Sağlamlığın və sözün keşiyində duran kəlbəcərli həkim-şair

19-04-2020 20:14
Zərraf Təhməzoğlunu (Zərraf Təhməz oğlu Şirinov) 10 ildən artıqdır ki, tanıyıram. Gözəl ziyalı, bacarıqlı həkim, Vətənini canından artıq istədiyini bilirdim, daha doğrusu eşitmişdim. Lakin heç vaxt bədii yaradıcığına – şeirlərinə rast gəlməmişdim. Bir neçə il əvvəl sosial şəbəkələrdə Zərraf Təhməzoğlunun səhifəsində bir neçə şeirinə rast gəldim. Maraqlanıb oxudum. Şeirləri hər bir insanı düşüncələrə dalmağa, geriyə – tariximizə boylanmağa vadar edir və insan öz-özlüyündə şeirin müəllifi ilə görüşmək, onunla təmasda olmaq hisslərini oyadır. 

Bundan sonra Zərraf Təhməzoğlu ilə arabir görüşmək, daha yaxından tanımaq və bu tanışlıqla fəxr etməyi özümə borc bildim. “Azərbaycan” nəşriyyatında həmyerliləri ilə görüşən zaman bəlkə də qəsdən, bilərəkdən Zərraf Təhməzoğlu barədə söhbət salırdım, hər dəfə də onun tamam başqa bir şəxsiyyət olduğunu eşidirdim. Düşünürdüm ki, İlahi, görəsən öz üzərində daim işləyən, tibb elminin dərinliklərinə baş vuran bu insan şeir yazmaq üçün necə vaxt tapır?
Elə buradaca onun bir şeirinə nəzər salaq: 

ÖmrünüTəbiətin payızı nə gözəldir,
Başa vurur illik yarpaq ömrünü.
Yaranışa dönür, əriyir, itir,
Artırır yenə də torpaq ömrünü.
Hər kəsə bir ömür bəxş edir Xuda,
Şahın şah ömrü var, gədanın gəda.
Heç kəs əbədilik deyil dünyada,
Hər canlı yaşayır qonaq ömrünü.
Əbədi peyğəmbər dühası qalır,
Kitabı, inancı, duası qalır.
Ziyalı insanın ziyası qalır,
İşığa çevirir çıraq ömrünü.
Bir qərar verəndə itməsin insaf,
Fikirlərin aydın, əməllərin saf.
Elə işlər gör ki, bir gün, ay Zərraf,
Düşünmə yaşadın nahaq ömrünü.


Bu şeirində şair insan ömrünün qısa olduğuna baxmayaraq, onun hər anını, hər saatını özünün timsalında bizim hər birimizi də səmərəli yaşamağa, daim xeyirxah işlərlə məşğul olmağa səsləyir.  2017-ci ildə Zərraf Təhməzoğlunun “Gorumuza sarı gedək” adlı şeirlər kitabının çapdan çıxdığını bilirdim.
Bir dəfə iş yerində şairdən həmin kitabından mənə də bağışlamasını xahiş edəndə durub şkafını axtardı və təəssüf  hissi ilə bildirdi ki, yanında yoxdur. Uzun müddət görüşə bilməsəm də, bir gün yanına gedəcəyim və arzusunda olduğum kitabına qovuşacağımı hey düşünürdüm. Nəhayət bu ilin fevral ayında Zərraf Təhməzoğlu ilə görüşəsi oldum. Rayondan xəstəmiz gəlmişdi. Yanına apardım, bizi səmimi qarşıladı, xəstəmizi müayinə etdi, məsləhətlərini bildirdi. Böyük məmnuniyyətlə kitabını öz imzası ilə mənə bağışladı.
O gündən şairin müqəddəs saydığım “Gorumuza sarı gedək” mənim stolüstü kitabımdır.Zərraf Təhməzoğlunun yaradıcılığında yurd həsrəti, Vətən nisgili daha güclüdür. Harada olmasından, kiminlə təmasda olmasından asılı olmayaraq, xəyallarında yenə də Kəlbəcərin başı buludlara dirənən dağlarını gəzir, dişgöynədən buz bulaqlarından saf su içir.
Ona görə də  bir an belə unutmadığı Vətəni haqqında nə qədər də yazsa, yenə də azdır deyə düşünür. Xəyalında daim Kəlbəcəri dolaşan şair 2004-cü ildə Goranboy rayonunun Ağcakənd qəsəbəsində qələmə aldığı “Həsrət-həsrət baxıram” şeirində deyir:

Bir zamanlar Dəlidağda dolaşan
Quşdum, indi həsrət-həsrət baxıram.
Tufan oldu, vaxtsız isti yuvamdan
Uçdum, indi həsrət-həsrət baxıram.

Dəli oldum, dürüst ağıl olmadım, 
Mən nənəmə şirin noğul olmadım.
O dağlara yaxşı oğul olmadım,
Qaçdım, indi həsrət-həsrət baxıram.

Zaman-zaman içirtdilər ağını,
Tanımadıq dostu, yadı, yağını.
Düşmən güc gələndə Murov dağını
Aşdım, indi həsrət-həsrət baxıram.

Zərrafam, zəhmətim zay olmaz, ellər,
Namərddən bizlərə hay olmaz, ellər.
Torpaqdan düşmənə pay olmaz, ellər,
Çaşdım, indi həsrət-həsrət baxıram


Əslində Zərraf öz Vətəninə, qoynunda boya-başa çatdığı dağlara ən layiqli oğul olub, nənəsinə ən şirin noğul olub. Ən şərəfli peşəni – insanların sağlamlıq keşiyində dayanmağı seçib və seçimində yanılmayıb. Bu gün respublikamızın sayılıb-seçilən həkimlərindən, ən səriştəli cərrahlarından biridir.
Namus, qeyrət, kişilik, sözübütövlük Zərraf Təhməzoğlu yaradıcılığında böyük məna kəsb edir. Şair xalqımızın milli adət-ənənələrinin, milli mənsubiyyətimizin keşişiyində dayanır. Başqa cür ola da bilməz. Çünki damarlarında xalis türk qanı axır. Yeri gələndə qələmini bəzən göndən hazırlanmış qamçıya, bəzən də süngüyə çevirməyi bacarır.
2002-ci ildə yazdığı “Varmı görəsən”şeirində bəzi “başbilənlər”ə, teleekranlarda gözəllik müsabiqəsi adı altında yüz hoqqadan çıxanlara, Vətənimizin çörəyini yeyib başqalarının dəyirmanına su tökənlərə həsr etdiyi misralara fikir verək:

Qıza gözəl deyib reklam edənlər,
Ananız-bacınız varmı görəsən?
Para qazanmaqdan, dollardan ayrı
Ağrınız, acınız varmı görəsən?
Ananız-bacınız varmı görəsən?

Sizi ana doğub, o kimə bacı?
Verməyin millətə siz bunca acı.
Qızların namusu, kişinin tacı,
Sizin də tacınız varmı görəsən?
Ananız-bacınız varmı görəsən?

Dubaya dəstəmi hazırlayırsız?
Yoxsa can alveri bazarlayırsız?
Bu millətin ruhunu zorlayırsız,
Ölüm əlacınız varmı görəsən?
Ananız-bacınız varmı görəsən?

İgid reklam edin, ər reklam edin,
Bir qələbə, bir hünər reklam edin.
Girov Şuşa, Kəlbəcər reklam edin,
Qibləniz, hacınız varmı görəsən?
Ananız-bacınız varmı görəsən?

Zərrafam, ruhumu göynədir bu qəm,
Yazıram, əlimdə titrəyir qələm.
Millətdən sizlərə nifrət və ələm!
Ayrı xıracınız varmı görəsən?
Ananız-bacınız varmı görəsən?


Elə bu misralarda şairin incə qəlbini, milli mənlimizin keşiyini çəkməyini, öz millətimizə olan sevgisini aydınca görürük. Zərraf Təhməzoğlu istər həkim kimi, istərsə də şair kimi dəyərli şəxsiyyətdir. Onun üçün Vətən daha müqəddəs, daha önəmli varlıqdır. Ona görə də öz zamanəsində Vətənə xor baxanlara, onu parçalamaq istəyənlərə, sərvətini talayanlara, sapı özümüzdən olan “baltalara”, səriştəsiz, bir-birini vəzifə üstündə didənlərə xitabən yazır:

İddiası qamətinə uyuşmaz,
Elə hey özünü çəkə “bəy”lərim.
Siyasət qəlyanda, tüstüdə imiş,
Doldurub tütündən çəkə “bəy”lərim.
Qəlyanı başından yekə “bəy”lərim. 

Özü tüstü çəkər, his verər xalqa,
Hər şeyi düz alıb, tərs verər xalqa.
Özünü dərsi yox, dərs verər xalqa,
Lovğalana yekə-yekə “bəy”lərim.
Qəlyanı başından yekə “bəy”lərim.   


Bax hamısı lider olmaq istəyir,
Bir-birini didir, yolmaq istəyir.
Atatürktək öndər olmaq istəyir, 
Qabaqçəkməz yetim təkə “bəy”lərim.
Qəlyanı başından yekə “bəy”lərim.
  
Gəldilər min hiylə, min hədyan ilə,
Suvardılar ana yurdu qan ilə.
Vallah bu duruşla, bu qəlyan ilə,
İstər Stalinə çəkə “bəy”lərim.
Qəlyanı başından yekə “bəy”lərim.
 
Şahlıq taxtı ilə qucaqlaşdınız,
Allahın verdiyi paydan qaçdınız.
Millətin başına oyun açdınız,
Milyonda düşdünüz yekə “bəy”lərim.
Qəlyanı başından yekə “bəy”lərim. 

Vurhavurdu, məramına çatan kim,
Xəzinə alan kim, torpaq satan kim.
Kim dərdinə yanar, Ana Vətən, kim:
Qırğız, qazax, türkmən, əkə “bəy”lərim.
Qəlyanı başından yekə “bəy”lərim.
 
Aşıq, dərdimizə qal, qadan alım,
Bir “Yanıq Kərəmi” çal, qadan alım.
Kəlbəcəri, Laçını… hardan alım,
Gedib orda tütün əkə “bəy”lərim.
Qəlyanı başından yekə “bəy”lərim.

Zərraf sözlərini deyər düzünə,
 Üzlü adamların lənət üzünə.
Qorxuram yayıla bu yer üzünə-
Hərə bir tərəfə çəkə “bəy”lərim.
Qəlyanı başından yekə “bəy”lərim. 

 
Bu misralarında şair bir tərəfdən özündən deyən səriştəsiz məmurları haqlı olaraq tənqid atəşinə tutursa, digər tərəfdən  nicatı sazdan gözləməklə, aşıqdan imdad diləməklə bir daha sazın müqəddəsliyini ustalıqla bizə çatdırır. Nankor erməni qonşularımızın 1988-ci ildən başlayan torpaq iddiası, Qarabağı Ermənistana birləşdirmək iddiası sonda Qarabağın və ətraf rayonların işğal olunması, xalqımızın yaşadığı ağrı-acılar, doğma yurdundan, dədə-baba ocağından məcburən qovulması, taleyinə düşən və alnına damğa kimi vurulan “qaçqın”, “köçkün” həyatını yaşmağa məcbur olanlar şairin yaradıcılığında xüsusi yer tutur.
Bu kimi hadisələri böyük ustalıqla qələmə alır. 2001-ci ildə Bərdə rayonunda dəmir vaqonlarda məskunlaşmış qaçqın şəhərciyinə ithaf etdiyi “Hey gedir, mənzilinə yetişə bilmir” şeirini göz yaşları axıtmadan oxumaq mümkün deyil. Oxuduqca anlayırsan ki, sanki şair özü də bu məşəqqəti həyatı yaşayır:

Bir qatar Vətənə yol gedir, ancaq
Hey gedir, mənzilə yetişə bilmir.
Ay Allah, bu qatar neçə ildir ki, 
Bitmiş bir ağacla ötüşə bilmir. 


Vaqonlar sükunət tarazlığında,
Vaqonlar qatardan ayrılıb, nədir?
Ağdama çatası olan bu qatar
Görün neçə ildi hələ yol gedir.

İnsanlar özünə yurd salıb burda,
Vaqonun təkəri tərsinə dönüb.
Burda doğulan var, burda ölən var,
Sərnişinlər burda sakinə dönüb.

Ey ədalət divan, adil məhkəmə,
Bizim də bu vaqon dərdimizə bax.
Xalqların bir damla dərdi olanda, 
Bizim vaqon-vaqon dərdimizə bax.

Azərbaycan xalqı qalxsın ayağa, 
Nadanın, zalımın zülmü qurtarsın.
Qeyrətli oğullar versin əl-ələ,
Dartıb bu qatarı Yurda aparsın!


Bu adi bir şeir deyil. Bu misralarda xalqımızın dərdi yığışıb qalır, bu misralarla şair dərdlərimizin də Tanrının bağladığı düyünə düşməsinə, sanki tıxacda ilişib qaldığına və həllinin hələ görünmədiyinə şair gözü ilə ehyam vurur.Zər qədrini zərgər bilər deyib atalar. Zərraf həkim özündən əvvəl yazıb-yaradan söz xiridarlarını heç vaxt unutmur, sanki hər birisinin ruhu ilə təmas qurur. 1981-ci ildə Şirvan dövlət qoruğunda dahi Səməd Vurğunu xatırlayır, sanki bu yerlərdə ölməz şairimizin izini görür, nəfəsini duyur və “Bu yerdə” şerində deyir:

Mil-Muğanı dolandıqca duyuram,
Bir ovçunun izi qalıb bu yerdə.
Ovlağının ovu durur hələ də,
Ocağının közü qalıb bu yerdə.


Od oğlunun yaşayır od nəfəsi,
İnsanlara, təbiətə həvəsi.
“Sükuta qərq olmuş” qəlbinin səsi,
Sinəsinin közü qalıb bu yerdə.

Onun ruhu daim gülür, güləcək,
El sevənin qədrini el biləcək.
Yol gözləyir, sanki yenə gələcək,
Ceyranların gözü qalıb bu yerdə.

Zərraf, sən də təbiətdən ilham al,
Ömür keçir, düşməz ələ bu vüsal.
Pərdə-pərdə öyrən zilin, bəmin çal,
Bir ustadın sazı qalıb bu yerdə.


Yaxud “Dədə Şəmşir” şeirində Dədə Şəmşirə xitabən yazır:

Dur, seyrə dal təbiəti,
Açılıb yaz, Dədə Şəmşir!
Dağ soyunub ağ kürkünü, 
Geyib atlaz, Dədə Şəmşir!

Güllü çəmən gülür üzə,
 Laləyə bax, dönüb közə.
Quşlar ötür dağdan düzə-
Bir şeir yaz, Dədə Şəmşir!

Pənah gətirək ocağa,
Səsin düşsün düzə, dağa.
Bülbüllə dodaq-dodağa,
Öt, xoşavaz Dədə Şəmşir.

Hər kəlmən bir ürəkdədir,
Burda dağlar min rəngdədir.
Sən gedəli köynəkdədir,
Darıxır saz, Dədə Şəmşir!

Ulu dağsan, bir təpəyəm,
Ətəyinə baş söykəyəm.
Tut əlimdən, mən körpəyəm,
Təbimsə az, Dədə Şəmşir!


Əslində şair bu kimi misraları ilə hər birimizi keçmişimizi, kimliyimizi unutmamağa səsləyir. Saz-söz sənətinin nə qədər ulu və müqəddəs  olduğunu vurğulayır. Yaxud bu misraları ilə Zərraf Təhməzoğlu sanki bir güllə ilə iki dovşan vurur. Yəni bir tərəfdən Dədə Şəmşiri xatırlamağı özünə borc bilirsə, digər tərəfdən də Dədə Şəmşirlə Kəbəcər dağlarının, ümumiyyətlə Kəlbəcər təbiətinin vəhdətini, qırılmaz tellərini bizə aşılayır.
Zərraf Təhməzoğlu şikayətini, giley-güzarını da Dədə Şəmşirə söyləyir, Dədəni cismən görməsə də, onun ruhu ilə danışır, daim özünü (hər birimizi) qınayır. Ona görə qınayır ki, Dədə Şəmşirdən sonra Ağdabansız, Kəlbəcərsiz, Qarabağsız yaşayırıq, yaşamağa da məhkum olmuşuq.
Elə bu baxımdan “Ulu Dədəmlə söhbət” şeirinə bir az nəzər yetirək:

Ay Dədə, sən bizi bağışlama heç, 
Nə qədər ki şirin noğul vermisən..
Ay Dədə, biz səni bağışlamarıq,
Sən Vətənə fərsiz oğul vemisən.

Ay Dədə, sən bizi bağışlama heç, 
Tərk etdik yurdumuzu, dirriyimiz yox.
Ay Dədə, biz səni bağışlamarıq,
Bütov Azərbaycan birliyimiz yox.

Ay Dədə, sən bizi bağışlama heç,
İstidə, çadırda “manqurt” yetişər.
Ay Dədə, biz səni bağışlamarıq,
Demişdin ki, səndən “boz qurd” yetişər.

Ay Dədə, sən bizi bağışlama heç, 
Üstün oldu yağı düşmən, gücü yox.
Ay Dədə, biz səni bağışlamarıq,
Əkdiyinin bədzatı çox, bici çox.

Ay Dədə, sən bizi bağışlama heç, 
Səni ziyarətə gələ bilməsək.
Ay Dədə, biz səni bağışlamarıq,
Əgər cəsarətlə gələ bilməsək.

– Uyub əsarətə gələ bilməsək,
Səni ziyarətə gələ bilməsək,
Ay Dədə, sən bizi bağışlama heç!

 
Qeyd etdiyim kimi, Zərraf Təhməzoğlu istedadlı şair olmaqla yanaşı, həm də insanların sağlamlıq keşiyində dayanan, bilik və bacarığına güvəndiyim bir cərrahdır. Çünki şair Zərrafla həkim Zərraf birlikdə böyük bir dünyadı. Elə bi dünya ki, orada şər yox, yalnız xeyir var, orada nəfs-tamah yox, yalnız gözütoxluq var, orada sərt qış yox, çiçəkli, bənövşə-nərgizli bahar var.
1980-ci ildə şairin Kəlbəcərdə qələmə aldığı “Olsun” şeirində bəzi misralar deyilənlərin bariz nümunəsidir:

Həyatda çox arzum, çox istəyim var,
Anamtək halıma yananım olsun.
Bir zaman düşəndə dara, çətinə,
Bircə düşünənim, ananım olsun.

Qanım coşqun olsun əsən küləkdən,
Zövq alım təzə-tər güldən çiçəkdən.
Sevilim ürəkdən, sevim ürəkdən,
Sevimli, vəfalı cananım olsun.

Bir xatirə qalsın ötən keçmişdən,
Könül ilham alsın belə gedişdən.
Duyub ürəyimi hər tərpənişdən,
Məni bir baxışdan qananım olsun.

Bilinsə insanın qədri-qiyməti,
Allah da qoruyar bu ülviyyəti.
Yaşadım qəlbimdə el məhəbbəti,
Ləkəsiz, nöqsansız vicdanım olsun. 
Zərraf, azad quşam, keçir qəlbimdən,
Mənimdir bu səma, bu çöl, bu çəmən.
Qoşa qibləgahım – Anamla Vətən!
Onların qurbanı bu canım olsun.


Heç kəsə sirr deyil ki, əksər şairlərin yaradıcılığında məhəbbət mövzusu tükənməz və çoxşaxəlidir. İnsanlarla məhəbbət qoşa yaranıb, məhəbbəi isanlar üzün müqəddəs və ülvi hisslərdir. Şairin hələ gəcliyində – 1980-ci ildə Kəlbəcərdə qələmə aldığı “Məhəbbət” şeirinə səyahət edək:

İnsan olan on beş yaşa çatanda
Ürəyində coşub çağlar məhəbbət.
Kimsə kama yetər, vüsala yetər,
Nakam olar, sinə dağlar məhəbbət.

Əslini, Kərəmi döndərib külə,
Leylini, Məcnunu salıbdır çölə.
Şirin öz andına sadiqdir belə,
Fərhada çapdırır dağlar məhəbbət.

Bir düşün, Abbası hara yetirib?
Gülgəzi nə sayaq yara yetirib.
Çox ürəyi intizara yetirib,
Çox gözləri qoyub ağlar məhəbbət.

Füzuli eşqində pərişan oldu,
Səhnəbanu Ələsgərdən yan oldu.
Qayadan atılan Xuraman oldu,
Neçə qəmli dastan bağlar məhəbbət.

Bimürvət gözəlin olmaz insafı,
Aramaz, axtarmaz yalanı, safı.
Bülbül kimi eşqi nakam Zərrafı
Əbədi qəfəsdə saxlar məhəbbət.


Bu misralarla şair məhəbbətin gücünü, onun nələrə qadir olduğunu göstərməklə yanaşı, onun əbədiliyini və ölməzliyini məharətlə göstərməyə nail olur. Yaxud “Məni sevənə” adlı başqa bir şeirində məhəbbətin insan ömründə və ya kainatda vacibliyini, məhəbbətsiz yaşamağın qeyri-mümkünlüyünü incəliklə qələmə alır:

Çətirli bir ağac təsəvvür eylə, 
Kökdən aralansa, yaşayarmı heç?
Setrə dal güllərin güllərin xəzan dəmini,
Solub-saralasa, yaşayarmı heç?

Əbədi bir kədər tapsa insanı,
Yüksələr göylərə ahı-amanı.
Tər-təmiz ürəyin ayna vicdanı
Qəfil qaralansa, yaşayarmı heç?

Bir bülbül dillənər eşq nəşəsindən,
Bir ürək kövrələr hicran səsindən.
Bir ceyranın keçib ox sinəsindən,
Ağır yaralansa, yaşayarmı heç?

Ay gözəl, demə ki, gözüm səndədir,
Günah nə səndədir, nə də məndədir.
Zərrafam, ürəyim özgəsindədir,
İki paralansa, yaşayarmı heç?


Ümumiyyətlə, şair qardaşımız Zərraf Təhməzoğlunun yaradıcılığı çoxşaxəlidir. Əsl söz sərrafıdır. Onun hər hansı bir şerini oxuduqca, necə alicənab insan olduğunu, əsl ziyalı olduğunu anlamaq bir o qədər də şətin deyil. Hər misrasından Vətən eşqinin qoxusu gəlir Zərraf Təhməzoğlunun. Əlimdə onun yalnız “Gorumuza sarı gedək” kitabı var.
Bu kitabı vərəqlədikcə Azərbaycanın keçmişindən bu gününə gətirən, bu günündən sabahına aparan yollar görünür və bu yolda  Zərraf Təhməzoğlu öz ziyası, dünyagörüşü, xeyirxahlığı ilə irəlidə addımlayan şairlərdən, hər birimizə örnək göstərilə bilən şəxsiyyətlərdən biri kimi irəliləyir. Mənə isə Zərraf Təhməzoğluna möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları diləmək qalır.arx.az

Dalidag.az




Kateqoriya: Poeziya-nəsr
Tarix: 19-04-2020 20:14
Baxış sayı: 41 064
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını