Hüseyn Cavid:"Hər kəsin bir еşqi, bir ilahı var, mənim tanrım gözəllikdir, sеvgidir..."

16-10-2019 18:39


Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb.İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin «Məktəbi-tərbiyə» adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin «Talibiyyə» mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Hüseyn lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. «Keçmiş günlər» adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan «Şeyx Sənan» (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə «haq verilmir, alınır» ideyasına gəlib çıxmışdır. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. «Peyğəmbər» (1922) və «Topal Teymur» (1925) əsərlərindən sonra yazdığı «Səyavuş» (1933), «Xəyyam» (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin «nailiyyətlər»indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.

Dalidag.az Hüsey Cavidin şeirlərini təqdim edir:
MƏNİM TANRIM
Hər qulun cihanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir еşqi, bir ilahı var,
Mənim tanrım gözəllikdir, sеvgidir

Həzz еtmədim firqədən, cəmiyyətdən,
Zеvq alamam hərbdən, siyasətdən,
Bir şеy duymam fəlsəfədən, hikmətdən,
Mənim ruhum gözəllikdir, sеvgidir.

Gözəl sеvimlidir, cəllad olsa da;
Sеvgi xoşdur, sonu fəryad olsa da;
Uğrunda bənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sеvgidir.

Gözəlsiz bir gülşən zindana bənzər,
Sеvgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə еtsəm güzər,
Həp duyduğum gözəllikdir, sеvgidir.

   QIZ MƏKTƏBİNDƏ

— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə…
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma…
— Var əfəndim, var… lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
– Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var…
— Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar…
QADIN

Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.
O bir mələk… onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

GET

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!.

Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.

Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!

Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim! Ah, könül ruhuna biganə imiş.

Səni təqsir edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq?!Aşiqi-şeyda nə imiş.

Aləmi-zevqi-səfadan bana bəhs etmə,saqın
Bildik artıq bu cahan mülkü nə viranə imiş

***
Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.

Vətən, vətən deyərək hər diyarə səs salıram,
Düşərmi bircə dilimdəm mənim məqali-vətən?

Vətən məhəbbətini əmr edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən…

Neçün şərafətini, fəxrini verib əldən,
Bu qədər yurduna biganədir ricali-vətən?

Ürək dolubdu nədən, sanki qan piyaləsidir,
Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?

Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,
Əminəm, heç də silinməz bu ibtizali-vətən.

Tərəhhüm eylə mənə hühudi-səba, çatdır,
Səlamımı eşidə bəlkə növnəhali-vətən.

Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!
Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.

Əgər sual edələr – Cavidin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub maali-vətən.  

NƏ İMİŞ

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!..
Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.
Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!
Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim!.. Ah… könül ruhuna biganə imiş.
Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!
Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!..

ÇOBAN TÜRKÜSÜ

Açmasın çiçəklər, gülməsin güllər,
Ötüşməsin şirin dilli bülbüllər,
Dərdim çoqdur ellər, ellər, ay ellər!
Yar-yar deyib gecə-gündüz ağlaram.

Göz yola dikməkdən bağrım oldu qan,
Bir xəbər yoq hilal qaşlı yarımdan,
Yaralı könlümü olmaz oxşayan,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Gülməz, yüz bahar olsa, gülməz yüzüm,
Yardan başqa bir gözəl görməz gözüm,
Sanki anadan ayrılmış öksüzüm,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Öz yurdumda bir qəribdən seçilməm,
Əsir kibi bir dost, bir yaqın bilməm,
Cihan cənnət olsa, bir ləhzə gülməm,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Məcnun könül Leylasını unutmaz,
Başqa bir gözəl dərdimi uyutmaz,
Bir məsəldir: “Tərlan yerin sar tutmaz!”
Yar-yar deyib gecə-gündüz ağlaram.

Göy yüzündə görür-görməz hilalı,
Keçər fikrimdən yarımın xəyalı,
Dərbədər könlümün artar məlalı,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Xatirə gəldikcə mavi gözləri,
Süzgün baqışları, tatlı sözləri,
Dolaşırım dağı, daşı, düzləri,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Yosma dilbərim deyilmiş ədasız,
Pək nazlıdır, amma deyil vəfasız,
Nə çarə!? Eşq əhli olmaz bəlasız,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Hüseyn Cavid

Dalidag.az




Kateqoriya: Manşet / Karusel / Poeziya-nəsr
Tarix: 16-10-2019 18:39
Baxış sayı: 31 184
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını