Fərid Muradzadənin "Cəhənnəmdən qaçış"ı - Novella

11-12-2020 10:41
Dalidag.az istedadlı yazar Fərid Muradzadənin real həyat hadisələri əsasında qələmə aldığı bədii əsərdən bir hissəni təqdim edir:

                                                       CƏHƏNNƏMDƏN QAÇIŞ
                                                                 (novella) 
Ağrı-acısı çox idi. Bütün əzaları ağrıyırdı. Ələlxüsus uzun qış gecələri onun üçün olduqca məşəqqətli keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri içəridə şişir, qayğısız uşaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönürdü. Gördüklərinin təsirindən qan-tərə bataraq çabalaya-çabalaya qalırdı. Gecələri kabus görürdü. Elə bil gecələrə sığmayan bu kabus gündüzləri yumşalar, gün işığında sınardı. Gündüzlər bir az fərqli olardı, gecələri isə dəhşətlə başlayar, vəhşətlə artar, zillətlə sonlanardı. Gözlərini yuman kimi o müdhiş mənzərəni görürdü. Hər yer qan, hər yer mərmi, tanınmaz hala düşmüş meyitlər, gözlərinə ümidsizlik, üzlərinə ölüm pərdəsi çəkilmiş yaralılar, namusu, şərəfi, mənliyi, varlığı tapdanmış, ağlasığmaz işgəncələrə məruz qalmış əsirlər, məşəqqətli əsirlik, üzümlük, şosse, niva, Abo, öldürdüyü general oğlu, erməni quldurları, onların insanlığa sığmayan cinayətkar əməlləri, fəryad, nalə və qulağından getməyən izahı çox çətin olan səslər. O səslər ki, elə bil cəhənnəmdən gəlirdi. O, cəhənnəm əzabını bu yer üzündə yaşamış insanlardan idi. Yer üzünün əşrəfi sayılan insanın vəhşiləşərək qaniçən yırtıcıya çevrilməsinin, əxlaqi və insani dəyərlərin sıfıra enməsinin, Adəm övladının bir-birinə qənim kəsilməsinin, insanın dünya nemətlərinə qarşı hərisləşməsinin dəfələrlə şahidi olmuşdu. Yaşamaq üçün mübarizədə ölüb-öldürməyin iştirakçısına çevrilmişdi. Gözlərini açan kimi o cəhənnəm həyatı yoxa çıxırdı. Aldığı psixoloji travmalar ona rahatlıq vermirdi. Beyni zoqquldayırdı, canı ağrıyırdı, müharibəyə nifrət edirdi, amma qisas gününü səbirsizliklə gözləyirdi. İşğal altında olan Vətən torpaqlarının azadlığı uğrunda hər şeyə hazır idi. Bircə bunu düşünəndə yorğunluğu, halsızlığı unudulardı. Vətən həsrəti onun qəlbini didirdi. Hər gün uca Yaradana dualar edərək tezliklə döyüş əmrinin verilməsini arzulayırdı.                                                                
                                                               Didərginlik  
Payızın son ayı idi. Bu yerlərə qış tez düşür. Odur ki, payız da burada elə qışa bənzəyir. Günəş aram-aram qüruba enirdi. Solğun günəşin şəfəqləri altında üzü meşəyə doğru bir qafilə hərəkət edirdi. Yüklü heyvanlar tənbəl-tənbəl irəliləyirdilər. Ətrafda ayaq və heyvan səslərindən başqa səs eşidilmirdi. Hər şey sükut içində idi. ,,Qaranlıq dərə" deyilən yerdən keçirdilər. Lal sükunət bu vahiməli yeri bir az da vahimələndirirdi. 13 yaşlı Rafiqin daxildə dişi bağırsağını kəsirdi. Vaxtilə döyüb barmağında fırlatdığı erməni uşaqları bu səhər o biri dığalarla bərabər onlara hücum çəkmiş, əllərindəki silahlara, yanlarındakı yaşca böyük ermənilərə güvənərək ona əl-qol atmışdılar. Doğrudur, Rafiq davakar idi, 
amma hər zaman haqqın tərəfində duran uşaqdı. Lakin bu gün haqq ,,gözə görünmürdü", bu gün nahaqqın meydanı idi. Bu gün şər qalib kürsüsündə oturmuşdu. Bu gün ədalətin məğlub olduğu gün idi. Bu gün Rafiqgilin timsalında minlərlə azərbaycanlının öz dədə-baba yurdundan zorla qovulduğu gün idi. Bu gün atası İsa kişinin illərlə can qoyub, halal zəhməti ilə ərsəyə gətirdiyi evin dığalar tərəfdən yağmalandığı gün idi və bu gün Rafiqin qəlbində düşmənə qarşı nifrətin, kinin, qəzəbin kök saldığı gün idi. Yorğun simalardan kədər yağırdı. Elə bil hamı bir-birindən küsmüşdü, heç kim danışmaq istəmirdi. Əslində hamının kifayət qədər danışası sözü vardı. Hamının ürəyi dolu idi, lakin heç kimin dili danışmaq istəmirdi. Ayrı-ayrılıqda hər kəs ürəyində özü ilə danışırdı. Bu insanlar öz doğma yurdlarından deportasiya olunan qərbi azərbaycanlılar idi. İllərlə yaşadıqları ərazilərdən zorla qovulmuşdular. Zamanla öz ata- baba torpaqlarında yer verib yerləşdirdikləri məkrli düşmən indi onları zorla bu torpaqlardan çıxarmışdı. Uşaqlar, qadınlar, yaşlılar üzülmüş halda meşəyə doğru irəliləyirdilər. Nəhayət uzun sürən lal sükunəti Qafan rayonunda ətraf bir-neçə kənddə ağsaqqallığı ilə ad çıxarmış Allahverən babanın amiranə səsi pozdu:
-A bala, bir az qıvraq olun, hava da çox soyuqdur. Axşam qaranlıq düşənə qədər qarşıdakı Fərcan və Göyyal kəndlərinə özümüzü çatdırmalıyıq. Tez olun! 2 saata yaxın səssiz hərəkət edən bu yorğun, üzgün, ümidsiz insanlarda elə bil bir canlanma əmələ gəldi.  Ay camaat, tez olun. Kəndə tərəf böyük bir dəstə gəlir. Kimin nə silahı varsa götürüb səfərbər olsun. Qadınları, uşaqları və yaşlıları "Cahannı" məhəlləyə yığın. Biz isə bu gələnləri ,,Yolaşanda" qarşılayaq. Qüvvələr qeyri-bərabər olarsa kəndin qız-gəlinini kənddən çıxardın, düşmən əlinə keçməsinlər, -deyə Imamverdi kişi göstəriş verib əlindəki tüfəngi çiyninə keçirərək irəli keçdi. Kəndin əli silah tuta bilənləri onun ardınca gözlərində qəzəb, ürəklərində intiqam hissi ilə irəli atıldılar. Bütün kənd əhli həyəcan içində idi. Dünənə qədər kəndə ticarətə gələn, onlara kirvə deyən ermənilər indi onlara düşmən kəsilmişdilər. Tüfəngi olanlar tüfəngini, qalan kənd cavanları isə yaba, dəhrə, kərənti, xəncər, bıçaq, balta: -bir sözlə kimin nəyi vardısa onu da götürüb təyin olunmuş yerlərdə öz mövqeyini tutmuşdu. Artıq hava qaralmaq üzrə idi. ,,Qalaboynu" tərəfdən üzüaşağı kəndə doğru hərəkət edən toplum güllə mənzilinə yetəndə İmamverdi kişi xəbərdarlıq atəşi açdı. Adamlar yerə yatdılar. Allahverən baba; Ay bala, güllə atmayın, biz də azərbaycanlılarıq; -dedi. Amma buna bu tərəfdən heç kim inanmaq istəmirdi. Bir-iki güllə də atıldı. Uşaqlar qorxu içində ağlayırdılar. Birdən İsa kişinin səsi eşidildi;
-Ay İmamverdi qağa, mənəm İsa. Atəş açmayın. Bizi ermənilər məcburən evlərimizdən çıxardıblar.  
-Hansı İsa?
-Göyyallı İsa.
Güllə atmayın, bunlar bizimkilərdir; -deyərək İmamverdi kişi irəli yeridi. 10-15 dəqiqə sonra kəndə cavanlardan birini göndərib basqın olmadığını, gələnlərin özümüzünkülər olduqlarını xəbər verdilər. İsa kişinin ailəsi öz ata ocaqlarına gedəcəklərini bildirdilər. Digər ailələri isə kənd camaatı öz evlərinə qonaq apardılar. Bu hadisədən 2 gün sonra həm Göyyal, həm də Fərcan kəndlərinə sahə müvəkkili də başda olmaqla ,,yuxarılardan" gəlmiş, əsasən ruslardan ibarət bir neçə nəfərlik səlahiyyətli şəxslər təşrif gətirdilər. Onlar Sovet ölkəsində qeyri-qanuni silah saxlayan azərbaycanlıların silahı təhvil vermədikləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələməyə başladılar. Ötkəmliyi, vurub-tutan olmağı ilə sayılıb-seçilən İmamverdi kişinin kiçik oğlu Tofiq irəli çıxıb;
-Niyə bizlərdən adi ov tüfəngini tələb edirsiniz, amma erməniləri görmürsünüz? Onlar hər cür silahlanırlar, bəlkə də elə sizlər silahlandırırsınız, ancaq bizdən ov tüfəngi tələb edirsiniz! Bu ki, haqsızlıqdır! Hirsindən tir-tir titrəyən Tofiqi birtəhər sakitləşdirdilər. Lakin gələnlər öz tələblərində qəti idilər. Hətta Tofiqi artıq öz qara dəftərlərinə salmışdılar. Geri qayıdan kimi daha yuxarılara bu haqda ətraflı məruzə edəcəkdilər. Guya Tofiq kimi düşünənlər iki qonşu xalq arasında ,,nifaq" toxumu səpirlər. Guya Qarabağ söhbəti M.S.Qorbaçovun dediyi kimi yalnız ,,avantüristlərin işidir". Sosialist Sovet ölkələrində belə şeylərə yol vermək olmaz və s. kimi aldadıcı vədlər. Sahə müvəkkili illərdir ki, hər iki kənd camaatını yaxşı tanıyırdı. Arada böyük xətir-hörmət vardı. Odur ki, yenə də sakitcə İmamverdi kişini kənara çəkib narahat olmamasını və mümkün qədər tez, adaşı olan gənc, vüqarlı, qolu bərk, sözübütöv Tofiqi buradan uzaqlaşdırmağı məsləhət gördü. Həm də mümkündürsə bu alçaqların ağızlarını yummaq üçün 1-2 tüfəng təşkil etməyi xahiş etdi. 3 ədəd köhnə tüfəng təşkil edildi ki, onun da biri işləmirdi. Beləcə əliyalın camaatın 5-10 ov tüfəngini də əllərindən almağa çalışanları birtəhər başlarından etdilər.  Günlər bir-birini əvəzləyirdi. İsa kişi min bir əzab-əziyyətlə nəhayət ki, Qafandakı evini Bakıda Nəsimi rayonunda bir erməninin evi ilə dəyişdi. Bakıda qeydiyyata düşdülər. Lakin ailə də böyük olduğu üçün hələ uşaqları Bakıya gətirmədilər. Eyni zamanda İsa kişi özünə yeni iş yeri tapmalı, yen i işinə uyğunlaşmalı idi. Həm də açığı, uşaqları Fərcan kənd orta məktəbinə bərpa etmişdilər. Artıq dərsləri qaydasına düşmüşdü.

                                                                  Balaca əsgər
Məkrli, nadan, hiyləgər, illərlə bizlərə qarşı gizli qara niyyətli olan, planlı, məqsədyönlü şəkildə siyasət aparan ermənilər bu yerlərə ilk həmlələrini avtomat silahlardan atəş açmaqla başladılar. Növbəti güllə-baran daha iriçaplı silahlarla davam etdi. Sonra isə artilleriya qurğuları işə düşdü. Köksündə qəlbi Vətən eşqi ilə döyünən hər bir vətən övladı silaha sarılıb rəşadətlə azğın ermənilərə qarşı mübarizə aparır, vətən torpağını qoruyurdu. Müstəqil və vahid ordu formalaşmadığı üçün yerli özünümüdafiə batalyonları yaradılmışdı. Sovet ordusunda da azərbaycanlılara qarşı hər zaman ədalətsiz mövqe tutulurdu. Bunda yəqin ki, yüksək mənsəbli ermənilərin və erməniəsillilərin, eləcə də ermənipərəstlərin də rolu az deyildi. Belə ki, ordu sıralarına hərbi xidmətə çağırılan azırbaycanlıların böyük əksəriyyətini döyüş hissələrinə deyil, inşaat, tikinti batalyonlarına yerləşdirirdilər. Amma acınacaqlı bir fakt vardı ki, bu acı fakt öz aktuallığını itirmirdi. Fakt inkarsız fakt idi. Övladlarını ucqar Rusiyaya, böyük SSRİ ordu sıralarına hərbi xidmətə yola salan, yaxşıca qonaqlıq təşkil edən sadəlövh azərbaycanlılar əvvəlcə gələcək əsgərin şərəfinə böyük bir qonaqlıq təşkil edər, badələr qaldırar, ona öyüd-nəsihət verər, sonda isə həssas analar acı göz yaşları tökər, ənənəvi azərbaycanlı kişilər isə üzdə özünü ,,toxtaq" tutar, geridə isə onları da qəhər boğardı, amma bunu xanımlarına bildirməzdilər. Beləcə intizar içində əsgəri yola salardılar və elə ki, onun ,,stroybata" düşdüyünü bildilər, dünən gecə ,,düd" deyincə içənlər 2 saniyə içində ,,mömin" olaraq ikiəlli uca xaliqin dərgahına əl açaraq şükür dualarını bol edərdilər ki, bəs bizim oğlumuz ,,stroybata" düşüb, ,,boyevoy çasta" yox. Beləcə ,,şanlı" SSRİ‐ni təhlükəsizliyinin qarantı bilən sadəlöhv azərbaycanlıların ,,stroybat " sevdası Qarabağ müharibəsində öz acı fəsadlarını önə çıxardı. Ürək vardı, Vətən eşqi güclü idi, lakin təəssüf ki, kadr çatışmazlığı göz önündə idi. ,,Stroybat"da əsgəri xidmət keçən azərbaycanlılar döyüş silah-sursatından o qədər də anlayışlı deyildilər. Lakin Vətən sevgisi hər kəsin qəlbində elə kök salmışdı ki, yağış kimi yağan mərmilərin önündən kimsə geri çəkilmirdi. Peşəkar döyüş hazırlığı olan azərbaycanlılar, xüsusən də Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar digər döyüş yoldaşlarını da öyrədir, onları da bacarıqlı əsgər kimi hazırlayırdılar. Əfqanıstan veteranları müxtəlif döyüş şəraitində həqiqətən də əsl peşəkarlıq nümayiş etdirirdilər. Soyuq dekabr ayı idi. Yerli özünümüdafiə batalyonuna verilən ,,Qrad" qurğusu atəş mövqeyinə yerləşdiriləcəkdi. Üzbəüz yüksək mövqedə yerləşən erməni dəstələrinin artilleriya qurğuları hər iki kəndi və canlı qüvvəni çətin duruma salmışdı. Lakin az sonra strateji baxımdan yüksəklikdə olan Göyyal kəndindəki mövqelərdə yerləşdirilmiş ,,Zenit" topları azğın düşmənə həddini bildirdi. Ancaq düşmən öz məkrli niyyətindən əl çəkmirdi. Həm də təkcə ,,Zenit" qurğusu ilə çatdırmaq olmurdu, odur ki, canlarını göz qırpmadan torpaq uğrunda qurban verməyə hazır olan bu fədailərə yeni bir BM 21 Qrad qurğusu verilmişdi. İndi bu qurğunu əlverişli döyüş mövqeyində yerləşdirmək lazım idi. Müəyyənləşdirilmiş yer çox əlverişli idi, lakin gündüz bu maşını ora yerləşdirmək olmazdı, çünki düşmən tərəfdən oraya gedən yol çox aydın görünürdü ki, bu da real təhlükə deməkdi. Yəni maşın açıq sahəyə çıxan kimi düşmən artilleriyası tərəfindən zərərsizləşdiriləcəkdi. Axşamın