Reklam
"Atam Dəlidağdı, İstisu anam, nəvə olub oğlum, qızım dağlara..." - Dədə Şəmşir
15-03-2021 19:21
Bu gün saz-söz sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Dədə Şəmşirin doğum günüdü.
Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşir 1907-1908-ci illərdən şeir yazmağa, saz çalmağa başlayıb. İlk olaraq sənətin sirlərini atası şair Qurbandan öyrənən Şəmşir sonralar atasının müasiri və dostu olan aşıq Ələsgər yaradıcılığından bəhrələnir. Saz-söz məclislərində boya-başa çatmış Şəmşir sonralar özü də ustad kimi yetişmiş, bu qədim sənətin sirlərini dərindən öyrənmiş və Göyçə-Kəlbəcər aşıq mühitinin deyim, ifaçılıq xüsusiyyətlərini mənimsəmişdir. 1915- ci ildən müstəqil aşıqlıq etməyə, məclislər yola salmağa başlamışdır. Dədə Şəmşirin qeyri-adi, heç kimə bənzəməyən səsi və çalğısı, orijinal ifaçılığı, şairliyi heç kəslə müqayisəyə gəlməz dərəcədə özünəməxsusdu. Aşığın "Şeirlər" adlı ilk kitabı 1959-cu ildə işıq üzü görüb. Sonralar sənətkarın 1971-ci ildə "Qoşmalar", 1974-cü ildə "Seçilmiş əsərləri",1978-ci ildə "Dağ havası", 1980-ci ildə "Şeirlər", 1996-cı ildə "Öyüdlər" və digər kitabları nəşr olunub. Şair 1980-ci ildə Kəlbəcərdə dünyasını dəyişib. Böyük bir nəslin -Aşıq Qurban şəcərəsinin layiqli davamçısı olan Dədə Şəmşir ocağında saz-söz sənəti bu gündə yaşamaqdadır. Oğlu Qənbər Şəmşiroğlu, nəvə, nəticələri el sənətkarının yolunu davam etdirməkdədir. Aşıq sənətinin dərin bilicisi, şair Şabər Şəmşiroğlu da atasının davamçılarından olub.
Dalidag.az unudulmaz sənətkar Asıq Şəmşiri sevgi və ehtiramla anır. Ruhu şad olsun! Ustadın bir neçə şeirini oxuculara təqdim edirik:
GÖRMÜŞƏM
Oğul, indi ədalət var, divan var,
Mən də xeyli dövranları görmüşəm.
Dövlət qeydə qalır, gəzir, axtarır,
Azad olan insanları görmüşəm.
Başa döyüb, ellərə qan içirdən,
Obaları talan edib köçürdən,
Əlinə lom alıb evlər uçurdan,
Qaçanları, qovanları, görmüşəm.
Qaranlıq gecələr tez səhər oldu,
Zülmükarın balı qəm, zəhər oldu,
Quldurun axırı bu təhər oldu,
Xərabəni, viranları görmüşəm.
Nainsaf, kərəmsiz, mürvətsiz ağa,
Pis adamın adı düşdü uzağa,
Əyildi, büküldü, çökdü ayağa,
Xalqa kötək vuranları görmüşəm.
Qoyun üçün varmı insafı kürkün,
Qırar vətənindən salar didərgin,
Tamam yırtıcılar oldular sürgün,
Şəmşirəm, o zamanları görmüşəm.
Oğul, indi ədalət var, divan var,
Mən də xeyli dövranları görmüşəm.
Dövlət qeydə qalır, gəzir, axtarır,
Azad olan insanları görmüşəm.
Başa döyüb, ellərə qan içirdən,
Obaları talan edib köçürdən,
Əlinə lom alıb evlər uçurdan,
Qaçanları, qovanları, görmüşəm.
Qaranlıq gecələr tez səhər oldu,
Zülmükarın balı qəm, zəhər oldu,
Quldurun axırı bu təhər oldu,
Xərabəni, viranları görmüşəm.
Nainsaf, kərəmsiz, mürvətsiz ağa,
Pis adamın adı düşdü uzağa,
Əyildi, büküldü, çökdü ayağa,
Xalqa kötək vuranları görmüşəm.
Qoyun üçün varmı insafı kürkün,
Qırar vətənindən salar didərgin,
Tamam yırtıcılar oldular sürgün,
Şəmşirəm, o zamanları görmüşəm.
ATAM DƏLİDAĞDI, İSTİSU ANAM
Heç baxmırsan Çiçəklidən bəri sən,
Gəl bax çəməngahlı bizim dağlara.
Dürlü sədəf kəsim zərli şeirdən,
Rəssam olum qoy mən düzüm dağlara.
Məndə məharətə, zəfərə bir bax,
Binadan gərəkdi mayaq, təmtəraq,
Sürü otarmışam əlimdə çomaq,
Yayılmış qoyunum, quzum dağlara.
Sansız, saysız təcnis, təxnis varımdı,
Bu yollar əzəldən xubgüzarımdı,
Bir neçə kitabda yadigarımdı,
Şeirdən düşübdü izim dağlara.
Füsunkardı bu bəndeyi-kəminə,
Şükür yaradanın öz kərəminə.
Pərvanə olmuşam aran zəminə,
Uşaqkən öyrənib üzüm dağlara.
Daşqın çaylar kimi axsam da əgər,
Savalan seyrinə çıxsam da əgər,
Məğribdən məşriqə baxsam da əgər,
Həsrət qalır yenə gözüm dağlara.
Dağlara aşiqəm, həm pasibanam,
Xınalı dağlarda qalır nişanam.
Atam Dəlidağdı, İstisu anam,
Nəvə olub oğlum, qızım dağlara.
Ağır elli, buz bulaqlı yaylaqlar,
Şəmşir öpüb zirvənizi qucaqlar,
O qədər yazmışam, dolub varaqlar,
Əfsundu söhbətim, sözüm dağlara.
KİMİ
Namərd sənin qulluğunda qul olar,
Öz işi düzəlib bitənə kimi.
İrişə-irişə üzünə gülər,
Əli bir tərəfə çatana kimi.
Dostunu tanımaz nadan, sərsəri,
Bu elin sözüdür nə vaxtdan bəri.
Qoy sellər aparsın nanəcibləri,
Bax, dalınca gözdən itənə kimi.
Xoryadın ox sözü qəlbimə dəydi,
Büküb qamətimi, qəddimi əydi.
Bildirçin də bir ay payızda bəydi,
Darı sünbülünə yetənə kimi.
Şəmşir gərək mərd ocağın qalansın
Hər kəs çəkər öz dilinin bəlasın.
Qoy səni şir yesin, şir parçalasın,
Tülkü kölgəsində yatana kimi.
DURA BİLMƏZ
Sirr açma namərdə, söz demə pisə,
Namərdin qəlbində söz dura bilməz.
Yoldaş olma alçaq olan nakəsə,
Danışar ilqardan, tez dura bilməz.
Mərd ilə ülfət qıl, zəhmətə qatlan,
Salamat baş saxla hər ehtiyatdan.
Bədəni hifz elə, pisdən, bədzatdan,
Haram doğru yolda düz dura bilməz.
Çağırma zalımı, yetişməz dada,
Şəmşir çox imtahan edib dünyada,
Karsız qohum yaman gündə arxada,
Sən çox arzulama, az dura bilməz.
VƏDƏSİNDƏ
Səni qarı gördüm, bağrım qan oldu-
Mənim saqqalımın çal vədəsində.
Qəlbimə dəydiyin yadıma düşdü,
Çox dedim könlümü al vədəsində.
Ov keçdi bərədən, uyquda yatdım,
Ayıldım, xədəngi izinə atdım.
Ha yüyürdüm; nə yetişdim, nə çatdım…
Hər işin qaydına qal vədəsində.
Qubarlandın əldə var olan vaxtı,
Baxçanız bəzənib bar olan vaxtı…
Qoynunda xəstəyə nar olan vaxtı-
Bir dənə qıymadın bol vədəsində.
Süleymanı yola salan dünyadı,
Ayrılıq təblini çalan dünyadı.
Gözəlliyi qarı olan dünyadı,
Güvəndin hüsnünün gül vədəsində.
Söylə, gözəl, sən nə mətləb üstəsən?
Nədən durun aşiqinlə qəsdə sən?!
Axtarıb Şəmşiri görmək istəsən:
Doğru-düz ilqara gəl vədəsində.
OĞLUYAM
Qartal düşüncəli, şair xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam İstisudu, atam Dəlidağ,
Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.
Lalədi, nərgizdi evim-eşiyim,
Köynəyim –sıx meşə, qoymaz üşüyüm,
Qərənfildi, qızılgüldü beşiyim;
Buz bulaqlı, göy yaylaqlar oğluyam.
Bədənim Ərgünəş, Gülüstan, Çilgəz;
Vüqarım Şahdağı – əl çata bilməz!
Məkanım Çalbayır, oylağım Kəpəz,
Min çiçəkli bir laləzar oğluyam.
Cavahirdir Azərbaycan topağı,
Qızıl, gümüş hər sərvətin yatağı,
Uca zirvələrin – lalə bayrağı!-
Şəmşirəm, nə gözəl diyar oğluyam.
VƏTƏNİN
Könül, aşiqisən, dolan, yorulma,
Hey başına, ayağına vətənin.
Bu cənnətdən qeyri yana vurulma,
İsin isti ocağına vətənin.
Ata yolu saxlayarmı hər oğul?
Öz yurdunun qurbanıdı nər oğul.
O, bir ana, mən də ona bir oğul,
Sığınmışam qucağına vətənin.
Yoldan azan satqınlara uymaram,
Gözəl yerin ləzzətindən doymaram;
Yaxşılıqdan başqa bir söz qoymaram
Gəlib çata qulağına vətənin.
“Mərd ata – mərd oğul”–el misalıdı,
İgidin ürəyi öz mahalıdı.
Kişinin əzası qarışmalıdı
Ölən günü torpağına vətənin!
Qoy güllə xainin gözünə dəysin,
Şəmşirin söz oxu üzünə dəysin.
Daş atanın daşı özünə dəysin-
Toxunmasın dırnağına vətənin.
DURULMADI HEÇ
Bulanıb möhnətdən qəlbim dəryası,
Nədənsə bir axıb durulmadı heç.
Mən usandım dərdi-möhnət çəkməkdən,
Məhəbbət usanıb yorulmadı heç.
Mahmud qoydu Gəncə mülkünü, qaçdı.
Əsli, Kərəm məzarında gül açdı.
Qara Keşiş tikan odu dolaşdı,
Güllər bir-birinə sarılmadı heç.
Məcnun qaldı qəmli hicran oynunda,
Sinəsi yaralı, əli qoynunda.
Leyli deyib gəzdi zəncir boynunda,
Eşqinin qandalı qırılmadı heç.
Nəsimi də bi Nigarım var dedi,
Çərxin gərdişində bu sitəm nədi?
Nalə çəkdi, qan ağladı, qəm yedi,
Pərişan əhvalı sorulmadı heç.
Şəmşir yaralıdı zalım gözəldən,
Kim oldu işini qurub, düzəldən.
Bilirsənmi, dünya, səndə əzəldən,
İnsaf ilə bir görülmədi heç.
BİLMƏZ
Dostun bir görüşü dəyər min aya,
Xoş keçən bir günə il çata bilməz.
Birləşsə, bir çaydır şəffaf bulaqlar
Coşqun dəryalara göl çata bilməz.
Neyləyəsən qışda qalxan tufana?!
Rəhmi gəlməz bir qocaya, cavana.
Qalxıb sarayından köçən karvana,
Üzülən bir ələ əl çata bilməz.
Sədaqət, həqiqət ola arada,
Onu halal saxla, getməsin bada.
Qohumu sağlıqda salasan yada,
O gəlməz yollara yol çata bilməz.
İtməz, ruzigarda qaldı nişanam,
Ellərin dilinə düşən dastanam.
İstəkli olana şirinzəbanam,
Şəmşirin dilinə dil çata bilməz.
AŞİQƏM
Məhəbbətə, sədaqətə, ilqara,
Bir çörəyə, bir də duza aşiqəm.
Bir qoca yarım var, min qıza dəyər,
Nə gəlinə, nə də qıza aşiqəm.
Mərdə lazım olsa keçərəm candan,
Tərbiyə almışam arif insandan.
Zəhləm gedir hiylə, fitnə, yalandan,
Açıq qəlbə, doğru sözə aşiqəm.
Can de eləsinə o qədir bilə,
Ürəyindən kini, kədəri silə.
Hər an kömək dura obaya, elə,
Məhəbbətlə baxan gözə aşiqəm.
Halal zəhmət aldım sənət bazarı,
Yol aldım haqq olan düz yola sarı.
Nəyimə lazımdı dünyanın varı,
Əyridən qaçqınam, düzə aşiqəm.
Mərddə səxa gördüm, igiddə hünər,
Mərdlər ölkəsini firavan istər.
Mərifət düşünər sahibi-dəftər,
Alimlər, ariflər, sizə aşiqəm.
Yan qaçıram naxələfdən, xatadan,
Baratımı pak almışam butadan.
Sənətimi öyrənmişəm atadan,
Şeirdən saldığı izə aşiqəm.
Şəmşiri yetirib tale bu yaşa,
Könül həmdəmimlə gəzirəm qoşa,
Hansı bir dil el nəzəri danışa,
Əhli-dilə, nurlu üzə aşiqəm.
YARAŞMAZ
Namərdə yalvarmaq insafdan deyil,
Düşmənə yaltaqlıq mərdə yaraşmaz.
Öyünüb desə də min yol nakişi:
Mənəm qəhrəman da nər də, yaraşmaz
Hər kəs qeyrətini düşünsün əzəl,
Gül olmaz söyüddən, tökülən xəzəl,
Abır həya, hörmət bilməyən gözəl,
Çəksə də üzünə pərdə yaraşmaz.
Qatil də özünə deməz cəlladam,
Onun işdəyinə düşmənəm, yadam,
Xalqın əhvalına yanmayan adam
Desə də şərikəm dərdə, yaraşmaz.
Həmişə kəmhünər, sellənər, daşar,
Döyüşə girməmiş qaynayar coşar,
Yerdə iş bacarmaz, göydən danışar,
Ona gəzmək heç düz yerdə yaraşmaz,
Şəmşir məqsədinə çata yaxşıdı,
Gövhəri sərrafa sata yaxşıdı.
Yaxşı oğul, yaxşı ata yaxşıdı,
Beyvecsə, xeyirdə, şərdə yaraşmaz,
DEMƏK OLMAZ
Qəza qədərlənib üz verəndə dərd
Kəməndə düşənə qaç demək olmaz.
Nakəs kölgəsinə sığınanda mərd,
Keçir ili, ayı xoş – demək olmaz.
İblisin dostluğu qəmdi, qəhərdi,
Qurdla aşnalıq da çox bitəhərdi.
Namərd plovunu, yemə, zəhərdi,
Ağıdı ləzzəti, aş demək olmaz.
Ayaq basma, şeytan-iblis izinə,
Lənət bicin əyrisinə, düzünə,
Hər kim baxsa satqın arvad sözünə,
Samandı kəlləsi, baş demək olmaz.
Çətindi biiman anda inana,
Nə dillə deyim ki, anlaya, qana?
Nanəcibə, biilqara, nadana,
Etibar eyləyib, iş demək olmaz,
Şəmşir deyər xayın ürək gəzilməz,
Xoryat sözü cana oxdu, dözülməz.
Tərlan yuvasından sümük üzülməz,
İgid tüfənginə boş demək olmaz,
Aşıq Şəmşir
Dalidag.az
Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 15-03-2021 19:21
Baxış sayı: 2617
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02