Reklam
Pərvanə Bayramqızının "Köhnə tələbə"si -Hekayə
21-04-2020 14:59
Şirkətin qapısından içəri iti addımlarla girdi. İşə gecikmişdi. Kabinetinə daxil olan kimi ilk soruşduğu: – Məni soruşan olmayıb ki? – sualı oldu. İşçi cavab verənədək keçib stolunda əyləşdi.
– Bir nəfər yaşlı qadın gəlmişdi.
– Kim olduğunu söyləmədi?
– Nəsə xahiş edəcəkdi. Dedi ki, tələbəsi olmusunuz.
“Tələbəm olub”/ Öz-özünə təkrar etdi. – Kim ola bilər ki?
– Sizə nəsə lazımdır, Zümrüd xanım?
– Yox, gedə bilərsən.
İşçi otaqdan çıxandan sonra başını kresloya söykəyib gözlərini yumdu. Elə bil hər şeyi xatırlasın deyə zehninə yalvarmaq istəyirdi.
“Bəlkə, Elmira müəllimədir? Yox, o buraya gələsi halda deyil. Ya Solmaz müəllimə? Onu da tez-tez özüm gedib görürəm. Bəs kim ola bilər? Niyə axtarıb məni?” Nə qədər xatırlamağa çalışdısa da, ağlına heç kim gəlmədi. Axırda yorulub “Hər kimdisə, qayıdıb gələcək” deyərək yerində fırlandı. Yönünü kompüterə çevirib düyməni basdı. Monitorda “Hesabat” qovluğunu açıb yazmağa başladı. Qapı döyülüb işçisi içəri daxil olanacan xeyli yazdı. İşçi qız günahkar görkəm alıb:
– Zümrüd xanım, unutmuşam, bağışlayın, o qadın bunu qoyub getdi, – deyərək şəkil uzatdı, – dedi ki, Zümrüd əlaçı olub həmişə.
Şəkli alıb gözlərinə yaxınlaşdırdı. Yaxşı görə bilmədiyindən eynəyini taxıb təzədən diqqətlə baxdı. Tanıdı. “Həə, necə olub ki, bu, ağlıma gəlməyib? Buraya qədər ancaq o gələ bilər” – dodağının altında pıçıldadı. – Amma etirafa çox gecikib”. Fotoaparatın kəşfinə indiyəcən bu dərəcədə sevinməmişdi. Keçmişi inadkarlıqla tutub saxlayan şəkillər hər zaman hansısa bir işə gərək olur. Bəzən bütöv bir ömrü o, nəql edir.
O illərdə universiteti əla qiymətlərlə bitirəcəyi məqsədilə gecələr oyaq qalıb dərslərini hazırlayırdı. Əyləncəyə də vaxt ayıra bilmirdi. Tələbə dostları onun bu cür çalışmasına bəzən qısqanclıqla yanaşırdılar. Əlaçı olmağıyla bütün müəllimlərin hörmətini qazanmağına baxmayaraq, tək bir nəfərin “gözündən düşmüşdü” Tələbələrin qısqanclığına dözməyi bacarsa da, səylə çalışmasından bir müəllimənin narahat olmasını sakit qarşılaya bilmirdi. Axı tələbənin elm öyrənməsinə müəllim niyə sevinməsin ki? Hər dəfə imtahanları uğurla verəndə müəllimlər onu təbrik etdiyi halda təkcə o,
qaş-qabağını sallayırdı. Bu lal oyun xeyli davam etdi. Nəhayət, bir gün müəllimə bir-neçə il içində yığıb saxladığı kin-küdurətini püskürdü:
– Özünü alim kimi aparırsan – deyə kinayə etdi.
– Buna çalışıram, müəllimə. Pismi niyyətdir? – O da kinayə ilə demişdi.
– Alim olub neynəyəcəksən?
Bunu bir müəllimdən eşitdiyinə görə sarsılmışdı onda.
– Etməli olacağım çox şeylər var.
– Yaman acıdilsən.
Onda dinməmişdi. Amma dilinin ucunda beş-on kəsərli söz vardı. Əslində onun niyyətini duymuşdu. Bilirdi ki, imtahanlarda istəyinə çata bilmədiyindən onu xoşlamır. Buna kəskin münasibət bildirməyə bir neçə dəfə cəhd etsə də, hövsələsini basmışdı. Bir də axı ortalıqda konkret heç nə baş verməmişdi. Sonuncu kursadək münasibətləri yaxşılaşmadı. Son dəfə universitetdən ayrılanda özünü saxlaya bilməyib atmaca atmışdı.
– Məni kimi sevmədiyiniz tələbələriniz çox olsun, müəllimə.
Dərindən nəfəs alıb şəkli stolun üstünə atdı. “Şöhrətpərəst adam” deyə qaş-qabağını tökdü. “Müəllim yoldaşlarının yanında tələbələrin sevimlisi olduğunu nümayiş etdirməkçün ona ad günü keçirməyimizi təkid edəndən hörmətini itirmişdi. Görəsən, bunu xatırlayanda heç utanırmı? Yeri necə də səhv düşmüşdü. O, ancaq ticarətçi olmalı idi. Hələ bir burayacan gəlməyinə bax”. Tərəddüd içində idi. Ona pislik edən çoxlarını bağışlamışdı. Bu dəfə isə, deyəsən, çətin olacaqdı. Axı hədəf təkcə o deyildi, onun elmə, təhsilə gələcəyə qarşı niyyəti pis idi. Bunu ustalıqla gizlətməyə çalışsa da, duyanlar da vardı.
Xatirələr heç nəyə çarə edə bilmir, oyanıb yenicə sakitləşən ağrılarımızı artırır. Bu ağrılar bütün ağrılardan betər olur. Ürəyini narahatlıq bürüyən Zümrüd xanım acı-acı güldü. “Gör aradan neçə illər keçib, indi deyir, əla oxuduğumu”.
Həmin gün səhərəcən gərginlik içində oldu. Onunla necə üz-üzə gələcəyini təsəvvür edə bilmirdi. “Üzümə necə baxacaq?” “Bəlkə də, ona bu cür vəziyyət əzab vermir, bəs mən necə yaxınlaşacam ona?” Səhər işə gələndən başını stola qoyub mürgüləyirdi.
***
–Bilirdim ki, harda olsan, işinin öhdəsindən gələcəksən.
– Bu, əksinə də ola bilərdi.
– Yox, sən savadlı idin.
– Mövqeyimi dəyişə bilərdim. Bəzən böyüklər bizi yanlış istiqamətə yönəldirlər.
– Səninlə həmişə fəxr etmişəm.
– Bu haqqı siz qazanmadınız. Sadəcə, müəllim yoldaşlarınızın sevincinə şərik ola bilərsiniz. Sizin kimi adamlar dünyadan nuru əsirgəyər, qaranlıq düşəndə isə hər kəsdən çox işıq istəyərlər. Tələbə ikən həyatına laqeyd qaldığınız gənclərin sonrakı uğurlarıyla “Mənim tələbəmdir” deyib öyünmək eyibdir.
– Həmişə sənin haqqında düşünmüşəm.
– Heç düşünmüsünüzmü ki, elm öyrənməyə bu dərəcədə həvəsli olan bir gənci usandırıram? Əgər mən mübariz olmasaydım, nə baş verəcəkdi? Buna görə sevməmişəm sizi. Yalançı təriflərlə, xətir-hörmətə qiymət yazdıra-yazdıra özünüz kimi oğlunuzu da bədbəxt etmisiniz. Cəmiyyəti sizi kimilər korlayır. Sizi yalnız pul düşündürürdüsə, niyə biznes işləri ilə məşğul olmurdunuz? Niyə işləməkçün elm ocağını seçirdiniz?
– Müəllimə pul lazım deyil?
– Lazımdır, amma bu yolla yox.
– Sən kinlisən!
– Öz əməlinizin də adını deyin!
– Aciz bir qadına bu qədər həqarət yağdırmaq insafsızlıqdır. Hə, nifrət yağdır üstümə. Köməksizəm, işdən çıxarılmışam, səndən kömək istəyirəm. Daha nə eşitmək istəyirsən?
– Susun! Çıxın gedin!
***
Gözlərini ovuşdurdu. Bir balaca da gərnəşib saata baxdı. “Bu nə ssenaridir ağlıma gəldi. – özünə acıqlandı. – Beynim necə yorulub” Gözü saata sataşanda “Maaşsız, təşəkkürsüz işləyən əşya” deyə canlı imiş kimi canıyananlıqla pıçıldadı. Əqrəblər öz işində idi. Qalxıb pəncərənin qabağına keçdi. Şəhərin üzərinə tozdan sanki pərdə enmişdi. Ətraf bomboz görünürdü. Darıxdı. Təzədən yerinə keçdi. Telefonu götürüb zəng etmək istəyirdi ki, qapının ağzında adam göründü. O idi. Dünəndən xəyalında dönə-dönə qınadığı müəllimi idi. Özündən ixtiyarsız ayağa durdu. Nə deyəcəyini bilmədi. İrəli gedib görüşməyə özünü məcbur etdi. Amma bundan utanırdı. Baxışlarını yayındırsa da, onunla göz-gözə gəlmişdi.
– Axır ki, səni tapdım!
Könülsüz qucaqlaşdı.
– Keçin, əyləşin.
Əyləşərkən işarə ilə binanı göstərib
– Əsl sənə layiq yerdir – dedi.
Zümrüd xanım dodaqucu güldü. Müəllimə canıyananlıqla kefini soruşdu.
– Yaxşısan?
– Təşəkkür edirəm, yaxşıyam.
Araya sükut çökdü. Zümrüd xanım bayaqkı xəyali söhbətin gerçəkdən baş verdiyini zənn edərək heç nə deyə bilmirdi. “Aciz bir qadına bu qədər həqarət yağdırmaq insafsızlıqdır” Sanki bu sözləri müəllimə indi deyirdi. “Sən kinlisən”. Bəlkə, doğrudan da belədir.
– Zümrüd, qızım, yəqin ki, gəlişimin səbəbini bilirsən. Gizlətməyəcəm, maddi sıxıntımız var. Mən təqaüd alıram, oğlumsa işsizdir. Bəlkə, şirkətində ona iş verəsən?
Ağlından “Əlbəttə, səni yalnız öz işin həlimləşdirir” fikri keçsə də, dinmədi. Elə bil tək idi. Ürəyində danışırdı. “Deməli, ərköyün böyütdüyü oğlu cəmiyyətdə hələ də öz yerini tapa bilmir. Başqalarının övladlarını heç vaxt sevmədi. Özünükünü pir etmişdi. Nə oldu sonu? Yəqin, yenə nəsə edib ki, işdən qovublar”. Başını yerə dikdi. Başqasının əvəzinə utanmaq necə ağırdır! Bu anlarda qarşısında oturmuş qadınla yox, özü ilə mübarizə aparırdı. Müəllimənin tərifli sözləri başına sanki çəkic zərbəsi kimi dəyirdi.
Yenə üz-üzə oturmuşdular. Həyəcanlı idi. Elə bil imtahan verirdi.
Pərvanə Bayramqızı
15.11.2018
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr
Tarix: 21-04-2020 14:59
Baxış sayı: 3645
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02