Reklam
Rus qadına təcavüzdə günahlandırılan, yeni şeirin manifestini yazan, öz ad günündə ölən alimimiz – Maraqlı faktlar
25-04-2020 19:12
Dalidag.az görkəmli alim, şair Mikayıl Rəfili haqqında maraqlı faktları təqdim edir.
Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Goranboy rayonunun Borsunlu kəndində zəngin bir ailədə dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini isə Gəncədə alan Mikayıl Rəfili ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdi.***
Mülkədar oğlu olduğu üçün daim təqiblərə məruz qalan böyük alimin başından bəlalar əskik olmur. 1937-ci il aprelin 19-da Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin iclasında daşnak Levon Arustamov adlı birinin məlumatı əsasında Mikayıl Rəfili Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən, Nizami adına Ədəbiyyat İnstitutundan və dərs dediyi Pedaqoji İnstitutdan xaric edilir.
***
İdarə Heyətinin iclasında Mikayıl Rəfilini rus qadının döşlərinə əl atmaqda günahlandırırlar. İclasda iştirak edən yalançı şahidlər, o cümlədən mənzil sahibəsi Tatyana Medvedeva Rəfilinin üzünə durur: “Bu müsavatist qoçu mənə əl atdı. Arustamov yoldaş gəlməsəydi, məni zorlayacaqdı.”
***
Bütün bunlar azmış kimi, yenə də Mikayıl Rəfilidən əl çəkmirlər. “Ədəbiyyat qəzeti”ndə onun haqqında qurama, saxta ittihamlarla dolu yazılar dərc edilir. Onu gah “mülkədar oğlu”, gah da “sovet yazıçıları sırasına soxulan bir cani”, “ictimai mənsubiyyətcə yabançı”, “əksinqilabi təşkilatın üzvü” kimi qələmə verirlər.
Repressiyaların qızğın çağında Mikayıl üstünə atılan bütün böhtanlardan xilas olsa da qardaşı Rəfi həbs olunur.
***
1937-ci ilin payızında Mikayıl Rəfili məcbur qalıb Mir Cəfər Bağırova məktub göndərir, üzləşdiyi haqsızlıqdan, daxili imkanlarından, yaradıcılığından və görə biləcəyi işlərdən söz açır. Məktubla tanış olan M.Bağırov onu baxılmaq üçün Azərbaycan Yazıçılar İttifaqına göndərir. Oradan alınan cavab isə yenə də mənfi olur. 1937-ci ilin dekabrında o, Mərkəzi Komitənin rəhbərinə ikinci məktubu yazır. Bağırov “mülkədar oğlu” tənəsi ilə üzləşən Mikayıl Rəfilini müdafiə edir və o, 1938-ci ilin yayında işinə bərpa olunur.
***
Nizami Gəncəvi, Füzuli, Xaqani, Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Abbasqulu ağa Bakıxanov və başqaları haqqında tədqiqatlar apardığı üçün qara qüvvələr tərəfindən təqiblərə məruz qalıb.
***
Mikayıl Müşfiqlə çox yaxın dost olublar. Bir dəfə bütün gecəni yuxusuz qalıb bir şeir yazıb. Şeiri oxuyanda Mikayıl Müşviq ciddi nəzərlərlə onu süzüb deyib, bir də oxu. Şeiri yenidən oxuyub. Mikayıl Müşfiq sərt şəkildə deyib, bu şeir mənimdir, özü də bunu çoxdan yazmışam. İnanmırsan, qulaq as, - deyib və şeiri əzbər söyləyib. Xatirələrində Mikayıl Rəfili yazırdı ki, bu hadisədən çox pərt olub: “Necə ola bilərdi, bütün gecəni yatmayıb şeir yazasan, başqasınınkı ola?” xəyalından yenicə ayılmışdım ki, Müşfiq şaqqanaq çəkib güldü və dedi:
- Zarafat edirəm, Mikayıl. Şeir sənindir və çox gözəl, ürəyəyatımlı olduğu üçün elə ikinci oxunuşdan əzbərləyə bildim”.
***
M.Rəfili Moskvada oxuduğu illərdə böyük türk şairi Nazim Hikmətlə tanış olur. 1927-ci ildə ilk dəfə Azərbaycana gələn Nazim Hikmətin Bakıda "Günəşi içənlərin türküsü” adlı şeirlər kitabı nəşr olunur. Mikayıl Rəfili Nazim Hikmətin tanış olduğu ilk azərbaycanlı şair-alim idi. Sonralar bu tanışlıq dostluğa çevrilir. Hətta onların arasında keçən bir dialoqda Nazim Hikmət Rəfiliyə, "Şair ola bilərdin, professor oldun” deyib.
M.Rəfili Nazim Hikmətə həsr etdiyi bir şeirdə ona olan məhəbbətini belə izhar edir:
Qarşımda əksin. Əlimdə sadə bir qələm.
Gözlərimdə Moskvada keçən gəncliyimizin solmayan yarpaqları.
Sən Nazim Hikmətsən.
Mən - sadə bir tələbən.
Mikayıl Rəfilinin ölüm xəbərini eşidən Nazim Hikmət kədərini gözəl bir şeirlə ifadə edir:
Nəslimin yarpaq tökümü başladı.
Çoxumuz qışa qalmayacayıq...
Dəliyə döndüm, Rəfili,
ölüm xəbərini alanda
Bu şeir ölən dosta yazılmış ən gözəl ağı kimi ədəbiyyat tarixində qaldı.
***
Yazırlar ki, Rəfili həmişə döş cibində Uitmenin şeirlər kitabını gəzdirərmiş.
***
Süleyman Rüstəm onun haqqında xatirələrində yazırdı: “Mikayıl məclislərdə çox zarafatcıl və hazırcavab adam idi. Onun olduğu məclislərdə vaxtın nə zaman keçdiyini hiss etməzdik. Dostlarını özü ilə zarafat etməyə həvəsləndirirdi.”
Mikayıl Rəfili rəssamlıqdan, musiqidən yaхşı baş çıхarar, pianоda çalan, şəkil çəkər, filatеliya ilə məşğul оlarmış.
***
Eyni zamanda, texnikaya böyük maraq göstərən M.Rəfili mahir sürücü idi. Ölümündən bir az əvvəl təzə “Vоlqa” maşını alsa da, bu maşını sürmək оna qismət оlmadı.
***
1929-cu ildə Azərbaycan sərbəst şeirinin manifestini yazmışdı. O, moden şieirmizin banisi sayıla bilər. Ancaq sonra repressiyalarının qorxusundan “burjua ənənəsi” olan modern şeir yazmaqdan əl çəkdi, tənqidlə məşğul oldu. Nazim Hikmət məşhur şeirində buna da işarə vurmuşdu.
***
Azərbaycanda Nizami barədə ilk kitabın müəllifi idi.
Təqiblər, hücumlar, başına açılan bəlalar onun səhhətin təsir göstərmişdi. Bir neçə xəstəliklə mübarizə aparan Mikayıl Rəfili cəmi 53 il yaşadı. Doğulduğu ayda, eyni gündə dünyasını dəyişən böyük alim haqqında qələmə aldığı “Həqiqət olduğu kimi” kitabında tədqiqatçı Teyyub Qurban yazır: “1958-ci ilin aprel ayının 25-də onun 53 yaşı tamam oldu. Axşam xudmani süfrə arxasında doğmaları əyləşmişdi: gözlərinin işığını itirmiş 84 yaşlı anası Həyat xanım, 46 yaşlı arvadı Zoya xanım və 10 yaşlı qızı Selcan. Qızı, sədaqətli ömür-gün yoldaşı Mikayıl Rəfılini bərk-bərk qucaqlayıb öpdülər, o isə diz çöküb ağbirçək anasının nurunu itirmiş gözlərindən öpdü. Yenə «şairliyi başına vurdu».
Bəzən əyilir başım yerə,
Alnıma nöqtə qoymaq üçün uzanır barmaq.
Tənqidçilər mənə düşmən və mürtəce.
Burjua və masqalı
Bir müsavat əsgəri
Deyə-deyə yordular məni.
Ancaq yenə uzananda əlim tapançaya,
Baltalayır sol əlim sağ əlimi.
Və hər zaman dirçəlib yenidən
Təkrar olunur bir misra türkülərimdən:
Bu gün sevməsələr də, yarın sevərlər məni…
***
Mikayıl Rəfilinin qırxı çıxandan sonra Azərbaycan Yazıçılar İttifaqının sədri Mehdi Hüseyn 1958-ci il avqustun 9-da Mərkəzi Komitəyə onun ailə üzvlərinə təqaüd təyin edilməsi ilə bağlı məktub göndərsə də məktuba məhəl qoyan olmur. M.Rəfilinin 84 yaşlı anası Həyat xanım oğlunun dərdinə dözməyib dünyasını dəyişmişdi.
***
Mikayıl xilaskarı Mir Cəfər Bağırovun 24 yaşlı şəhid oğlu Cahangir Mir Cəfər oğlu Bağırovla eyni qəbiristanlıqda dəfn olunub.kulis.az
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 25-04-2020 19:12
Baxış sayı: 4568
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02