düşməsini gözləyirdilər. Sürücü bu yerləri əzbər bildiyi üçün gecə qaranlıqda maşının işıqlarını yandırmadan qurğunu döyüş mövqeyinə yerləşdirməyi planlaşdırırdı. Ara-sıra düşmən tərəfdən mərmilər atılırdı. Əsgərlərin içərisində arıq, inadcıl məktəbli bir oğlan da vardı. Hamıdan kiçik olmasına baxmayaraq səngərdə dayanardı. Tay-tuşları gecələr öz evlərində isti-yorğan döşəkdə yatdıqları halda o, soyuq səngərdə torpağa söykənərək gecələyirdi. Avtomatı olmadığı üçün babasının ov tüfəngini silah olaraq çiynində gəzdirərdi. Boyu balaca olduğundan xüsusən də nahamar səngərdə, enişli-yoxuşlu dağ yollarında çiynindəki tüfəngi həmişə ona maneçilik törədərdi, lakin o, silahını çox sevirdi. Balaca ürəyindəki böyük Vətən eşqi, düşmənə qarşı olan nifrət hissi onu kiçik yaşından silaha sarılmağa vadar etmişdi. Rafiq hamıdan fərqli balaca əsgər idi. Bəli, o, hamıdan fərqlənirdi. Onun öz dünyası, öz arzuları, öz planları vardı. Ən böyük arzusu Vətənə layiqli əsgər olmaq, düşməni məhv etmək, eli, obanı, ölkəni azad, camaatı firavan görmək idi. Komandirlər və əsgərlər bir daha hər şeyi nəzərdən keçirdilər. Yenidən müzakirələr başlandı. Yenə eyni fikirlər təkrarlandı. Sakitcə hər kəsi dinləyən Rafiq birdən daha məntiqli bir fikir irəli sürdü. O, təklif etdi ki, axşamın düşməsini gözləmək vaxt alır, eyni zamanda da sürücü yolları və ərazini nə qədər yaxşı tanısa da real maneələr çoxdur. Həmçinin yol enişdə dolanbac olduğundan gecə işıqsız bu yolla üzüaşağı hərəkət etmək heç də indi hərəkət etməkdən təhlükəsiz deyil. Amma mən təklif edərdim ki, yolu 3-5 km uzadaraq ,,Karyer" yerindən keçib ,,Qaranlıq Zəmi"  tərəfdən fırlanaraq birbaşa döyüş mövqeyinə-,,Yal" a çıxmaq olar ki, bu da heç bir təhlükə yaratmır. Vaxt itkisi də az olar və düşmən gözləmədiyi halda onu mərmi yağışına tuta bilərik. Əvvəl hamı duruxdu və birdən komandir irəli yeriyib onu qucaqlayaraq alnından öpdü. Doğrudan da ağıl yaşla ölçülmür, ‐dedi. Hamı onu alqışladı. BM 21 artıq öz yerini tutmuşdu. Hava da qaralmaq üzrə idi. Atəş mövqeyindən yuxarıda dayanan əsgər xəbər verdi ki, gələn var. Hər kəs toparlandı. Artıq maşın səsi lap yaxınlıqda eşidilirdi. 2-3 dəqiqə sonra bir-neçə nəfərin əhatəsində öndə hündürboylu, enlikürək, idmançı görkəmli, şux yerişli bir nəfər atəş mövqeyinə enirdi. Diqqətlə alatoranda irəli baxan, yaşca hamıdan böyük olan əsgər Araz Cəbrayılov sevincək dedi: -Gələn Əliyar Əliyevdir!  Əliyar Əliyev. Bu ad nəinki Qubadlıda, eləcə də bütün Azərbaycanda çox məşhur idi. Onun adını eşidən tanıyan-tanımayan bütün döyüşçülər bir anda şahin kimi irəli şığıdılar. Əfsanəvi komandirin gəlişi onları həddindən artıq sevindirmişdi. 33 yaşlı Əliyar Əliyev bütünlükdə qubadlıların döyüş simvoluna çevrilmişdi. Düşmənə qan udduran SSRİ idman ustası güləşçi-pəhləvan Əliyar Əliyev ermənilərin qənimi idi. Onun hər gəlişi əsgərlərin döyüş ruhunu artırırdı. Hər kəslə görüşən mətin komandirin diqqətini daha çox cəlb edən yeniyetmə “əsgər”idi. Bu uşaq niyə buradadır?, ‐deyə könüllülərin komandirindən soruşdu. Əliyar müəllim, bu uşaq çox inadcıldır. 15 yaşı var. Nə qədər desək də, burdan uzaqlaşdırsaq da inadından dönmədi. Ermənilərə hədsiz nifrət edir. Burada da əsl əsgər kimi davranır.  -Elə ürəkli aslan parçasını burdan uzaqlaşdırmaq lazım da deyil! Kaş ki, hamı onun kimi olaydı. Kaş ki, vətənimizin bu ağır günündə döyüşdən yayınmaq istəyənlərdə elə bunun ürəyinin, bunun vicdanının, bunun istəyinin onda biri olaydı! Yaxşı, bəs niyə bu qoçaq oğlanın avtomatı yoxdur?! Tüfənglə səngərdə dayanır!  
-Cənab komandir, adına silah təhkim etməmişik, ona..
-Adına silah təhkim edin! O, ən yaxşısına layiqdir! Qoyun həm də daha çox həvəslənsin! Onun kimi igid, qorxmaz, vətənpərvər oğullar bizə çox lazımdır! BM 21 döyüşdə çox mükəmməl bir qurğu idi. Onu lazımi döyüş mövqeyində yerləşdirdikdən sonra düşmənə mütləq cavab vermək lazımdır; ‐deyə əsgərlər öz aralarında danışmağa başladılar. Artıq BM 21 qurğusu atəş mövqeyində yerləşdirilmişdi. Əsgərlər sevincək olmuşdular. Lakin komandir susqun və nisbətən kədərli görünürdü. Səbəbi isə az sonra bəlli oldu. Bu qurğudan atəş açmaq üçün anlayışlı olmaq lazım idi. Təəssüf ki, buradakı əsgərlərdən heç birinin bu qurğu barədə məlumatı yox idi. Rabitə vasitəsilə müəyyən məlumatlar əldə etdikdən sonra qurğunu hərəkətə gətirdilər. İlk mərmi uğursuz oldu. ,”Yal” deyilən yerə düşdü. İkinci, üçüncü mərmi isə hədəfdən daha da uzağa getdi. Lakin sonra nişangahdan normal istifadə sayəsində artıq hədəfi vura bildilər. Qarşı tərəf bunu heç gözləmirdi.  Günlər həftələri, həftələr ayları, aylar isə illəri tamamlayaraq sürətlə ötürdü. Müharibənin dəhşətinə, ölüm saçan mərmilərin törətdiyi faciəyə, dağıntıya hamı alışmışdı. İriçaplı silahlardan, ağır artilleriyadan atılan mərmilər hamı üçün adiləşmişdi. Mərmilər, güllələr bir növ məişət tullantısına çevrilmişdi. Müharibə bütün əzabıyla, ağrı-acısıyla, nigarançılığı, fəlakəti, dəhşəti ilə insanların həyatına daxil olmuşdu. Müharibə və onun qanlı-qadalı günləri artıq burada yaşayan insanların bir növ adi həyat vərdişlərinə çevrilmişdi. Hətta 7-8 yaşlı uşaqlar belə gecənin qaranlığında gurultulu, qorxunc səslə işıq saça-saça havada şütüyən ağır artilleriya mərmilərini saymaq üçün bir-biri ilə bəhsə girirdilər. Ölüm belə vərdiş halını almış, sadələşmişdi.

                                                         Çaykənd əməliyyatı 
“Yağı düşmən dost olmaz”. Yüzilliklər boyu Azərbaycanın  nemətlərini zəli kimi sümürən nadan ermənilər 1989-cu ildən etibarən Ermənistanda və Dağlıq Qarabağda başladıqları etnik təmizləmə əməliyyatlarını rəsmən Qarabağdan kənardakı Azərbaycan ərazilərinə keçirməyi planlaşdırıdılar. Hələ SSRİ süquta uğramamışdı. Gündən-günə güclənən erməni daşnaklarını tərk-silah etmək üçün Sovet daxili qoşunları  və OMON birgə əməliyyat keçirməyə başladı. “Çaykənd əməliyyatı”ndan sonra azğınlaşmış ermənilər daha da vəhşiləşmişdilər. Azərbaycanlılara qarşı nifrət hissi gündən-günə artırdı. General Məhəmməd Əsədov ermənilərin 1-ci dərəcəli düşməninə çevrilmişdi. Artıq erməni terror təşkilatları onun qətlinə fərman vermişdilər. Nəyin bahasına olursa olsun Əsədov öldürülməli idi. Düşmən pusqudakı ovçu kimi hazır dayanmışdı. Sadəcə olaraq məqam gözləyirdi. Məhəmməd Əsədov olduqca işgüzar və bacarıqlı bir dövlət xadimi idi. Ömrü boyu müxtəlif yüksək vəzifələrdə çalışmış bu insan eyni zamanda ermənilərin qənimi idi. Düşmən tərəfi ondan çox çəkinirdi. Əlbəttə ki, sözünün kəsəri olan, yüksək idarəçilik qabiliyyətinə malik belə peşəkar bir milis generalının, dövlət müşavirinin olması indiki şəraitdə ermənilərin maraqlarına zidd idi.  