Şahlar Əsgərovun doğum günüdü - TƏBRİKİMİZ...

15-06-2023 12:38

Vətən təkcə savaşla, siyasətlə müdafiə olunmur. Elm-bilik müasir dünyanın ən güclü silahıdır. Və bu dünyanın elmi içində Vətəninin adı keçməsi, soydaşının imzası, ixtirası ilə bəşəri qazanc əldə olunması qürurvericidi. Nə yaxşı ki, Tanrı  bizə bu qürur hissini yaşamağı nəsib edib. Və nə yaxşı ki, ölkəmizin adını dünya elm sahəsində ucaldan alimlərdən məhrum deyilik.
Bir ölkənin inkişafı onun elmli insanlarının bilavasitə missiyasıdır. Bu baxımdan elmin xalqın, dövlətin inkişafına verə bildiyi və verə biləcəyi töhfələr birbaşa ölkənin nicat yoludur. Dünyaya açılan qapılar da məhz elm adamlarının ixtiralarından, kəşflərindən keçir. Onların sayəsində ölkə olaraq adımızı elm, tərəqqi tarixinə yazdırmaq şansı əldə edirik. Ölkəmiz onların sayəsində daha yaxşı tanınır.  
Kəlbəcəri daha çox şeir-sənət, saz-söz ocağı kimi tanısaq da o möcüzə yurdun elm və başqa sahələrdə şöhrət tapmış, nüfuz qazanmış insanları da az deyil. Elmi ixtiraları, ictimai-siyasi fəaliyyəti, şöhrəti, nailiyyətləri ilə təkcə Azərbaycanda deyil, dünyada tanınan o insanlardan biri də professor Şahlar Əsgərovdur.
Bu gün dəyərli ziyalımız, Milli Məclisin sabiq üzvü, Elm və Təhsil Komitəsinin keçmiş sədri, BDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, bir sıra beynəlxalq akademiyaların üzvü, tanınmış ictimai-siyasi xadim Şahlar Əsgərovun doğum günüdür.
Ş.Əsgərov 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 15 kitabın, 5 monoqrafiyanın, nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifidir.
Dalidag.az olaraq, hörmətli alimimizi doğum günü münasibətilə təbrik edir, sağlam ömür və yeni-yeni  ixtiralar, kəşflər arzulayırıq. Bir arzumuz da odur ki, professor tezliklə doğma yurdu Kəlbəcərdə elmin inkişafına xidmət edən uğurlara imza atsın.

Qeyd edək ki, Ş.Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda dünyaya göz açıb. Orta təhsilini burada aldıqdan sonra, təhsilini Azərbaycan Dövlət Universitetində davam etdirib. 1963-cü ildə universitetin fizika fakültəsini bitirmiş və təyinatla ADU-da saxlanmışdır. 1964-1967-ci illərdə ADU-nun əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan institutunda professor L.S. Senanın rəhbərliyi altında fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr artıq 40 ildən artıqdır ki, elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunur. Xüsusilə ABŞ-ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitutu) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu tətbiqdən geniş istifadə edirlər. Fiziki elektronika və mikroelektronikaya aid olan metal- yarımkeçirici kontaktının (MYK) öyrənilməsi professorun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamətdir. 1974-cü ildə Danimarkanın Texniki Universitetində birillik staj keçərkən katod tozlanması sahəsində əldə etdiyi nəticələri metal-yarımkeçirici kontaktına tətbiq etmiş və kontakt üçün qeyri-bircins model təklif etmişdir. Ş.Əsgərovun bu istiqamətdə əldə etdiyi nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunmuş, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer almışdır. Professorun soyadı 1999- cu ildə Ukrayna və Moldova Elmlər Akademiyasının alimlərinin birgə dərc etdirdikləri monoqrafiyada dünyada bu sahənin yaradıcıları və baniləri sırasında çəkilmişdir. Ş.Əsgərov elmi məktəbi olan alimlərimizdəindir. O, hər iki elmi istiqamət üzrə 20-yə qədər dissertasiya işinə, 100-dən çox diplom işinə rəhbərlik etmişdir. Hazırda BDU-nun professoru və 1990-cı ildə yaratdığı "Amorf təbəqələri" elmi tədqiqat laboratoriyasının rəhbəri olan elm xadimi əvvəllər BDU-da müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışmışdır. Təhsilin fəlsəfəsi, daha doğrusu, sosial fəlsəfə və pedaqogika üzrə apardığı tədqiqatlar Ş.Əsgərovun növbəti uğurlu istiqamətidir. Alim hesab edir ki, bugünkü dövlətimiz keçmiş dövlətin davamı olmadığı üçün, bugünkü təhsil də sovet təhsilinin davamı olmamalıdır. Yeni təhsil sistemi yaratmaq üçün əvvəlcə yeni təhsilin fəlsəfəsini yaratmaq lazımdır. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi "Biliyin qiymətləndirilməsinin yeni şkalası", "Biliyin qiymətləndirilməsinin yeni kriteriyası", "Pedaqogika üçün yeni paradiqma" və "Biliyin qiymətləndirilməsinin fəlsəfəsi" kimi 20–yə yaxın məqalə 2009 –2010-cu illərdə Rusiyanın mötəbər akademik jurnallarında çap edilmişdir.
Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər kitabları özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.

Ş. Əsgərov 1995-2000 və 2000-2005-ci illərdə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuşdur.
Ş.Əsgərov "Şöhrət" ordeni (1999) və "Əməkdar elm xadimi" (2001) fəxri adıyla təltif edilmişdir. Bir sira Beynəlxalq Akademiyaların (РАЕ , АСПН) üzvüdür.  2021-ci ildə alimin  “Düzgün qərarın hikməti” və “Yonulmuş daş yolda qalmaz” kitabları ictimaiyyətə təqdim olunub.


Sevinc Qərib
Dalidag.az


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 15-06-2023 12:38
Baxış sayı: 3385
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını