"Ağrıdan doğulan poeziya" - İlham Məmmədli

23-11-2020 10:58
"Ağrıdan doğulan poeziya" - İlham Məmmədli

Poeziya ruhun və düşüncənin sözlə emosional ifadəsidir. Ədəbiyyatın digər köklü qolu olan nəsr də insan duyğularının bədii ifadəsi olmasına baxmayaraq min illərdir ki, insan oğlu qəbinin ən munis hisslərini daha çox şeirlə, nəğməylə ifadə edir. Həm də poeziya nəsrlə müqayisədə daha yığcam, emosional olduğundan insan hisslərini daha canlı əks etdirir və tez yadda qalır.
Böyük yunan filosofu və ensiklopedik elm adamı Aristotelin ədəbiyyatı təsnifatlandırmasından min illərlə vaxt keçməsinə, cəmiyyətdə və düşüncədə çox sayda elmi-mədəni inqilablar baş verməsinə, söz sənətində “izmlər”in bir-birini əvəz etməsinə baxmayaraq əsl şeirin yeri və missiyası bu gün də öz ucalığını qoruyub saxlayır. Fikrimə bir qədər uzaqdan başlamağım səbəbsiz deyil. Bu gün ədəbiyyatda olduğu kimi onun əsas qolu olan poeziyada da hələ də “köhnə dünya” ilə “yeni dünyanın” qarşıdurması davam edir. Yenə də “atalar və oğullar” arasındakı mübarizə “ənənəvi şeir”lə “müasir şeirin” kəskin çarpışması kontekstində davam edir. Atalar və oğullar arasındakı bu əbədi və dönməz mübarizəni dialektikanın əsas qanunlarından biri kimi təbii qəbul etsək də hər dövrün ədəbi mübarizə üsullarının fərqli cəhətlərini də unutmaq olmaz.
Azərbaycan ədəbiyyatının böyük tarixi keçmişə və zəngin ədəbi irsə malik olması tarixi faktdır. Lakin etiraf edək ki, bu nəhəng irsin, mənəvi sərvətin anadilli nümunələri bizə ruhən daha yaxın və doğmadır. Xüsusilə ədəbiyyatımızda Molla Pənah Vaqif və Aşıq Ələsgər yaradıcılığı ilə oturuşan sadə xalq dilində yazılmış şeirləri müasir poeziyamızın da əsas lokomotivi hesab etmək olar.
Ədəbiyyatımızın bu gün inkişaf və axtarış baxımından ən qaynar qollarından olan Kəlbəcər ədəbi mühiti yeni yol ayrıcındadır. Xatırladım ki, ozan-aşıq şeiri müstəvisində formalaşan Kəlbəcər ədəbi mühitində uzun müddət, xüsusilə işğala qədərki dönəmdə ovqat şeirləri aparıcı xətt təşkil edib. Burada təbiət mövzusu, saf sevginin tərənnümü və insanın yaşadığı mühitdə keçirdiyi müxtəlif fərdi hisslər kəlbəcərli şairlərin yaradıcılığında əsasən heca vəznində öz bədii əksini tapıb.
Kəlbəcərin işğalından sonra isə ədəbi mühitdə yurd nisgili, torpaq ağrısı, vətən uğrunda müqəddəs savaşa çağırış notları daha qabarıq şəkildə özünü büruzə verib.

Kəlbəcər ədəbi mühitinin ən istedadlı nümayəndələrindən olan Namiq Dəlidağlının imzası Azərbaycan oxucusuna və ciddi ədəbiyyat adamlarına yaxşı tanışdır. Onun yaradıcılığı haqqında ölkənin bir çox tanınmış ədəbiyyatşünasları, poeziya araşdırıcıları, mütəxəssislər resenziyalar, məqalələr yazmış, poeziyası barədə yüksək fikirlər səsləndirimişlər. Qeyd etdiyim kimi Namiq Dəlidağlının ədəbiyyata yolu Kəlbəcər ədəbi mühitindən başlamış, hələ orta məktəbdə oxuduğu illərdən ədəbi mühitin təsiri ilə özünün ilk duyğularını sözə, şeirə çevirmişdir.
Kəlbəcərin işğalından sonra Namiq Dəlidağlının gənclik dövrü Sumqayıt şəhəri ilə bağlı olmuş, artıq neçə illərdir ki, o, burada və paytaxt Bakıda daha geniş, qaynar ədəbi prosesin içərisindədir. Bu illər ərzində Namiqin ən böyük uğuru o olmuşdur ki, öz imzasını Azərbaycan oxucusuna sevdirə bilmişdir.
Bu il Namiq Dəlidağlı ömrünün 50-ci zirvəsini geridə qoydu. Qarşımda şairin bu illərə hesabatı sayılacaq “Əllidə ələnənlər” adlı kitabının əlyazması var. Etiraf edim ki, kitaba "ön söz" yazmaq mənim üçün həm asan, həm də çətindir. Asanlığı ondadır ki, Namiq Dəlidağlı uzun illər tədqiq etdiyim Kəlbəcər ədəbi mühitinin yetirməsidir və mənim bu mühitdə baş verən ədəbi proseslərdən az-çox xəbərim var. Çətinliyim isə ondadır ki, mən Namiqin yeni şeirlərini oxuduqca onun nə qədər püxtə bir şair olduğunun, bu şeirlərin təhlili üçün ciddi bir zamana ehtiyac duyulduğunun fərqindəyəm.
Öncə qeyd etmək istəyirəm ki, Namiq Dəlidağlı yaradıcılığında Kəlbəcər ədəbi mühitinə xas olan ənənəvi şeir nümunələri yetərincə olsa da, onun poeziyasının aparıcı qolunu daha çox süjetli şeir və müasir poeziya “izmləri”ndən qidalanan yeni formalı şeirlər təşkil edir. Diqqətlə fikir verəndə aydın görünür ki, Namiqin şeirlərində qədim folklorumuzdan müasir söz dünyasına yeni bir yol uzanır. Bu yol öz başlanğıcını qoca Şərqin sirli-sehirli gecələrinin nağıllarına bürünmüş qədim şəhərlərinin daş karvansaralarından, yovşan ətirli bozqırlardan götürüb Qərbin göz qamaşdıran və baş gicəlləndirən meqapolislərinə, bu dünyada öz mövqeyini qoruyub saxlayan söz aləminə üz tutur.

Ağ dəvələr ağ gecədə
ağ yollarla yön almışdı üzü Qərbə.
Ağ yuxular, ağ arzular
çin olmuşdu bu ağ gecə.
Bir ağ karvan yol gedirdi
ağ günlərin işığına...


Ağ işıq Namiqin şeirlərinin “süd yolu”dur. O yol ki bədii sözün gücü ilə milləti işıqlı günə yönəldə biləcəyinin arzularıdır. Elə türk oğlu da min illərdir ki qaranlıq gecələrdə sübh ulduzunun parıltısına, şaxtalı, boranlı günlərdə öz fəhminin gücünə köhləninin yalmanına yatıb, bitib tükənməyən arzularının qanadlarında dərələrdən yel kimi, təpələrdən sel kimi Şərqdən Qərbə - “Qızıl alma”nı tapacağı günün eşqinə at sürür. Yolların damarın qırır, mənzillər kəsir, ancaq nə yol qurtarır, nə də arzular tükənir.
Qeyd etdiyim kimi, Namiq Dəlidağlı ilkin bədii ruhunun formalaşdığı ədəbi mühitdəki ənənələrdən kənara çıxaraq poeziyanın daha fərqli müstəvisində uğurlu söz deməyi bacaran və öz yolunu tapan şairlərdəndir. Əsl söz adamının əsas üstünlüyü ondadır ki, o, asan yolla getmir, öz cığırını, çəhlimini açmağa çalışır. Hisslərini, duyğularını bədii sözün yaddaşına köçürəndə də məhdud milli təəssübkeşlik və bölgəçilik düşüncəsinə qapanıb qalmır. Uğurlu şeirin üstünlüyü də elə onunla ölçülür ki, millətindən, dinindən, dilindən asılı olmayaraq oxucu ondakı fikirləri, duyğuları öz doğma hissləri, arzuları kimi qəbul edir. Namiq Dəlidağlının poeziyası da məhz bu mətləbləri özündə ehtiva edir.
Namiq Dəlidağlının poeziyasında diqqəti çəkən digər müsbət məqamlardan biri şairin istənilən mövzuda qələmə aldığı şeirlərdə vətən sevgisinin, yurd ağrısının daha qabarıq şəkildə özünü göstərməsidir. Hesab edirəm ki, bunun da elə bir dərin sirri yoxdur. Əslində onun bu günədək keçib gəldiyi həyat yolundan, yaşadıqlarından yaranan təbii bir reallıqdır. Çünki Namiq ömrünün ən gözəl günlərində Vətən ağrısı ilə sınağa çəkilib, göynərtisi heç zaman kəsməyəcək yurd itkisinin faciəsini yaşayıb. Şairin “Apreldə vətənə yazılan şeir”i 2016-cı ilin aprel döyüşlərinə həsr olunsa da, duyğulu oxucu bunu 1993-cü ilin aprelində onun doğma Kəlbəcərinə yazdığı bir ağı da hesab edə bilər.

Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı...
...Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum,
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından...


Namiq Dəlidağlı bu gün ömrünün və yaradıcılığının ən yetkin dövrünü yaşayır. Bir faktı da etiraf edim ki, Namiq Dəlidağlı ölkədə və onun hüdudlarından kənarda ciddi bir söz adamı kimi yaxşı tanınmasına baxmayaraq heç vaxt qalın-qalın kitabları çap olunmayıb. Nəşr olunmuş kitabları da əl boyda olub. Lakin o, bu balaca kitablara çox böyük mətləbləri, mövzuları, insan duyğularını sığışdıra bilib.
Elə “Əllidə ələnənlər” də həcm baxımından əvvəlki kitablarının davamıdır və şairin 50 illik ömür yoluna sanki bir hesabatdır.
Kitabın adı simvolik bir məna daşıyır. İnsan həyatı boyu çox şeylərin, hadisələrin şahidi olur. Yaşa dolduqca dünya baxışında, düşüncəsində, zövqündə, insanlara münasibətində, duyğularında belə çox şeylər dəyişir. Ələnən ələnir, qalanlar qalır. O şeylər qalır ki, o, sənin özünün olur, özün olur. Həyatının ayrılmaz bir parçasına çevrilir, bir sözlə vaz keçilməz olur. Bu mətləbi uzatmağım heç də səbəsiz deyil. Namiqin şeirləri çoxdur. Böyük əksəriyyəti də çox uğurlu alınıb. Ancaq şair 50 illik ömür yoluna hesabatında öz ələyindən ələdiklərini saxlayıb.
Hərdən düşünürəm ki, insan oğlunun ilk şeiri ağrıdan yaranıb. Bu şeir ər oğlunu itirmiş ananın ağısımı olub, sevdiyindən ayrı düşmüş aşiqin yana-yana zümzümə etdiyi oxşamasımı, vətən dərdindən çərləyən didərginin yanıqlı bayatısımı? Fərqi yoxdur, mətləb birdir, ağrı olmasa insan oğlu sözü belə göynərtili, təsirli deyə bilməz. Namiqin “Əllidə ələnənlər” kitabına yerləşdirdiyi şeirlərinin də əksəriyyətinin mayasında ağrı dayanır. Bu onun şair taleyi, Tanrı qismətidir. 50 illik ömrünün şairə “ərmağan etdiyi” param-parça olunmuş Vətənin yaralarına məlhəm ola bilməməyin, anasını doğma ocağına apara bilməyən şair oğlunun çarəsizliyinin, doğma kəndinin viran olmuş daşını-qayasını sığallaya bilməyin əlçatmazlığının ağrısıdır. Ona görə də onun ağrıları milli olmaqla yanaşı, bəşəri ağrılardır. Millətinin haqq səsinin dünya tərəfindən eşidilməməyinin göynərtisidir.

Bu gecə duz basdım
Təbriz ağrıma,
Dərbənd dərdimə,
Zəngəzur həsrətimə,
Borçalı göynərtimə,
Qarabağ yarama…
Cızdağım çıxanacan
yanım deyə…
Yuxum ərşə çəkilsin deyə…
Şərti ad qoydum onlara:
ürəyimə Təbriz,
sinəmə Dərbənd,
bir gözümə Zəngəzur,
birinə Borçalı,
dilimə Qarabağ…
Hərəsi öz dilində ağladi məni…
duz basdığım yaralarım…
Of, canım göynəyir…


Kitabın əsas qayəsi İlahi sözün ucalığını, ölməzliyini, əbədiyaşarlığını qədirşünas oxucunun bir daha yadına salmaqdır. Onda sözə sevgini, məhəbbəti öləziməyə qoymamaqdır. Böyük şairimiz, söz xiridarı Məmməd Aslana həsr etdiyi şeiri də sözə böyük ehtiramdır, təzimdir. Onun digər şeirləri kimi bu şeirini də oradakı fikrin dərinliyi, bədii ifadə vasitələrinin dolğunluğu və əhatəliyi, poetik tutumu ilə müasir poeziyamızın uğuru hesab etmək olar.

İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar...
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq, sözü, şeiri,
gözü doymayacaq bu şirin daddan.
...Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək,
ürəkdən çəkəcək, gözdən çəkəcək.
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək...
Burda "göyərəcək, hər kəlmə, hər söz"
.


Namiq Dəlidağlı şeirlərində bədii məcazlardan, ifadə vasitələrindən çox ustalıqla yararlanır. Sözünün ünvanından, müraciət etdiyi obyektin böyük-kiçikliyindən asılı olmayaraq onun şeirləri insan qəlbini ehtizaza gətirir, könül rübabını titrədir və oxucunu düşünməyə vadar edir. O, toplumun dərdini öz timsalında ümumi-ləşdirə bilir. Anasına ünvanladığı şeir də bir milyondan artıq yurd itirmiş insanların ortaq dərdinin, kədərinin yanıqlı hayqırtısıdır.

Nə umub küsürsən, qurbanın olum,
bağlanıb bənd, bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
incimə boş yerə, aparammıram.

Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı.
Unut Dəlidağı, “Novlu bulağ”ı,
öyrən bu şəhərə, aparammıram.


Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, Namiq Dəlidağlının şeirlərində qafiyəbazlıq, sözlə yerli-yersiz oynamaq kimi köhnə vərdişlərə rast gəlmirik. O, sözlə bazarlıq etmir. Konyuktura xatirinə də şeir yazmır. Elə şeirlərinin obyekti də xəyali aləmdən götürülmüş mücərrəd mövzular deyil, gündəlik həyatımızda görüb qarşılaşdığımız sadə həqiqətlərdir. O həqiqətlər ki şair onlara böyük məna verməyi bacarır, sözün tükənməz xəzinəsindən əxz etdiyi fikirlərlə dolğunlaşdıra bilir.
Bu gün kənd-şəhər qarşılaşması, urbanizasiya bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biridir. Kəndlərin sürətlə boşalması, şəhərlərin nəhəng meqapolislərə çevrilməsi nəinki ekoloji tarazılığı pozur, sivilizasiyanı yaxın gələcəkdə ərzaq qıtlığı ilə üzləşməyə sürüyərək insanlığın sabahını sual altına qoyur. Namiq Dəlidağlı bu bəşəri ağrını bir kəndin timsalında böyük ustalıqla təcəssüm etdirə bilir.