Laxlasa da hələ Sovetlər birliyi mövcud idi. Hələ də İttifaqa daxil olan respublikalara ,,Moskva nəzarəti" vardı. Məqsədyönlü şəkildə siyasət aparan ermənilərin əllərində müxtəlif yollarla əldə etdikləri xeyli silah-sursat vardı. Daxili həmrəylik və əllərindəki silah-sursat hesabına Qərbi Azərbaycandan yerli azərbaycanlıları zor gücünə öz ata-baba torpaqlarından qovan ermənilər artıq Azərbaycan üçün də real təhlükə idi. Xüsusən də özlərini fədai adlandıran millətçi daşnak quldur dəstələri çox təhlükəli idilər. Belə çətin bir zamanda Məhəmməd Əsədovun rəhbərliyi ilə Çaykənd əməliyyatı keçirildi (buna Koltso da deyilirdi). Əməliyyatın əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırılması idi. Sovet quru qoşunlarının nəqliyyat vasitələrinin də qoşulduğu bu əməliyyatda erməni silahlı dəstələrinin məhv edilməsi nəzərdə tutulurdu. Bu əməliyyat strateji məqsəd güdürdü. Qarabağın ətrafındakı erməni kəndlərini boşaldan Azərbaycan höküməti erməni dəstələrini təcrid edərək onların təchizat yollarını kəsmək, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən ,,halqa" (Koltso) yaratmaq istəyirdi. Azərbaycan tərəfdən bu əməliyyata şəxsən M.Əsədov rəhbərlik edirdi. Çaykənd əməliyyatı nəticəsində erməni fədai təşkilatları məğlubiyyətə uğradıldı və bu erməniləri xeyli aqressivləşdirdi. Məhz belə bir zamanda erməni fəallarını məhv edən Məhəmməd Əsədov bütünlükdə ermənilərin düşməninə çevrilmiş oldu. Düşmən bu cəsur, vətənpərvər insanı məhv etmək üçün müxtəlif planlar hazırlayırdı. Nəhayət belə bir zəmin yarandı.  Noyabr ayının əvvəlləri həmsədrlərin Bakıda keçirilən görüşündə qərara alındı ki, hansı xalqın sıxışdırıldığını müəyyənləşdirməkən ötrü nümayəndələr Xankəndinə getsinlər. Sonra nümayəndələr bəlli olur. Bu tərkibə yalnız güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından olmalı idi. Hətta belə qərara alınmışdı ki, görüş lentə alınsın və o zamanlar xəbərlər proqramı olan ,,Günün ekranı"nda göstərilsin. Siyahını Viktor Polyaniçko hazırlamışdı. 
Lakin 19 noyabr tarixdə gecə siyahı yenidən hazırlanır və Polyaniçkonun, eləcə də güc nazirliklərindən olan digər şəxslərin adları siyahıdan çıxarılır. Siyahı Dağlıq Qarabağ rəhbərliyinə də göndərilir. Beləcə 20 noyabr 1991-ci ildə Qarakənd üzərində uçan Mi-8 N-72 helikopteri düşmən tərəfdən vurulur. Qaniçən ermənilər hətta bu helikopterin vurulduğunu belə saatlarla gizli tutdular. Bütün ermənilər toy-bayram içində idilər. Arzularına yetmişdilər. Azərbaycanın mətin, iradəli, bacarıqlı, işgüzar, vətənpərvər və çox yüksək vəzifə sahibi olan şəxslərini qətl etmişdilər. 
Sükuta bürünmüş gecələr əksəriyyət insanlar üçün sadəcə istirahət zamanı olsa da xəbis insanlar üçün isə ən münasib zamandır. Məkrli planların çəkilməsi üçün sakit gecələri ən uyğun vaxt hesab etmək olar. Elə bu gecə də məkrli planlar hazırlayaraq yola rəvan olan iki insan-şeytan Laçınla sərhəd olan Gorus şəhərinə doğru gedirdi. Sakit, səssiz, bahar təravətli bir yaz gecəsi idi. Gecənin sakitliyini dağ yolları ilə irəliləyən avtomobil mühərrikinin uğultusu pozurdu. Havada xoş bir ətir vardı. Dağ soyuğuna bir az da bahar hərarəti qarışmışdı. Xəfifcə titrəyən yarpaqların ətrafa yaydığı xoş qoxu insanın ruhunu oxşayırdı. Gecə yarıdan keçmişdi. Yoldan çıxmamaq üçün dördgözlə maşın işığında yolu nəzatdə saxlayan sürücü içəridəki iki nəfərin danışığına qulaq assa da müdaxilə etmirdi. O, yaxşı bilirdi ki, bir dəfə gözünü yayındırsa yoldan çıxacaq və dərənin dibinə yuvarlanacaqlar. Diqqəti yolda idi.  
‐Bu gün bütün işləri qaydasına salmalıyıq. Sabah da bizim möhtərəm qonaqlarımız, böyük ermənistan naminə burada olacaqlar. Sabah səhər Xankəndinə, oradan isə bura gələcəklər. Biz artıq məqsədimizə çox yaxınıq. Azərbaycanlılar Xocalıdan sonra bərk qorxdular. Hədəfimiz Şuşa və Laçındır. 1ay ərzində buralar bizim olacaq. Görəcəksən. Sonra isə bu əraziləri bir-birinə bağlayan mühüm- strateji bölgələri ələ keçirəcəyik. Ara, Zurabyan, biz bu türklər kimi avam və sadəlövh deyilik. Biz məqsədli, əzmkar millətik. 1988-ci ildə bizlərin Stepanakertdə başladığımız ,,Miatsum" hərəkatı bu gün bütün dünya ermənilərini vahid ideya ətrafında birləşdirdi. Həm də Azərbaycanda yüksək vəzifədə olanlarımız, müxtəlif üsullarla ələ aldıqlarımız, yüksək mənsəbli azərbaycanlıların həyat yoldaşı olan qadınlarımız da bizlərin işini asanlaşdıracaq. İndi əsas hədəfimiz Şuşa və Laçındır. Növbəti mərhələdə Kəlbəcər, Qubadlı və digər rayonlar ələ keçirilməlidir. Qubadlı rayonu Dağlıq Qarabağla Ermənistan arasında strateji baxımdan çox mühüm ərazidir. Bunu da nəzərdən qaçırmamalıyıq. Amma bu günlərdə bizə vacib olan Şuşa və Laçındır. Bu iki rayonun ələ keçirilməsi ilə Qarabağın işğalını (hətta arsızcasına Artsax da deyirdilər) daha da sığortalamış oluruq. Hər necə olursa olsun bütün vasitələrdən istifadə edərək Laçına müxtəlif istiqamətlərdən hücum etməliyik. Həm Gorus, həm də Sisian tərəfdən qəfil və güclü hücumlar olmalıdır... Artıq kəndlərdən xoruz banı eşidilirdi. Bir saat sonra erməni quldur 
birləşmələrinin cəmləşdikləri ərazidəki qərargaha çatdılar. Onların gələcəyini bilən erməni zabitləri elə girişdəcə onları qarşıladılar.  Buğlanan çaydan qurtum-qurtum içən Arakel Yengibaryan qarşısındakı xəritə üzərində qeydlər aparırdı. General Arkadi Ter-Tadevosyanla görüşdən sonra onun ilhamı cuşa gəlmişdi. Get-gedə səyimiz nəticəsində məqsədimizə nail oluruq. ,,Yəqin tanrı bizim tərəfimizdədir", deyə-deyə müxtəlif məxfi döyüş xəritələrini, döyüş planlarını diqqətlə nəzərdən keçirirdi. Xəritələrin arasında xüsusən diqqətini çəkən birisi vardı. Götürüb stolun üstünə sərdi. Bir xeyli sükut içində səssizcə xəritəyə baxdı və qəfildən hönkürə-hönkürə dedi: ‐Ara, Tatul, sən indi hardasan?! Sənin miatsum ideyaların bütün erməni xalqını birləşdirdi. Sən bu günləri görməli idin, amma görə bilmədin. O general Əsədovu da öldürdük, ara! Sənin qisasını aldıq. İndi biz burada gələcək ermənistan naminə yeni planlar işləyirik. Tanrı bizim tərəfimizdədir, biz qalib olacağıq, mən bunu hiss edirəm! Azacıq soyumuş çayını birnəfəsə başına çəkib otaqdan çıxdı. Şuşa və Laçın süquta uğradılmalıdır! Mən mütləq generalı görməliyəm!                                                                                                         Qonaq  
‐Gəlirlər! Tez olun, hər şeyi bir daha yoxlayın! Tərtəmiz qırxılmış üzündə xüsusi bir sevinc vardı. Bu gələn adama çox böyük rəğbət bəsləyirdi. Uşaqlıq dostları idilər. Beyrutdan çıxdığı 18 il ərzində heç görüşməmişdilər, yalnız məktub vasitəsilə əlaqə saxlayırdılar. Samvel Lalayan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ,,Beynəlxalq münasibətlər və regionşünaslıq" fakültəsində təhsil almış, daha sonra isə elə həmin universitetin tarix fakültəsinə qəbul olmuşdu. 1988-ci ildən isə “Miatsum” hərəkatının ən fəal üzvlərindən birinə çevrilmişdi. O, həm Ermənistandan, həm də Dağlıq Qarabağ Muxtar Vilayətindən azərbaycanlıların qovulmasında olduqca fəal iştirak etmiş, azərbaycanlılara qarşı qəddarlığı ilə xüsusi ad çıxarmışdı. Murdar əlləri çox günahsız insanın qanına bulaşmışdı. Olduqca prinsipial birisi idi. Heç cürə güzəştə getmək istəmirdi. Azğınlaşıb insan sifətini itirmişdi. İlk dəfə 1988-ci ildə adam öldürmüşdü... O zaman bir az tərəddüd etmiş, kilsəyə gedib keşişdən kömək istəmişdi. Alçaq keşiş ondan kimi öldürdüyünü soruşmuş, o, isə sadə bir azərbaycanlı gənci öldürdüyünü demişdi. Keşiş ona: “sən bir düşmən öldürmüş qəhrəmansan”, -demişdi. Unutma, türklər bizim düşmənimizdir. Sən əcdadlarına layiq bir əsgər olmusan. Onlar bizim əcdadlarımızı qətlə yetiriblər və siz nə qədər onlardan qırsanız bir o qədər yaxşıdır. Get və onlara qarşı amansız ol! O gündən türklərə qarşı sonsuz nifrət hissi daha da artmışdı. Ayağa durub gərnəşdi. Bir‐iki yüngülvari hərəkət etdi. Səbri tükənirdi. Bircə gəlib çıxsa idi. Ax 
Karlen, Karlen! Səni gərək çoxdan bura çağıraydıq. Amma yox, sən həm də bizim xarici ölkələrdə təlim görmüş 50‐dən yuxarı igidlərimizə də dərs verirsən axı. İndi onlar sənin rəhbərliyin altında bizə lazım olacaq işləri peşəkarcasına icra edəcəklər. Tez gəl, dostum! Xəyallar aləmində nə qədər vaxtın keçdiyini hiss etməmişdi. Qapı döyülürdü.
-Gəl, -dedi.
-Komandir, gəldi.
-Nə? Kim gəldi?
-Gözlədiyiniz adam! Gövdəsinə yaraşmayan bir cəldliklə yerindən sıçrayıb ayağa durdu.  
-Sən mənə müjdə verdin. Söz, bu əraziləri ələ keçirəndən sonra sənə yaxşı bir torpaq sahəsi də ayıracam. Söz! -deyib sevincək çölə atıldı. Enlikürəkli, hündürboy, olduqca vahiməli, uzunçənə, tökməbədən bir adam əzmlə ona sarı gəlirdi. Ülgüclə qırxılmış başı, səliqəli saqqalı, yastı burnu, əynindəki hərbi formanın altından özünü biruzə verən sağlam, güclü əzələləri, qəzəbli baxışları, heç bir ifadə etməyən üzü bu adamın sərt xarakterli birisi olduğuna dəlalət edirdi. Ətrafdakı erməni əsgərləri mat-mat bu adama baxırdılar. Komandirlərinin səbirsizliklə gözlədiyi adam demək bu imiş. Samvel Lalayan heyrətlə dostuna baxırdı. İlahi, bu nə boyda olub!Karlen bu 18 ildə nə qədər dəyişmişdi. O, arıq, uzundraz, sısqa Karlenin yerində indi buğa kimi bir idmançı kişi dayanmışdı. Diqqətlə ona baxa-baxa bu öküz-zombinin nə kimi fəlakətlər törədəcəyini özlüyündə təsvir edirdi. Qorxu! Qorxu ən güclü silahdır, ən güclü təsir vasitəsidir. Bu adama oxşamaz əsl vahimə simvoludur. Onun vasitəsilə ətraf ərazilərdə yaşayan azərbaycanlıların ürəyinə yaxşı qorxu salacağıq!  
Dostum! -deyib Karlenə sarıldı. Ara, gör biz neçə ildir ki, görüşmürük!
-Keç içəri, işimiz çoxdur! Donuq gözlərindəki ifadənin nə olduğu bilinməyən Karlen onun ardınca içəri keçdi. Sakitcə, heç kimin eşidə bilməyəcəyi bir tərzdə, amma pafosla danışırdılar. Karlen işıldayan keçəl başını tərpətməklə deyilənlərlə razı olduğunu bildirirdi. O, ümumiyyətlə çox danışmağı sevmirdi. Lalayan isə ixtisasından və natiqliyindən dolayı “üyüdüb-tökürdü”. Bu azərbaycanlıları ermənistandan deportasiya etdik, bu çox təqdirəlayiqdir. İndi isə bunları öz yurdlarından didərgin etməliyik. Bu bir növ həm də yarızor, yarıxoş urbanizasiya olmalıdır. Elə olduqda əvvəla torpağa bağlı adamlar torpağı unudacaq, şəhər həyatının rahatlığına alışdıqdan sonra isə əsla bir daha kənd həyatına maraq göstərməyəcəklər. Bu da öz növbəsində onlara daxildə xeyli iqtisadi problemlər yaşadacaq. İstehsal gücü, kənd təsərrüfatı iflasa uğrayacaq və istehsalçılar artıq istehlakçıya çevriləcəklər ki, bu da rəqabətlə yanaşı inflyasiyanı da gücləndirəcək. Sosial problemlər çoxalacaq və artan sosial, iqtisadi-siyasi problemlər bizim xeyrimizə olacaq. Həmçinin istər Dağlıq Qarabağın, istərsə də ətraf rayonların zəngin təbii sərvətlərindən yararlanacağıq. Ara, bunlar əllərində olanların qədrini bilməyirlər. O dağlarda, o torpaqlarda sonsuz yataqlar, sərvətlər yatır. Elə bunlar kimi. Bilirsən də, bunlar da yatmağı çox sevirlər. Bunların belə olması bizim işimizə hər zaman yarayıb. Unutma ki, bunlar boş-boş danışmağı sevirlər. Bu türklər heç zaman birləşə bilmirlər və birləşə də bilməyəcəklər. Onların arasına kiçik bir nifaq sal, dur kənara. Özləri bir-birini qırıb qurtaracaqlar. Hə, dostum, sənin öhdənə düşən iş bax bu xəritədədir. Biz sənə çox inanırıq! -deyib Lalayan səliqəyə saldığı stolun üstünə bir xəritə sərdi.(ardı var)

Fərid Muradzadə
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 11-12-2020 10:41
Baxış sayı: 3682
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını