Reklam
Bəhmən Vətənoğlunun 90 illik yubileyi keçirildi- "Ağlamaq kişiyə yaraşan deyil, göz yaşı tökməklə Vətən qayıtmaz!"
20-12-2022 11:50
Şair elin içərisindən çıxdığına görə, elə bineyi-qədimdən onlar “el şairi, elin dili, elin gözü, elin sözü” kimi epitetlərlə xatırlanıblar, anılıblar, unudulmayıblar. Keçmiş sovetlər dönəmində partiya və hökumətin mədhiyyəçilərinin sayını artırmaq üçün dili kəlamlı, əli qələmli yazarları da bölmüşdülər sosial-mədəni təbəqələrə. Məsələn, “xalq şairi”, “xalq yazıçısı”, “əməkdar jurnalist”, “əməkdar mədəniyyət işçisi”… və s. Sovetlər darmadağın edildikdən sonra bu “titullar” da bir növ hörmətdən-gözdən düşdü. Bunun səbəbləri yalnız mədhiyyəbazlara verilən təm-təraqlı saxta titulların əhəmiyyətsiz bir şeyə çevrilməsi deyildi, eyni zamanda, əsl xalqın şairlərini millət yaxşı tanıyırdı axı. Amma vəzifəlilər kimi, titullular da məclisə gələndə hamının gözləri dikilirdi onların ağzına. Daha fərqinə varmırdılar ki, xalq yazıçısı inəklə atın kəhəri ilə qızılı olmasını səhv salır. Onlar nə deyirdilərsə, “Quran ayəsi” kimi qəbul edilirdi. Xalqı kütlə hesab etdirmişdi sovetlər. Nə isə..
Həmin dözülməz, məddahlıq illərində şeirləri dildə-ağızda, toy mağarlarında, el şənliklərində əzbərdən söylənilən şairlərimizdən biri də Kəlbəcər rayonunun Seyidlər kəndində 31 dekabr 1932-ci il tarixində dünyaya göz açan Abbasov Bəhmən Kalış oğludur (Bəhmən Vətənoğlu).
HAŞİYƏ: Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960). Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini (1960-1965) davam etdirən Bəhmən Abbasov təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilib (1965-1970). 1970-1993-cü illərdə Seyidlər kənd orta məktəbində direktor vəzifəsində çalışıb.
Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmış Bəhmən müəllim bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti də olub (1993-2004).
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. İlk mətbu şeiri “Dəyişməmişəm” 1958-ci ildə Kəlbəcər rayonununda çıxan “Yeni həyat uğrunda” qəzetində dərc olunub. Respublika mətbuatında vaxtaşırı çıxış edən şair 1998-ci ildən AYB-nin üzvüdür. “Haqqa qardaş yaranmışam” (1985), “Allahsız dünya” (1992) “Vətən bizi bağışlamaz” (1995), “Qaldı ürəyimdə dağı dağların” (1997) şeir topluları nəşr olunub.
Bəhmən Vətənoğlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq dünyasını dəyişib. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi və Sücaət uyuyan məzarlıqda torpağa tapşırılıb.
Əsərləri:”Haqqa qardaş yaranmışam” (1985),
“Allahsız dünya” (1992)
“Vətən bizi bağışlamaz” (1995),
“Qaldı ürəyimdə dağı dağların” (1997)
“Nə yaman aldatdın Bəhməni, dünya”
“Bir ömürün bir ili”, “İnsanam, insana yazığım gəlir”, “Allahsız dünyaya gül, Vətənoğlu”, “Ömrün yetmişindən yüzünə doğru” kitabları və “Bəlkə bir də bitdim, ək məni dünya” dərgisi buraxılıb.
Bəhmən Vətənoğlu sovetlərin “kashakəs”vaxtlarında yazırdı:
“Pul Allah olubdu, Allah, amandı!”
Bəhmən Vətənoğlu Kəlbəcərdə doğulub, orada yaşayıb-yaratsa da, Türk dünyasının sevimli şairi kimi tanındı və… şairin doğum günü ilə əlaqədar, anadan olmasının 90 illik yubileyinin ilk tədbiri Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirildi.
Əlbəttə, şairin anılması, xatırlanması unudulmaması üçün bu, bir bəhanədir. Əslində, Bəhmən Vətənoğlu ilk şeirləri ilə elin dilində, xalqın yaddaşında, sazın sinəsində möhürlənib.
AYB-nin katibi, Azərbaycan Mətbuat Şurasının sədri, şair-publisist, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid tədbiri aparmaq üçün sözü filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini, şair-türkoloq Adil Cəmilə verdi.
Şairin bədii yaradıcılığına ayna tutan Adil Cəmil ilk sözü “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri, AYB-nin üzvü Cavid Qurbanova verdi. Cavid Qurbanov çıxışına təkliflə başlayaraq qeyd etdi ki, Bəhmən Vətənoğlu elə böyük sərvət sahibi olub ki, onun 90 illik yubileyini, əslində, Kəlbəcərdə keçirməliyik. Sağlıq olsun, onu da edərik, var olsun Müzəffər Ali Baş Komandan, cənab Prezdent İlham Əliyev ki, Qarabağımızı, o cümlədən sərvətlər yatağı olan Kəlbəcərimizi düşməndən azad etdi. Ona görə də biz növbəti tədbiri Gəncə şəhərində, geniş auditoriyalarda keçirək ki, Bəhmənsevərlər orada iştirak edə bilsinlər. Bu, həm də ədəbi-bədii formada təşkil edilsə, lap yaxşı olar.
Təklifi yüksək alqışlayan tədbir iştirakçılarından Xalq şairi Seyran Səxavət Bəhmənlə ilk tanışlığının hələ onların tələbəlik illəridən başlandığını xatırladı. Və onu da qeyd etdi ki, insanın iki silahı olur: “…Dili və səmimiyyəti. Bəhmən Vətənoğluda bunların hər ikisi də cəm idi”…
Millət vəkillərindən Aqil Abbas, Aqil Məmmədov, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, şairlərdən Ağacəfər Həsənli, son illər çox oxunan və qələmi ilə nufuz qazanan Elşən Əzim, Mirsəyyaf Zamanlı, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, tədqiqatçı-publisist Nağdəli Zamanov, İTV-nin “Ozan” verilişinin aparıcı müəllifi Qorxmaz Tofiqoğlu, Əlövsət Saldaş, Sönməz Ələkbər, Ələmdar Keştəkli, Sabir Hacıoğlu Başlıbelli və digərləri Bəhmən Vətənoğlunun yaradıcılığına müxtəlif istiqamətlərdən dəyər verildiyini qeyd etdilər.
Bəhmən Vətənoğlu ancaq şirindilli şairdi, onun dilinə acı kəlmə yaxın gələ bilməz?!
Şairlə hələ Kəlbəcərdəikən səmimi münasibətim var idi. Kəlbəcərdə çıxan “Yenilik” qəzetində ayda bir dəfə “Dəli dağın nəğmələri” ədəbi-bədii birliyin (yaradıcısı və sədri Şamil Dəlidağ idi, Allah rəhmət eləsin!) aylıq səhifəsi dərc edilirdi. Mən də orada məsul katib idim. Bəhmən müəllimlə də elə redaksiyada tanış olmuşduq. Məqalələrimi izlədiyini, oxuduğunu, guya, hətta bəyəndiyini bildirdi. Bir gün qolunu boynuma salıb ərklə kürəyimə əlini vurub dedi:
-Sənin məqalələrin kimi, imzandan da xoşum gəlir. Çünki rus ov-yevindən xilas olmusan, atanın adını yaşadırsan, bax, buna görə var ol! Dedim ki, bu imzanı mənə Şamil Dəlidağ verib. Güldü:
-Şamil Dəlidağ elə əzəmətli dağdı ki, onun kölgəsində yatmaq olmaz haaa! Ruhun dincəlsin deyə, çalışmalısan ki, imzanı sevdirəsən, sağ ol. Şəhidlərimizdən, mənim qardaşımın da şəhid balasından yazdığın məqalələri oxuyuram. Onları topla, kitab elə, heyfdilər…
Bu, bizim son görüşümüz olmadı. Sonradan Bəhmən müəllim qardaşı oğlu Nəsiminin şəhidliyinə yazdığı “ Vayyy!!” və “Balam” rədifli qoşmaları mənə verib dedi:
-Nəsimidən yazanda bunları da əmi kimi, mənim adımnan əlavə edərsən.
Bəhmən Vətənoğlunun dilinin şirinliyi, poeziyası şeir-sənət sevənlərə yaxşı məlumdur. Elə bilirdim ki, Bəhmən Vətənoğlu ancaq şirindilli şairdi, onun dilinə acı kəlmə yaxın gələ bilməz. Demə, Bəhmən də ağlaya bilirmiş. Özü də necə:
On səkkiz yaşında silah götürən,
On doqquz yaşında vuruşanım, vay!!!
Müqəddəs torpağı qoruyan zaman
Qanı bu torpağa qarışanım vay!!!
Qardaşı oğlu Nəsiminin nakam taleyinə yazdığı bu ağı bəlkə də kitablarının heç birində yoxdur. Çünki onu eləcə orada –redaksiyada, bizim yanımızda yazıb vermişdi:
Nə acı meh oldu bu sabahkı meh,
Tərs gəldi fələyin nəsimi, balam!
Qırıq-qırıq oldu könlümün sazı,
Qalmadı pərdəsi, nə simi, balam!
Qöncə-ləçək ömür tez solacaqmış,
Gözəl-göyçək ömür tez solacaqmış,
Bu tər çiçək ömür tez solacaqmış,
Bu imiş qisməti, nəsibi balam!
O məzar qoynuna aldı şəhidi,
Şəhid cərgəsinə saldı şəhidi.
Vətən torpağının oldu şəhidi,
Nəsimi taleli Nəsimi balam.
Şairlə ilk tanışılığımız belə başlamışdı. Kəlbəcərsizlik illərimizdə də bir-birimizi unutmadıq. Bakıdan Gəncəyə yolum düşəndə ilk onun ziyarətinə gedib, sonra doğma qardaş-bacılarımla görüşmüşəm…
Qartal, o zirvədən belə en, belə,
İnsanam, zirvədə mən olmalıyam
Təxminən 2001-ci, ya da 2002-ci il idi. Azərbaycan Aşıqlar Birliyinin dərgisi olan “Ozan” qəzetinin redaktoru idim. Bir gün birliyin sədri Zümrüd Əsgərqızı dedi ki, bəlkə Bəhmən Vətənoğlunun yaradıcılıq gecəsini təşkil edək?! Sevincək dedim:
-Aaaa, təkcə Bəhməninmi? Bəs Sücaətimizin?! Onları bir-birindən ayırmaq günah olar. Elə ikisinə də birlikdə ədəbi-bədii gecə keşirək, həm də Bəhmən Vətənoğlunun 70 illiyidir axı. Razılaşdıq.
Bəhmən müəllim üçün Gəncəyə gedəsi oldum, həm də bir neçə dəfə. Lakin xatirimi çox istəyən şairin, nədənsə, hər dəfə müxtəlif bəhanələr gətirdiyini hiss edirdim. Açıq demək istəməsə də, səbəb yox, sadəcə, bəhanə var imiş. Yalvardım ki, artıq afişalar vurulub, paytaxt Bakı, həm də “Respublika” sarayı sizi gözləyir, amandı, biabır olarıq, burada Kəlbəcər adı var.
Astaca, sanki pıçıldayırmış kimi dedi:
-Ayə, bə ma deməzlərmi ki, a Bəhmən, saraylara nifrətin hara, indi ora könüllü getməyin, qapısını açmağın hara?! Mənim olub-qalan hörmətimi tökmək, ucuzlaşdırmaqmı istəyirsiz?!
Tutuldum. Əslində, dediklərində həqiqət də var idi, amma məsələ başqa cür idi: ömrə-günə etibar yox, şairin də 70 illiyi, rəsmi dairələr, əlaqədar təşkilatlar belə bu barədə düşünmürdü. Yenidən yalvardım ki, sizi dövlət yox, xalq istəyir, xalqın da çağrışına yox deyirsiz?
Elə bil ki, yatmışdı, ayıldı:
-Nə danışdığındı, ayə?! Xalqıma da qurban, dövlətimə də! Azad, müstəqil Azərbaycanımızın bu gününü istəməmişikmi? Heydər Əliyevi kəlbəcərlilər Murovdağda donanda haraylamırdımı, a qıvlasız?! Məsələ başqa cürdü ey, ayə, ma deyirlər ki, sənin Bakıda, saraylarda nə işin var? Qoy yuxarılar çağırsn, maraqlansın. Nə bilim vallah. Səhhətim də ki, görürsən, belə…
Dərd o idi ki, həmin günlərdə “taleyi şil-şikəst” Sücaətimiz yataqdan qalxa bilməmiş və gözlərini əbədi yummuşdu. Bu da Bəhmənə bir ağır itki idi. Ona görə əlində əsas var idi ki, Sücaətsiz necə gedib çıxsın saraya, səhnəyə.
Bəhmən zirvə şairi idi. Yazırdı ki:
Qartal, o zirvədən belə en, belə,
İnsanam, zirvədə mən olmalıyam.
Günəş yandıranda ana torpağı,
Duman olmalıyam, çən olmalıyam.
Zirvədən salıbdı yolu babalar,
Fikri kamal ilə dolu babalar.
Müqəddəs yaşayıb ulu babalar,
Mən də fitnələrdən gen olmalıyam…
Şairin “saqqızını oğurlaya bilmişdik”: Bakıya bir istəkli dostu ilə gəldi. Mart ayının ortaları idi, səhv eləmirəmsə. “Respublika” sarayında “iynə atsan, yerə düşməzdi”. Sarayın direktoru Kərim Kərimov təşkilatçılardan biri kimi məni yaxşı tanıdığından, məndən soruşdu:
-Mat qalmışam: bu aşıq kimdir ki, belə sevilir, xalqın məhəbbətini qazanıb?! Vallah dövlətin rəsmi tədbirlərində bu salonu doldurmaq üçün zülm çəkmişik. Salon basabas doludur, bayırda da içəri keçmək istəyənlərin qarşısını saxlmaq olmur.
Gülüb dedim:
-Bilmirsinizmi ki, şair Bəhmən Vətənoğlunun görüşünə gələnlər bundan dəfələrlə çox olar?! Aşıq deyil, Bəhmən Vətənoğludur.
Direktor başını bulayıb, təəccübünü gizlədə bilməyib uzaqlaşsa da, içəri girmək mümkün olmurdu.
Həmin gecənin himayədarı isə əslən kəlbəcərli deyildi: Polis Akademiyasının bir zabiti idi- Elbrus Məhəmmədoğlu, yaxşı xatırlayıram. O, qazaxlı idi. Vaxtilə Füzulinin məzarını göz yaşlarından islanmış cib dəsmalı ilə silən soydaşımız (Bu barədə “Ozan” qəzetində yazmışam-M.N.)
Yerimi Bakıda vermişəm sənə,
İndi sayırsan məni ara şairi?!
O gecənin hər saniyəsi, anı yaddaqalan oldu. Gecəni Xalq şairi Zəlimxan Yaqub aparırdı. Aşıq Əhliman Şirvanlı Bəhmənin sinədəftəri olduğunu da o gecə təsdiqlədi. Şairi səhnədə onu üçün ayrılmış yumşaq kresloya qaldırmaq, çxarmaq, orada əyləşdirmək mümkün olmadı, istəmədi, salonda, adi tamaşaçıya çevrildi.
Amma Bəhmən də Bəhməndir axı. Sonda səhnəyə qalxıb nə desə yaxşıdır:
-Bilsəydim ki, xalqımın mənə sevgisi bu qədər dərindir, vallah həsir olub ayaqları altına sərilərdim!
Aman Allah! Bəhmənin xalqa sevgisinə bax! Bu qədər sadə dillə, vurğunluqla, səmimiyyətlə deyilən cümləyə, fikrə bir baxın!
Məhz o gecə Bəhmən ruh kimi səmalardaydı, qanadları qırıq qartal obrazlı idi: Sücaətsiz olduğu, yaralı, sızıltılı, ahu-zarlı idi – Kəlbəcərsiz qaldığı üçün.
Zəlimxan Yaqub üzünü şairə tutaraq dedi o gecə:
-Bəhmən! Sən fikir eləmə ki, rəsmi titulun yoxdu! Şair odur ki, xalqın sevimlisi olsun! Sən əsl xalqın şairisən “xalq şairi” tanıyırıq ki, cild-cild kitabları kitabxanalarda toz-torpağın içində yatır, oxucu həsrətindədir! Ayə, sənin nə qəmin ki, şeirlərin sazın sinəsinə yazılıb, aşıqların, xanəndələrin dilində əzbərdir, hələ xalqımızı, bəhmənsevərləri, sücaətsevərli… demirəm! Nə qədər ki, sözün yaşayır, Sən var olacaqsan! Sənin şeirlərin də elə saz-söz ömürlüdür-sənə ölüm yoxdu!
…Bəhmənsevərlərdən bu gün tədbirə qatılmayan bir neçə nəfəri gözlərim axtardı: Əlövsət Ağalarovu, Vəliyəddin Misiroğlunu, Yusif Hüseyni, Nəriman Ocaqlını, göyçəli həkim Vaqif Həsənovu və bir də şairin 70 illik yubiley gecəsinin himayədarı polkovnik Elbrus Məhəmmədoğlunu!
Şairin yaradıcılığına hörmət əlaməti olaraq Nəriman Ocaqlı ilə bir xatirə kitabı hazırladıq: “Ömrün yetmişindən yüzünə doğru”. Nəriman Ocaqlı buraxdırdı. Orada bəhmənsevərlərin ürək sözləri toplanmışdı.
Sonra… Sonra… bir gün zəng gəldi:
-Gəl gedək… Gəncəyə, Kəlbəcərə gedə bilmərik ki? Niyə soruşdun?! Bəhmən Vətənoğlu…
Söz telefonda yarımçıq qaldı. Zəng edən Nəriman Ocaqlı idi. Kədərli səsdən ürəyim üzüldü. Öyrəndim ki…
O gün Bəhmənin son dəfə ziyarətinə gələnlərin arasında gözümə çoxları dəymədi. Xəyalıma şairin özünün dilindən eşitdiyim bir bənd düşdü:
-Bir vaxtlar bəs deyirdin mənə:
“Sənsən ürəyimin para şairi!”
Yerimi Bakıda vermişəm sənə,
İndi sayırsan məni ara şairi?!
Şairlə son, vida görüşü idi. Məmməd Aslan əyilib tabutun üstünə, göz yaşları ilə pıçıldadı:
-A Bəhmən, yamanca incik, küskün dəyirdin gözə. Bir gün sənə dedim ki, məndən sənə nə deyirlərsə, səndən də gəlib mənə elə deyirlər”…
Bu eyhamdan o gün çoxları “payı”nı almışdı. Dözməyib dedim:
-Şairi Bakıya apara bilmirdik 70 illik yubiley adı altında olan tədbirə. Kimsə buna imkan vermirdi. Deyirmişlər ki, qoy yuxarılar, rəsmilər çağırsın, Aşıqlar Birliyi nə böyük təşkilatdır ki, onun təşkil etdiyi konsertə gedirsən?! Bir az da bayağı demişdilər (onu yazmağa dəyməz). Bunu şair mənə pıçldamışdı vaxtilə. İndi, şairi yuxarılar yubileyini keçirmək üçün Bakıya dəvət edib, göndərin getsin! Gedəcəkmi?! Tabutı qaldıranda bir nəfər hündür boy eloğlumuz arxadan dilləndi:
-Haqqınız çatır. Mən bilmirdim ki, elə möhtəşəm tədbir olacaq, yoxsa mane olmazdıq. Şairə el, xalq məhəbbəti budur!
Şairin 40 mərasiminə qədər Əlövsət Ağalarov həmin matəm tədbirini kitab, biz – Vəliyyədin Misiroğlu ilə “Yeni bəşər” qəzetinin xüsusi buraxılışını nəşr etdirdik: “Bəlkə bir də bitdim, ək məni, dünya” adlı.
Daha bir xatirə yaddaşımı kötəklidi bu gün. Qaçqınkomun qəzeti olan “Vətən səsi”ndə çalışırdım. Bəhmən Vətənoğlunun matəm libaslı son gedişindən bir elegiya yazmışdım. Amma məqalənin sərlövhəsi belə idi:
“Dağın bu üzündən o biri üzünə
düşmənə söyməklə Vətən qayıtmaz!
Bu, şeirindən bir beyt idi. Şeir isə bütövlükdə məqalədə verilmişdi:
Qaçqınlıq insana şərəf-şan deyil,
Ah-nal çəkməklə Vətən qayıtmaz!
Ağlamaq kişiyə yaraşan deyil,
Göz yaşı tökməklə Vətən qayıtmaz!
Sən Misri qılıncı öpəsən gərək,
Düşməni elə təpəsən gərək!
Cəsarət toxumu səpəsən gərək,
Qorxaqlıq əkməklə Vətən qayıtmaz!
Haqqqı haqdan gərək umasan, oğul,
Yağının yolunu yumasan, oğul!
Cumsan, şahin kimi cumasan, oğul,
Qaz təki səkməklə Vətən qayıtmaz!
Aldanma yağının yalan sözünə!
Şimşək ol başına, ox ol gözünə!
Dağın bu üzündən o biri üzünə
Düşmənə söyməklə Vətən qayıtmaz!
O ellər öz elim-obamdır,-deyib,
O yerlər öz yurdum-yuvamdır,-deyib,
Koroğlu doğmaca babamdır,-deyib,
Özünü öyməklə Vətən qayıtmaz!
Özündə Koroğlu hünəri olsa,
Sözündə Koroğlu kəsəri olsa,
Dizində Koroğlu təpəri olsa,
Əmin ol ki, sən qayıdar Vətən!
Ehh! Həmi məqaləyə və bu qoşmaya görə mənim və qəzetin redaktoru Rafiq Fərəcovun başı nələr ağrıdı. Guya ki, mən niyə məqalənin sərlövhəsini belə yazmışam. İzah etsəm də, anlada bilmədim ki, bu beyt şairin özününküdür, mənim deyil, xeyri olmadı, töhmət aldıq o zaman…
Bəhmən Vətənoğlu elə bir azman söz sənətkarıdır ki, onun haqqında bir məqalədə istədiyini yaza bilməzsən. Mən Bəhmənə sevgini bu gün də tədbirdə bir daha hiss elədim. Neçə qələm sahibinin sözü ürəyində qayıtdı. Xəyalıma ölməz şairimiz Ənvər Rzanın yubiley tədbiri gəldi. Ənvər Rzadan hər il bir neçə dəfə qələmlə baş-başa pıçıldaşsaq da, o gecə bu sətirlərin müəllifinə nəinki çıxış üçün imkan olmadı, heç salona buraxılmadı. Buna pərt olmadım, bugünkü kimi. Mən sözümü axı, nəyinsə xatirinə demirəm. Söylədiyim xatirələrdə kimlərinsə iç üzü görünür, ona görə də düşünürlər ki: “danışmağımdansa, susmağım daha sərfəlidir”.
Sonda Aşıq Ədalət Dəlidağlının ifasında Dədə Şəmşirin və Bəhmən Vətənoğlunun şeirləri ilə başa çatan tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Ağdabanlı Qurban ocağından Bəhlul müəllim Qocayev, şair, BDU-nun dosenti Ələmdar Cabbarlı, Aşıq Əhliman Şirvanlı, Bəhmənsevər müəllimlərdən Sabir Hacıoğlu, Həqiqət Şükürova, Gültəkin Cəlilova, Məzahir Qarayev, Arzuman Qarayev, Adil Həmid, “Moderator.az” saytının yaradıcısı Zülfüqar Hüseynzadə, Elşad Başlıbellivə digərləri iştirak edirdilər.
Bax belə. 19 dekabr 2022-ci il tarixdə AYB-nin Natəvan klubunda Bəhmən Vətənoğlunun 90 illik tədbirində çıxış edənlər və etməyənlər, eləcə də şairin oğlu Etibar Abbasov “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Cavid Qurbanova və bəhmənsevərlərə təşəkkürünü bildirdilər. Çünki tədbirin təşkilatçısı bu ədəbi ocaq idi.
Məhəmməd Nərimanoğlu
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 20-12-2022 11:50
Baxış sayı: 3583
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02