Tin-tin, küçə-küçə qocalır bu kənd,
üstündən, başından yetimlik yağır,
damından-daşından yetimlik yağır.
Küçələrin gözü yol çəkir,
bu kəndin itləri yad nəfəs gəzir
hürməyə...
Gedəni-gələni yoxdu bu kəndin.
Burda qulaq batır sükut səsindən.
Qonşu uşağın ərköyünlüyündən
beli əyilən ağac çəpər,
indi olsa qulağına səs təpər.
Hörümçəklər tor bağlayıb
qapıların kilid yerində.
Sükutdan rəngi solub,
boyası saralıb pəncərələrin.
Qulağı bir addım səsinə təşnə.
Çox qoca görünür bu kənd yaşından,
bu kəndin "cavanı" yetmiş yaşında,
bu kəndin qocası yaşını bilmir,
itirib ağlını, huşunu, bilmir.
Burda arzuları dəfn eləyirlər,
başdaşı qoyurlar xatirələrdən.
Burda ölüm dəbdə, əcəl sevilən.
Bir-birə başsağlığı verməzlər burda.
Qəbristanlıq böyüdükcə, kənd kiçilir.
Bir gün bu kəndin girəcəyində
bir lövhə asılacaq:
burda insan yaşamır.
Burda sonuncu ölünü
Tanrı götürəcək yerdən.


Namiq Dəlidağlının şeirlərində insanlara, dünyaya, canlı varlığa tükənməz bir sevgi notları aşılanır. Bu sevgi kimin dilindən, hansı obyektin timsalında səslənməsindən asılı olmayaraq safdır, təmizdir. İnsanları paklığa səsləyir, sabaha ümid çırağı yandırır. “Kəpənək sevgisi” şeirində biz bu xətti daha aydın görürük.

Bir çimdik canınla
necə sevirsən, bu qədər gülləri,
çiçəkləri sən?
Necə qanın qaynayır
sənin gülə-çiçəyə,
sənin ki, qanın yoxdur,
qansızda sevgi olar?
Mənim qanım olsa da,
sənin kimi sevmədim, nə gülü,
nə çiçəyi, nə də ki, adamları...
Sənin sevgin dünyada
ən ilahi bir eşqdir!


Öncə qeyd etdiyim kimi, bir daha xatırlatmağı lazım bildim ki, Namiq Dəlidağlının “Əllidə ələnənlər” kitabı həcmcə böyük deyil, yığcam bir kitabdır. Ona görə mən də mətləbi uzadıb haşiyəni mətndən uzun eləmək fikrində deyiləm. Həm də ön sözdə kitabda toplanan şeirləri geniş prizmada təhlil etmək də məqsədə uyğun deyil. Ancaq bir məsələ mənim üçün tam aydındır. Namiq Dəlidağlı poeziyası öyrənilməyi və daha geniş müstəvidə tədqiq edilməyi haqq etmiş bir gerçəklikdir. Yəqin ki, şairin bu kitabı da, ciddi söz adamlarının və ədəbiyyatşünaslarımızın diqqətindən kənarda qalmayacaq.
Son olaraq dəyərli dostum Namiq Dəlidağlını 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni-yeni uğurlar və Kəlbəcərli günlər arzulayıram. Darıxma, qardaşım, kitabının qədəmi uğurludur. Qələbənin addım səsləri eşidilməkdədir. Doğma yerlərdə görüşmək arzusu ilə.

"Ağrıdan doğulan poeziya" - İlham Məmmədli
İlham Məmmədli,
filologiya üzrə fəlsəfə doktoru, dosent.



Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 23-11-2020 10:58
Baxış sayı: 2469
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını