"Qarşımda bir nakam eşqin dastanı, varaqlaya varaqlaya qalmışam…"

25-08-2020 15:38
Nədənsə cavan, nakam şairlərimizin yaradıcılığı haqqında yazanda Ustadımız, goru nurla dolmuş Məmməd Aslanın aşağıdakı  şeri xəyalımı haralarasa aparır:

Özüm baxdım, nəs gəldi,
Falıma bax, qaraçı.
Avand işim tərs gəldi,
Halıma bax, qaraçı.

Dərddi, mənəm-qardaşıq,
Yaşayırıq calğaşıq..
Kələf kimi dolaşıq
Yoluma bax, qaraçı.

Bu kələf kimi dolaşıq yolların ağrı-acısı nə qədər olarmış, İlahi! Bax elə Yusif və Akif qardaşlarının son talehi kimi. Allahdan hər ikisinə də rəhmət diləyirəm.
Bu yazımı isə sənin ruhunla dərdləşə dərdləşə yazıram əziz dostum və Adaşım Yusif. Aramızda cəmi 5 yaş fərq vardı, demək olar ki, yaşdaş idik. Əvvəlcədən bağışla ki, bu yazım  25 il gecikdi. Bəlkə də ondan irəli gəldi ki, son gedişinlə barışmadım. Daha doğrusu inanmadım. Elə indi də inanmıram. Elə bilirəm ki haradasa uzaq bir səfərdən bu günmü, sabahmı qayıdacaqsan. Əfsuslar ki alın yazısını pozmaq qismətimizdə yoxdu. Elə o zamandan əzbərimdə olan bircə şerinlə yeri gələndə dostlarla səni yad eləyirdik. Ruhun şad olsun. Ölümündən sonra Bəhmən Vətənoğlunun ön sözü ilə nəşr olunmuş kitabın bu günlərdə əlimə keçdi. Bu balaca kitab mənə çox mətləbləri başa saldı və yenə də Böyük Türk Dünyasının Könüllər şairi Məmməd Aslanın bir söhbətimizdən olan fikrini xatırladıram. Ustadın ruhu şad olsun o deyirdi: 
   -Yusif, əgər bir şairin bircə gözəl şeri dillərdə gəzirsə, o şairdi, kitabı nəşr olmasa belə. Bəli Adaş, Sən həmi dost kimi, həm də şair kimi qədirbilən dostlar arasında cismən olmasan da ruhən yaşayırsan və yaşayacaqsan.

QISA ÖMRÜNDƏN QISA TƏRCÜMEYİ HALI:
Heydərov Yusif Əli oğlu (Yusif Möhnət)

1955-ci il Aprelin 25-də Kəlbəcər rayonunda anadan olub. 1995 ci ilin iyun ayında avtomobil qəzasında qardaşı Akiflə birlikdə dünyasını dəyişib. Hər ikisinə də Allahdan rəhmət diləyirəm. Əzizlərinə Allah səbr versin. 40 yaşında Haqq dünyasına qovuşub. Kəlbəcər rayon 1 saylı  orta məktəbini bitirib 1989-cu ildə Gəncə Dövlət Pedaqoji Universitetini bitirib və yenidən həmin  məktəbdə müəllim işləmişdir.  Yusif Möhnət təxəllüsü ilə ara-sıra gözəl şeirlər yazardı. Məlum Qarabağ hadisələrindən sonra Gəncədə məskunlaşmışdı. Ölümündən sonra “Son Talehim” adlı  Bəhmən Vətənoğlunun redaktorluğu ilə kiçik bir xatirə kitabı çap olunub. Şeirlərində həmişə dərd-qəm açıq-aşikar hiss olunurdu:

Nə torpaq var, nə vətən var, nə də el,
Yoxdur mənim innən belə heç nəyim..
Nə dağlar var, nə dərə var, nə də sel,
Yoxdur mənim innən belə heç nəyim..

Nə bağım var, nə bostanım, nə tağım..
Viran qalıb saraylarım, otağım..
Qalmayıbdı bu dünyada matahım,
Yoxdur mənim innən belə heç nəyim..

Dərd-ələm üstümə qoşun çəkibdi,
Sinəm üstün şumlayıbdı, əkibdi..
Nankor qonşu məzarımı sökübdü..
Yoxdur mənim innən belə heç nəyim..

Möhnətəm, alışdı-yandı kürəyim,
Dağıldı, puç oldu bütün istəyim…
Kim verər xoş günü, kimdən istəyim?!
Yoxdur mənim innən belə heç nəyim..

Şair məhəbbətini tərənnüm edəndə də qəmə köklənir:

Ay sevgilim, səndən mənə  yadigar,
O sevdanın baxışları qalıbdı…
Məhəbbətdən hördüyümüz çələngin,
İlmə- ilmə naxışları qalıbdı…

….Salxım söyüd, dayanıbdı yerində…
Gözləyirəm, güllər solub əlimdə
Axtar məni, ağla məni sərində,
Sən ağladan göz yaşları qalıbdı…
Rəhmətlik Bəhmən Vətənoğlunun Yusifin Möhnətin kitabına yazdığı ön sözdən bəzi məqamları olduğu kimi sizlərə çatdırıram hörmətli oxucular:
-Möcüzədir.”Bu da mənim son talehim”.Yusifin son şerinin sərlövhəsi və misrasıdı. Bu misra onun ürəyinə haradan dammışdı?! Bəli, İlahi qüvvədən. Buna şübhə ola bilməz. Yusif hardan bilərdi ki, sabah onun talehi tamam olur?! Bundan əvvəlki şerinə fikir verin:

Azdı köç qatarım, azdı…
Ağla dünya, ağla məni…
Bəxti yazan qara yazdı..
Ağla dünya, ağla məni…

Yusif müəllim 1978 ci ildə Gəncə Dövlət Pedaqoji İnstitunun tarix fakultəsini bitirmişdi. Kəlbəcər faciəsindən sonra Gəncədə təşkil edilmiş 4 saylı köçkün Kəlbəcər məktəbində dərs deyirdi. Birlikdə işləyirdik. Tarixin bizim çiynimizə yüklədiyi dərdləri birlikdə çəkirdik. Yusif mənim təkcə iş yoldaşım deyildi, həm də dogma sirdaşım id. Dərd bizə sinə gərəndə bir-birimizi tapıb dərdləşirdik. Yusif dostluqda şirin adam idi.O dərd qanan, həm də əhli-hal cavan idi. Ruhu şad olsun!
Son görüşümüz belə oldu. Gəncədəki Fizuli heykəlinin yanındakı bağda qarşılaşdıq. Son zəngdən sonra az -az görüşdüyümüzə təəssüfləndi. Ayrılanda məni qucaqlayıb öpdü və dedi: -Bir-iki günə dağlara tərəf bir güzarım var.
-Məmuniyyətlə mən də gedərəm.- dedim. Dedi ki, Bəhmən müəllim uzaq yolçuluqdu, sənə qıymaram.  Dedim ki:-Ay Yusif, sənin xətrinə, dağların xətrinə bütün əziyyətlər xoşdur. O uzaqlaşa-uzaqlaşa əl eylədi və yenə dedi: Yox, yox çox uzaqdı.. uzaqdı.. sənə qıymaram…
Bu Yusifdən eşitdiyim sön cümlə və son səs oldu. Doğrudan da bu səfəri çox uzaq imiş, lap əbədiyyətə qədər. Əbədi yaşar. Heyif səndən Yusif!
Onda yazdığım kimi:

Yusif səni əcəl aldı əlimdən,
Belə zülüm-sitəmlərə nə deyim?!
İşdi qardaş sağ qayıtsam vətənə,
Səni sorsa o dağ-dərə, nə deyim?!

Alışacaq o torpağım, o daşım,
Harda qaldı, hanı deyim sirdaşım?!
Yollar boyu axa-axa göz yaşım,
Xan Tutquya, Xan Tərtərə nə deyim?!

Qardaş, bir də bizim olsa o dağlar,
Qayğımıza yenə qalsa o dağlar,
Yusif, səni xəbər alsa o dağlar,
Viran  qalan Kəlbəcərə nə deyim?!...

Hörmələ, Bəhmən Vətənoğlu

Nədənsə elə Kəlbəcərdə olandan san ki, könül rübabını qəmə kökləmişdi, san ki bu ayrılığı o zamandan hiss edirdi Yusif müəllim. Onun 1980 cı ildə yazdığı şerini sizlərə təqdim edirəm, dostlar:

Körpəlikdən anam oldun, 
Uca dağlar, salamat qal..
Min çalarlı, min naxışlı,
Gözəl bağlar, salamat qal..

Dərələrin şəlaləsi,
Gül üstündə şeh giləsi..
Yamaclarda tütək səsi,
Qəlbim ağlar, salamat qal…

Dirədöymə, cız çəkdiyim,
Həsrət, kədər, qəm əkdiyim…
Heç qədrini bilmədiyim, 
Ötən çağlar, salamat qal…

Digər bir şerində də san ki, talehin amansızlığını əvvəlcədən hiss edirmiş:

Azdı, köç qatarım, azdı…
Ağla dünya, ağla məni..
Bəxti yazan qara yazdı,
Ağla dünya, ağla məni..

Ad itirdim, san itirdim, 
Aylar, illər san itirdim.
Vaxtsız sağlam can itirdim,
Ağla dünya, ağla məni..

Qovruluram yana yana,
Hardasan, hardasan, ana…
Kimsə məni çətin ana,
Ağla dünya, ağla məni..

Əlim bağlı, gözüm bağlı,
Yolum bağlı, izim bağlı,
Kəfən bağlı, bezim bağlı,
Ağla dünya, ağla məni..

Və ya digər şerindən:

Talehə, qismətə arzuya, bəxtə,
Boran düşməyəydi, çən düşməyəydi..
Sevincdən nur saçıb, gülən gözlərə,
Kədər düşməyəydi, qəm düşməyəydi…

…Yenə yada düşdü dağların mehi..
Zirvəsi, qartalı, çəməni, şehi…
Elə yazılaydı insan talehi,
Saçlara vədəsiz dən düşməyəydi.

Kaş ki dediyin kimi olaydı Adaş. Amma dünyanın gərdişi bəzən elə amansız olur ki, ağrı-acısına dözmək də olmur. Səndən sonra elimizin-obamızın azman ağsaqqallarını, qeyrət-namus mücəssiməsi olan ağbirçəklərimizin demək olar ki hamısını itirdik. Getdiyin 25 il bir insanın, bir igidin ömrüdür. Səndən sonra ömür-gün yoldaşın da bu nisgilə dözmədi, dünyasını dəyişdi. Səndən yadigar qalan qız balan böyüdü .Ailə qurdu, indi üç yaşında bir nəvən var. Adını da Yusif qoyub. Allah xoşbəxtlər sırasına yazsın. Bu məqamda öz atasızlığım yadıma düşdü. Axı mən də 7 yaşımda atamı itirdim. Dünyanın çox ağrı-acısını çəkmişəm. İllər keçdi Ali təhsil alıb evə ilk əməkhaqqımı gətirəndə anam Yetərin gözləri doldu və şükranlıqla dediyi cümlə hələ də yaddaşımdadı:
-Oğul görürsənmi Allahın pisliyi özünə qalır. Yetimlər də böyüyüb arzularına qovuşa bilərlərmiş. Yenə də Allahın böyüklüyünə şükür Adaş. Yerində-yurdunda Yusif adlı adaşın var. Allah nəvən Yusifə torpağın sanı ömür versin. Min budaq olsun. Nəvən Yusifin Talehi Yusif Peyğəmbər kimi nurlu və ziyalı olsun. Bununla da öz yazıma sonluq verirəm. Əzizlərinə Allahdan səbr diləyirəm.
Hələ gənclik illərində dogma Kəlbəcərimizdə tez-tez görüşərdik. Söz-söhbətimizin məğzi də şeirləşmələr olardı. O zamandan bütün dostlarımızın əzbər bildiyi sevimli şeirin indi də yaddaşımda əzbərimdə qalıb gözəl dost:

İllər keçir o sevdanın eşqini,
Soraqlaya-soraqlaya qlmışam..
Həsrətindən dən düşübdü saçıma,
Daraqlaya- daraqlaya qalmışam..

Həyata bax..İllərə bax…Ana bax…
Dövrana bax..Zamana bax..Ona bax…
Görmürsənmi ay vəfasız yana bax;
Papaqlaya-papaqlaya qalmışam…

Qocalmışam, itirmişəm ad-sanı…
Bizdən qalan xatirələr de, hanı?!
Qarşımda bir nakam eşqin dastanı,
Varaqlaya varaqlaya qalmışam…

25 avqust 2020 ci il














Yusif Hüseyn 
şair-tədqiqatçı,“Qızıl Qəlım” mükafatı laureatı
Dalidag.az




Kateqoriya: Poeziya-nəsr
Tarix: 25-08-2020 15:38
Baxış sayı: 41 096
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını