Krım türklərinin lideri: "Azərbaycanda rusların təsirləri çox böyükdür, mindən çox rus məktəbi var"

13-11-2022 11:42


Bu gün, noyabrın 13-də Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmil Krımoğlunun 79 yaşı tamam olur. 1943-cü ildə Rusiya Federasiyasının tərkibində olan Krım Sovet Sosialist Respublikasının Sudak vilayətinin Ay-Serez qəzəbəsində anadan olan Mustafa Cəmiloğlu bir il sonra ailəsi ilə bərabər Orta Asiyaya sürgün edilib.
Sonrakı dönəmlərdə siyasi fəaliyyəti, özgür baxışlarına görə dəfələrlə həbsə atılan, təqib edilən, işdən çıxarılan Krımoğlu dissident taleyi yaşayıb, ağır dönəmlərdən keçib. Ukrayna müharibəsi başlayandan dəfələrlə ondan müsahibə almaq istəmişdik, amma hər dəfə ya Ukrayna, ya Türkiyədən telefona cavab verərək, vacib görüşlərinin olduğunu, gərgin qrafikdə işlədiyini söyləmişdi. Nəhayət, bu dəfə, doğum günündə söhbətimiz alındı.
Dalidag.az Mustafa bəyin Musavat.com-a verdiyi müsahibəni təqdim edir:
- Mustafa bəy, doğum gününüzü təbrik edirəm. İnşallah ağır günlərin tezliklə keçib gedəcəyini və Ukraynada normal həyata qayıdılacağını gözləyirik. Belə bir durumda sizinlə danışmaq istədik. Vəziyyəti necə dəyərləndirirsiniz?
- Təbrik üçün sağ olun. Təşəkkür edirəm. İndiki ərəfədə ümidimiz artdı, Xersonu aldıq, sırada Krımdır, oranı da alacağıq deyə.
 - Biz də Azərbaycanda sevindik bu qələbəyə və sizin kimi düşünürük ki, yol Krımadır...
- Bəli. Amma təəssüf ki, çoxlu itkilərimiz var. Çox dəyərli insanlarımız həyatlarını verdilər bu yolda.
- Millətindən asılı olmayaraq, Ukraynanın xilası, azadlığı uğrunda həyatlarından keçən çoxsaylı insanlar var, Krım və Azərbaycan türkləri daxil. Sizcə, savaş uzunmu davam edəcək?
- Onu bir kimsə qəti şəkildə deyə bilməz. Bu, daha çox Kremldəki durumun necə olacağından asılıdır. Putin iqtidarda olduğu qədər müharibə davam edəcək. Onun məğlubiyyəti ölümü deməkdir. Onunçün sonunadək savaşmağa qərarlıdır. Amma əgər Putini hakimiyyətdən endirsələr, savaş dayana bilər.
- Mustafa bəy, böyük siyasi təcrübəyə sahib bir insansınız, Putini indiki dönəmdə kim hakimiyyətdən düşürə bilər? Rusiya hakimiyyətində hansısa parçalanma elementləri görürsünüzmü?
- Böyük ehtimalla aralarında hesablaşma olsa, o zaman bu baş verə bilər. Çünki həm əsgərlər, həm də ətrafındakılar anlayırlar ki, bu adam dövləti uçuruma gətirir. Başa düşürlər ki, siyasət belə davam edərsə, bu dövlətin gələcəyi yoxdur, belə davam etsə, Rusiya tamamilə yox olacaq.
- Nüvə təhdidi də müzakirə mövzularındandır. Sonda düyməyə basıla bilərmi?
- Putin o qədər qorxaq insandır ki, baxın, biriləri ilə görüşdüyü zaman 10-15 metrə uzaqdan danışır, aman-aman, mikrob gəlməsin deyə. Belə birisi bu düyməyə basmağın fərqindədir. Çünki birinci zərbə onun başına vurulacaq. Odur ki, zənnimcə, buna cürət etməz. Həm də bu işlər yalnız bir düyməni basmaqla olmur. Orada 7-8 basılacaq “düymə” var. O “düymələri” basacaq adamlar düşünəcəklər, bu abdal bir adam üçün nə üçün dünyanı məhv edək? Amma yüzdə-yüz “yox” demək də mümkün deyil. Çünki qafası olmayan insandan heç nə gözləmək olmaz.
- Savaşın 2023-ə keçəcəyi şübhəsizdir. Bəs müşahidələriniz nə deyir, 2023-də də davam edəcəkmi?
- Analitiklərin fikirlərinə görə, gələn ilin ortalarında, iyul-avqust aylarında bitə bilər. Amma bunu kim dəqiq bilə bilər? Onadək Moskvada, Kremldə bəzi dəyişikliklər ola bilər.
- Xersondan rus ordusunun geri çəkilməsi sizcə, nəyə hesablanıb? İşğalçı ordu qəfildən niyə bu cür strateji əhəmiyyətli mövqelərdən vaz keçdi?
- O, çarəsizlikdən irəli gəldi. Çünki itkilər verəcəkdilər. İndi də Dneprin sağ tərəfində aşağı-yuxarı 10 minə yaxın əsgərləri var, amma qaçıb gedirlər. Böyük ehtimalla onların çoxu əsir olaraq əlimizə keçəcək. Amma Dneprin sağ tərəfində Rusiyanın 40 minə yaxın əsgəri var. Anladılar ki, Xersonda əsir düşəcəklər və məhv olacaqlar, onunçün sol tərəfə keçdilər.
- Rusiya Xersonda da “referendum” keçirib, qondarma qurum yaratmışdı. Bu mənada Xersonla bağlı oyunlar davam edə bilərmi?
- Axmaq oyundur, məntiqsiz bir şey, amma davam edə bilər. Putinin addımları məntiqsizdir. Ona görə də edərmi, etməzmi demək çətindir.  
- Dediyimiz kimi, azərbaycanlılar da döyüşürlər, həlak olurlar, yaralanırlar bu savaşda. Azərbaycanlılarla bağlı nə deyə bilərsiniz?
- Vətəndaşlığı olan azərbaycanlılar orduya getdilər, vətəndaşlığı olmayanlar könüllü batalyonlara yazıldılar. Sağ olsunlar, bizim dövlətimizlə bərabər vuruşurlar. Təəssüf ki, Azərbaycan dövləti Rusiyanı, Putini aqressivləşdirməmək üçün Ukrayna ilə bağlı qərarlarda bitərəf qalır.
- Amma diqqət etsəniz, Rusiyada Azərbaycana qarşı fəaliyyət mövcuddur və hətta buna rəsmi Bakı tərəfindən etiraz notası ilə cavab verilib. Həmçinin rus sülhməramlıların Qarabağda olmasını, digər reallıqları da nəzərə almaq lazımdır, elə deyilmi?
- Mən həm Azərbaycan, həm də erməni yayım orqanlarına söylədim, sizə təkrarlaya bilərəm. Həm Azərbaycan, həm Ermənistan Moskvadan uzaqlaşmayana qədər orada savaş bitməyəcək. Çünki iki dövlət, iki millət arasında gərginliyi ilk növbədə Moskva istəyir. Kremlin rolu olmasa, o zaman Rusiya bu məmləkətləri itirəcək. Paşinyan bəlli dərəcədə anlamağa başladı, amma qorxuları var,  odur ki, fərqli davranmır.
- Mustafa bəy, yəqin məlumatlısınız, Azərbaycan İranla da problemlər yaşayır. Beləliklə, həm şimal, həm də cənub qonşularımızın basqıları mövcuddur, təxribatçı hərəkətlərə yol verirlər...
- Əslində, İranRusiya kimi, Ukraynaya qarşı düşmənə çevrildi. İran PUA-ları bizim yaşayış məntəqələrimizi vurdular, partlatdılar.  Bütün alt sistemimizi indi İran PUA-ları ilə vururlar. Təəssüf, özlərinə müsəlman məmləkətləri deyirlər, amma heç bir müsəlmanlıq yoxdur onlarda. Biz də diqqətlə izləyirik, İran daxilində nə olacaq deyə. Bu günlərdə çox insanlar rejimə qarşı ayağa qalxdı, inşallah nəticəsi yaxşı olar.
- Azərbaycan Ukrayna kimi təkcə Rusiya və İran tərəfindən deyil, həm də Qərbin bəzi çevrələrinin təzyiqləri ilə üz-üzədir. Ukrayna Qərbdən birmənalı dəstək aldığı halda, ötən illərdə Azərbaycan belə bir dəstəyi görmədi, hətta bugünədək dünyanın bir sıra önəmli paytaxtları bizim haqq işimizə əngəl olmaqda, Ermənistanı himayə etməkdədir. Məsələn, 15 noyabrda Fransa Senatında anti-Azərbaycan qətnamənin qəbulu gözlənilir. Müqayisəyə diqqət edirsinizmi?  
- Əslində, bir tərəfdən deyə bilərik ki, sağ olsunlar, bizi dəstəkləyirlər. Əgər Qərb ölkələri tərəfindən dəstək olmasaydı, bizim durumumuz ağır olardı. Türkiyəyə də minnətdarıq. Çünki ilk gündən əgər onların verdikləri “Bayraqdar”lar olmasaydı, indi çox təhlükəli durumda olardıq.
- Xersonla bağlı Amerika rəsmisinin Ukraynanı təbrikini oxuduq. Amma ABŞ, ya Fransadan Azərbaycanın Qarabağ, Şuşa zəfərinə bənzər reaksiyanı nəinki müşahidə etmədik, hətta əleyhimizə fəaliyyəti müşahidə etdik bu günədək. Bakıdakı səfirləri belə, Şuşaya getməkdən imtina ediblər.
- Ukrayna ilə Azərbaycan arasında bircə fərq var: biz qəti şəkildə rus diktatoruna qarşıyıq, Azərbaycan siyasəti isə ortada. Onunçün Qərb ölkələri Azərbaycanı yüzdə-yüz dəstəkləmirlər. Amma Azərbaycan açıq-aşkar Rusiyaya qarşı olsa, dəstək daha çox olar. Azərbaycanda rusların təsirləri çox böyükdür, mindən çox rus məktəbi var. Azərbaycanlılar rus məktəblərinə getmələrini prestijli sayırlar. Dövlət strukturlarında da bir çox rus tərəfdarları var.
- Türk Dövlətlər Təşkilatının Səmərqənddəki zirvə görüşünü, Azərbaycan Prezidentinin çıxışını, müraciətini izlədinizmi? İlham Əliyev harada yaşamasından asılı olmayaraq, türk toplumlarına sahib çıxmağın zəruriliyindən bəhs etdi, çox mühüm bəyanatlar verildi. Şübhəsiz ki, buraya Krım türkləri də daxildir.
- Bəli, bu məsələləri duydum. Türk dövlətlərinin bir arada olması çox yaxşı işdir. Amma yenə də Türk Dövlətləri dediyimiz ölkələr tamamilə müstəqil deyillər, Türkiyədən savayı. İstər Qazaxıstan, istər Qırğızıstan olsun, Moskva ilə bağlıdırlar. Onunçün tamamilə müstəqil siyasət yürüdə bilmirlər.
- Reallıqlara diqqət etsək, səbəbi bəlli olur. Sovetlər dönəmindən bu məkanda Kremlin nələr törətdiyini dissident həyatı yaşayaraq, siz daha yaxşı bilirsiniz. Hər an haranısa qarışdıra bilirlər. O mənada bir az da ehtiyatlı olmaqda fayda var, deyə düşünmürsünüzmü?
- Bu şəkildə ehtiyatlı davranası olsaq, bəlkə də böyük dəyişikliklər olmayacaq. Amma Ukrayna kimi davransalar, çoxdan Putin rejimi ortadan qaldırılardı. Təəssüf ki, belə davranışlar olmur.
- Ədalət naminə deyək ki, bu ölkələr Ukrayna məsələsində Rusiyanın yanında olmadılar. Azərbaycanın Ukraynaya humanitar dəstəyi davam edir,  hətta Kremlin bir sıra hallarda sərt reaksiyası fonunda...
- İnternet vasitəsilə ayrı-ayrı ölkələrin davranışları barədə məlumatlar alıram. Amma baxıram, türk dövlətləri Ukrayna məsələsində rus təbliğatını yürüdürlər. Azərbaycan o qədər deyil, amma Orta Asiya ölkələri Krım, Ukrayna məsələsində Ukraynanı dəstəkləyən demək olar ki, yoxdur. Olsa da, çox azdır, dövlət strukturları ancaq Rusiyanı dəstəkləyirlər. Təbii ki, bu mənada türk dövlətlərindən gözlədiklərimiz var.
- Bu günlərdə Rəcəb Tayyib Ərdoğanla görüşünüz oldu. Bu görüşlə bağlı nələr deyə bilərsiniz?
- Əslində Tayyib Ərdoğanla görüşmək planımızda yox idi. Məni forumlarına çağırdılar, Ərdoğan da çıxış etdi. Çıxışdan sonra ayaq üstə bir az söhbətləşdik. Bəzi problemlərimiz var idi, danışacaqdıq, amma o, təcili Qazientep şəhərinə gedirdi. O səbəbdən dedi mənim yardımçım İbrahim Kalına hər şeyi anladın, o da sonra mənə söyləyər. Bundan sonra vidalaşdıq. Amma xarici işlər naziri, həmçinin Cumhurbaşqanı sözçüsü İbrahim Kalınla, TİKA-nın köç idarəsinin rəhbərliyi ilə uzun söhbətlərimiz oldu. Türkiyə əslində bizi dəstəkləyir, sağ olsunlar!
- Mustafa bəy, müsahibə üçün zaman ayırdığınıza görə təşəkkür edirəm və bir daha doğum gününüz qutlu olsun, deyirəm. Arzu edirəm ki, 80 illik yubileyinizi Krımda qeyd edəsiniz!
- Sağ olun. Kim təbrik üçün telefon açırsa, inşallah gələn il Krımda olarıq, deyir, biz də elə deyirik. İnşallah elə olar!

Elşad Paşasoy




Kateqoriya: Müsahibə
Tarix: 13-11-2022 11:42
Baxış sayı: 31 208
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını