Nazim Hikmətin aşiq olduğu qadınlar - ŞƏKİLLƏR

26-10-2019 14:08


Nazim Hikmət (15 yanvar 1902-3 iyun 1963) 

Sadəcə, ədəbi kimliyi ilə deyil, siyasi düşüncələri ilə diqqət çəkən Nazim Hikmətin qələminin qüdrəti bütün dünyaya yayılıb. Salonikidə doğulan Nazim Hikmət ilk şeiri “Fəryadi-Vətən”i 1913-cü ildə – hələ 11 yaşı olanda qələmə alıb.

“Məktəbi-Sultani”də təhsil alan gələcəyin şairi bir ailə yığıncağında qəhrəmanlıq mövzusunda yazdığı şeiri oxuyur. İstedadı burada Dənizçilik naziri Camal Paşa tərəfindən kəşf edilir.
Məzun olduqdan sonra “Hamidiyə” gəmisində çalışmağa başlayır. Ancaq bir müddət sonra ordudan ayrılır.
Bir müddət müəllimlik etdikdən sonra Moskvada Şərq Əməkçiləri Kommunist Universitetində siyasi elmlər və iqtisadiyyat təhsili alır. İlk şeir kitabı olan “28 Kanunisani”ni Moskvada çap etdirir.
Təhsilini tamamlayıb vətəni Türkiyəyə geri qayıtdıqdan sonra “Aydınlıq” dərgisində çalışmağa başlayır. Burada yayımlanan şeirlərinə görə haqqında 15 il həbs cəzası tələb edilir. Cəzadan yayınmaq üçün Rusiyaya gedir. 1928-ci ildə Əfv qanunu çıxır. Cəzası ləğv olunan şair yenidən vətənə dönür. “Rəsimli Ay” dərgisində yazmağa başlayır. 1938-ci ildə yazdıqlarına görə 12 il həbs cəzası alır.
1951-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Türkiyə vətəndaşlığından çıxarılır. O, babasının vətəni olan Polşanın vətəndaşlığını qəbul edir və Borzeçki soyadını götürür.
3 iyun 1963-cü ildə Moskvada ürəktutmadan vəfat edir.

Dalidag.az şairin həyatından keçən qadınları təqdim edir:
“Bir insanı sevməklə başlayır hər şey” deyirlər. Bir sevgi adamı… Aşiq olduğu qadınlar və hər qadına həsr olunmuş onlarca şeirlər… Hər biri səmimi, qəlb oxşayan, ilk sevgiliyə yazılmış kimi saf, tərtəmiz… Şairin sevgisi elə bir dəryadır ki, tək sevgiliyə duyulan sevgi adlandırmaq insafsızlıq olar bunu. Məmləkətə, təbiətə, eləcə də, gözəl olan hər şeyə bir eşq var şair könlündə. İçində qocaman bir sevda daşıyan şairin qadınlara sevgisindən bəhs edək bir az.
***
Nazim Hikmət və Nüzhət
Nazim və Nüzhət uşaqlıq dostu idilər. Moskvada universitet tələbəsi olarkən evlənirlər. Nüzhətin ailəsi bu evliliyə razı deyildi. Moskvaya məktubları yağmur kimi yağdırırlar. “Hər sözü ilə, hər hərəkəti ilə hər şeyə üsyan etmiş, hətta saçları bərbər darağına üsyan etmiş bu adamla sənin kimi munis və itaətkar bir qız dolanmaz!” deyirlər.

Bir ara Nüzhətin sağlamlığında problem yaranır və məmləkətinə dönür. Nə qədər müalicə olunub yaxşılaşmış olsa belə, artıq Nazimə yoldaşlıq edə bilməyəcəyini düşünür. Bəlkə də, ailəsinin təsiri ilə boşanmağa qərar verir. Nikahları Moskvada kəsildiyi üçün boşanmaq kimi hüquqi bir problem də yaşamırlar. Bu qərarla yıxılır sanki şair. İki il davam edən bu evliliyin bitməsi şairə məşhur “Mavi gözlü dev, minnacık kadın və hanımelleri” şeirini yazdırır:
O mavi gözlü bir devdi,
Minnacık bir kadın sevdi.
Kadının hayali minnacık bir evdi,
bahçesinde ebruli hanımeli açan bir ev.
Şeirdən xəbərdar olan Nüzhət ona bir məktub göndərərək bildirir ki, onların ayrılığının səbəbi “bahçesinde ebruli hanımeli açan bir ev” deyil, düşüncə fərqi idi. Cavab şairi sarsıdır. Nüzhətin onu tərk etməsinin ardından Nazim Hikmət bir qərar verir: o, artıq tərk edilən yox, tərk edən olacaq.
***
Nazim Hikmət və Pirayə
Pirayə Nazim Hikmətin bacısı Samiyənin rəfiqəsi idi. Ərindən boşanmış, bir oğlan və bir qız övladı olan dul bir qadın idi. Qızılı saçlı, gözəl, təhsilli və mədəni bir ortamda böyümüşdü, zəngin bir ailəyə mənsub idi. Nüzhətdən ayrılandan sonra tanış olmalarına rəğmən, araya girən Nazimin uzun həbs illəri evlənmələrinə mane olur. 1935-ci ildə heç kimə xəbər vermədən evlənirlər. İstanbulda məskunlaşırlar. Ancaq yenə rahatlıq onlara nəsib olmur. Yenə araya məhbusluq girir.

Məhbəs həyatı onların sevgisini daha da gücləndirir. Nazim ona məktublarında şeirlər yazır. Eşq sözləri ilə dolu olan bu məktublar əksər hallarda “karıcığım, canım karıcığım” xitabları ilə başlayır. Bəzən isə şair məktublara şeirlər yazaraq qızılı saçlı sevdiyinə göndərirdi.
Məhkumluq yorurdu şairi. Elə ona görə də ümidsizliyə qapıldığı zamanlarda Pirayəyə məsləhət görür ki, ondan ayrılsın. Pirayə “100 ilə məhkum olsan belə, sənin arxandayam, bunu belə bil!” deyir şairə. Ona yazdığı məktubların birində duyğularını belə ifadə edir:
“Nazim, sənin yanında dünyanın ən bəxtiyar qadını idim, elə də qalacağam. Sən ən gözəl şeirlərini mənə yazdın. Bütün əsərlərində məndən bir parça var. Səninlə mən eyni insanıq kimi gəlir mənə”.
Pirayənin keçici olaraq bir neçə aylıq Bursada qaldığı dönəmdə həbsxana idarəsi ev icazələri ilə onların yalnız qalmalarına göz yumur. Buna baxmayaraq, onlar arasında ciddi mübahisələr olurdu. Bu da hər iki tərəfi yorurdu. Nazim həyəcanı başqa qadınlarda axtarmağa başlamışdı. Başqa qadınlar isə roman yazarı Cahit Uçuk və opera sənətkarı Semiha Berksoy idi. Pirayə qüruru qırılsa da, ona anlayış göstərir və bağışlayır. Ta ki, onu Münəvvərlə aldadana qədər.
1946-cı ildə Bursa həbsxanasında olarkən dayısının qızı Münəvvərin ziyarətləri çox sıx xarakter almağa başlamışdı. Yeni bir eşq alov almağa başlayır şair qəlbində. Pirayəyə məktub yazaraq hər şeyi ona deyir. Aldığı xəbərdən sarsılsa da, Pirayə heç kimə bəlli etmir acılarını.
Münəvvər də evli qadın idi, bir uşağı vardı. Əri ondan ayrılmaq istəmirdi. Sevgiləri içindən çıxılmaz bir vəziyyətə gəlib çıxır. Elə o aralarda Nazim Hikmət Pirayəyə bir məktub yazır.
“Yer üzündə heç bir insan heç bir insana mənim sənə etdiyim pisliyi etməyib. Bütün bunlara rəğmən, gəl. Sənə “gəl” deyəcək qədər üzsüz və alçağamsa, neyləyim, eləyəm. Lakin gəl. Və məndən nifrət edərək, məni xor və alçaq görərək də olsa, məni bir daha yalnız buraxma!” deyir ona.
Gəlməsə, intihar edəcəyini deyən məktublar yazır arvadına. Dayanarmı sevən qadının qəlbi bu çağırışa?! Gedir onu görməyə. Daha sonra da münasibətləri davam edir. Bu, elə bir vaxt idi ki, Nazim Hikmət xəstəxanada aclıq aksiyası keçirmiş və vəziyyəti yaxşı olmadığına görə xəstəxanaya yerləşdirilmişdi.
Artıq xüsusi əfv gözləyən şair azad ediləcəyini gözləyir və bu zaman onun Münəvvərlə münasibətləri yenidən başlayır. Pirayə bundan xəbərdar olsa da, xəstəxanaya gedir və çıxanda evinə gələ biləcəyini deyir. Elə bu vaxt Nazim Hikmətin bacısı və Münəvvər xanım içəri girirlər. Çıxılmaz vəziyyətdə qalır şair. Pirayə otaqdan çıxır və bu, Pirayə və Nazim Hikmətin son görüşü olur.
20 il davam edən sevgiləri boyunca Pirayə Nazim Hikmətə hər zaman dəstək olur. Uzun həbs illərində onu səbirlə gözləyir. Ölənə qədər isə heç kimə onun haqqında danışmır. Sevgilərindən geriyə uzun məhbəs gecələrində yazdığı şeirlər, məktublar, kitablar qalır.
***
Nazim Hikmət və Münəvvər
1938-ci ildə Nazim Hikmət Bursa həbsxanasında idi. Bir gün dayısı qızı Münəvvər gəlir ziyarətinə. Gəlişi ilə içəri bir gözəllik gəlir, fransız ətrinin qoxusu, şən gülüşləri şairin ağlını başından alır. Get-gedə sıxlaşan görüşlərdən sonra birlikdə yaşamağa qərar verirlər.
Nazim tezliklə həbsdən çıxacağını düşünür. Lakin onun həbsdən çıxması mümkün olmur, Münəvvərin əri də boşanmağa razı olmayınca Nazimə yazıb bildirir vəziyyəti. Bundan sonra şair aclıq aksiyasına başlayır.

1950-ci ildə əfv qanunu ilə azadlığa qovuşur Nazim Hikmət. Həbsdən çıxar-çıxmaz Münəvvərlə evlənir. 1951-ci ildə oğulları Mehmet dünyaya gəlir. “Nazimin surəti, mavi gözlü, sarı saçlı bir oğlan idi”. Hökumət Nazim Hikmətin əsgərə getməsini təkidlə tələb edir. Bu zaman artıq şairin 49 yaşı var idi və 1918-ci ildə Bahriyə Məktəbini bitirmişdi. Hökuməti razı sala bilmir.
Artıq qaçmaqdan başqa yol görmədiyi üçün bir neçə şəhər dəyişərək Moskvaya gedir. Bununla başlayır şairin vətən həsrəti. Moskvada olarkən arvadına və oğluna şeirlər yazır. Buna baxmayaraq, şairin qəlbi Moskvada da boş qalmır. Yeni sevgilərə açır ürəyini.
1961-ci ildə Münəvvər oğlu Mehmetlə birlikdə qaçaq yollarla Varşavaya getməyə nail olur. İllər sonra Nazim Hikmətlə bir hoteldə bir araya gəlirlər. Sonra bir ev tuturlar. Münəvvər Varşava Universitetində iş tapmaq fikrinə düşür. Bir yerdə yaşaya biləcəklərini zənn edir. Lakin Nazim ona Veradan bəhs edir. Vəziyyətdən xəbərdar olan Münəvvər oğlunu da götürüb Fransaya gedir. Orada bir fransızla evlənir və 1998-ci ildə vəfat edir.
***
Nazim Hikmət və Qalina
Nazimin Türkiyədən Moskvaya qaçdıqdan sonra evləndiyi ilk qadın idi Qalina Qriqoryevna Kolesnikova. 1952-ci ildə tanış olmuşdular. Qalina hər şeydən əvvəl onun həkimi idi.

Ancaq tezliklə münasibətləri sevgiyə çevrildi. Nazimin həkimi, yoldaşı, məsləhətçisi, yediyinə, içdiyinə nəzarət edən biri olmaqla yanaşı, həm də Rusiya adına ona nəzarət edən bir vəzifəli idi Qalina. O, şairin şeir həsr etmədiyi yeganə qadın idi. Bununla belə, Nazimin ən uzun sürən münasibəti onunla olub – yeddi il.
***
Nazim Hikmət və Vera
“Saçları saman sarısı, kirpikləri mavi, qırmızı dolğun dodaqlı” deyə təsvir edir Veranı şair. 1961-ci ildə yazdığı “Saman sarısı” şeiri ilə ölümsüzləşdirir aşiq olduğu gənc qadını. Nazim Hikmətdən 30 yaş kiçik idi Vera. Bir uşaq anası olan Vera beş il idi ki evli idi. İlk tanış olduğu andan aşiq olmuşdu ona.



Evli, uşaqlı olması vecinə də deyildi şairin. Dayanmadan, istədiyinə nail olanadək hər gün zəng edir Veraya. Və onun könlünə girməyə nail olur. Evlənirlər. Bundan sonra yazılan şeirlərin ilham pərisi Vera olur. Yazdığı sevda dolu şeirlərin ünvanına çevrilir Vera. Getdiyi hər şəhərdən həsrət dolu məktublar, teleqramlar yazır ona. Vera Nazim Hikmətin ölümündən sonra da evlənmir və ölənədək yalnız yaşayır.
***
Nazim Hikmət və Adilə
Nazim Hikmətin son illərə qədər bilinməyən bir sevgilisi də ortaya çıxıb. Adilə Hüseynova adlı bu qadın iddia edib ki, öldüyü gün Nazim Veradan ayrılıb onunla yaşamaq qərarına gəlibmiş. Buna da səbəb Veranın keçmiş əri ilə görüşdüyünü öyrənməsi imiş. Bunu öyrənmək şairə ağır psixoloji təsir göstərib.

İndiyədək danışmayan qadın bunu müsəlman olması və Veranın son illərə qədər sağ olması ilə əlaqələndirir. Nazimlə bir neçə illik gizli münasibəti olan Adilə xanım onunla şairin dostlarından Əkbər Babayev vasitəsilə tanış olur.
Türk qızlarına bənzəyən Adilə ilk baxışdan Nazimi özünə heyran edir. Nazim onu anasına bənzədirmiş. Münasibətini uzun illər gizli saxlayan qadın 73 yaşında olduğunu, hər an ölə biləcəyini düşündüyü üçün bu sirlə məzarə getmək istəmədiyini dilə gətirib.
***
Bir sevgi adamı idi Nazim Hikmət. Qadınlar dəyişirdi, məkanlar dəyişirdi, sevginin şəkli dəyişirdi, sevgini bildirən sözlər, şeirlər dəyişirdi, dəyişməyən bir şey vardı – SEVGİ…
Hələ həbsdə olarkən yazdığı bir məktubunda eşqi belə izah edirdi şair:
“… Məsələn, mən 45 yaşımı bitirdim. Amma hər gün bir az daha aşiq oluram. Arvadımdan, sənətimdən, təbiətdən, insanlardan, idealizmdən tutmuş bülbülümə qədər hər şeyə aşiq oluram. Və çox şükür aşiqəm. Bu eşq mistik mənada deyil. Platonik eşq deyil. Hər birinə praktik təzahürləri ilə fəal bir eşqdir. Mənə elə gəlir ki, bir tək insana, yüz milyonlarla insana, hər tək ağaca, bütün meşəyə, tək bir düşüncəyə, fikrə, bir çox düşüncəyə və fikrə aşiq olmadan yaşamaq, yaşamaq deyildir”.


Vəfa Babasoy

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-10-2019 14:08
Baxış sayı: 31 102
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını