan! İndi get dincəl və mayın 1-də burda ol! Səhər erkəndən durmuşdu. Əslində demək olar ki, heç yatmamışdı. Elə bil yatağına qor doldurmuşdular. Doğrusu o, heç belə yumşaq yatağa da alışqan deyildi, çünki 15 yaşından etibarən kənddə yaşadığı 4 ilin üst-üstə demək olar ki, 2 ilini elə səngərdə, yayda torpağın, qışda isə torpağa sərilmiş saman ya da ağac budaqlarından hazırlanmış nahamar ,,yataq" üstündə gecələmişdi. Səngər üçün darıxmışdı, döyüş üçün qəribsəmişdi. Düşmənə qarşı nifrət hissi get-gedə daha da artırdı. Qarabağ problemi, Xocalı faciəsi, itirilmiş digər rayonlar, Şuşa, əsir qız-gəlinlər, min-bir əzab-əziyyətlə, ağlasığmaz işgəncələrlə öldürülən azərbaycanlılar, Vətənin üzərinə çökən qara buludlar ona rahatlıq vermir, qəlbini ağrıdır, qisas hissini gücləndirirdi. O, bir vətəndaş olaraq üzərinə düşən vəzifəni icra etmək istəyirdi. Hərbi Komissarlığın qarşısı adamla dolu idi. Artıq gənc əsgərləri yoxlanışa aparırdılar. Atası və qardaşı ilə vidalaşıb inamla irəli yeridi. Səhərdən onu kölgə kimi qarabaqara izləyən ucaboy, enlikürək, yastıburun , idmançı olduğu o dəqiqə bəlli olan zabit və 2 əsgər nəhayət münasib zaman olduğunu görüb Rafiqə yaxınlaşdılar. 15-20 dəqiqə söhbət etdikdən sonra onu xüsusi təyinatlı qoşun növünün əsgəri olaraq görmək istədiklərini vurğuladılar. Hərbi komissiyadan tam sağlam olaraq keçən Rafiq elə xüsusi təyinatlı qüvvələrdə xidmət edəcək əsgərlərin siyahısında idi. Axşama doğru onları Bakıda NZS qəsəbəsindəki hərbi hissəyə gətirdilər. İndi o qanuni Azərbaycan Ordusunun əsgəri idi. Təxmini 1 ay burada təlimdə oldular. Burada olduqları müddət ərzində əzmkarlığı, mətinliyi, mübarizliyi və hər kəslə dil tapmağı ilə bütün əsgər və zabit heyətinin rəğbətini qazandı. Rafiq yorulmazdı. Doğrudur, burada təlimlər çox ağır idi. Bütün günü məşq edirdilər. Amma bu ona xüsusi bir zövq verirdi. Bilirdi ki, indi təlimdə öyrəndikləri düşmənlə üzbəüz olanda ona çox fayda verəcək. 1 ay sonra onları Yevlax rayonundakı Goran hərbi poliqonuna apardılar. Müxtəlif şəraitdə döyüş hazırlığının davamı olaraq 1 ay da burada hərbi təlimdə oldular. 2 ay müddətində Rafiq bu batalyonda özü kimi məğrur, qorxmaz, düşmənə nifrət edən igidlərlə daha yaxından tanış oldu. Onlar, əgər bir yerdə hərbi xidməti davam etdirəsi olsalar bir-birinə daima dəstək, düşmənə qarşı isə amansız olacaqlarına and içdilər. Onlara erməni və rus birləşmələri tərəfindən ərazisinin xeyli hissəsi işğal olunmuş Ağdam rayonuna gedəcəklərini bildirdilər. Çünki nazirlikdən əmr gəlmişdi. Səhərə yaxın yola çıxdılar. Bərdədən keçəndə qəfil qarşılarına toy karvanı çıxdı. İnsanların üzündə sevinc qarışıq bir kədər də vardı. Hətta yenicə ailə həyatına qədəm qoyan bu cütlük də sevinclə kədərin təzadlı təsirində idilər. Bütün bunları Rafiq insanların üzündən oxuyurdu. Müharibənin dəhşəti insanların simasında dərin, kədərli bir iz qoymuşdu. Gözlə baxanda hiss olunmurdu, lakin bu əzab-əziyyəti, məşəqqəti görənlər, dadanlar bunu hər kəsdən daha gözəl bilirdilər. Ağappaq gəlinlik libasında xüsusi bəzədilmiş UAZ markalı maşına tərəf addımlayan gəlini görən Rafiqin gözləri önünə anidən Gülnar gəldi. Bir andaca ucsuz-bucaqsız fikirlər dəryasında küləkdən vəcdə gələn yelkən kimi xəyalları lap uzaqlara getdi. Xəyallar elə bil mavi suların üstü ilə əzmlə irəli şütüyən yelkən idi. Dumanlı fikirlərin içindən sıyrılıb cənnət kimi bir diyara düşən, yalnız ikisinin olan bir dünyada qərarlaşan xəyallar, xatirələr indi baş-başa idi. Onlar ürəklərində kök salmış ülvi bir hissi pünhan tuturdular. Rafiq sonu bilinməyən bir yola çıxmışdı. Gülnara hər şeyi ətraflı izah etmişdi. Onun yolunda qan, ölüm, itkinlik və məşəqqət vardı. Rafiq məchul bir yolun yolçusu idi. Qarşıda nələrin baş verəcəyi əsla məlum deyildi. Döyüşçünün ömür yolu dumanlar içindən qəfil dibsiz uçuruma atılmağa bənzəyir. Görə bilmədiyin bir yerdən yalnız irəliyə doğru gedirsən və qəfil nəhayətsiz bir uçrum səni qarşılayır və nəhayətsizliyin sonunda ölüm ağzını ayırıb qurbanını gözləyən əjdaha kimi səni qəbul edərək udur...                                                      
                                                           Cəhənnəm əzabı  
Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam şəhəri iyulun 4-dən etibarən erməni və rus hərbi birləşmələri tərəfindən güclü artilleriya atəşinə tutulmuşdu. Düşmənin artilleriya həmlələri elə güclü olmuşdu ki, məcburən yerli əhali və qoşun bölmələri həmin ərazilərdən kənarlaşdırılmışdı və bu da öz növbəsində düşmənin bu əraziləri ələ keçirib burada möhkəmlənməsinə rahat zəmin yaratmışdı. Amma Ağdamın müəyyən hissələri hələ Azərbaycan Ordusunun nəzarəti altında idi. Azğın düşmən isə havadarlarının maddi, mənəvi, texniki, fiziki dəstəyi sayəsində durmadan daha aktiv şəkildə bombardmanı davam etdirirdi. Qüvvələr qeyri-bərabər idi. Düşmən tərəfi açıqca üstün mövqe nümayiş etdirirdi. Azərbaycan Ordusundakı ruh düşkünlüyü, özbaşınalıq, pərakəndə özünümüdafiə batalyonları, əmrə tabe olmayan müəyyən dəstələr, satqınlıq və s ermənilərin qələbə qazanmasını daha da rahatlaşdırırdı. Hiyləgər düşmən ələ aldığı satqınlar və daxildəki ermənipərəst qüvvələrin təsiri ilə müxtəlif təxribatlar törədir, hücum və müdafiə planlarını gizli şəkildə ələ keçirir və Azərbaycan Ordusunu məğlubiyyətə uğradırdı. Düşmən tərəfin əhali və ordu arasında apardığı təxribatın nəticəsində mülki əhalidə, həmçinin də qoşun növlərində bir inamsızlıq, etibarsızlıq və xüsusi panika yaranmışdı. Əlbəttə bu işdə erməni xüsusi xidmət orqanları ilə yanaşı sapı özümüzdən olan baltaların da “əməyi" az deyildi. Tarix günahkarları, riyakarları, əclaf, şərəfsiz və satqınları öz daş yaddaşına əbədi olaraq həkk etmişdi. Tez ya da gec hər kəs öz əməllərinin cəzasını çəkəcək. Ancaq bu günlərdə əzab-əziyyət çəkən geniş mənada bir xalq, dar çərçivədə isə bir bölgə, bir rayon məhrumiyyət içində idi. Cəhənnəm əzabı yaşanırdı. Cənnət Qarabağın dilbər guşələrindən biri olan Ağdam şəhəri erməni vandallarının atdığı ağır artilleriya mərmiləri içərisində sözün əsl mənasında cəhənnəm atəşinə qalanmışdı.  Rafiq Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərovun taborunun əsgəri idi. Səhər tezdən Ağdamın Əfətli kəndinə çatdılar. Burada onlar özbaşına olaraq hərbi hissəni tərk edən bir qrup hərbçilərlə qarşılaşdılar. Əllərində kifayət qədər silah-sursat və texnika olmasına baxmayaraq onlar ərazini tərk etmişdilər. Komandir İlyas İsmayılovun rotası qaçan hərbçilərin qarşısını kəsib onlardan xeyli texnika aldılar. Əldə olunan BMP 2-lər onlara vacib lazım idi. BMP-ləri idarə edəcək yaxşı mexanik-sürücüyə ehtiyac vardı. Təlimlərdə ümumi 11 nəfər bu peşəyə yiyələnmişdi. Lakin bu texnikanı idarə etməyi yalnız onlardan ikisinə həvalə etdilər: -Rafiq və Bakılı Viktora. Buradan irəliyə hücum əmri aldılar. Azğın düşmən geri oturduldu. İndi Azərbaycan əsgəri Quşçuluq və Kökəltmə deyilən ərazilərə tam nəzarət edirdi. İsti adamı qovururdu. Artıq az bir müddətdə hərbi bölmələr döyüş mövqeyində yerləşdirilmişdi. Rafiqgil kökəltmə məntəqəsində mövqe tutmuşdular. Onlardan qabaqda -Quşçuluq ferması deyilən ərazidə isə batalyonun minaatan tağımı yerləşirdi. Rota komandiri İlyas İsmayılov şəxsi heyəti yoxlayır, postları gəzir, tez-tez düşmən tərəfi müşahidə edir və hər şeyi nəzarətdə saxlamağa çalışırdı. Artıq axşam düşmək üzrə idi. Alatoran havada uçan artilleriya mərmiləri göy üzünü işıqlandırırdı. Hər kəsə daha diqqətli və ayıq-sayıq olmaq tapşırılmışdı. Daxil olan rabitə məlumatına görə səhərəyaxın ermənilər Quşçuluqdakı mövqelərimizə güclü həmləyə keçmişdilər. Şiddətli döyüşlər gedirdi. Böyük qüvvə ilə güclü hücuma keçən ermənilər Quşçuluqdakı əsgərlərimizi sıxışdırıb mühasirəyə almışdılar. Kökəltmədəki cəsur əsgərlərimiz öz cəbhə yoldaşlarına, qardaşlarına, dostlarına köməyə getdilər. Qələbə eşqi ilə mühasirəni daraldıb əsgərlərimizin böyük əksəriyyətini məhv edib, qalanlarını əsir götürmək niyyətində olan ermənilər gözlənilməz müqavimətə rast gəldilər. Arxa tərəfdən əks-hücuma keçən Azərbaycan əsgəri düşməni geri oturtdu. Böyük həvəslə irəli atılan düşmənin ümidləri puç oldu. Lakin müharibənin yazılmamış qaydaları var. Ölüm hər an insanın yanında olur. Əzrayılın kimin sinəsinə çökəcəyi bəlli olmur və həyatda qalmaq, ya da həyatı tərk etmək an məsələsi olur. Qabil onların ilk şəhidi idi. Hücuma keçən düşmənin BMP-sindən atılan kor güllə onun baş qapağını aparmışdı. Yaxınlıqdakı əsgərlər başı dağımış Qabilin meyitinə yaxınlaşa bilmirdi. Hətta öz doğma bibisi oğlu belə dəhşətli mənzərədən sarsılıb irəli bir addım da ata bilmədi. Rafiqin tağım komandiri 
Maqsud irəli yeridi. Bu dəm Rafiq də özünü ona çatdırdı. Dəhşətli səhnəni ilk dəfə görənlər özlərini pis hiss edirdilər, amma o, bunları görmüşdü. Rafiq buradakı əsgərlərin hamısından təcrübəli idi. O, yeniyetmə olandan qan-qadanı, yaralını, ölünü öz gözləri ilə görmüş, hətta onları yerdən də qaldırmağa kömək etmişdi. Maqsudla birlikdə başı parçalanmış meyiti qaldırıb BMP-nin üstünə qoydular. Rafiq Qabilin nəşinə baxıb dedi: ‐Məkanın cənnət olsun, ilk şəhidimiz!
Səssizcə BMP2-ni idarə edirdi. Kənardan baxan onu sadəcə səssiz, sakit, öz işində olan birisi kimi anlayardı. Amma heç də elə deyildi. Üzdən sakit görünən bu gəncin qəlbində vulkan qaynayırdı. Talanmış, bombalanıb viran olmuş ərazilərə baxdıqca ürəyi sıxılırdı. Xocalı faciəsi, Xocalı dəhşəti, erməni vandallığı, erməni vəhşəti gözünün önündə canlandıqca qeyri-ixtiyari olaraq idarə etdiyi bu texnikanı izinsiz birbaşa düşmən üzərinə sürmək keçirdi könlündən. Amma olmazdı. Təkbaşına atacağı bu addım geridə onlarla Azərbaycan əsgərini təhlükə altında qoyardı. Amma qisas hissi onu rahat buraxmırdı. Adi vaxtlarda həddən artıq ürəyiyumşaq olardı, döyüşdə isə əsla! “Düşmənin göz yaşlarına belə inanmaq olmaz”, -deyərdi həmişə. Bunları ona xətrini dünyalar qədər sevdiyi Rza adlı bir kəşfiyyatçı kapitan öyrətmişdi. Rza Qubadlının Mirlər kəndindən idi. Olduqca peşəkar kəşfiyyatçı hesab olunurdu. Rafiqin xətrini çox istədiyindən hər görüşlərində ona peşə sirrlərindən bəhs edər, bilmədiklərini öyrədərdi. Rafiq isə onun dediklərini diqqətlə dinləyər, gözəl mənimsəyərdi. Rza imkanlı bir ailənin yeganə oğul övladıydı. Vətənin dar günündə könüllü olaraq ilk əvvəl könüllü dəstələrdə xidmət etmiş, daha sonra isə Milli Ordu yarananda bacarıqlı, peşəkar kadr kimi orduda xidmətə davam etmişdi. Peşəkar boksçu olan Rza Sovet ordusunda dəniz desantı kimi xidmət etmişdi. Yaxın məsafədə olduqca taktikalı və peşəkar döyüşürdü. Qolları çox qüvvətli olan bu ucaboy, enlikürək, kürən oğlanın kəşfiyyatçılar arasında xüsusi hüsn-rəğbəti vardı. Az vaxt içində o, Rafiqin kumirinə çevrilmişdi. Qarlı bir qış günündə kəşfiyyata getmiş Rza və köməkçisi olan gənc leytenant İlyasov Meğridə (Mehridə) onların izinə düşən iki erməni kəşfiyyatçısını səssizcə zərşrsizləşdirmək üçün kənddə bir evin həyətinə girdilər. Onları qarabaqara təqib edən düşmən əsgərləri də özlərini həyətə saldılar. Rzagil samanlığın arxa tərəfinə keçib bərədə ov gözləyən ovçu kimi daldalandılar. Sevincək özünü irəli atan erməni baş leytenantı İlyasovun uzun qəməsinə tuş gəldi. Düşmənin ağzını tutan gənc leytenant ard-arda 7-8 zərbə daha vurdu. Sevincək irəli şığıması həyatı bahasına başa gələn erməni başı kəsilmiş heyvan kimi çırpınaraq gəbərdi. Rzadan isə səs yox idi. Asta addımlarla irəliləyən İlyasov saman preslərinin arasında uzanan nəhəng erməni kəşfiyyatçısını görəndə bıçağa əl atdı, ancaq qüvvətli bir əl onu tutub saxladı. Geri çevriləndə Rzanı gördü. Rza şəhadət barmağını dodaqlarına sıxıb səssiz olmasına işarə etdi.  
-Komandir, buna neyləmisən?
-Sss. Ölüb.
Olanları biləndə İlyasov Rzadakı fiziki gücə məəttəl qaldı. Sən demə Rza gəbərtdiyi yekəpər dığanın sadəcə başını məngənə kimi qollarının arasında sıxıbmış. Təzyiq o qədər güclü olub ki, erməninin baş sümüklərini qırıb, beynini dağıdıb. Bir az da burada gözləmək gərəkdi. Şaxtalı hava insanın qanını dondururdu. Köhnə mərəyin odun damına bitişik hissəsində dayanmışdılar. Buranı daha əlverişli daldalanacaq hesab etmək olardı. Buradan həm evi, həm də ətrafı yaxşı görürdülər. Kənd evinin köhnə qapısı tənbəl-təbbəl açıldı. Alatoranda evdən gənc bir qadın çıxıb ətrafa baxdıqdan sonra düz onlara sarı gəlməyə başladı. Yəqin odun götürmək üçün gəlirdi. Qadın bir az da irəli yerimişdi ki, qəfil dayandı. Onun bütün hərəkətlərini peşəkar kəşfiyyatçı kimi izləyən Rza “tfu” dedi. İşarə ilə İlyasova qadının onları təxmin etdiyini başa saldı. Gənc qadın az əvvəl İlyasovun öldürdüyü erməni zabitinin qarın içinə düşmüş mundirinin qanlı düyməsini görmüşdü. Odur ki, birdən kəskin şəkildə geri dönüb evə sarı yüyürdü. Artıq aşkarlanmışdılar. İndi bu qadının bir kimsəyə xəbər verməsinin qarşısını almalı və buradan mümkün qədər tez uzaqlaşmalı olacaqdılar. Onun ardınca hər ikisi içəri girdilər. İçəridə yük yığılmış çarpayının yanında yumaq kimi büzüşmüş bayaqkı gənc erməni qızı və bir də beşikdən balaca bir uşağı qucağına alıb mat-mat onlara baxan yaşlı bir erməni qadından başqa kimsə yox idi. Uşağı və iki kimsəsiz qadını görən Rza üzünü geri çevirib İlyasova buradan çıxmalı olduqlarını söylədi. Lakin İlyasov komandirinə qarşı çıxdı. Rza isə ona “biz ermənilər kimi köməksiz insanlara və uşaqlara toxunan deyilik”- dedi. İlyasov isə arxasını çevirmədən əli tətikdə geri çəkilməyə başladı. 3-4 addım atmışdılar ki, İlyasovun səsboğucu bağlanmış avtomatı “dilə gəldi”. Qeyzlə geri çevrilən Rza gördüklərinə inanmadı. Sən demə yaşlı erməni qadın azərbaycanlı xislətini yaxşı bildiyi üçün uşağı qarant olaraq qucağına alıbmış. Onlar əmin idilər ki, qadın və uşaqlar olan yerdə azərbaycanlılar artıq hərəkətə yol verməyəcək və geri dönəcəklər. Düşmənə kürəyini çevirən bu iki zabiti isə yükün altında gizlətdiyi avtomatla gənc erməni qadını güllədən keçirəcəkdi. Lakin bu dəfə daş qayaya rast gəldi. Rza, qan içində divara yapışmış əli avtomatlı erməni leşinə nifrətlə baxaraq oradan çıxdı. O gündən Rza hər zaman bütün əsgərlərə döyüşdə, müharibə meydanında hissə qapılmamağı tövsiyyə edərdi. Rza Ağdərə əməliyyatlarında da yaxından iştirak etmişdi. Tez-tez Rafiq ona o vaxtkı əməliyyat planları barədə suallar verərdi. Məğlubiyyət səbəblərini özlüyündə araşdırardı. Onun bu qədər həvəskar olması Rzanı çox sevindirərdi. Mümkün qədər Rafiqi məlumatlandırardı. Rusların erməniləri bu qədər dəstəkləməsi Rafiqin nifrətini daha da alovlandırırdı. Qan qoxulu, barıt qoxulu, isti, bürkülü yay gecəsi idi. Erməni qəsbkarları tərəfiindən işğal hirsindən ürəyi şiddətlə döyünür, damarlarında qan sürətlə vururdu. O, hələ tam mənası ilə bu müəmmanı çözə bilmirdi. Döyüş təcrübəsi olsa da siyasətdən anlayışsız idi. Hələ 18 yaşı vardı, bir dəliqanlı kimi meydanlarda qəhrəmanlıq etmək istəyirdi. Ancaq siyasi meydanlarda nəyin necə dolandığını bilmirdi. Komandirlərindən biri demişdi ki, siyasət pambıqla baş kəsmək kimi bir şeydir. Siyasət tam mədəni formada bir oğurluqdur, əyrilikdir. Siyasət, sülh sözünün arxasında qanlı müharibələrin hazırlandığı planları mədəni şəkildə ört-basdır etməkdir. Tam anlamasa da indi gecənin qaranlığında bunu özü üçün təhlil etməyə çalışırdı. O, bu müəmmalı siyasi oyunun nə olduğunu anlamaq istəyirdi. Məsələn, bir neçə gün ərzindəki döyüşlərdə gördükləri onda fərqli təəssürat yaratmışdı ki, o, indiyə qədər bunu belə fərq etməmişdi. Ancaq bu günlərdə düşmənlə döyüşlərdə görüb müşahidə etdikləri artıq onda nəsə müəyyən şübhələr yaratmışdı. Axı necə olur ki, az bir qüvvə və daha zəif texnika ilə qələbə qazanırıq, amma daha çox texnika və canlı qüvvəyə malik olan digər qoşun birləşmələri məğlub olur? Orda da döyüşən Azərbaycan əsgəridir, burda da. Söz-söhbət gəzir ki, bizi burdan geri çəkəcəklər. Niyə?! Nə səbəbə? Axı biz geri çəkilsək burada kiçik bir qüvvə qalacaq və bu da ermənilərin yeni qələbəsinin və ərazilərimizin bir az da itirilməsinin əsas səbəbi olacaq! Niyə bizə belə əmr gəlir? Məgər mənim; -18 yaşlı sıravi bir əsgərin düşündüklərini yuxarılar düşünə bilmir? İlahi, özün kömək ol! Bu nə qədər çətin işdir. Artıq səhər açılmaq üzrə idi. Yorğunluğuna baxmayaraq yüngülvari idman hərəkətləri etməyə başladı. Sonra buz kimi soyuq su ilə əl-üzünü yuyub sərinlədi. Köhnə qəbiristanlığın yanı ilə qarşıda növbə çəkən əsgəri dəyişməyə gedirdi. Qəbiristanda indiyə qədər fərqində olmadığı bir sükunət, qəmginlik vardı. Qəlpələrdən parçalanmış qəbir daşları elə bil başı kəsilmiş insanlar idi. Bəzi qəbirlərin sinədaşının ətrafında Qrad mərmilərindən əmələ gəlmiş dərin, xəndək kimi iri çalalar vardı. Elə bil bu çalalar qurbanını gözləyən məzar idi. Bu vurhavurda sanki ölüm saçan mərmilər bunları kimlər üçünsə qazıb hazır qəbir yerinə çevirmişdilər. Yolu qısa olsun deyə elə qəbristanlığın içindən keçdi. Tozlu, torpaqlı kənd yolunda birdən birə mühərrik uğultusu və yüksək sürət nəticəsində əmələ gəlmiş toz burulğanının içindən qəfil 2 maşın çıxıb sürətlə onun yanından keçdi. Bu nə idi?- deyərək irəli atıldı. Çağırsa da səsini eşidən olmadı. Növbədə olan əsgərə -“Qaç, komandirə de ki, bizimkilər yanlış istiqamətə getdilər. Qarşıda erməni dəstələri var. Tez ol!”, -demişdi ki, gurultu qopdu. Qışqırıq, imdad, fəryad səsləri ərşə qalxmışdı. Köməyə getmək istədilər, lakin yaxşı silahlanmış, əlverişli mövqedə qərar tutmuş, sayca da üstün olan azğın düşmən onlara 10 metr belə irəliləməyə imkan vermədi. Güllələr, artilleriya mərmiləri yağış kimi səpələnirdi. Bir addım belə atmaq real ölüm demək idi. “Quşçuluğu” ələ keçirə bilmədiyinə görə qəzəbli olan düşmən tərəfi müharibə qanunlarına belə əməl etmədilər.(ardı var)

Fərid Muradzadə
Dalidag.az




Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-12-2020 11:23
Baxış sayı: 3400
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını